Uşaqların ilk üçillik həyatının əhəmiyyəti
Uşaq həyatının ilk üç ili çox əhəmiyyətli başlanğıc hesab olunur. Bu dövrdə uşaqlar ailənin və valideynlərin xüsusi qayğısına ehtiyaclıdırlar. Valideyn və ekspertlər uzun illər öncə belə nəticəyə gəlmişlər ki, uşağın ilk üç ildə öyrəndikləri onun yeniyetməlik və hətta cavanlıq dövründəki müvəffəqiyyətinin təməli sayılır. Heç şübhəsiz, valideynlərin qayğısı altında və mühitin hərtərəfli nəzarəti ilə böyüyən uşaqlar, valideyn diqqətindən məhrum olub, qeyri-münasib mühitlərdə böyüyən uşaqlarla müqayisədə daha yaxşı qavrayış qabiliyyətinə malikdirlər. Son elmi nailiyyətlər bunları təsdiqləyir. Tədqiqatçılar yeni və güclü təhsil imkanlarından, xüsusən də uşaqların beyninin şəklinin çəkilməsindən istifadə edərək onların beyin inkişafını daha artıq diqqətlə öyrənə bilmişlər. Bu tədqiqatların səmərəsi olan beş önəmli məsələ uşaqların valideyninə öyrədilməli və bununla da onların sağlam həyata başlamaları üçün lazım olan mühitin yaradılmasına kömək göstərilməlidir:
1. Uşağın doğuşdan öncə və həyatının birinci ilindəki beyin inkişafı bizim əvvəllər bildiyimizdən daha sürətli və daha genişdir;
2. Uşaq beyninin inkişafı yaşadığı mühitin təsirlərinə sıx bağlıdır;
3. İlk mühitlərin təsiri uzun illər uşağın beyin inkişafına təsir buraxır;
4. Mühitin təsirləri təkcə beyin hüceyrələrinin və onların arasındakı əlaqələrin sayında yox, hətta bu əlaqələrin növündə də özünü göstərir;
5. Yeni tibbi dəlillərə görə, uşaq ömrünün əvəllərindəki stresslər onun beyin fəaliyyətlərinə mənfi təsir göstərir.
Bu risklər keçmişdəkindən daha aydın görünür. Münasib olmayan bir mühit uşaq beyninin funksiyasını və ümumi inkişafını təhlükə altına ala bilər. Nəticədə uşaq fiziki rəftar və düşüncə baxımından problemlər kütləsi qarşısında daha artıq təhlükəyə düşür. Bəzən onun təsirlərini aradan qaldırmaq mümkün olmur. Amma bunun müqabilində, uşağın düzgün inkişafı üçün yaranan şərait də çox önəmli ola bilər. Həyatın əvvəllərindəki yaxşı başlanğıc qavrayışın güclənməsinə və yuxarıda deyilən mənfi təsirlərin qarşısını almağa yardımçı olur. Əlbəttə, beyin inkişafı uşaqların inkişafına təsir göstərən və onların gələcəkdəki təhsil uğurlarına təminat verən amillərin yalnız biridir. Düzgün qidalanmaq, qayğıkeş ailə tərbiyəsi və sair bu kimi faktorlar kompleksi daha yaxşı nəticələr əldə etmək üçün kömək göstərir. Tədqiqatçılar bu faktorları aşağıdakı üç ümumi qrupa bölürlər:
1. Körpənin vəziyyətilə bağlı valideynə aid olan amillər, məsələn, doğuş zamanı körpənin münasib çəkidə olması və s.;
2. Övladın tərbiyəsində bir, yaxud iki etimadlı böyüyün iştirakı olan ailədəki düzgün nəzarət, uşağın inkişafına və tərbiyəsinə kömək göstərir;
3. İctimai dəstəklər, məsələn, təhlükəsiz və vətəndaş hüquqlarının riayət olunduğu bir cəmiyyətdə yaşamaq və s.
Bu amillər toplusu uşaqların inkişafının istiqamətləndirilməsində mühüm rol oynayır. Onlar ailənin iqtisadi səviyyəsi, ailədaxili münasibətlər, valideynin və uşağın düzgün qidalanması və sair bu kimi amillərlə birgə uşaqların düşüncə və fiziki inkişafına münasib şərait yaradır.
Dostları ilə paylaş: |