BƏLUCLARIN ÜSTÜNƏ YÜRÜŞ
O günlərdə bəluclarm gəlib bəzi yerləri yağmaladıqları haqqında Məhəmmədi Göyəldaşdan ərzi-hal gəldi. Bu işi Çin Teymur Sultana tapşıraraq Sihrind və Samanənin o tərəfində olan Adil Sultan, Sultan Məhəmməd Dulday, Xosrov Göyəldaş, Məhəmməd Əli Cəng-Cəng, Əbdüləziz Miraxur, Seyid Əli, Vəli Qızıl, Qaraca, Həlahil, Aşiq Bəkavul, Şeyx Əli, Kəttə, Gücür xan, Həsən Əli Səvadi kimi komandanların Cin-Teymur Sultanın ətrafında yığılaraq altı aylıq sursatla bəluclarm üstünə yürümələri, bu zaman hamının Cin-Teymur Sultanın bütün əmirlərinə tabe olması haqqında fərmanları götürməklə də Əbdülqaffar Tavaçıya həvalə olundu.
Verilən qərara görə, o, bu fərmanları öncə Çin Teymur Sultana götürəcək və ondan sonra adı çəkilən bəylərə (356 a) göstərəcəkdi. Bunların hamısının əsgərləri ilə birlikdə Çin Teymur Sultan tərəfindən təyin olunacaq toplanma yerinə gəlmələrini təmin edəcəkdi. Əbdülqaffar özü də səfərdə onlarla birlikdə olacaq və hər hansı bir adamda süstlük və səhlənkarlıq görsə bizə bildirəcəkdi, qüsur göstərənlər dərəcə və rütbələri alınaraq özləri vilayət və pərgənələrindən uzaqlaşdırılacaqdı.
Bu fərmanları verib ağızdan söylənəcək sözləri də söyləyərək Əbdülqaffarı yola saldıq.
Bazar gecəsi, ayın iyirmi səkkizində [=8 yanvar] saat üç pəhər və altı geri olanda Cundan keçərək Dulpurdakı Baği-Nilüfərə hərəkət etdik. Bazar günü, üçüncü pəhərə doğru bağa gəldik. Bağın ətrafında və civarında özlərinə bina və bağlar saldırmaları üçün bəy və elçilərə yer və yurd təyin edildi.
Cümə axşamı günü cəmadiyüləvvəl ayının üçündə [=14 yanvar] bağın cənub-qərb tərəfində hamam üçün bir yer seçdik. Hamam tikiləcək yeri düzəltdtilər. Bu düzəldilmiş yerdə hamamın təməlini qoyduqdan sonra hamamın inşa edilməsini və bir otağında bir hövzi-kəbir tikilməsini əmr etdim.
O gün Xəlifə Aqradan Qazı Ciya ilə Bir-Sing Divin ərzi-hallarını (356 b) göndərmişdi: Beharı İskəndərin oğlu Mahmud zəbt etmişdi. Bu xəbər gəlincə qoşun çəkmək niyyətilə ertəsi cümə günü, altıncı geridə Bağı- Nilufərdən atlanaraq axşam üstü Aqraya gəldik. Məhəmməd Zaman Mirzə də Dulpura gedirmiş, yolda bizə rast gəldi. Cin Teymur Sultan da o gün Agraya gəlmişdi.
Şənbə günü, bəylər məsləhətə dəvət edildi və cümə axşamı günü, ayın onunda [=21 yanvar] Puraba doğru hərəkətə keçilməsinə qərar verildi.
Həmin şənbə günü Kabildən məktub və xəbər gəldi: Hümayun o tərəfdəki əsgəri yığıb Sultan Veysi də yanına alaraq qırx-əlli minə yaxın adamla Səmərqəndin üzərinə hərəkətə keçmişdi. Termizdən yürüyüb Qabadiyanı alan Tursun Məhəmməd Sultan kömək istəmişdi. Hümayun da Tülək Göyəldaş ilə Mir Hurdu izdihamlı bir qüvvə və mövcud moğollarla birlikdə Tursun Sultana yardıma göndərmiş, sonra, özü də arxasından hərəkət etmişdi.
BABUR ŞƏRQ SƏFƏRİNƏ HAZIRLAŞIR
Cümə axşamı günü, cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] üçüncü geridən sonra Puraba getmək üzərə yola çıxıb Cəlisir kəndindən bir az yuxarıda (357a) Cundan gəmiylə keçərək Bağı-Zərəfşana gəldim.
Tuğ, nağara, axır və bütün əsgərin bağın qarşısına, suyun digər tərəfinə enmələri və hüzura çıxacaq adamların suyu gəmiylə keçərək gəlmələri əmr edildi.
Şənbə günü benqal elçisi İsmayıl Mita benqalların hədiyyələrini gətirib Hindistan tərzində mülazimət etdi. Bir ox atımı yerə qədər gəlib sayğılarını ərz etdikdən sonra geri döndü. Sir-muyinə dedikləri xələti geydirib gətirdilər. Bizim tərzdə üç dəfə yükünərək gəlib Nüsrət şahın ərzi-halını verdi və gətirdiyi hədiyyələri təqdim edib geri qayıtdı.
Bazar ertəsi günü Xoca Əbdülhaq gəldi, gəmiylə sudan keçərək Xocanın çadırına gedib mülazimət etdim. Çərşənbə axşamı günü də Həsən Çələbi gəlib mülazimət etdi.
Əsgərin hazırlıqlarını tamamlamaq üzrə bir neçə gün çarbağda qaldıq. Cümə axşamı günü, ayın on yeddisində [=27 yanvar] üçüncü geridən sonra oradan qalxıb atlandıq. Mən gəmiylə hərəkət etdim. Aqradan yeddi küruh məsafədə yerləşən Ənvar kəndinə endik.
Bazar günü özbək elçilərinə qayıtmaları üçün izin verdim. Küçüm xanın elçisi Əmin (357 b) Mirzəyə kəmərli bir xəncər, altın dibalı bir yelək və yetmiş min təngə ehsan edildi. Əbu Səid Sultanın adamı Molla Tağayiyə və Mehriban xanım ilə oğlu Polad Sultanın adamlarına düyməli yeləklər və qumaş xələtlər geydirildi. Bunlara da vəziyyətlərinə görə pul ehsan olundu.
Ertəsi gün, Xoca Əbdülhaqın Aqrada qalması, özbək xan və sultanlarının göndərdiyi Xoca Yəhyanın nəvəsi Xoca Kəlanın isə Səmərqəndə getməsi üçün izin verildi.
Hümayunun oğlunun doğulmasını və Kamranın evlənməsini təbrik etmək üçün on min şahruxi hədiyyə ilə birlikdə Mirzə Təbrizi və Mirzə bəy Tağayi göndərildi. Hər iki Mirzəyə də öz geydiyim paltar və bağladığım kəmər göndərildi. Hindu Molla Behişti vasitəsilə dəyərli daşlarla işlənmiş kəmərli bir xəncər, yenə dəyərli daşlarla işlənmiş davat, sədəflə işlənmiş bir qutu, öz geydiyim qısa bir paltar, qurşaq, Baburi xəttinin müfrədatı və bu yazıyla yazılmış qitələr göndərildi. Hümayuna Hindistana gələndən bəri yazdığım şeirlər və tərcümələr göndərildi. Hindal ilə Xoca Kəlana da tərcümələr və şeirlər göndərildi. Kamrana da Mirzə bəy Tağayi vasitəsilə tərcümə, Hindistana gələndən bəri söylənən şeirlər və Baburi xəttilə yazılan məktub örnəkləri göndərildi.
Çərşənbə axşamı günü Kabilə gedəcək adamlara məktublar yazılaraq izin verildikdən sonra Molla Qasım, Ustad Şah Məhəmməd Səngtraş, Mirək, Mir Qiyas, (358 a) Mir Səngtraş və Şah Baba Bildara Aqra və Dulpurda tikiləcək binalara dair izahatlar verilərək bu işlər onlara tapşırıldı və getmələrinə izin verildi.
İlk pəhər yaxınlaşmışdı ki, Ənvardan atlandıq. Günorta sonuna doğru Çəndvarın bir küruhunda yerləşən Əbapur adlı kəndə endik.
Cümə axşamı axşamı Əbdülmüluk Qurçunu Həsən Çələbiylə birlikdə şahın [Şahzadə Təhmasib] yanına, [İbrahim] Çapıq isə özbək elçiləri ilə birlikdə xanların və sultanların yanlarına göndərildi. Gecənin bitməsinə dörd geri qala Əbapurdan qalxıb dan ağararkən gəlib Çəndvar qarşısından gəmiyə mindim. Axşam üstü Rabiri önündə gəmidən çıxıb ordugaha gəldim. Ordu Fəthpura enmişdi.
Fəthpurda bir gün qalıb şənbə günü səhər vaxtı abdəst alıb atlanaraq sabah namazını Rabirinin yaxınında camaatlə qıldıq. Mövlana Mahmud Fərabi imamdı. Günəş doğarkən Rabirinin böyük dirsəyinin aşağısından gəmiyə mindik. O gün tərkib xəttilə yazmaq istədiyim tərcümə üçün on bir sətrlik bir mistar cızdım. O gün vəlilərin sözlərindən könlümə bir ilham doldu.
Rabiri pərgənələrindən olan Cakin adlı pərgənənin qarşısında gəmiləri sahilə çəkib o axşam gəmidə qaldıq. Oradan da sabahdan bir az əvvəl (358 b) gəmiləri hərəkətə keçirib bu arada sabah namazını qıldıq.
Mən gəmidə ikən Sultan Məhəmməd Bəxşi yanıma Xoca Kəlanın adamı olan Şəmsəddin Məhəmmədi gətirdi. Məktubdan və sözlərindən Kabildəki vəziyyəti tam olaraq öyrəndim. Mehdi Xoca da mən gəmidə ikən gəldi.
Günortadan bir az əvvəl Ətavənin önündəki çayın digər tərəfində olan bağa çıxaraq Cunda qüsl edib günorta namazını qıldım. Namaz qılınan yerdən bir az Ətavə tərəfinə gələrək həmin bağın ağaclarının kölgəsində çaya baxan bir təpə üstündə oturub igidlərin çalıb-oxumasını dinlədik. Mehdi Xocanın ikram etdiyi yeməyi burada yedik. Axşam üstü çayı keçib yatsı vaxtı ordugaha gəldim.
Əsgərin yığılması və Şəmsəddin Məhəmməd vasitəsilə Kabildəkilərə məktublar yazılması üçün o yurdda iki-üç gün qaldıq.
Çərşənbə günü, cəmadiyüləvvəl ayının sonuncu günü [=9 fevral] Ətavədən hərəkət edib səkkiz küruh getdikdən sonra Muri və Edusəyə endik.
Kabilə gedəcək məktubların qalanlarından bəziləri orada yazıldı. Hümayuna göndərilən məktubun məzmunu bu idi: əgər indilik uğraşacaq bir iş yoxsa, oğurluğun və çapulçuluğun qarşısı alınmalı, heç kimin asayişi pozmasına yol verilməməli, (359 a) Kabil vilayətini xassə mülkünə daxil etdiyim üçün uşaqlardan heç kim ona tamah salmamalıdır. Sonra Hindalı da çağırmışdım. Bundan başqa, Kamranın şahzadə ilə yaxşı münasibətlər qurmağa çalışması, Multan vilayətinin ona ehsan edildiyi, Kabil vilayətinin xassə mülkü elan oldunğu, ailəmlə saray ağırlıqlarının buraya gəlməsi yazılmışdı.
XOCA KƏLANA MƏKTUB
Bəzi keyfiyyətlər isə Xoca Kəlana yazılan məktubdan bəlli olacağı üçün o məktubun bir surətini olduğu kimi burada verirəm:
«Xoca Kəlana salam dedikdən sonra söz budur: Şəmsəddin Məhəmməd biz Ətavədə ikən gəldi. Vəziyyəti öyrəndim. O tərəflərə getmək arzusu sonsuzdur. Hindistan işləri də yoluna girməkdədir. Ulu tanrıdan diləyirəm ki, buranın işi tanrı təalanın inayətilə tezliklə sona çatsın. Bu iş bitdikdən sonra Allah nəsib etsə dərhal hərəkət edəcəyim. O vilayətlərin gözəlliyini insan necə unuda bilər? Xüsusilə də belə tövbəli olunca, qovun və üzüm kimi məşru zövqləri insan ağlından necə çıxara bilər? Bugünlərdə bir qovun gətirmişdilər, kəsib yeyəndə mənə çox təsir etdi. Az qala ağlayacaqdım.
Kabilin heç cür zəbt və rəbt altına alına bilmədiyi (359 b) yazılmışdı. Axırda könül bunda qərar buldu: əgər bir vilayətdə yeddi-səkkiz hakim olsa, ora necə itaətkar və möhkəm olar? Buna görə də böyük bacımı və hərəmləri Hindistana çağırdım.
Kabilin bütün vilayət və qəryələrini xassə mülkü elədim. Hümayun ilə Kamrana da bu xüsusu izah edərək yazdım. Yaxşı bir adam o məktubları mirzələrə götürsün. Bundan əvvəl də bu xüsusa dair mirzələrə məktub yazıb göndərmişdim. Hər halda məlum olmuşdur. İndi o vilayətin idarəsı və abadlığı heç bir bəhanə və maneə qalmadı. Bundan sonra, əgər kurqan möhkəm və xalq razı olmasa, azuqə tapılmasa, ya da xəzinə dolmasa, bu vəziyyətin idarə edənin iqtidarsızlığı üzündən olduğu düşünüləcəkdir. Gərəkli olan bəzi işlər yazılacaqdır. Bəzisi üçün fərman da getmişdir. Bu işlərdən artan para, xəzinəyə yatırılsın.
Gərəkli olan işlər bunlardır: öncə kurqanın təmiri, azuqə, gələn-gedən elçilərin məsrəfləri, caminin tikilməsi üçün pulu maldan alaraq sərf etsinlər. Karvansara və hamamların təmiri, ərkdə Ustad Həsən Əlinin bişmiş kərpiclə tikməyə başlayıb yarımçıq qalan binanın tamamlanması işi (360 a) onun özü ilə danışılıb məsləhətləşərək uyğun bir plan içərisində davam etdirilsin. Ustad Həsən Əlinin çəkdiyi əski layihə uyğunsa, o şəkildə tamamlansın, yoxsa fikir birliyiylə gözəl bir layihə üzrə tikilsin. Elə ki, onun döşəməsi divanxana döşəməsi ilə bir səviyyədə olsun.
Xurd-Kabil bəndi boğazın Xurd-Kabil tərəfinə çıxdığı yerdə Büthaq çayına bağlanmalıdır. Qəznə bəndini təmir edin. Baği-Xiıyabana gəlincə, bu bağın suyu azdır, buraya da bir dəyirman işlədə biləcək qədər suyun tapılıb gətirilməsi lazımdır.
Xoca-Bəstənin cənub-qərb tərəfində Tutum-Dərə çayını bir təpə üstünə gətirtərək oraya hovuz tikib fidanlar əkdirmişdim. Güzərgahın qarşısında yerləşdiyi, gözəl və geniş bir mənzərəsi olduğu üçün oraya Nəzərgah adı verilmişdi. Oraya da gözəl fidanlar əkmək və plan daxilində çəmənliklər yaradıb ətrafına gözəl rəngli, gözəl rayihəli gül və reyhanlar əkmək lazımdır.
Seyid Qasım da köməkçi dəstənin başçısı təyin edildi.
Tüfəngəndazlarla Ustad Məhəmməd Əmin Cəbəçinin əhvalından qafil olmayın.
Bu məktub gələn kimi, dərhal böyük bacımı və hərəmləri yola çıxarıb Nilaba qədər (360 b) qılavuzluq edin. Bu məktub gələn kimi, ən gec bir həftə sonra mütləq yola çıxsınlar. Yoxsa Hindistandan gedən əsgər dar yerdə sıxıntı çəkər, vilayət də xarab olar.
Sonra, Abdullaha [Kitabdar] yazılan məktubda tövbə işindəki uğurlar haqqında çox mübaliğəyə yol verilmişdi. Bu rübai buna bir az engəl oldu.
Mey tərkini qılalı pərişandır mən,
Bilmən qılar işimiyü heyrandır mən,
El bütün peşiman olub tövbə qılar,
Min tövbə qılıb mənü peşimandır mən.
Bənnainin bir nüktəsi xatırimə gəldi. Bir gün Bənnai Əlişir bəyin [Nəvai] hüzurunda bir nüktə edir. Əlişir bəy düyməli bir yelək geyibşmiş. Bu üzdən belə deyir: «Nəğz zərafəti kərdi, çəkmənra midadəm, vəli tügməha nəmemand və mane əst» (Gözəl bir nüktə etdin. Sənə yeləyimi verərdim, amma düymələri buraxmır və mane olur). Bənnai isə belə deyir: «Tügməha çi mane əst, badigəha mane əst» (düymələr mane deyil, ilgəklər manedir).
Vəl üxdətü əlar-ravi (Günahı söyləyənin boynuna). Belə zarafatı məzur görün və tanrı xatirinə, inciməyin.
Sonra, o rübaini keçən il söyləmişdim. Gerçəkdən də bu ötən iki il şərab məclisinə duyduğum arzu və həsrət sonsuz idi. O dərəcədə ki, şəraba duyduğum həsrətdən bəzən ağlamaq həddinə gəlirdim. Bu il, əlhəmdülillah, o sıxıntı könlümdən tamamilə silindi. Hər halda tərcüməni nəzm etməyimin (361 a) isabəti və bərəkətindəndir.
Siz də tövbə edin. Söhbət və şərab həmsöhbət və həmbadə ilə xoşdur ki, söhbət edəsiniz və şərab içəsiniz. Əgər həmsöhbət və həmbadə Şir Əhmədlə Heydərqulu isə bu tövbə o qədər da ağır olmayacaq. Arzuməndliklə salam.
Cümə axşamı günü, cəmadiyülaxır ayının ilk günündə [=10 fevral] yazıldı».
Bu nəsihətamiz sözləri yazdığım zaman mənə fövqəladə təsir etdi. Bu məktubları Şəmsəddin Məhəmmədə təslim edib ağızdan söylənəcək sözləri də söylədikdən sonra cümə gecəsi getməsinə izin verdim.
Cümə günü səkkiz küruh qədər gedib Cüvaməndnaya endik. Kitin-Qara Sultan bir adamını elçi olaraq gələn Kəmaləddin Qıyaq adlı nökərin yanına göndərmiş, sərhəd bəylərinin necə yaşayıb nələr etdikləri haqqında, oğru və quldurlardan şikayət edən bəzi şeylər yazmışdı. Qıyaq da həmin adamı buraya göndərmişdi. Qıyağa gərəkli izin verib sərhəd bəylərinə oğru və quldurları ram etmək, yaxşı yaşamaq və hərəkət etmək barədə fərmanlar göndərdim. Bu fərmanları Kitin-Qara Sultandan gələn adama təslim etdikdən sonra biz bu yurdda ikən onun getməsinə izin verdik.
Həsən Çələbidən Şahqulu adında bir adam gəlib [özbək-qızılbaş] savaşı haqqındakı keyfiyyətini ərz etmişdi. (361 b) Şahqulu vasitəsilə şaha [şahzadə Təhmasib] məktub yazaraq Həsən Çələbinin gecikməsini üzrlü sayıb cümə günü, ayın ikisində [=11 fevral] getməsinə izin verildi.
Şənbə günü səkkiz küruh yürüyüb yenə Kalpi pərgənələrindən olan Kəkura və Çeçavəliyə endik.
Bazar günü, ayın dördündə [=13 fevral] doqquz küruh gedib Kalpi pərgənələrindən olan Didəpur adlı pərgənədə başımı qırxdlm. İki aydan bəri başımı qırxmamışdım. Səngər çayında qüsl etdim.
Bazar ertəsi günü on dörd küruh gedib Kalpi pərgənələrindən Çərkədəyə endik.
Çərşənbə axşamı günü, ayın altısında Qaraçanın hindistanlı bir köləsi Mahım bəyimin Qaraçaya yazdığı fərmanı gətirdi. Mahım gəlirmiş. Mənim əvvəlcə öz əlimlə yazdığım üslubda pərvanə yazıb Lahor, Bxirə və o civardan keçərkən qılavuz istəmişdi. Bu fərmanı cəmadiyüləvvəl ayının yeddisində [=17 yanvar] Kabildən yazmışdır.
Çərşənbə günü yeddi küruh gedilərək Adəmpur pərgənəsinə endik. O gün, dan ağarmadan tək başıma alanıb günorta üstü Cun çayına vardım. Cun sahilindən aşağıya doğru getdim. Adəmpur qarşısına gələndə bir adada ordugahın yaxınlığıında çadırlar qurduraraq məcun yedim.
O gün (362 a) Sadiq ilə Külalı gürəşdirdik. Külal iddiayla gəlmiş və Aqrada güləşmək üçün yorğunluğunu göstərərək iyirmi gün vaxt istəmişdi. Artıq qırx-əlli gün keçmiş olduğu üçün güləşməyə məcbur oldu. Sadiq yaxşı güləşdi və onu çox asanca yerə sərdi. Sadiqə on min təngə, yəhərli bir at, bir dəst paltar və düyməli bir yelək ehsan edildi. Kəlali isə məğlub olmasına baxmayaraq bir dəst paltaryla üç min təngə hədiyyə aldı.
Arabaları və topları gəmilərdən çıxarmağı əmr etdim. Yer düzəldərək, yol çəkərək arabaları və topları çıxarana qədər bu yurdda üç-dörd gün qaldıq.
Bazar ertəsi günü, ayın on ikisində [=21 fevral] on iki küruh gedib Kürrəyə endik. O gün təxti-rəvanla getdim. Kürrədən on iki küruh gedib Kərrə pərgənələrindən Küryəyə endik. Küryədən də səkkiz küruh yürüyərək Saray-Məndaya endik.
Buraya endiyimiz yatsı vaxtında Sultan Cəlaləddin gəlib mülazimət etdi. İki kiçicik oğlunu da özü ilə birlikdə gətirmişdi.
Şənbə günü, ayın on yeddisində [=26 fevral] səkkiz küruh gedib Kərrə pərgənəsindən Qanq sahilində Düydüyüyə endik. Məhəmməd Sultan (362 b) Mirzə, Qasım Hüseyn Sultan, Bixub Sultan və Turdukə biz orada ikən gəldilər.
Bazar ertəsi günü, Əsgəri də bu yurdda ikən gəlib mülazimət etdi. Bu gələnlərin hamısı Qanqın şərq tərəfindən gəlmişdilər. Əsgərinin adamlarıyla birlikdə Qanqın qarşı sahilindən irəliləməsi və ordu harada güşərgə salsa, onların da tam qarşı tərəfdə düşərgə salmaları əmr edildi.
Biz o civarda ikən irəlidən bir-biri ardına xəbərlər gəlirdi: Sultan Mahmudun yanında yüz min əfqan toplaşmışdı. Şeyx Bəyazid ilə Bibəni bir çox əsgərlə birlikdə Sərvar tərəfinə göndərib özü və Fəth xan Sərvani də Qanq sahilini təqib edərək Çünar üzərinə gəlirmiş. Keçən il bir çox pərgənə verərək bu civarda qoyduğumuz Şir xan Sur da əfqanlara qoşulmuşdu. Şir xan ilə digər bir neçə əmiri çayın qarşı tərəfinə keçmişlər. Sultan Cəlaləddinin adamları Benaresi müdafiə etməyərək qaçıb çıxmışlar. Benares kurqanında qüvvə qoyaraq Qanq sahilinə gəlib vuruşacaqlarını söyləyirmişlər.
Düydüyüdən qalxıb altı küruh irəlilədikdən sonra Kərrədən üç-dörd küruh məsafədə yrləşən Küsara endik. Mən gəmiylə gəldim. Sultan (363 a) Cəlaləddinin ziyafəti ilə əlaqədar iki-üç gün bu yurdda qaldıq.
Cümə günü Kərrə qalasının içində Sultan Cəlaləddinin evlərinə endik. Ev sahibi sifəti ilə bizə yemək və təam ikram etdi. Yeməkdən sonra özünə və uşaqlarına tikışsiz libaslar geydirildi. Arzusuna uyğun olaraq böyük oğluna Sultan Mahmud ünvanı verildi.
Kərrədən hərəkət edərək bir küruh qədər irəlilədikdən sonra Qanq sahilinə endik. Orada ikən Mahım bəyim tərəfindən gəlmiş olan Şəhrək bəyə o gün məktub verərək getməsinə izin verdim. Xoca Yəhyanın nəvəsi Xoca Kəlan isə məndən yazmaqda olduğum Vəqayeni istəmişdi. Surətini çıxartdırmışdım, onu da Şəhrək vasitəsilə göndərdim.
Şənbə günü qalxıb dörd küruh gedərək dincəldik. Mən yenə gəmiylə getdim. Enəcək yer yaxın imiş, erkən gəldik. Bir müddət sonra gəminin içində məcun yedik. Xoca Əbdüşşəhid Nur bəyin çadırındaymış, dəvət etdik. Molla Mahmudu da Molla Əlixanın çadırından çağırdıq. Bir müddət oturduqdan sonra gəmi ilə qarşı tərəfə keçib güləşçiləri gürəşdirdik. Dost Yasinxeyrə pəhlivan (363 b) Sadiqlə deyil, digərləri ilə güləşməsi əmr edildi. Qaydaya zidd olmasına baxmayaraq, onun daha qüvvətlilərlə güləşməsi əmr edildi. Səkkiz adamla yaxşı güləşdi.
İkindi çağı Sultan Məhəmməd Bəxşi qayıqla o tərəfdən gəldi və asilərin Sultan Mahmud dediyi Sultan İskəndər oğlu Mahmud xanın məğlubiyyət xəbərini gətirdi. Günorta üstü buradan gedən casus da asilərin məğlubiyyət xəbərini gətirdi. Günorta ilə ikindi arasında gələn Tac xan Sarənghaninin ərzi-halı də casusun xəbərinə uyğundu.
Sultan Məhəmməd gəlib təfsilatı nəql etdi. Düşmən gəlib Çünarı mühasirəyə almış, bir az savaşmış, lakin bizim gəldiyimiz dəqiqləşən kimi oradan getmişdir. Benaresə keçən əfqanlar da təlaşla geri dönüb suyu keçəndə iki gəmi batmış və xeyli adamları boğulmuşdur.
Ertəsi gün altı küruh yürüyərək Piyaq pərgənələrindən Siravəliyə gəldik. Mən gəmiylə gəldim. Çin Teymur Sultan ilə Toxta Buğa Sultan yarı yolda hüzura qəbul edilmək üçün gözləmişdilər. Sultanları da gəmiyə dəvət etdim. Toxta Buğa Sultan yada daşı ilə sehir etmişdi. Şiddətli bir külək qopub yağmur yağmağa başladı. Gözəl bir hava oldu. Bu hava məcun yeməmizə səbəb oldu. Keçən gün məcun yediyimizə baxmayaraq bugün də yedik. Yurda gedib ertəsi gün də orada qaldıq.
Çərşənbə axşamı günü təkrar atlandıq. Ordugahın qarşısında yaşıl və böyük bir ada vardı. Gəmiylə oraya keçib adayı gəzdikdən sonra ilk pəhərdə təkrar gəmiyə girdim.
At üzərində çay kənarında gedərkən bir qayanın üstündən keçdim. At çatlamış qayanın üstünə çıxanda qaya uçdu. Mən dərhal sıçrayaraq özümü kənara atdım. At isə uçmadı. Atın üzərində qalmış olsaydım, çox ehtimal ki, atla birlikdə yuvarlanacaqdıq.
O gün Qanq çayını qulac ataraq keçdim. Hər qulacı saydım, otuz üç qulacla keçdim və orada dincəlmədən geri üzərək təkrar bu tərəfə keçdim. Bütün çaylari üzərək keçmişdim, bircə Qanq çayı qalmışdı.
Axşam üstü Qanq çayının Cun çayı ilə birləşdiyi yerə qədər gedib Piyaq tərəfindən gəmini çəkdirərək ilk pəhərin dördüncü gerisində ordugaha gəldim.
Çərşənbə günü, ikinci pəhərdən etibarən əsgər Cun çayından keçməyə başladı. Dörd yüz iyirmi gəmi vardı.
Cümə günü, rəcəb ayının ilk günü [=11 mart] suyu keçdim.
Bazar ertəsi günü, ayın dördündə [=14 mart] Behara getmək niyyətilə Cun sahilindən hərəkət etdik və beş küruh gedib Ləvayinə endik. Mən gəmiylə getdim. O günə qədər əsgərlər hələ sudan keçirdi. Adəmpurda gəmilərdən çıxarılmış olan zərbzənli arabaları Piyaqda təkrar gəmilərə qoyub gəmiylə gətirmələri əmr edildi.
Endiyimiz yurdda güləşçiləri gürəşdirdik. Pəhlivan Lahori Kəşdiban ilə Dost Yasinxeyr güləşdilər. Xeyli mücadilədən sonra Dost qələbə qazandı. Hərəsinə bir dəst paltar ehsan edildi.
İrəlidə bataklıq və çamurlı pis bir çay varmdı, ona Tus çayı deyirdilər. Keçid aramaq və yol tapmaq üçün burada iki gün qaldıq. Bir az yuxarıda at və dəvələr üçün bir keçid tapıldı. Yüklü arabalar o keçidin uyğun olmayan daşları üzündən keçə bilməzmiş. Yüklü arabaları da (364 a) oradan keçirməyi əmr etdim.
Cümə axşamı günü oradan hərəkət edərək Tus çayının birləşdiyi yerə qədər gəmiylə gəldim. Suyun birləşdiyi yerdə gəmidən çıxıb Tus çayından yuxarıya doğru gedərək ikindi üstü suyu keçib enmiş olan ordugaha gəldim. O gün altı küruh yürüdük. Ertəsi gün orada qaldıq.
Şənbə günü on iki küruh yürüdükdən sonra kəndin yuxarı tərəfinə endik. Oradan da yeddi küruh gedərək Nanupura endik. Biz bu yurdda ikən Çünardan oğullarıyla birlikdə Tac xan gəlib mülazimət etdi. O günlərdə Məhəmməd Bəxşinın ərzi-halı də gəldi: ailə və saray ağırlıqları Kabildən dəqiq olaraq gəlirmiş.
Çərşənbə günü oradan qalxıb Çünar kurqanını gəzdikdən sonra Çünardan bir küruh qədər keçərək endik.
Piyaqdan hərəkət etdiyimiz günlərdə bədənimdə qan çibanı çıxmışdı. Bu yurdda ikən Rumdan gələn bir səyyah yeni kəşf edilən bir tədavi tətbiq etdi. Qarabibəri gil qazanda qaynatdı və yaranı onun isti buxarına tutdum. Buxar azalınca da isti su ilə yudum. Təqribən iki saata qədər dindi.
Yenə biz bu yurdda ikən bir nəfər ordugahın yanındakı adada aslan və kərgədan gördüyünü söylədi. Sabah (364 b) o adayı mühasirə etdik. Fillər də gətirilmişdi. Aslan və kərgədan çıxmadı, çıxa-çıxa bir çöl camışı çıxdı.
O gün şiddətli rüzgar qopdu və toz-torpaq çox iztirab verdi. Gəmiyə minərək ordugaha gəldim.
Ordu Benaresdən iki küruh daha yuxarıya enmişdi. Çünar civarındakı cəngəlliklərdə çox fil varmış. Oraya gedib fil ovlamaq niyyətində idim. Tac xan mənə Mahmud xanın [Ludi] Sun çayının yanında olduğu xəbərini gətirdi. Bəylər dəvət edildi və düşmən üzərinə sürətlə yürümək barədə danışıb məsləhət etdik. Axırda uzun mənzillə və gecikmədən yürümək qərara alındı. Oradan qalxıb doqquz küruh gedərək Bəlvə keçidinə endik.
Burada bazar ertəsi günü axşam, ayın on səkkizində [=28 martl Tahir, Aqraya göndərildi və Kabildən gəlməkdə olanlara xərclik kimi ehsan edilən pulların baratını götürdü.
O gün gəmiylə gəldim. Sabahdan bir az öncə gəmiyə minmişdim. Guy çayının birləşdiyi Cunpur çayına qədər və oradan da Guy çayının bir az yuxarısına gedərək təkrar döndüm. Daracıq bir çay olmasına baxmayaraq (365 a) keçidi yoxdu. O tərəfdəki əsgər gəmi, sal və atla üzərək keçirdi.
Cunpur çayının birləşdiyi yerdən bir küruh daha aşağıya gedib keçən il Cunpura getdiyimiz zaman qaldığımız yurdu gəzdim. Çayın yuxarısından səmt küləyi əsdi. Benqal gəmisinin yelkənini açıb böyük gəmini ona bağladılar və xeyli sürətlə gəldi. Benaresdən bir küruh daha yuxarıya enmiş olan ordugahdan buraya günün iki gerisi qalanda gəldik. Heç bir yerdə durmadan arxamızdan gələn gəmilərin ən sürətlisi isə yatsı vaxtında gəldi.
Moğol bəyə Çünardan başlayaraq hər yürüşdə ölçü ipiylə doğru yolu, Lütfi bəyə isə gəmiyə minəndə çay sahilini ölçməsi əmr edilmişdi. Doğru yol on bir, su sahili də on səkkiz küruh imiş.
Ertəsi gün o yurdda qaldıq. Çərşənbə günü də gəmi ilə Qazipurdan bir küruh daha aşağıya endik. Cümə axşamı günü biz o yurdda ikən Mahmud xan Nuhani gəlib mülazimət etdi. O gün Behar xan Beharinin oğlu Cəlal xan, Nasir xan oğlu Fərid xan, Şir xan Sur, Adil xan Sur və digər bir neçə əfqan əmirinin ərzi-halları (365 b) gəldi.
Eyni gün Əbdüləziz Miraxurun da ərzi-halı gəldi. Lahordan cəmadiyüləvvəl ayının iyirmisində [=29 fevral] yazılmışdı. Bu ərzi-hal yazıldığı gün Kalpi civarından Qaraçanın göndərdiyi hindistanlı bir nökəri də Lahora varmışdı. Əbdüləzizin ərzi-halında bunlar yazılmışdı: Əbdüləziz və digər təyin edilənlər cəmadiyülaxır ayının doqquzunda [=18 fevral] Nilabda ailəni qarşılamağa gedirlər. Əbdüləziz Çanaba qədər birlikdə gəlib oradan ayrılaraq bir az öncə Lahora getmiş və bu ərzi-halı göndərmişdi.
Cümə günü hərəkət etdik. Mən yenə gəmiylə gedib Çüsənin qarşısında keçən il günəşin tutulduğu və oruclu olduğumuz yurdu gəzdikdən sonra təkrar gəmiyə mindim. Məhəmməd Zaman Mirzə də gəmiylə gəldi. Mirzənin təşviqi ilə məcun yedik.
Ordu Kərmnas çayının sahilinə enmişdi. Hindular bu Kərmnas çayından çox çəkinirdilər, ona görə də bunlar bu sudan keçməyərək gəmiyə minib bu suyun qarşısındakı Qanq çayından keçdilər, etiqadlarına görə, bu su insana dəysə, onun ibadəti batil olurmuş. Bu adın verilməsinin səbəbini də buna uyğun şəkildə açıqladılar.
Kərmnas çayının bir az yuxarı tərəfinə gedib təkrar döndükdən sonra Qanqın (366 a) şimal tərəfinə keçdik və suyun sahilində gəmiləri durdurduq. İgidlər bir az əyləndilər və güləşdilər. Saki Möhsün dörd-beş adamla güləşə biləcəyini iddia etdi. Bir adamla güləşdi, az qala yıxılırdi, ikincisi Şadiyandı və Möhsünü yıxdı. Məhcub və mütəəssir oldu. Pəhlivanlar gəlib güləşdilər.
Şənbə günü Kərmnas çayının keçidini aramaq üzrə adam göndərildiyi üçün ilk pəhərə doğru hərəkət etdik. Mən ata minib keçidə doğru bir küruh qədər çayın yuxarı tərəfinə getdim. Keçid uzaq olduğu üçün təkrar geri dönərək gəmiylə endiyimiz yerə gəldim.
Ordu Çusədən bir küruh daha irəlidə düşərgə salmışdı. O gün təkrar qarabibər dərmanı düzəltdim. Bir az isti oldu, bədənim qabardı və çox iztirab çəkdim. İrəlidə bataqlı kiçık bir çay vardı; yol salmaq üçün ertəsi gün də orada qaldıq.
Bazar axşamı Əbdüləziz tərəfindən gələn hindistanlı piyadanın gətirdiyi məktuba cavab yazıb göndərdim. Bazar ertəsi sabahı gəmiylə gəldim. Külək üzündən gəmiləri çəkərək gətirdilər. Keçən il uzun müddət qaldığımız Bəksər önündəki yurdun qarşısına gəlib (366 b) suyu keçərək buranı gəzdim.
Çay sahilinə enmək üçün pillələr düzəldilmişdi, qırxdan artıq, əllidən az olardı. Yalnız üstdəki pillə qalmış, digər pillələri su yuyub aparmışdı.
Gəmiyə minib məcun yedik. Ordugahın bir az yuxarısında bir adada gəmini dayandıraraq pəhlivanları gürəşdirdik. Yatsı vaxtı ordugaha gəldik. Keçən il ordunun endiyi bu yurdda Qanq çayını özüm üzərək keçmişdim. Bəziləri at, bəziləri da dəvə üstündə olduqları halda buraya gələrək gəzmişdik. O gün tiryək qəbul etmişdim.
Çərşənbə axşamı günü Kərimverdi, Məhəmməd Əli Heydər Riqabdar və Baba Şeyx iki yüzə qədər yaxşı igidlə birlikdə düşmənlərdən xəbər bilmək üçün göndərildilər.
Buradan Benqal elçisinə bəhs edilmiş üç maddəni ərz etməsi əmr edildi.
Çərşənbə günü Yunus Əli Behara dair müsbət bəzi şeylər öyrənmək üçün Behardakı Məhəmməd Zaman Mirzənin yanına göndərildi. Bir az süst cavab gətirdi. Behar şeyxzadələrinin adamı ərzi-halla birlikdə Beharı buraxıb çıxdıqları xəbərini gətirmişdi.
Cümə axşamı günü Turdu Məhəmmədlə Məhəmməd Əli Cəng-Cəngə türk və hind əmirlərindən və oxçularından iki minə yaxın adam verildi. Behar əhalisinə (367a) vəd fərmanları yazılıb getmələrinə izin verildi. Xoca Mürşid İraqini də Behar sərkarına divan təyin edib Turdu Məhəmməd ilə birlikdə göndərdik. Ertəsi gün də Məhəmməd Zaman Mirzə Behara getməyi qəbul edərək Şeyx Zeyn və Yunus Əli vasitəsilə bəzi şeylər ərz edib kömək üçün bir dəstə adam istəmişdi. Bəzi igidləri Məhəmməd Zaman Mirzəyə köməkçi təyin edib bəzilərini da xidmətinə verdik.
Şaban ayının birinci şənbə günü [=9 aprel] üç-dörd gündür oturduğumuz bu yurddan hərəkət etdik. Mən o gün ata minib Bucpur ilə Bihiyəni gəzdikdən sonra ordugaha döndüm.
Xəbər bilmək üçün Məhəmməd Əlinin komandanlığında göndərilənlər bir dəstə kafiri məğlub edib Sultan Mahmudun [Ludi] oturduğu yerə varırlar. Sultan Mahmudun iki minə yaxın adamı varmış, bizim avanqardın xəbərini alınca vahiməyə düşmüş və iki filini öldürüb getmişdir. Bir filini də önçüləri ilə qoyubmuş. Bu igidlərdən iyirmiyə yaxın adam önçülərə yetişir, onlar da müqavimət göstərmədən qaçırlar. Bizimkilər bir neçə adamı öldürdükdən sonra birinin başını kəsib, bir-iki adamı da diri olaraq yaxalayıb gətirdilər.
Ertəsi gün hərəkət edib gəmiylə getdim. Bu arada Məhəmməd Zaman Mirzə də çaydan keçdi. Mirzənin keçməsini gözləmək üçün iki-üç gün (367 b) orada qaldıq. Çərşənbə axşamı günü, ayın dördündə, Məhəmməd Zaman Mirzəyə bir dəst xas paltar, kəmərli bir qılınc, cins bir at və şəmsiyyə [çətir] inayət edərək Behar vilayətini ehsan etdim. Behar sərkarından bir kürur iyirmi beş lek xassə mülkü elan edildi, divanlığı da Xoca Mürşid İraqinin öhdəsinə verildi.
Cümə axşamı günü o yurddan gəmiylə hərəkət etdim. Mən gəlincə bütün gəmiləri dayandırdım. Sonra onları üzdürərək səf halında bir-birinə bağlamalarını əmr etdim. Bütün gəmilər yığılmamış olduğu halda çayın genişliyindən çox artıq idi. Bəzi yerin dayaz, bəzisinin dərin, bəzi yerin axıntılı və bəzi yerin də sakit olması üzündən bu şəkildə çox gedilə bilmədi.
Gəmilərin səfində bir timsah görünür. Bir balıq timsahdan qorxaraq elə hündürə sıçrayır ki, bir gəminin içinə düşür, tutub gətirdilər.
Yurda gəldiyim zaman gəmilərə ad qoydum. Aqrada Sanka savaşından bir az öncə tamamlanmış olan əski əməkdar böyük gəmiyə Asayiş adı verildi. Bu il səfərə çıxmadan bir az əvvəl (368 a) Arayiş xan bir gəmi düzəltdirib hədiyyə etmişdi. Bu dəfə ona da bir talvar düzəltdirdim və bu gəmiyə Arayiş adı verildi. Sultan Cəlaləddin də hədiyyə etdiyi gəmiyə bir az böyük bir talvar düzəltdirmişdi, onun üzərinə bir talar da düzəldilməsi əmr edildi. Bu gəmiyə Güncayiş adı verildi. Bir də ön qismi qıvrıq kiçık bir qayıq vardı və hər cür iş üçün o göndərilirdi, bu qayığa da Fərmayiş adı verildi.
Ertəsi sabah cümə günü hərəkət etmədik. Məhəmməd Zaman Mirzə Behara getmək niyyətilə hazırlığını bitirərək ordudan bir-iki küruh aralıda düşərgə salmışdı. O gün gəlib izin aldı.
Benqal əsgərindən iki casus gəlib Məxdum Aləm komandanlığındakı benqaların Qanq çayının sahilini iyirmi dörd hissəyə bölərək sipər qazmaqda olduqlarını, Sultan Məhəmməd komandanlığında olan və ailələrini və köçlərini keçirmək istəyən əfqanları keçməyə qoymayaraq özlərinə qatdıqlarını söylədilər. Bu xəbəri alınca savaş ehtimali olduğu üçün Məhəmməd Zaman Mirzənin getməsinə engəl olduq. Şah İskəndər üç-dörd yüz adamla birlikdə Behara göndərdik.
Şənbə günü Dudunun və onun oğlu (368 b) Cəlal xan Behar xanın adamı gəldi. Benqallar bunları göz bəbəkləri kimi qoruyurlarmış. Mənə qatılmaq üçün benqallarla vuruşub zorla ayrılaraq suyu keçmiş və Behar civarına gəlmişlər. Mülazimət üçün gəlirlərmış.
Həmin gün benqal elçisi İsmayıl Mitaya belə bir əmr verildi: əvvəlcə göndərdiyimiz üç maddənin cavabı gecikir. Onlara yazın ki, əgər səmimi bir şəkildə anlaşmaq istəyirlərsə, bizə tez cavab versinlər.
Bazar günü axşam üstü Turdu Məhəmməd ilə Cəng-Cəngin bir adamı gəldi. Bunların önçüləri çərşənbə günü, şaban ayının beşində [=13 aprel] sabah tezdən bu tərəfdən yaxınlaşınca, Behar şikdarı da digər qapıdan çıxıb qaçmışdı.
Bazar günü o yurddan qalxıb Ari pərgənəsinə endik. Burada ikən Xarid əsgərinin yüz-yüz əlli gəmiylə gəlib Saru ilə Qanqın birləşdiyi yerə, Saru çayının digər sahilinə yerləşdiyi xəbəri çatdı.. Benqallar ilə sülhə bənzər bir şey bağlanmış olduğu için belə işlərdə daima uğurlu sayıldığı üçün sülh yolu tərcih edilmişdir. Ədəbsizlik edərək gəlib yolumun üstündə yerləşmiş olmalarına baxmayaraq əski qaydaya uyaraq və əvvəlki üç sözü söyləyərək Molla Məhəmməd Məzhəb ilə birlikdə benqal elçisi İsmayıl Mitanın (369 a) getməsinə izin verilməsi qərarlaşdırıldı.
Bazar ertəsi günü benqal elçisi mülazimətə gəlmişdi, getməsinə izin verildiyi söylətdirildi və deyildi ki: düşməni dəf etmək üzrə oraya-buraya hərəkət etməkdəyik. Sizlərə aid yer və suya zərər və ziyan dəyməyəcəkdir, necə ki üç şərtin biri də bu idi: Xarid əsgərinə söylə, yolumuzdan çəkilib Xaridə gəlsin. Türkdən bir neçə adamı ona verək. Xarid əhalisinə vədlərdə bulunaraq onları yerlərinə götürsünlər. Keçid üzərindən getməz və bu qəribə iddiadan vaz keçməzlərsə başlarına gələcək hər yamanlığı və önlərinə çıxacaq hər bəlanı özlərindən və sözlərindən bilsinlər.
Çərşənbə günü, adət olduğu üzrə, benqal elçisi İsmayıl Mitaya bir xələt geydirilərək ehsanlarla getməsinə izin verildi.
Cümə axşamı günü Şeyx Camal da vəd fərmanları və inayət sözləri ilə Dudu ilə oğlu Cəlal xanın yanına göndərildi. O gün Mahım bəyimin adamı gəldi, o, Baği-Səfanın digər tərəfindən məktublar gətirdi.
Şənbə günü İraq elçisi Murad Qurçu Qacarı qəbul etdim.
Bazar günü, adət olduğu üzrə, Molla Məhəmməd Məzhəbə hədiyyələr təqdim edilərək getməsinə izin verildi.
Bazar ertəsi günü Xəlifə (369 b) ilə bəzi bəylər çayın keçilə biləcək yerini təsbit etməyə göndərildi. Çərşənbə günü Xəlifə iki suyun arasındakı bölgəni tədqiq etməsi üçün təkrar göndərildi.
Cənub tərəfdə Ari pərgənəsinin yaxınlığında yerləşən nilufər çiçəkliyini gəzməyə getdim. Gəzinti əsnasında Şeyx Gürən nilufərin təzə toxumlarından gətirdi. Fıstığa çox bənzəyir və olduqca gözəl bir şeydir. Onun çiçəyinə, yəni nilufərə hindistanlılar kəvəl-kəkri, toxumuna isə dudə deyirlər.
Sunun oradan yaxın olduğunu söylədilər, gedib seyr etdik. Sun çayının aşağı tərəfində çoxlu ağac gördüm. Oranın Münir olduğunu və Şeyx Şərafəddin Münirinin atası Şeyx Yəhyanın məzarının orada olduğunu söylədilər. Bu qədər yaxınına gəlmiş olduğumuz üçün Sunu keçərək, Sundan aşağı iki-üç küruh gedib Müniri seyr etdik və bağlarının arasından keçib məzarı ziyarət etdikdən sonra Sun sahilinə gəlib qüsl etdik və günorta namazını da bir az erkən qılıb ordugaha doğru hərəkət etdik.
Atlar kök olduğu üçün bir neçə at geridə qaldı, bir neçə at isə yorulmuşdu. Bir neçə adamı orada qoyub xəstələnən atları yığaraq su və yem verib yavaş-yavaş gətirmələrini əmr etdim. Əks təqdirdə, bir çox at tələf olardı.
Münirdən dönərkən, bir adama Sunun sahilindən ordugaha qədər atının hər addımını saymasını tapşırdım. İyirmi üç min yüz (370 a) addım saymış ki, bu da qırx altı min iki yüz qədəm, yaxud on bir yarım küruh edir. Münirdən Suna da yarım küruh qədər olar. Dönüşdə beləcə on iki küruh qət etmiş olduq. Gedərkən hər tərəf seyr edilərək gedildiyi üçün on beş-on altı küruh qədər olmuşdur. Bu surətlə o gün otuz küruha yaxın gəzdik. Gecənin ilk pəhərindən altı geri keçəndə ordugaha gəldik.
Ertəsi cümə axşamı günü Cunpurdan Sultan Cüneyd Barlas ilə Cunpurdakı igidlər gəldilər. Gecikdikləri üçün onları bir az danlayaraq görüşmədim. Qazı Ciyayı çağırıb söhbət etdim.
Dostları ilə paylaş: |