Azərbaycan Səfəvi dövləti
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.
Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.
Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi.
Şah sarayında Ali məşvərət məclisi və ya Ali səltənət şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın
keçirdiyi islahatlar nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı.
Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı.
Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan ağqoyunlular dövründə olduğu kimi, səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.
Eldənizlər-Atabəylər dövləti
Səlcuqilərin tənəzzülü dövründə Azərbaycan Atabəyləri dövləti öz müstəqilliyini elan etmişdir. Dövlətin adı Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Eldəniz uşaqlığında qul kimi satılmış və taleyi onu Səlcuqlu sarayına aparıb çıxarmışdır. O, ağlı və işgüzarlığı ilə Sultan II Toğrulun diqqətini və rəğbətini qazanaraq əmir titulu almışdır. 1136-cı ildə Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və Azəbaycanın cənub vilayətinin hakimi təyin olundu. O, Sultan II Toğrulun ölümündən sonra onun dul arvadı Möminə Xatunla evlənmişdir. 1136-cı ildə isə Aran hakimi təyin olunaraq Bərdəyə yollanmış və beləliklə, Eldənizlər dövlətinin əsasını qoymuşdur.
İraq Səlcuq sultanlığının ictimai, siyasi həyatında mühüm rol oynayan Eldəniz formal surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. 1152-ci ildə Arran, bir qədər sonra isə Marağa hakimi Xasbəyin idarə etdiyi Ərdəbil Eldənizin hakimiyyətinə keçdi. O, Şirvanşahı da asılı vəziyyətə salmışdı.
Şəmsəddin Eldənizin hakimiyyətinin axırlarında dövlətin sərhəddi Dərbənddən Bəsra körfəzinə, Tiflis qapılarından Məkrana, Aran və Şirvan, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyə kimi yayılmışdı.
Şəmsəddinin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə Eldənizlər dövləti daha da güclənmişdi.
Qızıl Arslan qardaşı Məhəmməd Cahan Pəhləvandan sonra uzun müddət taxt-tacını əldə tutmaq uğrunda mübarizə apardı.
İraq Sultanlığının hakimiyyətini əlində cəmləyən Qızıl Arslanın 1191-ci ildə qətlə yetirilməsindən sonra hakimiyyət Cahan Pəhləvanın türk əsilli Qüteybə Xatundan olan oğlu Əbu Bəkr ilə İnanc Xatundan olan oğlu Qutluq İnanc və Əmir Əmiran arasında bölüşdürüldü.
Bundan sonra qardaşlar arasında başlayan səltənət mübarizəsi Əbu Bəkrin zəfəri ilə nəticələndi. Ancaq davam edən xarici hücumlar (Xarəzmşahlar, gürcülər və s.) dövlətin süqutuna zəmin hazırlamışdı. Əbu Bəkr 1210-cu ildə dünyasını dəyişəndən sonra hakimiyyətə gələn qardaşı Özbəyin dövründə (1210-1225) Atabəylər dövlətinin tənəzzülü sürətlənmişdi.
Atabəylər dövründə Azərbaycanın Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi böyük ticarət və sənət mərkəzləri çox məşhur olmuşdur. O vaxt Gəncə və Təbrizin əhalisinin sayı 100 mini ötmüş, Naxçıvanın əhalisinin sayı isə 80-100 minə çatırdı.
Azərbaycan Atabəylərinin paytaxtı müxtəlif dövrlərdə Gəncə və Naxçıvan şəhərləri olmuşdur.
Eldənizlərin hakimiyyəti dövrü Azərbaycanın çiçəklənmə dövrüdür. Bu müddətdə şəhərlər abadlaşdırılmış, ticarət, sənətkarlıq, heyvandarlıq, əkinçilik həddən artıq irəli getmişdir.
1225-ci ildə Xarəzmşah Cəlaləddinin hücumları nəticəsində Atabəylər dövləti süqut etdi.
Paytaxtı Naxçıvan və Təbriz şəhərləri olmuşdur.
Hakimiyyətdə olan hökmdarlar:
1136-1175 Şəmsəddin Eldəniz
1175-1186 Məhəmməd Cahan Pəhləvan
1186-1191 Qızıl Arslan
1191-1210 Əbu Bəkr
1210-1225 Özbək
Qaraqoyunlu dövləti
Qaraqoyunlu dövləti - Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edən dövlət. Qaraqoyunlular Oğuz türk-əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə Qaraqoyunlu (1410-1468) adlanırdı.
Dostları ilə paylaş: |