ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə25/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

ALƏM XANIN SULTAN İBRAHİM XAN

TƏRƏFİNDƏN MƏĞLUB EDİLMƏSİ
Bu yurdda ikən bir tüccar gəlib Aləm xanın [yəni Sultan Bəhlul Ludi­nin oğlu və Baburun xidmətində olan hind əmirlərindən Sultan Əlaəddin Lu­dinin] Sultan İbrahim xan tərəfindən məğlub edildiyini söylədi.

Bu belə olmuşdur: Aləm xan bizdən izin aldıqdan sonra belə bir isti ha­vada yoldaşlarına baxmadan iki mənzili bir edib Lahora gəlir. Aləm xana izin verildiyi günlərdə özbəklərin (256 a) xanlarının və sultanlarının hamısı gəlib Bəlxi mühasirəyə almışdılar. Bu üzdən də Aləm xanın Hindistana get­məsinə izin verildikdən sonra biz də Bəlx üzərinə hərəkət etdik. Aləm xan Lahora çatdıqdan sonra Hindistandakı bəyləri toplayır və «Padşah sizi mənə köməkçi təyin etmişdir, mənimlə bir­likdə hərəkət edin. Qazi xanı özümüzə qoşub Dehli və Aqra üzərinə yürüyək» deyir.

Onlar da «Biz Qazi xana güvənərək qoşula bilmərik. Padşahın əm­rində də deyilir ki, Qazi xan öz kiçık qardaşı Hacı xanı oğlu ilə birlikdə sa­ra­ya gön­dərsə, yaxud onları Lahora göndərib girov olaraq qoysa, o zaman qoşu­lun, yoxsa ona qoşulmayın. Siz daha dünən onunla vuruşaraq məğlub olmu­sunuz, onunla təkrar necə birləşəcəksiniz. Sizin birləşməniz məs­ləhət deyil» deyirlər.

Belə söyləyərək mane olmağa çalışsalar da, Aləm xan onları din­lə­mir. Oğlu Şir xanı göndərərək Dövlət xan və [oğlu] Qazi xan ilə görü­şüb danışır. Xeyli müddətdən bəri məhbus olan [Dövlət xanın kiçık oğlu] Dilavər xan həbs­dən qaçaraq Lahora gələli iki-üç ay olmuşdu. Onu da özü ilə birlik­də aparır. Lahorda pərgənə sahibi olan Mahmud xan Xani-Cahanı da yan­ın­da götürür.

Hər halda belə qərar vermiş olacaqdır: Dövlət xan ilə Qazi xan Hin­dis­tanda buraxılmış olan bəyləri, hətta bütün bu civarı özlərinə alıb [oğul­ları] Dilavər xan ilə Hacı xanı Aləm xana qatar, onlar da (256 b) Dehli və Aq­ra tərəfini özlərinə alarlar. İsmayıl Cilvani və digər bəzi əmirlər gəlib Aləm xana qoşulur və heç durma­dan mənzildən-mənzilə keçərək Dehliyə doğru hərəkət edirlər. İndriyə gələndə Süleyman Şeyxzadə Fərmüli də gəlib onlara qatılır. Bunların sayı otuz-qırx minə çatır və Dehlini mühasirə edir­lər. Amma savaşa bilmir və kurqandakılara heç nə edə bilmirlər.

Sultan İbrahim bunu eşidib onların üzərinə hərəkət edir. O ya­xın­la­şın­ca bunlar xəbərdar olub kurqan üzərindən qalxaraq ona qarşı çıx­maq istəyir və belə düşünürlər: «Əgər gündüz savaşsaq əfqanlar bir-birlərindən utanaraq qaçmazlar. Əgər gecə basqını təşkil etsək, qaranlıq gecədə adam-adamı gör­məz və hər kəs öz bildiyi kimi hərəkət edər». Bu düşüncə ilə təxminən altı küruhluq bir məsafədən qalxaraq gecə basqınına gəlirlər. Gecə basqını üçün iki də­fə gündüz günorta hərəkət edir, iki-üç pasa qədər at üstündə qalıb nə ge­ri dönəcəklərini, nə də irəli gedəcəklərini qərarlaşdıra bilmədən irəliləyir və nəhayət, üçüncü dəfə sabaha bir pəhər qalmış basqına gəlirlər.

Bunların basqını çadırlara və otaqlara od vurmaqmış. Bir başdan od vu­rub qovğa qoparırlar. Cəlal xan Cighet və digər bəzi əmirlər gəlib Aləm xa­na qatılırlar. Sultan İbrahim öz köşkündə bir neçə xas süvarisi ilə birlikdə olduğu yerdə qalır. Bu zaman dan ağarır. Aləm xanın bütün adamları xalqı yağmalamaq və qənimət toplamaqla məşğuldur. (257 a) Sultan İbrahimin əsgəri bunların çox az olduğu­nu görüncə bir dəstə əsgər və bir fillə dər­hal onların üstünə yürüyür. Fil irəliləyincə bunlar müqavimət göstərə bil­mədən qaçırlar.

Aləm xan bu şəkildə qaçdıqdan sonra Miyan-Duab tərəfinə, sonra Pa­nipat ci­varından təkrar Panipat tərəfinə keçir. İndriyə gələndə bir bəha­nə ta­paraq Miyan-Süleymandan üç-dörd lek qoparır. İsmayıl Cilvani və Aləm xa­nın böyük oğlu Cəlal xan bunlardan ayrılaraq Miyan-Duab tərəfinə gedir. Aləm xanın yanında yığılan əsgərin Seyif xan Dərya xan, Mahmud xan Xa­ni-Cahan, Şeyx Ce­mal Fərmüli və digər bəzilərinə tabe olan qismi savaşdan bir az öncə qaçıb İbrahimə qoşulur.

Aləm xan, Dilavər xan və Hacı xan Sihrinddən keçəndən sonra bizim gəlib Milvəti aldığımızı öyrənirlər. Dilavər xan bizim üçün üç-dörd ay həbs­də qaldığı halda hələ bizə sadiq olduğu üçün onlardan ayrılaraq köçünün yanına Sultanpura gəldi və biz Milvəti aldıqdan üç-dörd gün sonra da Milvət civarında gəlib bizə qatıldı.

Aləm xan ilə Hacı xan isə Şetlut çayını keçərək Dun ilə Dəst arasın­da­kı dağda Gingutə adlı möhkəm bir kurqana girirlər. Bizə tabe əfqan və həza­rələr (257 b) gələrək bunları mühasirəyə alırlar. Belə möhkəm bir kurqanı tam ələ keçirmək üzrə ikən axşam olur. Kurqandan çıxmaq istəyənlər də [Aləm xan və Hacı xan] atların qapıya yığılması üzündən çıxa bilmirlər. Fil­ləri varmış, onları qabağa verirlər. Fillər də atların çoxunu ezib öldürür. Atla çıxa bilmədikləri üçün qaranlıqda piyada çıxır, ancaq Milvətə də girə bilmir, dağ tərəfinə qaçmış olan Qazi xana min çətinliklə qoşulurlar. Qazi xan isə onları o qədər yaxşı qəbul etmir. Axırda Aləm xan məcbur olub dərənin sonundakı Pəhlur civarında bizə qoşuldu.

Biz Siyal-Qutdaykən Lahordakılardan bir adam gəldi və ertəsi gün ha­mısının gəlib bizə qoşulacağını bildirdi. Ertəsi gün Persrurə enəndə Məhəm­məd Əli Cəng-Cəng, Xoca Hüseyn və digər bəzi igidlər də gəlib ora­da bizə qo­şuldular.

Düşmənin ordugahı Ravi çayının Lahor tərəfində imış. Oradakı vəziy­yəti öyrənmək üçün Böçkəni bir dəstə adamla oraya gön­dər­dik. Gecənin üç pəhəri yaxınlaşanda xəbər gətirdi ki, düşmənin bizim gəldiyimizi xəbər alıb bir-birinə baxmadan nizamsız halda qaçır.

Sabah Şah Mir Hüseynlə Can bəyi [Can Məhəmməd bəy] yük­lərin və sursatın yanında qoyaraq özümüz sürətlə hərəkət etdik. İki namaz arasında Kəlanura gəlib endik. Məhəmməd Sultan Mirzə, Adil Sultan və digər bəylər burada (258 a) gəlib bizə qoşuldular.

Sabah qalxıb yolda gedərkən Qazi xanla digər qaçanların xəbərini gə­tirdilər. Məhəmmədi, Əhmədi, Qutlu-Qədəm və Vəli Xəzinə[çi]nin ko­man­danlığında olanları və bu səfər üçün Kabildə bəyliyə yüksəldilmiş olan bəy­lə­rin böyük qisminı qaçanla­rı təqib etmələri üçün ayır­dık. Qərara görə bun­lar düşmənə yetişə bilsələr yetişəcək, yetişə bilməsələr kurqandakıların qa­çıb getməmələri üçün Milvət kurqanın ətrafını mühsirəyə alacaqlar. Belə bir tədbir almaqdan əsas məqsəd Qazi xandı.

Bu bəyləri irəli göndərdikdən sonra Kanvəhinin qarşısından Biyah ça­yını keçib endik. Oradan qalxıb arada iki dəfə istirahətdə sonra Milvət kur­qanının olduğu dərənin ağzına endik. Öncədən gəlmiş olan bəylər və Hin­dis­tandakı bəylərə kurqanı yaxından mühasirəyə almaq əmri verildi. Dövlət xanın nəvəsi -böyük oğlu Əli xanın oğlu- olan İsmayıl xan burada yanımıza gəldi. Bir çox vədlər və təhdid­lərlə onu da kurqana geri göndərdik.

Cümə günü ordunu irəli götürüb kurqana yarım küruh məsafədə endik. Şəxsən gedib kurqanı gördükdən sonra sağ və sol qollarla mərkəzin yerlərini müəyyənləşdirərək ordugaha qayıtdım.

Dövlət xan adam göndərib (258 b) «Qazi xan qaçıb dağa getdi, mənim günahımı bağışlasa, qulluğa gəlib kurqanı təslim edərəm» deyə bildirdi. Xo­ca Mir Miran oraya göndərildi, qorxusunu bərtərəf edib onu da özü ilə gətir­di. Dövlət xanla birlikdə oğlu Əli xan da gəldi. Bizimlə vuruşmaq üçün beli­nə bağladığı iki qılıncı­nı boynuna asmağı əmr etdim, iş bu dərəcəyə gəldiyi halda hələ də bəhanə arayacaq qədər qaba və abdal bir adam olurmu? Bir az irəli gətirdilər. Qılıncları boynundan al­malarını əmr etdim. Qarşıma görüş­mək üçün gələndə yükünməkdə gecikmişdi. Ayağından çəkdirərək qarşımda yükündürülməsini əmr etdim.

Qarşıma oturdub hind dilini bilən bir adama belə buyurdum: «Bu söz­ləri bir-bir onun zehninə nəqş edərək söylə və de ki: mən sənə ata dedim, kön­­lün istəyəndən daha artıq təzim və ehtiram göstərdim. Özünü və oğlunu bə­­luc­lardan sədəqə dilənməkdən qurtardım. Arvad-uşağınızı İbra­himin kölə­liyin­dən xilas etdim. Tatar xanın [Yusif-Heyl] üç kürur vilayətini sənə ehsan et­dim. Sə­nə nə pislik etdim ki, döşünə və belinə iki qılınc bağlayıb qoşun çə­­kə­rək bi­zim vila­yətlərin üstünə yürüyüb fitnə və fəsad çıxarırsan».

Axmaq qoca ağzında bir-iki söz (259 a) gəvələdi, cavab verə bilmədi. Hərəmlərini və uruğunu özünə verib digər bütün əmlakının zəbt edilməsinə qərar verildi. Özünün də Xoca Mir Miranın yanında qalması əmr edildi.

Şənbə günü, rəbiüləvvəl ayının iyirmi ikisində [=6 yanvar 1526] bun­ların uşaqlarını və hərəmlərini sağ-salim olaraq çıxarmaq üçün şəxsən gəlib Milvət kurqanının qapısının qarşısındakı təpəyə endim. Əli xan çıxıb bir qə­dər əşrəfi hədiyyə etdi. İkindəyə doğru bunların uşaqlarını və hərəmlərini çı­xarmağa başladılar.

Gərçi Qazi xanın kurqandan çıxıb getmiş olduğunu söyləyirdilər, lakin bəziləri onun da kurqanda olduğunu və orada gördüklərini söylədilər. Buna görə bəzi iç­kilər və çöhrələr Qazi xanın hiylə ilə çıxmaması üçün şübhəli adam­ları araşdırmaq üzrə qapıya qoyuldu. Bütün məqsəd bu idi. Bundan baş­qa bəzi cəvahir və qiymətli daşları gizlicə çıxarmaq istəsələr, onları da zəbt edəcəkdilər.

Qapının önündəki təpəyə çadır qurduraraq gecəni orada keçirdim. Sa­bah Məhəmmədi, Əhmədi, Sultan Cüneyd, Əbdüləziz [Miraxur], Məhəm­məd Əli Cəng-Cəng, Qutlu-Qədəm və bir neçə içki bəylərə içəri girib xə­zi­nələri və bütün əmlakı zəbt etmələrini əmr etdim. Xalq kurqan (259 b) qa­pısında çox gurultu qoparırdı. Qorxutmaq üçün bir neçə ox atdım. Bir qəza oxu təsadüfən Hümayunun hekayəçisinə isabət edib onu dərhal öldürdü.

Bu təpədə iki gecə qaldıqdan sonra, bazar ertəsi günü kurqana girib ətrafı tədqiq edərək Qazi xanın kitabxanasına gəldim. Bir neçə nəfis kitab çıxdı. Bir neçəsini Hümayuna verdim, bir neçəsini də Kamrana [Mirzə] gön­dərdim. Mollayanə kitablar xeyli çox idi, lakin gözü cəzb edəcək nəfis­likdə kitablar yox idi.

Gecə orada qalıb sabah ordugaha gəldim. Qazi xanın kurqanda oldu­ğu­nu zənn edirdik, lakin o qeyrətsiz adam atasını, böyük və kiçık qardaşları­ni, anasını və bacılarını Milvətdə qoyaraq bir dəstə adamla bir­likdə dağ tə­rəfinə qaçıbmış.

Məbin an bihəmiyyətra ki hərgiz,

Nəxahəd did ruyi nikbəxti,

Tən asani guzinəd xiştənra

Zənü fərzənd begüzarəd be səxti1.


Xoşbəxtliyin üzünü əsla görməyəcək

O həmiyyətsizə baxma,

Özü üçün asan olanı seçər,

Arvad-uşağını sıxıntıya tərk edər.

Çərşənbə günü o yurddan qalxıb Qazi xanın qaçdığı dağa doğru hərə­kət etdik. Milvətin ağzındakı yurddan bir küruh yol gedərək bir dərəyə en­dik. Dilavər xan bu­rada gəlib sədaqətini bildirdi.

Dövlət xan, Əli xan və İsmayıl xan ilə bir neçə böyüyü daha yaxalayıb Bxirədəki Milvət kurqanına (260 a) götürərək mühafizə etməsi üçün Kəttə­yə təhvil verdik. Çeşitli adamların mühafizəsinə verilmiş olan digərləri üçün də Dilavər xanın məsləhəti ilə qurtuluş fidyələri müəyyənləşdirildi. Bəzilə­rini kəfalətlə sərbəst buraxıb bəzilərini də zəncirə vuraraq mühafizə etdilər. Kəttə əsirləri götürdü. Dövlət xan Sultanpura yaxınlaşdıqları zaman öldü.

Milvət kurqanı Məhəmməd Əli Cəng-Cəngin idarəsinə verildi. O da öz tərəfindən böyük qardaşı Arğunu bir dəstə igidlə birlikdə orada qoydu. Həzarə və əfqanlardan iki yüzə qədər adam kurqana köməkçi təyin edildi.

Xoca Kəlan Qəznə şərablarından bir neçə dəvə yüklətmişdi. Xoca Kə­lanın yurdu kurqana və ordugaha baxan bir təpədə idi. Orada söhbət etdik, bəziləri şərab, bəziləri də araq içdi. Gözəl bir məclis oldu.

Oradan qalxıb Milvətin keçidlərlə dolu kiçık dağlarından aşaraq Duna gəldik. Hindistan dilində dərəyə «dun» deyirlər. Hindistanda bir axarsu bu Dundadır və Dunun ətrafında bir çox kənd yerləşir. Bura Cesvalin pərgənəsi imiş. Dila­vər xan onların dayıları olur. Dun gözəl bir vadidir. İrmağın ətrafı çayırdır. Bəzi yerlərində düyü əkilmişdir. Ortasından üç-dörd dəyirman işlə- dəcək gücdə bir su axır. Vadinin genişliyi bir-iki küruh və bəzi yerlərində də (260 b) üç küruh qədər vardır. Dağları kiçık-kiçık təpələr halındakı dağlar­dır. Kəndləri bu dağların ətəklərində yerləşir. Kənd olmayan yerlərdə tovuz quşu və meymun çoxdur.

Ev toyuğuna bənzəyən bir cür toyuq da çoxdur, eynən toyuq kimidir, la­kin çoxu düz rəngdədir.

Qazi xanın harada olduğu dəqiq olaraq bilinmədiyi üçün harada olsa ora­ya gedib hər hansı bir şəkildə ələ keçirilməsi işini Birim-Div Məlinhəslə birlikdə Turdukeyə tapşırdım.

Dunun ətrafındakı bu kiçık dağlarda çox qorunaqlı qalalar var. Şi­mal-şərq yönündə Qutilə adlı bir qala var ki, ətrafı yetmiş-səksən kari dərin­li­yin­də qayalıqlarla çevrilmişdir. Böyük qapısının yerləşdiyi tərəf yeddi-səkkiz kari qədərdir. Asma körpü qoyulan yerinin genişliyi on-on iki kan qədərdir. İki uzun kötüyü körpü etmişlər, atları və heyvanları oradan keçirirlər. Bu dağlarda Qazi xanın gücləndirdiyi kurqanlardan biri də bu imiş. Onun orada adamları varmış. Axınçılar gedib sa­vaşırlar. Tam almaq üzrə ikən axşam olur, kurqanın içindəkilər də belə möh­kəm bir kurqanı buraxıb qaçırlar.

Dun civarındakı digər bir möhkəm kurqan isə Gingutə kurqanıdır. Onun da ətrafı uçurumdur, lakin digər kurqan qədər möhkəm deyildir. Aləm xan, daha öncə də söyləndiyi kimi, bu Gingutə kurqanına girmişdi. (26l a)


BABURUN SULTAN İBRAHİMİN

ÜSTÜNƏ HƏRƏKƏTƏ KEÇMƏSİ
Qazi xanı tutmaq üçün ilqar ayırdıqdan sonra himmət üzəngisinə basıb təvəkkül cilovunu ələ alaraq o zamanlar paytaxtı Dehli olan Hindistan məm­ləkətlərini idarə edən Sultan Bəhlul Ludi Əfqan oğlu Sultan İsikəndər oğlu Sultan İbra­himin üzərinə hərəkət etdik. Mövcud əsgərinin min lek olduğunu söylərlər və özü ilə bəylərində minə yaxın fil olduğunu təxmin edirdilər.

Bir mənzildən sonra Baqi Şiğavula Dibalpuru ehsan edib köməkçi ola­raq Bəlxə göndərdim. Bəlxin işləri üçün çoxlu ağ axça və Kabildəki əq­ra­ba və uşaqlara Milvət fəthində ələ keçən əşyadan hədiyyələr də göndərdim.

Dundan aşağıya doğru bir-iki mənzildən sonra Şah İmad Şirazi mənə Arayiş xan ilə Molla Məhəmməd Məzhəbin məktublarını gətirdi. Bir qədər sədaqət göstərib bu səfərə qeyrət və diqqət etmişlər. Biz də bir piyada vasi­tə­silə inayət fərmanları göndərdikdən sonra irəli hərəkət etdik.

Milvətdən gedən axınçılar Hürur, Kehlur və o civardakı dağ kurqanla­rı­nın hamısıni zəbt edib əhalisini yağmalayaraq gəlib bizə qoşuldular Çox möhkəm olduğu üçün uzun zamandan bəri buralara heç kimsə girə bilmə­mişdi. Aləm xan da çox pis bir vəziyətdə piyada və çılpaq gəldi. Bəy və iç­ki­lərdən bəzilərini atlarla onu qarşıla­mağa göndərdim. Bu civarda ikən (261 b) gəlib bizə qoşuldu.

Axınçılar bu civarın dağ və dərələrinə də gedib bir-iki gün sonra gəl­dilər. Önəmli bir şey ələ keçmədi. Şah Mir Hüseyn, Can bəy [Can Məhəm­mədi] və digər bəzi igidlər də izin alıb axına getdilər. Dunda olduğumuz gün­lərdə iki dəfə İsmayıl Cilvani ilə Bibənin məktubları gəldi. Buradan da onların arzu etdikləri fərman­lar göndərildi.

Dundan qalxıb Ruperə gəldik. Burada ikən çox yağmur yağdı və hava ümumən soyuq oldu. Ac və çılpaq hindistanlılar çox qırıldı. Ruperdən qal­xıb Sihrind qarşı­sında yerləşən Kerələ enmişdik ki, «Sultan İbrahimin el­çi­siyəm» deyən bir hindistanlı gəldi, amma yanında məktub və yazısı yoxdu. Bizdən elçiliyə bir adam istəmiş. Onu bir sevadlı mühafizlə birlikdə geri gön­­­dərdik. Bu zavallılar gedincə İb­rahim hər ikisini həbsə atdırmış. İbra­hi­mi məğlub etdiyimiz gün [=20 aprel 1526] sevadlı qurtularaq gəldi.

Bir dəfə də dincəldikdən sonra Bənur və Sənur çayının sahilinə endik. Hindistanın böyük çayların dışındakı axarsulardan biri də budur. Buna Gə­gər çayı deyirlər. Çitər də bu çayın kənarındadır.

Çayın yuxarı tərəfini seyr etmək üçün getdik. Bu çay Çitərin üç-dörd kü­ruh yuxarısında bulaqdan başlayır. Seyr etmək üçün getdiyimiz bu çayın yuxarı tərəfindəki geniş bir dərədən dörd-beş (262 a) dəyirman işlədə bilə­cək qədər su çıxır. Bir az daha yuxarıda isə çox gözəl, havası xoş və uyğun olan yerlər var. Bu çayın geniş dərədən çıxdığı yerə bir çarbağ salınmasını əmr etdim.

Bu su düzlüyə enib bir-iki küruh məsafə getdikdən sonra çaya tökülür. Gəgər çayı qaynaqdan sızır. Yağmur mövsümündə bu çayın suyu çoxalaraq üç-dörd küruh aşağıda Gəgər çayı ilə birləşdikdən sonra Samana və Sün­na­ma gedir.

Biz o yurdda ikən Dehlinin bu tərəfində duran Sultan İbrahimin ora­dan irəliyə doğru yürüdüyü xəbərini aldıq. Hisari-Firuzənin şikdarı Həmid xan Xassə-Heyl də Hisari-Firuzənin və o civarın əsgəriylə birlikdə hisardan on-on beş kü­ruh daha bu tərəfə doğru gəlibmiş. Kəttə bəy informasiya yığ­maq üçün İbrahimin ordugahına tərəf yola düşdü, Mömin Atəkə isə Hisari-Firuzə əsgəri haqqında bilgi toplamaq üçün göndərildi.

Bazar günü, cəmadiyüləvvəl ayının on üçündə [=25 fevral] Embalə­dən qalxıb bir göl kənarına enmişdik. Mömin Atəkə ilə Kəttə bəy gəldilər. Həmid xanın üstünə yürüməsi üçün Xoca Kəlan, Sultan Məhəmməd Dulday və Vəli Xəzinə[çi]nin əmri altındakı bütün sağ qol adamını, Hindistanda qa­lan bəylərdən Xosrov, Hindu bəy [Koçin], Əbdüləziz [Miraxur] və Məhəm­məd Əli Cəng-Cəngi, mərkəzdən də içki və igidlərdən Şah Mansur Barlas, Kəttə bəy, Mühib Əli Qurçu və digər adamlarla birlikdə Hümayunu (262 b) görəvləndirdik.

Bibən də biz bu yurdda ikən gəlib bizə qoşuldu. Əfqanlar çox qaba və axmaq olurlar. Dilavər xan həm nökər, həm də mövqeyi baxımından ondan daha yüksək oldu­ğu, Aləm xanın oğulları isə padşahzadə olduqları halda hü­zurumuzda oturmaz­dılar. Amma bu adam oturmaq istədi. Onun bu məqbul olmayan arzusuna kim qulaq asar.

Bazar ertəsi günü, ayın on dördü sabahı [=26 fevral] Hümayun Həmid xanın üstünə hərəkət etdi. Hümayun sürətlə hərəkət edir və özündən əvvəl yüz-yüz əlli yaxşı igidi önçü olaraq göndərir. Bunlar yaxınlaşıb savaşa tutu­şaraq bir-iki əl atışdıqdan sonra arxadan Hümayunun qaraltısı görünün­cə düşmən dərhal qaçır. Yüz-iki yüz adamını ələ keçirərək yarısının başını kə­sib, yarısını da yeddi-səkkiz fillə birlikdə gətirdi.

Bəy-Mirək Moğol Hümayunun bu zəfərinin xəbərini cümə günü, ayın on səkkizində biz bu yurdda ikən gətirdi. Ona dərhal bir xas paltar və axır­da­kı xas atlardan biri ehsan edilərək, mükafat da vəd olundu.

Bazar ertəsi günü, ayın iyirmi birində [=5 mart] biz hələ o yurdda ikən Hümayun yüzə qədər əsir və yeddi-səkkiz fillə gəlib bizə qoşuldu. Ustad Əli­­quluya və tüfəngəndazlara (263 a) əmr edildi, əsirləri ibrət üçün tüfənglə qırdılar.

Bu, Hümayunun ilk səfəri və ilk dəfə gördüyü bir işdi, gələcək üçün xe­yir­li bir əlamət idi. Qaçanları təqib edənlər onları qovalayaraq Hisari-Fi­ru­­zəyə qədər gedib onu da dərhal alaraq yağmalayıb gəldilər. Hümayuna çev­­rə­sin­dəki bağlı yerlərlə birlikdə bir kürurluq vilayət olan Hisari-Firuzə və bir kürur ağ axça mükafat veril­di.

O yurddan qalxıb Şahabada gəldik. Dil yaxalamaq üçün Sultan İbra­himin ordugahına adam göndərib bir neçə gün burada qaldıq. Rəhmət Piya­də zəfərnamələrlə birlikdə Kabilə göndərildi.

Biz bu yurdda ikən bazar ertəsi günü, cəmadiyüləvvəl ayının iyirmi səkki­zin­də [=12 mart] günəş həməl bürcünə döndü.

İbrahimin ordusunun bir-iki küruh yürüyüb hər mənzildə iki-üç gün duraraq gəldiyi haqqında arxa-arxaya xəbərlər alınmağa başlandı. Biz də hə­rəkət edib Şahabaddan sonra arada iki dəfə dincələrək Cun çayının sahilində Sərsavənin qarşısına gəlib endik.

Xoca Kəlanın nökəri Heydərqulu dil yaxalamaq üçün göndərildi. Mən də Cun çayını keçid üzərindən keçərək gedib Sərsavəni seyr etdim. O gün mə­cun yemişdik. Sərsavənin bir çeşməsi vardır və bu çeşmədən xeyli su axır. Pis yer deyildir. Turdu bəy Xaksar tərif etmişdi (263 b) Mən də «Sənin olsun» dedim və bu münasibətlə Sərsavə Turdu bəyə verildi.

Bir gəmidə talvar düzəltdirmişdim və bəzən gəmi ilə gəzintiyə çıxır­dım. Bəzi səfərlərə də gəmiylə gəlirdim.

O yurddan çay sahilini izləyərək aşağıya doğru iki-üç mənzil getmiş­dim. Dil yaxalamaq üçün gedənlərdən Heydərqulu xəbər gətirdi ki, Davud xan ilə [onun böyük qardaşı] Hətəm xan beş-altı min adamla bir­likdə Mi­yan-Duab tərəfinə keçmişdir və bunlar İbrahimin ordugahından üç-dörd kü­ruh irəlidə çəmbər qurub oturmuşlar.

Bunların üstünə yürümək üçün bazar günü, cəmadiyülaxır ayının sək­kizində [=l aprel] Çin Teymur Sultan, Mehdi Xoca, Məhəmməd Sultan Mir­zə ilə Adil Sultanı, Sul­tan Cüneyd, Şah Mir Hüseyn və Qutlu-Qədəmdən iba­rət bütün sol qol adamlarını, mərkəzdən isə Yunus Əli, Abdullah [Kitab­dar], Əhmədi və Kəttə bəyi ilqara ayırdıq. Günorta üstü buradan suyu keçib ikindiylə axşam arasında digər yaxadan hərəkətə keçdilər. Bibən də bu ilqar bəhanəsi ilə suyu keçib qaçdı.

Bunlar fərz vaxtında düşmənin üstünə yetişirlər; onlar da bir az özlə­ri­ni döyüş nizamına girirmişlər kimi göstərir, lakin bizim adamların yetişməsi ilə dərhal qaçırlar. Onları İbrahimin ordugahının qarşısına qədər vura-vura təqib edirlər. Davud xanın böyük qardaşı və sərdarlarından biri olan Hətəm xanı ələ keçirib yetmiş-səksən əsir və altı-yeddi fillə birlikdə gətirdilər. İbrət üçün (264 a) əsirlərin çoxu qılıncdan keçirildi.


SAVAŞA HAZIRLIQ
Oradan qalxıb sağ və sol qollarla mərkəz səfləri təftiş etdim. Əsgəri­miz təxmin etdiyimiz qədər çıxmadı. Burada bütün əsgərə öz vəziyyətlərinə görə arabalar gətirmələri əmr edildi. Yedi yüz araba oldu. Ustad Əliquluya rum üsuluna görə, arabaların arasındakı zəncirlər yerinə öküz dərisindən qa­yışlar büküb arabaları bir-birinə bağlamasını əmr etdim. Hər iki araba ara­sın­da altı-yeddi qalxan olacaq, tüfəngəndazlar da bu arabaların və qalxanla­rın arxasında durub tüfəng atacaqdıları. Bu hazırlığı tamamlamaq üçün bu­ra­da beş-altı gün qaldıq.

Hazırlıqlar tamamlandıqdan sonra bütün bəyləri və söz anlayan yaxşı igidləri də dəvət edərək ümumi bir məşvərət şurası keçirib buna qərar ve­rildi: Panipat bir şəhərdir, məhəllə və evləri çoxdur, hər tərəfi məhəllə və evdir. Ətrafını araba və qalxanlarla çevirib tüfəngəndazları və piyadaları da arabalarla qalxanların arxasına qoymaq lazım­dır.

Bu qərarla qalxıb arada bir dəfə yolda gecələdikdə sonra cümə axşamı günü, cəmadiyülaxır ayının sonuncu günü [=12 aprel] Panipata gəldik.

Sağ tərəfimizdə şəhər və məhəllələr, önümüzdə yaradılan qalxanlar, sol tərəfdə (264 b) və bəzi yerlərdə xəndəklər və ağac maneələr vardı. Hər ox atımı məsafədə yüz-yüz əlliyə qədər atlının dışarı çıxa biləcəyi yerlər bu­raxıldı.

Əsgərin bir bölümü xeyli tərəddüd və qorxu içində idi, lakin tərəddüd və qorxu yersizdi, çünki Allahın əzəldə təqdir etdiyindən başqa bir şey ola bil­məzdi. Lakin onları da ayıblamaq olmaz, onlar da haqlıydı, çünki vətən­dən iki-üç ay yol qət edilərək gəlmişdilər və işləri də qəribə bir qövmlə idi. Nə biz onların dilini bilirdik nə də onlar bizim dilimizi bilirdi.

Pərişan cameyü came pərişan,

Giriftar qövmeyü qövmi əcaib.

Pərişan bir topluluq ilə yenə pərişan bir kütlə,

Giriftar bir qövmlə əcaib bir qövm.

İbrahimin əsgərinin sayını bir lek təxmin edir, özünün və əmirlərinin mi­nə yaxın fili olduğunu söyləyirdilər. İki atasından [atası və babası] qalan xə­zinə də nəqd olaraq əlindəydi. Hindistanda bir adət var: belə bir iş olan­da ağ axça verib müəyyən bir müddətə əsgər tutur, bunlara da «bidhin­di» deyir­lər. Sultan İbrahim istəsə bir lek, hətta iki lek belə adam tuta bilər­di. Tanrı təala rast gətirdi, nə əsgərini məmnun edə bildi, nə də xəzinəsini pay­laşdıra bil­di. İgidini necə məmnun edə bilirdi ki, özü çox xəsis idi, üs­tə­lik, sərvət yığ­mağa çox həris idi. təcrübəsiz bir gənc idi, gəlişi, (265 a) du­ruşu, yürüşü və savaşı diqqətsiz və məqsədsizdi.

Panipatda əsgərin ətrafı və civarı arabalar, ağac maneələr və xəndək­lərlə düzənlə­nib gücləndiriləndə Dərviş Məhəmməd Sarban «Bu qədər ehti­yat tədbirləri alındı, onun üstümüzə gəlməsi mümkün deyil» deyə ərz etdi.

Mən də belə dedim: «Sən bunları özbək xanları və sultanlarıyla mü­qa­yisə edirsən? Bizim Səmərqənddən çıxıb Hisara gəldiyimiz il özbəklərin bü­tün xan və sultanları yığılaraq hamısı birlikdə üstümüzə gəlmək niyyətilə Dərbənddən keç­mişdilər. Biz də bütün sipahilərin və moğolların ailələrini və mallarını məhəllələrə doldurub məhəllələri sipərlərlə gücləndirmişdik. O xan­lar və sultanlar yürüşün və savaşın hesab və üsulunu bildikləri üçün bi­zim ölümü və həyatı Hisarda görərək Hisarı gücləndirdiyimizi anlayınca Hi­sar üzərinə yürümənin yolunu tapa bilməyib Çağanyan civarındakı Nəvən­dak­dan geri dönmüşdülər. Amma sən bunları onlara bənzət­mə, bunlar iş he­sabını və yürüş üsulunu haradan biləcəklər». Allah rast gətirdi və tam mə­nim dediyim kimi oldu.

Yeddi-səkkiz gündür Panipatda idik. Adamlarımız kiçık dəstələr ha­lın­da düşmən ordugahına qədər gedib izdihama qarşı ox atır və baş kəsib gə­tirirdilər. Onlar isə heç bir hərəkətdə buluna bilmirdilər.

Axırda bizə sadiq olan (265 b) bəzi Hindistan bəylərinin fikrinə görə hərəkət edib Mehdi Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Xosrov, Şah Mir Hüseyn, Sultan Cüneyd Barlas, Əbdüləziz Miraxur, Məhəmməd Əli Cəng-Cəng, Qutlu-Qədəm, Vəli Xəzinə[çi], Mühib Əli Xəlifə, Məhəm­məd Bəxşi, Can bəy [Can Məhəmməd] və Qara Quzu komandanlığındakı dörd-beş min adamı gecə basqınına göndərdik. Bunlar gecə bir-birləri ilə əlaqə qura bilməyərək dağınıq bir halda gedirlər. Bir iş görə bilmədilər. Dan ağarıb aydınlıq oluncaya qədər də düşmən ordu­gahının yaxınında qaldılar. Düşmən birlikləri naqaralar çalıb filləri ilə birlik­də döyüş nizamına girmiş bir halda qarşı çıxdı. Bizimkilər bir iş edə bilməsələr də, bu qədər çox in­sanla çarpışaraq itkiyə uğramadan sağ və salim çıxıb gəldilər. Məhəmməd Əli Cəng-Cəngin ayağına bir ox isabət etdi, gərçi təhlükəli deyildi, lakin sa­vaş günü o, işə yara­madı.

Bu xəbəri alınca, Hümayunu əsgəriylə onların qarşısına bir və ya bir yarım küruh qədər göndərib özüm də qalan əsgərlə birlikdə döyüş nizamına girmiş bir halda irəlilədim. Gecə basqınına gedənlər də gəlib Hümayuna qo­şuldular. Düşmən artıq irəliləməyincə biz də yerimizə döndük. O gecə ordu­gahda yersiz bir qarışıqlıq çıxdı. Bir geriyə yaxın bir müddət boyunca savaş nərələri və gurultu davam etdi. Belə gurultuya alışıq olmayan əsgərlər xeyli tərəddüd və qorxu keçirdilər. Bir müddət sonra (266 a) gürültü yatdı.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin