5.Qədim Hind və Çin fəlsəfəsi Bəşəriyyətin fəlsəfi fikri qəbilə–tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür.
Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir. Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan ari tayfaları şimal– qərbdən Hindistana soxulmuş və yerli əhalini əsarət altına almışdır. Burada ibtidai– icma cəmiyyətinin süqutu sinifli cəmiyyətin və dövlətin yaranmasına gətirib çıxarmışdır. Hər bir belə dövlətin başında torpaq sahibkarlığı aristokratiyasına və nəsli kahin (Brəhmən) hakimiyyətinə arxalanan racələr dururdu. Qədim Hindistan cəmiyyəti varna– qruplarına bölünürdü ki, bu da sonralar kasta sisteminin əsasını təşkil etmişdir. 4 varna var idi: 1. Kahinlər varnası (brəhmən); 2. Hərbi aristokratiya varnası (kşatrilər); 3. Əkinçilər, sənətkarlar, tacirlər varnası (vayşilər); 4. Aşağı varna (Şudralar). Şudralar brəhman, kşatri və vayşilərin tabeliyində idilər. Onları icmaya üzv qəbul etmirdilər və icmanın problemlərinin həllində onlar iştirak etmirdi. Əməyin ən ağır növləri onların payına düşmüşdü. Çox vaxt həmin varna arilərin müharibələrdə əsarət altında aldığı tayfalardan təşkil olunurdu. Varnalara bölgü din tərəfindən işıqlandırılırdı… Tanınmış kahin ailələri cəmiyyətə böyük təsir göstərir. Onlar təhsil daşıyıcıları, xüsusi biliklərə yiyələnənlər hesab olunurdular. Eyni zamanda dini ideologiyanın inkişafına mühüm təsir göstərirdilər.
Qədim hindlilərin ilk fikir abidəsi Vedlər hesab olunur. Vedlər II və I minilliklər qovşağında yaranmışdır. Ümumiyyətlə, vedlər bəşəriyyətin ədəbi abidələri içərisində ən qədimi kimi qəbul olunmuşdur. Vedlər qədim Hind cəmiyyətinin mənəvi mədəniyyətinin inkişafında böyük və müəyyənedici rol oynamışdır. Buraya fəlsəfi fikrin inkişafını da daxil etmək olar. Ved sözü sanskritdən tərcümədə bilik mənasını verir. Lakin bu bilik xüsusi bilikdir. Vedlər himnlərdən, dualardan, qarğışlardan, qurbanvermə formalarından və s. ibarətdir. Obrazlı dildə vedlərdə ən qədim dini dünyagörüşü– dünya, insan və mənəvi həyat haqqında ilkin fəlsəfi təsəvvürlər ifadə olunmuşdur. Vedlər 4 qrupa, yaxud hissəyə bölünür. Onlardan ən qədimi samhitlərdir (himnlərdir). Samhitlər 4 məcmuədən ibarətdir. Onlardan ən qədimi– Riqveda– dini himnlər məcmuəsidir (təxminən b.er.əv. 1,5 min il əvvəl). Vedlərin ikinci hissəsi Brəhmənlərdir (ritual mətnlər məcmuəsi). Brəhmənizm dini onlara əsaslanmışdır (məlum olduğu kimi, brəhmənizm buddizmə qədər Hindistanda hakim din olmuşdur). Vedlərin üçüncü hissəsi– Aranyakilər (tərkidünya adamlar üçün davranış qaydaları) adlanır. Dördüncü hissə Upanişadlardır. Əslində Upanişadlar b.er əvvəl 1 minillikdə yaranmış sırf fəlsəfi hissədir. Artıq bu zaman fəlsəfi şüurun ilk elementləri yaranır və ilk fəlsəfi təlimlərin formalaşması müşahidə olunur (buraya həm dini– idealist, həm də materialist təlimlər daxildir). Qədim Hind fəlsəfəsinin səciyyəvi cəhəti müəyyən sistem və məktəb çərçivəsində iki böyük qrupa bölünməsidir.
Bu və ya digər istiqamət bir sıra məktəblərdə tez– tez dini–etik forma altından materialist tendensiyalarla müşahidə olunurdu. Məsələn, qədim Hind materialist məktəbi olan vayşeşiklər onlara misal ola bilər. Bu məktəbin adı vişeşa– xüsusiyyət sözündən əmələ gəlmişdir. Gerçəkliyi izah edərkən vayşeşiklər üçün substansiyanın, atomların, ruhların kateqoriyalarının xüsusiyyətləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu ilk atomizm məktəbidir. Onun məqsədi həqiqi idrak vasitəsilə iztirabdan, əzab– əziyyətdən qurtulmağa nail olmaqdır. Onlara görə substansiya 5– dir. Bunlar Su, Torpaq, İşıq, Hava və Efirdir. Onlar əbədi, bölünməz atomlardan ibarət olan fiziki elementlərdir. Atomların bütün hərəkətləri Allahın iradəsinə gedib çıxır. Digər məktəb çarvaka– lokayata hesab olunur. Bu da ənənələrə əsaslanan qədim materialist təlimdir. Bu məktəb maddi dünyadan başqa digər dünyaların mövcudluğunu inkar etmişdir. Dünya maddidir, biz onu hiss orqanları vasitəsilə hiss edirik. Bizim hisslərimiz yeganə həqiqi hesab olunmalıdır. Etiqad yalandır, sübutedilməzdir. Din ancaq kasıblara lazımdır.
Hind mədəniyyətinin mifoloji mərhələsi qədim Hind abidəsi «Riqveda»da əks olunmuşdur. Qədim Hind mifologiyasında ilk insan Puruşadan danışılır. Həmin puruşadan kosmosun elementləri, dünya ruhu «Mən» yaranmışdır. Puruşa kainatın maddi «tamamlayıcısı» rolunda çıxış edir. Böyük ölçüsünə görə, o, hər yerdə var, hər yeri doldurur. Eyni zamanda Puruşa– kosmik ağıldır. O, «vedlərin bilicisidir». Onda «fikir vardır». Sonralar Upanişadlar (hərfi tərcüməsi: müəllimin ayağları önündə oturmaq deməkdir, ona gizli, müqəddəs bilik də deyirlər). Hind mədəniyyətinin metafizik mərhələsinə aiddir. Formasına görə Upanişadlar müəllimin şagirdlərlə dialoqudur. Orada ilk səbəb, ilk başlanğıc problemi göstərir ki, onun vasitəsilə də təbiətin bütün hadisələri və insanın mənşəyi izah olunur. Upanişadlarda əsas yeri varlığın ilk səbəbi və ilk əsası kimi mənəvi başlanğıc brəhmən, yaxud atman, nadir hallarda puruşa haqqında təlim tutur. Brəhmən və atman adətən sinonim kimi işlədilsə də, brəhmən çox vaxt allahın hər yerdə olan ruhunu ifadə edir. Upanişadlardan başlayaraq brəhmən və atman bütün hind fəlsəfəsinin (hər şeydən əvvəl vedenta təliminin) mərkəzi anlayışlarına çevrilir.
Ümumiyyətlə, qədim Hindistanda aşağıdakı fəlsəfi məktəblər mövcud olmuşdur:
Brəhmən və atman Upanişadların müxtəlif mətnlərində müxtəlif şəkildə şərh olunur. Bəzilərində yaradıcı– allah və dünyanın hakimi, digərlərində panteist (dünyanın maddi ilk səbəbi ilə, yemək, nəfəs, ilk maddi element və s. ilə) ruhda dünya ilə eyniləşdirilir. Brəhmən mənəvi mütləq və onun bütün təzahürlərinin, proseslərinin daxili mahiyyəti kimi göstərilir. Upanişadın mərkəzi ideyası bu mənəvi mahiyyəti insanda və təbiətdə eyniləşdirməkdir.
Bir sıra mətnlərdə brəhmən– atmanın üçlü, triadik təbiəti təsdiq olunur. Digər mətnlərdə isə real gerçəkliyin yaranmasının və sonralar məhv olmasının, brəhmən– atmanda əriməsinin dövri olaraq tsiklik təkrarından söhbət açılır. Varlığın bu tsiklik simvolu adətən əbədi fırlanan təkər (çakra) obrazında çıxış edir. Dünya qanunauyğunluğu prinsipi mənəvi–etik rəngə malik olan dharma konsepsiyası ilə ifadə olunur. Upanişadın idrak nəzəriyyəsində mərkəzi məsələ biliyin iki– aşağı və ali növə bölünməsi ilə səciyyələnir. Aşağı– empirik gerçəklik haqqında bilikdir (o həqiqi deyil, qırıq– kəsik, fraqmentardır). Ali isə– mənəvi mütləq biliyidir. Varlığın bütövlüyü ilə qəbul edilməsidir. Ona nail olmaq mistik praktikanın, yoq praktikasının köməyilə mümkündür. Yalnız bu bilik dünya üzərində ağalığa imkan verər.
Etika sahəsində Upanişadlarda dünyaya münasibətdə passiv– seyrçi mövqeyin təbliği mühüm yer tutur. Ali xoşbəxtlik ruhun dünyaya hər hansı bağlılıqdan xilas olması (mokşa, mukta) kimi qiymətləndirilir. Lakin, eyni zamanda, fəal həyata çağırışlar da eşidilir. Upanişadlarda maddi və mənəvi dəyərlər arasında fərq qoyulur.
İlk dəfə olaraq Upanişadlarda ruhun köçürülməsi (keçməsi) (Sansara) və keçmiş əməllər üçün əvəz edilməsi (karma) haqqında konsepsiya göstərilir. Orada insanın əməlləri zəncirində səbəb– nəticə əlaqələrinin müəyyənləşdirilmək cəhdi ifadə olunur. İnsanın davranışı– dharma mənəvi qanunlarla müəyyən edilir. Həmin qanunların yerinə yetirilməsi isə hər birvarna və həyat mərhələsi (varnaşrama) üçün zəruridir. Bir sözlə, upanişadlar sonrakı fəlsəfi baxışlar üçün bir növ fundament rolunu oynamışdır. Burada əsas dünyagörüşü ideyaları və konsepsiyaları sonralar daha dəqiq və hərtərəfli işlənilmişdir.
Epik dövrün hind fəlsəfəsinə gəldikdə isə həmin dövrün fəlsəfi fikrinin əsas mənbəyi 18 kitabdan ibarət olan geniş epik «Mahabharata» poemasıdır. Fəlsəfə nöqteyi– nəzərindən az– çox maraq doğuran əsər «Bhaqavat– Gita»dır. Upanişadlarda ayrı– ayrı fikirlərdə və deyimlərdə ifadə olunan fəlsəfə «Mahabharata»da dünyagörüşü problemlərinin traktovkasına həsr olunmuş bütöv konsepsiyalar şəklində özünü göstərir. Həmin konsepsiyalar içərisində sankhya və onunla sıx əlaqədar olan yoqa təlimləri mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, həmin təlimlərin başlıca prinsiplərinə biz epizodik olsa belə Upanişadlarda rast gəlirdik. Konsepsiyaların əsasını praktiki (materiya, təbiət) haqqında baxışlar tutur. Həmin baxışlarda bütün varlığın (o cümlədən psixikanın, şüurun) mənbəyi kimi, həmçinin ondan asılı olmayan saf ruh (Puruşa) (o, bəzən brəhmən, atman da adlanır) haqqında da söhbət açılır. Beləliklə, burada dünyagörüşü dualistdir və iki başlanğıcın etiraf edilməsinə əsaslanır.