ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə31/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   27   28   29   30   31   32   33   34   ...   94
Zelimxan Yaqub-Seirler-2022

BORÇALI DEYİLƏN
Adəmdimi, Həvvadımı, Nuhdumu,
Ürəkdimi, nəfəsdimi, ruhdumu,
Ağrıdımı, acıdımı, ahdımı,
Kimdi günü göy əsgiyə düyülən?
Nəymiş Allah, bu Borçalı deyilən?!
Neçə dəfə dəyişdilər adını,
Bircə dəfə dəyişmədi dadını.
Dosta verdi ürəyinin odunu,
Dost dilində əzizlənən, öyülən
Nəymiş Allah, bu Borçalı deyilən?!
Zəhərdimi, şəkərdimi, baldımı,
Sığaldımı, naxışdımı, xaldımı,
Dillidimi, dilsizdimi, laldımı,
Təhqir olan, yad dilində söyülən –
Nəymiş Allah, bu Borçalı deyilən?!
Palıd kimi tufanlarla öc olan,
Qüvvət kimi qolumuzda güc olan,
Papaq kimi başımızda tac olan,
Zireh kimi əynimizə geyilən
Nəymiş Allah, bu Borçalı deyilən?!
Təbriz kimi həmi yaxın, həmi yad,
Dərbənd kimi həmi qəmli, həmi şad,
Göyçə kimi harayına yox imdad,
Haqqı-sayı tikə-tikə yeyilən –
Nəymiş Allah, bu Borçalı deyilən?!
Sayagəlməz qayğılarla yüklənən,
Telli sazı qəm üstündə köklənən,
Yağıların meydanında təklənən,
Bədbəxtliyi görkəmindən duyulan –
Nəymiş Allah, bu Borçalı deyilən?!
Yaddan çıxıb yaxşılığı, yeyliyi,
Əldən gedib sultanlığı, bəyliyi.


___________________Milli Kitabxana__________________
75
Götürəmmir gədəliyi, səyliyi,
Düşmənidi düşmənlərə əyilən –
Nəymiş Allah, bu Borçalı deyilən?!
İçimizdən qalxan ahmı günahkar,
Adil şahmı, Nadir şahmı günahkar,
Yüz bəndəmi, bir Allahmı günahkar,
Heç bilmirəm kimdi döyən, döyülən –
Nəymiş Allah, bu Borçalı deyilən?!
Aranında əl-ayağı kəsilən,
Yaylağında bəndi-bağı kəsilən,
Bir gün sağı, bir gün solu kəsilən,
Damar-damar dabanından soyulan –
Nəymiş Allah, bu Borçalı deyilən?!
Loğma-loğma yad ağzına atılan,
Parça-parça satqınlara satılan,
Qarış-qarış özgələrə qatılan,
Unudulan, sol əl ilə tutulan,
Yolu-izi göz yaşıyla yuyulan –
Nəymiş Allah, bu Borçalı deyilən?!
Həsrətinə kim batmaya, kim bata,
Harayına kim çatmaya, kim çata,
Qovğasında kim ayıla, kim yata,
Yatan bilmir nələr çəkib ayılan –
Nəymiş Allah, bu Borçalı deyilən?!
Övladını kişi gördüm, mərd gördüm,
Mərdlərində dağlar boyda dərd gördüm,
Dərd çəkəni qaya kimi sərt gördüm,
Aman Allah! Nə bəlalı yurd gördüm,
Buymuş Allah, bu Borçalı deyilən!!!
Yaralan göz-göz olan, sulanan,
Duru gözü çalxalanan, bulanan
Suymuş Allah, bu Borçalı deyilən,
Buymuş Allah, bu Borçalı deyilən!!!


___________________Milli Kitabxana__________________
76
KƏRKÜK
Bu gün sənin taleyini
düşünürəm,
Ağır gündə üstünü
od alan Kərkük.
Öndə qatil, sağda düşmən,
solda yağı,
Yurd-yuvası, el-obası
talan Kərkük.
Dərdlərini zirvələrə
tən bilirəm,
Əzabını saçlarıma
dən bilirəm.
Borçalıyam, nə çəkirəm,
mən bilirəm,
Borçalıtək könül bağı
talan Kərkük.
Beş yüz ildi Boyat səndə,
Nəsim səndə,
Məndən qopan ruhum səndə,
səsim səndə.
Gəl qovuşaq, qurbanımı
kəsim səndə,
Bəd xəbərlər yalan olsun,
yalan, Kərkük.
Əvvəlkitək vuran əlim
yoxdu hələ,
Qılınc çəkib, coşan dəlim
yoxdu hələ.
Fateh yoxdu, Sultan Səlim
yoxdu hələ,
Gözlə görək, gözü yolda
qalan Kərkük.


___________________Milli Kitabxana__________________
77
Harda zor var,
orda xəbis barmağı var,
Harda şər var,
orda iblis barmağı var,
Taleyində bir
"ingilis barmağı" var
Qismətini qızıl ilan
çalan Kərkük.
Qarabağ da Ərbil, Məsul
talelidi,
Ruhu girov, özü yoxsul
talelidi,
Əzilənin taleyi qul
taleyidi,
Yıxdı səni filan oğlu
filan, Kərkük.
Dönə-dönə sındırıblar
inadını,
Uça bilmir, tale qırıb
qanadını.
Məkkə bilib öz adını,
soyadını,
Namazını türkə sarı
qılan Kərkük.
Cəllad deyək, yağı deyək
bəxtimizə,
Ömrün qara çağı deyək
bəxtimizə,
Layla çalaq, ağı deyək
bəxtimizə,
Sən anam ol, mən də sənin
balan, Kərkük.
16 mart 2003


___________________Milli Kitabxana__________________
78

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin