Yeni Yazarlar və Sənətçiləf Qurumu mayın 26-da M



Yüklə 32,08 Kb.
tarix11.05.2023
ölçüsü32,08 Kb.
#111226
Azərbaycan sikkələri




PLAN
Azərbaycanın ilk sikkələri zərbxanası haqqında
Ədəbiyyat siyahısı


Azərbaycanın ilk sikkələri və zərbxanası haqqında

Azərbaycanın ən qədim zərbxanalarından biri Bakı şəhərində yerləşmişdi. Bakıda sikkə zərbi işinin tarixi Azərbaycanın Sasanilər imperiyasının tərkibində olduğu zamandan başlayır. Belə ki, ilk dəfə Sasani hökmdarı IV Hörmüzün hakimiyyəti zamanı Bakı inkişaf etmiş Şərq şəhərləri sırasında sikkə zərbi hüququnu əldə etmişdir. İmperiya ərazisində bu statusu hər şəhər qazana bilməzdi. Bunun üçün vacib faktorlar sırasında beynəlxalq ticarət yollarının yaxınlığında yerləşməsi, zərb etmə işinin imperiya daxilində həyata keçirmək üçün lazımi materialların, o cümlədən gərəkli xammalın kifayət qədər olması və yerlərdə pul çatışmamazlığı yaranmasını xüsusi olaraq qeyd etmək lazımdır.


Eramızın VI əsrində Bakı artıq yetkin şəhər olaraq dövlətçiliklə bağlı olan bütün infrastruktura malik olan bir şəhər idi. Keçən əsrdə Bakının ən qədim insan məskəni olan İçəri şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı davamlı olaraq aşkar edilən maddi-mədəniyyət qalıqları, ayrı-ayrı tikinti elementləri bu ərazinin sikkə zərbi kimi vacib bir işin burada həyata keçirilməsi üçün münbit zəminin yarandığını bir daha sübuta yetirir (2-5).
Bakı zərbxanasının ilk məhsullarının üzərində qədim pəhləvi əlifbasında Baqvan və yaxud Baqavan monoqrammı zərb edilmişdir. Azərbaycanın numizmat - alimi Ə.Rəcəbli bu yer adının məhz Bakıya aid olmasını İçəri şəhərdən keçən əsrdə aşkar olunan sikkə dəfinəsinə əsasən sübut etmişdir. Baqvanın adından zərb edilən gümüş draxmalar ehtimal ki, imperiyanın bütün ərazisində tamhüquqlu tədavül vasitələri kimi qəbul edilmişdi.
Xəzər dənizinin sahilində təpəlikdə yerləşən bu şəhərdə sasani dövrünün sikkələrinin zərb edilməsində qeyri-adi heç nə yox idi. Qafqaz Albaniyası dövründə Paytakaran adlı vilayətin tərkibində olan bu şəhər haqqında antik dövrün tanınmış alimlərinin əsərlərində müəyyən məlumatlar vardır.
Antik dövrün əvvəllərindən Pont-Xəzər dənizi-Hindistan ticarət yolunun üstündə yerləşən Bakı dünya iqtisadi münasibətlərində mühüm strateji mövqedə yerləşmişdi. Bu səbəbdən İçəri şəhər ərazisindən dünya monetar sisteminin ən qədim nümunələri- Makedoniyalı İskəndərin adından zərb edilən draxma, tetradraxma və obollar, Selevkilərin sikkə nümunələri, Yunan -Baktriyanın, Soqdiananın, Pont çarlığının və digər qədim dünyanın tanınmış dövlətlərinin rəsmi dəyər vahidləri deyilənlərin bariz nümunələridir.
Bu cür sikkə nümunələrini təsadüfi tapıntı hesab etmək düzgün yanaşma deyildir. Xüsusilə numizmatik materialların ictimai- iqtisadi münasibətlərin ən dəqiq "barometr" göstəricisi olmasını həmişə diqqət mərkəzində saxlamaq lazımdır.
Belə ki, keçən əsrin sonlarında İçəri şəhərin ərazisində aparılan arxeologi tədqiqatlar nəticəsində Məhəmməd məscidi yaxınlığında Əhəməni hökmdarı Kserksin adından zərb edilən mis qarışıqlı bürünc "xalk" adlı dəyər nominalı aşkar edilmişdir. Bu sikkə Azərbaycan ərazisindən tapılmış nadir tapıntılar sırasına aiddir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki Avropada "qəhrəmanlar hökmdarı" kimi tanınan Haşayarın adından əsasən daxili bazar üçün zərb edilən, müasir leksikologiyaya uyğun olaraq xırda pul funksiyasını daştyan " xalk" sikkə nominalı imperiyanın hüdudlarından kənarda çox az aşkar edilmişdir.
Beləliklə, sikkənin numizmatik təsviri aşağıdakı kimidir: Üz tərəf: Kartuşun daxili səthində hökmdarın portreti uzun saçları sadə baş bəzəyi ilə boynunun arxasında düyünlənmiş şəkildə düz biçimli paltar geyimində sinədən yuxarı təsvir olunmuşdu. Obraz profildən sağa yönəlmişdir. Onun başının arxa səmtində ayrı-ayrı işarələr ehtimal ki, qədim pəhləvi hərfləri pozulmuş vəziyyətdədir.
Kənar çərçivə düz xəttin vasitəsilə yaradılmışdır.
Əks tərəf: Eyni dairəvi düz xətli kartuşun daxilində sağa istiqamətlənən qədim gəmi obrazı çox mükəmməl olaraq zərb edilmişdir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, dünya numizmatika elmində eyni tipdə olan gəmi obrazları sikkələrin üzərində ilk dəfə eramızdan əvvəl VIII-VI əsrlərdə Romanın erkən pul nümunələri üzərində mütəxəssislər tərəfindən araşdırılmışdı. Sonralar oxşar hərbi gəmi obrazları romalıların Karfagen üzərində dəniz döyüşləri zamanı göstərdikləri qələbələr şərəfinə zərb edilmişdir.
Bakının qədim yaşayış yeri olan İçəri şəhərdən belə bir sikkənin tapılması qeyri-adi bir hadisə deyildir. Belə ki, dünya şöhrətli şərqşünas M.S. Marten əsərlərinin birində Bakının çox qədimlərdən pars tayfalarının sitayiş etdikləri müqəddəs məkanlardan biri olduğunu xüsusi qeyd etmişdir. Digər tərəfdən, İçəri şəhərin ən qədim mədəni təbəqələrindən aşkar edilən tapıntılar sırasında atəşpərəstliklə bağlı maddi-mədəniyyət qalıqlarının olması, burada oda sitayişlə bağlı məbədlərin mövcudluğu və ən önəmli tarixi faktor kimi Azərbaycanın qədim torpaqlarının Əhəmənilər imperiyasının tərkibində olması, deməli buranın imperiyadaxili iqtisadi münasibətlərdə iştirak etməsini bir daha sübut edir.
Abşeron, o cümlədən Bakı toponimini uzun illər araşdıran hörmətli alim S. Aşurbəylinin mülahizələrinə görə, Baqavan - Baqan yer adlarının həmin ərazidə və ona yaxın yerlərin atəşpərəstliklə bağlı olub eyni mənanı daşıması kifayət qədər faktlarla sübuta yetirilmişdir.
Beləliklə, Bakının ərazisində Sasanilər dövründə sikkə zərbi isinin başlanılması faktı bu cür qədim pul bazarı ənənəsi olan bir şəhər üçün yenilik deyildi.
"Baqvan" adlı yer adının sikkələr üzərində zərbi Sasanilər dövründə sona yetməmişdir. Aparılan araşdırmalar zamanı bu baxımdan çox maraqlı faktlarla rastlaşdıq. 1889-cuildə rus numizmat alimi baron V.Tizenqauzenin sikkə kolleksiyası həvəskarı A.Komarovun şərq pullarına həsr etdiyi bir məqalədə XIX əsrin sonlarında Zaqatala ərazisində aşkar edilən 687 ədəd sikkə nominalından (onlardan 463-ü mis, 206-sı gümüş. 18-i qızıldan) ibarət dəfinənin tərkibində 3 ədəd mis sikkə haqqında qısa qeydləri vardır. Həmin illərdə müəllif tərəfindən təyin edilməmiş mis sikkələrin dəqiq rəsmi əsərdə öz əksini tapmışdır. Uzun illərin təcrübəsinə və elmi araşdırmalara əsaslanaraq, ehtimal edirik ki, hər 3 mis fulus Bakıda Hülakilər hakimiyyətinin son illərində zərb edilmlşdir. Hər 3 sikkənin üz tərəfində aydın ərəb əlifbası ilə " Baqan" yer adı oxunur.
Deməli, Baqan - Bakı yer adı yenidən monqolların Azərbaycanda hakimiyyəti zamanı daxili ticarətdə istifadə olunan fuluslarda zərb edilmişdi.
Erkən orta əsrlərdə Bakının Şirvanın inkişaf etmiş şəhərlərindən biri olması haqqında tarix elmində kifayət qədər məlumatlar vardır. Numizmatik baxımdan İcəri şəhərdən keçən əsrdə aşkar edilən sikkələr sırasında Sasanilərə aid 3 böyük həcmli dəfinə məhz göstərilən yüzilliklərdə Bakının ticarət münasibətlərinin yüksək həddə çatmasını göstərir.
Elmi ədəbiyyata əsasən ilk kütləvi tirajlı, çoxsaylı sikkələr dəfinə statusu ilə eramızın V-VI əsrlərində Azərbaycanın Sasanilər imperiyasının tərkibində olduğu zaman dövriyyəyə buraxılmışla. Sikkə tapıntılarına əsasən Azərbaycanda və ümumilikdə, xilafətin işğal zonalarında əvvəlki dövrlərə aid sikkələr dövriyyədə saxlanılmışdı. Ölkəmizin ərazisi VII-VIII əsrlərdə xəzərlərlə ərəblər arasında döyüş meydanına çevrilmişdi. Bu səbəbdən də yerli sikkə zərbi işi bu zaman dayandırılmışdır. Bu zaman iqtisadi münasibətlərində sasani-ərəb sikkələrindən istifadə edilirdi. İçəri şəhərin ərazisindən zaman-zaman aşkar edilən Sasanilər zamanına aid olan sikkə dəfinələrinin tərkibində bu cür pullar vardır. Ərəblərin işğalları sona çatdırması ilə dövlət quruculuğunun əsas atributu olan sikkə zərbi işinə başladılar. Bakının ərazisindən aşkar edilən, erkən ərəb dövrünə aid edilən sikkələrdən bir qismi məhz İçəri şəhərdən tapılmışdı. Artıq VIII əsrin sonlarından başlayaraq Azərbaycanın sikkə zərbi işi bərpa edilmlşdi. IX-X əsrlərdə Azərbaycanın digər mərkəzi şəhərləri kimi Bakıda da pullar zərb edilmişdi.
Azərbaycanın ərəb xilafətinin tərkibinə daxil olması ilə Bakı həm ticarət əlaqələrinin genişliyi, həm də liman kimi fəaliyyət göstərirdi. Mərkəzləşmiş Ərəb xilafətində eyni çəki, ölçü, pul vahidlərinin qəbul edilməsi ilə bütün imperiyanın hüdudlarında ticarət əlaqələrinin inkişafında, həmçinin xarici ölkələrlə iqti sadi münasibətlərin genişlənməsində heç bir problem yox idi. Bu zaman Azərbaycanın da daxil olduğu xilafətin ticarət əlaqələri uzaq şimal ölkələrinə qədər yayılmlşdı. Göstərilən faktları sübut edən numizmatik materiallar sırasında Arranın şəhərlərində, о cümlədən Bakıda zərb edilən nəfis gümüş dirhəmlər Rusiyanın şimalından, Almaniyadan, İsveç- dən, Norveçdən, Baltikyani ölkələrdən külli miqdarda aşkar edilir.
Xilafətin pul-əmtəə münasibətləri gümüş dirhəmlərə əsaslansa da, dövlətin güclənməsi ilə mis fuluslar həm daxili, bəzi hallarda xa rici bazarlara çıxarılan valyutalar sırasına qədər yüksəlirlər.Bu dövrün mis sikkələri ikonoqrafik, metroloji baxımdan sonrakı zamanlarda buraxılan eyni adlı sikkələrdən çox üstün olaraq, keyfiyyət baxımından daha "uzunömürlüdürlər". Mis fuluslar islam dövrünün əsil müsəlman pullarıdır. Bu və digər səbəblərdən ərəb xilafətinin mis fulusları anonim pullar sırasına daxil deyildir; çünki əksər hallarda belə sikkələrin möhüründə hökmdarların adı lakonik şəkildə, titulları, zərb yeri və tarixi göstərilirdi. О cümlədən, Bakıda göstərilən yüzillikdə dövriyyədə olan mis - fuluslarda göstərilən detallar sırasında zərb yeri Bakuh, Bakuyya kimi xüsusi bəzək elemeratləri çərçivəsində vurulurdu.
IX əsrin sonu X əsrin əvvəllərində Abbasilərin zəifləməsinin ilk göstəricisi, yenə də hər şeydən əvvəl özünü sikkə zərbi işində özünü göstərmişdi. Siyasi baxımdan güclü, ərazisi üç qitəni əhatə edən ərəb xilafətinin parçalanması və yerində kiçik feodal dövlətlərinin yaranması əslində islam bayrağı altında birləşən dövlətlərin parçalanması demək idi. Yeni yaranan dövlət və dövlət qurumları xaricdə "de fakto" və " de yure" olaraq tanınmaq üçün cürbəcür yollara əl atırdılar. Azərbaycan ərazisində yaranan belə dövlətlərindən biri də Şirvanşahlar idi. Alimbrin apardıqları araşdırmalara görə bu dövlətin tarixi VI-XVI əsrin birinci yarısını, yəni 1000 ilə yaxın bir vaxtı əhatə edir. Xüsusi qeyd etmək lazımdır ki, keçmiş Sovetlər imperiyasında Şirvanşahlar ən uzun müddətdə fəaliyyət göstərən dövlət olmuşdur.
Şirvanşahlar dövlətində rəsmi olaraq sikkə zərbi işinə 861-ci ildən başlanmışdı. X əsrin birinci yarısından Azərbaycanda fəaliyyət göstərən zərbxanalarda, о cümlədən Bakıda xəlifələrin adından Abbasi dirhəmlərinin zərbi prosesinə son qoyulur. Bu zaman Şərq ölkələrində, о cümlədən Azərbaycanda həyatın bütün sahələrində özünü göstərməyə başlayan intibahın əlamətləri meydana gəlməyə başlayırdı. Bu ilk rüşeymlər sırasında sikkə zərbi işində, deməli pul təsərrüfatında və ticarət əlaqələrində özünü büruzə verən "gümüş böhranı"nı xüsusi qeyd etmək lazımdır. Mahiyyət etibarilə bu hadisə bir çox inkişaf etmiş Şərq ölkələrində iqtisadiyyətin və iqtisadi əlaqələrin görünməmiş bir həddə çatması demək idi. Qərb ilk dəfə gümüş dirhəmlərin hansı dəyərə malik olmasını intensivləşmiş beynəlxalq ticarət əlaqələri nəticəsində anlamağa başlayaraq, çox dəyərli əmtəə kimi öz ölkələrinə daşımağa başladılar. Bunun nəticəsində ilk dəfə Şərq ölkələrinin tarixində insanların yüzilliklərlə öyrəşdikləri, qəbul etdikləri gümüş dirhəmlərin tərkibi dövlətlərin başçıları tərəfindən məcburi olaraq dəyişdirilir və "kredit"-müvəqqəti xarakterli ucuz metalların qarışığından kəsdirdikləri sikkələrin üz tərəfində "dirhəm" və ya "sim" sözü zərb edilməyə başlayır. Bu zaman ikinci böyük yenilik xarici ticarət əlaqələrinin güclənməsi ilə əlaqədar olaraq, konkret olaraq Azərbaycanın daxili bazarlarına Bizansın qızıl solidləri və mis follislərinin daxil olması faktlarıdır. İçəri şəhərdən keçən əsrin ortalarından başlayaraq Bizansa aid xeyli miqdarda sikkələr aşkar edilmişdi. Onların sırasında 1944-1945-ci illərdə Şirvanşahlar sarayı ərazisində aparılmış qazıntılar zamanı tapılan Bizans imperatoru 1 Aleksey Komnenin (1089-1118) adından kəsilmiş qızıl solidi ilk qeydiyyatdan keçmiş tapıntılar sırasında qeyd etmək lazımdır.
Şirvanşahların paytaxtının Şamaxıdan Bakıya köçürülməsi məhz bu intibahın və gümüş böhranının baş verdiyi zamana təsadüf edir. Apardığımız statistik analizə görə İçəri şəhərdən son 70 ildə aşkar edilib, elmi ədəbiyyatda öz yerini tapan sikkə və dəfinə tapıntıları sırasında 60-63 % XI-XIII əsrin əvvəllərində zərb edilmiş və dövriyyədə istifadə edilmişlər. Bu zaman Bakı bir şəhər kimi öz inkişafının kulminasiyasına, zirvəsinə çatmışdı. Burada Şirvanşahların adından zərb edilən külli miqdarda " bilon" sikkələr fikrimizi tam olaraq sübut edir. İlk dəfə kredit xarakterli bilon dirhəmlərin tərkibindəki gümüşün əyarının düşünülmüş şəkildə aşağı salınması Şirvanşah Yəzid ibn Əhməd ibn Məhəmmədin (974-1027) və Salman ibn Yəzid ibn Əhmədin (1049-1053) zamanında həyata keçirilməyə daşlamışdı. XII əsrin bir inci onilliyindən etibarən gümüş böhranı "psixoloji həddi" keçir və konkret olaraq, Şirvanşahların adından zərb edilən sikkələrin üzərində aparılan kimyəvi analizlərin nəticəsində gümüşün faizinin 0,089 milliqrama qədər düşdüyü məlum olur. Belə sikkələr əsasən daxili bazarı və yaxın ölkələrlə ticarət əlaqələrini təmin edirdi. O cümlədən, üzərində zərb yeri və tarixi göstərilməyən Şirvanşah Fərruxzadın Fəribürzün adından zərb edilən, cürbəcür qeyri-standart formalı sikkələr kütləvi şəkildə Gürcüstanda, indiki Ermənistanda (Qərbi Azərbaycanda ) xeyli miqdarda aşkar edilmişdi. Şirvanşahlar uzaq ölkələrlə ticarət əlaqələrində numizmatik baxımdan çox mükəmməl olan qızıl dinarlardan istifadə etmişlər. Şirvanşahların nadir qızıl dinarları haqqında əsasən xarici ədəbiyyatda qısa məlumatlar vardır. Azərbaycan numizmatikasına aid elmi ədəbiyyatda bu cür sikkələr haqqında məlumat yoxdur. Gümüş dirhəmlərin zərbi bu zaman kəskin şəkildə azaldığı üçün belə pullar nadir tapıntılar sırasına aiddir.
İçəri şəhərdən aşkar edilən sikkələr sırasında Hülakilər-Elxanilərin 100 illik hakimiyyəti zamanı zərb edilən sikkələr kəmiyyət etibarı ilə ikinci yerdə dururlar. Numizmatik materialların araşdırmalarına görə Şirvanda zərbxanaların yenidən fəaliyyətə başlaması monqol hökmdarı Arpa Qaunun hakimiyyəti zamanı bərpa olunmuşdu. Bu zaman dövriyyəyə buraxılan sikkələr onun adından zərb olunurdu.
Hülaki xanın hücumlarından əvvəl Şirvanın monqollardan asılılığının göstəricisi olan sikkələrin üzərində Menqu-kaanın titulu olan "kaan-al-adil" və II Axsitanın adı Şirvanşah titulu göstərilmədən zərb edilirdi. Yenidən bu titul III Fəriburzun hakimiyyəti zamanı bərpa olundu. Bu zaman onun adından zərb edilən sikkələrdə monqol hökmdarlarının adı yoxdur. Bu cür sikkələr 653 h. İlinə qədər (1255-1256) zərb edilmişdir. Belə standartlara məxsus sikkələri zərb etdirmək hüququ yalnız ulu xaqanın iqamətgahına gedib bu hüququ ala bilən yerli hökmdarlara aid idi. Görünür, Şirvanşahlar da bu zaman belə yüksək imtiyazı əldə edə bilmişlər.
İçəri şəhərdən monqolların hakimiyyəti zamanı Cucılərə, Qızıl Orda xanlarına, Teymurilərə aid, əsasən Bakıda zərb edilən ayrı-ayrı sikkə nominalları da aşkar edilmişdi. Bunların arasında elə sikkələr var ki, onlar yalnız Şirvanın mərkəzi şəhərlərində - Bakıda, Dərbənddə və Şamaxıda zərb edilmişlər. Belə sikkə nümunələri siyasi hadisələrin gedişində qısamüddətli zaman çərçivəsində elə bu şəhərlərdə dövriyyədə olmuşlar. Belə maraqlı sikkə nümunələrindən Qızıl Orda hökmdarı Şadi bəyin adından Bakıda zərb edibn gümüş dirhəmlərin nümunələri" İçəri şəhərin tarixi" muzeyinin fondunda saxlanılır.
Bakıda XV əsrin ikinci yarısında qısamüddətli bir zamanda Şadi bəyin adından gümüş dirhəmlərin dövriyyədə olmaları haqqında ilk dəfə Y.A. Paxomov qeyd etmişdir. Müəllif bu hadisəni Şeyx I İbrahimin Azərbaycan uğrunda Cəlairilərin, Cucilərin və Teymurilərin apardıqları gərgin mübarizə illərində uzaqgörən siyasətlə sikkə zərbi işini Teymurun, Toxtamışın və yaxud Şadi bəyin adından həyata keçirilməsi ilə Şirvanı dağıntılardan xilas etməsini göstərirdi. Sonralar həm Azərbaycanın qədim ərazilərdən, həm də başqa ölkələrdən aşkar edilən bəzi sikkə nümunələrinin araşdırmaları nəticəsində daha dəqiq nəticələr əldə edilmişdir.
Belə ki, Bakıda XIV əsrin II yarısından XV əsrin sonlarına qədər ayrı-ayrı monqol-türk hökmdarlarının adından zərb edilən sikkələr Rusiyadan, indiki Ermənistandan, Orta Asiyadan, Dağıstandan,Tatarıstandan, Gürcüstandan və digər ərazilərdən aşkar edilmişdir. Hesab edirik ki, Bakı zərbxanasının məmulatlarının belə geniş ərazilərdə yayılmasının bir səbəbi də Azərbaycanın XII-XV əsrdə ticarət əlaqələrinin daha da güclənməsidir. Burada həm ticarət yollarının dəyişilməsi, həm də Bakı limanının rolunun güclənməsini xüsusi qeyd etmək lazımdır. Bu zaman avropalıların Şamaxı ipəyinin sorağı ilə ucuz su yolu olan Qara dəniz - Xəzər vasitəsilə Şirvana çatmaları əslində Avropa pullarının bura axınına rəvac verdi. Şirvan ipəyi Bakı limanı vasitəsi ilə Həştərxana daşınır, sonra Volqa və Dona keçirilir, oradan da Venesiya tacirləri öz ticarət gəmilərində-qalerlərdə Azov dənizi ilə Avropaya aparırdılar. Əmir Teymur l395-ci ildə Həştərxanı dağıtdıqdan sonra ticarət yollarının istiqaməti dəyişildi. Azərbaycandan Avropaya gedən malları İran və Suriyadan keçməyə başladı. Bu zaman ilk dəfə Avropa mənşəli mənbələrdə indiki Xəzər dənizinin adı Bakı dənizi adlanır.
Həm keçən əsrin tapıntıları, həm də son i illərdə aparılan arxeoloji qazıntılardan aşkar edilən numizmatik materiallar Bakının XV-XVI əsrin əvvəllərində tanınmış liman şəhəri kimi tanınmasını sübut edir. Bu fakt həmçinin əmtəə-pul münasibətlərinin inkişafının ən yüksək mərhələsinə çatmasını göstərir. Göstərilən yüzilliklərdə hakimiyyətdə olan Dərbəndilər sülaləsinin apardığı uzaqgörən siyasət nəticəsində Bakı həm də Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrilmişdir.
Beləliklə, VII əsrdən başlayaraq qədim Azərbaycan torpaqlarında fəaliyyət göstərən "Bakı" adındakı zərbxana çox qısa fasilələrlə XIX əsrin əvvəllərinə qədər fəaliyyət göstərmişdi. Şəhərin Şirvanşahların paytaxtına çevrilməsi ilə pul və pul işi ehtimal ki, elə İçəri şəhərdə Şirvanşahlar sarayının daxilində yerləşmişdi. 1000 illik tarixə malik olan Şirvanın dövlətçiliyinin mərkəzi şəhəri kimi Bakı məşhur Şamaxı zəlzələsindən 1191-1538-ci ilə kimi öz statusunu saxlamışdı. 600 ilə yaxın paytaxt olan Bakı sözsüz ki, öz zərbxanasını həmişə qorumuşdu.
861-ci ildən rəsmi olaraq yaranan Şirvanşahlar dövlətinin Kəsranilər və Dərbəndilər sülaləsinin nümayəndələri demək olar ki, öz sikkələrini əsasən Şamaxıda və Bakıda zərb etdirmişlər. Bəzi vaxtlarda, hətta vassal dövlətə belə çevrildikdə belə, Şirvanşahlar bu statusu saxlamağa müəyyən qədər nail olmuşlar, yəni bu gün XXI əsrin birinci onilliyində numizmatika elmi ilə az-çox məşğul olan hər kəs Şirvanşahların zərb etdirdikləri sikkələri yalnız onlara aid olan elementlərinə-xətt üslubuna, bəzək vasitələrinə və yaxud metalın rənginə, zərb formalarına görə, hətta anepiqrafiq (lal pullar-yazıları olmayan, yalnız bəzəklərdən ibarət olan) olsalar belə, təyin etməkdə çətinlik çəkmir. 1538-ci ildən sonra, yəni Səfəvi hökmdarlarının bu dövlətə son qoymasından sonra Bakıda zərb edilən sikkələr əsasən mis fuluslardır. Bu cür mis sikkələrin üzərində mövcud olan elementlərin ciddi araşdırması nəticəsində onların üz və əks tərəfində Bakının dövlətçilik rəmzlərinin "üstüörtülü" şəkildə olması aydınlaşır. Bu cür sikkələrin üzərində Bakının adı ərəb əlifbası ilə "Bakuyya, Bakua" kimi cürbəcür yazılışlarla zərb edilmişdi. Mis sikkələr üzərində apardığımız elmi analizlər nəticəsində hesab edirik ki, artıq XIV əsrin II yarısından başlayaraq fulusların zərbetmə hüququ şəhərlərin iqtisadi yüksəlişi ilə onlara həvalə edilmişdir. Bundan istifadə edən şəhər zərbxanaları dövriyyəyə buraxdıqları mis fulusların möhüründə əksər hallarda zərb yeri və tarixini kifayət qədər aydın vururdular. Anonim xarakterli bu pulların üz və əks tərəflərində əsasən cürbəcür balıq, şir, dəvə, suitiyə bənzər məməlilər sinfinə aid canlıların obrazları, həmçinin Bakı zərbxanası üçün xarakterik olan xətli dairə və ətrafında altı ədəd nöqtəvari bəzək elementi orta əsrlərin sonuna qədər pul zərbi işində istifadə edilmişdi. Qeyd etmək lazımdır ki, analoji balıq obrazları İçəri şəhərdə aparılan arxe oloji qazıntılar zamanı tapılan saxsı qabların oturacaq hissəsində aşkar edilmişdi.
İçəri şəhərdən aşkar edilən numizmatik materiallar sırasında, əsasən XVI əsrdən Azərbaycanın bütün ərazilərindən tapılan Avropa ölkələrinin gümüş və digər ucuz metalların qarışığından hazırlanan pulları da qeyd etmək lazımdır. Belə dəyər vahidləri arasında say hesabına görə Rusiya dövlətinə aid olan "qrivenniklər" çoxluq təşkil edirlər. Bu fakt öz növbəsində XVIII-XIX əsrin I yarısında Rusiyanın Azərbaycanın işğal prosesinə məhz buradan başlaması və Volqa- Xəzər su yoluna daha çox önəm verməsini bir daha sübut edir.
Beləliklə, Bakı zərbxanası V əsrdən etibarən kiçik fasilələrlə XIX əsrin ortalarına qədər fəaliyyət göstərmişdir. Bakının ilkin yaşayış məskəni olan İçəri şəhərdən aşkar edilən erkən sikkə nümunələri burada antik dövrdən iqtisadi münasibətlərin о cümlədən, pul və pul təsərrüfatının mövcudluğunu tam olaraq sübut edir.

ƏDƏBİYYAT



  1. Qasımov Xeyirbəy Sabir oğlu. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, 2008, 448 s.

  2. Nuriyeva İradə Tofiq qızı. AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək). Ali məktəblər üçün dərslik. – Bakı: Mütərcim, 2015. – 336 səh.

  3. Azərbaycan tarixi. 7 cilddə, I c. (Ən qədimdən - b.e. III əsri). Bakı: Elm, 2007, 520 səh.+40 səh. İllüstrasiya

  4. Azərbaycan tarixi: Dərslik / Z. Bünyadovun redaktorluğu ilə. Bakı: Azərnəşr, 1994, 680 səh.

  5. Azərbaycan tarixi / İ. Əliyevin redaktorluğu ilə. Bakı: Elm, 1993, 284 səh.

Yüklə 32,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin