___________________Milli Kitabxana__________________
266
Şırıl-şırıl axdı su,
Yandırdı su, yaxdı su!
Samovar cızıldadı köz üstə kabab kimi,
Dünya əzab görməyib
Mənim xalqım çəkdiyi dərd kimi, əzab kimi!
Bu qaynar sudan betər
Düşmənin baxışları aşığı yandırırdı,
Rəzilliyin dəhşəti ağanı dondururdu.
Ovu vaxtında vurdu, keçirmədi bərədən,
Yağılar ləzzət aldı bu qanlı mənzərədən.
Yandıran şirin-şirin
Yanana baxa-baxa, "aşıq, oxu" deyirdi,
"Sənin payına düşsün dərdin çoxu" deyirdi.
İliyinə, qanına od yeriyə-yeriyə,
Qan tökülə-tökülə, piy əriyə-əriyə
Oxudu Aşıq Nəcəf!
Amma yaman oxudu!
Yaralı durna kimi
Dağda duman oxudu!
Oxudu Aşıq Nəcəf, oddan, közdən oxudu,
Hər nəyi oxudusa, ancaq bizdən oxudu!
Yerə-göyə sığmayan dərdimizdən oxudu!
Ay amandı,
Xalların nə yamandı.
Namərd mərdə güc gəlir,
Qoymayın, ay amandı!
Nə bağışlar,
Dost dosta nə bağışlar?
Başım cəllad əlində:
Nə kəsər, nə bağışlar!
Məni bu dərdə qoyma,
Yurdu namərdə qoyma.
Varsansa, ulu Tanrı,
Qanımı yerdə qoyma!
___________________Milli Kitabxana__________________
267
Əzizinəm, odumu,
Dağdan gələn odumu.
Su od söndürən olur,
Su yandırdı odumu.
Əzizinəm, yüz yalvar,
Əlli bələn, yüz yal var.
Namərd imdada yetməz,
Tut ətəyin, yüz yalvar!
Qala yerdə,
Bürc yerdə, qala yerdə.
Qorxuram qərib öləm,
Cənazəm qala yerdə.
Göyçəli Səməd ağa
Dözəmmədi bu zülmə, dözəmmədi bu dağa!
Dözəmmədi aşığın bu yanıqlı səsinə,
Dözəmmədi düşmənin bu qəfil zərbəsinə.
Ağa heç gözləmirdi
Qarşısında dayanan bu qədər qansız ola,
Allahını unuda, dinsiz, imansız ola.
Ağanı da vurdular,
Ruhunu təhqir edib, qəlbini susdurdular!
Axır ki, üzə çıxdı müxənnətin paxırı,
Bu da barışıq günü, bu da işin axırı!
O zamandan Göyçənin dərdi birə on oldu,
Axırına çıxdılar, axır oldu, son oldu!
Qaya-qaya yardılar! Damar-damar qırdılar!
Qurtum-qurtum sordular! Yorta-yorta yordular!
Xıncım-xıncım əzdilər!
Qıyma-qıyma kəsdilər!
Loğma-loğma uddular!
Qarış-qarış tutdular!!!
___________________Milli Kitabxana__________________
268
ÇƏKİLMƏZ DƏRD
Qazan altda köz qoydular, ocaq çatdılar,
Bu qazanı qaynatdılar daşana qədər.
Qovan qovdu, əməlindən ol götürmədi,
Qaçan qaçdı, yeddi bələn aşana qədər.
Düşmən deyən doğru çıxdı, yalan olmadı,
Heç bir şəhər könlüm kimi talan olmadı.
Bu daşqının qarşısını alan olmadı,
Bir çay kimi havalanıb daşana qədər.
Bu meydanda duruş tapıb durmaq olardı,
Xəyanətin sədlərini yarmaq olardı.
İnadkarın inadını qırmaq olardı,
Düz yolunu əyri gedib çaşana qədər.
Soyuq-soyuq baxışları görənlər
Yavaş-yavaş əkilməyə başladı.
Rahatlığı əlimizdən aldılar,
Yuxu gözdən çəkilməyə başladı.
Göz oxşayan yaşılıydı, alıydı,
Bərəkəti-pətəyiydi, balıydı.
Gözəl Göyçə min naxışlı xalıydı,
İlmə-ilmə sökülməyə başladı.
Qara gəldi hər həftəsi, hər ayı,
Yer titrətdi könüllərin harayı.
Rahatlığın, xoşbəxtliyin sarayı
Kərpic-kərpic sökülməyə başladı.
Köç yolunda oğul itdi, ər itdi,
Zaman çox-çox ağlayanı kiritdi.
Qara tale insanları əritdi,
Palıd qəddi bükülməyə başladı.
___________________Milli Kitabxana__________________
269
Al yanağın alı getdi,
Bal dodağın balı getdi.
Qaçaqaçda, köçəköçdə
Köhlənlərin nah getdi.
Bəxtimizə gör nə düşüb gözümüzü açanda,
Sərt yoxuşlar, sərt döngələr, aşırımlar, bələnlər.
Öz evindən ayrı düşmək ölümdən də betərmiş,
Duyar məni doğma yurdun qiymətini bilənlər.
Ələ fürsət keçən kimi düşmən qansız olurmuş,
İtirib insafı, dini, lap imansız olurmuş.
Birdən-birə qalxan tufan çox amansız olurmuş,
Ağlımıza heç gəlməzdi başımıza gələnlər.
Ayrılanda nalə qopdu neçə qızdan, qadından,
Hamı daddı ayrılığın ləzzətindən, dadından.
Zaman-zaman çıxan deyil heç bir kəsin yadından
Oğul, uşaq, qoca, cavan, yarıyolda ölənlər.
Dərk edəndə dərdlərimi, gördüm dağdan yekəymiş,
Fil dərdini insanlar yox, gərək fillər çəkəymiş.
Aman Allah! Mənim yurdum gör, nə yağlı tikəymiş,
Baxıb-baxıb ləzzət alır böldürənlər, bölənlər!
Qaynar bulaq, sularından içəllər,
içəni biz olmarıq!
Qədim körpü, sinən üstdən keçəllər,
keçəni biz olmarıq!
Göy biçənək, payız səni biçəllər,
biçəni biz olmarıq!
Yay gələndə göy yaylağa köçəllər,
köçəni biz olmarıq!
Dağ ətəyi, səndə süfrə sərəllər,
sərəni biz olmarıq!
Yaşıl çəmən, səndə çiçək dərəllər,
dərəni biz olmarıq!
___________________Milli Kitabxana__________________
270
Çeşmə başı, sənə könül verəllər,
verəni biz olmarıq!
Ulu Göyçə! Səndə ömür sürəllər,
sürəni biz olmarıq!
Dünyaya fufan gələr,
Yandıran kim olsa da,
Yananı biz olarıq!
Dünyaya hicran gələr,
Donduran kim olsa da,
Donanı biz olarıq!
Dünyaya vulkan gələr,
Odunda, alovunda
Qaynayan biz olarıq!
Dünyaya heyvan gələr,
Buynuzunun ucunda
Oynayan biz olarıq!
Heç bilmədik yerdən gəldi, göydən gəldi,
Qardaş, tufan birdən gəldi.
Dünya xeyrə qurşananda
Bizimki də şərdən gəldi!
Müxənnətlər, qəlbidarlar
Yeridilər, yüyürdülər, tərlədilər,
Göydəndüşmə tarixləri, saxta-saxta kağızları
O tərəfə, bu tərəfə çevirdilər, hərlədilər.
Axır bizi tora salıb,
Axır bizi şərə salıb şərlədilər!
Mənim zəif damarımı tapdı düşmən,
Azərbaycan torpağını
Parça-parça qazdı, tökdü,
Qaya-qaya çapdı düşmən!
Eraların arxasından
Baş qaldıran mənəm! - dedi.
Torpaq əkən, saray tikən,
Daş qaldıran mənəm! - dedi.
Yer üzündə on birinci dövlət mənim dövlətimdi,
___________________Milli Kitabxana__________________
271
Bu dənizdən o dənizə şöhrət mənim şöhrətimdi.
Onun-bunun tarixini oğurladı oğru kimi,
Yalanları daşa yazdı
Gerçək kimi, doğru kimi!
Gündə bir əl pəhləvanı,
Gündə bir dil pəhləvanı,
Başa keçdi, taxta çıxdı.
Hər gələnin havasıyla
Təzə tarix yazdırdılar,
Ancaq yenə saxta çıxdı!
Bu bədxahlar bilmədi ki,
Bəmi çəkib zil eləmək tarix deyil!
Onun-bunun gözlərinə kül ələmək tarix deyil!
Tarix - xalqın kökündədir, zatındadır,
Tarix - xalqın açılmamış neçə-neçə qatındadır!
Tarix - xalqın yaşatdığı həqiqətdə, doğrudadır!
Tarix - xalqın yaşadığı əzabdadır, ağrıdadır!
Yaman qonşu!
Ayağımın altını qaz!
Tariximi tərsinə yaz!
Ancaq bil ki, bizə doğru tuşladığın silahları
Tarix sənə bağışlamaz!
Əl sınanda əlacı var,
Qol sınanda, bel sınanda əlacı var,
Vay o gündən ürək sına,
Qəlbi, ruhu kövrək sına!
Qəlbimizi yaman qırdın.
Daş sevərik, quş sevərik,
İt sevərik, qurd sevərik,
Yer sevərik, yurd sevərik,
Sənə sevgi bəsləmərik!
Xeyrə, şərə, toya, yasa bir gedərdik,
Daha səni çağırmarıq, daha səni səsləmərik.
Daha bizi çağırmağa üzün gəlməz,
Daha bizi səsləməyə dilin yoxdu.
Şər ocağı qalamısan,
Xeyir işdə izin yoxdu, əlin yoxdu!
Qocaları, uşaqları,
Yaşadığı doğma yurddan birdəfəlik ayırand;
Allahını unudanda, qılıncını sıyıranda,
Bilmədinmi səni tutar xalqın ahı?
___________________Milli Kitabxana__________________
272
İnnən belə dağ çayları min il axa,
Bulud dola, şimşək çaxa,
Gümüş göllər dalğalana, ləpələnə,
Gur yağışlar gen düzlərə səpələnə,
Yuya bilməz sən tutduğun bu günahı!
Dostları ilə paylaş: |