Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas ünsiyyət vasitəsi olmasıdır.
Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə görə beyinin fəaliyyəti ilə bağlı olan təfəkkürlə sıx əlaqədədir. Dil ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yarandıqları üçün vəhdət təşkil edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə təfəkkür heç də eyniyyət yaratmır. Bunların hər birinin özünəməxsus cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi və qrammatik vasitələrdən istifadə edir. Lakin təfəkkür üçün istifadə mənbəyi sözlər və cümlələr deyil, məfhumlar və hökmlərdir.
Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir.Bu, digər ictimai hadisələrlə də əlaqədədir. Lakin dil heç də bütün cəhətləri ilə başqa ictimai hadisələrə oxşamır. Bunun özünəməxsus xüsusiyyətləri vardır. Dilin başlıca səciyyəvi əlaməti ondan ibarətdir ki, o bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmayıb, bir çox əsrlər boyu yaranır və inkişaf prosesi keçirərək get-gedə formalaşır, zənginləşir. Həmçinin, dil yarandığı zamandan etibarən xidmət etdiyi cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan bütün üzvlər üçün eyni dərəcədə ünsiyyət vasitəsi olur. Buna görə də dil ictimai xarakterə malikdir.
Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olub, çünki dil ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan xalqdır. Elə buna görə də dilin taleyi onu yaradan xalqın taleyi ilə bağlı olur. Hər bir xalq ünsiyyət üçün öz dilini yaratdıqdan sonra onu qoruyub və inkişaf etdirir. Azərbaycan xalqı da hələ uzaq keçmişdə öz ana dilini yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə hal-hazırda Azərbaycan dili deyilir.
Dil haqqında müdriklərin dedikləri “Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir”. ( H.Ə. Əliyev ) “Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünaslıq şübhəlidir”. ( M.V.Lomonosov ) “Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəmcə bilin ki, bu qanunlar sizin üçün müqəddəsdir”. ( Bualo) “Biz dünyanı dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsi ilə tərbiyə tapdıq”. ( Abbas Səhhət ) “Zaqafqaziya diyarının tatar dili (Azərbaycan dili ) türk dilindən az fərqlənir və fransız dili ilə Avropanı gəzmək mümkün olduğu kimi, onunla da bütün Asiyanın bu başından o başına getmək mümkündür”. ( A.A.Bestujev – Marilinski ) Azərbaycan dili silahdı, qafil, Qalacaq cahanda Günəş qalınca, Gül yarpağı qədər bu tər, incə dil, Qəzəbli vaxtında dönər qılınca. ( B.Dubrovin ) Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zamanda, bu dil müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Azərbaycan dilindən həm respublikamızda, həm də xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində yaşayan 45 milyon azərbaycanlı bu dildən doğma ana dili kimi istifadə edir. Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili kimi də işlənir. Hazırda Azərbaycan ərazisində yaşayan bir sıra kiçik xalqlar, o cümlədən lahıc, talış, tat və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.
Azərbaycan dili öz mahiyyətinə görə dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.
Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyarlarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün çox yararlıdır. Eyni zamanda dünya mədəniyyəti xəzinəsinə qiymətli hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzulinin məşhur “Leyli və Məcnun” poeması, M.F.Axundovun komediyaları və bir çox sənət əsərləri həmin dildə-Azərbaycan dilində yaranmışdır.
Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzər-diqqətini özünə cəlb etmişdir. Böyük rus şairi M.Y.Lermontov Azərbaycan dili haqqında demişdir: "...mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə baş- ladım; həmin dil burada və ümumiyyətlə Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir". Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski, L.Bualo və başqaları da Azərbaycan dilinin əhəmiyyətindən bəhs etmişlər. Görkəmli ictimai xadim olan Sultan Məcid Qənizadə Azərbaycan dili haqqında yazmışdır: "Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarığına malik olmaqla öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox maraqlıdır... buradakı xüsusiyyətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.