Pedaqoji prosesin əsas anlayışları (kateqoriyaları) təlim, tərbiyə və təhsildir. Onların bir-birinə oxşarlığı olduğu kimi, fərqli cəhətləri də vardır. Məsələn, təlim təhsilin vasitəsidir. Yəni təhsil təlim vasitəsilə əldə olunur. Deməli, təhsil təlimin nəticəsidir, yəni təlimin məqsədi təhsil verməkdir.
Bəs tərbiyənin bunlarla nə əlaqəsi var? Bu əlaqə ondan ibarətdir ki, təlim keçdikcə, təhsil aldıqca insan tərbiyəli, mədəni olur. Başqa sözlə desək, təhsil öz məzmunu ilə tərbiyənin vasitəsinə çevrilir.
Təlim-müəllimin rəhbərliyi ilə şagirdlərin məqsədli və mütəşəkkil qaydada bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinə deyilir.
Təhsil anlayışı isə insanların müxtəlif elmi bilik, idrakı bacarıq və vərdişlər sisteminə yiyələnməsi, onların elmi dünyagörüşünün formalaşdırılması kimi başa düşülür.
2. Ali məktəb pedaqogikasının kateqoriyaları.
Ali məktəb pedaqogikası ümumi pedaqoji anlayış və kateqoriyalara istinad edir. Pedaqoji anlayış və kateqoriyalar pedaqoji faktların, hadisə və proseslərin ümumi və mühüm əlamətlərini əks etdirən təfəkkür formalarıdır. Kateqoriyalar nisbətən geniş anlayışlar olub, bir neçə anlayışı özündə birləşdirir. Məsələn, “şəxsiyyətin inkişafı”
kateqoriyası şəxsiyyət, psixi inkişaf, şəxsiyyətin təşəkkülü və formalaşması kimi
anlayışları özünə daxil edir.
Pedaqogikanın, o cümlədən ali məktəb pedaqogikasının kateqoriyalarına pedaqoji proses, tərbiyə, təhsil, təlim, tədrisetmə, öyrənmə, özünütəhsil, özünütərbiyə, şəxsiyyətin inkişafı və s. daxildir. Onların mahiyyətini qısaca nəzərdən keçirək.
Pedaqoji proses daha geniş kateqoriya olub, bir çox kateqoriya və anlayışları
(tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı, özünütəhsil, özünütərbiyə və s.) özündə
birləşdirir, onların vəhdətini nəzərdə tutur.
Tərbiyə dedikdə, gənc nəslin məqsədyönlü surətdə müxtəlif etik, estetik, əxlaqi, fiziki, dini və sairə keyfiyyətlərlə formalaşdırılması prosesi nəzərdə tutulur.
O, iki mənada – geniş və dar
mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin
əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi
kimi başa düşülür. Bu halda tərbiyə bioloji, sosial təsirləri, o cümlədən tərbiyə, təhsil
və təlimi də özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa düşülür.
Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi,
şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Özünütərbiyə tərbiyə ilə paralel getməli,
tədricən onu əvəz etməlidir.
Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların,
keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir.
Tərbiyə bir çox yollarla, o cümlədən təhsil və təlim yolu ilə həyata keçirilir.
Təhsil insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi, bu
zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun
nəticəsidir. Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların
vəhdəti ilə) əldə edilir.
Özünütəhsil insanın öz zehni inkişafı ilə müntəzəm məşğul olması, idrak
tələbatlarını ödəməsi prosesidir. Özünütəhsil təlimlə yanaşı getməli, bir-birini tamamlamalıdır.
Təlim müəllimin rəhbərliyi altında təhsilalanların sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. Təlim iki fəaliyyət növünə – müəllimin
öyrətmə (tədrisetmə) fəaliyyətinə və tələbənin öyrənmə (təhsilalma) fəaliyyətinə,
3
onların vəhdətinə əsaslanır.
Şəxsiyyətin inkişafı müxtəlif amillərin – daxili və xarici, təbii (irsi), sosial və
psixoloji amillərin təsiri ilə insanın şəxsiyyət kimi bir keyfiyyət halından digərinə
keçməsi prosesidir. Şəxsiyyətin formalaşması onun inkişafının bir növü olub, əsasən, xarici təsirlərin (mühitin, təlim və tərbiyənin) nəticəsində şəxsiyyətin bütövlükdə, yaxud onun hər hansı bir keyfiyyətinin müəyyən səviyyəyə çatması, tamamlanması prosesidir. Şəxsiyyətin formalaşması məqsədyönlü və kortəbii ola bilər. Ahəngdar şəxsiyyətin formalaşması, hər şeydən əvvəl, məqsədyönlü prosesdir.
Ali məktəb pedaqogikasında nəzərdən keçirilən əsas anlayış və kateqoriyalarla
yanaşı, digər kateqoriyalardan da istifadə edilir (təlim və tərbiyənin məqsədi, qanun
və prinsipləri, məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-birilə
qarşılıqlı əlaqədə olub, birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir və ümumi
məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət göstərir.
Dostları ilə paylaş: |