ARTIB DAHA DƏRDİM
Gördüm o gözəl cananı mən baği-gülüstanda,
Verdim könlümü qaldı həmin sevgili-cananda.
İlk gördüyüm andan mən onun aşiqi oldum,
Artıb daha dərdim və tapılmır buna dərman da.
Allah nə gözəl xəlq eləyibdir səni, ey afət,
Söylə, bu gözəllik axı var hansı bir insanda ?
Ey gül, bu gözəllik məni bir dərdə salıbdır ki,
Artıq cismimdən usanır bu yazıq can da.
Əkrəm , necə divanə olubdur sənin üçün yar,
Oldum dəli Məcnun və qazandın hələ ad-san da.
OLMAZ
Sevginin bağında tək gözlər səni gördü, sevdi,
Gözəllər çox cahanda, sən tək amma canan olmaz.
O qədər aşiq canan uğrunda can qoymuş, amma,
Canana canın verən əsla məntək insan olmaz.
Sən mənim ey sevgilim, bu qəlbimin sultanısan,
Gözlərim görmüş səni, özgə kəsə heyran olmaz.
Dərdi-bəla verirsən aşiqinə təsəllin yox,
Səndən özgəsi dərdimə heç vəchlə dərman olmaz.
Məcnunun mən yolunu getdim amma peşman oldum,
Etdiyim nöqsan kimi heç bəndədə nöqsan olmaz.
YAR
Zalım, nə tez artıq bezə bildin məndən,
Ey yar-vəfadar, yar ola bilməz səndən.
Qəddarlığı ey yar, mənə sən göstərdin,
Heç kəs bunu məncə görməyib düşməndən.
Hər bir tərəfindən görürəm meyxanə,
Mey düşgünüyəm, həm də meyə divanə.
Sevgi nə üçün badəni doldurmursa ?
Süz, süz, mey içim qoy mən olum məstanə.
Əkrəm o yarı bir vəfalı yar sanmış,
Gec olsa da düşdü başa o, aldanmış.
SÖHBƏT
İndi nə deyir gör hələ, oğlum qulaq as bir,
Boş-boş çərənləyir.
Öz övladının söylədiyi sözdü bu, övrət ,
Diqqət, elə diqqət.
Der ki, nəyə lazım belə sənət,belə şöhrət,
Yaxud belə hörmət.
Söyləyir ey ata, oğlunu bədbəxt eləyirsən,
Nöş ? Bilməyirəm mən.
Hörmət edərəm mən ona pul-para çox olsun,
Dərd onda doğulsun.
Yoxsaki götür boş yerə aç – ört kitab öyrən,
Dincəl, amma hərdən.
Lənət sənə arvad, uşağı pis yola çəkdin,
Neyçün dala çəkdin ?
Arzum idi ki, dərs ala bir molla yanında,
Elm ola qanında.
Lənət sənə bu dini nə inkar eləyirsən,
Heç ar eləyirsən ?
Sən şeytana qul olduğun izhar eləyirsən,
Aşkar eləyirsən.
Neyçün bu müsəlmanları təkfir eləyirsən,
Təhqir eləyirsən ?
Əlbəttə sən öz nəslini təksir eləyirsən,
Təzvir eləyirsən.
BƏLASINDAN
Allah qorusun bizləri dünya bəlasından,
Qiymətsiz olan bizlərə “əşya” bəlasından.
Sevda yolu bir qorxulu yoldur onu getmə,
Aşiq nə çəkir, bax hələ sevda bəlasından.
Ya Fərhad olub dağları-daşları çapaq biz,
Ya Məcnun olub ölməli səhra bəlasından.
Fərhad Şirin üçün aşıb o dağları bir-bir,
Məcnunsa azıb səhrada Leyla bəlasından.
Bir daş əgər əskik olacaqsa dözə bilməz,
Bir anda uçar o bina bənna bəlasından.
Əkrəm, hamı düşmən çıxacaqdır sənə bilki,
Bir gün öləcəksən belə misra bəlasından.
Dostları ilə paylaş: |