Yaşıl təşəbbüs
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Konfransındakı (Rio+20) danışıqlardan sonra hökümətlər qərar verdilər ki, yaşıl iqtisadiyyat davamlı inkişaf üçün çox mühüm alətdir. Rio+20 bəyannaməsi informasiya mübadiləsi və potensial imkanların reallığa çevirilməsi ilə yaşıl iqtisadi siyasətin həyata keçirilməsini də vurğuladı. Burada həmçinin maliyyə, texnologiya və elmin mübadiləsi zamanı İEÖ- in birləşərək İEOÖ-ə dəstəyi də nəzərdə tutulur. Buna əsasən beynəlxalq səviyyədə yaşıl iqtisadiyyatın həyata keçirilməsi üzrə təşəbbüslər əsasən aşağıdakı altqruplarda öz əksini tapır:
- beynəlxalq yaşıl iqtisadiyyat platformaları və forumları;
- beynəlxalq yaşıl iqtisadiyyat üzrə əsas iştirakçılar;
- əsas beynəlxalq yaşıl iqtisadiyyat proqramları;
- beynəlxalq yaşıl iqtisadiyyat üzrə fondlar/mexanizmlər/obyektlər.
Ümumi olaraq, yaşıl iqtisadiyyatın inkişafı naminə indiyə qədər və hazırda da davam edən 59 beynəlxalq təşəbbüsə cəhd olunmuşdur ki, onun 14-ü bu istiqamətdə olan beynəlxalq forumların payına düşür. Həmin platformaların əsas hədəfləri informasiya mübadiləsi, elmin və biliyin idarə olunması, qlobal iqlim dəyişkənliyidir və həmin platformalar aşağıdakılardır: - Yaşıl İnkişaf Bilik Platforması (Green Growth Knowledge Platform - World Bank, Global Green Growth Institute- GGGI, Organisation for Economic Cooperation and Development- (OECD)) - Yaşıl Sənaye Platforması (The Green Industry Platform - UN Industrial Development Organisation- UNIDO, UNEP) - Yaşıl İnkişaf Onlayn Tədris (The Green Growth online e-learning facility - UN Economic and Social Commission for Asia and the PacificESCAP) - Yaşıl Platforma (The WIPO Green platform - World Intellectual Property Organisation (WIPO)) - İqlim Dəyişikliyi Bilik Portalı (The Climate Change Knowledge Portal -World Bank) - İqlim İnformasiya Platforması (Climate Information Platform - UNDP və bəzi partnyorlarla birgə) Yaşıl iqtisadiyyatla bağlı həyata keçirilməkdə olan proqramların əsas təşəbbüskarları yuxarıda adı çəkilən əsas təşkilatlarla yanaşı Norveç, Danimarka, Avtraliya, Almaniya, İspaniya və İsveç kimi fəal ölkələr vardır. Bundan başqa 1997-ci ildə qəbul edilib, 2005-ci ildə qüvvəyə minən, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin daxil olduğu Kyoto Protokolu (UNFCCC) mövcuddur və o, istixana effekti yaradan qazların emissiyasını azaltmaq üçün sənayeləşmiş ölkələrin məcburi öhdəliklərini müəyyən edən beynəlxalq müqavilədir. Həmin müqavilənin möhləti 2012-ci ildə bitsə də, Qatarın paytaxtı Dohada keçirilən beynəlxalq konfransda onun müddəti 2020-ci ilə kimi uzadıldı. Təxminən 200 ölkənin təsdiqini alan bu qərar yalnız inkişaf etmiş ölkələri əhatə edir. Bu ölkələrdə qlobal səviyyədə istixana təsiri yaradan qazların emissiyası isə 15%-dən azdır. Atmosferi ən çox çirkləndirən ölkələrdən ABŞ 1997-ci il tarixli əsl protokolu heç bir zaman təsdiqləmədi. Hal-hazırda protokolda ABŞ, Çin, İran və Hindistan kimi atmosferi ən çox çirkləndirən ölkələrin imzası yoxdur. Doha Konfransında 2015-ci ilə kimi bütün ölkələri əhatə edən və Kyoto Protokolunun əvəz edə biləcək daha geniş diametrli bir plan üzərində də işlərin görülməsi nəzərdə tutuldu. Azərbaycanın isə burada inkişaf etməkdə olan ölkə kimi ətraf mühitə buraxılan parnik qazlarının faizinin azalmasında hüquqi öhdəliyi yoxdur.