ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə26/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

PANİPAT SAVAŞI
Cümə günü, rəcəb ayının səkkizində [=20 aprel] fərz vaxtı önçülə­rimizdən düşmənin səf halında irəliləməkdə olduğu xəbəri gəldi. Biz də zi­reh geyib silahlanaraq atlara mindik.

Sağ qol alayında Hümayun, Xoca Kəlan, Sultan Məhəmməd Dulday, Hindu bəy, Vəli Xəzinə[çi], Pirqulu Sistani, sol qol alayında Mə­həmməd Sultan Mirzə, Mehdi Xoca, Adil Sultan, Şah Mir Hüseyn, Sultan Cü­neyd Barlas, Qutlu-Qədəm, Can, Məhəmməd Bəxşi və Şah Hüseyn Ya­regi Moğol Qançı, mərkəzin sağ qolunda Çin Teymur Sultan, Süleyman Mir­zə, Məhəm­mədi Göyəldaş, Şah Mansur Barlas, Yu­nus Əli, Dərviş Mə­həmməd Sarban və Abdullah Kitabdar, mərkəzin sol qolunda Xəlifə, Xoca Mir Miran, Əh­mə­di Pərvançı, Turdu bəy, Qoç bəy, Mühib Əli Xəlifə və Mirzə bəy Tarxan, önçü qolunda Xosrov Göyəldaş və Məhəmməd Əli Cəng-Cəng vardı. Əb­dü­l­əziz Miraxuru ehtiyatda saxlamışdıq. Sağ qol alayı­nın bir ucunda Vəli Qı­zıl və moğollarıyla birlikdə Məlik Qasım Baba-Qaş­qa, sol qol alayının bir ucunda da Qara Quzu, Əbülməhəmməd Nizəbaz, Şeyx Camalın oğlu Şeyx Əli Barin, Mehdi və Tanrıqulu Pışqı Moğolu mü­ha­­sirə bölüyü üçün ayırdıq. Bu mühasirə bölüyündəki iki qitə düşmən ya­xınlaşınca, sağ və sol qoldan irəliləyərək düşməni arxadan mühasirə edə­cək­di. (266 b)

Düşmənin qaraltısı görünəndə daha çox sağ qol alayı tərəfinə doğru ağırlıq verdikləri anlaşıldı və bu üzdən də ehtiyatda saxlanan Əbdüləziz sağ qol alayına köməkçi göndərildi. Sultan İbrahimin qaraltısı uzaqdan görün­dü­yü an­dan etibarən heç bir yerdə durmadan sürətlə gəlirdi. Bir az irəliləyin­cə bizim qaraltımız da onlara göründü. Bizim savaş düzənini və səflərimizi gö­rdükdə sıxılmış bir vəziyyətdə «Duraqmı, durmayaqmı, gedəkmi, get­mə­yəkmi?» dermiş kimi, nə dura bildilər, nə də əvvəlki kimi heç durmadan üs­tümüzə yü­rüyə bildilər.

Mühasirə bölüyünə sağ və sol qoldan düşmənin arxasına keçib ox ata­raq savaşa girməsi, sağ və sol qol alaylarının da yürüyərək düşmənə hü­cum et­məsi əmr edildi. Mühasirə alayı düşmənin arxasına keçib ox atmağa baş­ladı. Sol qol alayından Mehdi Xoca daha əvvəl hücum etdi. Mehdi Xocanın qarşısına yanla­rında bir fili olan bir dəstə irəlilədi, bunlar da o dəstəni ox yağ­­muru altında qoyaraq geri qaytardılar.

Sol qol alayına mərkəzdən Əhmədi Pərvançı, Turdu bəy, Qoç bəy və Mü­hib Əli Xəlifə köməkçi olaraq göndərildi. Sağ qol alayı da savaşa girdi. Məhəmmədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli və Abdullaha mər­kə­zin önündən qarşıya yü­rüyüb hərəkətə keçmələri əmr edildi. Ustad Əliqulu da mərkəzin önündən bir neçə dəfə firəngi topuyla yaxşı mərmi atdı. Mus­tafa Topçu [Rumi] də mərkəzin sol qolundan araba üzərindəki (267 a) zər­bzən toplarıyla yaxşı mərmi atdı. Sağ və sol qol alayları, mərkəz və müha­sirə ala­yındakılar düşmənin ətrafını çevirib ox yağmuruna tutaraq şiddətlə savaş­dılar.

Düşmən bizim sağ və sol qol alaylarımız tərəfinə bir-iki dəfə qısa-qısa hücumlar etdi. Bizim adamlarımız da ox atıb ox yağmuruyla onları təkrar mər­kəzlərinə qaytardılar. Düşmənin sağ və sol qol alayları hamısı bir yerdə toplanaraq elə bir şəkildə tıxandılar ki, nə irəli gələ bildilər, nə də qaçmaq üçün yol tapa bildilər. Savaş başladığında günəş bir nizə boyu qədər yüksəl­mişdi, günortaya qədər şiddətli savaş davam etdi. Günorta vaxtı düş­mənlər qəhr olub məğlub edilərkən dostlar da sevin­dilər.

Tanrı təala öz fəzl və kərəmiylə bu qədər zor bir işi asanlaşdırdı. İz­di­hamlı bir ordunu yarım gündə yerlə bir etdi. Beş-altı min adam İbra­hi­min tam yaxınında bir yerdə vurulmuşdu. Bu savaşda bütün cəbhədə ölən­lə­rin sayını on beş-on altı min qədər təxmin edirdik. Sonradan Aqraya gələndə Hindistan xalqının söylə­diyinə görə bu savaş meydanında qırx-əlli min ada­mın ölmüş olduğu anla­şıldı.

Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Qarşı tərəfdən ələ keçi­rilən əmirləri və bəyləri gətirməyə başladılar. Filçilər filləri sürülər ha­lında gətirib hədiyyə etdilər. Düşməni (267 b) təqib edərkən İb­ra­hi­mi şə­hərdən çıxmış zənn edərək xassə ala­yın­dan Qəsəmtay Mirzə, Baba Çöhrə və Böçkə komandanlığındakı adamlara İbrahim Aqraya varma­dan sürətlə yürü­yüb onu ələ keçir­mə­ləri üçün təqibçi olaraq vəzifə verdik.

İbrahimin ordugahının içərindən keçərək otaqları və çadırlarını seyr edib Qarasuyun kənarına endik. İkindəyə yaxın Xəlifənin kiçık qaynı Tahir Tə­bəri Sultan İbrahimin cəsədini bu qədər ölünün içindən tanıyıb başı­nı kə­sib gətirdi.

O gün dərhal Hümayun Mirzə, Xoca Kəlan, Məhəmmədi, Şah Mansur Barlas, Yunus Əli, Abdullah [Kitabdar] və Vəli Xəzinə[çi]yə yüksüz olaraq sürətlə yürüyüb Aqrayı ələ keçirmək və xəzinələri zəbt etmək tapşırıldı. Meh­di Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Sultan Cüneyd Barlas və Qutlu-Qədəmi də yük­süz olaraq sürətlə hərəkət edib Dehli kurqanına gi­rərək xəzinələri mühafizə etmələri üçün ayırdıq.


BABURUN DEHLİYƏ GİRMƏSİ
Ertəsi gün qalxıb bir küruh məsafə gəldikdən sonra atlar üçün Cun sa­hilinə endik. Arada iki dəfə dincəlib çərşənbə axşamı günü Şeyx Nizam Öv­liyanın məzarını ziyarət edərək Dehlinin qarşısına Cun sahilinə endik.

Çərşənbə günü Dehli kurqanını seyr edib gecəni orada keçirdikdən son­ra ertəsi cümə axşamı günü Xoca Qutbəddinin məzarını ziyarət edib Sul­tan Qiyasəddin Balban və Sultan Əlaəddin Xilçinin qəbrlərini, imarətlərini, (268 a) minarəni, hövzi-şəmsi və hövzi-xası, Sultan Bəhlul ilə Sultan İskən­də­rin qəbr və bağlarını seyr etdikdən sonra ordugaha gələrək gəmiyə minib mey içdik. Dehlinin şikdarlığını Vəli Qızıla ehsan edib Dostu [eşik-ağa] Deh­li vi­la­yətinə divan təyin etdik. Mövcud xəzinələri möhürləyib bunların məsuliy­yətinə verdik.

Cümə axşamı günü oradan qalxıb Tuğluqabad qarşısında Cun sahilinə endik. Cümə gününü orada keçirdik. Mövlana Mahmud Fərabi ilə Şeyx Zeyn gedib Dehlidə cümə namazını qılıb mənim adıma xütbə oxutdular; fə­qir və miskinlərə bir qədər ağ axça paylayaraq orduya gəldilər.

Şənbə oradan qalxıb Aqraya doğru mənzil-mənzil hərəkət etdik. Mən ge­dib Tuğluqabadı seyr etdikdən sonra təkrar ordugaha gəldim.

Cümə günü, rəcəb ayının iyirmi ikisində [=4 may] Aqranın məhəllələ­ri içində olan Süleyman Şeyxzadə Fərmülinin imarətinə endik. Bu yer kur­qandan xeyli uzaqda olduğu üçün ertəsi gün qalxıb Cəlal xan Cighətin ima­rə­tinə gəldik. Hümayun bir az öncə gəlmişdi. Kurqandakılar bəhanə irəli sü­rərək hiyləyə əl atmışlar. Bunlar da əhalinin başsızlığını düşünüb «Birdən xəzinələrə əl uzadarlar» deyə biz gəlincəyə qədər dışa­rı çıxılacaq yolları qo­ruma altına almışdılar.

Bikermacit Hindu Güvalyar racəsi idi və babaları yüz ildən artıq Gü­val­yar vilayətində (268 b) səltənət sürmüşdülər. İskəndər Güvalyarı almaq üçün bir neçə il Aqrada oturdu. Sonra İbrahim zamanında da Əzəm Hü­ma­yun Servani bir neçə dəfə buranı şiddətli bir şəkildə mühasirəyə almış və axırda [=1518] barış yoluyla ələ keçirib yerinə Şəmsabadı vermişdi.

Bikermacit də biz Sultan İbrahimi yendiyimiz zaman cəhənnəmə vasil olmuşdu. Ev əhli və uşaqları Aqradaydı. Hümayun Aqraya gələndə Bi­ker­ma­citin ev əhlinin qaçma niyyəti varmış. Hümayun getmələrinə izin ver­mə­miş. Bir çox cəvahiri və qiymətli daşı Hümayuna könüllü hədiyyə etmişlər. Bunlar arasında Sultan Əlaəddinin [Xilçi] gətirmiş olduğu məşhur bir almas vardı. Elə məşhurdu ki, bir mütəxəssis bunun qiyməti haqqında «Bütün dün­yanın iki yarım günlük məsrəfi» de­mişdir. Deyəsən, səkkiz misqaldır. Mən gələndə Hümayun onu mənə peşkəş etdi, mən də Hümayuna bağışla­dım.

Kurqandakı sipahilər arasında məşhur adamlardan Məlikdad Kərani, Məlik Süruk və Firuz xan Mivati də vardı. Bunlardan bəzi hiyləgərlik gör­dük və cəzaları nə isə verdik. Məlikdad Kəranini göndərərək bəzi istəklərdə bu­lundular. Bir qərara bağlanıncaya qədər gedə-gələ dörd-beş gün vaxt keç­di. Axırda onlara istədikləri kimi inayət və şəfqət göstərib bütün mallarını özlərinə verdik. İbrahimin atasını da xidmətçiləri ilə birlikdə çıxarıb Aqradan bir kü­ruh məsafədə və suyun aşağısında yeddi leklik bir yurd (269 a) verdik. Di­gər bəylərə də ayrıca pərgənələr verildi.

Cümə axşamı günü, rəcəb ayının iyirmi səkkizində [=10 may] ikindi vaxtı Aqraya gi­rərək Sultan İbrahimin sarayına endik.

Doqquz yüz onuncu ildə [=1504/5] Kabil vilayətinin zəbt edilməsin­dən bəri daim Hindistana yürümək arzusunda idik. Bəzən bəylərin dargörüş­lü­lüyündən, bəzən də qardaşlarımın müxalifətindən Hindistan səfəri gerçək­ləş­mir və məmləkətləri də ələ keçirilə bilmirdı. Axırda əngəllər ortadan qalx­dı. Böyük və kiçık bəylərdən heç kim məqsədə zidd söz söyləmədi.

Doqquzyüz iyirmi beşinci ildə [=1519] qoşun çəkib Bəcuru zorlayaraq iki-üç ge­ridə [otuz ilə qırx beş dəqiqə arasında] zəbt edib əhalisini qılıncdan keçirdikdən sonra Bxirəyə gəlmişdik. Buranı yağmalamadan əhalisinə bir qur­tuluş fidyəsi təyin edib nəqd və ya mal olaraq dörd lek şahruxi alıb əsgə­rin sayına görə paylaşdırdıqdan son­ra Kabilə geri dönmüşdük.

O tarixdən doqquz yüz otuz ikinci ilə [=1525/6] qədər də Hindistana əsgər yeritməyi sürdürmüşdük. Bu səfərlərin beşincisində də tanrı təala öz fəzl və inayətiylə Sultan İbrahim kimi bir düşməni qəhr və pərişan edərək Hin­distan kimi məmləkəti ələ keçirməmizi asanlaşdırdı.

Həzrəti peyğəmber zamanından bu tarixə qədər Hindistan vilayətlərini dışarı padşahlardan üç adam ələ keçirərək orada səltənət sürmüşdür.

Biri Sultan Mahmud Qazi [Qəznəvi] və övladlarıdır, Hindistan məm­lə­­kə­tində uzun müddət hökmdarlıq taxtında oturmuşlar1.

İkincisi Sultan Şahabəddin (269 b) Quri ilə qulları və xidmətində olan­ şəxslərdir, çox illər bu məmləkətlərdə padşahlıq sürmüşlər2.

Üçüncüsü də mənəm, lakin mənim işim o padşahlarınkına bənzəmir, çünki Sul­tan Mahmud Hindistanı zəbt edəndə Xorasan taxtı on­da idi, Xa­rəzm və Darülmürz sultanları ona itaət edərək boyun əymişdilər. Sə­mərqənd padşahı da onun himayəsindəydi. Əsgəri iki lek olmasa da, bir lek­dən heç az deyildi. Düşmənləri də racələrdi və bütün Hindistan tək bir pad­şa­hın idarə­sin­də deyildi. Hər bir racə öz başına bir vilayətdə padşahlıq edir­di.

Sultan Şəhabəddin Quriyə gəlincə, Xorasan səltənəti onda deyil, bö­yük qardaşı Qiyasəddin Quridə idi. Təbəqəti-Nasir yazıldığına görə, Hin­distana bir səfərində bir lek və iyirmi min zirehli sipahi sövq etmişdir. Onun düşmənləri də ray və racələrdi, bütün Hindistan yalnızca tək bir adamın əlin­­də deyildi.

Bxirəyə gələndə mənim min beş yüz, ən çoxu iki min adamım vardı. Beşinci dəfə gəlib Sultan İbrahimi yenərək Hindistanı fəth etdim. Heç bir za­­man Hindistana bu qədər az əsgərlə gəlməmişlər. Əsgər, tüccar və xid­mət­­çilər daxil olmaq üzrə orduyla birlikdə olanların hamısı on iki min adam ola­­raq qeyd edildi. Mənə bağlı vilayətlərsə (270 a) Bədəxşan, Qunduz, Ka­bil və Qəndəhardan ibarətdi. Lakin bu vilayətlərdən də önəmli bir yardım gəl­­mirdi. Tam tərsinə, düşmənə yaxın ol­duqları üçün bəzi vilayətlərə heç dur­­madan yardım etmək lazım gəlirdi. Bütün Mavəraünnəhr vilayətləri öz­bək xanlarının və sultanlarının idarəsindəydi. Onların yüz minə yaxın əsgəri var­dı və əski bir düşmən idilər.

Hindistan məmləkəti isə Bxirədən Behara qədər əfqan idarəsindəydi, padşahı da Sultan İbrahimdi. Vilayət hesabıyla beş lek əsgəri olmalı idi. O günlərdə əmirləri özünə müxalif etdiyi üçün mövcud əsgərini bir lek qədər təx­min edirdilər. Özünün və əmirlərinin əlində minə yaxın fil olduğu söy­­lə­nirdi.

Bu vəziyyətdə və bu qədər bir qüvvə ilə təvəkkül edib yüz min adam­lıq bir qüvvəyə sahib olan özbəklər kimi əski bir düşməni arxada qoyaraq, Sultan İbrahim kimi çox əsgərli və geniş məmləkətli bir padşahla qarşılaş­dıq. Bu təvəkkülümüz nisbətində tanrı təala əziyyət və zəhmətimizi boşa çı­xar­mayıb belə güclü bir düşməni məğlub edərək Hindistan kimi geniş bir məm­ləkəti fəth etdirdi. Bu dövlətə öz güc və qüvvətimizdən deyil, sırf Allahın lütf və şəfqə­tin­dən, bu xoşbəxtliyə isə öz qeyrət və səylərimizdən deyil, Al­lahın eyni kə­rəm və inayəti sayəsində çatdıq deyə bilərik.


HİNDİSTANIN TƏRİFİ
Hindistan, məmləkətləri geniş, xalqı və məhsulu çox olan bir ölkədir. (270 b) Şərqi, cənubu və hətta qərbi də Hind dənizinə qədər uzanır. Şimali dağlıq olub Hinduquş, Kafiristan və Kəşmir dağlarıyla bitişikdir. Yenə şi­ma­­lında Kabil, Qəznə və Qəndəhar yerləşir.

Bütün Hindistan vilayətlərinin paytaxtı Dehli sayılır. Sultan Şəhabəd­din Quridən sonra Sultan Firuz şahın son günlərinə qədər Hindistanın bö­yük bir qismi Dehli sultanlarının idarəsi altmdaymış. Mənim Hindistanı fəth et­diyim dönəmdə beş müsəlman və iki kafir Hindistanda səltənət sürürdu. Dağ­larda və cəngəlliklərdə böyüklü-kiçıkli xeyli ray və racə də vardı, lakin etibarlı və müstəqil olan­ları bunlardı.

Bunlardan biri əfqanlar olub paytaxt Dehli onlarda idi. Bxirədən Be­hara qədər olan yerlər onların idarəsindəydi. Əfqanlardan əvvəl isə Cunpur Sultan Hüseyn Şərqinin idarəsindəydi1. Bu süla­ləyə Purebi deyirlər, bun­la­rın ataları Sultan Firuz şah və soyunun yanında saqi imiş, Firuz şahdan son­ra Cunpur məmləkətini əllərinə keçirmişlər.

Dehli isə Sultan Əlaəddinin əlindəydi və bu sülalə də seyidlərdəndir1. Teymur bəy Dehlini aldığı zaman [=1398 dekabr] Dehlinin idarəsini bunla­rın atalarına vermişdi. Sultan Bəhlul Ludi Əfqan və oğlu Sultan İskəndər pay­taxt Dehli ilə paytaxt Cunpuru əllərinə keçirdilər və beləcə hər iki pay­taxta tək bir padşah otur­du.

İkincisi Quceratdakı Sultan Müzəffərdi2. Sultan İbrahimin məğlubiy­yə­­tə uğrama­sından bir neçə gün öncə dünyadan (27l a) köçdü. Şəriətə föv­qə­ladə vaqif bir padşah idi. Elmlə uğraşır, hədis oxuyur və durmadan Quran yazaraq çoxaldırdı. Bunların sülaləsinə Tank deyirlər. Bunların ataları da Sul­­tan Firuz və soyunun şərabdarlarıymış, Fi­ruz şahdan sonra Qucerat vila­yə­tini əllərinə keçirmişlər.

Üçüncüsü Dəkkəndəki Bəhmənilərdir3. Lakin bu dövrdə Dəkkən sul­tan­larının gücləri və iqtidarları qalmamışdı, bütün vilayətlərini böyük bəy­lər əllərinə al­mışdılar. Bir şeyə möhtac olunca bəylərindən diləyirdilər.

Dördüncüsü Mendav da dedikləri Malvə vilayətindəki Sultan Mah­mud­­dur4. Bu sülaləyə xilçi deyirlər. Rana Sanka adlı kafir onu məğlub edib vilayətinin böyük bö­lümünü əlinə keçirmiş, o da zəif düşmüşdü. Bunların ata­­ları da Firuz şahın yetişdirdiyi adamlardanmış. Onun ölümündən sonra Mal­və vilayətini əllərinə keçirmişlər.

Beşincisi isə Benqal vilayətindəki Nüsrət şahdır. Atası Benqal vila­yə­tində padşah olmuşdu və seyidlərdəndi. Sultan Əlaəddin ləqəbini daşıyırdı. Səltənət ona mirasla keçmişdi.

Qəribə bir adətdir ki, Benqalda mirasla səltənət çox az olur. Padşahın müəyyən bir taxtı, əmirlər, vəzirlər və digər məqam sahiblərinin hər birinin müəyyən yerləri vardır. Benqal xalqının gözündə mötəbər olan taxtdır. Hər birinin özünə tabe olan və itaət edən əsgərlərinin və xidmətçilərinin hamısı özəl və sadiqdir. Padşah birini təyin etmək və ya əzl etmək (271 b) istəsə və o məqama hər hansı bir adamı təyin etsə, o məqama bağlı olub itaət edən əs­gərlərin və qulluqçuların hamısı o adamın olur. Hətta padşahlıqda da belə­dir. Kim padşahı öldürərək taxta keçmək imkanını tapsa, padşah olur, əmir­lərin və vəzirlərin, sipahilərin və xalqın hamısı ona itaət edərək bo­yun əyir. Onu eynən əski padşah kimi padşah olaraq tanıyır və əmirlərinə itaət edirlər.

Benqal əhalisinin sözü şudur: «Biz taxtın kölələriyik, taxta keçən hər kəsə itaət edirik». Necə ki Nüsrət şahın atası Sultan Əlaəddindən öncə bir hə­bəş padşahı öl­dürərək taxta keçdi və bir müddət səltənət sürdü1. Sultan Əla­əddin də həbəşi öldür­mək surətilə taxta keçmişdi. Sultan Əlaəddindən sonra da miras yoluyla oğlu padşah olmuşdur2.

Benqalda bir də bu adət vardır: bir adam padşah oldumu onun əvvəlki padşahların xəzinələrini sərf edib və xərcləməsi çox ayıb və utanılacaq bir şey sayılır. Padşah olan hər kəs yenidən xəzinə yığmalıdır. Xəzinə yığmaq o əha­linin gözündə iftixar və sevinc vəsiləsidir.

Adətlərindən biri də budur: Xəzinə, axır, hətta sultanlarının bütün bi­na­ları­nın əskidən bəri qərarlaşdırılmış və müəyyənləşdirilmiş gəlirləri və pərgənələri vardır, bun­lar başqa yerlərə heç bir şəkildə xərclənə bilməz.

Müsəlmanlar arasında böyük və mötəbər olan, çox əsgərə və çox vila­yətə sahib olan padşahlar burada bəhs etdiklərimdir.

Kafirlər arasında isə vilayət və əsgər baxımından böyük olanlardan bi­ri (272 a) Bicangər racəsidir3.

Bir də bu yaxınlarda özünün cürəti və qılıncıyla böyümüş olan Rana Sanka vardır. Əsl vilayəti Çiturdu. Mendav sultanlarının səltənəti yıxılanda Mendava bağlı olan Rətənbur, Sarəngpur, Bhilsan və Çəndiri kimi bir çox vi­layəti ələ keçirdi. Doqquz yüz on dördüncü ildə [=1528] Allahın inayəti ilə neçə ildir savaş alanı olan Çəndirini -Rana Sankanın Midni Rav adlı bö­yük və etibarlı bir adamı dörd-beş min kafirlə birlikdə orada olurdu- bir-iki geridə [yarım saat içində] zorla aldım və kafirləri qılıncdan keçirərək oranı islam yurdu elədim. Təfsilatı irəlidə söylənəcəkdir.

Hindistanın ətrafında və civarında bir çox ray və racə vardır. Bunların bəziləri islama itaət etmişdi. Bəziləri isə uzaqda olduqlarından, ya da yerlə­ri­nin qorunaqlı olması üzündən müsəlman padşahlara itaət etmirdi.

Hindistan birinci, ikinci və üçüncü iqlimdədir. Hin­dis­tan dördüncü iq­li­mə daxil deyil. Qəribə bir ölkədir. Bizim vilayətlərlə müqayisədə baş­­qa bir aləmdir. Dağları, suyu, cəngəllikləri, ovası, toprağı, vilayəti, hey­van­­ları, bit­ki­lə­ri, xalqı, dili, yağmuru, rüzgarı, hamısı tamamən başqadır. Ka­bilə bağlı isti ölkələr bəzi xüsuslarda Hindistana bənzəyir, bəzi xüsuslar­da isə bənzə­mir. Sind çayını keçincə yer və su, ağac və daş, el və ulus, adət və örf (272 b) tamamən Hindistandakı kimidir.

Söyləndiyi kimi, şimal yönündəki dağlar və bu dağların Sind çayının o biri tərəfində yerləşən vilayətləri Kəşmirə tabedir. Hal-hazırda Pekli və Şəh­məng kimi bu dağdakı vilayətlərin çoxu Kəşmirə itaət etməsə də, əskidən Kəşmirə da­xil imiş.

Kəşmirdən keçdikdən sonra bu dağda sayısız el və ulus, pərgənə və vi­layət var­dır. Benqala, hətta Hind dənizi sahilinə qədər bu dağda sıx bir xalq kütləsi yaşayır. Hindistan xalqı bütün araşdırma və incələmələrə baxmaya­raq bu qəbilələr haqqında dəqiq məlumat verə bilmədi, yalnızca bu dağın xalqına Kas dediklərini söylədilər. Hindistanlılar «ş»ni «s» şəklində tələffüz etdikləri və bu dağda ən böyük şəhər Kəşmir olduğu və Kəşmirdən başqa o dağda digər bir şəhərin varlığı da bilin­mədiyi üçün bəlkə bu üzdən Kəşmir de­miş ola bilərlər deyə düşündüm.

Bu dağ əhalisinin ticarət malı müşk, kutasi-bəhri (dəniz öküzü), zə­fəran, qurğuşun və misdir. Hindistan əhalisi bu dağa Seva-Lek-Perpet deyir. Hind dilində seva «dörddə bir», lek «yüz min», perpet isə «dağ» deməkdir. Yəni dörddə bir və yüz min dağ ki, yüz iyirmi beş min dağ edir. Bu dağlarda qar heç əskik olmaz, bu dağların qarla örtülü bəyaz zirvələri Hindistanın Lahor, Sihrind və Sənbəl kimi bəzi vilayətlərindən də görünür. Bu dağlar Ka­bildə Hinduquş adıyla anılır və Kabildən bir qədər günəyə meyl edərək şərqə doğru uzanır. Güney tərəfi tamamən Hindistandır. Bu dağların (273 a) və Kas dedikləri bu məchul qəbilələrin şimali Tibet vilayətidir.

Bu dağlardan bir çox çay çıxaraq Hindistanın içindən keçir. Sihrind­dən şimala doğru Sind, Bəxət, Çanab, Ravi, Biyah və Setlücdən ibarət olan altı çay bu dağdan çıxaraq Multan civarında bir yerdə birləşir. Hamısı bir yer­də birləşəndə ona Sind deyirlər. Qərbə doğru axan bu çay Tatta vilayəti­nin içindən keçdikdən sonra ümman ilə birləşir. Bu altı çaydan başqa Cun, Qanq, Rəhəb, Qumti, Gəgər, Sem və Gəndək kimi bir çox digər çaylar da vardır. Bunların hamısı Qanq çayıyla birləşir və Qanq adıyla şərqə doğru axa­raq Benqal vilayətinin içindən keç­mək surətiylə axırda dənizə tökülür. Hamısının qaynağı bu Seva-Lek-Perpet da­ğıdır.

Çənbəl, Bənas, Bitvi və Sun kimi bəzi çaylar da Hindistandakı digər dağ­lardan çıxır, amma bu dağlarda qar heç olmur və bu çaylar da Qanq çayı ilə birləşir.

Hindistanda da dağlar vardır. Bunlardan biri şimaldən cənuba doğru uza­nan bir dağdır. Bu dağ Dehli vilayətində və [Sultan] Firuz şahın kiçık və qayalıq bir dağın üstündə tikdirdiyi Cahan­nüma adlı imarətindən başlayır. Buradan keçincə Deh­li civarında parça-parça, ufaq-ufaq və ara-sıra qayalıqlı kiçık dağlar ortaya çıxır. Mivat vilayətinə varınca bu dağlar bir az daha bö­yüyür və Mivatdan keçib (273 b) Biyanə vilayətinə uzanırlar. Sikri, Barı və Dulpurun dağları da bitişik olmamalarına baxmayaraq bu dağ silsiləsin­dən­dir. Kalpur dedikləri Güvalyarın dağları da bu dağla bağ­lantılıdır. Bundan baş­qa, Rətənbur, Çitur, Mendav və Çəndiri dağları da bu dağın qolların­dan­dır. Bəzi yerlərdə araları yeddi-səkkiz küruh qədər kəsikdir. Bu dağlar alçaq, sarp, qayalı və cəngəllikli dağlardır. Bu dağlara qar heç yağmaz. Hindis­tan­dakı bəzi çayların mənbəyi bu dağlardadır.

Hindistan vilayətlərinin çoxu düz yerdir. Bunca şəhər və vilayətlərin heç birində axarsu yoxdur. Tək axarsu böyük çaylardır. Bəzi yerlərdə yığıl­mış sular vardır. Bəzi şəhərlərdə arx açaraq su çıxarmaq mümükün olduğu halda bunu etmirlər. Bunun üçün bir neçə səbəb ola bilər. Biri əkin və bağ­ları üçün suya heç ehtiyacları yoxdur: payız məhsulu mövsüm yağmuruyla yetişir və bu qəribədir ki, yaz məhsulu yağmur olmasa da yetişir. Ağacların fi­danına bir-iki il su daşıyır, ya da çarx və dəsti ilə su verirlər. Ondan sonra su verməyə gərək qalmır. Bəzi səbzələrə su verirlər. Lahor, Dibalpur, Sih­rind və o civarlarda su çarxla verilir. Quyu dərin­liyində iki ipin uclarını bağ­layaraq halqa düzəldir, bu iki ipin arasına ağaclar və bu ağaclara da dəsti­lər bağlayırlar. Bu vedrələrin bağlandığı (274 a) ipi quyunun üstündəki çarxa qoyur və onun yanında mili dik duran ikinci bir çarx daha dü­zəldirlər. Öküz bu ikinci çarxı çevirəndə onun dişləri dəstilərin bağlandığı bi­rinci çarxın dişlərinə girib onu döndərir. Suyun töküldüyü yerə holuq qoy­ur­lar və bu ho­luqdan suyu hər tərəfə aparırlar.

Aqra, Çəndvar, Biyanə və o civarlarda suyu vedrə ilə verirlər. Bu mə­şəqqətli və çirkli bir işdir. Quyunun kənarına bir çəngəl ağac dikir və çəngə­lin dişləri arasına diyircək yerləşdirirlər. Vedrəni uzun bir ipə bağlayıb bu diyircək üzərinə qoyur və ipin bir ucunu da öküzə bağlayırlar. Bir adamın öküzü sürməsi və birinin də vedrədəki suyu boşaltması lazımdır. Bu öküz bu ipi çəkıb təkrar geriyə döndüyü za­man hər dəfə ip öküzün sidiyi və axbunu ilə kirlənmiş olan yolun üzərinə sürtünüb təkrar quyuya düşür.

Bəzi əkin sahələrində əgər su lazım olsa, kişi və qadın su daşıyaraq suvarır­lar.

Hindistanın şəhər və vilayətləri fövqəladə səfasız yerlərdir. Bütün şə­hər və ərazi birbirindən fərqsizdir. Bağlarında divar yoxdur. Ərazi əsasən düm­düzdür. Bəzi çay və çayırlarının sahilləri mövsüm yağmurları üzündən su altında qalır (274 b) və hər yerdən keçmək mümkün olmur. Bəzi yerlərdə tikanlı cəngəllikləri var, pərgənələrin əhalisi bu cəngəlliklərdə gizlənərək inad edib vergilərini vermir­lər.

Hindistanda çaylardan başqa axarsu azdır. Bəzi yerlərdə yığılmış su­lara nadi­r hallarda təsadüf edilir. Bunca şəhər və vilayətlər quyu, ya da möv­süm yağmurundan yığılmış olan hovuz suyu ilə keçinir.

Hindistanda binaların və kəndlərin, hətta şəhərlərin dağılması və tikil­məsi bir anda baş verir. Hətta böyük şəhərlərdə illərcə yaşayan əhali əgər qaçsa, elə qaçır ki, bir, ya da bir yarım gündə ortada o şəhərdən nə bir əsər, nə də bir əlamət qalır. Tikmək istədikləri vaxt isə arx qazmağa və bənd dü­zəltməyə lüzum yoxdur, əkinləri daim yağmurla suvarılır. Əhali də fövqəl­adə çoxdur, hamısı yığılaraq bir hovuz düzəldir, ya da bir quyu qazır. Ev tik­­mək və ya divar çəkmək də yoxdur. Qamış və ağac boldur, buna görə də ko­ma düzəldirlər. Dərhal bir kənd, ya da bir şəhər olur.
HİNDİSTANA XAS VƏHŞİ HEYVANLAR
Fil: hindistanlılar ona hati deyirlər. Fil Kalpi vilayətinin sınırlarında olur. O­radan yuxarıya və şərqə doğru getdikcə daha çox vəhşi filə təsadüf edi­lir. O tərəflərdən fil tutub gətirirlər. Kərrə və Manikpurda otuz-qırx kən­din işi (275 a) fil tutmaqdır. Vergilərini də fillə ödəyirlər.

Fil nəhəng və çox ağıllı bir heyvandır. Nə söylənsə anlayır, nə əmr edilsə yerinə yetirir. Qiyməti böyüklüyü ilə düz mütənasibdir və onu öl­çü­sü­nə görə satırlar. Nə qədər böyük olsa, qiyməti də o qədər artıq olur. De­yilə­nə gö­­rə, bəzi adalarda on kari böyüklüyündə fil varmış. Buralarda isə dörd-beş karidən daha yüksək olanlara təsadüf edilmir.

Fil xortumu vasitəsilə yeyib-içir. Xortumu olmasa, yaşaya bilməz. Xortu­mun iki tərəfində üst çənəsində iki böyük dişi var, bu dişləri vasitəsilə di­varları və ağacları zorlayıb yıxır. Dişləri ilə vuruşur, hər hansı çətin bir işi də bu dişləri ilə görür. Bu dişlərə ac deyirlər. Bu dişlər Hindistan əhalisinin gözündə çox qiymətlidir. Filin tükü yoxdur.

Hindistanda filin etibarı çox böyükdür. Hər hərbi hissədə mütləq bir neçə fil olur. Filin bəzi yaxşı məziyyətləri var: böyük, dərin və it axanı su­lardan çoxlu yüklə asanca keçir, dörd-beş yüz adamın çəkdiyi top arabasını üç-dörd fil asanlıqla çəkib aparır. Lakin fil üçün çox yem lazımdır, tək bir fil iki qatar dəvənin yemi qədər yem yeyir.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin