6
№-li PALATA
I
Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə
bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su
novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və
qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin
qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən,
üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı
sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana
tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi.
Əgər gicitkənin dalayıb yandırmasından qorxmusunuzsa, gəlin dar
cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə
giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-töküntüsü
atılmışdır. Döşəklər, köhnə cırıq xalatlar, heç nəyə yaramayan göy
zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş,
qarışdırılmışdır, bu şeylər çürüyür və ətrafa pis qoxu yayır.
Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə
uzanırdı; bu, istefaya çıxmış köhnə bir soldat idi, paltarına tikilmiş
baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun
itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı,
lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər
şeydən çox sevən və ona görə də bunları döyməyin zəruri olduğunu
inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. O,
adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki,
bunsuz burada qayda ola bilməz.
Sonra, dəhliz hesab edilməzsə, bütün fligeli tutan böyük, geniş bir
otağa girirsiniz. Otağın divarları çirkli abı rəngə boyanmış, tavanı his
çəkmişdir, yəqin qış vaxtı burada peçlər his verir və otaqda dəm olur.
İçəridən çəkilmiş barmaqlıqlar pəncərələri eybəcər bir şəklə salmışdır.
Döşəmə bozarmış və köhnəlmişdir. Otaqdan turş kələm, əsgi yanığı,
taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir
bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz.
Otaqda döşəməyə vintlənmiş çarpayılar vardı. Bu çarpayılarda göy
xəstəxana xalatı geymiş və başlarına qədim modalı qalpaq qoymuş
adamlar oturur və yatırdılar. Bunlar dəli idilər.
Cəmisi beş nəfər idi. Bunlardan yalnız biri adlı-sanlı idi, qalanları
isə adi meşşanlar idi. Qapıdan birinci olan ucaboy, arıq, sarı bığları
parıldayan, ağlar gözlü meşşan, başını ovuclarına dayayıb, gözlərini bir
nöqtəyə zilləmişdi. Bu kişi gecə-gündüz dərdə-qüssəyə qapılır, başını
yırğalayır, ah çəkir və acı təbəssümlə gülümsəyirdi, söhbətdə az-az
iştirak edir, suallara adətən cavab vermirdi. Yeməyi-içməyi də qeyri-
ixtiyari idi: nə vaxt təklif etsələr; palatada bu pəncərədən o
pəncərəyədək gəzişir və yanaqlarındakı qırmızılıq onun vərəm
xəstəliyinə tutulduğunu göstərirdi.
Onun o tayındakı çarpayıda alçaq boylu, zirək, xeyli oynaq bir qoca
uzanmışdı, onun keçi saqqalı, zənci saçları kimi qara, qıvırcıq saçları
vardı. Gündüzlər palatada bu pəncərədən o pəncərəyədək gəzinir, öz
yatağında bardaş qurub oturur, şaqraq quşu kimi fit çalır, yavaşca
oxuyur və hırıldayırdı. Gecələr Allaha daha yaxşı ibadət eləmək üçün,
yəni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq
üçün duranda, uşaq kimi şən və qıvraq olurdu. Bu, yəhudi Moyseyko
idi, iyirmi il bundan əvvəl onun papaqçı dükanı yanan zaman başına
hava gəlmişdi.
6№-li palata sakinlərindən yalnız ona fligeldən və hətta xəstəxana
həyətindən küçəyə çıxmağa izn verilirdi. Xəstəxanada uzun müddət
qaldığına və dinc, zərərsiz bir dəli, bir şəhər təlxəyi olduğuna görə
çoxdan bəri bu imtiyazdan istifadə edirdi, onu daima şəhərin
küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət
etmişdilər. Əynində xalat, başında məzəli bir qalpaq və ayağına tuflu,
bəzən də ayaqyalın və hətta tumançaq küçələri dolaşır, darvaza və
dükanların qarşısında durur və dilənirdi. Bir yerdə ona kvas, başqa bir
yerdə çörək, üçüncü bir yerdə pul verirdilər, beləliklə, fligelə həmişə
tox və pullu qayıdırdı.Gətirdiklərinin hamısını Nikita əlindən alırdı.
Soldat bu hərəkəti çox kobud və qəsdən edərək, yazığın ciblərini çevirir
və Allaha and içirdi ki, bundan sonra cuhudu bir daha küçəyə
buraxmayacaqdır, çünki qanunsuzluq ondan ötrü hər şeydən pisdir.
Moyseyka qulluq göstərməyi sevirdi. Yoldaşlarına su verir,
yatdıqları zaman üstlərini örtür, hərəsinə küçədən bir qəpik pul
gətirməyi və təzə tikdirməyi vəd edirdi, sol tərəfindəki iflic qonşusuna
qaşıqla xörək yedirirdi. Bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya
insanpərvər duyğular xatirinə deyil, yalnız sağ tərəfindəki qonşusu
Qromovu təqlid edərək qeyri-ixtiyari ona tabe olduğu üçün edirdi.
Otuz üç yaşlı İvan Dmitriç Qromov keçmişdə məhkəmə pristavı,
quberniya katibi olmuşdu, nəciblərdəndi, təqib olunma xəstəliyinə
tutulmuşdu. O, gah yumaq kimi yumurlayıd yataqda uzanır, gah da
sanki hərəkət etmək məqsədilə, otaqda o küncdən-bu küncə gəzinirdi. O,
həmişə məchul, anlaşılmaz bir intizarla həyəcanlı və gərgin bir
vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışıltı və ya həyətdə bir səs eşitdimi,
tez başını qaldırıb diqqətlə dinləməyə başlardı: onun dalınca gəlmişlər?
Onumu axtarırlar? Bu zaman sifətində böyük bir təşviş və ikrah hissi
oxunurdu.
Onun mübarizədən və uzun müddət davam edən qorxudan əzab
çəkmiş ruhunu ayna kimi əks etdirən enli sümüklü, həmişə solğun və
bədbəxt ifadəli üzü mənim xoşuma gəlirdi. Üzündə qəribə və xəstə bir
ifadə vardı. Lakin çöhrəsində dərin və səmimi iztirabdan əmələ gələn
incə cizgilər ağıl və mərifətə dəlalət edirdi, gözlərində qaynar bir parıltı
vardı. O, mehriban və xidmət göstərən adam olduğu və Nikitadan başqa
hamı ilə gözəl rəftar etdiyi üçün mənim xoşuma gəlirdi. Xəstələrdən
biri yerə düymə, ya qaşıq salanda, cəld yerindən sıçrayır, yerə düşmüş
şeyi qaldırıb yiyəsinə verirdi. Hər səhər yoldaşlarına “sabahınız xeyir
olsun”, yatanda isə “gecəniz xeyrə qalsın” deyərdi.
Həmişə gərgin vəziyyətdə olmaqdan və üz-gözünü turşutmaqdan
başqa, onun dəliliyi bir də bundan ibarətdi: bəzən axşamlar öz xalatına
bərk-bərk bürünür, bütün bədəni ilə əsir, dişləri bir-birinə dəyir,
çarpayıların arası ilə o küncdən-bu küncə gəzinirdi. Bu zaman o,
titrəmə-qızdırma tutmuş adama oxşayırdı. Gəzərkən birdən-birə
dayandığından və yoldaşlarına baxdığından mühüm bir şey demək
istədiyi anlaşılırdı, lakin yəqin, onu dinləməyəcəklərini və ya
anlamayacaqlarını fikirləşib, səbirsizliklə başını yırğalayır və
gəzinməsində davam edirdi. Amma danışmaq arzusu tezliklə hər cür
mülahizələrə qalib gəlirdi və iradəsini toplayıb odlu-odlu danışmağa
başlayırdı. O, sayıqlayan adam kimi hərarətlə danışırdı, sözləri qarışıq
və çox zaman anlaşılmaz olurdu, lakin gözlərində də, səsində də son
dərəcə gözəl bir ifadə duyulurdu. O, danışanda onu bir dəli, bir insan
kimi tanımağa başlayırsınız. Onun dəlilərə məxsus qızğın nitqini
kağızda əks etdirmək çətin işdir. O, adamların alçaqlığından, haqqı
tapdalayan zülmdən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan,
hər dəqiqə ona zalımların kütlüyünü və amansızlığını andıran pəncərə
barmaqlıqlarından danışırdı. Beləliklə, köhnə, lakin hələ oxunub
qurtarmamış mahnılardan qarışıq, pozuq bir popurri əmələ gəlirdi.
II
On iki-on beş il bundan əvvəl şəhərin baş küçəsində tikilmiş öz
evində Qromov adlı ağır-səngin və varlı bir məmur yaşayırdı. Onun
Sergey və İvan adlı iki oğlu vardı. Sergey dördüncü kurs tələbəsi
olduğu zaman vərəm xəstəliyinə tutulub ölmüşdü; bu ölüm ailəsində
birdən-birə dolu kimi yağan bir sıra bədbəxtliklərin başlanğıcı oldu.
Sergeyin dəfnindən bir həftə sonra qoca atası saxtakarlıq və israf
üstündə məhkəməyə verildi və çox keçmədən həbsxana xəstəxanasında
yatalaqdan öldü. Ev və bütün əmlak müzaidə ilə satıldı və İvan Dmitriç
ailəsi ilə bərabər evsiz qaldılar.
Qabaqlar,
İvan
Dmitriç
atasının
sağlığında
Peterburq
Universitetində oxuyarkən atasından ayda altmış-yetmiş manat xərclik
alardı. İndi isə öz həyatını tamamilə dəyişməyə məcbur olmuşdu. Səhər
tezdən gecə yarısınadək az bir muzdla dərs verməli, ona-buna cürbəcür
ərizə yazmalı olduğu üçün yenə ac-yalavac dolanırdı, çünki
qazandığının hamısını anasına göndərirdi. Nəhayət, İvan Dmitriç belə
ağır yaşayışa davam gətirmədi: ruhdan düşüb xəstələndi və universiteti
atıb evə qayıtdı. Şəhərdə qəza məktəbinə müəllimliyə girdi, lakin
yoldaşları ilə yola getmədiyindən və şagirdlərin xoşuna gəlmədiyindən,
tez bir zamanda müəllimliyi buraxdı. Bir azdan sonra anası da öldü.
İvan Dmitriç altı ayadək işsiz qalıb yavan çörək və su ilə dolanmağa
məcbur oldu, sonra məhkəmə pristavı vəzifəsinə girdi. Xəstəliyinə görə
qulluqdan çıxarılanadək bu vəzifədə qaldı.
O heç vaxt, hətta tələbəlik illərində belə sağlam adama oxşamırdı.
Həmişə rəngi sarı, bədəni arıq idi, tez-tez soyuqlayır, az yeyir, pis
yatırdı. Bircə qədəh çaxırdan başı gicəllənir və özündən gedirdi.
Adamlara böyük meyl göstərirdi, lakin xasiyyətinin tündlüyü və
vasvasılığı üzündən, heç kəslə isinişə bilmirdi, bu səbəbə görə özünə
dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı, dediyinə görə,
onların kobud nadanlığı və heyvani yaşayışları ona alçaq və mənfur
görünürdü. Tenor səsi ilə ucadan və qızğın danışardı, səsində narazılıq
və qəzəb, yaxud da vəcd və heyrət duyulurdu. Onunla nə barədə
danışırsan-danış, tez söhbəti eyni şeyə çevirərdi: şəhər həyatı adamı
darıxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir
həyat sürür, həyatı təcavüzlərlə, qaba əxlaqsızlıqla və ikiüzlülüklə
boyayır, alçaq adamlar tox və üst-başlı olduqları halda, namuslu
adamlarac-yalavac dolanırlar; yeni məktəblər açmaq, düzgün bir
istiqamət götürən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələrin
birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir.
İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi; o
bütün bəşəriyyəti namuslu və alçaq adamlara bölürdü; ondan ötrü orta
bir pillə yox idi.
Qadın və məhəbbət haqqında həmişə ehtiras və vəcdlə danışardı,
lakin buna baxmayaraq ömründə bir dəfə də olsun birinə vurulmamışdı.
Mühakimələrinin kəskinliyinə və özünün əsəbiliyinə baxmayaraq,
şəhərdə onu sevir və öz aralarında onu mehribancasına Vanya
adlandırırdılar. Onun fitri nəzakəti, xidmətkarlığı, rəğbətliliyi, əxlaq
təmizliyi, köhnəlmiş sürtuku, xəstə görünüşü və ailə bədbəxtlikləri
adamda gözəl, səmimi və kədərli bir hiss oyadırdı, bir də o, yaxşı təhsil
almış və çox mütaliə etmişdi, şəhərlilərin rəyincə hər şeyi bilirdi və
şəhərdə bir növ səyyar lüğət hesab olunurdu.
Mütaliəyə çox vaxt sərf edərdi. Bir də görürdün ki, klubda oturub
əsəbiliklə saqqalını didişdirir, jurnal və kitabları vərəqləyir. Üzündəki
ifadəsindən anlaşılırdı ki, o, bütün bunları sürətlə oxuyur və
çeynəmədən udur. Mütaliə onun xəstə vərdişlərindən biri idi, çünki
əlinə keçən hər şeyi, hətta keçənilki qəzet və təqvimləri də eyni
acgözlüklə oxuyurdu. Evdə həmişə uzanıb mütaliə edirdi.
III
Bir dəfə payız səhəri, İvan Dmitriç paltosunun yaxalığını qaldırıb,
palçığı şappıldada-şappıldada döngələrdən, həyətlərdən keçərək, icra
vərəqəsi ilə pul almaq üçün bir meşşanın evinə gedirdi. Hər səhər
olduğu kimi indi də ovqatı təlx idi. Döngələrdən birində dörd nəfərdən
ibarət silahlı konvoyla dövrəyə alınmış iki nəfər ayağı qandallı dustağa
rast gəldi. Qabaqlarda İvan Dmitriç dustaqlara tez-tez rast gələr və
həmişə onların halına yanardı, indi isə bu təsadüf ona xüsusi, qəribə bir
təsir bağışladı. Nədənsə, ona elə gəldi ki, birdən onu da bu dustaqlar
kimi qandallayıb, palçıqlı küçə ilə qazamata apara bilərlər. Meşşanın
yanından evə qayıdarkən, poçtun tinində tanış bir polis nəzarətçisinə
rast gəldi, nəzarətçi İvan Dmitriçlə salamlaşdı və küçə ilə bir neçə
addım onunla bərabər getdi, bu hal ona, nədənsə, şübhəli göründü. Evə
gəldikdə bütün günü dustaqlar və silahlı soldatlar fikrindən çıxmadı;
anlaşılmaz bir həyəcan kitab oxumasına və fikrini cəmləşdirməsinə
mane olurdu.Axşam lampa yandırmadı, gecə isə gözünə yuxu getmədi,
hey düşünürdü ki, onu da həmin dustaqlar kimi qandallayıb qazamata
sala bilərlər. Özünü heç bir şeydə müqəssir hesab etmirdi və gələcəkdə
də heç bir kəsi öldürməyəcəyinə, yanğın törətməyəcəyinə, oğurluq
etməyəcəyinə əmin idi, lakin bilmədən, qeyri- ixtiyari cinayət etmək
çətindirmi, böhtan qurbanı olmaq və nəhayət, məhkəmədə səhv etmək
mümkün deyilmi? Qoy heç kəs deməsin ki, mən dilənçi olmayacağam,
ya həbsxanaya düşməyəcəyəm, bunu əsrlər boyu əldə edilmiş xalq
təcrübəsi göstərmişdir. İndi ki, mühakimə üsulunda məhkəmə səhvi
mümkün olan şeydir və bunda təəccüb ediləcək bir şey yoxdur. Özgənin
iztirabına rəsmi, işgüzar bir əlaqə bəsləyən hakim, polis nəfəri, həkim
kimi adamlar, zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu,
artıq adi vərdiş olur bə onlar istər- istəməz öz müştərilərinə rəsmi əlaqə
bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən
və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə
rəhmsiz, formal əlaqə bəsləyəndə günahsız adamı bütün əmlakından və
hüquqndan məhrum edərək, özünü katorqa cəzasına məhkum etmək
üçün hakimə yalnız bircə şey lazımdır: vaxt. Bir para formal cəhətlərə
riayət etmək üçün vaxt lazımdır ki, bunun üçün də hakimlərə maaş
verib saxlayırlar, bundan sonra isə hər şey bitdi, getdi. Sonra gəl dəmir
yoldan iki yüz vers uzaqda olan bu kiçik, palçıqlı şəhərdən ədalət və
kömək gözlə! Hər bir zorakılıq cəmiyyət tərəfindən əlverişli bir zərurət
kimi qarşılandıqda və hər bir mərhəmət, şəfqət aktı, məsələn, bəraət
hökmü cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslərinə səbəb
olduqda, ədalət haqqında düşünmək gülünc olmazdımı?
Səhər İvan Dmitriç yuxudan dəhşət içində ayıldı, alnını soyuq tər
basmışdı, artıq hər dəqiqə həbs edilə biləcəyinə əmin olduğu halda,
yerindən qalxdı. Dünənki ağır fikirlər indiyədək onu tərk etmirdisə,
demək, bunlarda azacıq da olsa həqiqət vardır, - deyə düşünürdü. Bu
fikirlər adamın beyninə səbəbsiz girməzdi ki!
Bir qaradovoy tələsmədən pəncərənin qabağından keçdi: bu əbəs
deyildi. Budur, iki nəfər adam da səssiz-səmirsiz evin yanında durdu.
Bunlar niyə danışmırlar?
İvan Dmitriçdən ötrü əzablı gündüzlər və gecələr başlandı.
Pəncərənin qabağından keçən və həyətə girən adamların hamısı ona
casus və polis xəfiyyəsi kimi görünürdü. Günorta çağı adətən ispravnik
öz qoşaatlı faytonunda küçədən keçirdi; o, şəhəryanı malikanəsindən
polis idarəsinə gedirdi, lakin İvan Dmitriçə hər dəfə elə gəlirdi ki, o çox
yeyin gedir və üzündə də xüsusi bir ifadə var: yəqin şəhərdə mühüm bir
caninin zühur etdiyini bildirməyə tələsir.
İvan Dmitriç hər dəfə qapının zəngi çalınanda və ya darvaza
döyüləndə diksinir və sahibəsinin yanında təzə bir adam görəndə
qorxudan rəngi qaçırdı, polis nəfərinə və jandarmlara rast gələndə
gülümsəyir və laqeyd olduğunu göstərmək üçün fit çalırdı. O hər dəqiqə
həbs edilə biləcəyini gözünün altına aldığı üçün gecələr yatmırdı, lakin
ev sahibəsinə özünü yatmış göstərmək üçün ucadan xoruldayırdı və
köksünü ötürürdü, axı yatmamışsa, demək vicdan əzabı çəkir, bu isə
şübhə oyada bilər! Faktlar və sağlam məntiq onu inandırırdı ki, bütün
bu qorxu sarsaqlıq və dəlilikdir, həbs olunmaqda və qazamata
düşməkdə isə dərindən baxsan, mahiyyət etibarı ilə, heç bir qorxu
yoxdur, təki insanın vicdanı təmiz olsun; lakin o nə qədər ağılla və
məntiqlə mühakimə edirdisə, qəlbindəki təlaş daha şiddətli və daha
iztirablı olurdu. Bu hal, insan ayağı dəyməmiş meşədə guşənişin bir
adamın ağacları qıraraq özünə məskən düzəltmək istədiyinə oxşayır, o,
baltasını nə qədər işlədirmişsə, ağaclar o qədər sürətlə göyərib ətrafı
bürüyürmüş. İvan Dmitriç, nəhayət bütün bu təşəbbüslərinin əbəs
olduğunu görüb, mühakimə etməkdən əl çəkdi və bütünlüklə
ümidsizliyə qapıldı, daimi bir qorxu içində yaşamağa başladı.
O, tənhalıq axtararaq adamlardan qaçmağa başladı. Əvvəllər qulluq
etməkdən zəhləsi getdiyi halda indi qulluq ondan ötrü lap dözülməz
olmuşdu. O qorxurdu ki, birdən onu aldadarlar, xəbəri olmadan cibinə
rüşvət qoyarlar, sonra da üstünü açarlar və ya bilmədən rəsmi idarə
kağızlarında saxtakarlığa bərabər olan bir səhv edər, ya da özgə pulunu
itirər. Qəribə burasıdır ki, onun fikri heç bir zaman indiki kimi elastik
və yaradıcı olmamışdı, indi o azadlığının və namusunun ciddi təhlükə
altında olduğu təlqin etmək üçün hər gün min cür müxtəlif səbəblər
uydurub düzəldirdi. Lakin burası var ki, xarici aləmə, xüsusən kitablara
marağı xeyli azalmış, hafizəsi zəifləmişdi.
Yazda qar əriyəndən sonra dərədəki qəbiristanın yanında iki
yarıçürümüş meyit tapmışdılar, bunların biri qoca arvad, o biri oğlan
uşağı idi, meyitlərdə zorla öldürüldüklərini bildirən əlamətlər vardı.
Şəhərdə hey bu meyitlərdən və bunları öldürənlərdən danışırdılar. İvan
Dmitriç, ondan şübhələnməsinlər deyə, küçədə gülümsəyə-gülümsəyə
gəzərdi, tanışlarına rast gələndə isə bənizi ağarır rəng verib rəng alır və
inandırmağa başlayırdı ki, dünyada zəif və məzlum adamları
öldürməkdən daha alçaq bir cinayət ola bilməz. Lakin bu yalan çox
çəkmədən onu yordu və bir az fikirləşib bu qərara gəldi ki, onun
vəziyyətində olan bir adam üçün ən yaxşısı ev sahibəsinin ərzaq
anbarında gizlənməkdir. Anbarda bir gün, bir gecə və daha bir gün qaldı,
bərk dondu və havanın qaralmasını gözləyib, oğru kimi anbardan
yavaşca çıxıb öz otağına getdi. Səhər açılana kimi ətrafdakı səslərə
diqqətlə qulaq asaraq, qımıldanmadan otağın ortasında dayandı. Səhər
tezdən ev sahibəsinin yanına iki nəfər peçqayıran gəldi, İvan Dmitriç
bunların mətbəxdə peç qayırmaq üçün gəldiklərini bilirdi, lakin
qorxunun gücündən onları peçqayıran paltarı geymiş polis nəfərləri
hesab etdi. Yavaşca otağından sivişib, qorxu içərisində, başı açıq və
sürtuksuz küçə ilə qaçmağa başladı. İtlər onun dalınca düşüb hürüşürdü,
arxasınca bir mujik bağırırdı, hava qulaqlarında vıyıldayırdı. İvan
Dmitriçə elə gəlirdi ki, guya bu saat dünyanın bütün zor və zülmü bir
yerə toplaşıb onun dalınca qaçır, onu qovur.
İvan Dmitriçi tutub evə gətirdilər və ev sahibəsini həkim dalınca
göndərdilər. Haqqında irəlidə bəhs edəcəyimiz həkim Andrey Yefimıç,
xəstənin başına soyuq kompres qoyulmasını tapşırdı, dəfnəgilənar
damcısı yazdı, qəmli-qəmli başını yırğaladı və gedərkən bir daha
gəlməyəcəyini bildirdi, çünki adamların dəli olmasına mane olmaq
lazım deyildir. Evdə yaşamağa və müalicəyə vəsait olmadığından , İvan
Dmitriçi tezliklə xəstəliklər palatasına yerləşdirdilər. O, gecələr
yatmayıb şıltaqlıq edir və xəstələrin rahatlığını pozurdu; bir azdan sonra
Andrey Yefimıçın əmrinə görə onu 6 №-li palataya köçürtdülər.
Bir ildən sonra şəhərdə artıq İvan Dmitriçi yaddan çıxartdılar, ev
sahibəsi tərəfindən talvar altındakı xizəyə atılmış kitablarını da xırda
uşaqlar daşıyıb apardılar.
IV
İvan Dmitriçin sol tərəfindəki qonşusu qabaqda dediyim kimi,
cuhud Moyseyko idi, sağ tərəfindəki isə - piy bağlamış, yupyumru, küt
və büsbütün ləkəsiz çöhrəli bir mujik idi. Bu – düşünmək və hiss etmək
qabiliyyətini çoxdan itirmiş, hərəkətsiz, qarınqulu, murdar heyvan idi.
O, həmişə ətrafa tünd boğucu bir qoxu yayırdı.
Onun yan-yörəsini sil-süpür edən Nikita, yumruqlarına rəhmi
gəlmədən, var gücü ilə onu döyürdü, burada dəhşətli şey onun
döyülməsi deyil, buna adət etmək olar, dəhşətli odur ki, bu kütləşmiş,
duyğusunu itirmiş heyvan, döyülməsinə nə bir səslə, nə bir hərəkətlə, nə
də bir gözlərinin ifadəsilə cavab verməyərək, yalnız ağır çəllək kimi
yavaşca yırğalanırdı.
6 №-li palatanın beşinci və sonuncu sakini vaxtilə poçtda çeşidçi
Dostları ilə paylaş: |