Qeyd: Nəqliyyat sektoru ən böyük enerjiyə qənaət potensialının var olduğu sektordur. 3.Sənaye Sektoru Sənaye sektoru son enerji istehlakına görə Azərbaycanda üçüncü yerdədir. Bu sektorda ən böyük payı neft sektoru təşkil edir. Azərbaycanda sənaye sektorunda 2007-2011-ci illər ərzində sürətli artım müşahidə olunur. Yalnız 2009-cu ildə sənaye sektorunun əlavə dəyərində azalma olmuş, lakin sonrakı illərdə yenidən artım baş vermişdir. Bu artımın əsas səbəbi təbii ki, neft-qaz sektorunun inkişafı ilə
əlaqədardır.
2007-2011-ci illər üzrə Azərbaycanda sənaye sektorunda enerji səmərəliliyində böyük artım müşahidə olunur. 2007-ci ildə bir dollar əlavə dəyər üçün 0,06 kne enerji tələb olunurdusa 2011-ci ildə bu rəqəm
təxminən 0,024 kne-nə bərabər olmuşdu. Azərbaycanın bu göstərici üzrə dünya ölkələri arasındakı mövqeyi növbəti diaqramda öz əksini tapmışdır.
Azərbaycanda sənaye sektorunda ümumi enerji səmərəliliyi göstəricisi əksər dünya ölkələrindən xeyli yaxşıdır. Avropada ölkələrdən yalnız İsveçrə bu göstərici üzrə Azərbaycandan öndədir. Belə ki, sənaye sektorunda enerji intensivliyinə görə Avropada Azərbaycan ikinci yer tutur.
Azərbaycanda sənaye sektoru üzrə ümumi enerji səmərəliliyi göstəricisi əksər inkişaf etmiş ölkələrdən yaxşı olsa da, qeyri neft sektorunda daha ətraflı araşdırma aparılmasına və ayrı-ayrı şirkətlərdə enerji auditlərinin keçirilməsinə ehtiyac var. Yalnız bu auditlərdən sonra şirkətlər enerji səmərəliliyi barədə dəqiq məlumat əldə edə bilərlər. Sənaye sektorunda enerji səmərəliliyinin artırılması şirkətlərin məhsulları daha az xərclə istehsal etməsinə gətirib çıxaracaq və nəticədə məhsullar bazarda daha çox rəqabətliliyə malik olacaq. Lakin özəl sektorda enerji səmərəliliyi layihələrinin reallaşmasının qarşısında bir sıra maneələr dayanır. Bunlardan ən önəmlisi bu tip layihələrin böyük həcmdə investisiya tələb etməsi və investisiyanın özünü gec ödəməsidir. Digər bir maneə isə şirkət rəhbərlərinin bəzən enerjiyə qənaətlə bağlı doğru təsəvvürlərinin olmamasıdır.