Q Ə R A R
Azərbaycan Respublikası adından
29 iyun 2016-cı il
İş № 1(106)-427/2016
Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi
hakim), Dosiyev Amil Qaraxan oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Həbibov
Fərid Fərhad oğlunun və barəsində şikayət verilən şəxs Hüseynov Murad Əli oğlunun iştirakları ilə, Məmmədov Aydın Əhməd
oğlunun şikayəti əsasında Hüseynov Murad Əli oğlunun barəsində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinə
əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının
keçirilməsindən imtina olunmasına dair Cəlilabad rayon Məhkəməsinin 1(073)-77/2016 saylı, 17 may 2016-cı il tarixli
qərarından, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Aydın Məmmədovun apellyasiya şikayətinə məhkəmənin binasında
açıq məhkəmə iclasında, ilkin baxış keçirərək
Müəyyən etdi:
Cəlilabad rayon Məhkəməsinin 1(073)-77/2016 saylı, 17 may 2016-cı il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə
(Sədrlik edən hakim Mirələm Quliyev) Məmmədov Aydın Əhməd oğlunun şikayəti əsasında Hüseynov Murad Əli oğlunun
barəsində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə
məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmuşdur.
Apellyasiya şikayətinin dəlilləri:
Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Aydın Məmmədov apellyasiya şikayəti vermiş və şikayətini
onunla əsaslandırmışdır ki, o, «Region-xəbər.info» operativ informasiya portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov
Murad Əli oğlu barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148.1-ci maddələrinə əsaslanaraq xüsusi ittiham qaydasında
Cəlilabad rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Cəlilabad rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli qərarı ilə
onun M.Ə.Hüseynov barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148.1-ci maddələrinə əsasən xüsusi ittiham
qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir.
Məhkəmə qərarı aşağıdakılara əsasən qanunsuz və əsassızdır. Belə ki, o, şikayətini onunla əsaslandırmışdır ki, «Region-
xəbər.info» operativ informasiya portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov Murad Əli oğlu ittiham olunur ondan ötrü
ki, «Region-xəbər.info» portalında 22 fevral 2016-cı il tarixdə M.Ə.Hüseynovun müəllifliyi ilə «Azərişıqdan qəribə təyinat»
başlığı ilə məqalə dərc edilmişdir. Həmin məqalədə müəllif «Cənub Regional İdarəsinin apardığı yoxlama nəticəsində xeyli
yeyintisi və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi üzə çıxan Aydın Məmmədov maddə ilə işdən çıxarılıb» yazmaqla onun
barəsində yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, onun mənimsəmə və vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törətməkdə ittiham edən məlumatları kütləvi informasiya vasitəsində kütləvi
nümayiş etdirdiyi halda, internet informasiya ehtiyatında yaymaqla, ona böhtan atmış, yəni kütləvi informasiya vasitəsində və
kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymışdır.
Bundan başqa, həmin portalda M.Ə.Hüseynovun müəllifi olduğu «Cəlilabadda Azərişıq» ASC-nin rəisi Aydın
Məmmədov «azan səsinə» nifrət edir» başlığı ilə məqalə dərc etmişdir. Həmin məqaləsində müəllif «Cəlilabad ASC-yə təyin
olunmuş rəis Aydın Məmmədovun əslən ən dindar rayonlarından biri-Lerik rayonundan olsa da, özünü Şümirdən də (Şümir İmam
Hüseynin başını kəsən ən qəddar insan) qəddar, ən qatı islam düşməni kimi aparır. Nədənsə bu zalım oğlu Aydın Məmmədovun
«Allahu Əkbər» sözünə, azan səsinə qarşı allergiyası var. Gözünə harda məscid dəyirsə düşüb hamısının işığını kəsir» yazmaqla
kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini
nalayiq formada qəsdən alçaltmaqla təhqir etmiş və ona böhtan atmışdır.
Belə ki, həmin məqaləsində müəllif onu oxucuya zülümkar, başkəsən, qaniçən bir şəxs kimi təqdim edir, hətta onu həmin
əlamət və xarakterinə görə əzəli və əbədi düşmən obrazında tanınan Şümürdən də artıq hesab edir. Oxucu üçün aydın olsun deyə
mötərizədə bunun açıqlamanı da vermişdir. Bundan sonra müəllif onun valideyinlərinin də ünvanına təhqiramiz ifadə işlətmişdir.
Bundan başqa «Region-TV.info»-da onun müəllifliyi ilə «Cəlilabadda Azərişıq ASC-nin rəisi Aydın Məmmədov Əslində
kimdir?» «Araşdırma» adlı sujeti yayımlanmışdır. Həmin sujetdə «Cənub Regional İdarəsinin apardığı yoxlama nəticəsində xeyli
yeyintisi və vəzifə səlahiyyətlərindən sui istifadə etməsi üzrə çıxan Adil Məmmədov maddə ilə işdən çıxarılıb». Müəllif davam
edir: «Cəlilabad rayonuna dağ zonasından təşrif gətirən Aydın qağamız elə işə başladığı gündən əlinə kəsiçi alət alıb Cəlilabad
rayonuna qənim kəsilib, sanki Aydın qağamız üzüm bağında üzüm ağacı budayır» barədə məlumatları yalan olduğunu bilə-bilə,
onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini
törətməkdə ittiham edən məlumatları kütləvi informasiya ehtiyatında yaymaqla ona böhtan atmışdır.
Bundan başqa, «Region-TV.info»-da M.Ə.Hüseynovun müəllifliyi ilə «Cəlilabadın Azərişıq ASC-nin rəisi Aydın
Məmmədov əslində kimdir?» Araşdırma» adlı sujetin davamı olaraq yeni sujet yayımlamışdır. Həmin sujetdə müəllif davam edir:
«Ötən süjetimizdə Cəlilabad rayon Azərişıq İdarəsinin rəhbəri Aydın qağamızın Cəlilabad rayonunda yarıtmaz əməlləri barədə
video kadrları çəkib sizlərə təqdim etmişik… Gəncədə hansı məmuru özbaşınalıq etdiyi üçün qadınlar tərəfindən döyülüb əyninə
uzun tuman geyindirilərək küçəyə buraxılıb?» kimi onun barəsində məlumatları yaymaqla kütləvi informasiya vasitəsində və ya
kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında dəfələrlə «Aydın qağa, Aydın qağamız», «yarıtmaz əməlləri»,
«Gəncədə hansı məmuru özbaşınalıq etdiyi üçün qadınlar tərəfindən döyülüb əyninə uzun tuman geyindirilərək küçəyə
buraxılıb?» ifadələri ilə onun şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir.
2
Belə ki, müəllif ona açıq-aşkar hədə-qorxu gələrək, onun da döyülərək əyninə uzun tuman geyindirilərək küçəyə
buraxıla biləcəyini bildirir.
Bundan başqa, yenə də həmin portalda M.Ə.Hüseynov müəllifi olduğu «Cəlilabadda Aydın qağa ifşa edildi: Oğurluq və
Əlikram Hümbətovla əlaqəsi var?» başlığı altında dərc olunmuş məqaləsində «Cəlilabad rayon Elektrik Paylayıcı şəbəkəsinin
müdiri Aydın Məmmədov dövlətdən mənimsədiyi vəsaitin üstü açılmaqla ifşa edildi. Rayon ərazisində olan kəndlərdə özünə
yaxın sahə mantyorları ilə cinayət əlaqəsinə girərək böyük korrupsiya halına yol verib…A.Məmmədov hər kənddən 10.000 manat
mənimsəməklə dövlətə külli miqdarda zərər vurub», «Aydın Məmmədovu Əlikram Hümbətova nə bağlayır?» yarım başlıqda isə
yazır ki, «1992-1993-cü illərdə Ələkrəm Hümbətovu açıq şəkildə dəstəkləyənlərdən biri məhz Aydın Məmmədov olduğu
bildirilir. Hətda bu iki şəxsin yaxın qohumluq əlaqələri haqqında məlumatlar durmadan daxil olur. DTX-nin rəhbərliyi çox
istərdik ki, bu məsələni nəzarətə götürsün. Aydın Məmmədova məxsus mobil telefona Hollandiyadan gələn zənglər araşdırılsın»
Kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında, yalan olduğunu bilə-bilə,
onu ağır cinayət törətməkdə ittiham edən, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları qəsdən yaymaqla
ona böhtan atmışdır.
O, «Region-xəbər.info» portalında, «Region-TV.info» internet informasiya ehtiyatında və özünün «Facebook» səhifəsində
onun haqqında yaydığı məlumatları şərəf və ləyaqətini nalayiq formada ləkələyən təhqir hesab edir.
Beləliklə, «Region-xəbər.info» portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov Murad Əli oğlu yalan olduğunu bilə-
bilə onu cinayət qanunvericiliyi ilə nəzərdə tutulan ağır cinayətdə ittiham etməklə, onun şərəf və ləyaqətini ləkələyən, onu
nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında
yaymaqla ona böhtan atmış və təhqir etmişdir.
Məhkəmə işin bu faktiki hallarını düzgün qiymətləndirməmiş, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri
əsasında məhkəmə baxışının keçirilməsindən imtina etmişdir.
O, şikayətində şikayət olunan şəxs barəsində CPM-nin 293-cü maddəsi ilə nəzərdə tutulan bütün prosedurlara əməl etmiş;
özü haqqında və ittiham olunan şəxsin törətdiyi cinayət əməlini, həmin əməlin cinayət qanunvericiliyi ilə nəzərdə tutulan
maddəsini, əməlin törədilməsini təsdiq edən sübutları, əməlin harada, nə vaxt və necə törədilməsini və cinayət törətmiş şəxsin
məsuliyyətə cəlb edilməsi barədə xahişini şikayətində göstərmişdir.
Məhkəmə bütün bunları araşdırmadan, sübutlara diqqət yetirmədən əsassız olaraq məhkəmə baxışının keçirilməsindən
imtina etmişdir.
Məhkəmə əslində, açıq-aşkar belə bir işə baxılmasını özünün sonradan kütləvi informasiya vasitələrində adının
hallanmasından ehtiyat edərək məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Lakin bu, məhkəməyə ədalətli məhkəmə
araşdırmasının aparılması üçün əsas vermir.
Barəsində şikayət etdiyi şəxs müəllifi olduğu yazılarda və efirdə yayımladığı sujetlərdə başçılıq etdiyi təşkilatın təsərrüfat
fəaliyyətini yox, onun şərəf və ləyaqətini qəsdən ləkələyən böhtan və təhqirlə müşayət olunan məlumatları dəfələrlə yaymışdır.
Məhkəmə onun şikayətə əlavə etdiyi sübutları araşdırmadan şikayətini icraata qəbul etməkdən imtina etmişdir.
Həmçinin M.Ə.Hüseynov törətdiyi cinayət əməli ilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları
yaymaqla ona mənəvi ziyan vurmuşdur və o, bununla bağlı vurulmuş ziyanın ödənilməsini tələb etmişdir.
Məhkəmə onun şikayətinin icraata qəbul edilməsindən əsassız və qanunsuz olaraq imtina etmək barədə qərar qəbul
etmişdir.
Apellyasiya şikayətində Cəlilabad rayon Məhkəməsinin 1(073)-77/2016 saylı, 20 avqust 2015-ci il tarixli qərarının ləğv
edilməsi, şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazlar:
Barəsində şikayət verilən şəxs Hüseynov Murad Əli oğlu apellyasiya şikayətinə qarşı etiraz vermiş və etirazını onunla
əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, «Azərişıq» idarəsinin rəhbəri Məmmədov Aydın Əhməd
oğlunun ona qarşı məhkəmə qarşısında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə xüsusi
ittiham qaldırmasında verdiyi şikayət əsassız olduğuna görə Cəlilabad rayon Məhkəməsi tərəfindən icraata qəbul edilməmiş və
imtina barədə qərar çıxarılmışdır.
Aydın Məmmədovun ona qarşı verdiyi şikayət qanunsuz və əsassızdır. O, Aydın Məmmədov haqqında yazılan yazıların
hamısını başqa saytlardan götürmüş və həmin saytlara istinad edərək informasiyanı öz oxucularıyla bölüşmüşdür. Etirazını
aşağıdakı arqumentlərlə əsaslandırır.
1. Azad mediya olaraq 22.02.2016-cı il tarixdə «Aydın qağamız Cəlilabada qənim kəsilib?» başlığı altında REGİON-
XƏBƏR.İNFO xəbər portalında gedən video sujet CAM.az (Curnalist Araşdırma Mərkəzi) saytına istinadən təqdim edilib. Həmin
video kadrlarda yayımlanan «Aydın qağamız Əlinə kəsici alət alıb sanki rayona qənim kəsilib» kimi fikirlər ictimayətin mövqeyi
olaraq dərc edilib. Təqdim edilən video kadrlarda hər hansı bir təhqirə yol verildiyini hesab etmirlər. Digər tərəfdən, bu
materiallar CAM.az saytından götürülmüşdür. Onlar bu sayta istinad etmişlər və materialı olduğu kimi çatdırmışlar.
2. 21.04.2016-cı il tarixdə Cəlilabad «Azərişıq» ASC-nin rəisi Aydın Məmmədovla bağlı təqdim edilən «Azan səsi»nə
nifrət edir» başlıqlı məqalə AZEL.TV saytına istinad olaraq təqdim edilir. Aydın Məmmədov hesab edir ki, onu Şümürə
bənzətmişlər, amma məqalənin müəllifinin kim olduğunun fərqinə varmır. Çünki onu Şümürə bənzədən onlar yox, məhz
Azel.TV-dir. Məhkəməyə təqdim edilən bu yazının altında həmin yazının müəllifinin Azel.TV olduğu açıq-aşkar müəyyən edilir.
3. 14.04.2016-cı il tarixdə Cəlilabadın Aydın Qağası yenidən gündəmdə ««100 minlik şərəf və ləyaqət tələbi» başlıqlı
video kadrın sonunda anons olaraq qeyd edilib ki, gələn video kadrlarda təqdim edəcəyik ki, Gəncədə hansı məmur özbaşınalıq
etdiyi üçün qadınlar tərəfindən döyülüb, əyninə üzün tuman geyindirilərək küçəyə buraxılıb». Bu kimi anonsun Aydın
Məmmədovla bağlı heç bir əlaqəsi yoxdur. Çünki həmin məqalədə Aydın Məmmədovun adı çəkilməyib.
4. Aydın Məmmədovun Əlikram Hümbətovla hansı əlaqələrinin olub-olmadığı barədə məlumatlar Dosye.orq saytından
götürülmüş və həmin saytda gedən yazıya bir cümlə də əlavə edilməmişdir. Bu da o deməkdir ki, Aydın Məmmədov «Region-
Xəbər.info»nu xüsusi ittiham qaydasında məhkəməyə verməkdə haqlı deyil və həmin şikayət rədd edilməlidir.
5. Aydın Məmmədov əgər hesab edirsə ki, onun şəxsiyyəti təhqir edilib və ya ona böhtan atıb, o zaman o həmin saytları
məhkəməyə verməlidir, çünki informasiya mənbəyi məhz həmin saytlardır.
3
6. Aydın Məmmədovun verdiyi şikayət CPM-nin 302-ci maddəsinin tələblərinə cavab vermədiyindən şikayəti icraata
götürməkdən imtina barədə qərar verilməlidir. Aydın Məmmədovun məhkəməyə təqdim etdiyi dəlillər ona aid deyil. Çünki həmin
yazıların müəlliflərini məhkəməyə verməlidir.
7. İlkin araşdırma nəticəsində Cəlilabad rayon Məhkəməsində müəyyən olundu ki, həmin yazıların müəllifi o, deyil. Ona
görə də Aydın Məmmədovun verdiyi şikayət məlumatları CPM-nin 293-cü maddəsinin tələblərinə uyğun olmayan şikayət kimi
qiymətləndirildi və imtina haqqında qərar çıxarıldı.
Etirazda Məmmədov Aydın Əhməd oğlunun verdiyi apellyasiya şikayətinin rədd edilməsi və Cəlilabad rayon
Məhkəməsinin 1(073)-77/2016 saylı, 17 may 2016-cı il tarixli Qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Tərəflərin çıxışları:
Apellyasiya instansiyası məhkəməsində, barəsində şikayət verilən şəxs Hüseynov Murad Əli oğlu apellyasiya şikayətinə
qarşı etiraz etdiyini bildirərək, şikayətə qarşı verdiyi yazılı etirazına uyğun şəkildə çıxış etdi, əlavə olaraq göstərdi ki, ixtisasca
idman müəllimi olsa da «Region-xəbər.info» portalında, «Region-TV.info» internet informasiya ehtiyatına rəhbərlik etməklə
jurnalistika fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazəsi vardır. Aydın Məmmədov barəsində «Region-Xəbər.info» xəbər
portalında şər və böhtan xarakterli məlumat yaymamışdır. Həmin xəbər portalında verilmiş məlumatlar digər saytlara istinadən
verilmişdir. Odur ki, Aydın Məmmədovun şikayəti əsassız və qanunsuzdur. «Region-Xəbər.info» xəbər portalında verilmiş
məlumatların müəllifi o, deyildir. Aydın Məmmədov həmin məlumatları təhqir və böhtan hesab edirsə, onda həmin saytların
rəhbərlərini məhkəməyə verməli idi. O, «Region-Xəbər.info» xəbər portalında qeyd olunan məlumatları dərc edərkən başqa
saytlardan əldə etdiyi məlumatları dərc etsə də, həmin məlumatların həqiqiliyini yoxlamamışdır. Həmin məlumatların
doğruluğunu yoxlamaq üçün Aydın Məmmədovun yanına getsə də, sonuncu onu araşdırma aparmaq üçün imkan verməmiş,
söyüb qovmuş və heç bir informasiya verməmişdir. Bu səbəbdən də məlumatların doğruluğunu yoxlaya bilməmişdir. Hazırda
«Region-Xəbər.info» xəbər portalı rəsmi olaraq bağlanmışdır. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini,
Məmmədov Aydın Əhməd oğlunun verdiyi apellyasiya şikayətinin rədd edilməsi və Cəlilabad rayon Məhkəməsinin 1(073)-
77/2016 saylı, 17 may 2016-cı il tarixli Qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Məmmədov Aydın Əhməd oğlu və onun müdafiəçisi, Cəlilabad rayon
Hüquq Məsləhətxanasının vəkili İbrahimov Tağı Məmməd oğlu müəyyən edilən qaydada məhkəmə iclasının vaxtı və yeri barədə
əvvəlcədən xəbərdar edilsələr də, A.Ə.Məmmədov məhkəməyə teleqram ünvanlayaraq məhkəməyə gəlməyə imkanı olmadığını
bildirmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş və məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə
kollegiyası Azərbaycan Respublikası CPM-nin 391-ci maddəsinin tələblərinə uyğun olaraq A.Ə.Məmmədovun və onun
müdafiəçisi T.M.İbrahimovun iştirakları olmadan apellyasiya şikayətinə ilkin baxılmasını mümkün hesab etdi.
Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.1-ci maddəsinə görə apellyasiya şikayəti vermək
hüququ olan şəxslər və apellyasiya instansiyasında ittiham tərəfi təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak
etmək hüququna malikdirlər. Həmin şəxslər müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə
əvvəlcədən xəbərdar edilirlər, lakin onların gəlməməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılmasına mane
olmur.
Hüquqi
məsələlər:
Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyi birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və
qərarlarının qanunliyi və əsaslığının yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət
prosessinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və
vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslığının təmin
olunmasına yönəlmişdir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.2-ci maddəsinə görə apellyasiya şikayətinə və ya
apellyasiya protestinə ilkin baxılması zamanı hər bir halda apellyasiya instansiyası məhkəməsi daxil olmuş apellyasiya şikayətinin
və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını; apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu
Məcəllənin 381-390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını; cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın
materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-
olmadığını; cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını;
cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya
məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır.
Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətinə baxılması Şirvan Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasına aiddir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 72.2-ci maddəsinə görə apellyasiya
məhkəmələri yurisdiksiyalarına aid edilmiş rayon (şəhər məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər
qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır.
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikasının Cinayət Prosessual
Məcəlləsinin 381-390-cı maddələrinin tələblərinə əməl edilmişdir.
Bununla belə məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsi Məmmədov Aydın
Əhməd oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə
baxışının keçirilməsindən imtina etməkdə haqlı olmamışdır.
Belə ki, iş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 1(073)-77/2016 saylı, 17 may 2016-cı il tarixli hazırlıq
iclasının qərarına əsasən müəyyən edilir ki, məhkəmə şikayəti icraata qəbul etməkdən imtina edərkən Azərbaycan Respublikası
CPM-nin 302.1.3 və 300.1.3-cü maddələrinə istinad etmiş və göstərmişdir ki, Adil Məmmədov tərəfindən xüsusi ittiham
qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş
tələblərə uyğun olmamışdır. Yəni əməli törətmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi və şikayətin verildiyi tarix
(il, ay və gün) və yer göstərilməmişdir.
Qeyd olunmalıdır ki, cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham qaydasında
şikayətlərə ilkin baxılmasının qaydası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-302-ci maddələrində
nəzərdə tutulmuşdur.
4
Azərbaycan Respublikası CPM-nin 298.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası keçirilənədək cinayət işinin,
məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin baxılmaq üçün verilmiş olduğu
hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri, vəsatət və
ərizələri öyrənirlər.
Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş
icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi
tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən
ibarətdir.
Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq
iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun
olub-olmaması barədə məsələlərə baxılır.
Həmin Məcəllənin 299.6.1-ci maddəsinə əsasən xüsusi ittihamçı məhkəmə baxışı zamanı tədqiq etmək niyyətində
olduqları xüsusi ittiham qaydasında şikayət üzrə sübutlar siyahısını məhkəməyə təqdim edir.
Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham
qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin
öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarlardan biri qəbul edilir.
Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə
məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid
olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu
Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə
müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli
olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət
əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən
imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin mənasına görə xüsusi ittiham
qaydasında şikayət cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və
yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi ilə bağlı tələblərə uyğun olmadıqda
məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının
keçirilməsindən imtina edir.
Lakin iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Məmmədov Aydın Əhməd oğlu
xüsusi ittiham qaydasında verdiyi şikayətində Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə
tutulmuş tələblərə uyğun olaraq özü haqqında bütün məlumatları göstərmiş, həmçinin xüsusi ittiham qaydasında şikayətində
cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin «Region-xəbər.info» portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov Murad Əli
oğlu tərəfindən törədilməsini qeyd etməklə, həmin şəxs barəsində də bütün məlumatları göstərmiş, əməlin məhz Mürad Hüseynov
tərəfindən törədilməsinin nə ilə təsdiq edilməsi ilə bağlı sübutları şikayətinə əlavə etmişdir. Xüsusi ittiham qaydasında verilmiş
şikayətdə tarix göstərilməsə də, şikayətə əlavə edilmiş sənədlərdən şikayətin 19 aprel 2016-cı il tarixdə tərtib edildiyi və 05 may
2016-cı il tarixdə Cəlilabad rayon Məhkəməsinə göndərilməsi müəyyən edilir.
Xüsusi ittiham qaydasında verilmiş şikayətdə Aydın Məmmədov tərəfindən tarixin göstərilməməsini həmin şikayət üzrə
məhkəmə baxışının keçirilməsindən imtina kimi qiymətləndirmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı məhkəmə
kollegiyası qeyd edir ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli
sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün
yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarət olduğundan və həmin məcəllənin 299.2-ci maddəsinə əsasən hazırlıq iclasının
keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən edildiyindən, şikayətdə tarixin göstərilməməsi ilə əlaqədar formal pozuntunun
məhkəmənin hazırlıq iclası mərhələsində aradan qaldırılması mümkün olmuşdur. Belə ki, məhkəmə öz təşəbbüsü ilə şikayətdə
tarixin qoyulmamasının səbəbini araşdıraraq A.Məmmədova şikayətdə tarixin qoyulmasını təklif edə bilərdi. Lakin məhkəmə
Adil Məmmədovun iştirak etdiyi hazırlıq iclasında bu boşluğu aradan qaldırmaqla bağlı tədbirlər görməmiş, şikayətdə tarixin
qoyulmamasının səbəbini araşdırmamış, A.Məmmədovla müzakirə edərək şikayətdə hansı tarixin qoyulması məsələsini təmin
etməmişdir.
Bundan başqa qeyd olunmalıdır ki, məhkəmənin qərarından verdiyi apellyasiya şikayətində xüsusi ittiham qaydasında
şikayət vermiş şəxs Məmmədov Aydın Əhməd oğlu göstərmişdir ki, «Region-xəbər.info» portalı və «Region-TV.info», onun
rəhbəri Hüseynov Murad Əli oğlu yalan olduğunu bilə-bilə onu cinayət qanunvericiliyi ilə nəzərdə tutulan ağır cinayətdə ittiham
etməklə, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş
etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmış və təhqir etmişdir. Məhkəmə işin bu faktiki hallarını
düzgün qiymətləndirməmiş, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən
imtina etmişdir. O, şikayətində şikayət olunan şəxs barəsində CPM-nin 293-cü maddəsi ilə nəzərdə tutulan bütün prosedurlara
əməl etmiş; özü haqqında və ittiham olunan şəxsin törətdiyi cinayət əməlini, həmin əməlin cinayət qanunvericiliyi ilə nəzərdə
tutulan maddəsini, əməlin törədilməsini təsdiq edən sübutları, əməlin harada, nə vaxt və necə törədilməsini və cinayət törətmiş
şəxsin məsuliyyətə cəlb edilməsi barədə xahişini şikayətində göstərmişdir. Barəsində şikayət etdiyi şəxs müəllifi olduğu yazılarda
və efirdə yayımladığı sujetlərdə başçılıq etdiyi təşkilatın təsərrüfat fəaliyyətini yox, onun şərəf və ləyaqətini qəsdən ləkələyən
böhtan və təhqirlə müşayət olunan məlumatları dəfələrlə yaymışdır. Məhkəmə onun şikayətə əlavə etdiyi sübutları araşdırmadan
şikayətini icraata qəbul etməkdən imtina etmişdir. Həmçinin M.Ə.Hüseynov törətdiyi cinayət əməli ilə onun şərəf və ləyaqətini
ləkələyən və onu nüfuzdan salan məlumatları yaymaqla ona mənəvi ziyan vurmuşdur və o, bununla bağlı vurulmuş ziyanın
ödənilməsini tələb etmişdir. Məhkəmə bütün bunları araşdırmadan, sübutlara diqqət yetirmədən onun şikayətinin icraata qəbul
edilməsindən əsassız və qanunsuz olaraq imtina etmək barədə qərar qəbul etmişdir.
Barəsində şikayət verilən şəxs Hüseynov Murad Əli oğlu isə apellyasiya şikayətinə qarşı verdiyi etirazında «Region-
xəbər.info» portalında və «Region-TV.info» internet informasiya ehtiyatında Aydın Məmmədov barəsində şər və böhtan
xarakterli məlumat yaymadığını, xəbər portalında verilmiş məlumatları digər saytlara istinadən verdiyini qeyd etməklə, Aydın
5
Məmmədov şəxsiyyətinin təhqir edildiyini və ya ona böhtan atıldığını hesab edirsə həmin saytları məhkəməyə verməli
olduğunu göstərmiş, informasiyanın mənbəyinin məhz həmin saytlar olduğunu bir daha vurğulamışdır.
Göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə
təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 2-ci
bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb
olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini,
nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi
keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və
əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin
cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.
Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio
və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə,
əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və
təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına
görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan
məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət
məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş
etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış
olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər
kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı
iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya
əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya
ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın
və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.
Həmçinin qeyd olunmalıdır ki, Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin
presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla
belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin
nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki,
mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, Qudvin Birləşmiş Krallığa
qarşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq
kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və
Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə
başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları
fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi
xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə
açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42).
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində qeyd olunmuşdur ki,
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla
devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi
təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik
materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən
istifadə olunmasına yol verilmir.
Göründüyü kimi barəsində şikayət verilən şəxs Murad Hüseynov «Region-xəbər.info» portalında Aydın Məmmədov
barəsində şər və böhtan xarakterli məlumatları yaymadığını, xəbər portalında verilmiş məlumatları digər saytlara istinadən
verdiyini qeyd etsə də, yuxarıda göstərilən beynəlxalq və daxili qanunvericiliyin tələbini pozmaqla yanaşı, rəhbəri olduğu
informasiya portalında dərc etdirdiyi məlumatlara və sujetlərə şərhlər verməklə, həmin məlumatların özünə aid olan məlumatlar
olması görüntüsünü yaratmışdır. Birinci instansiya məhkəməsi isə həmin hallara diqqət verməmişdir.
Bundan başqa barəsində şikayət verilən şəxs Hüseynov Murad Əli oğlu «Region-xəbər.info» portalında və «Region-
TV.info» internet informasiya ehtiyatında Aydın Məmmədov barəsində cinayət xarakterli məlumatları da digər saytlara istinadən
verdiyini qeyd etsə də, həmin məlumatların həqiqi olub-olmamasını araşdırmamış, məlumatların həqiqiliyi barədə kifayət qədər
informasiyaya malik olmadığı halda həmin məlumatları xəbər portalında dərc etməkdən çəkinməmişdir. Birinci instansiya
məhkəməsi isə həmin halları ümumiyyətlə diqqətdən qaçırmış, xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməkdən imtina
etməkdə haqlı olmamışdır.
Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 7-ci bəndində
göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış
məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə
müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə
azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən
təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə
vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd
olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman
olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini
qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini
müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57).
Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs A.Ə.Məmmədovun
şikayətində qeyd etdiyi «Region-xəbər.info» portalı və «Region-TV.info», onun rəhbəri Hüseynov Murad Əli oğlu barəsində
məlumatların onun şərəf və ləyaqətini alçaldan məlumatlar olmasını müəyyən etmək yalnız məhkəmə araşdırmasının gedişində
mümkündür.
6
Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xüsusi ittiham üzrə şikayət vermiş şəxs Məmmədov
Aydın Əhməd oğlunun apellyasiya şikayəti təmin edilməli, A.Ə.Məmmədovun şikayəti əsasında Hüseynov Murad Əli oğlunun
barəsində Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə
məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmasına dair Cəlilabad rayon
Məhkəməsinin 1(073)-77/2016 saylı, 17 may 2016-cı il tarixli qərarı, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Aydın
Məmmədovun apellyasiya şikayətinə əsasən ləğv edilməli, M.Ə.Hüseynov Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci
maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edərək barələrində hökm
çıxarılması ilə bağlı A.Ə.Məmmədovun xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi Cəlilabad rayon Məhkəməsinə
məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.9-cu maddəsinə görə bu Məcəllənin 391.8-ci maddəsində
nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci
instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir, cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya
xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi
mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 391 və 392-ci maddələrinin tələblərini rəhbər tutaraq
məhkəmə kollegiyası
Qərara
aldı:
Xüsusi ittiham üzrə şikayət vermiş şəxs Məmmədov Aydın Əhməd oğlunun apellyasiya şikayəti təmin edilsin.
Məmmədov Aydın Əhməd oğlunun şikayəti əsasında Hüseynov Murad Əli oğlunun barəsində Azərbaycan Respublikası
CM-in 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri
əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmasına dair Cəlilabad rayon Məhkəməsinin 1(073)-77/2016 saylı, 17
may 2016-cı il tarixli qərarı, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Aydın Məmmədovun apellyasiya şikayətinə əsasən
ləğv edilsin.
Hüseynov Murad Əli oğlu Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət
əməlini törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edərək barəsində hökm çıxarılması ilə bağlı Məmmədov Aydın Əhməd
oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi Cəlilabad rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının
keçirilməsi mərhələsinə göndərilsin.
Qərardan bir ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə
bilər.
Əsli ilə düzdür:
Hakim:
Zəki Babayev
Dostları ilə paylaş: |