Yaşıl Fiskal Siyasət: Yaşıl iqtisadiyyatın inkişafında fiskal siyasətin rolu önəmlidir. Beləki, hər bir ölkənin özünəməxsus fiskal alətləri və islahatları vardır; müxtəlif sahələrdə yanacaqdan istifadəyə görə vergi güzəştləri, israfçı və ekoloji cəhətdən zərərli şəkildə fəaliyyyət göstərən sahələri daha təmiz fəaliyyətə təşviq edən subsidiyalar, təmiz texnologiya və davamlı istehsal fəaliyyəti ilə məşğul olan sektorlara maliyyə güzəştlərinin köməyi ilə dəstək və s. Bütün bunları ümumiləşdirsək yaşıl fiskal siyasətdə istifadə oluna biləcək alətlərin aşağıdakı variantlarının mövcudluğunu görə bilərik: - ekoloji vergi islahatları və alətləri (məsələn, karbon vergisi, vergi güzəştləri və ixtisarları); - intensiv çirkləndirməyə görə cərimə; - ekoloji performansın mükafatlandırılması üçün yaşıl subsidiyalar (məsələn, feed-in tarifi), qrantlar, kreditlər; - ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan qaldırılması; - birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya təmiz texnologiya üçün tədqiqat və inkişaf (R & D) fəaliyyətinin təşkili) - dolayı dəstək (məsələn, ictimai zəmanətlər və s.). Böyük Britaniya yaşıl iqtisadiyyatın inkişafı üçün bu istiqamətdə FİT (Feedin-Tarrifs scheme) adlı güzəştli tarifdən istifadə edir. Bu tarifin mahiyyətinə görə, əgər kimsə tutaq ki, öz evinin damında günəş paneli və ya külək enerjisi turbini yerləşdirərsə, həmin şəxslərə bu subsidiya növü tədbiq olunur. Bu alternativ enerjinin şəxsi istehlak və ya hər hansı bir şəbəkəyə ixracından asılı olmayaraq həmin vətəndaşa bu hər iki halda müyyən məbləğdə pul ödənilir və üstəgəl abonent hər ay ödəməli olduğu enerji xərclərindən azad olur, çünki o artıq ekoloji cəhətdən həm təmiz, həm də bərpa olunan enerjidən istifadə edir. Kanada höküməti feed-in tarifləri ilə yanaşı, yaşıl məhsullar istehsal edən firmalara maliyyə yardımını vençur kapitalı (venture capital) verməklə göstərir. Banklar və kredit qurumları adətən kredit riskinin minimum olduğu sahələrə üstünlük verirlər və belə olan halda “yaşıl” firmaların kredit almaq imkanları məhdudlaşır. Çünki “yaşıl” firmalar qəhvəyi bazar prinsipləri əsasında formalaşmış iqtisadi sistemdə fəaliyyət göstərdiyinə görə bu cür risklərin ola bilmə ehtimalına daha yaxındırlar. Buna görə hökümət bu öhdəliyi öz üzərinə götürmüşdür, lakin hökumət riskin ən az olması üçün eyni vaxtda bir neçə firmaya sərmayə qoyur ki, iflasa uğramış firmaların düşdüyü zərər uğur qazanmış firmalar hesabına ödənilsin. Amma yenə də bu cür maliyyə yardımı dövlət üçün risklidir. Almaniyada isə yaşıl iqtisadıyyatın inkişafı üçün ekoloji vergi (Eco Tax) islahatından istifadə olunur ki, onun da nəticələri bunlardır:
- enerjiyə qənaət və ondan daha səmərəli istifadə;
- kükürd yanacağından pulsuz istifadə;
- bərpa olunan enerji mənbələrinə daha çox investisiya;
- enerjiyə qənaət edən məhsulların istehsalının inkişafı (məsələn, yanacaqdan səmərəli istifadə edən avtomobillərin istehsalı);
- yeni istehsal edilən avtomobillərin yanacaq istehlakının 20%-ə qədər azaldılması;
- yol çəkilişi xərclərinin daha da ixtisar edilməsi;
- ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artması;
- günəş enerjsi təsərrüfatının fəaliyyəti nəticəsində su qızdırıcılarının miqdarının iki dəfəyə qədər artımı və bu sektorda yeni iş yerlərinin yaradılması (məsələn, Almaniya Ətraf Mühit Agentliyinin (GEA) hesabatına görə 2003-cü ildə bu verginin tədbiqi nəticəsində Almaniyada 250 min
yeni iş yeri açılmışdır.);
- bu vergi növü Almaniyanın əsas məqsədlərindən olan 2020-ci ilə kimi CO2 emissiyasının 40%-ə qədər azaldılmasına (1990-cı illərlə müqayisədə) nail olmağa və iqlim mühafizəsi üzrə maarifləndirməyə
yardım edir.
İordaniya subsidiyaları işsizlik və yoxsulluğun aradan qaldırılması ilə mübarizə aparan, məsələn, dövlət işçilərinin əmək haqqlarının artırılması kimi proqramların həyata keçirilməsi zamanı tədbiq edir və bu yardımı aşağı və orta gəlirli ev təsərrüfatı subyektlərinə də aid edir. “Yaşıl” artıma yönəlmiş iqtisadi stimul paketlərinin həcminə və səmərəliliyinə görə Asiya ölkələrindən Cənubi Koreya və Çin daha öndədir. Beləki, Çində “yaşıl” sektorların inkişafı üçün təşviqat paketi ÜDM-in cəmi 3%-ni təşkil edir və bu məbləğ 2020-ci ilə kimi 1,8 milyon yeni iş yerlərinin yaradılmasına yönəldilir. Çin 2020-ci ilə kimi ÜDM-in 3 %-ni yüksək sürətli qatar, külək və günəş enerjisi, eləcə də səmərəli işıqlandırma sisteminin inkişafına sərf etməyi qərara alıb. Müqayisə üçün qeyd edək ki, ABŞ-nın “yaşıl” təşviqat üçün xərcləri ÜDM-in 0,7%-ni, AB-nin xərci isə ÜDM-in 0,2%-ni təşkil edir. Yaşıl fiskal siyasət davamlı inkişafın təmin edilməsi üçün zəruri olan islahatdır. Uğurlu yaşıl fiskal siyasət isə ənənəvi iqtisadiyyatda bəzən mövcud olan büdcə konsilidasiyasına səbəb olmur, çünki o, bölüşdürülmüş təsirlər və səmərəlilik arasındakı tarazlığa söykənir. Burada əsas məsələ qəhvəyi iqtisadiyyatın mövcudluğunu nəzərə alıb yaşıl fiskal siyasətdə düzgün iqtisadi aləti seçməkdir. Əks halda bu, “yaşıl şirkətlərin” müflisləşməsinə gətirib çıxaracaqdır. Beləki, “yaşıl” subsidiyalardan alət kimi istifadə edərkən xarici mühit amilləri (qloballaşma, beynəlxalq rəqabət, daxili bazar konyukturası, xüsusilə, istehlakçı psixologiyası və s.) nəzərə alınmalıdır, yoxsa nəticələri gözlənilməz ola bilər.
Məsələn, ABŞ höküməti 2011-ci ilin avqustunda günəş panellərinin istehsalı ilə məşğul olan “Solyndra” şirkətinin müflisləşməsini rəsmi elan etdi. Səbəb isə çox sadə idi: şirkət ucuz Çin məhsulları ilə rəqabət edə bilmir. Barak Obamanın rəhbərliyi altında “yaşıl” təşviqat proqramının tətbiqi nəticəsində əldə olunan kreditə federal zəmanət alan ilk şirkətlərdən biri olan “Solyndra”nın müflisləşməsi tənqidçilərə səbəb verdi ki, həmin stimullaşdırma proqramının texniki-iqtisadi tərəflərini yenidən araşdırsınlar və çatışmayan tərəfləri müəyyən edib proqramı daha da təkmilləşdirsinlər.
Başqa bir misal: İsveç son 3 il ərzində adambaşına “ekomobiley” (etanolla işləyən xüsusi nəqliyyat vasitələri) satışında vergi güzəştləri, belə avtomobillərin alıcıları üçün pul bonusları və avtomobil sığortası güzəştləri şəklində möhkəm dövlət subsidiyalarına görə dünya lideri olmuşdur. Buna baxmayaraq, 2010-cu ildə yalnız bu nəqliyyat sayəsində CO2 emissiyası 100 min ton artmışdır. Çünki hər avtomobilə düşən CO2 emissiyasının miqdarının azaldılmasına baxmayaraq, ümumi qət olunan kilometrlərin miqdarı artmışdır, yəni güzəştli şərtlər daxilində insanlar belə avtomobillərdə daha çox səyahət etmişdilər. Bu halı iqtisadi ədəbiyyatlarda Cevons paradoksu (rebound effect) adlandırırlar. Artıq dünyanın müxtəlif ölkələrində tətbiq edilmiş yaşıl fiskal siyəsətin digər bir aləti karbon vergisidir (və ya karbon emissiyası üzrə vergi). Karbon vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən əhəmiyyətli mənbələrindən biri olan və neft, kömür və təbii qaz kimi yanacaqların yanmasından meydana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan bir vergidir. Bu vergi növünə eyni zamanda CO2 vergisi də deyilir. Karbon vergisi “yaşıl” subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir. Beləki, karbon vergisi “qəhvəyi iqtisadiyyat” əsasında formalaşan bir alət olduğuna görə onun əsas məqsədi gəlir götürmək və təbii resurslardan istifadənin qarşısını almaq deyil, əksinə qlobal çirklənməni azaltmaq və təbii resursları qorumaqdır. Bu vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün dövlət büdcəsinə ziyan vurmur və həm də yoxsulluq probleminə də müsbət təsir göstərir. Başda Skandinaviya ölkələri olmaqla, Hollandiya, İngiltərə və Almaniya kimi dövlətlər digər vergi yüklərini azaldıb ətraf mühitlə əlaqəli olan vergi yükünü çoxaltmaqla bu balansı qoruyub saxlaya bilirlər. Bu vergi
növü Azərbaycan şəraiti üçün də məqsədəuyğundur və eləcə də, Azərbaycan Respublikasının Konstitutsiyasının 39 və 94-cü maddələrinin rəhbər tutduğu “çirkləndirən özü ödəyir prinsipi”nin həyata keçirilməsinə də kömək edir. Hazırda AB-nin Emissiya Ticarəti Sisteminə (EU-ETS) keçməsi ilə
bu vergi növünün əhəmiyyəti bir qədər azalmış kimi görünsə də, bir çox iqtisadçılar (Nobel mükafatlı Qari Bekker daxil olmaqla) karbon vergisini dəstəkləyirlər. Vergi vasitəsilə mübarizə, həm təbii ekosistemlərin və həm də biomüxtəlifliyin qorunması üçün effektiv yol ola bilər.