İSKƏNDƏRİN VƏ İBRAHİMİN XƏZİNƏLƏRİNİN TÜKƏNMƏSİ
O günlərdə İskəndər ilə İbrahimin Dehli ilə Aqradakı xəzinələri tükəndi. Ordunun silahlandırılması, top və tüfəngçilərin barutları və ülufələri üçün cümə axşamı günü, səfər ayının səkkizində [=22 oktyabr] təxsisatı olan hər kəsdən bu gəlirin yüzdə otuzunu divana verməsini, bunun da söylədiyim bu yolda sərf edilməsini əmr etdim.
Şənbə günü, ayın onunda [=24 oktyabr] Sultan Məhəmməd Bəxşinin bir dəfə Xorasan əhalisinə vəd fərmanları götürmüş olan Şah Qasım adlı piyadası təkrar Herata göndərildi.
Götürdüyü fərmanlarda bunlar yazılmışdı: Hindistanın şərq və qərb (345 b) tərəfindəki düşmənlər və kafirlər Allahın inayətilə bərtərəf edilmişdir. Bu yaz, Allah nəsib etsə, nə olursa-olsun, mütləq oraya gələcəyik.
Əhməd Əfşara da bir fərman göndərildi. Fərmanın kənarına öz əlimlə yazaraq Firidun Qopuzini istədim. O gün günorta civə yeməyə başladım.
Çərşənbə günü, ayın iyirmi birində [=4 noyabr] hindistanlı bir piyada [Baburun oğlu] Kamran [Mirzə] ilə Xoca Dost Xavəndin ərzi-hallarını gətirdi. Xoca Dost Xavənd zilhiccə ayının onunda Kabilə çatıb Hümayunun yanına getmək üzrə yola çıxmışdı. Xubiyana gələndə isə Kamranın bir adamı gəlib «Xoca gəlsin, nə kimi fərman varsa bildirsin, söylənəcək sözləri görüşdükdən sonra da getsin» demişdir. Kamran zilhiccə ayının on yeddisində [=2 sentyabr] Kabilə varmışdı. Xoca ilə danışdıqdan sonra da həmin ayın iyirmi səkkizində [=13 sentyabr] onu Qaleyi-Zəfərə göndəribmiş.
Gələn bu ərzi-hallarda yaxşı xəbərlər vardı. Şahzadə Təhmasib özbəkləri dəf etmək üçün hərəkətə keçmiş və özbək Renişi Damğanda yenərək adamlarını qılıncdan keçiribmiş. Übeyd xan da qızılbaşların hərəkətini qəti bir şəkildə öyrənincə Herat civarından qalxıb Mərvə gedərək Səmərqənddəki və o civardakı sultanları Mərvə dəvət edibmiş. Mavəraünnəhrdəki sultanların hamısı Mərvə yardıma gedibmiş. (346 a)
Hümayunun Yadigar Tağayinin qızından bir oğlu olmuş. Kamran da Kabildə evlənirmuş, dayısı Sultan Əli Mirzənin qızını alırmuş. Bu xəbərləri də həmin piyada gətirdi.
O gün Seyid Dəkni Şirazi Cibəgərə xələt geydirərək ehsanlarda bullundum və içmə suyu quyusunu bildiyi kimi tamamlamasını əmr etdim.
Cümə günü, ayın iyirmi üçündə [=6 noyabr] vücudumda bir hərarət yarandı. O dərəcədə ki, cümə namazını məsciddə güclə qıla bildim. Günorta namazı ehtiyatını da kitabxanamda bir müddət sonra zəhmətlə qıla bildim. Hərarət düşdü. Bazar günü yenidən istilik gəldi və bir az titrədim.
BABUR XOCA ÜBEYDULLAHIN «VALİDİYYƏ»
RİSALƏSİNİ NƏZMLƏ ÇEVİRİR
Çərşənbə axşamı günü gecəsi, səfər ayının iyirmi yeddisində [=10 noyabr] Xoca Übeydullah həzrətlərinin Risaleyi-validəyyə1 əsərini çevirmək ağlıma gəldi. Həzrətin ruhuna sığınıb könlümdən «Əgər bu mənzumə o həzrət tərəfindən bəyənilsə -necə ki Qəsideyi-bürdə2 sahibinin qəsidəsi bəyənilib özü fəlc xəstəliyindən qurtulmuşdu- və mən də bu xəstəlikdən qurtulsam, bu da nəzmimin qəbul olunduğuna bir dəlil olar» deyə düşündüm.
Bu niyyətlə rəməli-müsəddəsin zərb və əruzu məhbun, bəzən əbtər, bəzən də məhbun və məhzuf olan (346 b) vəznindəki -ki, Mövlana Əbdürrəhman Caminin Sübha əsəri də bu vəzndədir- risaləsini nəzm halında tərcümə etməyə başladım və o gecə on üç beyt çevirdim. Belə-belə hər gün on beytdən az tərcümə etmirdim. Deyəsən, bir gün ara verdim.
Keçən il də bir dəfə belə bir xəstəlik gəlmiş və ən az bir ay və ya qırx gün davam etmişdi. Allahın inayəti və həzrətin himmətiylə cümə axşamı günü, ayın iyirmi doqquzunda [=12 noyabr] xəstəlik bir az yqngqlləşdi, sonra bu xəstəlikdan qurtuldum.
Şənbə günü, rəbiüləvvəl ayının səkkizində [=20 noyabr] risalənin tərcüməsi tamamlandı. Bir gündə əlli iki beyt yazıldı.
Çərşənbə günü, səfər ayının iyirmi səkkizində [11 noyabr] ətrafdakı və civardakı əsgərlərə «Allah nəsib etsə, yaxın bir zamanda səfərə çıxacağıq, əsgər hazırlanaraq tez gəlsin» deyə fərman göndərilmişdi.
Bazar günü, rəbiüləvvəl ayının doqquzunda [=21 noyabr] bəy Məhəmməd Talikçi gəldi. Keçən il məhərrəm ayının axırında Hümayuna xələt və at götürmüşdü.
HÜMAYUNUN OĞLUNUN
DOĞULDUĞU XƏBƏRİNİN GƏLMƏSİ
Bazar ertəsi günü, ayın onunda Bəyginə Veys Lağarı və Hümayunun Bəyan Şeyx adlı bir nökəri Hümayunun yanından gəldilər. Bəyginə, Hümayunun oğlunun doğulduğu müjdəsini vermək üçün gəlmişdi. Uşağın adını Əlaman qoymuşlar.
Şeyx Əbülvəcd onun doğumuna (347a) «Şahi-səadətmənd»1 tarixini tapmışmış.
Bəyan Şeyx isə Bəyginədən xeyli sonra yola çıxmış, cümə günü, səfər ayının doqquzunda [=23 oktyabr] Qişmin dibindəki Düşənbə deyilən yerdə Hümayundan ayrılmışdı. Çərşənbə axşamı günü, rəbiüləvvəl ayının onunda [=22 noyabr] Aqraya gəldi, tez gəldi, bu Bəyan Şeyx yenə bir dəfə Qaleyi- Zəfərdən Qəndəhara on bir gündə gəlmişdi.
Şahzadənin [Təhmasib] gəldiyi və özbəklərin yenildiyi xəbərini də bu Bəyan Şeyx gətirdi.
Təfsilatı belədir:
QIZILBAŞ VƏ ÖZBƏKLƏRİN CAMDAKI SAVAŞI
Şahzadə Təhmasib qırx min adam ilə rum üsulu tüfəng və arabalar düzəldib İraqdan sürətlə gəlir, Bistam və Damğanda özbək Rənişi yenib adamlarını doğrayıb sürətlə keçir. Qızılbaşlar Kibək-Binin oğlu Qənbər Əlini də yenirlər və o da az bir qüvvə ilə Übeyd xanın yanına gəlir. Herat civarında qalmaq imkanı tapa bilməyən Übeyd xan isə Bəlx, Hisar, Səmərqənd və Daşkənddəki bütün xan və sultanlara çaparlar yollayıb özü də Mərvə gəlir. Xan və sultanlar dərhal toplaşırlar. Daşkənddən Süyünçük xanın ikinci oğlu Baraq Sultan, Səmərqənd və Miyan-Qaldan Küçüm xan, Əbu Səid Sultan, Polad Sultan, (347 b) oğullarıyla birlikdə Cani bəy Sultan, Hisardan Həmzə Sultan ilə Mehdi Sultan və digər bütün sultanlar dərhal gəlib Mərvdə Übeyd xana qoşulurlar, yüz beş min adam yığılır.
Bunların casusu isə xəbər gətirir ki, şahzadə Təhmasib Übeyd xanın Herat civarında az bir əsgərlə oturmaqda olduğunu zənn etdiyi üçün qırx min adamla sürətlə gəlib, amma çoxlu qüvvənin yığıldığı xəbərini alınca Radəgan çayırında xəndəklər qazaraq yerləşib. Özbəklər bu xəbəri almaqla birlikdə düşməni heçə sayır, məsləhətləşib «Bütün xan və sultanlar Məşhəddə otururuq, qızılbaş ordugahının civarında olub düşmənin baş qaldırmasına imkan verməmək üçün bir neçə sultanı iyirmi min əsgərlə oraya təyin edərik. Günəş əqrəb bürcünə girincə də yadaçılara yada etməyi əmr edər və beləcə onları zəiflədib məğlub edərik» deyə qərar verir və Mərvdən qalxıb gedirlər.
Şahzadə isə Mərvdən çıxanlarla Cam və Xirgird civarında qarşılaşır və özbəklər yenilir, bir çox sultanları ələ keçirilib öldürülür.
Bu məktubda Küçüm xanın dışında (348 a) heç bir sultanın qurtulduğunun dəqiq bəlli olmadığını da yazmışdılar. Əsgər arasında olan sultanlardan hələ heç kim gəlməyibmiş. Hisardakı sultanlar Hisarı buraxıb çıxmışlar. İbrahim xanın [Cani] oğlu Çəlmə -ki, əsl adı İsmayıldır- Hisar kurqanında imiş.
BABURUN HÜMAYUNA YAZDIĞI MƏKTUB
Yenə bu Bəyan Şeyx Hümayun ilə Kamrana [Mirzə] yazılan məktublarla birlikdə təcili geri göndərildi. Cümə günü, ayın on dördündə [=27 noyabr] məktub və yazılar hazırlanıb Bəyan Şeyxə təslim edilərək izin verildi. O da şənbə günü, ayın onbeşində Aqradan ayrıldı. Hümayuna yazılan məktubun surəti şudur:
«Həsrət və xiffətlə salamladıqdan sonra Hümayuna sözüm budur ki, bazar ertəsi günü, rəbiüləvvəl ayının onunda [=23 noyabr] Bəyginə ilə Bəyan Şeyx gəldilər.
Məktub və ərzi-hallar sayəsində oradakı vəziyyət açıqca anlaşıldı.
Şükr, vermiş sənə həq fərzəndə,
Sənə fərzəndü mənə dilbəndə
Tanrı təala belə sevinçləri mənə və sənə daima nəsib eyləsin, amin, ya rəbbül-aləmin. Adını Əlaman qoymusan. Allah mübarək etsin. Lakin özün yazdığın halda, düşünməmisən ki, çox işlənməsi üzündən xalq buna Ələma, ya da ə1-Aman (348 b) deyər. Çünki belə əlif-lam adda az olur. Allah onun adını və zatını təqdis və mübarək etsin. Çox uzun illər və çox uzun zamanlar boyunca Əlamanı dövlət və səadətlə qorusun.
Tanrı təala öz fəzl və kərəmilə bizim işlərimizi düzəldir. O qədər ki, heç bir dövirdə belə olmamışdır.
Sonra, çərşənbə axşamı günü, ayın on birində, bu əsnada Bəlx əhalisinin Qurbanı dəvət edib içəriyə aldığı xəbəri gəldi.
Kamrana və Kabildəki bəylərə əmr edildi ki, gedib sənə qoşulsunlar. Lazım gəlsə Hisar ya da Səmərqənd tərəfinə gedər və Allahın inayəti ilə düşmənlərı yenib vilayətləri alar, dostları şad, düşmənləri də dilxor edərsiniz, inşallahu təala. Bu sizlərin ən çox qılınc çalacaq zamanınızdır. Qapıya gələn işdə qüsur etməyin. Tənbəllik və səhlənkarlıq padşahlıqla bir araya sığmaz.
Cahangire təvəqqüf bər niyabəd,
Cahan anra buvəd kü beh şitabəd,
Həmə çizi zi ruyi kədxudai,
Sükun miyabəd illa padişahi1.
Cahangirlik durmaqla olmaz,
Dünya tələsməyi bacaranındır.
Hər işdə durub-dayanmaq olar,
Padşahlıqda durub-dayanmaq olmaz.
Əgər tanrı inayəti ilə Bəlx və Hisar vilayətini asanlıqla ələ keçirilsə, Hisarda sənin adamın olsun, Bəlxdə Kamranın adamı. Əgər tanrı inayətiylə Səmərqənd də ələ keçirilsə, Səmərqənddə sən otur. Hisar vilayətini (349 a) inşallah xassə mülkü edəcəyəm. Əgər Kamran Bəlxi az saysa, bildirin, inşallah onun əskiyini də bu vilayətlərdən tamamlayarıq.
Sonra, daima riayət edilən bu qaydanı sən də bilirsən: altı hissə sənin olursa, beş hissə Kamranındır. Bu qaydaya daima riayət edərək bunun dışına çıxmayın. Onunla yaxşı rəftar et. Böyüklər səbrli olmalıdır. Ümid edirəm ki, sən də yaxşı rəftar edəcəksən. O da şəriətə hörmətkar yaxşı bir igiddir. O da mülazimət və sədaqətdə qüsur etməz.
Sonra, səndən bir az incimişəm, bu iki-üç ildən bəri heç bir adamın gəlmədi və mənim göndərdiyim adam da tam bir il sonra gəldi. Belə olarmı?
Sonra, məktublarında yalnızlıq, yalnızlıq deyirsən. Yalnızlıq padşahlıqda ayıbdır. Necə ki demişlər:
Əgər pay bəndi riza peş gir,
Və gər yek süvari səri xeş gir.
Əgər ayağın bağlı isə razı ol,
Əgər tək atlı isən bildiyin kimi hərəkət et.2 .
Heç bir zəncir padşahlıq zənciri kimi deyildir. Padşahliq ilə yalnızlıq bir araya sığmaz. Sonra, dediyim kimi, yazdığın məktubları oxumursan, çünki oxumaq (349 b) istəsəydin belə, oxuya bilməzdin, əgər oxuya bilsəydin, əlbəttə ki, dəyişdirərdin. Məktubunu ancaq zorlanaraq oxumaq mümkündür, lakin çox dumanlıdır. Mənsur müəmmanı heç kim görməmişdir. İmlan o qədər doğru olmamaqla birlikdə fəna deyildir.
İltifatı ta ilə yazımısan, qulancı isə ya ilə yazmısan.
Xəttin çətinliklə də olsa oxunur, lakin bu dumanlı sözlərindəki məna tam anlaşılmır. Hər halda məktub yazmaqdakı tənbəlliyin də bu üzdəndir. Təmtəraqlı yazmaq istəyirsən, ona görə də dumanlı olur. Bundan sonra sadə, açıq və bəsit sözlərlə yaz, sənə də daha az zəhmət olar, oxuyana da.
Sonra, böyük bir iş üçün gedirsən. İş görmüş, fikir və tədbir sahibi bəylər ilə danışıb məsləhətləşərək onların sözüylə hərəkət etməlisən.
Əgər mənim razı qalmağımı istəyirsənsə, yalnızlığı və xalqdan uzaq olmağı burax. Gündə iki dəfə kiçık qardaşını və bəyləri öz başına buraxmayaraq hüzuruna çağırıb nə iş olursa-olsun, bu sadiq dostlarla birlikdə danışıb məsləhətləşərək qərar verməlisin.
Sonra, Xoca Kəlan mənimlə çox səmimi münasibətdə olmağa alışmışdı. Sən də (350 a) ona qarşı mənim kimi hərəkət etməlisin.
Əgər tanrı inayətilə o tərəfdəki işlər yüngülləşsə və Kamrana ehtiyac olmasa, Kamran Bəlxdə sağlam adamlar qoyub özü mənim yanıma gəlsin.
Sonra, bu qədər fəth və zəfərlər Kabildə ikən oldu. Kabili uğur sayıram və onu xassə mülkü etdim. Heç biriniz ona tamah etməyin.
Sonra, yaxşı hərəkət edib Sultan Veysin könlünü almısan. Onu yanına alıb onun fikrilə hərəkət etməlisin. O, sözü dinlənəcək bir adamdır.
Əsgəri yaxşı yığıb yürüməlisən. Ağızdan söylənəcək sözləri Bəyan Şeyx bilir və söyləyəcək. Həsrətlə salam edirəm.
Cümə axşamı günü, rəbiüləvvəl ayının on üçündə [=26 noyabr] yazıldı. Kamran ilə Xoca Kəlana da bu məzmunda öz əlimlə məktublar yazdım.
ƏSGƏRİNİN ŞƏRQƏ GÖNDƏRİLMƏSİ
Çərşənbə günü, ayın on doqquzunda [=2 dekabr] mirzələrı, sultanları, türk və hind əmirlərini çağırıb danışıb məsləhətləşərək buna qərar verildi: «Bu il də bir tərəfə mütləq səfər etmək lazımdır. Əsgəri bizdən bir az öncə Puraba hərəkət etsin. Qanq çayının digər yaxasındakı sultanlar və əmirlər də əsgərləri ilə birlikdə Əsgəriyə qoşulsunlar. Hansı tərəfə getmək münasib görülsə, oraya getsinlər».
Bunları yazıb şənbə günü, ayın (350b) iyirmi ikisində [=5 dekabr] on altı günlük bir müddət verilərək Qiyasəddin Qurçu başda Sultan Cüneyd Barlas olmaq üzərə Purab əmirlərinə qasid olaraq göndərildi.
Ağızdan söylənənlər isə bunlar idi: zərbzən, araba, tüfəng və digər savaş vasitələri hazırlanana qədər özümüzdən öncə Əsgəri göndərildi. Qanqın digər yaxasındakı bütün sultan və əmirlərə də hazırlanan kimi dərhal Əsgərinin yanında toplaşmaları əmr edildi: «Hansı tərəfə yürümək münasib görülsə, tanrının inayətilə o tərəfə hərəkət ediləcək. Oradakı dostlarla danışıb məsləhətləşin, əgər mənim gəlməyimi zəruri edən bir şey olursa, mənim göndiyim adam gələr-gəlməz, inşaallahu təala, dərhal hərəkət edəcəyəm. Əgər benqallar tərəfimizi tutub bizə bağlı olsalar və orada mənim iştirakımı zəruri qılacaq bir iş olmasa, bunu da açıqca ərz edin. Boş durmaq olmaz, mən başqa tərəfə yürüyəcəyəm. Sizlər də dostlarla danışıb məsləhətləşərək Əsgəriylə birlikdə yürüyün və oradakı işlərə tanrı inayətilə bir xitam verin».
Şənbə günü, rəbiüləvvəl ayının iyirmi doqquzunda [=12 dekabr] Əsgəriyə qiymətli daşlar la bəzənmiş kəmərli bir xəncər ilə padşanə xələt geydirib bayraq, tuğ, nağara, cins atlar, on ədəd fil, bir qatar dəvə (351a) və digər padşahanə vasitələlər ehsan edərək, divana riəasət etməsinə qərar verdim. Mollasına və iki atəkəsinə də düyməli yeləklər, digər adamlarına isə üç dəfə doqquz paltar ehsan etdim.
Bazar günü, ayın sonuncu günündə isə Sultan Məhəmməd Bəxşinm evinə getdim. Xalı sərib hədiyyələr gətirdi. Nəqd və mal olaraqla iki lekdən bir az artıq hədiyyə verdi. Hədiyyələrin təqdimatındansonra isə başqa bir otağına keçərək məcun yedik. Oradan da üçüncü pəhərdə çıxıb suyu keçərək, xəlvətxanaya gəldim.
AQRA VƏ KABİL ARASINDA
POÇT SİSTEMİNİN QURULMASI
Cümə axşamı günü, rəbiüləvvəl ayının dördündə [=17 dekabr] belə qərar verdim: «Çıxmaq bəy katiblik vəzifəsini yerinə yetirəcək Şahi Tamğaçıyla birlikdə Aqradan Kabilə qədər olan məsafəni ölçərək hər doqquz küruhda on iki kari hündürlükdə qüllə və üstündə bir otaq tikəcəklər, hər on səkkiz küruhda altı yam [poçt] atı bağlayacaqlar, yamçıya [poçtalyon] və mehtərə maaş və atlara yem təyin ediləcək. Elə buyuruldu ki, əgər bu poçt atı bağlanan yer bir xassə mülkünə yaxınsa, bu söylənənləri oradan təmin etsinlər, əgər hər hansı bir bəyin pərgənəsinə yaxınsa, bu işi o bəyin məsuliyyətinə versinlər».
O gün Çıxmaq ilə Şahi Aqradan ayrıldılar. Bu küruhlar milə görə Müəyyənləşdirildi. Necə ki Mübəyyəndə belə deyilir: (351 b)
Dörd min qədəm bilə bir mil,
Bir küruh ona hind eli der, bil.
Dedilər bir yarım kari bir qədəm,
Hər xari bil ki vardır altı tutam.
Hər tutam dörd əlik1, yenə hər əlik
Altı cəv ərzi buldu, bil bu bilik.
Ölçü ipi, burada söyləndiyi kimi, bir qədəm = doqquz tutam = bir yarım kari hesabıyla qırx qədəm uzunluğunda müəyyən edildi ki, belə yüz ip bir küruh edir.
ELÇİLƏRİN QATILDIĞI BİR ZİYAFƏT
Şənbə günü, ayın altısında [=19 dekabr] bir toy oldu. Qızılbaş, özbək və hind elçiləri bu ziyafətdə iştirak etdilər. Qızılbaş elçiləri mənim sağımda yetmiş-səksən kari uzaqlığa çadır qurdurularaq oraya oturduldular. Bəylərdən Yunus Əlinin də qızılbaşlarla birlikdə oturması əmr edildi. Solumda da eyni şəkildə özbək elçilərini oturdub bəylərdən Abdullahın [Kitabdar] da bunlarla birlikdə oturması əmr edildi.
Özüm isə yeni tikilən səkkizguşəlı və təzə otlarla örtülü köşkün şimal yönündə oturdum. Sağımda beş-altı kari uzaqda Toxta Buğa Sultan, Əsgəri, Xoca həzrətlərinin oğlu Xoca Əbdüşşəhid, Xoca Kəlan, Xoca Hüseyni, Xəlifə və Səmərqənddən gələn xocaların xidmətində olan hafiz və mollalar oturdular. Solumda isə beş-altı (352 a) kari uzaqda Məhəmməd Zaman Mirzə, Tan-Atmış Sultan, Seyid Rəfi, Seyid Rumi, Şeyx Əbülfəth, Şeyx Camali, Şeyx Şəhabəddin Ərəb və Seyid Dəkəni oturdular.
Bütün sultanlar, xanlar, irəli gələnlər və əmirlər yeməkdən öncə altın, gümüş və mis axçalar, qumaş və digər əşyalardan ibarət saçıqlar gətirdilər. Önümə bir xalı sərmələrini əmr etdim. Altın və gümüşü bu xalı üzərinə tökdülər. Qumaşları, bezləri və axça torbalarını isə altın və gümüşün yanına yığdılar.
Yeməkdən bir az öncə saçıqlar təqdim olunarkən azğın dəvələr ilə filləri qarşıdakı adada vuruşmağa saldılar. Bir neçə qoç da vuruşdurdular. Ondan sonra pəhlivanlar güləşdi.
Böyük yeməkdən sonra Xoca Əbdüşşəhid ilə Xoca Kəlana incə qumaşdan paltarlar və müvafiq xələtlər geydirildi. Molla Fərrux ilə Hafiz [Mir Katib] rəyasətində gələnlərə də yeləklər geydirildi. Küçüm xanın elçisi ilə Həsən Çələbinin kiçık qardaşına da qumaş başlıqlı və düyməli samur kürkləri və mövgelərinə uyğun xələtlər ehsan edildi. Əbu Səid Sultanın və Mehriban xanımın və oğlu Polad Sultanın elçilərinə və Şah Həsənin elçisinə düyməli yeləklər, qumaş (352 b) libaslar ehsan edildi. İki xocaya və iki böyük elçiyə -ki, kiçık xanın adamı ilə Həsən Çələbinin kiçık qardaşlarıdır- gümüş daşı ilə qızıl və qızıl daşı ilə gümüş çəkilərək ehsan edildi. Qızıl daşı2 beşyüz misqaldır, Kabil daşı ilə bir sir edir. Gümüş daşı iki yüz əlli misqaldır və Kabil ölçüsüylə yarım sir edir.
Xoca Mir Sultana, oğullarına və digər elçilərə də altın və gümüşdən ehsanlar verildi. Yadigar Nasirə kəmərli bir xəncər ehsan edildi. Mir Məhəmməd Calebana Qanq çayında körpü tikdiyi üçün uyğun bir ehsan verilmişdi. Bu Məhəmməd ilə tüfənfəndazlardan Pəhlivan Hacı Məhəmməd, Pəhlivan Bəhlul və Vəli Parsçıya da birər xəncər ehsan edildi. Ustad Əliqulunin oğluna da bir xəncər ehsan edildi. Seyid Davud Gərmsiriyə altın və gümüş ehsan edildi. Qızım Məsumə ilə oğlum Hindalın adamlarına da düyməli yeləklər və qumaş xələtlər ehsan edildi. Əndicandan və bizim vilayətsiz və vətənsiz dolaşdığımız yerlərdən, Suh və Hüşyardan gələnlərə də yeləklər, qumaş xələtlər, altın, gümüş və hər cür əşya ehsan edildi. Qurban ilə Şeyxinin adamlarına və Kahmərdin (353 a) rəiyyətlərinə də yenə bu tərzdə ehsanlar verildi.
Ziyafətdən sonra hind hoqqabazlarının gəlib oyunlarını göstərmələrini əmr etdim. Bunlar da gəlib hünərlərini göstərdilər. Hindistan hoqqabazları bizim tərəflərin hoqqabazlarında görünməyən bəzi hünərləri də göstərirlər. Bunların bir neçəsi budur: yeddi xalqadan birini alnına, ikisini dizlərinə yerləşdirib ikisini əl barmaqları, ikisini də ayaq barmaqlarıyla sürətli və durmadan döndərirlər. Bir də tovuz yürüyüşü kimi, bir əlini yerə dayayıb digər əli və iki ayağıyla üç halqayı sürətli və durmadan döndərirlər.
Bir də bizim tərəflərın hoqqabazlan iki ağacı ayaqlarına bağlayaraq kəndirbaz ayaqlığı düzəldib gəzirlər, Hindistan hoqqabazları isə bir ağacla ayaqlıq düzəldib bunu ayaqlarına bağlamadan yeriyirlər.
Bir də bizim tərəflərdə iki kəndirbaz bir-birinə tutunaraq iki mayallaq vururlar, hind kəndirbazları isə bir-birinə tutunaraq üç-dörd dəfə mayallaq vururlar.
Bir də bir kəndirbaz altı-yeddi kari uzunluğunda sırığın bir ucunu belinə dayayır, digər biri isə sırığa çıxıb (353 b) sırıq üstündə oyunlar göstərir.
Bir də kiçık bir kəndirbaz böyük bir kəndirbazın başına çıxıb hərəkət etmədən durur. Aşağıdakı cambaz sürətlə sağa-sola yürüyüb hünərlərini göstərərkən bu kiçık də o onun başında dimdik və hərəkətsiz duraraq, öz hünərlərini göstərir.
Bundan başqa, bir çox rəqqasələr də gəlib rəqs etdilər. Axşama doğru altın, gümüş və misdən bir çox para saçıldı. Böyük bir gurultu və izdiham oldu.
Axşam ilə yatsı arasında beş-altı yaxın dostu yanıma alıb oturtdum. Bir pəhərdən artıq oturduq. Ertəsi sabah ikinci pəhərdə gəmiyə minib Həşt-Behiştə gəldik.
Səfər hazırlığını tamamlamış olan Əsgəri bazar ertəsi günü gəlib hamamda izin alaraq şərqə doğru hərəkət etdi.
Çərşənbə axşamı günü Dulpurda tikilməsini əmr etdiyim hovuz və quyunu görməyə getdim. Bir pəhər və bir geridə bağdan atlanaraq gecənin ilk pasından beş geri keçəndə Dulpur bağına vardıq.
Cümə axşamı günü, ayın on birində [=24 dekabr] daş quyu, iyirmi altı daş arx, daş sütun və yekparə qayadan qazılan arxlar tamamlanaraq, o günün üçüncü pəhərindən etibarən quyudan su çəkilməyə başlandı. Dulpurda çalışmaqda (354 a) olan daşçı, dülgər və işçilərə Aqradakı ustalar və işçilərə olduğu kimi ehsanlar verildi.
Quyu suyunun qoxusunun önünə keçmək üçün tədbir olsun deyə on beş gün boyunca gecə-gündüz heç durmadan çarxı döndürərək su çəkmələrini əmr etdik.
Cümə günü ilk pəhərə bir geri qalanda Dulpurdan hərəkət etdik. Günəş hələ batmamışdı ki çaydan keçdik.
CAMDAKI QIZILBAŞ VƏ ÖZBƏK
SAVAŞININ ŞAHİDİNİN SÖYLƏDİKLƏRİ
Çərşənbə axşamı günü, ayın on altısında [=29 dekabr] qızılbaş ilə özbək savaşında olan Div Sultanın adamı gəldi və bu bilgiləri verdi: Cam və Xırgird civarında aşura günü türkmənlər ilə özbəklər arasında səf hərbi olur. Sabahdan günortaya qədər vuruşurlar. Özbəklərin üç yüz min olduğunu söylədi, türkmənlər qırx-əlli min adammış, qaraltısını yüz min təxmin etdi. Lakin özbəklər öz adamlarını yüz beş min olaraq göstərirlər.
Qızılbaşlar rum tərzində arabalar, zərbzən və tüfəngəndazla dəstə-dəstə özlərini örtüb vuruşurlar. İki min araba və altı min tüfəngəndaz var imiş. Şahzadə və Cüha Sultan iyirmi min yaxşı igidlə birlikdə arabaların qurduğu sipərin içində durur, digər bəyləri isə arabaların dışında sağ və sol qolları (354b) nizamlayır. Özbəklər gələndə dışarıdakı adamları məğlub edib vura- vura sürür, arxadan mühasirəyə alıb dəvə və sursatı ələ keçirirlər. Axırda arabaların içindəkilər zənciri açıb dışarı çıxırlar. Burada müdhiş bir savaş olur. Özbəklər üç dəfə dönərək hücum edirlər. Tanrı təalanın inayəti ilə qızılbaşlar özbəkləri məğlub edirlər.
Küçüm xan, Übeyd xan və Əbu Səid Sultan başda olmaq üzrə doqquz sultan əsir düşür. Əbu Səid Sultan həyatda imiş; digər səkkiz sultan ölür. Übeyd Sultanın başını tapa bilmirlər, amma bədənini tapırlar. Özbəkdən əlli min və türkməndən isə iyirmi min adam tələf olur.
Həmin gün on altı günlük müddətlə Cunepura getmiş olan Qiyasəddin Qurçu gəldi. Sultan Cüneyd və adamları Haridə əsgər sövq etmişlər, bu üzdən zamanında yetişə bilməzlərmiş. Sultan Cüneyd ağızdan bunları söyləmiş: şükür ki, tanrı inayəti ilə bu tərəflərdə padşahın iştirakını vacıb qılan bir iş görünmür. Mirzə gəlsə və bu civardakı sultan, xan və əmirlərə Mirzə ilə birlikdə hərəkət etmələri fərman olsa, ümid edilir ki, bütün işlər asanlıqla gerçəkləşəcəkdir. (355a)
Gərçi Sultan Cüneyddən belə bir cavab gəldi, lakin kafir Sanka müharibəsindən sonra Molla Məhəmməd Məzhəb də Benqala elçi göndərilmişdi və bugün-sabah gələcəyini söyləyirdilər. Onun xəbərini də gözlədik.
Cümə günü, ayın on doqquzunda [=l yanvar 1529] məcun yeyib bir neçə yaxın dostla xəlvətxanada otururdum, Molla Məhəmməd Məzhəb, axşam vaxtı, ki şənbə gecəsidir, gəlib mülazimət etdi. O tərəfdəki vəziyyəti bir-bir soruşub öyrəndik: benqallar bizə itaət edir və bizə tərəfdardırlar.
Bazar günü [=3 yanvar] türk və hind əmirlərini xəlvətxanaya çağıraraq danışıb məsləhətləşdik. Bu sözlər ortaya atıldı: benqallara elçi göndərərək onların bizə itaət etdiklərini və tərəfdar olduqlarını öyrəndik. Benqala getmək faydasızdır; çünki oranın civarında əsgərin işinə yarayacaq xəzinə yoxdur. Qərb tərəfində isə bəzi yerlər vardır ki, həm yaxındır, həm də xəzinələri vardır.
Malı vafir, eli kafir, yol yavuq,
Şərq sarı gər iraqdır, ol yavuq.
Axırda buna qərar verildi: mən qərb tərəfinə gedəcəyəm, yolumuz yaxın olduğu üçün bir neçə gün burada qalıb şərq tərəfindən arxayın olduqdan sonra (355 b) oraya yola düşəcəyəm.
Qiyasəddin Qurçuya iyirmi gün müddət verərək Qanq çayının digər tərəfindəki bütün sultan, xan və əmirlərin əsgərini ətrafına yığaraq bu asilərin üstünə yürümələrini bildirən fərmanlarla birlikdə təkrar Purab əmirlərinə qasid kimi göndərildi. Bu fərmanları oraya götürəcək, sonra da oradan xəbər alıb vaxtında gəlib bizə yetişəcəkdi.
Dostları ilə paylaş: |