İLK HİNDİSTAN SƏFƏRİ
Bəcurdan Bxirəyə yürümək niyyətilə qayıtmışdım. Kabilə gələndən bəri hey Hindistan səfəri niyyətindəydim, amma bəzi maneələr üzündən nəsib olmurdu. Üç-dörd ay davam edən Bəcur səfərindən də əsgərin əlinə ciddi bir şey keçmədi.
Hindistanın sərhəddi Bxirə yaxın olduğu üçün «Dərhal və yüngül silahlarla girsək, görəsən, əsgərin əlinə bir şey keçərmi» deyə düşündüm. Bu niyyətlə dönərək əfqanlara axın edib Məqama enəndə mənə sadiq olan bəziləri belə dedilər: «Hindistana girsək, gərək əsaslı girək. Əsgərin bir qismi Kabildə qaldı və bir dəstə yaxşı igid də Bəcurda qoyuldu. Atların zəifliyi üzündən bir çoxları da Ləmqana döndü. Buraya gələnlərin atları elə bitkin bir haldadır ki, bir gün belə sürətli qaça bilməzlər».
Düzdür, bu sözlər doğru idi, lakin artıq qərar verilmişdi, bu hesablara aldırmadan sabah tezdən (222 b) oradan qalxdıq və Sind çayının keçidinə doğru hərəkətə keçdik.
Sind çayının keçidini aramaq üçün Mir Məhəmməd Caləban böyük və kiçık qardaşları bir neçə igid ilə birlikdə çayın yuxarı və aşağı tərəflərinə göndərildi.
Əsgəri çay tərəfinə göndərib özüm də kərgədan ovlamaq üçün Kərkxana dedikləri Səvati tərəfinə getdim. Bir neçə kərgədan göründü, lakin cəngəllik çox sıxdı və cəngəllikdən dışan çıxmadılar. Balalı bir kərgədan düzlüyə çıxıb qaçmağa başladı. Bir çox ox atdılar. Kərgədan özünü yaxındakı cəngəlliyə vurdu. Cəngəllikə od vurdular, lakin o kərgədan tapılmadı. Digər bir kərgədan balası odda yanmış, qıvrılırdı. Onu boğazladılar və hər kəs bir parça aldı. Səvatidən dönüb ətrafı dolaşdıqdan sonra yatsı vaxtında ordugaha gəldik. Keçid aramağa gedənlər bir keçid tapıb qayıtmışdılar.
Ertəsi sabah cümə axşamı günü, ayın on altısında [=17 fevral] at, dəvə və yüklərlə birlikdə keçiddən keçdik. Ordugah bazarını, yayaları və eşşəkləri salla keçirdilər. O gün keçid başında ikən nilablılar zirehli bir at və üç yüz şahruxi hədiyyə ilə gəlib məni gördülər.
Hamı keçincə həmin gün günorta vaxtı hərəkət edilib gecənin bir pasına qədər yürüyərək, Keçəküt çayının yaxınına endik. Oradan da sabah hərəkət eddi və Keçəküt çayını keçib günortaya yaxın bir vaxtda Səngdəki keçidi aşaraq (223 a) düşərgə qurduq.
Seyid Qasım eşik-ağa çağdavul idi. Arxadan bizim qatarların dalınca gələn qücurları ələ keçirərək bir neçə baş kəsib gətirdi.
Səngdəkidən səhər vaxtı hərəkət etdik və günortadan az sonra Suhan çayını keçərək düşərgə qurduq. Əsgərin arxası gecə yarısına qədər gəlməyə davam etdi. Çox uzun bir köç idi, atların gücsüzlüyü və zəifliyi üzündən fövqəladə çətin oldu. Bir çox at geridə qaldı.
Bxirədən şimala doğru yeddi küruh məsafədə bir dağ vardır. Bu dağ Zəfərnamə və digər bəzi kitablarda Kuhi-Cud adıyla anılır. Bu adın verilməsinin səbəbini bilmirdim, amma sonradan öyrəndim: Bu dağda eyni atanın nəslindən olan iki xalq vardır, birinə Cud, digərinə Cəncuhə deyirlər. Bu dağdakı və Nilab ilə Bxirə arasındakı qəbilələrə əskidən bəri bunlar hökm edir və fərman verirlərmiş. Ancaq bu idarə dostcasına və qardaşcasına bir idarə imiş. Xalqdan hər istədiklərini ala bilmirlərmiş. Əskidən bəri vergi kimi bir şey müəyyənləşdirmişlər, bunların aldığı və onların verdiyi bundan nə artıq, nə də əskik deyilmiş. Müəyyənləşdirilən şey budur: ev başına bir şahruxi, hər ailə başçısı isə yeddi şahruxi verir və əsgərə də gedirlərmiş.
Cud və Cəncuhənin hər ikisi də bir neçə qola ayrılır. Bxirədən yeddi küruh məsafədə yerləşən bu dağ Hinduquş silsiləsinə aid olan Kəşmir (223 b) dağlarından ayrılaraq cənub-qərbə uzanmaq surətilə Dinqutun ayağında Sind çayında sona çatır. Bu dağın bir yarısında Cud, digər yansında isə Cəncuhə xalqı yaşayır. Bu dağa Cuda nisbətlə Kuhi-Cud demişlər.
Bunlar arasındakı ən etibarlı olan böyüyə ray deyə xitab edilir, digər kiçık qardaşa və oğluna da məlik deyirlər. Cəncuhələr Ləngər xanın dayıları olur. Suhan çayının civarındakı qəbilələrin hakiminin adı Məlik Həstdi. Əsil adı Əsəddir. Hindistanlılar belə hərəkələri bəzən sükunla oxuyurlar, xəbərə xəbr dedikləri kimi, əsədə də əsd deyirlər və bu söz zamanla həst olmuşdur.
Biz enər-enməz Ləngər xanı Məlik Həst Cəncuhənin yanına göndədik. Sürətlə gedib onu inayət və şəfqətimizə əmin edərək yatsı vaxtı özünü də götürüb gətirdi. Bir zirehli at gətirib mülazimət etdi. Özü iyirmi iki-iyirmi üç yaşlarında vardı. Bu xalqın heyvan sürüləri ordugahın ətrafında və civarında xeyli çox idi.
Hələ Hindistanı ələ keçirmək niyyətindəydik. Bxirə, Xoşab, Çanab və Cenyut kimi bir neçə vilayət nə müddətdir türk idarəsindəydi və bunları öz mülkümüz kimi düşünürdük; zorluqla, ya xoşluqla idarəni ələ alacağımıza əmindik. Bu səbəblə bu dağ xalqıyla yaxşı münasibətlərdə olmaq vacib və gərəkli idi. (224 a) Onun üçün də «Heç kəs bunların heyvan sürülərinə, ip ucu və iynə ulduzu qədər belə zərər və ziyan vurmasın» deyə fərman oldu.
Sabah oradan qalxıb günorta vaxtı Kəldə-Kəhara gəlib endik. Ətraf və civarı bol otluq idi. Bu Kəldə-Kəhar çox gözəl bir yerdədir. Bxirənin on küruh məsafəsində, Cud dağlarının arasında bir düzlük və bu düzlüyün ortasında böyük bir göl var. Bu göl ətrafındakı dağlardan yığılan yağış sularından yaranmışdır. Çevrəsi üç küruha yaxındır və şimal tərəfində gözəl bir çayır vardır. Qərbində isə dağın təpəsində bir çeşmə vardır. Bu su gölə baxan təpələrdə yaşamaq imkanı verdiyi üçün buraya Baği-Səfa adında bir bağ saldırdım. Çox gözəl, havalı və səfalı bir yerdədir. Daha sonra təfsilatıyla nəql ediləcəkdir.
Kəldə-Kəhardan səhər vaxtı atlandıq. Hemtatu keçidinin başında yerlilərdən bir neçə adak kiçik hədiyyəylə gəlib sədaqətlərini bildirdilər. Əbdürrəhim Şiğavulu da bu gələn adamlarla birlikdə Bxirə xalqını öz tərəfimizə çəkməyə çalışaraq «Bu vilayətlər əskidən bəri türkün olmuşdur, saqın ola ki qorxu və təlaşa yol verib xalqı təlatümə salmasınlar; bu vilayətin xalqı ilə səmimiyyətimiz vardır və heç bir yağmalama olmayacaqdır» deyə söyləməsi üçün Bxirəyə göndərildi.
Çeşt vaxtı keçidin dibinə enib (224 b) Qurban Çərxi və Əbdülmüluk Həstinin rəhbərliyi altında yeddi-səkkiz adamı xəbər bilmək üçün irəli göndərldik. İləri gedənlərdən biri olan Mir Məhəmməd Mehdi Xoca yanında bir adam gətirdi. Bu əsnada əfqanların böyüklərindən bir neçəsi də hədiyyələrlə gəlib mülazimət etdilər. Xalqı öz tərəfimizə çəkmək üçün Ləngər xanla birlikdə bunları da Bxirə xalqının yanına göndərdik.
Keçidi aşıb cəngəllikdən çıxaraq, sağ və sol qollar ilə mərkəz səfləri nizamla düzərək Bxirəyə doğru hərəkət etdik. Bxirəyə yaxınlaşanda Bxirənin böyükləri ilə birlikdə Dövlət xan Yusif-Heylin oğlu Əli xanın adamlarından Siqdu oğlu Divə Hindu yanımıza gələrək bir at hədiyyə edib mülazimət etdi. Günortaya doğru Bxirə əhalisinə zərər və ziyan vurmadan Bxirənin şərqindəki Bəhət çayının kənarında bir otluqda düşərgə qurduq.
BXİRƏNİN SON DÖNƏMİNƏ AİD TARİXİ BİLGİLƏR
Teymur bəyin Hindistan səfərindən bəri1 Bxirə, Xoşab, Çanab və Cenyut kimi bir neçə vilayət Teymur bəyin övladlarının və onların soyundan gələnlərin və onlara tabe olanların hakimiyyəti altında idi. [Teymur bəyin oğlu] Şahrux Mirzənin nəvəsi və Suyurqatmış Mirzənin oğlu Sultan Məsud Mirzənin -ki, Kabil və Zabil vilayətinin idarəsini o zamanlar əlində tutduğu üçün ona Sultan Məsud Kabili deyirdilər- yetirmələrindən olan Mir Əli bəyin üç oğlu -Baba Kabili, Dərya xan (225 a) və sonraları Qazi xan dedikləri Apağ xan- Sultan Məsud Mirzənin oğlu Əli Əsgər Mirzənin ölümündən sonra Kabil, Zabil və bəhs edilən bu Hindistan vilayət və pərgənələrinə1 zorla sahib olmuşdular. [Baburun babası] Sultan Əbu Səid Mirzənin zamanında Kabil ilə Qəznə bunların əlindən çıxdı, amma Hindistandakı vilayətlər bunların əlində qaldı.
Doqquzyüz onuncu ildə [=1504] Kabilə ilk gəldiyim il Hindistana girmək niyyətilə Xeybərdən keçərək Perşavəra gələndə Baqi Çağanyaninin qeyrətiylə aşağı Bəngəş tərəfində yerləşən Kühətə yürüyərək Əfqanistanın bir çox yerlərinə axın edib Bennu və Dəst yağmalandıqdan sonra Düki yoluyla çıxmışdıq.
O günlərdə Bxirə, Xoşab və Çanabin idarəsi Mir Əlinin nəvəsi və Qazi xanın oğlu olan Seyid Əli xanın əlində idi. O da İskəndər Bəhlul [Ludi] adına xütbə oxutdururdu və ona tabe idi. Bu səfərdən şübhələnib Bxirəyi buraxaraq Bəxət çayından keçib Bxirənin Şirqut kəndinə yerləşmişdi.
Bir-iki il sonra bizə görə Seyid Əli xanla əfqanların arası dəydi. O da bu üzdən qorxu və təlaşa qapılaraq bu vilayətləri o günlərdə Lahorun hakimi olan Tatar xan Yusif-heylin oğlu Dövlət xana [Ludi] (225 b) təhvil verdi. Dövlət xan da Bxirəni ən böyük oğlu Əli xana vermişdi. O vaxt Bxirə Əli xanın hakimiyyəti altında idi.
Dövlət xanın atası Tatar xan Hindistanı ələ keçirdikdən sonra Bəhlulu [Ludi] padşah edən altı-yeddi sərdardan biri idi və Setlüc çayının şimal tərəfindəki vilayətlərin hamısı bu Tatar xanda idi. Bu vilayətlərin gəliri üç kururdan2 bir az artıqdır. Tatar xanın vəfatından sonra Sultan İskəndər öz padşahlığı zamanında bu vilayəti Tatar xanın övladından almış və mənim Kabil vilayətinə gəlişimdən bir-iki il əvvəl Dövlət xana yalnızca Lahoru vermişdi.
Ertəsi gün bəzi lazımi yerlərə axınçılar göndərildi. O gün Bxirəni gəzdim, həmin gün Səngər xan Cəncuhə gələrək at hədiyyə edib sədaqətini bildirdi.
Çərşənbə günü, ayın iyirmi ikisində [=23 fevral] Bxirənin böyükləri ilə tüccarlarını çağırıb dörd yüz min şahruxi asayiş fidyəsi alınmasına qərar verildi və bu iş təhsildarlara tapşırıldı. Təkrar hərəkət edib ətrafı gəzdik və bir gəmiyə minərək məcun yedik.
Bxirə və Xoşabda yaşayan bəlucların yanına Heydər Ələmdar göndərilmişdi. Onlar cümə axşamı sabahı badam çiçəyi rəngində cins bir at hədiyyə edərək sədaqətlərini bildirdilər.
Əsgərin Bxirə əhalisini taladıqları və soyduqları bildirildi. (226 a) Tez adamlar göndərib belə hərəkət ədənlərin bəzilərini edam etdirdim, bəzilərinin da burunlarını dəldirib ordugahd a gəzdirtdim.
Cümə günü xoşablıların ərzi-halı gəldi. Xoşaba getməyə Şah Şüca Arğunun oğlu Şah Həsən məmur edildi. Şənbə günü, ayın iyirmi beşində [=26 fevral] Şah Həsən Xoşaba göndərildi.
Bazar günü elə yağış yağdı ki, bütün düz yerlər su oldu. Bxirə ilə ordugahın yerləşdiyi bağlar arasında kiçık bir su vardı. Günortaya qədər onun genişliyi böyük bir çay qədər oldu. Bxirənin yaxınlığında bir ox atımından artıq yerdən keçid yoxdu, at üzdürərək keçirdilər. Günortadan sonra yüksələn suyu görmək üçün hərəkət etdim. Yağış və fırtına o qədər arttı ki, dönüb ordugaha gəlmək belə təhlükəli oldu.
Günortadan sonra bu daşan sudan, at üzdürərək keçdim. Əsgərdə fövqəladə bir vahimə yarandı. Çoxu çadırlarını və ağır yüklərini buraxıb zirehlərini və silahlarını çiyinlərinə alıb çılpaq atlarını üzdürərək keçdilər. Düz yerlərin hamısı su altında qalmışdı. Sabah tezdən gəmilər gətirib əsgərin çadırlarım və əşyalarını gəmiylə keçirdilər. Günortaya yaxın Qoç bəyin adamları suyun bir şeri qədər yuxarı tərəfinə gedib bir keçid tapdılar. Geridə qalanlar da keçiddən keçdilər.
Cahannüma dedikləri Bxirə kurqanının içində (226 b) bir gün qaldıq və çərşənbə axşamı sabah hərəkət edilib yağmurun və selin qorxusundan Bxirənin şimal tərəfindəki təpələrin üzərinə endik.
Bu arada təyin olunan pulu vaxtında ödəmirdilər. Vilayəti dörd hissəyə ayırdım və bəylərə bu pulu diqqətlə yıqmalarını əmr etdim. Bir hissəyə Xəlifə [Nizaməddin Əli Barlas], bir hissəyə Qoç [bəy], bir hissəyə [Dost] Nasir, bir hissəyə isə Seyid Qasım ilə Mühib Əli Qurçu təyin edildi. Türklərin yaşadıqları vilayətləri özümüzünkü saymışdıq. Bu üzdən də oralar yağmalanmadı.
Xalq arasında danışırdılar ki, türkə aid olan vilayətlərə sülh üçün elçi getsə, onların hakimləri problem yaratmayacaqlar. Beləliklə, rəbiüləvvəl ayının ilk günü, cümə axşamı günü [=3 mart] atası Sultan İskəndərin bu son beş-altı ay içində ölməsindən sonra Hindistan səltənətinı əlinə alan Sultan İbrahimin yanına elçi olaraq getməyi Molla Mürşidə tapşırdım və bir şahin göndərib əskidən türkə aid olan vilayətləri istədik. Dövlət xana və Sultan İbrahimə yazılmış məktubları təslim edib ağızdan söylənəcək sözləri də söyləyərək Molla Mürşidin getməsinə izin verildi.
Bu Hindistan əhalisi və ələlxüsus da əfqanlar çox axmaq, düşüncədən və tədbirdən uzaq insanlarmış. Nə düşmənçilik göstərərək vuruşmaq və qarşı çıxmaq, nə də dostluq yolunu (227 a) seçə bilirdilər. Dövlət xan göndərdiyimiz adamı uzun müddət Lahorda saxlamış, nə özü görüşmüş, nə də İbrahimin yanına göndərmişdi. Göndərdiyimiz adam da heç bir cavab ala bilmədən bir neçə ay sonra Kabilə qayıtdı.
Cümə günü, ayın səkkizində Şeybani Piyada ilə indi tüfəngəndaz olan Dərviş Əli Piyada Kabildən məktublarla birlikdə Hindalin doğum xəbərini gətirdilər. Bu xəbər hindin ələ keçirilməsi zamanı gəldiyi üçün bunu uğurlu əlamət sayaraq ona Hindal adını verdim.
Qənbər [Əli] bəy də Bəlxdən gələrək [Bədiüzzaman Mirzənin oğlu] Məhəmməd Zaman Mirzənin məktublarını gətirdi.
BABURUN İÇKİ VƏ MƏCUN MƏCLİSLƏRİ
Ertəsi gün divan dağıldıqdan sonra gəzməyə çıxaraq bir gəmidə mey içdik. Məclisdəkilər Xoca Dost Xavənd, Xosrov [Göyəldaş], Mirim [Nasir], Mirzəqulu [Göyəldaş], Məhəmmədi [Göyəldaş], Əhmədi, Gədai, Numan [Çöhrə], Ləngər xan, Ruhdəm, Qasım Əli Tiryaki, Yusif Əli və Tanrıquludan ibarət idi.
Gəminin baş tərəfində bir talvar vardı, üstü düz idi, bir neçə adamla birlikdə mən burada oturmuşdum. Bir neçə adam da talvarın altında oturmuşdu. Gəminin arxa tərəfində da oturulacaq yer vardı; Məhəmmədi, Gədai və Numan orada oturmuşdular. İkindəyə qədər araq içdik. Arağın pisliyndən nifrət edib bu tərəfdəkilərin də razılığı ilə məcuna keçdik. Gəminin o biri ucundakılar bizim məcun yediyimizi (227 b) bilmədilər və araq içməyə davam etdilər.
Yatsı vaxtı gəmidən qalxıb gecə ordugaha gəldik. Məhəmmədi ilə Gədai məni mey içən zənn edərək yaxşı bir xidmətdə bulunaq deyə mey kuzəsini at üstündə növbə ilə daşıyaraq, çox nəşəli və gülər üzlə gəldilər və «Belə qaranlıq bir gecədə kuzəni özümüz növbə ilə daşıyaraq gəldik» dedilər.
Bu arada onlara məclisin və keflənmənin fərqli şeylər olduğunu anlatdılar, bir tərəfdə məcun yeyilmiş, digər tərəfdə isə içki içilmişdi. Məcun söhbəti ilə içki söhbəti heç bir zaman bir-birinə uymadığı üçün çox mütəəssir oldular.
Mən də «Məclisi pozmayın, mey içmək istəyən adam mey içsin, məcun istəyən adam da məcun yesin, amma heç kimsə bir-birinə sataşaraq dil uzatmasın» dedim. Bəziləri mey içdi və bəziləri da məcun yedi. Məclis bir müddət daha güclüklə davam etdi.
Babacan Qanbuzi məclisdə yoxdu, ağ çadıra gələndə onu da çağırtdıq. Mey içmək arzu etdi. Turdu Məhəmməd Qıpçaqı da çağırdaraq sərxoşlarla söhbət arxadaşı elədik.
Məcun söhbəti ilə içki və şərab söhbəti heç bir zaman bir-birinə uymaz. Sərxoşlar hər tərəfdən pis sözlər söyləməyə başladılar, sataşmaların çoxu məcuna və məcun yeyənlərə tuşlanmışdı. Babacan da lülqənbər olub çox pis sözlər söylədi. Sərxoşlar dolu-dolu qədəhləri arxa-arxaya verərək Turdu Məhəmmədi də qısa bir müddətdə tam sərxoş etdilər. Vəziyyəti nə qədər düzəltməyə (228 a) çalışsaq da, fayda etmədi. Çox rəzalət oldu. Söhbətin dadı qaçdı və axırda hamı dağıldı.
Bazar ertəsi günü, ayın beşində [=7 mart] Bxirə vilayəti Hindu bəyə [Koçin] verildi. Çərşənbə axşamı günü də Çanab vilayətini Hüseyn İgrəkə [Həsən İgrək] ehsan edib oraya getməsinə izin verdik.
Bu vaxt Seyid Əli xanın Mənuçöhr xan adlı oğlu gəlib sədaqətini bildirərək bizə qoşuldu. O, Hindistandan yuxarıkı yolla bizə gələrkən Tatar Kəkərə təsadüf edir. O da bunu buraxmadan saxlayıb qızını verərək özünə kürəkən edir, buna görə də bir müddətdir onun yanında imiş.
Nilab ilə Bxirə dağlarının arasında cud və cəncuhə qəbilələrindən başqa, Kəşmir dağlarına bitişik yerlərdə cet, gücür və o tayfalardan bir çox qəbilə vardır və onlar hər dərədə-təpədə kəndlər salıb yaşayırdılar. Bunların hakimi və böyükləri kəkər qəbiləsidir.
Bunlardakı hakimiyyət də cud və cəncuhənin hakimiyyətinə bənzəyir. Bu dağın ətəyindəki qəbilələrin hakimiyyəti o zamanlarda eyni atanın oğulları olan Tatar Kəkər ilə Hati Kəkərin əlindəydi. Bunlar əmioğlu idilər. Bunların möhkəm yerləri uçurumlar və qayalıqlardır. Tatarın olduğu yerin adı Piralə idi və qarla örtülü dağdan olduqca aşağıda idi. Hatinin vilayəti isə dağa bitişik idi. Qələncər isə Babu xan (228 b) Bisuta aid idi. Hati onu da özünə tabe etmişdi.
Tatar Kəkər Dövlət xanı görmüşdü və ona itaət edən kimiydi. Hati isə getmirdi, fitnə-fəsadla məşğul idi. Tatar Hindistan bəylərinin sözü və ittifaqı ilə gəlib bir az uzaqdan Hatini mühasirə edir kimi bir mövqe tutmuşdu.
Bizim Bxirədə olduğumuz dönəmdə Hati ov bəhanəsi ilə gizlicə Tatarın üstünə hücum edib onu öldürdü, vilayətini, arvadlarını və nəyi varsa hamısını ələ keçirdi.
Günorta vaxtı gəzmək üçün atlanaraq gəmiyə girib araq içdik. Məclisdə Dost [Nasir] bəy, Mirzəqulu, Əhmədi, Gədai, Məhəmməd Əli Cəng-Cəng, Əsəs [Xoca Məhəmməd Əli Tağayi], Uğanverdi Moğol, çalğıcılardan Ruhdəm, Babacan, Qasım Əli [Tiryaki], Yusif Əli, Tanrıqulu, Əbülqasım və Ramazan Luli vardı. Yatsıya qədər gəmidə içib yatsı vaxtı tam sərxoş bir halda çıxaraq ata minmiş, məşəli əlimə almış, çay sahilindən ordugaha qədər gah atın bir tərəfinə, gah digər tərəfinə əyilərək və çılğınca at qoşduraraq gəlmişəm. Çox sərxoş imişəm. Ertəsi gün bu şəkildə əlimə məşəl alıb qərargaha gəldiyimi danışdılar. Heç xatırlaya bilmədim. Evə gəldikdən sonra xeyli qusmuşam.
Cümə günü gəzmək üçün hərəkət edib gəmiylə suyu keçdik. O tərəfdəki bağları, çiçəkləri və şəkər qamışı əkilən yerləri dolaşıb vedrə və çarxları tədqiq edərək su çəkmə üsulunu soruşub (229 a) bir neçə dəfə su da çəkdik. Bu gəzinti zamanı məcun yedik.
Oradan dönəndə təkrar gəmiyə mindik. Mənuçöhr xana da məcun verilmişdi. O, məcunun təsiri altında o qədər qaldı ki, iki adam qoltuğuna girib qaldırdı. Bir müddət su ortasında lövbər atıb durduq. Ondan sonra da suyun aşağısına doğru xeyli getdik. Bir müddət sonra gəmini yuxarıya sürdürdük. O gecə gəmidə uyuyub səhərə doğru ordugaha gəldik.
Şənbə günü, rəbiüləvvəl ayının onunda [=12 mart] günəş həməl bürcünə girdi. O gün günorta vaxtı gəzmək üçün atlanaraq gəmiyə girib araq içdik. Məclisdə Xoca Dost Xavənd, Dost [Nasir] bəy, Mirim Nasir, Mirzəqulu, Məhəmmədi, Əhmədi, Yunus Əli, Məhəmməd Əli Cəng-Cəng, Gədai Tağayi, Mir Hurd, Əsəs, çalgıcılardan Ruhdəm, Babacan, Qasım [Əli Tiryaki], Yusif Əli, Tanrıqulu ilə Ramazan [Luli] vardı.
Çayın qollarından birinə girib bir müddət suyun aşağısına doğru getdik. Bhirənin bir az aşağısından çıxıb gec vaxt ordugaha gəldik. O gün Şah Həsən Xoşabdan gəldi. Elçi göndərib əskidən türkə aid olan vilayətləri istəyərək uzlaşmaya varıldığı üçün müəyyən edilən qədər axça da bizə təhvil verildi.
İstilər də bir az yaxınlaşdı. Hindu bəyə köməkçi olaraq Şah Məhəmməd Möhürdar, onun kiçık qardaşı Dost Möhürdar və digər bəzi uyğun igidlər seçilərək hər birinə vəziyyətlərinə görə (229 b) yerlər təsbit və təyin edildi. Bu yürüşlərə qeyrət edən və səbəb olan Ləngər xana Xoşabı əta edib tuğ verərək, onu da Hindu bəyə köməkçi təyin etdik. Bxirədə olan türk və yerli sipahiləri də yer və ülufələrini artırıb Hindu bəyə köməkçi təyin etdik. Bunlardan biri adından yuxarıda da bəhs etdiyim Mənuçöhr xan, digəri isə Nəzərəli Türk idi (o, Mənuçöhr xanın qohumu idi), biri Səngər xan Cəncuhə, digəri də Məlik Həst Cəncuhə idi.
Vilayətin işini yoluna qoymaq ümidilə bu şəkildə qərar verdik və bazar günü, rəbiüləvvəl ayının on birində [=13 mart] Bxirədən qalxıb Kabilə doğru hərəkət etdik. Kəldə-Kəhara gəlib endik. O gün də çox yağış yağdı. Yapınçılı adamla yapınçısız adam arasında fərq qalmadı. Əsgərin ardı gecə yatsıya qədər gəlməkdə davam etdi.
Bu yerin və məmləkətin havasını və suyunu bilən adamlar, ələlxüsus da Kəkərin əski bir düşməni olan [Məlik Həst] Cəncuhə «Buralarda pis adamlardan biri Hati Kəkərdir, yolu kəsən və camaatı pozan odur. Elə etməli ki, ya o, buralardan gitsin, ya da ona yaxşı bir dərs verilsin» deyə bildirdi. Biz də belə davranmağa qərara alıb ertəsi gün əsgəri Xoca Mir Miran ilə Mirim Nasırin idarəsinə verərək özümüz günortadan sonra əsgərdən ayrılaraq, bəhs edildiyi kimi, bu bir neçə gün içində Tatarı öldürüb onun vilayəti Piraləni alaraq orada olan Hati Kəkərin üstünə (230 a) göndərdik.
İkindi vaxtı bir yerə enib atlara yem verdikdən sonra yatsı vaxtı oradan təkrar atlandıq. Bələdçi Məlik Həstin Sürpa adlı gücürlü bir nökəri idi. Gecə yolu itirib səhərə yaxın endik. Bəy Məhəmməd Moğol ordugaha geri göndərildi. Sabah erkəndən hərəkətə keçildi. Quşluq vaxtında zirehlər geyib sürətlə yürüdük. Bir şeri məsafə qalanda Piralənin qaraltısı göründü. Axınçılar irəli göndərildi. Sağ qol alayında olan Qoç bəy Piralənin şərq tərəfinə vardı. Sağ qolun arxasından köməkçi qüvvələr göndərildi. Sol qol ilə mərkəz adamları Piralənin tam üstünə çıxdılar. Dost bəy kömək üçün Piralənin üzərinə yürüyən sol qolun arxasına göndərildi.
Piralə uçurumların üzərində yerləşir və iki yolu vardır. Biri bizim gəldiyimiz cənub-şərq yönündədir ki, uçurumların üstündən keçir. Yolun hər iki tərəfində sıldırımlar və uçurumlar var. Piraləyə yarım küruh qala qapısına varıncaya qədər dörd-beş yerdə yolun hər iki tərəfinə uçurumlar düzəldib yolu tək bir adam keçə biləcək qədər daraltmışlar. Bir ox atımı qədər məsafəni tək-tək və arxa-arxaya yürümək gərəkdir.
İkinci yol isə şimal-qərbindədir və geniş bir dərənin içindən gəlib Piraləyə çıxır. Bu yol da ancaq tək bir adam keçə biləcək qədər dardır. Bunlardan başqa heç bir tərəfdən yol yoxdur. Piralədə divar və mazğal olmasa da, onun zorla alınacaq yeri də yoxdur. Ətrafı yeddi-səkkiz və ya on kari dərinliyində (230 b) sarp qayalıqdır.
Öncə sol qol adamları boğazlardan keçib qapıya soxuldular. Hati özləri və atları zirehli otuz-qırx qədər süvarisi və çoxlu piyadası ilə axınçıları geri oturtdu. Axınçıların arxasınca köməyə göndərilən Dost bəy də yetişərək düşmənin bir çox adamını öldürüb məğlub etdi. Hati Kəkər o tərəflərdə cəsarəti ilə məşhurdur, lakin nə qədər mücadilə etsə də, bir şey çıxmadı və qaçdı. Bu boğazlarda müqavimət göstərə bilmədiyi üçün kurqanına gedincə, onu da qapada bilmədi. Axınçılar da onun arxasından dərhal kurqana girdilər və Piralə kurqanının boğaz və uçurumundan şimal-qərb tərəfinə qoşdular. Hati isə tək başına qaçıb çıxdı. Dost [Nasir] bəy burada da çox yaxşı hərəkət etdi və qəhrəmanlıq payəsi Dost bəyə verildi.
Mən də dərhal Piralə kurqanına girib Tatarın evlərinə endim. Axınçılar hərəkətə keçəndə mənim yanımda qalmalı olan adamların bir qismi də axına getmişdi. Bunların arasında Emin Məhəmməd Tarxan Arğun ilə Qaraca bu itaətsizlikləri üzündən əsgərin gözü önündə çırılçılpaq bir halda çölə göndərildi, Sürpa adlı gücürlü də onlara bələdçi olaraq verildi.
Ertəsi gün şimal-qərb tərəfdəki uçurumdan keçib otluğa endik. Vəli Xəzinəçi bir neçə yaxşı igidlə birlikdə ordunun yanına göndərildi.
Cümə axşamı günü, ayın on beşində [=17 mart] oradan hərəkət edərək Suhan çayının sahilində bulunan Əndərabəyə endik. (231 a) Bu Əndərabə kurqanı əskidən bəri Məlik Həstin atasına məxsus imiş. Hati Kəkər Həstin atasını öldürdükdən sonra xarab olmuşdu. O zaman da xarab idi.
O gün yatsı vaxtında Kəldə-Kəharda qalan ordu da gəlib bizə qoşuldu. Hati biz Tatarı alan vaxt Pərpət adlı bir qohumunu zirehli bir at və digər hədiyyələrlə birlikdə mənim yanıma göndərmişdi. Bizə təsadüf etmədən, geridə qalan orduya rast gəlmiş və uruğu ilə birlikdə gəlib hədiyyələrini təqdim edərək sədaqətini bildirdi.
Ləngər xan da bəzi işləri həll etmək üçün geridə qalan uruqlarla birlikdə Bhirədən gəlmişdi. İşini həll etdikdən sonra bəzi yerli adamlarla birlikdə yenidən Bhirəyə getməsinə izin verdik.
Oradan təkrar hərəkət edərək Suhan çayını keçib bir təpənin üzərinə endik. Hatinin qohumu olan Pərpətə xələt geydirib cazib fərmanlar və Məhəmməd Əli Cəng-Cəngin bir adamıyla birlikdə Hatiyə göndərdik.
Baba Dost ilə Xəlaxilin başçılığı altıında Hümayunun bir neçə nökəri Hümayuna verilmiş olan nilab və qarluq həzarəsinə gəlmişdilər. Baba Dost darğa təyin olunması münasibətilə mənim qəbuluma gəlmişdi. Səngər Qarluq ilə Mirzə Məlvi Qarluq özləri ilə birlikdə otuz-qırx qarluq əyanını gətirdilər, onlar zirehli bir at hədiyyə edib sədaqətlərini bildirdilər. Diləzaq əfqanlarından da bir dəstə əsgər gəldi.
Ertəsi gün oradan qalxıb iki şeri yürüyərək təkrar endik. Bir yüksəkliyə çıxıb ordunu təftiş etdim. (231 b) Ordudakı dəvələri saymalarını əmr etdim, beş yüz yetmiş dəvə vardı.
Sünbül bitkisinin tərifi eşitmişdim, bu yurdda ikən gördüm. Bu dağ ətəyində sünbül bitkisi çox deyil, tək-tük olur. Bir az irəlidəki Hindistanın dağ ətəyində sünbül lap çox olur. Hindistanın heyvanları və bitkilərindən bəhs edərkən onda da danışacağam.
Buradan nağara vaxtı qalxıb çeşdə doğru Səngdəki keçidinin dibinə endikdən sonra günorta üstü təkrar hərəkət edib keçid və çaydan keçərək bir yüksəklikdə dayandıq. Oradan da gecə yarısı qalxıb Bxirəyə gedərkən keçdiyimiz keçidi seyr etmək üçün atlanmışdıq.
O keçiddə azuqə daşıyan böyük bir çərşənbə axşamı çamura batıb qalmışdı, sahibləri uğraşdıqları halda hərəkətə gətirə bilmirdilər. Bu azuqəni alıb bizimkilərə paylaşdırdıq. Tam zamanında önümüzə çıxan azuqə idi.
Günortaya yaxın gəlib Kabil çayı ilə Sind çayının birləşdiyi yerdən bir az aşağıda və əski Nilabdan bir az yuxarıda iki çayın arasına endik. Nilabdan altı gəmi gətirilib sağ və sol qollar ilə mərkəz arasında paylaşdırıldı və dərhal çayı keçməyə başladılar.
Bizim gəldiyimiz bazar ertəsi, çərşənbə axşamı və çərşənbə gününə qədər çayı keçməyə davam etdilər. Cümə axşamı günü belə xeyli adam hələ çayı keçməkdə davam edirdi.
Əndərabə civarında ikən Məhəmməd Əli (232 a) Cəng-Cəngin bir adamıyla birlikdə Hatinin yanına göndərilmiş olan Pərpət adlı qohumu bu çayın sahilində ikən gəldi və Hatidən zirehli bir at hədiyyə gətirdi. Nilab əhalisi də zirehli bir at hədiyyə gətirib mülazimət etdi.
Məhəmməd Əli Cəng-Cəngin Bxirədə qalmağ həvəsi vardı. Bxirə Hindu bəyə [Koçin] əta edilmiş olduğu üçün Bxirə ilə Sind çayı arasındakı vilayətləri və elləri (Qarluq həzarəsi, hati, qiyas, al və kitib) Məhəmməd Əli Cəng-Cəngə ehsan edildi. Qulluğu qəbul edən qulluq etsin, əgər hər hansı bir vilayət boyun əyməsə
Hər kim ki, boyunu qoymasa onu tiygəy,
Çapğay, talağay, müntiyü münqəd etgəy.
Kim boyun əyməsə ona yetişsin,
Çapsın, talasın, müti və münqəd etsin.
Bu ehsanlardan sonra Məhəmməd Əli Cəng-Cənge xas siyah qədifədən bir has başlıq və zirehli bir paltar da verdim. Tuğ da ehsan etdim.
Hatinin qohumunun getməsinə də izin verib Hatiyə bir qılınc, bir dəst paltar və təsəlli edici fərmanlar göndərdim.
Cümə axşamı günü, günəş doğarkən, çayın sahilindən hərəkət etdik. O gün məcun yeyərək nəfis gül bağlarıni seyr etdik. Ayrı-ayrı yerlərdə toplu halda ərğuvani güllər açılmış, bəzi yerlərə də qarmaqarışıq səpələnmişdi. Ordugahın yanındakı bir təpənin üzərində oturub gülzara tamaşa etdik. (232 b) Sanki paylaşdırılmış kimi, təpənin alt tərəfində hər yanda bir sarı, bir ərğuvani güllər sıra-sıra, müsəddəs bir şəkildə açılmışdı. İki tərəfdə gül o qədər çox deyildi, amma göz ala bildiyi qədər belə gülzar idi. Perşavər civarında bahar mövsümündə gözəl gülzar olur.
Səhər vaxtı o yurddan qalxdıq. Gələrkən çay sahilində nərildəyən bir şir kənara doğru çıxdı. Atlar şirin səsini eşidib hürkdülər və özlərini qaya və çuxurlara atdılar. Şir qayıdıb yenə cəngəlliyə girdi. Bir camış gətirib cəngəlliyə salaraq şiri qırağa çıxarmalarını əmr etdim. Təkrar kənara doğru çıxdı. Hər yandan oxla vurdular; mən də bir ox atdım. Halvi Piyadə nizə ilə vurmaq istərkən nizənin dəmirini dişləri ilə qırdı. Pars bir çox ox dəydiyi halda kolluğun dibində büzülmüş dururdu. Baba Yasavul qılıncını çıxarıb yaxınlaşdı, şir həmlə edərkən başına vurdu, sonra da Əli Sistani belinə vurdu. Şir özünü çaya atdı. Suyun içində ikən öldürdülər. Sudan çıxarıb dərisini soymalarını əmr etdim.
Ertəsi gün hərəkət edib Biqrama gedərək Kürə-Kətrini gəzdik. Burası zaviyə kimi, bir az dar, qaranlıq və kiçık bir binaydı. Qapısından girib iki-üç pillə endikdən sonra sürünərək girmək lazımdır. Şamsız girmək mümkün deyil. Qabaq tərəfində saç və saqqal qırxmışlar, hər yana tük yığılmışdı. Bu (233 a) Kürə-Kətrinin ətrafında mədrəsə və karvansara hücrələri kimi çoxlu hücrə vardı. Kabilə ilk gəldiyim il Kühet, Bennu və Dəştə axın edəndə Biqramdakı böyük bir ağacı görməyə getmiş və Kürə-Kətrini görə bilmədiyimə təəssüf etmişdim. O qədər da təəssüf ediləcək bir yer deyilmiş.
O gün Şeyxim Mir-Sikarın yetişdirdiyi yaxşı bir şahinim itdi. Durna və kəkliyi çox yaxşı tuturdu. İki-üç dəfə tükünü tökmüşdü. Elə gözəl tuturdu ki, mənim kimi həvəssiz birini də quşbaz eləmişdi.
Məlik Bu xan ilə Məlik Musa başda olmaqla diləzaq əfqanlarının böyüklərindən altı adamın hərəsinə Hindistan ehsanı olaraq yüz misqal gümüş, bir paltar, üç öküz və bir camış, digərlərinə də mövqelərinə görə ağ axça, qumaş, öküz və camışlar ehsan edildi.
Əli-Məscidə enəndə diləzaq Yaqub-heyldən Məruf adında biri on qoyun, iki eşşək yükü düyü və səkkiz böyük baş pendir hədiyyə gətirdi.
Əli-Məsciddən sonra Yedə-Birə endik, oradan da günorta vaxtı Cuyi- Şahiyə gəldik. O gün Dost bəyi qızdırma tutdu.
Cuyi-Şahidən səhər vaxtı qalxıb Baği-Vəfada yemək yedik və günorta oradan hərəkət etdik. Gəndəməkin Siyah-Abından keçib axşamdan sonra bir otluqda atları doyurduq və bir-iki geri sonra atlandıq. Surxabdan keçərək (233 b) Kərkə enib uyuduq.
Dan ağarmadan öncə Kərkdən hərəkət edib Qaratu yolunun ayrıldığı yerə gələndə beş-altı adamla birlikdə Qaratuda salınan bağı seyr etməyə getdim. Xəlifə, Şah Həsən bəy və digər adamları Quru sayda məni gözləmək üzərə doğru yoldan göndərdim. Qaratuya gələndə Şah bəy Arğunun Qızıl adlı xəbərcisi Şah bəyin Kahanı alıb yağmalayaraq geri döndüyü xəbərini gətirdi.
Heç kimsənin irəliyə xəbər götürməməsi əmri verilmişdi. Günortaya doğru Kabilə vardıq. Qutlu Qədəm körpüsünə varıncaya qədər heç kim xəbərdar olmadı. Ondan sonra [Baburun oğulları] Hümayun ilə Kamran xəbər tutmuşlar, lakin ata minmələrinə yetəcək qədər vaxt qalmamış, çöhrələri tərəfindən əldə daşınaraq şəhər qapısıyla ərk qapısının arasına gəlib mülazimət etdilər.
İkindi vaxtı Qasım bəy şəhərin qazısı və Kabildə qalmış olan dost və ərbablar gələrək ziyarət etdilər.
Cümə günü, rəbiüləvvəl ayının ilk günündə [=2 aprel] ikindi vaxtı içki məclisi quruldu. Şah Həsənə öz paltarlarımdan bir dəst ehsan etdim. Şənbə günü səhər vaxtı gəmiyə minib səbuhi1 keçirdik. Nur bəy bu məclisdə ud çaldı, o günlərdə hələ tövbəli deyildi. Günorta gəmidən çıxıb Külkinə ilə dağ arasındakı bağı seyr edib ikindi vaxtı Baği-Bənövşəyə gəlib içdik. Axşamüstü olanda Külkinə tərəfindən divardan çıxıb ərkə gəldim.
Dostları ilə paylaş: |