24.12.2016
QOCALIBSAN
Şair, bükülüb bel, çürüyür can, qocalıbsan,
Gah laxtalanır, gahda donur qan, qocalıbsan.
Hətta qırışıb üz, əyilibsən, əzilibsən,
Hərgah demək olmaz sənə insan, qocalıbsan.
Yetmiş yaşı ötməzdən əvvəl keyf çəkirdin,
Etdin bu cavan ömrünü qurban, qocalıbsan.
Ağzında cümlətanı var idi üç-dörd dişin,
Onlarda düşübdür yerə çoxdan, qocalıbsan.
Bihudədir Əkrəmaxı neyçin , de yazırsan ?
Çoxdan çıxarıblar səni yaddan, qocalıbsan !
23.12.2016
OLMAZ
Ömr etmək ilə yanmışam əfsus, yetər artıq,
Dünya gözümə qorxulu kabus, yetər artıq,
Oldunmu həmin kabusa məbus, yetər artıq,
Vurma ey ürək, sən daha sus, sus, yetər artıq,
Sözsüz bu gedişlə daha aydın səhər olmaz.
Ol kəs ki, olub bəndəyə vurğun, betər oldu,
Möhkəm sevərək olduda məftun, betər oldu,
Qüssə olanı sevgidə qanun betər oldu,
Derlər ki, azıb səhrada Məcnun, betər oldu,
Yəqin ki, onun əhvalı məndən betər olmaz.
Bir bəndə inanmam ki, mənim təki səfildir,
Dərd-qəm ilə rüsvay olub aləmdə rəzildir,
Bir kəs mənə göstər mənə oxşardır, əsildir,
Heç kim mənə əlbəttə ki, oxşar deyildir,
Bir bəndədə Əkrəmdə olan dərdi-sər olmaz.
Sənçün verərək ömrümü canan, bitirdim,
Can bəxş elədim mən sənə, həm can itirdim,
Qəlbimi sənə verdim özüm hicran götürdüm,
Ey yar,canı ayağına qurban gətirdim,
Məntək sevən bilki, səni bir nəfər olmaz.
Dostları ilə paylaş: |