B akı Avrasiya Universiteti Fənnin adı: Dilçiliyə giriş Təhsilalan: Xanım Alşanova Fakultə: Filologiya



Yüklə 48,18 Kb.
tarix21.12.2023
ölçüsü48,18 Kb.
#187813
Dilçiliyə giriş Sintaqm anlayışı Xanım Alşanova


B
akı Avrasiya Universiteti

Fənnin adı: Dilçiliyə giriş
Təhsilalan: Xanım Alşanova
Fakultə: Filologiya
Mövzusu: Dilçiliyə girişdə sintaqm anlayışı.Cümlənin sintaqmatiq üzvlənməsi
Müəllim (sərbəst işin növünün rəhbəri): Cəmil Babayev


2023
Dilçiliyə girişdə sintaqm anlayışı.Cümlənin sintaqmatiq üzvlənməsi
İnsanlar arasında canlı ünsiyyətin aydın və anlaşıqlı olmasında cümlələrin sintaqmatik üzvlənməsinin rolu böyükdür. Danışıq aktında semantik cəhətdən əlaqəli olan cümlələr sistemli şəkildə düzülərək nitq axını yaradır. Bu mürəkkəb prosesdə sözlər müəyyən semantik, sintaktik və fonetik qanunauyğunluqlara tabe olmaqla birbirinin ardınca tələffüz olunur. Danışan ifadə olunan fikirdən və situasiyadan asılı olaraq nitq axınını sintaktik cəhətdən parçalara ayıraraq tələffüz edir və beləliklə də, dinləyicinin ifadə olunanı düzgün başa düşməsinə şərait yaradır. Dinləyici eşitdiyi cümlələri düzgün dərk etmək üçün sintaqmlara bölünmə qaydalarına əsaslanır. Danışıq prosesinin müvəffəqiyyətlə baş tutmasında leksik və qrammatik vasitələrlə yanaşı intonasiya da mühüm rol oynayır. Sintaqm intonasiya və fasilənin iştirakı ilə formalaşır. Cümlələrin sintaqmatik üzvlənməsi ünsiyyətin forma və məzmununa təsir göstərir. Danışıq prosesində yaranan sintaqmlar semantik və sintaktik strukturlarına görə müxtəlif olduğu kimi, fonetik xüsusiyyətlərinə görə də fərqli olurlar.
Sintaqm məsələsi müasir dilçiliyin aktual problemlərindən biridir. Sintaqm nitq hadisəsidir və nitq prosesində əmələ gəlir. Başqa sözlə desək, sintaqm ünsiyyət prosesində yaranır və danışıq zamanı fikrin daha aydın, anlaşıqlı çatdırılmasında ən mühüm vasitələrdən biri kimi çıxış edir.
Sintaqm ünsiyyət prosessində dil sisteminin fəaliyyəti ilə gerçəkləşən lakin dil sistemində mövcud olmayan vahiddir. Sintaqm fəal ünsiyyət prosessinin məhsuludur.Fəal ünsiyyət isə bilavasitə danışıq situtasiyasında yaranır. Danışıq zamanı nitq axınının sintaqmlara ayrılması subyektiv şərtlərlə deyil, obyektiv dil normaları ilə müəyyənləşir. Danışıq aktının parçalanması semantik, sintaktik və fonetik faktorlarla əlaqəlidir. Danışıq aktının parçalanmasından əmələ gələn sintaqmalar arasında əsasən fasilə işlənir, lakin bəzən fasilə sintaqm sərhədlərində kəskin ton dəyişikliyi ilə də ifadə oluna bilər. Sintaqm məsələsi müstəqil mövzu kimi çox da qədim tarixə malik deyildir. XIX əsrdən etibarən dilçilikdə sintaqm problemi Rus və Avropa dilçilərinin diqqətini çəkmiş və bir növ onların tədqiqat obyektinə çevrilmişdir. Dilçilik tarixində sintaqm anlayışının dilə, yaxud nitq aktına aid olmasına, cümlələrin sintaqmatik parçalara ayrılmasına, bu vahidin fonetik və ya sintaktik aspektdən öyrənilməsinə aid elmi araşdırmalar aparılsa da, vahid bir fikir formalaşmamışdır. V.V. Vinoqradov yazır: “Sintaqm” anlayışı çoxmənalıdır. Hələlik iki dilçi tapmaq çətindir ki, bu terminə eyni məna versinlər”. Dilçilik elmində bu məsələyə müxtəlif baxışlar mövcuddur. Bir qrup dilçi sintaqmı fonetik vahid kimi, digər qrup dilçilər isə sintaktik vahid kimi öyrənməyə səy göstərmişlər.
Dilçilikdə sintaqm terminin ilk dəfə kim tərəfindən işlədilməsi üzrə iki müxtəlif fikir mövcuddur. Birinci fikrin müəllifi V. V. Vinoqradov yazır ki, sintaqm anlayışı ilk olaraq İ. A. Boduen de Kurtene rabitəli nitqdə söz əvəzində işlətmişdir [6, 89]. Bununla yanaşı o həmçinin əlavə edir ki, “Sintaqm termini rus və Qərbi Avropa dilçiliyində, demək olar, eyni vaxtda, lakin tamamilə müxtəlif mənalarda meydana gəlmişdir” Sintaqmın dilçilikdə ilk dəfə işlənməsi haqqında ikinci mövcud fikirə görə bu nitq vahidinin yaranma tarixi F. de Sössürlə bağlıdır. Qeyd etmək lazımdır ki, hər iki dahi dilçi eyni dövrdə yaşayıb yaratmışdır. Sintaqm probleminə münasibətdə F. de Sössürün və İ. A. Boduen de Kurtenenin baxışları bir- birindən fərqlənir. F. de Sössür və İ. A. Boduen de Kurtene tərəfindən dilçiliyə gətirilən sintaqm anlayışı sonradan onların şağırdləri tərəfindən təkmilləşdirilərək inkişaf etdirilmişdi.
Görkəmli dilçi alim Boduen de Kurtene rabitəli nitqdə sintaqmı “söz” mənasında işlədir. Dilçi yazır: “Sintaqmlar cümlənin, morfemlər sintaqmın, fonemlər isə morfemin ayrılmaz tərkib hissələridir”
Dilçilikdə sintaqm teminini ilk olaraq işlədən F.de Sössür nitq axının bölünməsindən əmələ gələn bu vahidin mahiyyətini belə izah edir: “danışıq prosesində sözlər bir-biri ilə birləşərək, iki dil elementinin eyni vaxtda tələffüzünün mümkün olmadığına və dilin üfüqi xarakterə malik olmasına əsaslanaraq, müəyyən münasibətdə olurlar. Belə vahidlər nitq axınında bir-birinin ardınca düzülürlər. Müəyyən zaman kəsiyində tələffüz edilən birləşmələri sintaqm adlandırmaq olar. Beləliklə, sintaqm bir-birinin ardınca işlənən minimum iki vahidin birləşməsidir. F. de Sössür sözdə, tərkibdə, cümlə üzvündə yaxud bütövlükdə cümlədə hər hansı kompleks yaradan iki və ya bir neçə işarənin birləşməsinə yaxud qovuşmasına sintaqm adlandırır. Dilçi sintaqmı nitq vahidi olan cümlə ilə də müqayisə edir. Onların dilin hansı yarusuna (dil, yaxud danışıq aktı) aid olduğunu müəyyənləşdirməyə çalışır. O yazır: “Sintaqmın tipik işlənməsinə nümunə olaraq cümləni göstərmək olar; cümlə isə dilə aid deyil, danışığa xasdır. Buradan belə çıxmırmı ki, sintaqm nitq sahəsinə aiddir? Biz belə düşünürük ki, bu belə deyil. Nitqin xarakter xüsusiyyəti odur ki, onad elementlərin birləşməsi sərbəstdir; belə isə sual olunur, sintaqmların hamısı eyni dərəcədə sərbəstdir?” Nümunələr əsasında alim belə qənaətə gəlir ki, sintaqm dilə bağlı problemdir və o, dilə aiddir.
F.de Sössürün sintaqma dair fikirləri nəinki öz şagirdlərinin, hətta digər rus dilçilərinin əsərlərində inkişaf etdirilir. Bununla bağlı A.A. Reformatskinin fikirlərinin təhlili daha maraqlıdır. A.A.Reformatski sintaqm anlayışını bütünlüklə dildə ünsiyyətlə eyniləşdirir. Dildə ünsiyyəti o belə hesab edir ki, bu prosesin reallaşmasında müəyyən bir hadisə başqası ilə müəyyənləşir, bunu da təyinedicinin təyin olunana münasibəti kimi göstərmək olar. Dilçi sintaqma belə bir mücərrəd tərif verir: “Sintaqm tabelilik münasibətində olan bu və ya digər iki üzvün birləşməsidir”. Onun şərhindən aydın olur ki, ən sadə kommunikativ (sintaktik) vahid sintaqmdır ki, o da iki üzvdən:təyin olunandan və təyin edəndən ibarətdir. Deməli, sintaqm təbiətən tabelilik münasibətinə əsaslanır. F. de Sössürün şagirdlərindən və davamçılarındam biri olan Ş. Ballinin sintaqm problem ilə əlaqədar söylədiyi fikirlər də diqqəti cəlb edir. Onun fikrincə, sintaqm həm cümlə, həm də cümlə formasına uyğun olan, hər hansı böyük və ya kiçik işarələr qrupudur. Ş. Balli sintaqmın əsas xüsusiyyəti kimi onun sərbəst olmasını göstərir. Bu da o deməkdir ki, sintaqmı təmsil edən leksik vahidlər həmin kateqoriyadan olan hər hansı bir digər işarə ilə əvəz oluna bilər. Bu sintaqmın qrammatik quruluşunu dəyişmir. O hesab edir ki, sintaqm bütöv cümlə təmsil edə bildiyi kimi onun bir hissəsini də təşkil edə bilər.
Sintaqm nəzəriyyəsi özünün hətərfli elmi həllini akad. L.V.Şerbanın yaradıcılığında tapa bilmişdir. L.V.Şerbanı sintaqm problem ilə məşğul olmağa sövq edən əsas amil onun dilin eksperimental-fonetik cəhətdən tədqiq edilməsinə üstünlük verməsi ilə bağlıdır. Nitq axının parçalanması məhz tələffüzlə bağlı prosesdir. L.V.Şerbanın sintaqm problem ilə bağlı həyata keçirdiyi işləri yüksək dəyərləndirən V.V.Vinoqradov yazır ki, müasir dilçiliyin razılaşdığı yeganə sintaqm nəzəriyyəsi əsası L.V.Şerba tərəfindən qoyulmuş sintaqm nəzriyyəsidir. O, özündən əvvəlki dilçilərdən fərqli olaraq “sintaqm”a yeni məna vermişdir.
L.V. Şerba cümlədə sözlərin məna bitkinliyi kəsb edən ritmik qruplarını sintaqma hesab edir. O yazır: “Nitq-fikir prosesində vahid məna bütövlüyü ifadə edən, bir ritmik qrupdan, eləcə də onların bir neçəsindən ibarət ola bilər fonetik vahidi mən sintaqm adlandırıram”. Dilçi fonetikadan çıxış etsə də, sintaqmın sintaksislə əlaqədar olduğunu nəzərə alır, lakin bu sintaktik hadisə danışıq prosesində əmələ gəlib müəyyən fonetik vasitələrlə (fasilə, vurğu) ilə şərtlənir ki, bu da onu fonetika ilə bağlayır. Beləliklə, burada sintaqm fonetik-sintaktik hadisə kimi qeyd edilir. L.V. Şerba sintaqm üçün fikir bütövlüyünü də qeyd edir. Bu isə sintaqmı semantik-sintaktik vahid kmi qeyd etməyə imkan verir.
V. V. Vinoqradov sintaqmanın tam sintaktik planda götürür və ona ancaq bu cəhətdən yanaşmağı əhəmiyyətli hesab edir. O yazır: “Sintaqm üslubi sintaksisin əsas kateqoriyasıdır”. Dilçi qeyd edir ki, “əgər bu anlayış bütün kənar fonetik və mexaniki qarşılıqdan təmizlənərsə və ümumi cümlə nəzəriyyəsinə uyğunlaşdırılarsa, o sintaktik problemlərinin dialektik-materalist tədqiqi sahəsində gələcək elmi işin qiymətli vasitəsi ola bilər”.
Sintaqm haqqında təlim Cenevrə və Praqa dilçilik məktəblərində də inkişaf etdirilmişdir. Cenevrə dilçilərinə görə sintaqm kateqoriyası dəqiq qrammatik anlayış deyil , morfem də , söz də, söz birləşməsi də sintaqm təşkil edə bilər.
Sintaqm problemi Azərbaycan dilçiliyində də alimlərin tədqiqat obyektinə çevilmiş və bu məsələ ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Sintaqm haqqında akad. A.Axundov yazır: ”İnsanlar arasında ən kiçik ünsiyyət vahidi olan cümlələr də müəyyən ritmik qruplara parçalanır və buna fonetikada sintaqm deyilir”. Həmçinin o, adi danışıqda cümlənin sintaqmatik parçalanmasında sintaktik amillərin vacibliyindən danışır. Danışıqda sintaqmların yaranmasını o belə izah edir: “Adi danışıqda cümlənin sintaqmatik parçalanmasında sintaktik amillər əsas rol oynayır. Hər bir mürəkkəb cümlə komponent( tabesiz mürəkkəb cümlədə cümlə, tərkiblər,əlavə və xüsusiləşmələr, qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər, həmcins üzvlər, zaman və yer zərflikləri adətən müəyyən sintaqmlar təşkil edir. Lakin xüsusi nitq şəraitində cümlənin belə sintaqmatik üzvlənməsi olmaya da bilər.Əksinə sintaktik amillərə əsaslanmayan semantik üzvlənmə də gedə bilər. Eyni zamanda o, Azərbaycan dilində sintaqmların iki cür olduğunu qeyd edir.
1. Bitmiş (tam) sintaqm;
2. Bitməmiş (yarımçıq, natamam) sintaqm
Sintaqmı əmələ gətirən vahidlərin sintaqm daxilində sintaktik amillərlə bağlı olduğunu işarə edərək A.Axundov yazır: “Sintaqmlar daha çox sintaktik amillərlə bağlı olduğundan onların tərkibi müxtəlif olur”.
Sintaksisin vahidi olmaq etibarilə həmin sintaqmlar 1) predikativ, 2) qeyripredikativ sintaqmlar qrupuna bölünür.
Predikativ sintaqmlar cümlələrə uyğun gəlir. Tərkibində xəbər olan sintaqmlar eyni zamanda predikativ sintaqm adlanır. Onlar, bir qayda olaraq, kommunikativ səciyyə daşıyır.
Qeyri-predikativ sintaqmlar isə söz birləşmələrini əhatə edir. Onlar adətən nominativ səciyyədə olur. Məsələn,
“Hava qaralmışdı”. Bir sintaqmlı cümlədir və bitmiş sintaqmlı olmaqla bərabər predikativ sintaqmdır.
“Asfalt səkinin çuxurlarında gölməçələr qalmışdı”. Bu cümlədə Asfalt səkinin çuxurlarında bitməmiş ( natamam ) sintaqmdır və cümlədə ifadə olunan fikrin müəyyən hissəsini təmsil edir.
Sintaqmın sintaktik strukturundan bəhs edən F.Ağayeva da sintaqmları sintaktik strukturlarına görə iki qrupa ayırır:1) minimal sintaqmlar 2) əsas sintaqmlar
Danışıq aktında hər bir vahidin öz funksional yükü olduğu kimi, sintaqmın da bu prosesdə digər vahidlərdən fərqlənən öz funksional yeri var. Sintaqmlar həm funksiyalarına, həm də semantik və sintaktik xüsusiyyətlərinə görə digər vahidlərdən: sözlərdən, söz birləşmələrindən cümlələrdən fərqlənir. Dildə işlənmə ontekstindən və situasiyadan asılı olaraq, bu vahidlər bir-birilərinə bəzən uyğun gəlsə də, onları sinonim vahidlər kimi qəbul etmək düzgün olmazdı. Sözlər dil vahididir və onlar dildə hazır şəklidə mövcud olduqlarından, danışıq prosesində sözlərdən məqsəd və situasiyaya uyğun istifadə olunur. Sözdən fərqli olaraq, sintaqm isə dildə əvvəlcədən hazır şəkildə mövcud deyil. Sintaqm danışıq prosesinin gedişatında yaranır. Hər bir söz dildə əvvəlcədən mənaya malik olduğu halda, sintaqm belə xüsusiyyətdən məhrumdur. Sintaqmın mənası danışıq aktında formalaşır və nitqin ümumi məzmunu ilə bağlı olur. Dilin digər vahidləri kimi söz də ikitərfli işarədir: forma (maddi tərəf/ ifadə edən) və ideya( məzmun/ ifadə olunan). Sintaqm da binar xüsusiyyətə malikdir. Deməli, hər bir sintaqmın məna tərəfi ilə yanaşı, onun ifadə tərəfi də var. Lakin burada bir məsələni qeyd etmək lazımdır ki, dil vahidi olan sözlərin hər birinin özünə xas semantik yükü var, sintaqmlarda isə belə deyil. Sintaqmlarda sintaqmı əmələ gətirən elementlər sintaktik cəhətdən əlaqələnərək fonetik cəhədən bölünməz bir bütövə çevrilir. Bütöv ümumilikdə nisbi bitmiş mənanı ifadə edir. Məsələn, “Leyla, rəsm, çəkmək” sözlərinin hər biri müstəqil söz olub, həm ifadə tərəfinə, həm də məna tərəfinə malikdir. Danışıq aktında həmin sözlər müəyyən bir sintaqm daxilində birləşərək, ümumi mənanın ifadəsinə xidmət edir. Bu da / Leyla rəsm çəkirdi// söyləmi- sintaqm vasitəsilə ötürülən informasiyadan ibarətdir. Müəyyən bir situasiyada müstəqil sintaqm kimi işlənən söz digər kontekstdə başqa bir sintaqmın tərkib elementinə çevrilə bilər. Söz sintaqm yarada bilər, lakin ümumilkdə sintaqmı söz kimi qəbul etməyi düzgün hesab etmək olmaz, çünki sintaqm həmişə bir sözdən ibarət olmur. Sintaqm bir neçə sözün birləşməsindən də əmələ gəlir. Formal cəhətdən bəzi hallarda sintaqmın sərhədi, söz sərhədi ilə üst-üstə düşsə də, bu vahidlər bir-birlərindən semantik, sintaktik və fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Söz birləşməsi və sintaqm mübahisəli olub, dilçi alimləri düşündürən problemlərdən biridir. Dilçi alim prof. Y.Seyidov söz birləşməsi ilə sintaqma arasında müqayisə aparmışdır. Söz birləşməsi ilə sintaqmın fərqli vahidlər olduğunu izah edən Y.Seyidov yazır: “Söz birləşməsi ilə sintaqm tamamilə başqa – başqa əsaslara malikdir, bir qədər kəskin şəkildə desək, əslində onlar arasında heç bir ümumi cəhət yoxdur” Dilçinin sintaqma verdiyi tərif aşağıdakı kimidir: “Sintaqm cümlə daxilində (nitqdə) bir – birinin ardınca gələn və bir nəfəsvermə ilə ifadə edilən sözlər qrupudur” Tərifdən məlum olur ki, nitq axınında fasilələr arasında meydana gələn nitq taktlarını nəfəs qrupu kimi şərh edir. Y. Seyidov Azərbaycan dilində söz birləşməsilə sintaqmı müqayisə edərək ümumi mülahizələr irəli sürür ki, bunlar da aşağıdakılardır:
“1. Sintaqm şifahi nitqlə bağlıdır. O müəyyən ritmik vurğu və pauza ilə reallaşır. Söz birləşməsi üçün onun harada işlənməsi əsas deyildir. Söz birləşməsinin müəyyənləşməsində vurğu və pauzanın, demək olar ki, heç bir əsaslı rolu yoxdur. Şifahi nitqin müxtəlif formaları (adi danışıq, mühazirə, deklamasiya, monoloq və s) sintaqmın müəyyənləsinə təsir göstərir.
2. Sintaqmı əmələ gətirən sözlər bir- birinin yanında olub, ardıcıl şəkildə sıralanır. Bu xüsusiyyət sintaqma üçün zəruridir. Söz birləşməsinin komponentləri bir-birinin yanında gəldiyi kimi, bir-birindən aralı da gələ bilər.
3. Söz birləşməsinin əsas forması iki müstəqil sözdür. Döğrudur, söz birləşməsi bir neçə sözdən də ibarət ola bilər, lakin iki müstəqil sözün birləşməsi söz birləşməsinin ilk və əsas variantıdır. Söz birləçmələri məhz bu əsasda formalaşır. Sintaqm üçün belə bir hökm vermək olmur. Cümlə üçün olduğu kimi, sintaqm üçün də vahid söz miqdarı müəyyənləşdirmək mümkün deyildir. Sintaqm gah bir, hah iki, gah üç miqdarda sölərədən ibarət ola bilər. Hətta sintaqm üçün neçə sözün əsas olduğunu demək çətindir.
4. Söz birləşmələrinin özlərinə məxsus daimi qrammatik modelləri vardır. Söz birləşmələri bu modellər çərçivəsində fəaliyyət göstərir. Dilin qrammatik quruluşu ilə əlaqədar olaraq yaranmış bir modellər dilin tarixi inkişafı prosesində çox az dəyişikliyə uğrasa da, ümumiyyətlə, sabit qalır və müxtəlif məanalı birləşmələrin əmlə gəlməsində qəlib rolu oynayır. Sintaqmın belə daimi modelləri olmur. Onun əhatə dairəsi bir halda sözə sözə, bir halda söz birləşməsinə və cümləyə, bir halda isə heç bir birləşmə və cümlə əmələ gətirməyən, lakin intonasiya vahidliyində birləşən sözlər qrupuna uyğun gəlir. Həm də hər dəfə sözlərin miqdarı, forması, əlaqə üsulları bir-birindən fərqli şəklidə meydana çıxır. Bu halda sintaqm üçün daimi modellər müəyyənləşdirmək imkanı aradan çıxır.
5. Söz birləşməsinin əmələ gətirən sözlər arasında məna əlaqələri ilə birlikdə qrammatik əlaqələrin olması da vacibdir. Qrammatik əlaqə olmayan sözlər söz birləşməsi əmələ gətirə bilməz. Buna görə də dildə sözlərin əlaqələnməsini təmin edən qrammatik əlaqə formaları söz birləşməsi əsasında öyrənilir. Sintaqm bir- biri ilə qrammatik əlaqə olmayan sözlərdən də təşkil oluna bilər. Ümumiyyətlə, sintaqm məsələsində sintaqmdakı sözlərin əlaqə formalrından danışmaq artıqdır.
6. Nəhayət, bu deyilənlərdən başqa bir nəticə alınır. Söz birləşməsi sözlərin semantik-sintaktik vəhdətindən əmələ gəlir və bu iki cəhət söz birləşməsinin mahiyyətini təşkil edir. Sintaqmda bu cəhətlər qalsa da, bir qədər arxa plana çəkilir, başqa cəhətlər isə-fonetik və üslubi cəhətlər irəli keçir. Beləliklə, sintaqmın yaranmasında sintaktik və semantik əlamətlərlə yanaşı, fonetik və stilistik əlamətlər də mühüm rol oynayır. Söz birləşməsinin formalaşmasında isə bu son iki cəhətin (fonetik və üslubi əlamətlərin) rolu yoxdur”
Prof. Qəzənfər Kazımov sintaqma sintaktik yönümdən yanaşaraq ona belə tərif verir: “Sintaqm cümlədə sintaktik əlaqələrlə birləşən və vahid tam kimi fəaliyyət göstərərn söz birləşməsi və söz qruplarından ibarətdir”.
Dilçi göstərir ki, “sintaqmlar əlaqə tipindən asılı olaraq fərqlənir və predikativ sintaqmlar, atributiv sintaqmlar kimi növlərə ayrılır. Adətən, binar xarakterdə, yəni ikiüzvlü olur. Sintaqmlar söz birləşmələri ilə oxşar cəhətlərə malik olsa da, əhatə dairəsinə və bəzi xüsusiyyətlərinə görə onlardan fərqləndirilir. Söz birləşmələri sintaktik əlaqə tipinə və əsas komponentin kateqorial səciyyəsinə görə, sintaqmalar isə komponentlər arasındakı sintaktik münasibətlərə, əlaqə tiplərinə görə təhlil edilir. Söz birləşmələrindən fərqli olaraq, sintamların komponentlərini başqa sözlərlə əvəz etmək olur və məna dəyişmir. Bəzi dilçilər söz birləşmələrinin statik keyfiyyətə malik dil faktı olduğunu, sintaqmların isə nitq faktı olmaqla dinamikliyə malik olduğunu qeyd edirlər: söz birləşməsi -özünü mənalı iki vahidin statik-qrammatik birləşməsi kimi göstərən birləşmədir, sintaqm isə sözlərin nitqdə və ya cümlədə aktiv funksiya yerinə yetirən birləşməsidir”
Sonra isə sintaqmın aşağıdakı xarakter əlamətlər olduğunu qeyd edir:
-Sintaqm binar xarakterdə (iki üzvlü) olub, mütləq özündə iki üzvü birləşdirir.
-sintaqmın bu və ya digrə üzvü başqa sintaqma da aid ola bilər.
-sintaqmlar komponentləri arasında tabelilik əlaqəsinin olamsı ilə xarakterizə edilir.
Əsas yaradıcılığını alman dilinin fonetika və fonologiyanın tədqiqinə həsr edən F. Veysəlinin Azərbaycan dilçiliyində sintaqm probleminin tədqiqi sahəsində xidməti böyükdür. Onun alman və Azərbaycan dillərinin intonasiyasının müqayisəli tədqiqinə həsr edilmiş əsərlərində sintaqm problemi öz geniş izahını tapmışdır. Onun fikrincə, “Cümlənin sintaqmlara bölünməsi subyektiv şərtlərlə deyil,obyektiv dil normaları ilə əlaqədardır. Onunla əlaqədar danışıq prosesini, konteksti və şəraiti də nəzərə almaq lazımdır”. Onun yazdıqlarından aydın olur ki, sintaqm dilin mövcud normaları əsasında qurulmuş sintaktik –semantik və fonetik vahiddir; yəni sintaqm müəyyən məna ifadə etməsidir. F. Veysəlli sintaqmın danışıq vahidi olduğu fikrini təsdiqləyərək, problemə Şerba nəzəriyyəsinin prinsiplərindən yanaşır. Dilçi sintaqm haqqında aşağıdakı fikirləri irəli sürür:
-Sintaqm linqvistik anlayış kimi həm dilə,həm də nitqə daxildir. Dildə olmayan hadisə nitqdə, nitqdə olmayan hadisə isə dildə mövcud deyil. Ona görə də sintaqm bir tərəfdən, danışıq səviyyəsində fraza və frazadan yüksək vahidlərin bölünməsindən alınan vahiddirsə, digər tətəfdən,dil səviyyəsində cümlə və ya mətnin üzvlənməsindən alınan vahiddir.
-Sintaqmatik üzvlənmədə əsas amil kimi leksik tərkib, intonasiya və fasilə nəzərdə tutulur.Sintaqm səviyyəsində bölünməzdir.
-İfadə olunan mənadan, konkret və situasiyadan, mövzudan və danışıq tempindən asılı olaraq, sintaqmın miqdarı və həcmi dəyişə bilir.
-Sinaqmatik üzvlənmədə ayrıca söz, subyekt, predikat, cümlənin əsas üzvlərindən biri, frazeoloji vahidlər, atalar sözləri və s. sintaqm kimi edə bilirlər.
Yuxarıda irəli sürülən fikirləri yekunlaşdırsaq, sintaqmı nə fonetikadan, nə də sintaksisdən təcrid etmək mümkün deyil. Əksinə, sintaqm sintaktik, semantik və fonetik hadisələrin məcmusu kimi şərh olunmalıdır. Başqa sözlə desək, onu nitq axının yalnız sintaktik üzvlənməsindən meydana çıxan danışıq vahidi kimi qeyd olunmamalıdır.


Yüklə 48,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin