4.Əhalinin faktiki qidalanmasının öyrənilməsi üsulları. Əhalinin faktiki qidalanmasını öyrənməyin böyük sosial-iqtisadi və gigiyenik əhəmiyyəti vardır. Əhalinin rifah halı yaxşılaşdıqca onun istifadə etdiyi yeyinti məhsullarının növü və keyfiyyəti də dəyişilir. Qidalanma sahəsində elmi biliklərə malik, qidalanma mədəniyyəti yüksək olan insanların qida rasionunun tərkibində keyfiyyətli və yüksək bioloji dəyərli məhsulların miqdarı artır, əksinə, yüksək maddi imkana malik, bu sahədə biliyi olmayan, əsasən uzun illər ərzində formalaşmış, vərdiş olunmuş, daha çox qidanın kəmiyyətinə üstünlük verən və əhalinin böyük əksəriyyətini təşkil edən insanların qida rasionlarında isə yüksək qidalandırıcı dəyərli «boş kalorili» məhsulların yeri artır, bioloji dəyəri yüksək olan məhsulların miqdarı isə əsasən azalmış olur. Bu isə əhali arasında qeyri infeksion-alimentar patologiyaların artmasına zəmin yaradır.
Əhalinin faktiki qidalanmasını öyrənməkdə məqsəd, onların qidalanmalarını optimal fizioloji normalara müvafiq səviyyədə səmərələşdirməkdir.