BƏXTİyar tuncay etnoqonik miFLƏR



Yüklə 1,48 Mb.
səhifə1/14
tarix23.02.2017
ölçüsü1,48 Mb.
#9311
  1   2   3   4   5   6   7   8   9   ...   14
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

___________________________________________


BƏXTİYAR TUNCAY

ETNOQONİK MİFLƏR

BAKI – 2013

Redaktoru: Seyfəddin RZASOY

filologiya üzrə elmlər doktoru

Bəxtiyar Tuncay. Etnoqonik miflər (ümumtürk mate­rial­ları əsasında). Bakı, “Nurlan”, 2013, 308 səh.

folklorinstitutu.com



A 4603000000 Qrifli nəşr

N-098-2013


© Folklor İnstitutu, 2013.


GİRİŞ
Zəngin türk folklorunun ayrılmaz tərkib hissəsi olan mif, rəvayət və əfsanələr, eləcə də qəhrəmanlıq eposları ayrı-ayrı türk soy, boy və xalqlarının etnogenezinin və etnomədəni əlaqələ­ri­nin öyrənilməsi baxımından son dərəcə böyük önəm daşımaq­dadır. Bu və ya digər türk xalqının özünün etnik mənşəyi, ilkin ata yurdu, ata yurdunu tərk edərək müəyyən bir etnik-tarixi əra­zidə məskunlaşması və fəaliyyəti barədə nəsillərdən-nəsillərə ötü­rü­lərək əfsanələşən və zamanla mifik çalarlar qazanan etnik yaddaşı məhz bu rəvayət və eposlarda əbədiləşdirilmişdir. Hə­min folklor nümunələrində söylənilənlərin müxtəlif tarixi mən­bələrdə əksini tapmış bilgilərilə, arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallarla, eləcə də dil materialı ilə tutuşdurul­ması bəzən inanılmaz nəticələrə gətirib çıxara bilir.

“Mif və tarix bir araya gətirilə bilərmi?” sualına cavab axta­ran R. Qafarov bildirir ki, mifin müasir müəyyənləşməsi, anlam dairəsi o qədər genişdir ki, izahını başa çatdırmaq, cəmiyyətin formalaşmasındakı və inkişafındakı rolunu dəqiq üzə çıxarmaq üçün hələ də axtarışlar aparılır. Eləcə də tarix geniş və dar mə­nada götürülür. Əslində bütün yaranışların doğulma, meydana gəlmə tarixi var:

Məsələni başqa şəkildə qoyaq: mif hər hansı bir formada tarixdirmi? Aristotel Herodotu tarixçi deyil, mifoloq kimi təq­dim edirdi. Qədim yunanların qənaətində mif dünya tarixinin başlanğıcını özündə əks etdirən ən dolğun mənbə sayılırdı. Bu günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öy­rənmək üçün antik miflərə (yeganə mötəbər mənbə kimi) mü­raciət edirlər. Sonralar dənizin dərinliklərində aparılan arxeo­loji axtarışların nəticəsində miflərdə göstərilən şəhər, saray və qalaların qalıqları üzə çıxdı, mifoloji təsvirlərin çoxunun gerçəkliyi təsdiqləndi” (Qafarov, 2010, s. 14).
Şlimanın “İlliada”da əks olunan mifik süjetlərdən çıxış edə­rək qədim Troyanın yerini müəyyənləşdirməsi və bununla da Ho­­merin qələmə aldığı hadisələrin kökündə real tarixi hadi­sə­lə­rin durduğunu sübut etməsindən sonra etnogenezlə bağlı rəva­yət­lərə münasibət əsaslı surətdə dəyişmişdir. Son illərdə Avropa və Rusiyada folklor nümunələrinin digər elm sahələrinin ma­te­rialı ilə əlaqəli şəkildə geniş təhlili istiqamətində aparılan işlərin müsbət nəticələri də bu istiqamətin perspektivli olduğunu sübut etməkdədir. Odur ki, sözügedən metodun türk miflərinə tətbi­qi­nin də faydalı ola biləcəyi, maraqlı nəticələrə gətirib çıxaracağı heç bir şübhə oyatmır. A.Nəbiyev haqlı olaraq yazır ki, dünya haqqında mif modeli müxtəlif xalqların erkən düşüncəsində özü­nə­məxsusluqlarla şərtlənsə də, onun bədii təfəkkür üçün ümumi olan cəhətləri və xüsusiyyətləri də vardır:

Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni sistemlə­rini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki yerini və onun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində hər bir xalqın yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün ən mötəbər mənbələrdəndir” (Nəbiyev, 2002, s. 139).

Etnogenezlə bağlı mifik süjet və motivlər kosmogenez və antropogenezlə bağlı süjet və motivlərə nisbətən çox-çox son­ra­kı dövrləri əks etdirir. Elə bu səbəbdən də bu süjet və motivlərin əsasında duran hadisələrin reallığa daha yaxın olduğunu söy­lə­mək olar. Fakt budur ki, öncə dünya yaranmış, daha sonra insan­lar peyda olmuş, yalnız bundan sonra ayrı-ayrı etnos və xalqlar təşəkkül tapmışlar.

S.A.Tokarev bildirir ki, hazırda etnogenez məsələləri müx­tə­lif elm sahələri ilə məşğul olan geniş mütəxəssis qruplarının diq­qətini daha çox cəlb etməkdədir və bu məsələləri yalnız və yal­nız müxtəlif elmlərin birgə səyləri ilə həll etmək mümkündür. Lakin etnogenetik proses o qədər mürəkkəb bir prosesdir ki, bir sıra hallarda elm, alimlərin səylərinə baxmayaraq, onun üzərin­də­ki sirr pərdəsini qaldırmaqda aciz qalır. (Токарев, 1949). Ali­min bu fikrinə Q.F.Debets, V.Q.Levin, T.A.Trofimov, V.V.Qinz­burq və V.P.Alek­seyev kimi alimlər də şərik çıxmışlar (Дебец, Левин, Тро­фимов, 1952; Левин, 1961; Гинзбург, 1968; Алексеев, 1977, с. 9).

Digər xalqların miflərində olduğu kimi, türk mifologi­yasın­da da etnoqonik motiv və süjetlərin əsasında əcdad kultu durur. Əksər türk xalqları bütün türklər üçün ümumi olan ulu əcdaddan başqa bilavasitə öz soy və boylarının ulu babalarını da unut­ma­mış, onları ayrı-ayrı qəhrəmanlıq eposlarında əbədiləşdirmişlər. Bu eposlar minillər boyu yeni-yeni elementlərlə zənginləş­diri­lərək, hər dövrə uyğun şəkildə müasirləşdirilsə də, əcdad kultu öz kökləri ilə ibtidai mədəniyyətin, totemistik və animistik təsəvvürlərin mövcud olduğu dövrlərə qədər uzanır.

Belə hesab edilir ki, ibtidai cəmiyyətdə ictimai şüur və fi­k­rin inkişaf səviyyəsi ibtidai mədəniyyətlə qarşılıqlı əlaqədə olub və ibtidai sosial-mədəni sistemin inkişaf dinamikasına təsir gös­tərir. İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik olub, mövcud sistemli strukturun yenidən dirçəlməsinə imkan verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkre­tik­liyi­dir ki, bu da öz təcəssümünü totemizmdə tapmışdır.

Mif çağında ulu əcdad, ilk növbədə, yaşayış tərzi ilə təbiət hadisələri və heyvanlar aləmi arasında oxşarlıq görmüş (qidalan­mada, doğumda, hərəkət və davranışda, eləcə də digər zahiri əlamətlərdə), həmin aləmlərlə özü arasındakı qeyri-adi əlaqəyə tə­sir göstərməyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tə­rə­fin­dən gələn təhlükələrə qarşı nikbinliklərini qoruya bilmişdir. On­ların yaşamaq uğrunda mübarizəsindən və topladıqları təc­rübədən doğan inanışlar «sınaqlardan çıxarılaraq» yaddaşlarında möhkəm­ləndikcə təsəvvürlərə çevrilmişdir. Ulu əcdad dünyaya həmin təsəvvürlərin baxış bucağından, yaxud pəncərəsindən bax­mışdır və onlar sistemləşdirildikcə totemizm, animizm, ani­matizm, ma­giya və kult münasibətləri şəklini almışdır. Təbiət varlıqlarının fetişləşdirilməsi isə müxtəlif ayin və mərasimlərin keçirilməsinə meydan açmışdır. Ovçuluq, maldarlıq və əkin­çi­likdə qazanılan uğurların da səbəbini həmin təsəvvürlərin doğur­duğu qeyri-adi məxluqlarla əlaqələndirmişlər (Qafarov, 2010, s. 14-15).

Totemizm (Şimali Amerika hindularının dilindən götürül­müşdür, “onun qəbiləsi” deməkdir) — insan kollektivləri (qəbi­lə, tayfa) ilə müəyyən heyvan və bitki növləri, habelə hər hansı bir predmet arasında guya mövcud olan fövqəltəbii qan qohum­luğu əlaqələrinə etiqad edilməsindən ibarətdir. Məsələn, Tols­tov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslə­diklərini söyləmişlər (Bayat, 1993, s. 124).

Türk mifologiyasında onqon-quş motivi ən geniş yayılmış motivlərdəndir. Məsələn, əldə olan çoxsaylı mənbələr toğanın (qartalın) bəzi türk soy və boyları tərəfindən onqon-əcdad kimi qəbul edildiyini söyləməyə əsas verir. Saxa-yakutlar öz əcdad­larının kiçik bütləri içərisinə Sour adlı qarğanın bütünü də əlavə edirmişlər (Ögel, 1995, s.147). Bu quş Altay əsatirində Tanrı Ülgenin düzəltdiyi insan bədənləri üçün böyük Tanrı Kudayın yanından ruh gətirən bir quşdur (Анохин, 1824, с. 18).

Deyilənlərə şeytanın düzəltdiyi qadın və kişinin quşa çev­rilmələrini də əlavə etmək lazımdır:



Tanrı hirslə qadının düz üzünə tüpürdü.

Qadın quş olub uçdu, Kordoy quşudur adı,

Bataqlıq qorxudur, hər it ona uladı.

Kişi də bir quş oldu, ona deyirlər Yalban,

Ayaqları çox uzun, surəti də çox yaman.

Çox qəribə quşdur bu, nədənsə yox əlləri,

Gəzib tapır, - harda var, - atılmş çəkmələri.

Ən böyük əyləncəsi topuğunu gəmirmək,

Evlərdəki nəcislər ona ən gözəl yemək (Ögel, 1995, s.149).

S.Neklyudov bu cür çevrilmələri ruhun müxtəlif canlı və can­sız varlıqlarda təzahür etməsi ilə əlaqələndirir (Неклюдов, 1979).

Bənzər halla Azərbaycan-türk əfsanə və nağıllarında da tez-tez rastlaşmaq mümkündür. Bu baxımdan aşağıdakı mif de­yi­lənlərə ən gözəl misaldır:

İki oğlan cüt sürürmüş, biri İsa adında, biri də Musa adın­da. Bunlar yorulub bir az yatırlar ki, dinclərini alsınlar. Öküzlər açılıb qaçırlar. İsa ilə Musa oyanıb görür ki, öküzlər yoxdu. Nə qədər axtarırlar­sa, tapa bilmirlər. Ağaları da çox əzazil adam olur. Bu uşaqlar qorxularından evə qayıda bil­mirlər. Allaha yalvarırlar ki, bizi quşa döndər. Allah bunları quşa döndərir. Bunlar başlayırlar öküzləri axtarmağa. Həmişə də bir-birindən soruşurlar ki, tapdın? (Azərbaycan mifoloji mətn­ləri, 1988, s. 70).

Türk-şaman mifoloji sisteminin ən arxaix alt qatlarından birini təşkil edən onqonçuluğun izlərinə Azərbaycan folklorunda da geniş rast gəlinməkdədir. Bu baxımdan “Keçəlçələr” nağılın­dakı sərçə (Besanoğlu, 1966, səh. 171-173), “Məlik Məmməd və Məlik Əhməd”, “Moltanı padşahı” və “Daş üzük” nağıllarındakı göyərçin (Azərbaycan nağılları, II c., 1961, səh. 234; IV c., 1963, səh. 93; ll c., 1961, səh. 66-68), bir-birinin fərqli variant­ları olan “Hazarandastan bülbül” və “Altun bülbül” nağılların­dakı bülbül (Azərbaycan nağılları, I c., 1961, səh. 116; Türk ma­salları, I kitap, 1971, səh. 167), Əhmədnən Sənəm” nağılındakı qaraquş (Azərbaycan nağılları, V c., 1964, səh. 113-114) və s. onqon quş surətlərini misal çəkmək olar.

Bu mövzu Məhəmməd Hatəmi Tantəkin tərəfindən hərtə­rəfli araşdırılmışdır (Tantəkin, 2004). Onun yazdığına görə, sehr­li nağıllarda sadəcə “quş” adı ilə dinləyicilrə təqdim edilən sətirlər də az deyil. Onlar ölünü dirildir, ətləriylə insanlara qeyri-adilik gətirir, qiymətli yumurtalar ilə kasıbları varlandırırlar (Tan­təkin, 2004, səh. 9).

Nağıllarımızda gerçəkdən də sadəcə “quş” adı ilə çıxış edən onqon surətlərə rast gəlinir və onlar gerçəkdən insanların hi­ma­yəçiləri kimi çıxış edirlər. Özü də bu hal təkcə Azərbaycan na­ğıllarında deyil, Türkiyədən toplanmış nağıllarda da geniş yayılmışdr (Azərbaycan nağılları, II c., 1961, səh. 2, 165; III c., 1962, səh. 97, 253, 256-257; Türk masalları, I kitap, 1971, səh. 269; II kitap, 1971, səh. 196; Türk folkloru araştırmaları, 1973, səh. 3268-3269).

Azərbaycan türklərinə aid aşağıdakı mif də böyük maraq doğurur:

Bir gün insan oğlu fikirləşir ki, hər şeyin padşahı, böyügü var. Quşların da gərək padşahı olsun. Bütün quşdarı yığıb deyir ki, hansınız lap yuxarı qalxsanız onu padşah qoyacıyam. Quşdar razı olur. Uçullar, ancax qartal hamısınnan hündürə uçur. Bu dəmdə insan oğlu görür ki, qartalın tükləri ara­sın­nan cırt-cırt quşu çıxdı, lap yuxarı uşdu. Bını quşdar da gördü, pərt oldular ki, bınnan bizə padşah çıxmaz.

İnsan oğlu cırt-cırt quşuna deyir ki, sən lap yuxarı uşdun, ancax kələyinən. Ona görə gərək sənə bir iş də tapşıram. Onu da eləsən, səni padşah qoyacıyam. Get mənə elə bir çöp gətir ki, nə əyri olsun, nə də düz.

Deyillər ki, cırt-cırt quşu o vaxtdan həmişə kolluqda gəzir, həmin çöpü axtarır, ancax tapammır. Qartal isə quşların padşahı olur (Azərbaycan mifoloji mətnləri, 1988, s. 67).

Türk, o cümlədən Azərbaycan folklorunda geniş yayılmış quşlardan biri də Humaydır. Bu quşdan söz açan B.Ögəl bildirir:

Bu quşun adı əfsanəvi hüma//humay quşunun adın­dan gəlir. Bununla bərabər, bu ad indi mövcud olan quşlara da verilmişdir. Məsələn, huma və ya hüma Krımda ən yaxşı cins qartallardan birinə verilən addır. Bu quşun adı qırğız ləhcəsində kumay olmuşdur. Qırğızlar vulturide növünün ən böyük cinsinə kumay deyirlər. Bu, ağbaba cinsindən olan, qar quşu da deyilən böyük bir qartaldır” (Ögel, 1989, s. 365).

Eyni mövzuya Bəhlul Abdulla da müraciət etmiş və “Kita­bi-Dədə Qorqud”dakı quş obrazlarından söz açmışdır (Abdulla, 1999).

Mövzumuz baxımından aşağıdakı Altay əsatirində söyləni­lənlər də böyük maraq kəsb edir:

Çox böyük bir xan vardı çox-çox əski çağlarda,

Yaşardı, hökmdardı Altaydakı dağlarda.

Bu xanın çox gözəl biricik qızı vardı,

Onu görən hər igid tutuşaraq yanardı.

Xanın yurdundan bir gənc bir gün xana vararaq,

Qızı mənə ver” deyə ağlamış yalvararaq.



Xan razı olmuş, fəqət oğlana bir şərt qoymuş,

Gəl ki xanın bu şərti çox-çox çətin, çox zormuş.

Xan oğlana demiş ki:

Bilirsənmi, Daruqa müqəddəs bir qartaldır,



Bədəni çox böyükdür, tükləri sanki budaqdır.

Gedib bu qartalı tap, tükündən gətir mənə,

O zaman düşünmədən qızı verərərn sənə”.

Gənc almış yarağını, dağlara çıxmış ova,

Axtarmağa başlamış belə böyük yuva.

Sora-sora gedərkən görmüş yolda bir ərmiş,

Dərdini ona açmış, o da bir öyüd vermiş.

Ağ saqqallı ixtiyar demiş bu yoldan sapma,

Bu işi mən bilirəm, kim nə desə, sən yapma.

Bu yolla gedən oğlan ağ bir dağa yan almış,

Ətrafında dolaşmış, ətəyinə yanaşmış.

Nədənsə yerlə göylər birdən-birə ağlamış.

Ağca buludlarsa yer üzünə yaxınlaşmış.

Oğlan yenə durmamış, keçmiş dağ aşaraq,

Dörd tərəfə böylanmış özü möhkəm çaşaraq,

Görmüş dağ-daş, hər tərəf süd rəngində, bəmbəyaz.

Bu rəng göyləri tutmuş, göy də olmuş apayaz.

Oğlan “Bu nə ?” deyincə, haradansa bir səs gəlmiş,

Göylərin arxasında süd dənizi var” demiş.



Oğlan şərqə boylanmış, buludun arxasından,

Gözünə kölgə dəymiş köpüklər arasından.

Düşünmüş uzun-uzun “Bu qara şey nə?” -deyə,

-“Süd dənizi içində bu gölgəlik var niyə?”

Çox düşünmüş, bu işə bir məna verəmməmiş,

Göydən bir səs ona səslənib, belə demiş:

Qarşıdakı qaraltı çox böyük bir ağacdır,



İnsana həyat verir, göylərə isə tacdır.

Onun yanındakı da qapqara bir ormandır,

İçindəki qımıldayan Daruqa xandır.

Müqəddəs süd dənizi dağın başındadır,

Cənnətin bağçaları dənizin bağrındadır

(Ögəl, 2006, səh125-126).

Onqon-quş motivi oğuzlar arasında da çox yayğın olmuş­dur. Hər bir oğuz soy və boyunun ayrıca quş onqonu olduğunu həm Fəzlullah Rəşidəddin (Rəşidəddin, 2003, s. 54-60), həm də Əbülqazi (Əbülqazi Bahadır xan, 2002, s. 70-72) göstərmişlər. Onlara istinad edən Bahəddin Ögəl həmin onqonları boy və soylar üzrə aşağıdakı kimi sıralamşdır:

Bozuqlar: Sağ qol.

Gün Xan: simvolu Ağ Şahin,

Ay Xan: simvolu Qartal,

Ulduz Xan: simvolu Tauşancıl

Qayı - Ağ Şahin / Şunqar (Şunqar)

Bayat - Ağ Şahin / Bayquş (Üği)

Alkaravlı – Ağ Şahin / Siçantutan qırğı (Köykenek)

Qara-uyli – Ağ Şahin / Çalağan (Göbek-sarı)

Yazır – Qartal / Bildirçin çalan qırğı (Torumtay)

Dökər – Qartal / Çalağan (Köçken)

Dodurğa – Qartal / Qırmızı qırğı (Kızıl-qarçağay)

Yaparlı - Qartal / Qırğı (Kirğu)

Avşar – Dovşancıl / Ağ şahin (cere-laçin)

Qızıq – Dovşancıl / Sar (Sarıca)

Bekdili – Dovşancıl / Laçın (Bihri)

Qırqın - Dovşancıl / Su berkutu (Su bürkütü)

Uçuqlar: Sol qol.

Gök Xan: simvolu Şunqar

Dağ Xan: simvolu Üği

Dəniz Xan: simvolu Çakır

Bayındır – Şunqar / Şahin (Şahin)

Beçenə - Şunqar / Ala şahin (Ala-toğanaq)

Çavuldur – Şunqar / Qartal (Buğdaynık)

Çəbni - Şunqar / Humay (Humay)

Salur – Üği / Berkut (Bürküt)

Eymir – Üği / Ançarı

Alayuntlı – Üği / Gərgincək (Yağılbay)

Ürəgir – Üği / Qırğı (Bayqu)

İqdır - Gərgincək / Qırğı (Karçiğay)

Bükdüz - Gərgincək / Ütəlgi (İtalgu)

Yıva - Gərgincək / Ağ şahin (Toyğun)

Qınıq - Gərgincək / Qırğı (Cere-qarğay)

(Ögel, 1989, s. 355-360).

D.K.Zeleninin yazdığna görə, onqona soyun, boyun, ailə və fərdin hamisi, qoruyucusu, qoruyucu ruhu, yardımçısı kimi ba­xılmışdır (Зеленин, 1936,c.29).

Azərbaycan folklorunda yayğın olan quş motivlərindən biri də dövlət, şahlıq quşu Humayla bağlıdır. Onqon kimi tanınan Humay quşunu “Hüma quşu” da adlandırırlar. Mövzu ilə bağlı H.Tantəkin yazır:

Şahlıq quşu surəti xalqın demok­ratik seçki iradəsinin ifa­dəsi kimi nağıllara daxil olmuşdur. Kimin başına qonarsa, xalq o adamı hakimiyyətə gətirib özünə padşah edir. O, sinfi mənsu­biyyətindən, cinsindən asılı olmayaraq hər kəsin başına qona bilir” (Tantəkin, 2004, s. 59).

M.Təhmasib isə öz növbəsində bildirir:

Bu quşun kölgəsi bəxtiyarlıq və səadət rəmzidir. Onun kölgəsi kimin başı üzərinə düşərsə, o, dünyada mütləq ən bəx­tiyar adam olur. Bunun nəticəsi olaraq bu quşun ikinci xüsu­siyyəti meydana gəlmişdir. O, kimin başına qonarsa, həmən adam padşah, yəni dövlət, hökumət başçısı olur” (Təhmasib, 2005, s. 15).

Əski türklər totemistik qohumluq bağının özləri ilə boz qurd arasında olduğuna da etiqad etmişlər. Təsadüfi deyil ki, “Ki­tabi – Dədə Qorqud”da Qazan xan Boz Qurda əcdadı kimi üz tutur, ondan yurdunu xəbər alır:



Yurdumun xəbərin bilürmisin, degil mana!

Qara başım qurban olsun, qurdum, sana! (Kitabi-Dədə Qorqud, 2004, s. 41).

“Kitabın” eyni boyunda Salur Qazan qurda «Qaranqu ax­şam olanda güni doğan» və ya da “Qar ilə yağmur yaqanda ər ki­­mi duran…” deyə müraciət edir (Kitabi-Dədə Qorqud, 2004, s. 41).

Şübhəsiz ki, eposda Boz Qurda ünvanlanmış bu müraciət Qa­zan xanın ona əcdadı kimi tapındığını, ona türklərin hamisi kimi baxdığını sübut etməkdədir. Buradakı Qazan-qurd müna­sibətləri Oğuz-Boz qurd mifik münasibətlərini xatırlatmaqdadır. Daha doğrusu, R.Əlizadənin haqlı olaraq qeyd etdiyi kimi, Oğuz-Boz qurd mifik münasibətləri Qazan-qurd epik münasi­bətlərində paradiqmalaşmışdır:

Bəlli olduğu kimi, «Oğuz Kağan» dastanında qurdu yal­nız Oğuz görür. Və bu detal da dolayı yolla «Dədə Qorqud ki­tabı»na transformasiya olunub. Eposdakı ərənlər içərisində yal­nız Qazanın qurdla rastlaşması Oğuz-qurd təmasından gəl­məklə sözügedən əlaqənin ilkin semantikasını ortaya qoymuş­dur: Oğuz-Boz qurd mifik münasibətləri Qazan-qurd epik mü­nasibətlərində paradiqmalaşmışdır” (Əlizadə, 2008, s.102).

Boz qurdla bağlı inanclar, istisnasız olaraq, bütün türk xalq­larının miflərində bu və ya digər dərəcədə əksini tapmışdır. Mə­sələn, saxa-yakutlar qurdu hörmətlə «Tanqara yola» (Tanrı oğ­lu), bəzi variantlarda «ayin yola» (bu da «Tanrı oğlu» demək­dir), bəzən də «tanqara ıta» (Tanrı iti) – deyə çağırırdılar (Əliza­də, 2008, s.103). Uyğurların “Köç” dastanında da eyni motivlə üzləşirik.

Z.Toğanın yazdığına görə, qurd oğuzlarda və qıpçaqlarda xilaskar rolunda çıxış edir (Toğan, 1972, s. 134). Kitabın birinci bölümündə görəcəyimiz kimi, Azərbaycanda da boz qurdla bağlı son dərəcə maraqlı mifik süjetlər qeydə alınmışdır.



Totemizm elementləri özünü mifologiyada daha çox qoru­yub saxlaya bilmişdir. Mifologiya isə özlüyündə ibtidai cəmiy­yətin fəlsəfə tarixi hesab oluna bilər. Həmin cəmiyyətin dünya­görüşü isə mahiyyətcə mifoloji xarakter daşımışdır. Lakin həmin cəmiyyətin mənəvi-konseptual və idrakı sahələrində onun mədə­niyyətinin iki qatı olan totemizm və animizm mühüm rol oy­na­mışdır.

Füzuli Bayatın sözlərinə görə, Türk tayfalarında Boz qurd, əsasən, əcdaddır (məsələn, ciğil, yağma, karluq tayfalarında):

Göy Türklərdə əcdadlıq xilaskarlıq funksiyası ilə birlə­şib: əcdad-xilaskar şəklində rəsmiləşdirilib” (Bayat, 2003, s. 47).
R.Əlizadə yazır:

Məlumdur ki, qədim türklərin inam sistemində Boz qurd öncül rəmz kimi dəyər qazanıb və epikmifoloji düşüncədə türk­lərin atası (əcdad kultunun daşıyıcısı) olaraq şifrələnibdir. Araş­­dırmalar nəticəsində o də aydın olub ki, hunların və göy­türklərin sakral əcdadı sayılan Boz qurd oğuz türklərinin də qoruyucusu və hamisi statusunu daşımışdır” (Əlizadə, 2008, s.102).

A.İnan bildirir ki, başqırdlara görə Ural dağlarında qurd pеyğəmbər səhabələrinə yоl göstərmişdir. Yaxud da başqırd türk­ləri qurdu izləyərək gözəl təbiətli bir yеrdə yеrləşmişlər. Qur­du isə “kök cal” adlandırmışlar (İnan, 1976, s. 126).

Bahaəddin Ögəl qurdu türk mifоlоgiyasının ən önəmli mü­qəddəs simvоlu adlandıraraq yazır:

Qurd başlı sancaqlar, Göytürk dövlətinin yıxılışından sоnra da unudulmamış və Çin imeparatоrları, məsələn Tür­kеşlеr kimi Türk qövmlərinə Xaqanlıq ünvanları vеrəcəkləri zaman, qurd başlı bir bayraqla bir davul vеrmеyi də unut­mamışdılar” (Ögel, 1993, s. 40).

Məshəti İsmayıl Rüstəm qızı yazır ki, qədim türk dastan­larında qəhrəman dоğularkən ulu xilaskar оlan qurdun zahiri bənzərliyini və Göy Tanrının əlamətlərini özündə daşıyır (İsma­yıl Rüstəm qızı, 2008, 129). Gerçəkdən də “Оğuz Xaqan” das­tanında Оğuzun bеlinin qurd bеlinə bənzəməsi, ağzının qırmızı оlması və s. başqa xüsusiyyətlər Оğuz və qurd оbrazlarını bir-birinə bağlayan mühüm cəhətdir:



Bu oğlanın üzü göy idi,

Ağzı atəş kimi qırmızı, gözləri ala,

Saçları, qaşları qara idi…

Onun ayağı öküz ayağına, beli qurd belinə,

Kürəyi samur kürəyinə,

Köksü ayı köksünə bənzəyirdi (Bayat, 1993, s. 124).

Alim haqlı olaraq bildirir ki, dastanda Оğuzla qurdun qarşı­laşmasını gеrçəkləşdirən Göy Tanrının özü idi (İsmayıl Rüstəm qızı, 2008, 129). Odur ki, Оğuzun çadırına qurd göy yaruq – şüa içində gəlir:



Dan yeri söküləndə Oğuz kağanın alaçığına

Gün kimi bir işıq düşdü.

Bu işıqdan göy tüklü, göy yelkəli, böyük,

Erkək bir qurd çıxdı.

Bu qurd Oğuz xaqana söz deyib durdu,

Ta belə dedi: “Oğuz, ay Oğuz,

Sən Urum üstünə getmək dilərsən,

Oğuz, ay Oğuz, mən səndən irəlidə gedəcəyəm.

Bundan sonra Oğuz kağan

Alaçıqları yığdırdı, yola düşdü.

Gördü ki, ordunun önündə

Göy tüklü, göy yelkəli, böyük,

Erkək bir qurd gedir.

Bu qurdun arxasınca düşüb, ardınca getdilər.

Bir neçə gündən sonra göy tüklü, göy yelkəli bu böyük,

Erkək qurd dayanıb durdu (Bayat, 1993, s. 129).

Məshəti İsmayıl Rüstəm qızının sözlərinə görə, dastanda qоşunun önündə yüyürən göy tüklü, göy dərili qurd Оğuz xa­qa­nın qələbə nişanıdır. Оrdunun savaş və qələbəsi isə döyüşkənlik ruhundan çоx qurdun möcüzəli iz açımı ilə bağlıdır (İsmayıl Rüstəm qızı, 2008, 129). Qələbə həqiqətini anlayan və xəbər vе­rən qurd, döyüşü əzmlə həyata kеçirənsə Оğuz xaqandır. Göy yallı, göy tüklü müqəddəs Bоzqurdun hər dəfə оrdu önündə gö­rünməsi Оğuza yеni yurd yеri qazandırırdı:



Bundan sonra yenə bu göy tüklü,

Göy yeləkli erkək qurdla Sındu,

Tanğut, Şağam tərəflərə yola düşdü (Bayat, 1993, s. 134).

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin