Zemi...
Mənə elə gəlirdi ki, axşamdan başlamış güclü külək ətrafdakıları bir-birinə qatmış, budaqlar və otlar düyün düşmüşdülər. Küləyin gətirdiyi qarışıqlıq və pintilikdən sıxılır, səbirsiz gözləyişimi çətinliklə ört-basdır edib siqaret tüstüsü ilə dumanlanmış kafenin şüşəsindən laqeyd-laqeyd çölə boylanırdım. Qərbin kübar ruhunu göstərməyə çalışanlar kafenin divarlarından Amerikanın 70-80–cı illərinə aid gündəlik həyat tərzini əks etdirən ağ-qara solğun şəkillər vurulmuşdu. Şəkillər zövqlə bahalı çərçivələrə salınmış, üst hissələrinə kiçik lampalar qoyulmuşdu. Musiqi mərkəzində o illərin musiqisi səslənir, dekorasiyanı və kübar ab-havanı tamamlayırdı. Dəfələrlə o kiçik kafedə olmuş, dostlarıma şəkillərin tarixçələrindən, müəlliflər haqda maraqlı məlumatlar verməyə çalışmışdım. Buna baxmayaraq, arabir gözümü pəncərədən ayırıb şəkillərə yenidən, birinci dəfə görürmüş kimi diqqətlə baxırdım. Çöldə külək arsız-arsız əsdikcə həyəcanlanırdım. Kafenin bahalı ikiqat şüşələri təhlükəsiz və etibarlı görünmürdülər. Mənə elə gəlirdi ki, onlar hər an taybatay açılıb küləyin məni əclafcasına cırmaqlamasına yol verəcək qədər etibarsızdırlar.
Büzüşdüm. Üzümə yapışmış dəyişməz laqeyd ifadəni görən kimsə birini gözlədiyimi güman etməzdi, mənsə çoxdan görüşmək istədiyim adamı gözləyirdüm. O, hər zaman mənim yanımda olmuşdu. Onunla hesablaşıb, onunla yaşamışdım. Onunla sevib, onunla nifrət eləmişdim.
O gəldi.
Qapıdan xeyli uzaqda, küncdə oturmuşdum. Yanıma yaxınlaşana kimi atdığı hər addım məni daha da həyəcanlandırdı. Ötuz üç illik ömür yolumun üstündən bahalı, lakin palçıqlı ayaqqabıları ilə cəsarətlə keçib gedən qonağım podiuma çıxan manikenlər kimi stollardan ona tərəf boylanan başların müşaiyəti ilə masama yaxınlaşdı.
Ayağa durdum. O, əlini uzatdı. Əlimi çətinliklə əlinə toxundurub, stulumu qabağa çəkdim.
Çox dəyişmişdi.
Dəyişməyən azca əyri, uzun və cazibədar ayaqları idi. Dərisi qaralmış, saçları seyrəlmiş, burnu cərrahi müdaxilə ilə balacalaşmış, gözləri azca çuxura düşmüş, əl barmaqları uzanmışdı. Həmişəki kimi ayağını ayağının üstünə aşırdı. Mənzərə necə də tanış idi. Bir an mənə elə gəldi ki, onun ayaqları bir-birinə dolaşdılar və daha açılmayacaqlar, əsası mənə elə gəldi ki, ətrafda olan dolaşıqlığı əslində külək deyil, o yaradıb. Daha doğrusu onun azca əyri, lakin uzun ayaqları...
“Necəsən?”
Siqaret çəkdiyindən xırıltılı səsi yaranan səssizliyi qətiyyətlə yox etməyə çalışdı.
“Sən danış.”
Dedim.
“Sənin haqqında?”
Dinmədim.
“Yaxşı rəssam olmusan, sərgilərin açılıb. Almaniyadan bir əsərini almışam. Qapı. Yarımçıq taxta qapı şəklidi. Aşağı tərəfindən işıq gəlir...
“Sən burda olanda da mən rəssam idim.”
Sözünü kəsdim.
O, mənim sözlərimə məhəl qoymadan “özü də qara işıq” dedi.
“Hə. Ağ qapı. Yarımçıq ağ qapı. İşıqsa, qaradı. Qapının yuxarısı açıqdı.
Gecədi. Qapının bu tayındakı qara işıqla, o taydakı gecə qaranlığı oxşardılar.
“Qapı ağappaqdı.”
Pıçıldadım.
“Ağappaqdı, amma yarımçıq və zəifdi. İki qara işığı birləşdirməyəcək qədər inamla dayanmayıb.”
Bunu o dedi.
“Rəsm əsərlərini sevdiyini bilmirdim.”
Nazik dodaqlarını aralamadan, əksinə bir-birinə daha da sıxaraq gülümsədi. Mənə elə gəldi ki, onun dodaqları daha açılmayacaqlar. Mənim suallarım onun ağzından çıxa biləcək cavablarsız qalacaqlar.
Siqaret yandırdı. Əlləri əsirdi. İki qullam alandan sonra siqareti söndürdü,
çölə boylandı. Mənim gözümə dolaşıq görünən küçəyə həvəslə, həzz alırmış, hər şeyini yadda saxlamağa çalışırmış kimi diqqətlə baxdı.
Riyakar səssizlikdən bezdim. Ona demək istədiyim bütün sözlər yadımda deyildi, daha onu söymək, üstünə atılıb uzun, arıq, kişilərin ağlını başından aparan, ətrafdakıları, əsası mənim həyatımı dolaşdıran ayaqlarını sındırmaq istəmirdim. Deyiləcək söz isə hələ var idi, olmalı idi...
Xasiyyətimə xas olmayan sakit tərzimlə davam etdim:
“Onu sənə hədiyyə etməyə qərar verdim.”
“Nəyi?”
Təəccüblə soruşdu.
“O yeri.”
“Hansı yeri?”
“O yerdə, o vaxt...”, xatırlamağa çalışdım, “orda üstünə atılıb saçlarını yolmaq istəmişdim. Saçlarını son tükünə qədər yolmaq, uzun ayaqlarını qırılanacan burmaq, qollarını bir-birinə dolamaq, indi balacalaşmış, o vaxt ələgəlimli burnunu yerindən qoparmaq istəmişdim.”
Üzünə baxmadan o yeri təsvir eləməyə çalışırdım. Külək var gücü ilə əsir, sanki məhz məni coşdurmaq üçün dondan-dona girir, illərin içimdə qurutduğu nifrəti tüpürüb çölə atmam üçün ortalığı qızışdırır, qırıq-qırıq ifadələr işlətməmə zəmin yaradırdı.
O, əllərini qısa saçlarına apardı. Mən ərimin, keçmiş ərimin barmaqlarını onun boyalı saçlarında görə biləcəyimdən qorxurmuş kimi nəzərlərimi gözlərində saxlayaraq bir santım belə yuxarı aparmağa cürət etmədim.
“Qərara gəldim ki, o yeri sənə verim. O yerə sahib olmağa sənin daha çox haqqın var.”
“Niyə belə düşünürsən?”
“Çünki o səni sevirdi.”
Uzun illər özümə belə etraf etmədiyim həqiqəti tərəddüd etmədən ona dedim. İçimdə yaranmış yüngüllükdən həyəcanlandım. Qırtlağımdakı tıxacı yox etdim, rahat alıb verdiyim nəfəsimdən həzz aldım, “o, səni sevirdi, bəli, o, səni sevirdi. Səni sevirdi.” Deyə təkrarladım.
“Coni. Sən ona belə deyirdin. Cavanşir səni sevirdi. O, səni üstün tutdu. Mən ağlayır, şəkil çəkirdim. Onun şəklini çəkirdim. Hər rəsmimdə o vardı. Sual verirdilər ki, niyə portret çəkmirəm. Təəccüblənirdim. Mən ancaq və ancaq portet çəkirdim. Həm də eyni adamın portetini. Deyirdilər, əsərlərim anlaşılmaz, ruhum dəyişkəndi. Konkret üslübum yoxdu. Özümə izah etməyə çalışırdım ki, onun şəklini çəkmək üçün hər üslüba müraciət etməliyəm. Çox çalışırdım. Lakin bacarmırdım. Onun portretini çəkə bilmirdim. İnsanlar onu mənim rəsmlərimdə görə bilmirdilər. Günahkar da sən idi. Mən belə düşünürdüm. O, son günlərini sənin yanında keçirdiyindən mən onun bu dünyadakı yekun görünüşünü görə bilmədim. Mən həmişə onu bahalı restoranlarda, kübar məclislərdə, zahirən yaraşıqlı, işıqlı, əslində isə sənin dolaşıq ayaqlarına yıxılan yazıq kimi təsvir edirdim. Mənə elə gəlirdi ki, o, klassik Avropa yazıçılarının bəhs etdiyi kübar insanlar arasında dolaşır, saçlarını yana darayır, qara kostyumlar geyir. Bunun fövqündə qorxaq və azadlığını itirmiş biridir.”
O, sanki məni təsəlli edirmiş kimi “Heç də yox. Coni idman üslublu paltarlar geyir, tez-tez disko-barlara gedirdi.” dedi.
Buzlu portağal şirəsini dodağıma yaxınlaşdırdım. Portağalın turşməzə dadını ağzımda hiss edincə bir qurtum belə uda bilməyəcəyimi anladım, şirə bakalını tələsik yerinə qoydum. Qida borumun qapısı bağlanmışdı. Boğazıma söz tıxanmışdı. İçəri təkcə şirə yox, hava da çətinliklə keçirdi.
Beynimdə hansı sözləri seçib demək lazım olduğunu çək-çevir edib əzab çəkərkən ofisiant maşınımı yanlış yerdə saxladığımı bildirdi.
Gödəkçəmi geyib çölə çıxdım. Külək bayaqdan pusquda durub məni gözləyirmiş kimi yaxamdan yapışdı. Özümü müdafiə etdim, gödəkçəmin yaxasından ikiəlli yapışıb sinəmə dirədim. O, siqaret çəkə-çəkə yerində qurcalanır, mən kafenin pəncərəsindən ona küləyə məni yox etməsi üçün sifariş veribmiş kimi etibarsız-etibarsız baxırdım. Bir an maşınımın içi mənə sakit, etibarlı, azadlıq dolu gəldi. O an onu var-gücümlə sürmək, kafeni, divarlardan asılan rəsm əsərlərimi, keçmişimi, indimi hər şeyi geridə qoyub uzaqlaşmaq, başqa gələcəyi yaşamaq istədim.
Qısılmış azadlığımı qucaqlayıb çərçivələrdə yaşayan cismimi maşınıma sığışdırıb qaça, sürətimlə küləyi qova bilmədim. Kafeyə geri döndüm.
Yeni yandırdığı siqaretini büllur külqabının dibinə sürtərək söndürürdü.
“Onu sən öldürdün. Uzun illər mən belə düşüdüm.”
“Sənin ərini?
“Sənin sevgilini.”
Ayağını ayağının üstündən götürdü, cütləşdirib döşəməyə dirədi. Mənə elə gəldi ki, nəhayət ki, hər şeyə aydınlıq gətirməyə çalışacaq. Mənim, elə onun öz həyatının da gizli məqamları, əsərlərimdəki xəlvəti mənaların üstü açılacaq. O, kəmağlı ilə mənim mənalı və mənasız bir yığın fikirlə dolmuş çoxuna görə ağıllı başımdakı dolaşıqları aça bilən tək adam idi.
O isə susurdu.
Mən ona Cavanşirin dəfn edildiyi yerdə daha bir nəfərin basdırıla biləcəyini izah etdim. Ona keçmiş ərimin məzarı yanındakı əlavə qəbir yerini satmaq istəyirdim. Daha doğrusu bağışlamaq. Bizlərdə ölü basdırılacaq torpaqlar satılır. Dirilər əllərinə pul düşəndə özlərinə və yaxınlarına qəbir yerləri alırlar. Mənim də belə yerim var idi. O yer daha mənə lazım deyildi. Halbuki, keçmiş ərimin ölümündən sonra iki il mən o yeri əzizləmiş, bir gün ora rahatca sığışmaq üçün necə uzanacağımı götür-qoy etmişdim. O yerə məni onun anası layiq görmüşdü. Keçmiş qayınanam deyirdi ki, oğlu cavan olub, şeytana uyub. O, həmişə məni sevib. Mən uzun müddət onun sözlərinə inandım. Bir müddət sonra isə anladım ki, o inam və məni ən yaxın rəfiqəmlə aldatmış keçmiş həyat yoldaşımın qəbir yoldaşı olmaq şansı mənə gərək deyil.
X
Əli Naranı (adı Nargilə olsa da, çoxu əsl adını xatırlamırdı belə) eyvandan gördü. Mən ona Naranın görünüşünü tərif etmiş, demişdim ki, boyca məndən hündür, arıq olsa da, irisümüklüdü. Ikinci ərim Naranın birinci ərimin məşuqəsi olduğunu bilirdi.
Nara ətrafındakılara arsız maraqla baxır, çiyinlərində xəyanət yükü daşıdığından xəbərsiz idi. Ən yaxın rəfiqəsinin əri ilə başqa ölkəyə qaçaraq xəyanət etdiyini rahatca qəbul edib Cavanşirlə yaşadığımız evin həyətinə yenidən ayaq basdığından narahat deyildi. Cəmi bir neçə il öncə onu köhnə həyətimdə yenidən görəcəyimi, üstəlik yeni həyat yoldaşımla öz xoşumla tanış edəcəyimi ağlıma belə gətirmirdim. O gün isə illərin hafizəmə yüklədiyi zədələnmiş xatirələrin yüngül ağrısı ilə sakitcə Naranı müşaiyət edirdim. Naraya münasibətdə ortaya qoyduğum təmkin iki düşmən prezidentin diplomatiya adına etdiyi saxta mehribanlığa bənzəyirdi.
Qapını Əli açdı. Nara içəri keçmədən əlini ona uzatdı. Dəhlizdə uzunboğaz çəkmələrini özünə xas cəldliklə soyundu. Təklif gözləmədən ayaqqabı şkafından ev çəkmələrini götürdü, uzun ayaqlarına keçirib Əli ilə otağa keçdi. Çay hazırlamaq üçün mətbəxə getdim.
Otağa geri dönəndə Nara Cavanşirlə yaşadığım dövrlərdə bizə qonaq gəldiyi günlərdə olduğu kimi, divanın küncündə oturmuşdu, köməkçimin gətirdiyi çayı ərik mürəbbəsi ilə içir, arabir divardan asılmış rəsmlərə baxırdı. Əli iş masamın üstünə səpələnmiş kitabları yüngülvari səliqəyə salmağa çalışırdı. Pəncərəni açdığından otaq hansısa ağacdan gələn ətirə bürünmüşdü. Mən sanki on il əvvələ daha rahat baxmaq üçün çayım əlimdə masama yaxınlaşdım. On il ərzində büsbütün dəyişmiş qonaq otağımızda o vaxtdan qalan yeganə əşya masamın üstündəki stolüstü antikvar lampa idi. Baxışlarımı lampada cütləşdirdim. Sanki ona yaxın olmaqla on il əvvəlki günləri yada salmaq, canlandırmaq, şərh etməyi asanlaşdırmaq istədim. Əli həmişəki yarı avam, yarı laqeyd tərzi ilə Nara ilə üzbəüz oturub söhbəti hardan, necə başlayacağımızı gözləyirdi. Mən nədənsə onun üzünə baxmağa curət etmirdim. Onun qonaqlıqlar zamanı göstərdiyi süni canfəşanlığa bəzən nifrət edir, bəzən halına acıyırdım. O da dəyişmişdi. Ya da zaman dəyişmişdi. Bəlkə də mənim ona baxışım dəyişmişdi. O heç vaxt mənim onu görmək istədiyim kimi olmamışdı. O vaxtlar arıq, uzun oğlan idi:
xx
Əli ilə ailə quranda qəhrəman axtarışımı çoxdan dayandırmışdım. Daha qəhrəman haqda düşünməməyə, onu heç vəchlə birinə bənzətməməyə qərar vermişdim. Çünki bu zaman həm qəhrəmanıma, həm də Əliyə xəyanət etmiş olardım. Xəyanət isə dünyamın qapısından keçmirdi, o nəhəng günah idi.
İlk vaxtlar Əlini öyrənməyə çalışsam da, o, buna izn vermədi. Sonralar anladım ki, o, hər şeyi etibarlı bir qutuya salıb möhürləyib və mən ona aid qıfılları sındıracaq qədər güclü deyiləm. Bəlkə də elə buna görə mən ona və sənətinə dayaq kimi baxmağa başladım. İnandım ki, onun qıfılladığı, mənə göstərmədiyi hiss, bacarıq, insanlıq boğçasında məni etibarla qoruya biləcək vasitələr var. Mən könüllü təslim oldum. Qorunmaq üçün, etibarla qorunmaq üçün tabe oldum. Tabeçilik hakim olmaq hissimi boğsa da, özüm, məhz mən buna razılıq verdim. İnsanlar dünyaya başqa dünyadan gətirdikləri ötəri yaddaşla gəlirlər, bilirsiz. Genetik kodlarla hafizəmizdə qalan kiçik, xırda-para nüanslar yeni həyatımızda da tez-tez bizə yaşamaq üçün yol göstərirlər. Mənə həmişə elə gəlib ki, keçmişdə hakim sinfin nümayəndəsi olmuşam, buna görə bu dünyada öndə olmaq istəyim məni rahat buraxmır. Mənə elə gəlirdi ki, dünyanın ən nəcabətli kasıbı, ən zəngin yoxsuluyam. Əli ilə ailə qurandan sonra isə hakimlik hissimi boğmuş, ondan qurtulduğum üçün hətta yüngülləşmişdim də.
Əli ilə Polis məntəqəsində, mən hüquq fakültəsi dərs keçən mərtəbədə itirdiyim telefonumu tapmaq üçün şikayət ərizəsi verməyə gəldiyim gün tanış olmuşduq. Fəlsəfə kafedrasından iki mərtəbə aşağı düşənə qədər telefon üstümdə olmuşdu, əmin idim. Bunu dəhşət və həyəcanla polis məmuruna danışdım.
“Bu dəhşətdi. Hüquq fakültəsinin tələbəsi bu gün universitetdən oğurluq edirsə, sabah insan haqqlarını da rahatca oğurlaya biləcək.
“Siz telefonun məhz həmin mərtəbədə oğurlandığına əmin ola bilməzsiz.”
Lopabığ polis məmuru demişdi.
“Əminəm, çünki...”
“Qızın telefonunu tapmaq lazımdı.”
Rəis stulunun yanında duran oğlan qətiyyətlə dillənmişdi.
Əli idi.
Mənim gələcək həyat yoldaşım.
Bir həftə sonra məni telefonum tapıldığı üçün polis bölməsinə çağırdılar. Rəis otağında Əlidən başqa kimsə yox idi.
“Oğru sizin telefonu artıq satmışdı. O, oğurladığı malın dəyərini verdi, biz də
sizə bunu aldıq”, deyə daha bahalı telefonu mənə uzatdı.
“Gördüyünüz kimi hüquqlarınız dediyiniz qədər də zəif qorunmur.”
Gözünü stolun üstündəki dəri qələm qabından çəkmədən oturduğu qara kreslonu fırladaraq əlavə etdi.
“Bəlkə də haqlısız. Amma mənim üçün hakimlərin hökmü hər zaman ədalət
etalonu deyil. Hakim oxuduğu hər yanlış qərarda özünü məhkum edir. Məhkum olan o qədər hakim var ki...”
Əminliklə dedim.
“Pablio Sirisin sözüdü. Siz filosofsuz axı.”
“Orqanizmimizi mükəmməl öyrənib adam olmaq olsaydı, anatomiya müəllimləri insanlıq nümunəsi sayılardılar. Oxumaqla filosof olmaq mümkün deyil. Hətta fəlsəfəni əzbər bilib mənim alt qrup fəlsəfə müəllimim kimi axmaq olmaq da olar.”
O gülmədi. Əvəzində mənə yeni sual verdi.
“Siz hakim olsaydız azad olardız?”
“Şübhəsiz.”
Dedim.
Başını dəri qələm qabından ayırıb mənə baxdı, sağollaşdıq, onun istəyi ilə otağın qapısını azca aralı qoyub çölə çıxdım.
xxx
Soyuğa dözümüm yox idi. Qış aylarında gecələr dərs oxumaqçün yandırdığım elektrik peçinə gələn işıq puluna baxıb Azərbayanda sərt soyuqların olmamasına şükr edirdim. İstisna illəri çıxmaqla, Bakıda nə uzunomürlü qalın qar örtüyü olur, nə də bitməyən şaxtalı günlər bir-birini əvəzləyir. Adil Allah dözümü ölçüb, qışı və yayı ayrı-ayrı ölkələrə müxtəlif müddətlərdə verib. Norveçə, İsveçə baxmayın, şiddətli soyuqlar Bakıda bir aydan çox qonaq qalsalar, dilimiz ağzımızda donar. Düz deyirlər, Allah adildi, o heç kimə çəkə bilmədiyi dərdi vermir. Bizim ölkədə qışda ən yaxşı halda iki-üç dəfə qar yağır. Uşaqlar yağan qarın ilk dənələri ilə dünyanın ən böyük sevincini yaşayırlar. Onsuz da əsl sevinci yalnız uşaqlar yaşayır. Böyüdükcə sevinclər yaşlaşır, qocalır və biz sağkən onlar artıq çoxdan ölmüş olur. Biz çox zaman dünyanı rəqibsiz kədər hissi ilə tərk edirik. Bir gün uşaqlara sevinc gətirən günlərdən birində qar görünüş və sakinləri ilə kəskin fərqlənən binaların, nizamsız şəkildə ora-bura vurnuxan insanların, ədayla şütüyən maşınların üstünə ayrıseçkilik salmadan, eyni həvəslə yağırdı. Sanki kimsə ağ təbaşirlə şəhəri rəngləyir, arxa küçələrdə yatan örtülü mətləbləri daha da görünməz, əlçatmaz edirdi. Şəhər keçmiş günahlarını gizləyən köhnə dostunun canfəşanlığını məmnunluqla izləyir, insanlar bir neçə gündən sonra qarla birgə əriyəcək mətləblərin fərqinə varmadan ətrafa məhəl qoymayıb həyatlarına davam edirdilər.
Biz metronun yaxınlığındakı un məmulatları satılan kafenin pəncərəsindən çölə baxırdıq. Əli həmişəki kimi az danışırdı. O, azdanışan, az sevinən, az kədərlənən, həvəssiz yaşayan biri idi. Buna adət etdiyimdən öz aləmimdə idim. Kafenin pəncərəsindən çölə boylanıb tələsə-tələsə yeriyən insanlara baxır, soyuq küçələrdə gülümsəyə bilənlərə həsəd aparırdım. Birgə keçirdiyimiz altı ay mənə münasibətimiz haqda çox düşünməməyi öyrətmişdi.
Həmin gün Əli mənə evlənmə təklifi etdi. Tərəddüd etmədən razılıq verdim.
O gün qarın həvəslə yağması, insanların qaraqabaq, tək-tük gülümsər sifətlərlə, yorğun üz ifadələri ilə vurnuxması, maşınların ədayla ötüşməsi canlı və maraqlı olsa da, mən bundan sonra dünyaya Əlinin soyuq simasından boylanan ötkəm gözləri ilə baxmalı olduğumu anlayıb qorxdum, lakin tərəddüd etmədim, onun evlilik təklifinə rədd cavabı vermədim. Mən qorxurdum. Daha nə sevinc, nə kədər duyacağımdan, nə bədbəxt, nə xoşbəxt olacağımdan, nə razı, nə narazı qalacağımdan. Lakin qorunmaq istəyirdim. Mənim məni qoruya biləcək birinə ehtiyacım var idi. Təklik bütün qorxuların fövqündə dayanmışdı. Tək qalmaq qorxusu bütün başqa qorxularımı qorxudurdu.
Aramızda nə sevgi, nə də sevgisizlik vardı. Əli mənim sevmədiyim dərzi peşəsinin sahibi, bələd olmadığım və heç vaxt olmayacağım soyuq dünyası ilə əsərimin qəhrəmanına bənzəməyən biri idi.
xxxx
Mənə ev işlərində kömək eləyən Ziba xala dəbdə olan dördkünc boşqabları qutulardan çıxarıb güclü göz nəzarətindən keçirdikdən sonra daxıla yerləşdirirdi. Bu minvalla otuz-qırx dəfə əyilib qalxdı. Hər dəfə “İnsan çiy süd əmib, sınığı olar. Od qiymətinə almışıq. Cehizin sınığının da düşər-düşməzi olur” deyirdi.
“Nə cehiz, Ziba xala. Mən cehiz gətirmişəm ki?”
Nəhayət, dözməyib dedim.
“Əli alanda nə olar? Nolsun pulu var. Nə də olsa, dərzidi, sənsə o boyda inistut qutarmısan. Sənin kimi qıza gərək boşqabları qızıldan alaydı.”
Sonra Ziba xala toppuş əlləri ilə Əlinin aldığı İtalyan şokoladlarını içəri ötürə-ötürə İrana ərə getmiş bacısı qızının ordakı həyatından danışmağa başlamışdı. Demişdi ki, qız yağla bal içində yaşayır. Əri ona maşın alıb, Ziba xala bacısı qızını başıçadralı sükan arxasında görəndə məəttəl qalıb. Üstəlik, Ziba xala İranda görmədiyi günləri görüb, yemədiyi yeməkləri yeyib. Kürəkən ona Təbrizdən xüsusi şirniyyatlar alıb, Ziba xala həm də öyrənib ki, İran dünyada hər şeyini özü istehsal edən tək ölkədir. O, başqa ölkədə min oyunla istehsal edilən məhsullara etibar etmir.
Onda Ziba xala bir-iki il əvvəl çəkdiyi cehiz dərdini tamamilə unutmuş, üstündən ağır yük atdığına görə üç-dörd kilo kökəlmişdi də. Əli ilə ailə qurmamışdan öncə o, hər şeyə qənaət edib mənə cehiz yığırdı. Məhəllənin ən varlı ailəsinin tək oğlu məni sevir, əvvəl-axır anası razı olacaq, elçi göndəriləcək deyirdi. Mən Aristotelin “Siyasət” əsərindən başımı qaldırar-qaldırmaz o, cehiz haqqında uzun-uzadı danışmağa başlayardı. O zaman həyat istifadə üçün nəzərdə tutulsa da, uzun illər azərbaycanlı ailələrin servantlarında bəzək kimi duran, ən yaxşı halda qonaq gələndə adam içərisinə çıxarılan “Madonna”servislərinin bəzəkli fincanlarına sığışar, onun həyəcanı mənə keçərdi. Ziba xala bahalı cehizlə “eyib”imi- bir dəfə ailə qurub boşandığımı ört-basdır eləməyə ümid edirdi. Mənsə, yaxşı bilirdim ki, ağır dərslərin ortasında vaxt tapıb çəkdiyim şəkilləri “Torqovi”da xaricilərə satmaqla lazımı cehizi yığa bilməyəcəm.
Əli məndən cehiz tələb eləmədi. Ziba xala buna görə ona minnətdar olmadı. Dediyinə görə, lazım olsaydı, dünyanın sonu da gəlsəydi, mənə cehiz alacaqdı.
Əlinin evinə iki yastıq, bir taxt döşəyi, iki yorğan, bir də A4 vərəqində arzu vərəqimi apardım. Mənim üçün ər evinə heç vaxt işlənməyən qucaq-qucaq yataq dəsti aparmaq gülünc keçmiş qalığı olsa da, Ziba xala üçün bu, xalqın adəti, əsl analıq borcu idi. Biz ailə quranda Əli əvvəlcə Ziba xalanın bizimlə yaşamasını istəməsə də, sonradan buna qarşı çıxmadı. Lakin Ziba xala onun narazılığını həssaslıqla qarşıladı, bizə yalnız Əli evdə olmayanda gəldi və heç vaxt onu sevmədi. Biz İrana köçmək qərarını verəndə isə Ziba xala məni tək qoymamaq üçün bacısıqızıgilə onun uşağını saxlamaq bəhanəsi ilə yerləşdi.
Arzu vərəqimi mətbəxdən asdım. (Artıq yenidən ərli qadın olduğumdan həyatımı mətbəxə bağlamalı idim. “Qadının yeri mətbəxdi”, bu, Azərbaycan kişisinin şüarıdı.)
“Arzu vərəqin ən çox vaxt keçirdiyin yerdə olmalıdır ki, ona tez-tez baxa biləsən. Arzulamağın da bir yolu, ədəbi olmalıdı. Arzulamaq üçün də istedad lazımdı.” Bunu mənə metis qonşumuz Sveta xala demişdi. O, jurnallardan arzuladığım şeylərin şəkillərini kəsib ağ kağızın üzərinə yapışdırmağı, bu yolla onları təkcə xəyalən deyil, daha real şəkildə istəməyi öyrətmişdi.
Qabları yerləşdirdiyimiz gün Ziba xala gedəndən sonra uzun müddət qutulara baxmışdım. Nədənsə onlara da, Ziba xalaya da yazığım gəlmişdi. Əlimdə tutduğum postmodern üslübun təzahürü sayılan dörküncağızlı sarı fincanı stola qoymuş, özümə köhnə daş stəkanda təzə çay süzmüşdüm. Daş stəkanda çayın daha ləzzətli olduğuna inanmışdım. Müasirlik adı ilə sırınan yeni dəbli fincanı aldığım, evimi soyuq və ruhsuz bəzədiyim üçün təəssüflənmişdim. Mənə elə gəlmişdi ki, lap başdan evi tamam başqa cür bəzəsəydim, Əlinin soyuq ruhunu bir azca isitmiş olardım.
xxxxx
Qapı iki dəfə ehmalca döyüldü. Bir azdan Ziba xala qonaq otağının qapısında ağsaçlı, ortaboylu biri ilə göründü. Qonağın saçları vaxtından tez ağarsa da, bu, yaşlılıq əlaməti deyil, irsi saçağarmanın nəticəsi idi. Simasında ilk dəfə gəldiyi evdə özünü ciddi aparmaq səyini heç edən şıltaq gülüş yellənirdi. Əli cəld qonağı qarşılamaq üçün ayağa qalxdı. Mən onun kimliyini Naraya izah etdim:
“Endfild Əlinin dostudu. Əslən ingilisdi, uzun illər Türkiyədə yaşayıb. Türk mədəniyyətini və dilini yaxşı bilir. Rejissordu, yeni film üzərində işləyir, əksər çəkilişlər İranda baş tutacaq, bir həftə Bakıda olacağımızdan istifadə edib buranı da görmək istəyib.”
Mən növbəti dəfə əlimdə sini otağa girəndə qonağımız kitab rəflərini təftiş edirdi.
“Bunları kim oxuyur?”
Kitabları göstərib soruşdu.
Əli başı ilə məni göstərdi.
“Siz?.. Sartda qalmısız.”
Səhifəsi qatlanmış açıq kitabı vərəqlədi.
“Əsas kitabxanam İrandadı. Burda tələbə vaxtlarımın kitabları qalıb. Sartrı yenidən oxuyuram.”
“Məncə onu yenidən oxumağa başlayaraq tələsmisiz. Hələ çox gəncsiz. Kitabları yenidən oxuyub təzə mənalar kəşf etmək sizin üçün hələ tezdi. Həyatın bütün üzlərini görəndən sonra onu gülməli etinasızlıqla oxuduğunuz kitabları təkrar oxuyaraq yekunlaşdırmağa çalışmaq hələ tezdi. Indi sizin yaşamaq vaxtınızdı.”
“Bər-bəzəkli yaşamağı sevmirəm. Kitabları həyatımı fəlsəfiləşdirmək üçün oxumuram. Mən fəlsəfəsiz yaşamağa üstünlük verirəm. Düşünmədən, çək-çevir, mübahisə, nəyin yaxşı, nəyin pis olduğunu müzakirə etmədən. Əsası dünyanı ittiham etmədən. Həyatı ədalətsizlikdə qınayanlarla, hər şeyi onun ayağına yazanlarla razı deyiləm. Dünya ilə dalaşmamaq, təmkinli, müdrik ola bilmək üçün oxuyuram. Ədalət Allahın özü qədər müəmmalı, əl çatmayandı. Böyük inamdı, iman qədər müqəddəsdi. Mən dünyanın ədalətli olduğuna inanmaq istəyir, onu olduğundan daha eybəcər göstərmək istəyənlərlə razılaşmıram.
O, diqqətlə mənə baxdı.
“Demək, fəlsəfəni sevmirsiz... Düzdü, fəlsəfə hazırda demək olar inkişaf etmir, edirsə də, görünmür. Amma siz də onu olduğundan daha zəif öyrənənlərdənsiz. Fəlsəfə ədaləti öyrədir, ya da öyrənir.”
“...çox zaman çox şeyi dolaşdırır.”
“Siz bunları təbliğ edənlərə qulaq asacaq qədər gücsüz birinə bənzəmirsiz. Bu fikirlər sizə mütilik gətirər. Mütilik isə rahatlıq deyil. Hələ müəyyən şeylər haqda artıq təsəvvürə malik olduğunuz halda, süni rahatlıq sizi məğlub göstərəcək. Ruhunuzda bunu görmədim. Ona görə siz ya mübariz olmalısız, ya da heç olmamalısız. Yaşadığınız sürəcə qarşınıza çıxanları həvəslə qəbul edin. Həvəslə ağlayın, həvəslə gülün. Canfəşanlıqla xoşbəxt olun, ürəkdən kədərlənin. Yaşamaqdan qorxmayın. Ölə-ölə yaşamayın, yaşaya-yaşaya ölün.”
Gözləri gülürdü. Lakin o, həm də kədərli idi. Kədər gözlərində var-gəl edən təbəssümə, üzünü sığallayan sevincə, qətiyyətli duruşuna, cingiltili səsinə qarışmışdı.
“...gətirdiyiniz çay indi mənim üçün var olan ən möhtəşəm həyatdı. Çünki mən susamışam, çayı udmaq, ona qatışmaq, onu özümə qatmaq istəyirəm.
O, çaydan bir qurtum içərək davam etdi:
“Həyat fəlsəfəsini heçə sayaraq əslində həyatınızı daha da fəlsəfiləşdirirsiz. Yaşamağınızda olun. Təmkin axtarmayın, müdriklik gəzməyin. Allaha ümid olmayın. O, bizi kodlaşdırır, yaşadır, lakin çox zaman nə istədiyimizlə hesablaşmır. Ərköyünləşir, şıltaqlaşır. Biz hələ də onun bizdən nə istədiyini bilmirik. Doğrudanmı, o, bizim qoyduğumuz qanunları bəyənir, doğrudanmı o özü bizə yaşamaq üçün yol göstərmişdir. Hərdən mənə elə gəlir ki, o, bu dünyanı sınaq üçün yaradıb. Biz mürəkkəb bir təcrübənin predmetiyik. O, özü bizim oyunlarımıza müdaxilə etmir. Yepyeni, qüsursuz dünya yaratmaqçün etdiyimiz səhvləri qeydə alır. Biz yeni tamaşanın ərsəyə gəlməsi üçün əvəzləyici aktyorlar qismində sadəcə qurbanlarıq. Yəqin Allahın ağlına gəlməzdi ki, bizim dünyamızı araşdırmaq bu qədər vaxt aparacaq. Bəlkə o da çaş-baş qalıb, yaratdığı qarmaqarışıqlığı sahmanlaya bilmir.
“Əgər bu doğrudan belədirsə, biz sınaq dünyanın sakinləriyiksə, Allah yeni dünya üçün ən sadə, anlaşılan düşüncələri saxlayacaq. Yeni dünyada din kor qonşumuzun Kəlmeyi Şəhadətində, gözəllik əlil birinin mimik tərpənişində, ev və vətən balaca otaq küncündə bitəcək. Yeni dünyada sizin kimi qəliz danışan adamlar olmayacaq.”
Gülümsədi.
“Hə, mən bir az qəliz danışanam. Elə ona görə yazıçı olmadım. Düşündüm ki, insanlar məni anlamazlar. Dediklərimi sadəcə oxuyarlar. Qavramaq istəməzlər. Yazıçının əsas vəzifəsi oxutmaq deyil, oxucusunu yüksəltməkdi. Yazmağa başlasaydım, yazıçı yox, çətin dilli mirzə olardım.
“Mən yazıçıların insanları ucaltmaq vəzifəsi olduğunu düşünmürəm. Bu, onların çiyninə yüklənən ağır və mənasız yükdü, yaxud rollarını şişirdən vasitədi. Yazıçı axmaq birinin axmaqlığından yazmaqla da ucala bilir.
“Sizcə, yazıçı axmaq birini tanıdanda içindəki axmaqlığı da göstərmək istəyir?”
“Yəqin. Bəlkə də əksinə. Öz axmaqlığını bu yolla gizlətməyə çalışır. Diqqətləri başqa axmaqlara yönəldir.”
Bu sözdən sonra gülənlər arasında Əli və Nara da var idi.
Hələ Bakıda qaldığımız bir həftə ərzində Endfildin aydınlatmağa çalışdığı mətləblərə məhəl qoymamağa çalışırdım, özümü əmin edirdim ki, yaşam tərzimi çoxdan seçmişəm, heç nə məni əlavə nəyəsə həvəsləndirə bilməz. Lakin beynimi ovan məsələləri müzakirə edərək mənən aldığım həzzi azalda bilmirdim. Onun mavi gözləri Əlinin, o vaxta qədər kimsənin baxışlarında görmədiyim mətləbləri güclü ehtirasla izah etməyə çalışırdı.
Əli tez-tez yazı masamın üstündəki kağızları toplayaraq yüngülvari səliqə yaratmaq istəyirdi. Mən onun çox kişinin özünə yaraşdırmadığı səliqə yaratmaq cəhdinə yaxşı bələd idim. Həmişə o səhnəni izlədikdə xəyala dalır, onun stolumun üstündəki, evimizdəki, ofisindəki, ümumiyyətlə bizi əhatə edən və rahatlığını pozan ən xırda qarışıqlığı məharətlə sahmanlamasına heyran olurdum. O, həvəssiz, lakin səliqə ilə yaşayırdı. Danılmaz idi, o, səliqə yaratmağı əla bacarırdı. Lakin, təəssüf ki, mənim pinti fikirlərim səliqəyə salınmamışdı, sadəcə üstünə örtük salınmış, görünməmək üçün gizlədilmişdi.
xxxxx
Özümü tanıyanda çox balaca idim. Əvvəlcə özümə zəif və əhəmiyyətsiz görünsəm, qaranlıqda tək yatmaqdan qorxsam da, zaman keçdikcə anladım ki, güclü və iradəliyəm. İstədiyim şeyi müəyyənləşdirə, onu əldə etmək üçün qətiyyətlə addımlaya bilirəm. Ziba xala balaca əllərimi toppuş ovuclarına alıb məni yatırmağa çalışanda var gücümlə qışqırır, dustaq olacağımdan qorxurmuş kimi qollarını geri itələyirdim. O, inadkarlığımdan qəzəblənir, mən kiçik varlığımla sona qədər höcətləşirdim. Sonralar çarə tapdım, onun məni günortalar zorla yatırmaq istəyinə qarşı çıxmadım. Lakin yatmadım. Ona dedim ki, yalnız göy rəngli pambıq adyalı üstümə örtsə günortalar yataram. Adyalda öncədən açdığım kiçik deşikdən gözümü tavana zilləyir, qazandığım azadlığı yaşamaqdan, düşünməkdən zövq alırdım.
Yaşım artır, ayaqlarım uzanırdı, onlar artıq göy adyaldan çölə çıxırdılar. Təkid etsələr də, ədyalı dəyişmir, qazandığım azadlığı itirəcəyimdən qorxurdum. Beynimdə ovduğum azadlıq sevgisini kiçik adyal yarığına sığışdırdığıma inanmış, rahatlanmışdım. Mən azadlığı hələ o zamanlar sevməyə başlamışdım.
On səkkiz yaşımda beş dil bilir, azərbaycan, türk, rus, ingilis və ərəbcə qəzetlər oxuyurdum. Dəbli paltarlarımın fonunda bildiyim xarici dillər, ağlımı və qabiliyyətimi vurğulamaq üçün adi baxışlarımı qeyri-iradi dikəldir, lakin həm də məni narahat edirdilər. Mən dilləri xüsusi səy göstərmədən öyrənə bilmişdim, yeni sözlər beynimə yollar hafizəmdə əyri-üyrü narahat xəttlər cızanda yazılmışdı. Keçmişimin izinə çətinlik çəkmədən öyrəndiyim dillərin hesabına düşdüm. Dilləri hansı yollarda qavradığımı öyrənmək istədim. Qəflətən suçiçəyi yarası kimi çıxan marağımı yüngülvari qaşıdım, yeri heç vaxt itməyəcək böyük çopur yaratdım.
Rahat yollarda əvvəl qollarda, sonra günbəgün böyüyən addımlarla böyümüşdüm. Uşaq vaxtı keçdiyim yollar yaddaşımda narahat izlər buraxmışdılar. O yollar, o yolları keçmə səbəblərim məni başqalarından fərqləndirirdi. Bu, genetik kodlarla ağartıdan keçən bazedov xəstəliyinin infeksiyaları kimi limfalarımda gizlənmiş, bədənimin deyil, ruhumun tənbəlləşdiyi vaxtda qana sovrularaq məni lərzəyə gətirəcək bir şey idi. Məndə nə isə gizlənmişdi, məndə nəyisə gizlətmişdilər. Özüm özümə gah bir ömür boyu qaçsam da, çata bilməyəcəyim qədər uzaq, gah da əlimi toxundura biləcəyim qədər yaxın görünürdüm.
Zaman keçdikcə vətən anlayışım dəyişdi, gah kiçildi, gah böyüdü, gah soyuqdan büzüşdü, gah istidən genəldi. Mənə hərdən elə gəldi ki, bu hissi tamamilə itirmiş, bəzən də tamamilə bu hissdən ibarət olmuş, nəfəs ala bilməyəcək qədər bu hissdə boğulmuşam.
Ikisi də ixtisasca jurnalist olan anamla atamın yazdıqları yeganə ortaq və dostlarının dediyi kimi ən maraqlı məqalə mən idim. Onlar ayrılanda biri ilə qala bilərdim. Anamla qaldım. Daha doğrusu, ev işlərində anama kömək edən Ziba xala ilə. Anam tez-tez xarici ölkələrə iş ezamiyyətinə gedərdi. Atamla tədbirlərdə görüşərdik. Anam əlimi buraxar, atamla görüşməm üçün məni onun yanına göndərərdi. O, məni mehriban-mehriban qarşılayar, mən dizlərindən atamın üzünə boylanar, o, yalnız bir tədbir boyu mənim toppuş yanaqlarımı tərifləyən dostlarının yanında qızı ilə qürrələnərdi. Onda mən Sovet dövrü üçün nisbətən az-az rast gəlinən boşanmış ailəm haqqında gəzən pıç-pıçları eşidəcək qədər böyümüşdüm. Anamla atam bəzilərinin dediyinə görə, bir-birlərini hətta sevirmişlər. Bu əcaib sevgidən doğulmuş yeganə qızlarını aralarında rahatca bölüşə bilmələri isə məni ağrıdan yeganə şey idi. Mənimlə daha çox vaxt keçirmələri üstündə mübahisə edəcəklərini umduğum halda, onlar bunsuz keçinmənin öhdəsindən rahatca gəlir, həyatımız olmalı olduğundan daha sakit keçirdi.
Avtomobildə qəzaya düşdülər. Qəza onları birləşdirən sonuncu və əbədi şey oldu. Hər ikisi öldü. İlk dəfə onda ölümün gətirdiyi nisgilin şəklini gördüm. O, qocaların xüsusi ahənglə oxuduğu ağılara, qonşu qadınların yetim qalan balaca qıza olan mərhəmət hissinə, qəzanın səbəblərini araşdıran polis məmurunun qoltuğuna vurduğu kağızlara çəkilmişdi. Valideynlərimin son dəfə niyə görüşdüyü kimsəyə bəlli olmadı. Ətrafdakılar sirri məndən öyrənməyə çalışırdılar. Mənə elə gəlirdi ki, hamı onların ölüm səbəbini mənim üzümdən oxumağa çalışır. Çünki onlar daima mənim üzümə baxırdılar. Elə bil sirrləri məhz mənim üzümdə yerləşdirmişdilər, onlara orda sığınacaq vermişdilər. “Bəlkə də barışacaqmışlar, balalarının xatirinə birləşəcəkmişlər, yenə ailə olacaqmışlar, ...bəlkə doğrudan da qəza imiş, bəlkə də deyilmiş, bəlkə...” Deyirdilər...
Bəlli olan tək şey həyatımın bir dönəminin də bitməsi idi. Yeni mərhələ anamın rəfiqəsinin ailəsinin himayəsinə keçdiyimdə başladı. Çox keçmədən on iki il uşaq gözləyən ailənin altı yaşlı övladı olmaq qismətimi yaşamağa başladım. Yeni valideynlərim də ziyalı idilər. Yeni “anam”-fəlsəfə elmləri doktoru uzun illər kimisə tərbiyə etmək üçün məşqlər etmişdi. O, məni düşündüyü insan kimi yetişdirməyə gecikməsin deyə imtahana çatmaq üçün dərsləri iki-iki keçməyə çalışan müəllimə bənzəyirdi. Ona yalnız hansısa kitabı oxuyub qurtardığımı bildirəndə gülümsəyər, sevinərdi. “Atam” isə daha qətiyyətli mövqe göstərən həyat yoldaşının məsləhətləri ilə oturub-durmağa alışmış, mülayim, boş vaxtlarında skripka çalmağa çalışan, lakin heç vaxt bunu bacarmayan biri idi. Bir az qaraqabaq, sakit ruhumla onlar üçün əsl tapıntı idim. Aralarında rusca danışdıqlarından, o zaman o dili bilmədiyimdən daha da dinməz olmuşdum, beş istədiyimdən yalnız birini dilə gətirməyə ürək eləyirdim.
Biz cəmi üç il elə yaşadıq. O evdə, yataqxanada dörd nəfər idik. Yeni atam, anam, mən və ümid. Yeni evə köçmək ümidimiz hər şeydən, hamımızdan güclü və qətiyyətli idi. Bizi ümid yaşadır, o idarə edirdi. Hər şey yeni idi-anamın analığı, atamın atalığı, mənim o ailəyə övladlığım. Qədim olan, yeni birliyimizin dayağı rolunu oynayan ümidimiz idi. Yeni evdə mənim ayrıca otağım, anamın xüsusi laboratoriyası, atamın xəbərlərə baxdığı geniş qonaq otağı olacaqdı, biz buna ümid edirdik. Onda isə birbloklu yataqxananın balaca otağına sığışmışdıq. Otaqda müxtəlif kolbalar, suda kök atmaq üçün qoyulan çiçək kökləri, iki ədəd ölçücə fərqli skelet, bioloji eksperimentlər aparmaq üçün qablar, bir də o zaman gözümə saysız-hesabsız görünən kitablar var idi. Gənc professorların müvəqqəti yaşaması üçün ayrılan yataqxana isə sakinlərini yola salmağa tələsmirdi.
Sovetin dağılması ilə yeni mənzilə köçmək ümidlərini itirənlər arasında biz də var idik. Bu, təxminən doğsanıncı illər idi. O zaman mən illəri ayırd edə bilmirdim. Mənim üçün illər hafizəmdə qalan hadisələrin xronologiyası ilə əvəzlənirdi. Mənim üçün:
- Ölən ata-anamla birgə yaşadığım üç il bir
- İlk valideynlərimin ayrıldığı, mənim Ziba xala və anamla yaşadığım üç il bir
-Yeni ata-anamla yataqxanada qaldığımız daha iki il də növbəti bir il kimi hesablanırdı.
Təqvimimin dördüncü ili artıq məktəbə gedir, birinci sinifdə oxuyurdum. Dərs kitablarımın hamısını almağa pulumuz olmadığından, hər gün iki mərtəbə yuxarı qalxar, qonşu oğlan qapını azca aralayar, onların evindən sarımsaq iyi gələr, mən “oxu kitabı”nı götürüb evə tələsərdim. Oğlan məni evə dəvət eləməz, mənsə bu gizlilikdən təəccüblənər, onların evində nə isə fövqəladə bir şeyin olduğunu düşünərdim.
Bir gün atamla anam, alt qonşumuz Sona xala, onun qızı Jalə ilə birgə iki mərtəbə yuxarıda qalan qonşumuzgilə getdik. Mənə sinif yoldaşımla sağollaşmağı, “Oxu kitabı”nı götürməməyi tapşırdılar. Çoxdan bəri görmək istədiyim ev təsəvvür etdiyim qədər maraqlı deyildi. Sirr gizlilikdə, əlçatmazlıqda imiş.
Qonşu oğlana anamın telefonda rəfiqəsinə dediyi sözləri təkrarladım. Dedim ki, mənə daha “Oxu kitabı” lazım olmayacaq. Biz İngiltərəyə gedirik. Anam daha burda qala bilmir, o, savadına güvənir, bu qarmaqarşıqlıqda imkanlarını gerçəkləşdirə bilmir, məhv olur.” Bu zaman o biri otaqda analığım qonşularımıza deyirdi ki, keçid dövrü alimlərin, əsl ziyalıların həyatlarında, elmi işlərinin inkişafında keçməz yaralar qoyacaq. Çox az adam bu murdar keçiddən öz saflığını qoruyaraq keçə biləcək. İngiltərə onun alimliyini vurğulaya biləcək ölkədi.”
Oğlan mənə böyük sirr verirmiş kimi “səninçün darıxacam” dedi. Onunla ayrılıq mənim üçün dünyanın ən romantik, ən həsrətli ayrılığı kimi göründü.
Təxminən iki ay sonra o oğlan saat altıda “Oxu kitabı”nı götürüb qapını açmağa tələsmək vərdişini unutdu. Sonralar Cavanşir bunu mənə İngiltərədə kolleci bitirər-bitirməz Azərbaycana geri döndüyümdə, biz evlənməmişdən iki ay öncə dedi. İki il sonra o, məni sevmək vərdişini bir zamanlar mənə “Oxu kitabı” vermək vərdişini unutduğu kimi unutdu. Uzun illər onun xəyanət kitabını oxumağa çalışdım.
xxxxxx
Endfildin gəlişindən bir həftə sonra İrana geri döndük. Nara da İranı gəzmək istədiyini dedi, uzun israrlardan sonra Endfild ona çəkəcəyi filmdə epizodik rol verdi. Endfild İrandakı evimizdə cəmi bir gün gecələdi. O gecə fəlsəfədən, onun bu günkü inkişaf tempindən, demokratiyadan, çəkiləcək filmin ssenarisindən, güclü ölkələrin xarici siyasətindən danışdıq. Onun mavi və isti baxışları qonaq otağımızın hər tərəfini eyni həvəslə gəzir, yay gecəsini sərinlədən küləyin dalğalandırdığı dənizi xatırladırdı. Mən nədənsə ona güvənmək istəmir, Endfildi bir köynək uzaq tutmağa çalışırdım. O isə qarşısına məqsəd qoyubmuş kimi məndə gizlənmiş nəyisə tapmaq, aşkarlamaq, qənimət kimi ələ keçirmək istəyirdi. Tehranın mərkəzindəki üçmərtəbəli evimin çardağında, qırmızı şam ağacından yonulmuş şkafların daxıllarında bərk-bərk gizlətdiyim fikirlərim üzə çıxmağa həvəsli görünürdülər. Endfild Təbriz haqqında dediklərimin onun çəkəcəyi filmə istilik gətirəcəyini bildirir, mənimlə danışmaq üçün fürsət axtarırdı.
Endfild bizdə qaldığı gecə Əli dedi ki, vaxt itirmədən elə günü sabah Endfildlə Təbrizə gedib şəhəri qonağa tanıtmalıyam.
Təbrizi gəzməyə başladığımız ilk gün şəhər qonağını qarşılamaq üçün əməllicə hazırlıq görmüşdü. Küçələr, yollar təmizlənmiş, ağacların dibi sulanmış, gövdələri ağardılmış, insanları nizam-intizama çağırılaraq sakitləşdirilmiş, səması aydınladılmışdı. Qonağını layiqincə qarşılamağa çalışan şəhər sərin mehi ilə Endfildin üzünü sığallayır, onu salamlayırdı. Endfild uzun səfərinin hər anından həzz almağa, yararlanmağa, Təbrizi daha yaxından tanımağa çalışır, mən onların bir-birinə olan marağını, himcimləşməsini izləyirdim. Endfild arabir suallar verir, mən onun getdikcə artan marağından fərəhlənir, Təbriz sevilmək üçün, mən onu sevdirmək üçün əlimizdən gələni edirdik.
Kiçik restoranda nahar etdik. Endfild Təbrizdə ona maraqlı gələn şeylər barədə düşündüklərini mənimlə paylaşır, arabir başına gələn hadisələrdən danışırdı. O gün Endfild dedi ki, əvvəllər başqa cür yaşayıb. Dinə və dinsizlərə fərqli baxıb. Müxtəlif təşkilatlara qoşulub. Ətrafdakılara görə onun üzv olduğu birliklər avaraçılıq və dələduzluqla məşqul olub. O, etiraf etdi ki, qoşulduğu təşkilatlarda gənclər haqsızlıqları, əyrilikləri, çirkinlikləri elə çirkin-çirkin cəmiyyətdəkilərə çatdırmaq istəyiblər. İnsanlığın üzünə güzgü tutub ona eybəcər olduğunu göstərməyə çalışıblar. Onlar azadlıq və sevgini saxta qanunlarda gizlədən milyonlarla insana düzlük və dürüstlüyü çılpaqlığı ilə çatdırmaq niyyətində olublar. O dedi ki, ölçülərini götürmədən valideynlərinin biçib-tikdiyi həyatı geyərək yaşamaq ona ağır gəlib. O, erkən yaşlarından siqaret çəkib, marixuana iyləyib, müxtəlif əxlaqlı qızlarla əylənib, bunun fövqündə həmişə oxuyub və düşünüb. Anlamağa çalışıb. O, bir də dedi ki, sevgililəri ilə öpüşəndə belə bunu niyə etdiyini, bunun cəmiyyətə xeyrini, ziyanını, onun opüşmək istəyinin hardan və necə qaynaqlandığını fikirləşib. Çalışıb ki, həyatın bütün üzlərini öz üzərində sınaqdan keçirsin.
Onu maraqla dinləyir, dediyi hər şeyi gözümdə canlandırmağa çalışır, sınaqlarının nəticələrini daha yaxından görmək üçün mavi gözlərinin baxdığı hər şeyə diqqətlə baxmağa çalışırdım. O gün Endfildin bəhs etdiyi sınaqların fonunda kiçik kafe, hündür oturacaqlı stullar, dördünc salfetlər və ağ zanbaq gülü ilə bəzədilmiş masa mənə üç mərtəbəli evimdən, özümü içində təhlükəsiz hiss etdiyim elektron qapılı qarajımızdan (göz qamaşdıran yalançı işıqlardan bezəndə alaqaranlıq qaraja sığınıram), Əlinin xüsusi dizaynla tikilmiş ofisindən, ətrafda olan, ya da ola biləcək hər şeydən, hətta Təbrizdən, var olan bütün dünyalardan daha geniş, azad göründü.
xxxxxxx
Həmin günün axşamı evə çatanda hava demək olar qaralmış, açıq mətləblərin üstünə ötəri örtük çəkilmişdi. Qaranlığa bürünüb gizlənəcək şəhərin gecə işıqları ilə güclə görünəcək simasını seyr etməmizə az qalmışdı.
Biz dəhlizə girəndə Əli qonaq otağında idi. Qalstuku boğazına dolayıb güzgüdə görkəminə düzgü verməyə çalışırdı. Musiqi mərkəzində “Queen” oxuyurdu. Mənə elə gəldi ki, biz dəhlizə ayaq basan kimi o, güzgüdən bizi gördü, lakin özünü görməzliyə vurdu.
Hələ də taxmağa öyrəşmədiyim çadramı çıxarıb Ziba xalaya uzadanda Əli Endfildin Təbriz səyahəti haqda təəssüratlarını öyrənirdi. Ziba xala baş örtüyümü yataq otağına aparanda Endfildlə göz-gözə gəldi, ikisi də köhnə tanışlar kimi gülümsəyib salamlaşdılar. Endfild qarşısına çıxan hər kəslə beləcə gülümsəyərək salamlaşanda özünü Ziba xalaya daha çox bəyəndirir, arvad evimizdə məndən başqa ona ünvanlan xoş təbəssümün varlığından fərəhlənirdi.
Həmən günün axşamı Əli gedəcəyi konsertə Endfildi, qonağımız isə məni dəvət etdi. Əli verəcəyim cavabdan qorxurmuş kimi təklifi mənim əvəzimə dərhal rədd etdi. Bəhanəsini dəstəklədim: “hə, yox, siz gedin, mən bir az yorğunam” dedim.
O gecə Əli və Endfild Təbrizin ən gözəl konsert salonuna-erməni bəstəkarının solo konsertinə getdilər.
Konsert tez bitmişdi. Əli tez qayıtdı. Qaymaqla qarışdırılmış şokoladlı dondurmasından yedi. Hərdən mənə elə gəlirdi ki, Əlinin qışın şaxtasını heç sayıb yediyi sevimli dondurmaları soyuqqanlı edir, yaxud o belə olmaq üçün qəsdlə onlardan istifadə edir. Dondurmalar onun artıq emosiyalarsız idarə etdiyi həyatı üçün əsl sehrli vasitələr kimi idilər.
O gecə gözlərimin önündə erməni bəstəkarlarının musiqilərini ifa edən müğənnilər, içlərində Əli olan tamaşaçılar, drijorlar, onların standart çubuqları var-gəl etdilər. O gecə yuxuda drijor çubuqları gördüm. Onları mənim gözlərimə soxurdular. Mən yuxuda belə Təbrizin ən gözəl konsert zalında erməni bəstəkarlarının bəstələdiyi musiqiləri dinləyən tamaşaçıları qısqanır, əsası qınayırdım. Yuxumda Endfild öz kübar və ağıllı baxışları ilə diqqətlə səhnəyə boylanır, hər musiqidən sonra əl çalırdı. O, musiqiləri dinlədiyinə görə mən ən çox Endfildi qısqanır, lakin qınamırdım. Onu aldadırdılar, o musiqilərə hiylə, saxta təbəssüm, qurama humanizm, qəlp sevgi qatmışdılar. Endfildi aldadırdılar.
xxxxxxx
Veberin geniş yayılmış fəlsəfəsinə görə bu dünyada rahatlıq tapan, mülkə sahiblənib firavan yaşayan insan Allaha yaxın adamdı, Allahın adamıdı. Bu fəlsəfəyə görə Allah bizə hər şey verib, işini bitirib, insan əməyi sayəsində hər şeyə yiyələnmək iqtidarındadır. İnsan verilən nemətlərdən faydalana bilirsə, birdən iki düzəldirsə, o, qəhrəmandır və mükafatlanmalıdır. Mən inanmağa çalışırdım ki, isti evdə, yumşaq divanda oturub geniş ekranlı televizora baxa biliriksə, biz də-Əli və mən də Allaha yaxın adamlarıq. Mən Allaha yaxın olmaq istəyirdim. Lakin varlığı yoxluğu, necəliyi haqda tez-tez tərəddüdlərə düşdüyüm o ilahi varlığa niyə yaxın olmaq istədiyimi bilmirdim. Allaha doğru gedən pillələr haqda düşünüb-daşınan axşamlarda Əli mənə tərəf çevrilib gülümsəyər, bitməyən çək-çevirimə son qoyardı. İllər onun bir zamanlar mənə məni donduracaq qədər soyuq görünən təbəssümünə ilıqlıq qatmış, ya da mən ona öyrəşmiş, tamamilə həzm etməm çətin olsa da, beynimdə alaçiy bişirmişdim.
Endfild filmi üçün iranlı aktrisa seçmək üçün kastinqə başladığı gün şam yeməyinə Nara da dəvətli idi. O, həmişəki kimi zövqlə geyinmişdi, ayaqları bir-birinə dolanmışdı, uzun barmaqları tez-tez buruq saçlarını eşələyirdi.
Əli neft ucuzlaşdığından baha qiymətə aldığı xammalı ucuz satacağından gileylənir, Endfild “iş adamları gərək həmişə marketinqlə bağlı biliklərini dərinləşdirsinlər” deyirdi.
“İndi ən etibarlı kapital yığımı qızıldı.”
Əli barmağındakı üzüyü fırladaraq dedi.
Bəzən mənə elə gəlirdi ki, o, üzüyünü fırlatmaqla nağıllardakı kimi istədiyi adamı susdura, mütiləşdirə, qismən inandıra, idarə edə bilir. O, öz ağıllı siyasəti ilə anlayır ki, kimsə hökmdara ehtiyac duymur. Saysız hökmlərə qarşı mütləq etiraz formalaşır. Əli ağıllı strateq, hiyləgər idarəçidir, o, heç zaman mənə hökm etdiyini hiss etdirməyib. Lakin, həqiqətdir, o, daima hökm edib.
“Təsəvvür edin, dünya qızıl ehtiyyatının yeddi fazizi elektronikaya, dörd faizi ordenlərin hazırlanmasına, iyirmi faizi monetalara, qızıl pullara, altmış altı faizi zinyət əşyalarına, üç faizi qızıl dişlərin düzəldilməsinə sərf olunur.”
Endfild bu sözləri deyəndə mavi gözlərini kafenin pəncərəsində cəmlədi, təftiş edirmiş kimi eyni biçimli ofisiantları süzdü, sonda nəzərlərini üzümdə saxladı. Mənə elə gəlirdi ki, Əli ilə söhbəti ona maraqlı deyil, o, özünü onunla danışmağa məcbur edir, baxışlarını üzümdən zorla çəkib ərimə tərəf yönəldir. Məndə təəssürat yaranırdı ki, mənən mən Endfildlə, Nara isə Əli ilə zahirən yad dünyaları ilə daha yaxındırlar. Düşünürdüm ki, o an Əli və Nara hər şeydən xəbərsiz-xəbərsiz aldanırlar. Onlar Endfildlə mənim sözsüz söhbətimizə zəmin yaradacaq vasitədən başqa bir şey deyildilər. Bunları düşündükcə həyəcanlanır, özümü bu cür fikirləşməkdən saxlaya bilmədiyim üçün danlayır, eyni zamanda gecənin bitməməsini, davam etməsini istəyirdim.
O gecə bütün gecələr kimi bitdi. Nara maşına oturan kimi çiyninə saldığı boz çadrasını tamamilə çıxartdı. Arıq, ağ çiyinləri zülmət gecənin qara üzünü cüzi də olsa, ağartdılar. Mənsə, sanki nəyisə gizlədirdim, enli şalımı üzümə, özümə daha bərk sarıdım.
Ertəsi gün Endfild dedi ki, Təbrizə hündür yerdən baxmaq istəyir.
Mahmud babanın dağdakı komasına getdik.
Geri dönüşdə Mahmud baba dönə-dönə Əliyə salam göndərib hərəmizə bir banka Ərdəbil balı verdi.
Bir neçə gün beləcə Təbrizi gəzdik. Endfild qaşqabaqlı sima alır, dediklərimi diqqətlə dinləyir, sanki bununla ciddiliyini vurğulamağa çalışır, mənsə ya gəncliyində etdiklərini öz dilindən eşitdiyimdən, ya üzündə iz qoymuş şıltaqlığı görə bildiyimdən ehtiyyatla davranır, özümü ona etibar etmədiyimə inandırmağa çalışırdım.
Bir gün ona “sabah istirahət günündü, gəzməyə ara verməliyik, görüləcək işlərim var” dedim.
İki gün sonra yenidən Mahmud babanın komasında görüşəcəyimizi planlayaraq ayrıldıq.
xxxxxxxx
Təbriz səssiz küçələri ilə mənimlə həmahəng varlığına davam edən günlərdən birində may ayının 18-i idi. Şəhər həyalı görünmək üçün özünü səssiz, utancaq aparan qızlara bənzətmişdi. Mən daha onu qurama firafanlıq havasında olduğu üçün ittiham etmir, halını cahilliyinə, acizliyinə keçib anlamağa çalışırdım.
Həmən gün səhər erkəndən beynimdə gəzdirdiyim fikirləri sözlərə çevirdim, kiçik məqalə yazdım. Yazdım ki, Yer kürəsi havada nizamla yellənən böyük şardır. Gizli yerindəki görünməz dəlik şarı yavaş-yavaş boşaldıb zay edə bilər. Mənim xalqım sinəsində yarası olan xalqdır. Yer kürəsinin mənim xalqım yaşayan yerində deşik var, çoxu bundan xəbərsizdi. Çünki mənim xalqım şarı bütünlükdə boşalda biləcək təhlükəni-sinəsini deşən yaraları dünyaya göstərəcək qədər güclü deyil.
Sonra Endfild haqda düşündüm. O, deyirdi ki, şarda rahat yellənə bilmir, Yerin ən ucqar yerindəki deşikləri, sızıqları görür. Daha sonra isə onu unutmağa, dediyi sözləri, mavi gözlərini yox saymağa çalışdım. Endfildi eşitməmək, duymamaq, varlığından xəbərsiz olmaq istədim. Onunla görüşmədiyim günlərdə özümü özümün, Təbrizin, Əlinin yanında daha vicdanlı hiss edirdim.
Ziba xala Endfildin gəldiyini xəbər verəndə jurnal vərəqləyirdim. Oturduğu otağın qapısına yaxınlaşanda əllərim əsirdi, onları sakitləşdirmək üçün jurnalı bərk-bərk sinəmə dirəmişdim.
“Qonağı tək buraxmaq nəzakətsizlikdi. Məni bələd olmadığım şəhərdə tək buraxmaq insafdan deyil. Siz cəmi bir günlük icazə istəmişdiz. Artıq üç gündü məndən qaçırsız. İşiniz var deyirsiz, halbuki evdəsiz. Ziba xala deyir siz bu günlər evdən bayıra çıxmamısız.”
Ərkyana dedi.
“Bayıra çıxmadan da iş görmək mümkündü”
“Hm. Haqlısız. İndi isə dürüst olun. Niyə məndən qaçdığınızı deyin.”
“Niyə belə düşündüyünüzü anlamıram. Sizi məndən qaçıracaq bir səbəb yoxdu. Mən sadəcə...”
“Sizə əməkdaşlıq təklif edirəm. Mənə bir əhvalat danışın.”
Təəcüblə üzünə baxdım.
“... mən həmişə həqiqət axtarmışam. Özümə aid həqiqət. Özümünküləşdirə biləcəyim həqiqət. Mənim həqiqətim ola biləcək həqiqət. Elə bilirdim onu özüm tapacam. Mən həqiqət haqda yüzlərlə yazı oxumuş, yüzlərlə insanın həqiqəti ilə tanış olmuşam. Həqiqət ensiklopediyasında heç bir bənd digəri ilə uzlaşmır. Onlar həqiqətlərini seçmişdilər, yaxud tapmışdılar. Mənsə, tapa bilmirəm. Onu tapmaqda mənə yardımçı olmanızı istəyirəm. Mənə həqiqət tapın, rica edirəm. Mənə bilmədiyim, heç vaxt eşitmədiyim bir əhvalat danışın. Ən uğurlu filmimin ssenarisini sizin dilinizdən eşidəcəyim əhvalat üzərində qurmaq istəyirəm.”
“Danışacağım əhvalat əsasında çəkiləcək film uğurlu olmaya da bilər.”
“Başqalarının nə düşünəcəyi vacib deyil. Əsas mənəm. Həqiqətə ehtiyacı olan, ondan yazmağa çalışan mənəm. Dediklərinizin doğru olacağına şübhə etmirəm.”
Qərara aldıq ki, ssenarini birlikdə yazaq. Sövdələşdiyimiz günün səhəri yaşadıqlarımızı yazmağa qərar verdik. Yeni sabahlarda nə yazacağımız bəlli deyildi, yaşadıqca yazacaqdıq.
İlk səhifə yazılan gün yarımçıq qoyduğum işi davam eləməyə yollandım.
xxxxxxxxx
Qadın həmişəki kimi paxlava şəkilli nazik dəmirlərlə qorunan alçaq pəncərədən baxırdı. Ovuc boyda qalmış üzündən çuxura düşmüş gözləri bərəlirdi. Quş yuvasına bənzəyən pırtlaşıq saçlarının fonunda üzü daha da balaca görünürdü. Evin böyük gəlini məni görüb onu pəncərədən araladı, pərdəni örtdü. Balaca gəlinlər ona yaxınlaşmaqdan çəkinirdilər.
Məni həmişəki kimi sevinə-sevinə qarşıladılar.
“Xoş gəlmisiz.”, “Sizinçün darıxıb.”, Pəncərənin önündən çəkilmir.” “Qoymur saçlarını darayaq.” “Yanına gedək”, “Samirə onun paltarını dəyişir. Üç gündü nə illah edirdik, qoymurdu. Sizi pəncərədən görən kimi sakitləşdi.”
Yerbəyerdən hamı nə isə deməyə çalışırdı.
Əli o evə getməmi istəmirdi. Uzun müddət dilə tutandan sonra razılığını ala bilmişdim. Yaxşı yadımdadı, ilk gün məni tünd qəhvəyi rəngli stula oturtdular. Ev sahibi, ortaboylu saqqallı kişi qəlyan çəkirdi. Hamı hazırlıqsız, nizamsız şəkildə qapıdan müxtəlif aralıqda ayaq üstə durub onu gözləyir, hərdən maraqla mənə baxırdı. Oğulların, gəlinlərin, nəvələrin nəzərlərindən sıxılırdım.
Hafizəmdə qalacaq ən arıq qadını içəri gətirəndə əlində bir-birinə keçirilmiş sancaq zənciri yumrulamışdı. Əynində mənim zövqümlə seçilmiş tünd yaşıl rəngli paltar vardı, boğazına böz yaylıq bağlanmışdı. Beli ilə əynindəkiləri, onu tutan qardaşı oğlunu əyən qadın yazıqlığını və xəstəliyini gizlətmək üçün edilən bütün səyləri yerə vurub ümidsiz-ümidsiz bizə baxırdı. Onu otağın qapısında görən kimi mən və son damlasına qədər çəkilmiş qəlyanı əlində sıxan qıyıqgöz ev sahibi ayağa qalxdıq. Qadın ona tuşlanan baxışlardan çaşdı, məsum-məsum əlində sıxdığı sancaqlara baxdı. Onunla ilk görüşümdə gözümə o günkü qədər çəlimsiz və yazıq görünməmişdi. Acınaqlı halına səbəbkar kimi ondan başqa heç kimin üzünə baxmağa cəsarət etmədən qımıldanmırdım. Ailəni üzləşdirdiyim “bəla”nın tək günahkarı kimi qadının o biri qolundan yapışmaq istədim, lakin ev sahibi məni qabaqladı, qabağına qaçıb onu qucaqladı. Gəlinlər özlərini saxlaya bilməyib göz yaşları ilə maddım-maddım tanımadıqları yaşlı qadının üzünə baxan uşaqlarının başlarını sığalladılar. Qadın bir zamanlar yaşadığı evi tanımır, ətrafdakılara dəlisov baxışlarla məzlum-məzlum baxırdı. O gün o ev, onun sirri, sakinləri, o qadın məni qorxutmuşdular. Qadını iyirmi yeddi il qaldığı dəlixanadan çıxarmağı ağılsızlıq sayan Əlinin haqlı olduğunu düşünür, gözətçilərlə hasarlanmış evimə sığınmaq üçün tələsirdim. Halbuki mən tez-tez evimin pəncərəsindən gözlə görə biləcəyim sonuncu evin işığına baxıb komalara sığınan xoşbəxt ailələrin talelərinə həsəd aparırdım. O gün isə saatlarla baxdığım evlərdən birinin işığından qaçıb göz yaşları ilə islatdığım taxta məhəccərlərə sığınmağa tələsirdim. Bu paradoksun zahiri məntiqinə görə dünyanın heç biri ucu göründüyü qədər təhlükəsiz və etibarlı deyil, insanlar daima o biri ucda daha rahat, qüsürsuz həyat görüb orda olmaq həsrəti ilə yaşamaqda, uzaqdan gələn işıqların şölələri, öz yalanları ilə aldanmaqdadırlar. Yaxınlaşdıqca azalan, parıltısını itirən, nəhayət yoxa çıxaraq qurbanını sonsuz qaranlığa çəkən yalançı işıqlar bizi bu tayda rahat yaşamağa qoymur, bətnimizdə yatan iddiaları körükləməklə uzağa getməyə, həqiqət axtarmağa həvəsləndirirlər. Həqiqətin olması isə bəlkə də ən böyük yalan, yalansa mövcud olan ən mütləq həqiqətdi. Bəzən həqiqət səni öz dalıyca çəkib aparır, sən məhz onun arasıyca düşdüyünü, ona çatacağını düşünürsən, o isə səni azdırır, yarı yolda qoyur. Yolun ortasında həqiqətini və mənini itirmiş halda çaş-baş qalırsan. “Həqiqəti oğurladılarmı, üstünə hücum çəkib talan etdilərmi?” deyə düşünürsən. Ona çata bilmiriksə, bəlkə o həqiqətən yoxdu? Həqiqət deyilən şey bəlkə şərin maskalanmış şəklidir? Hiyləgər siması ilə sonda sənə zəhərli alma yedirəcək riyakardı? Onu axtardıqca təngənəfəsləşir, tapdalanır, əyilir, vəhşiləşirik. Bəlkə də ən böyük həqiqət həqiqət axtarmadan yaşamaqdı. Adi şeylərdən həzz almaq, böyük iddialardan qurtulmaqdı.
Ən böyük həqiqət yalanı tapmaq, onun həqiqət olmadığını anlamaqdı.
xxxxxxxxxx
Əli uşaq vaxtı evcik-evcik oynamamışdı, bir dəfə özü demişdi. O zaman məndə qəribə bir adət yaranmışdı. Qonşulardan, tanışlardan, iş yoldaşlarımdan, kommunal borcları ödəməyə getdiyim poçt idarəsindəki işçilərdən, hamıdan, hər kəsdən uşaqlıqda evcik-evcik oynayıb-oynamamalarını öyrənmək istəyirdim. Mənə elə gəlirdi ki, bu oyun dünyanın ən sevimli, ən real oyunudu. Mənə elə gəlirdi ki, o oyunu oynayan və bunu yadda saxlayan biri pis adam ola bilməz. Yadımda qalan ən təsirli evcik-evcik oyununu beş yaşımda qonşu oğlanlarla birgə oynamışdıq. Böyük hüznlə ölmüş kəpənəyi basdırmış, hönkür-hönkür ağlamışdıq. Əli bu oyunu oynamadığına görə mənə görə dünyanın ən bədbəxt insanlarından idi. O, kəpənəyin ölümünə təəssüflənə bilmirdi. O günü xatırlayanda hələ də kövrəldiyimə gülüb mənə dəli deyirdi. O, heç nəyin xiffətini çəkmir, təbiət qanunauyğunluqlarında dövr edən kiçik kədərləri duya bilmir, ürəkdən təəssüflənməyi, bütün varlığı ilə hüznlənməyi bacarmırdı. Bəlkə də o haqlı idi, dəlilik məndə idi. Əslində, hər kəsin içində dəlilik var. Ağıllı olmaq dəliliyi gizlətməkdi. Bəzən dünyanın bütün bucaqlarında dəliliklərini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxanlara yazığım gəlir, bu məcburiyyətdən qurtulduqları üçün bütün dəlilərə həsəd aparıram.
Endfild soyuq suyu həvəslə başına çəkdi. Mənə elə gəldi ki, su onun mədəsinə yox, bardağın şəffaf şüşəsindən mənə zillənən mavi gözlərinə tökülüb təlatümlə dalğalandı. Gözlərindəki heyranlıq mənə aid idi, bunu duyaraq həzz almaqdan özümü saxlaya bilmirdim. O, özünü işğal olunan torpaqda keşik çəkmək üçün qoyulan əsgər kimi aparırdı. Tayfanın gözəl qızına vurulmuşdu. Qızın gözündə xilaskara, əsl qəhrəmana çevrilmişdi. Qız isə qəhrəmanı gözəlliyi ilə diz çökdürdüyü üçün özü ilə fəxr edirdi.
“İnsanlar eyni hisslərlə yaranmışlar. İnanmaq, inandırmaq, sevmək, nifrət, xidmət, paxıllıq, ziyankarlıq, qəhrəmanlıq, tabe və hökmranlıq etmək kimi hisslərlə...Hisslər zaman və məkan çərçivələrinə sığıb formalarını dəyişə bilirlər, reallıq və zəmin zirzəmilərində güclənir, yaxud zəifləyirlər, lakin heç zaman tamamilə yoxa çıxmırlar, münbit şəraitdə baş qaldırır, varlıqlarından xəbər verməyə tələsirlər. Bütün insanların içində hökm etmək istəyi var, bu istək son ana qədər insanı tərk etmir. Atom zərrəciyindən alınan qüvvə ilə yaradılan nüvə silahının dağıda biləcəyi dünyanı dilənçinin içində yatan hökmranlıq hissini körükləməklə idarə etmək mümkündür.”
Endfild həvəslə danışırdı.
Əli assistentinin göndərdiyi xatırlatma mesajlarını telefonunun yaddaşına köçürür, arabir Endfildə baxır, onun dediklərinə diqqətlə qulaq asırmış kimi başını tərpədirdi. Birdən o, Mr. Endfild istəyirsiz, sizə şərab açdırım. Bizdə əla Fransız şərabı var dedi.
Endfild təəccübünü gizlətməyib namaz qılınan evdə şərab saxlanılmasının nə dərəcədə düzgün olduğunu soruşdu.
“Mən şərabı sevirəm, fransız şərabını da, amma bir kəsin imanına toxunacaq xələl bahasına deyil.” O dedi.
“Bu, əslində daha böyük dini sınaqdı. Mən şərab içilən masada oturub dinimin riza bilmədiyi təamlardan dadmayıb iradəmin gücünə dayananda, nəfsimə qalib gələndə daha xoşbəxt oluram.”
Nədənsə, mənə elə gəldi ki, Endfild Əlinin hamı yatandan sonra özünü saxlamayıb şərablardan daddığını, divanda yarısərxoş mürgülədiyini düşündü. Həyəcanlanır, onun günah ortağı kimi göründüyüm üçün xəcalət çəkirdim.
Əli əhvalını pozmadan telefonunu qurdalayır, şirkətinin reklamları əks olunan kalendarda bəzi günləri qızıl suyuna çəkilmiş qələmi ilə haşiyələyir, Təbriz onu cəsarətsiz-cəsarətsiz qınayır, yalnız başını yelləməklə kifayətlənirdi. Mən bunu pəncərədən seyr etdiyim ağacların eyni ahənglə yellənməsinə tamaşa edərək müşahidə edirdim.
xxxxxxxxxxx
Xəstə qadınla üçüncü görüşüm balaca pəncərəsi olan kiçik otaqda baş tutdu. İlk görüşlə müqayisədə sakitləşmiş, daha asan dil tapmağa hazırlaşmışdıq. Yaylığı başını tam örtməmiş, sürüşmüş, pırtlaşıq saçları çölə çıxmışdı. Etiraf edim ki, evin kiçik gəlini qapını örtüb bizi tək buraxanda vahimələndim. Halbuki, qadın çox sakit idi, gözlərini kiçik pəncərəyə dikmişdi. Pəncərə sanki nə onun, nə də qeyrisinin baxışlarını çölə buraxmamaq üçün sıx naxışlı dəmir barmaqlıqlarla çərçivələnmişdi.
“Necəsiz? Özünüzü necə hiss edirsiz?”
Nəhayət ki, özümdə güc tapıb söhbətə başladım.
O, mənə baxmadan əlindəki sancaq zəncirini daha da ovucladı.
“Ümid edirəm sizə aldığım hədiyyələri bəyənirsiz. Ölçünüzü bilmirəm, gözəyarı seçirəm. Yaşıl rəng, açıq yox, bir az tünd və parıltısız yaşıl rəng mənim ən sevdiyim rəngdi. Düşündüm ki, bu rəng çox adamın xoşuna gəlir. Bəlkə də səhv edirəm, mən moda ilə o qədər də maraqlanmıram. Moda axmaq şeydi. Bilirsiz, moda insanları eyniləşdirməyə çalışır, bu isə düzgün deyil. Hətta Kanadada artıq neçə illərdi moda nümayişləri keçirilmir, dövlət rəsmən buna qadağa qoyub, çünki belə sərgilər qadınları əsəbiləşdirir. Onlar yerli-yersiz pəhriz saxlayır, modellərə oxşamadıqlarına görə xarici görünüşlərini düzəltməyə çalışır, bunu bacarmayanda isə depressiyaya düşürlər. Bu da kimin nəyinə lazımdı? Kanadada yeməklər çox kolorilidi, qadınların çoxu da artıq çəkilidi...mmm, ümumiyyətlə, Kanada çox mütərəqqi ölkədi, orda qadınları yüksək qiymətləndirirlər. Hətta zarafatla deyirlər ki, Kanada hər məsələyə gender eynəyindən baxır. Bu sözü eşidəndən sonra mənə elə gəlir ki, Kanada eynəkli tələbkar müəllimə, Amerika isə varlı ailənin ərköyün uşağı, dərsi dinləməyən şagirddi...”
Bir azdan rabitəsiz və mənasız nitqimi bitirdim. Qadının həkimi belə məsləhət görmüşdü. “Onun beyni zədələnib. Bu beyin zədəli əl kimi ağır yükləri qaldıra bilmir. Ona nəyisə xatırlatmamaq üçün yüngül, sadə, ötəri, rabitəsiz şeylərdən, bilmədiyi mətləblərdən danışın. Düzdü, o, çoxunun təsəvvüründə canlandırdığı xəstələr kimi yerli-yersiz bağırmır, sakit və mülayimdir, amma yenə də ehtiyyatlı olun, o xəstədi. O, xəstə beyinlə 30 il yaşayıb. Sağalmayıb, çünki o, heç vaxt tam havalanmayıb, düşünüb. O, çox şeyi xatırlayır, həmişə onu nə vaxtsa incidən ağrını hiss edir, buna görə sağala bilməyib.”
Həkim demişdi.
O, xəstələrini dəli adlandırmırdı. Bununla o, sanki, ruhi xəstələri dəli adlandıran hər kəsi qınayır, onlara belə deyənlərə yanıldıqlarını bildirmək istəyirdi. O, var gücü ilə dəliləri müdafiə edirdi.
Həkimin tapşırıqlarına əməl edirdim. Qadına Əlidən, onun əslində yaxşı adam olmasından, sadəcə mənim mürəkkəb, daha tələbkar birinə çevrildiyimdən danışırdım. İzah edirdim ki, ruhumuz yaddır, illər bizi mənən qohum edə bilməyib. Həkimin tövsiyyələrini nəzərə alıb onunla yaxın dost, sirdaş kimi danışır, etibarını qazanmaq istəyirdim. O, hər cəhdimdə əlini daha bərk sıxır, susqunluğuna davam edir, məni qapalı dünyasının qapısından itələyirdi. Lakin tarixçəsini öz dilindən eşitməyə israrlı idim.
İkinci görüşümüz saat yarım keçdi. Ya mən danışdım, ya da susduq. O, yenə heç nə demədi.
Sağollaşıb çölə çıxanda adamsız küçə sakit-sakit uzanırdı. İlk dəfə o şəhərə ayaq basanda həsrətini çəkdiyim əlçatmaz bir şeyə qovuşduğum zaman keçirməli olduğum hissləri keçirməmişdim. Şəhər mənə yarı doğma, yarı yad, yarı isti, yarı soyuq təsir bağışlayır, daha öncə gəzdiyim digər İran şəhərlərindən fərqli heç nə göstərmirdi. Günlərlə küçələri acgözcsinə, şəhərin dəyişmiş simasında ilişib qalmış qədim ştrixləri tapmaq yanğısı ilə gəzdim. Ərəb-fars əlifbasındakı yazılarla əhatələnmiş möhtəşəm tağlı keçidlərlə qarşılaşdım, qədimi məsçidlərlə rastlaşdım. Ən çox isə dəmirlə döyülmüş bir kompazisiyanın qarşısında dayananda təsirləndim. Dəmir lövhələri iştahla oxuyub yazı qarşısında duyduğum heyranlıq hissindən utandım. Orfoqrafik səhvlərə məhəl qoymadan “Qonka rus sözüdür, mənası atla idarə olunan porovoz deməkdir” cümləsini uzun zamandan bəri anlaşılan dildə yazı görməyən gözlərimə iştahla təpdim. Təbrizin mərkəzi küçələrinin birində dəmir qonka olduğu kimi durur. İçərisində qadın uşağının əlindən yapışıb, gənc kədərli-kədərli uzaqlara boylanır, saqqallı kişi qəzet oxuyur. Qonka yerindən tərpənir, reysi ötürən sərnişinlər əllərini havada yelləyib qaçmağa, onu saxlamağa çalışırlar. Əziz şəhərimdə mənə doğma görünən sözün rus dilində olmasından utanmışdım.
Şəhər o gün də mənim hisslərimlə hesablaşmırdı. Onun müxtəlif küçələrində son dəbli hündürmərtəbəli binalar ucaldılır, yavaş-yavaş axşam düşür, gündüzlər istidən evlərə doluşan insanlar mağazalara axışırdı. Təbrizin küçələri işıqlarla alışırdı. Mən ona dərdli gününə ağlamaqdansa, özünü bəzək vuran arsız gəlin kimi, o mənə qəddini düzəldib keçmiş sevgilisinə acıq verən biri kimi baxırdı. Onun yalançı şuxluğunu qısqanır, riyakarlığını görməmək üçün evə tələsirdim.
“Dünyanın ən gözəl kəşfiyyatçısı...”
Endfild özünü yanıma yetirəndə evim yerləşən küçənin girəcəyində idim.
“Gizli plan üzərində işləyirsiz?”
“Sizi İrandan qovmanın yollarını axtarıram.”
Zarafat elədim.
“Bu, çətin olmamalıdı. Siz get desəz...”
“Əhvalatımın ilk dörd səhifəsini yazmışam.”
Deyib çantamdan kağızları çıxartdım. Ona yazdıqlarımı sizə də yazmışam. Qadının evinə getdiyim ilk günlərdən, orda yaşadıqlarımdan, hisslərimdən bəhs etmişdim.
Uşaq cəldliyi ilə sevincək kağızları əlimdən aldı.
“Amma indi oxumayın. Hətta hələ heç oxumayın, əhvalatı tam yazıb qurtarmamı gözləyin. ”
“Çətin olacaq. Yazdıqlarınız indidən mənə maraqlıdı.”
“Gününüz necə keçib?”
”Çəkiliş üçün bəzi yerlərə baxmışam. Xeyli piyada gəzmişəm. Şah gölünə də getdim...”
Bir müddət danışmadan yanaşı addımladıq. Addımlarının ahəngini izləmək zövqverici idi. Məndən hündür olsa da, Əli qədər ucaboylu deyildi. Həyəcanlı idim. Baxışlarımı addımlarından ayıra, üzünə baxa bilmirdim.”
“Sizin dostunuz çoxdu?”
Birdən soruşdu.
“Dostum? Hə, bir az var, rəfiqələrim var...”
“Mən rəfiqəsi, dostu olan adamlara, bir-birinə qonaq gedib gələnlərə həsəd aparıram. Mənim dostum yoxdu. Mən yalnız işlə bağlı kiminsə evinə getmişəm. Bilirsiz, həmişə kiminsə evinə qonaq olmaq xatirinə getməkdən çəkinmişəm. Düşünmüşəm ki, ev sahibi qapını açanda gəlişimə sevinməyəcək, yaxud soruşacaq ki, niyə gəlmişəm. Təsəvvür edirsiz? Axmaqlıqdı, bilirəm. Yəqin mən dünyanın ən qaraqabaq insanlarından biriyəm.”
“Siz uşaq olanda evcik-evcik oynamısız?” Soruşdum.
Gülümsədi. Ağ bənizində zövqlə təbəssüm çəkdi. O təbəssüm nəinki mənim, istənilən dahi rəssamın çəkə biləcəyi rəsmdən daha gözəl idi.
“Hə, həm də çox. Mən zənci Zemi və onun balaca bacıları ilə tez-tez evcik-evcik oynayırdım.”
“Zemi?”
“Onu mən belə çağırırdım. Əsl adı dəqiq yadımda qalmayıb. Bircə xatırlayıram ki, adı uzun idi, üç samit qoşa səslənirdi və söz dilə yatmırdı. O, mənim üçün sadəcə Zemi qaldı. Ona niyə Zemi dediyimi də bilmirəm. Dəqiq yadımdadı ki, adında Z hərfi yox idi. Zemi ilə mən ata-ana, onun bacıları bizim uşaqlarımız olurdu. O, anasının nənəsinə bağışladığı qalın şalı azca qabağa çıxmış ətli qarnına bağlayar, böyrək ağrısından şikayətlənərdi. Anasının böyrək çatışmazlığı olduğundan həmişə belini bağlayar, atası evə gələn kimi arvadının halını soruşardı. Bizim evcik oyunumuz Zeminin ailəsi əsasında qurulurdu. Mən evə gəlir, Zeminin halını soruşur, corablarımı çıxarıb iyləyir, küncə tullayırdım. Onların evində bundan sonra şam yeməyi yeyilsə də, bizə yalnız nahar etdikdən sonra oynamağa icazə verildiyindən, bu mərhələnin üstündən ötürdük. Sonra daş ütü, anamın köhnə darağı, Zeminin diş fırçası ilə yarı böldüyümüz ”otaqlara” çəkilər, uşaqlarımıza nağıl danışar, onları yatırardıq. Mən Zemini qucaqlayar, onu çox sevdiyimi, sabah birlikdə böyrək həkiminə gedəcəyimizi, ona bir daha ağrımayacağını deyərdim. Zemi inamla mənə sığınar, mən ailə başçısı olduğum üçün fəxr edərdim. “Bu vərdişi onlara tərgitmək lazımdı. Nə vaxta qədər günortalar belə yatacaqlar.” Anam hər dəfə məni köməkçimiz Alkesin qucağından götürəndə deyinirdi. Sözlərini yarıyuxulu, qayıtmaq istəmədiyim yad dünyadan eşidirdim. Anam uzun müddət məni beləcə, ona görə “biabırçı” şəkildə yatırmağı bacardı.
Bir gün həmişəki kimi “uşaqlarımıza” nağıl danışdım, Zemini qucaqladım. “Sabah səni böyrək həkiminə aparacam, daha heç vaxt ağrımayacaqsan.” Dedim. Zemi bir müddət sakit uzandı. Sonra qəfil ayağa durub “Daha mənim böyrəyim ağrımır. Mən ölmüşəm” dedi. Sonra o, analığının israrlarına məhəl qoymayıb yatmaq istəmədi. Anladım ki, o, artıq heç vaxt mənimlə bu oyunu oynamayacaq. Onun atası anasını həkimə aparmaq üçün pul tapmamışdı. Anası ölmüş, atası yenidən evlənmişdi.
Anam az qala yalvararaq günortalar məni qonşuya yatmağa ötürür, Zeminin ögey anası məhlənin varlı olduğu üçün ən hörmətli ailəsinin oğlunu həvəslə qonaq qəbul eləyirdi. Bizsə, daha oyun oynamır, daha yatmırdıq. Mən özümü Zemiyə xəyanət etmiş kimi günahkar sayır, o, əvvəlkitək mənə etibar etmir, məni görən kimi nənəsinin boğçasını eşib şalı çıxarmağa qaçmırdı. Bizim ailəmiz dağılmışdı. Bir müddət mənə elə gəldi ki, bütün normal ailələrdə anaların böyrəkləri ağrımalı, atalar işdən qayıdanda onların halını soruşmalıdırlar. Hətta mən düşünürdüm ki, anamın böyrəyi ağrımır deyə atam evə gələndə onun halını soruşmur. Bu səbəbdən anam atamı görən kimi “yenə o ləçərin yanında idin” deyə bağırır.”
“Siz sonralar düşünmüsüz ki, Zemini sevmisiz. O, sizin ilk məhəbbətiniz olub.”
“Haqlısız. Mən doğrudan da uzun müddət belə fikirləşdim. Lakin mən heç vaxt onu axtarmağa cəhd etmədim. Nə qədər çalışdımsa, üzünü, təbəssümünü, səsini, nəyini sevdiyimi xatırlaya bilmədim. Anladım ki, onu kimisə sevməli olduğum üçün sevmişəm. Bütün zənci qızlarını ona oxşadırdım. Bir gün qarşıma çıxacağını gözləyirdim. Onu axtarmırdım, lakin tapmaq istəyirdim.”
“Siz evli olmusuz?”
“Hamının evliliyi kimi evliliyim olmayıb. Lakin hər yerdə deyirəm ki, bir dəfə ailəli olmuşam. Zemi və onun bacılarına atalıq elədiyim dövrü evlilik adlandırdığımı kimsə bilmir. Sizə bəlkə də gülməli gələr, amma mən həmişə platonik sevmək, dünyanın ən uzaq yerində mənən mənə məxsus sevgilim olsun istəmişəm. Ona məktub yazmaq, onu “Əziz Zemi” deyə başlamaq istəmişəm. Mən balaca Zemiyə etdiyim saf himayədarlığı başqa kiməsə edə bilməmişəm və heç kim mənə o güvəndiyi qədər güvənməyib.”
Mən heç vaxt heç kimi onu dinlədiyim qədər diqqətlə dinləməmişdim. Kimsəyə Endfildə inandığım qədər inanmamışdım. Ona kiçik kəpənəyimdən, onu necə qonşu oğlanlarla basdırdığımdan danışdım.
Bütün insanlar eyni peşəylə doğulmuşlar. Peşəkar, ya qeyri peşəkar hamımız qrim ustalarıyıq. Həyatsa, cilddən-cildə girən aktyordu, hamımız onun üzərində işləyirik. Onu gözəlləşdirir, çirkinləşdiririk. Həyat da işini yaxşı bilir. Ustalıqla maskalanır. Sən dünən ona nifrət elədiyin halda, bu gün onu heyranlıqla sevə bilirsən. Mən uzun müddət düşünmüşəm ki, bədbəxt varlıqları ilə dünyanı eybəcərləşdirənlər arasında mən də varam. Lakin o gün, Endfild özünü mənə tanıtmağa çalışdığı gün nə zamansa, belə düşündüyümü unudacaq qədər xoşbəxt idim.
xxxxxxxxxxxx
“Narahat olmayın, hər şey yaxşı olacaq. Deyərik dərsdən sonra redaksiyaya gəlib, təcrübə qazanırdı. Biz bir-iki əlavə tələbə tapıb öyrədərik ki, onlar bir yerdə sizin redaksiyada kurs keçiblər, siz ümumiyyətlə ünsiyyətdə olmamısız, o, gəlib-getdiyi vaxt ərzində dövlət əleyhinə söz işlətməyib.”
“Amma müdafiəçi kimi görünməməliyik. Laqeyd olmalıyıq. Bu hadisə əməlli-başlı mənim kefimi pozub.”
Evə girəndə Əli həyəcanla köməkçisinə göstərişlər verirdi.
“Nə olub?”
“Lətifin oğlu konsert verib.”
“Nə konsert??”
“Sən demə o, həm də tar çalırmış. Talıbovun milli çalğı alətləri dərnəyinin solisti imiş. Məşqlər Talıbovun evində təşkil edilirmiş. Qonşular yazıb səsdən şikayət ediblər. Sahə müvəkkili gələndə də bu gədə qəhrəman çıxıb, hay-həşir salıb. Deyib hamı kimi bizə də mədəniyyətimizi inkişaf etdirməyə imkan versəydiniz, məşqləri evlərdə etməzdik. Tutub basıblar içəri.
“Kömək eləmək lazımdı. ”
“Nə kömək? Hələ mən deyirəm bilməsinlər mənim də redaksiyama gəlib-gedib. Bir az qurdalasalar, dövlət əleyhinə maddəsiynən əlli-ayaqlı gedəcək.”
Endfild qonaq otağını çöl qapıya calaşdıran uzun dəhlizin girəcəyində şkafdakı kitablar arasında qurcalanır, özünü danışıqlarımızı eşitmirmiş kimi aparırdı. Sonra Viktor Hüqonun “Səfillər”ini götürüb həyətə çıxdı. Ardıyca getdim. O an mənə elə gəldi ki, o, əlindəki kitabla mənə ən yaxın adamdı.
“Bir müddət əvvəl intihar haqqında araşdırma aparırdım. Aşkarladım ki, sıxıntıları bellərinə ağır gələn, dərdlərini torpağa basdırıb ruha çevrilib yüngülləşmək istəyənlərdən bir qismi sevdikləri kitabları sinələrinə sıxıb intihar edirlər. Düşündüm ki, bir gün intihar etsəm, “Səfillər”i sinəmə sıxacam.”
Yanında oturanda dedi.
“Mr. Endfild, mənim bir sinfim var, onlar səkkiz tələbədilər. Biz dərsdən sonra, onların dərsindən sonra həftədə bir, ya iki dəfə yığışırıq. Mən onlara fəlsəfi cərəyanlardan danışıram, müxtəlif məqalələri müzakirə, tərcümə edirik. Əli həmişə bunun əleyhinə olub. Bu hadisədən sonra o, çox güman mənə daha onlarla məşğul olmağa icazə verməz. Mənə kömək edin. Onu inandırın. İnandırın ki, bu, çox gözəl təşəbbüsdü. Onun peşəkar imici üçün əvəzsizdi. Ona deyin ki, Avropada belə şeylər yüksək qiymətləndirilir. İş adamları daima sosial layihələrə dəstək olmağa çalışırlar. Başa salın ki, bir gün işlərini Avropada davam etdirməli olsa, insan azadlığı naminə etdikləri təriflərlə dəyərləndiriləcəkdir. O, belə şeylərin həvəskarıdı.
“Siz güclü qadınsız.”
“Bilirsiz...”
“Zaman və məkan fonunda siz fövqəladə güclü, hörmətə layiq qadınsız. Ərinizlə danışaram, onu inandıracağıma şübhə etmirəm. Bacararam. Çünki dərslərinizdə iştirak etmək, tələbəniz olmaq istəyirəm.”
O, mənə elə məsum-məsum baxdı ki, özümü ona “tələbəm olsanız, bundan zövq alacam” deməkdən saxlaya bilmədim.
Endfilddən qorxurdum.. Ona tərəf uzanan heç vaxt sona qədər gedə bilməcəyəyim uzaqdan da uzaq yolu getmək istəyimdən qorxurdum. Bu yolu bir ömür gedə bilməyəcəyimi bilə-bilə onu getmək istəyirdim. O, mənə baxdıqca, mən onu oxuya biləcəyim ən maraqlı kitab kimi oxuduqca yola çıxmaq, getmək istəyirdim. Halbuki, o zaman mən özüm üçün arzulamağı, planlar qurmağı, onları həyata keçirməyə çalışmağı çoxdan unutmuşdum. Mən onu tanıyanda, onunla getmək istəyəndə özüm üçün yaşamağı çoxdan unutmuşdum.
xxxxxxxxxxxxx
Zaman və məkan daima fövqündə duracaq qəhrəman axtarır. Onlar bunun üçün qılıqdan-qılığa, cilddən-cildə girə, saxtakarlıqla gülümsəyə, insanlara qızıldan taxt vəd edə, başlarında iti qılıncla dura, parıltılarla göz qamaşdıra, ən əxlaqsız, ən namuslu üzünü göstərə bilərlər. Şairlər, yazıçılar isə qəhrəmanları axtarmağa, onlara əsər ithaf etməyə həvəslidirlər. Uğurlu qəhrəman seçənlər, yaxud yaradıb ondan yazanlar özü bir zaman qəhrəman olmaq istəyib ola bilməyənlərdi. Kimsə uğurlu qəhrəman seçirsə və ya onun eskizini cızırsa, özünü də qəhrəmana çevirə bilir. Mən də qəhrəman olmaq istəmişəm. Bacarmamışam. Belə olduqda yağlı boya ilə rəsm çəkməyə başlamışam. Rəssamlıq qabiliyyətim hələ kiçik yaşlarımda özünü büruzə verdi. Sonralar boya ilə çəkə bilmədiklərimi yazı ilə çəkməyə başladım.
O, mənim əsas qəhrəmanım idi. Mahmud baba onu nişan verməklə özü də bilmədən böyük qəhrəmanlıq etmişdi. Onun nişan verdiyi qəhrəmanım Xədicə idi. “O elə qız vaxtından bir az dəli idi. Ərköyün, nə istədiyini bilməyən, anlaşılmaz, çox gözəl, bir az da əxlaqca kəsik.” Bunu Mahmud baba demişdi və kəsik əxlaq sözü mənim Təbrizdə eşitdiyim ən ağıllı sözlərdən biri olmuşdu. O, Xədicəyə əxlaqsız deməmiş, bununla qəhrəmanımı əxlaq kimi böyük məhvumdan cəllad qurbanının başını amansızlıqla kəsdiyi kimi kəsməmişdi. Mən xaricdə yaşadığım dövr ərzində kəsik axlaqlıların heç də tamamilə əxlaqsız olmadığını, əxlaqlıların əslində kəsik əxlaqlı olduğunu öyrənmişdim. Sonra bütün kəsik şeylər haqqında düşünməyə başlamışdım. Kəsik vicdan, kəsik səmimiyyət, kəsik insaf, kəsik ədalət, kəsik talelər... Kəsiklər məni və mənim kimi bir qisim insanı bütövləşməyə qoymur, bizi kəsik-kəsik edirdi. O an mənə elə gəlmişdi ki, Təbrizin kəsik əxlaqlı Xədicəsini tanısam, çoxunu bütövləşdirə bilərəm. Bu o Xədicə idi. O Xədicə ki... Uzun illər yatdığı dəlixanaya onun kitabını yazmağa gedəndə cəmi üç ay ömrü qaldığını öyrənmişdim. Düşünmüşdüm ki, son günlərini ondan imtina etmiş ailəsinin yanında keçirsə, daha yaxşı olar. Endfild yeni filminə baş qəhrəman seçməyi mənə həvalə etmişdi. Mən də onu seçmişdim. Hər gün 3-4 səh. yazmaqla Xədicənin hekayəsini səbirsizliklə, böyük umidlə Endfildə danışmağa tələsirdim. Bütün varlığımla inanırdım ki, Endfild onu anlaya biləcək, dərdini dünya ilə bölüşməsinə kömək edəcək ən uyğun adamdır.
xxxxxxxxxxxxx
Uzun qara saçlarını tarım çəkib yığdı. Belindən aşağı düşən uzun saçları başının ortasında yumrulandılar. Sevgilisini gözləyən yaşı ötmüş qızlar kimi yaşı ötmüş dərdlərini burmalayıb başından atmaq, gözəgörünməz yerdə yox etmək istədi, sanki. Bir müddət saçını ovcuna alıb evi dolandı, bağlamağa bir şey tapa, əlini uzun müddət başında saxlaya bilmədi. Ovcuna yığılmış qara saçları himə bəndmiş kimi bir göz qırpımında üzünə və kürəyinə səpələndilər. Elə bil damı uçmuş həbsxanadan dustaqlar qaçmağa başladılar. Qaranın anasının gülab iyi gələn qara yaylığı ilə başını bağladı.
Dar küçədə enlənə-enlənə yeriyir, enli küçələrin kənarları ilə qısıla-qısıla gedən insanlara acgözlüklə, heç birini nəzərdən qaçırmaq istəmədən baxırdı.
Iki saqqallı onu güdürdü, görmüşdü. Özünü yığışdırmışdı.
“Necə istəyirəm, elə də yeriyirəm. Mən burda qərib deyiləm. Qoy onlar məndən utansınlar. Istəsəm, ayağımın birini bura, o birini küçənin o biri başına qoyaram. Çoxlu dəvə alaram. Hirslənəndə hara gəldi tüpürən qozbel dəvələri bir yerə yığıb qarşıma çıxan azərbaycanlıları da götürüb uzun bir səfərə çıxaram. Dəvə karvanına sarban olaram. Səfərimə Savalan dağından başlayaram. Böyük Qafqazın şimal ətəklərindən keçib Cənubu Qafqazın bütün bucaqlarını dolanaram, Qarabağ yaylasından burulub cənuba doğru hərəkət edərəm. Eyni marBir dövrədən sonra elə Savalandaca karvanımı istirahət etmək üçün müvəqqəti saxlayaram. Sonra eyni marşrutla belədən-belə, elədən-elə gəzərəm. Hər əyalətdə dəvələrin, insanlarımın sayını artırıb güclü bir....”
“Yaxşı, yaxşı, bildik, eləyərsən.”
Qara zarafatla sözünü kəsdi.
“Baş alıb, hara gedirsən, qərib?”
Xədicə üzünü turşutdu.
“Yaxşı, bilirəm, sən burda qərib deyilsən.
“Sən doğrudan elə fikirləşirsən ki, buranı məndən yaxşı tanıyırsan? Sən, indi bizi izləyənlər, qarşıma çıxan soydaşlarımız buranı məndən yaxşı tanıdığınızı düşünürsüz? Yanılırsız...”
-
“Biz burda göz açmışıq. Təbrizlə nəfəs alırıq. Biz vətən xaini deyilik. Sadə insanlarıq.”
“Kimsə doğulanda mürəkkəb doğulmayıb. ...daxil olduğun toplumu müdafiə etmək istəyin xoşuma gəlir. Təəssüf ki, bunu həmişə eləmirsən.”
“Bunu hər zaman etmək mümkün deyil”
“Mən ətrafımı hər zaman müdafiə edəcəm. Buna çalışacam.”
Qara gülümsədi.
“Işləməliyəm. Sən get, mənə görə narahat olma. Sandığın qədər bu küçələrə nabələd deyiləm.”
“Nə işləyəcəksən? Fırçan hanı?”
“Beynimi işlədəcəm. İstənilən əsər köçürmədi. Bütün rəsmlər öncə rəssamın beyində çəkilir, sonra surətləri qeyri-dəqiq, təhrif olunmuş şəkildə kağızlara köçürülür.”
Xədicə ona yol bələdçisi olmaq istəyən rəssam dostunun acığına sanki küçələri hamıdan yaxşı tanıdığını sübut etmək üçün dəxlisiz addımlarla uzaqlaşmaq, kimsənin bələdçiliyi olmadan marafona çatan qaçış ustaları kimi geri qayıtmaq istəyirdi.
Qara onun istəklərini gözündən oxudu:
“Çox uzağa getmə, azarsan. Kolumb kimi Hindistan əvəzinə Hindustana gedərsən. Sənə mane olmaram, lal-dinməz yanında gedərəm.”
Canını Qaradan qurtara bilməyəcəyi ilə razılaşdı. Buna sevindi də.
Qara cəsarətsizdi, sakit baxışlarına çılğınlıq qatılmayıb. Hündür boyu, enli kürəkləri, qətiyyətli addımları, son dəblə biçilmiş kostumuna yerləşdirdiyi bədəni Xədicəyə əzəmətini itirmiş hökmdarı xatırladır. O, adı çəkilən məziyyətləri ilə Xədicənin yarımçıq qalmış tablosuna qəhrəman ola bilmir. Amma Xədicə Qaranı görməyəndə darıxır. Bəlkə də fədakar müəllimlər kimi öyrədə bilmədiyi ilə razılaşıb geri çəkilmək, sakitləşmək istəmir. Ya da Qara onun düşmənə çatan dırnaqarası qoludu. O, boğazına tıxanmış nifrət tuluğunu arabir Qaranı acılamaqla boşalda bilir.
“Keçən il bir neçə mövzu üzərində işləməni istəmişdim. Bu barədə heç düşünməmisən, əminəm.”
Qara dinmədi. Xədicənin iynəli sözlərinə öyrəncəli olduğundan sakit-sakit gözlərini döydü.
Bir müddət enli küçələrin divarlarına qısıla-qısıla gedən qara-qura adamlara qarışaraq yeridilər. Qadınlar qara çadralarla, kişilər uzun saqqallarla üzlərini qapayıb addımları ilə ensiz küçələrdə xətlər çəkirdilər. Xədicə Qaranı danlaya-danlaya xətləri araşdırır, uzunluqlarını göz xətkeşi ilə ölçməyə çalışırdı. Birdən o, özünü də küçəyə xətt çəkən adamların arasında gördü. Cəld kənara çəkildi. Onlardan ayrılmaq istədi.
Dilinin altında nə isə mızıldandı.
“Var gücünlə tullansan da, yenə olduğun yerə düşəcəksən.”
Qara gülümsəyərək dedi.
“Nə təklif edirən?”
“Uyğun məqamı gözləməliyik.”
“Səncə, məqam nə vaxt yetişəcək? Sabah, o biri gün, bəlkə iki, bəlkə dörd, bəlkə doğsan dörd ildən sonra?”
“Bəlkə də, beş əsrdən sonra.”
“Sən ziyalısan. Susmamalısan. Sənin fırçan var. Enli küçələrdə qısılan insanları yolun ortasında gəzən gör, onları ürkək baxışlarla hər an təhlükə gözləyən şikar kimi gözüqırpıq yox, dik baxışlarla çək.”
“Sən onları belə görürsən?”
“Mən...Görürəm. Lakin gördüklərimi tam göstərə bilmirəm. Mən hələ də qadına yasaq şeylərin zirzəmilərində gizlənməyə məcburam.”
xxxxxxxxxxxxxx
Hava gözəl idi. Kiçik mağazanın yanından keçəndə hansısa ağacdan gələn iyə qarışmış çörək ətrini ciyərlərinə çəkdi. Ürəyini qəribə hisslərlə dolduran şəhərə həm qəzəblə, həm də mərhəmətlə baxırdı. Şəhərə yazığı gəlirdi. Ona elə gəlirdi ki, şəhər kövrəlib. Uzun ayrılıqdan sonra balasından məktub gətirən Xədicəni görüb qəribsəyib, qonağının əhvalını pozmamaq üçün uğurlu alınmasa da, əzəmətli görünməyə çalışır.
“Çörək istəyirsən?”
Mağaza sahibi, qoca kişi Xədicəni görüb soruşdu.
Başı ilə yox dedi.
“Kimisə axtarırsan? Kimlərdənsən?” Qoca soruşdu.
“Siz Əbdülməcidi tanıyırsız?”
Kişi diqqətlə Xədicənin üzünə baxdı.
“Hansı Əbdülməcidi?”
“Qaranın qonağıyam. Ərdəbildən gəlmişəm. Şair Əbdülməcidi tanıyırdız?”
Xədicə babası Əbdülməcidin anasından eşitdiyi məziyyətlərini sadalayanda kişi dalqın-dalğın uzaqlara baxırdı.
“Mənim atam Əbdülməcidin dostu olub. Nənəm də onun xətrini çox istəyirmiş. Onu aparanda babam nənəmin təkidi ilə bir yığın isti corab, köynək qoyub ki, qazamatda geyinsin. Di gəl ki, boğçanı Əbdülə verməmişdilər. Anam ölənə kimi dedi ki, bağlamamı o alçaqlar Əbdülə vermədilər, versəydilər, rütubətli zindanda vərəmləməzdi. Əbdül çox sısqa idi, canı zəifdi. Onu aparanda zindanda çox qalsa, öləcəyini bilirdik.”
Əbdülməcid Xədicənin babası idi. Azəri dilində şeirlər yazırdı. Şeirləri Təbriz əhlinin əzbərinə çevrilmişdi. Hökumət bir neçə dəfə ona “provokasiya”lı şeirlər yazmağı qadağan etsə də, Əbdül provokasiyanın nə olduğunu bilmirdi. Ərdəbilin dumanlı göylərində qanad çalan azad qartalları, Təbriz gözəllərini, axan çayların şıltaq şırhaşırını vəsf edirdi. Hökumət azəri şairinin dilini qoparmağa qərar verəndə Xədicənin bir yaşı vardı. Xədicənin anası atasının xilas olacağına cəmi altı ay ümid edə bildi. Altı ay sonra qoca çörəkçinin nənəsi Əbdülün üstündə ağı deyirdi. Bir dəfə mərkəzdə qulluq edən əslən azərbaycanlı dövlət məmuru qarının dediyi ağıları eşidib çörəkçiyə tapşırmışdı ki, nənəsinə ya milli dildə ağı öyrətsin, ya da məclislərdə məhəlli dildə bayatı zad deməsin. Milli məmur milli deyəndə fars dilini, məhəlli deyəndə Azərbaycan dilini nəzərdə tutubmuş. Çörəkçinin nənəsi isə “mən bu ağıları sənin nənəndən öyrənmişəm” deyə məmura xəbər göndəribmiş. Babasının ölümündən sonra Xədicə hökümət tərəfindən müsadirə olunmuş evlərinin dar küçəsi ilə yeni həyət və həyat tapacağına ümid edən anasının qucağında Ərdəbilə gedir. Xədicə on doqquz ildən sonra bir günlük Təbrizə geri dönür, Tehranın varlı iş adamlarından birinin oğlu Qara onun “Müasir İran ədəbiyyatı eskizlərdə” sərgisinə heyranlıqla tamaşa edir və Şəhriyarın şeirlərinə çəkilmiş bir əsərini alaraq müəlliflə şəxsən tanış olmaq istəyir.
Atası Tehranda böyük petrokimiya şirkətinə sahib olduğundan oğluna ən yaxşı təhsili verə bilmişdi. Qara atası öləndən sonra onun işlərinə rəhbərlik edir, arabir rəsm sərgiləri düzənləyir, ya da hökümətdən gələn sifarişlə Tehran ziyalılarını himayə edirdi. Beləcə o, özünü incəsənətdən tam uzaqlaşmamış sayırdı. Xədicə sərgilərdə iştirak etmək üçün mərkəzə gələndə Qaranın Tehranın mərkəzində ucalan ikimərtəbəli malikanəsində qalmazdı. Qara qoca anasını götürüb Təbrizdəki ata-baba evində Xədicə ilə görüşməyə tələsərdi. Qara Xədicəyə bir neçə dəfə evlənmə təklifi etmişdi. O, Xədicənin gözəl və məsum başının başlara qoşulmamasına çalışırdı. Qız isə Qaranın cah-cəlallı həyatında, qızıl haşiyəli rəsm əsərlərinin içində bircə dənə azad Təbrizi vəsf edən şəkil tapa bilmirdi. O, bütün hikkə, tələbini ortaya tökəndə Qara sakit və fikirli baxışları ilə Xədicəni yandırıb-tökürdü. Təbrizə hər gəlişinin sonunda Xədicə narazı baxışlarla Qara ilə sağollaşardı. Bundan sonra Qara Xədicənin hirsi soyusun deyə üç-dörd ay gözləməli olurdu.
Xədicə qoca çörəkçiyə Əbdülün nəvəsi olduğunu demədi. Çörəkçi isə qərib qıza Güney Azərbaycanın nəğmələrini yazan qoca şair haqqında bildiklərini elə onun bir yaşında Ərdəbilə köçən nəvəsinə danışırmış kimi təfsilatı ilə danışdı.
“Keçən il Bakıdan gələn teatra çox getmək istədim. Arşın mal alan. Gərək ki, adı belə idi. Amma alınmadı.”
Qoca radiosuna baxıb dedi.
“Niyə?”
“Elə o dönəmdə mərkəzdən bizə ancaq bir günlük çox ucuz şirniyyat gətirdilər. Bütün şəhər növbəyə durdu. Mən növbədən aralanıb getmək istədim, lakin qabaqda olduğumdan arxa cərgədəkilərin hay-küyündən qorxub çıxa bilmədim. Həm də valilik nümayəndələri təmkinlə deyirdilər ki, səbr etməliyik, tezliklə sıra seyrələcək.”
“Şirni ala bildiz?”
“Hə bala, aldım, üç kilo şirni aldım. Mənim cəmi bir nəvəm var, az aldım.”
“Bir az şirni, bir az süni mehribançılıqla kütləni doydurdular.”
Xədicə öz-özünə pıçıldadı.
“Siz heç Bakıya getmək istəmisiz?”
“Mən Təbrizdən başqa şəhərdə olmamışam, bala. Bircə dəfə Tehrana yasa getmişəm, di gəl gecə idi, çöl-bayır görə bilmədim. Amma Tehranı yaman gəzmək istəyirdim, deyirlər gözəl şəhərdi.”
“Heç Bakını görmək istəmirsən, əmi?” Xədicə qısqanclıqla soruşdu.
“Niyə istəmirəm, ay bala. İstəyərəm. Əvvəl həmişə dükanda gizlin-gizlin Bakı radiosunu tuturdum. Iki aydı kəsiblər. Deyir, dalğa səhv gəlirmiş, oğurluq imiş.”
Xədicə dairəvi dəmir stulun üstündəki radioya baxdı. Mərkəzdə hazırlanan veriliş əvəzinə qəflətən ona hədiyyə olaraq “Sarı Gəlin”in çalınmasını istədi. Xəyalən radiodan Sarı gəlinin səsi də gəldi. Sarı Gəlinin həzin notları və Bakı radiosunun oğurluq dalğası ürəyinə soxuldular. Oğurluq dalğalar civə kimi sürətlə ürəyini bürüyən hüceyrələrə sarılıb onu lərzəyə gətirdilər. Ürək hücerələri ilə radio dalğaları çoxdan bir-birini görməyən doğmalar kimi qucaqlaşdılar. Birdən onların arasına paytaxtdan gələn radio dalğası girdi. Güclü qolları ilə onları ayırmağa başladı...
Xədicə çörəkçi qoca ilə xeyli söhbət elədi. Kişi uzun-uzadı, hər şeydən bir az danışdı. Mövzular arasında Tehran hökumətinin yeni islahatları, kiminsə nəvəsinin adqoyma mərasimi, yenilənmiş şəxsiyyət vəsiqəsinin üz qabığındakı rənglər, Təbriz gecələrinin sığındığı əlvan işşıqlı küçələr də var idi.
Günorta dükanı birlikdə bağladılar. Xədicə qoca çörəkçinin evdən gətirdiyi günorta yeməyini-aşı acgözlüklə yedi. Çörəkçi söhbət əsnasında Xədicəyə bir hekayət danışdı. Çörəkçinin hekayətindəki qız qədim şəhərlərdən birində doğulmuşdu. Küləklə zarafatlaşan sünbüllərləri üyüdüb qıraq kəndlərə satan bir oğlan onu sevirdi. Şəhər qala divarları ilə qorunurdu. Şəhər mərkəzində hökmdar sarayı, inzibati idarə binaları, dövlətin hərbi qüvvələri, onlardan bir az aşağıda çiy və bişmiş kərpicdən aynabəndli tikililər boya-boy uzanırdı. Çörəkçinin danışdığı hadisələrin vaqe olduğu şəhərin ən gur yerinə-Bazar meydanına günortalar sakitlik çökürdü. Şəhər əhlinin çoxu Cümə məsçidinə ibadət etməyə gedirdi. Yaxınlıqda bütün fəsillərdə zirvəsi qarla örtülən Savalan dağı ucalırdı...
xxxxxxxxxxxxxxx
“Mən Təbriz əhlinin gözündə hökumətə qarşı sevgi də görürəm. Bu, ögey ananın zülmünə baxmayaraq, atanın xətrinə analığa isinmək istəyən yetim uşağın sevgisinə bənzəyir. Səncə, niyə İran bizi sevə bilmədi?”
Xədicə danışırdı. Sərin Təbriz gecəsinin büründüyü qaranlıq saçlarını gizlədə bilmirdi. Külək çoxdan görmədiyi uzun qız saçlarına heyran olub onları rahat buraxmırdı. Oynadır, atıb-tuturdu.
“Başını bağla, görən olar.” Qara təpindi.
“Sən sualıma cavab ver.”
“Bircə onu deyə bilərəm ki, İranla Turanı Quran belə birləşdirə bilmədi. Sənsə, o balaca başını belə yerlərə soxma.”
“Bilirsən, məsələ bundadı ki, İran Azərbaycana güvənmir. Bir zamanlar Türkcə danışan hər kəsə boyunduruq vurun, onunla eşşək kimi rəftar edin dediyini yaxşı xatırlayır. Qisas alarıq deyə qorxurlar. ...mən səni anlamıram. Yalançı tarixçilər, qondarma tədqiqatçılarla saatlarla necə bir yerdə otura bilirsən, dərk edə bilmirəm.”
“Sus!”
“Sənə baxanda bir zamanlar Azərbaycan valisi olmuş Müstövfinin sözlərini xatırlayıram. “Azərbaycanlılar türkdülər. Yonca yeyib məşrutə almışlar, indi qoy saman yeyib İranı inkişaf etdirsinlər.”
“Sənin gizli-gizli azadlığı mədh edən qoca professorunun söylədiyi moizələr mənim yalançı tarixçilərimin saxta faktlarından daha doğru deyillər. Mən deyilənlərə nə inanır, nə də dinirəm. Sənsə, zavallı uşaq kimi aldanırsan.”
“Mənim qoca professorum “azadlıq Savalandan başlayır” deyir.” İzah edir ki, hər kəsin azadlığı göz açdığı məkanın ən yüsək zirvəsində gizlənir. Biz Savalanı fəth etməmizlə öyünə bilmirik. Biz öz torpağımızda dustağıq. Açıq gözlə Savalanın zirvəsinə baxmaqdan belə çəkinirik.”
“Bizim söhbətlərimiz maraqsız iclasların formal proqramlarına bənzəyir. İstəyirəm sən adi qız olasan. Niyə axı biz indi sevgidən danışmayaq?..”
Xədicə gülümsədi. “Bütün sevgilərimi sənə sevdirməyincə səni sevməyi vəd etmirəm.” Dedi.
xxxxxxxxxxxxxxxx
Təbrizin mərkəzindən uzaqlaşdıq. Bir azdan heç kəs bizi görməyəcəkdi. Əli də. Əli çox vaxt məni görmürdü. O, heç vaxt məni mən istədiyim kimi görməmişdi. Onun üçün gözəlliyə sahib olmaq ondan həzz almaqdan daha üstün idi. Həzz almadan gözəlliyə sahib olmağın lazımsızlığını anlamırdı. O, şöhrətpərəst biridir.
Endfildlə yanaşı oturmuşduq. Sərin idi. Büzüşdüm. Məni özünə tərəf çəkməklə isitmək istədi. Əlini geri qaytardım. Qorxdum ki, isinəm. O an isinsəm, sonralar heç vaxt qızınmayacaq qədər üşüyərəm deyə qorxdum.
Uzaqlara baxırdıq. Uzaq dünyalara. Keçmişə, gəlməkdə olan gələcəyə. Var olan həqiqətə, yox olan ədalətə.
“Bağırxan dağıdı. O dağda Pənah xanın tabeliyində Avan Koxa adlı bir erməni yaşayırmış. Özünü xana sadiq göstərən hərif gizli-gizli öz adamlarına tapşırırmış ki, harda müsəlman görsəniz, tutun öldürün. Onun əmri ilə tutulmuş azərini çılpaqlayıb üzü üstdə yerə yıxarmışlar. Arxa tərəfdən dörd barmaq enində olan bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkər, dərinin ucunu ağacın aşağı əydirilmiş qüvvətli budağına bənd edərmişlər. Sonda budağı buraxarmışlar. Ağacın budağı yuxarı qalxanda yazıq müsəlmanın dərisi boynuna qədər soyular, bağırtısı dağa düşərmiş. Dağa yaxın yerdə yaşayanlar bağırtıları eşidərmişlər. Buna görə o dağa “Bağırxan dağı” adı veriblər.
Endfild gözlərini Bağırxan dağına dikmişdi. Mən bütün varlığımla hiss edirdim ki, o, Bağırxan dağının qoynunda gizlətdiyi fəryadları eşidir.
Mən həmişə dağlardan dünyanın daha yaxşı göründüyünə inanmışam. Ona görə Endfildi tez-tez dağlara səyahətə aparırdım. Ona fərqli dünyaları göstərmək istəyirdim. Əsası ona Xədicənin dünyasını göstərmək istəyirdim. O gün Endfildə yazdığım növbəti səhifələri də verdim
xxxxxxxxxxxxxxxxx
“Qara, niyə çəkmirsən? Böyük tablo çək. Sağ tərəfdən buz...”
Qara dinmirdi. Onun sakitliyi Xədicənin dilini-ağzını açırdı. Qəzəblə Qaranın gözlərinin içinə baxır, suallarına tutarlı cavab istəyirdi.
“Bizim həqiqətimiz kimə lazımdı? Həqiqət görünən deyil, görülə biləndi. Bizim həqiqətimiz gözlərə layiq deyilsə, nə qədər çalışsaq da, onu insanların həqiqət kitabına əlavə edə bilməyəcəyik. Allah özü kömək olsun.”
“Allah? Hansı Allah?”
“İndi də ona küfr etməyə başlamısan?”
“Kimin Allahı kömək olacaq?”
“Necə yəni kimin Allahı?”
Düşünmürəm ki, mənim Allahım səninki ilə eynidi, hətta bəlkə onlar tanış belə deyillər. Evlərimizin həndəvərində keşik çəkən satqın azərilərin, mənsəbpərəst saqqalallıların-Tehran hökumətinə xəbər satmaq üçün qulaq şəkləyənlərin Allahı mənim Allahım deyil, əminəm.
Qara hər şeyin səbəbkarı kimi Xədicənin gözlərinə baxmaqdan çəkinirdi. Başını aşağı sallamışdı. Elə sallamışdı, elə bil başı boynundan qopub düşəcək, Xədicə buna mane olmaq üçün heç nə etməyəcək, onu xilas etmək üçün tükünü belə tərpətməyəcəkdi. “Qoy düşsün, ona bu da azdı.” Deyəcəkdi. Niyə Xədicənin dediyi kimi yaşamır, niyə onun xahişlərinə əməl etməyib. Əgər o, Xədicə deyən kimi yaşasaydı, indi çoxdan ailə qurmuşdular. Onda dünya dəyişmiş olardı. Heç olmasa onda Xədicə ilə Qaranın Allahı bir olardı. O, satqındı, vaxt gələcək Xədicənin çoxlu pulu olacaq. Yığdığı pullarla böyük dəvə karvanı alacaq. Dünyanın dörd bucağından yola düşmüş milyonlarla dəvə bir-birinin ardıyca dağ-dərə, səhra, bulaq, hasar, qala qoymayacaq, hamısını qarış-qarış gəzəcək. Onun dəvələri yorulmaz olacaqlar. Çünki kəcavələrdə qızıl, brilyant, qul, ağa daşımayacaqlar, dəvələrin yükü ancaq və ancaq rəsm əsərləri olacaq. Qara Xədicənin həmişə xəyalən çəkdiyi kilsə təsvirlərini, Ərdəbilin Bazar meydanındakı Cümə məsçidinin rəsmini dəvə karvanının kəcavəsində görəcək. Onda Qara təngənəfəs ikimərtəbəli evinin artırmasında gizlətdiyi tablolarını eşələməyə qaçacaq. Ən cəsarətli rəsmlərini seçib Xədicənin ardıyca yollanacaq.
Qaranın bir şəklində bir erməni qu quşu tükündən mütəkkəyə baş qoyub, şal və tirmənin üstünə uzanıb, lakin o narahatdı. O, yerli qımdatxana üzvüdür. Erməni qımdatxanalar arasında müsəlmanları öldürdüyünə, cəsədlər üzərində müxtəlif əməllər etdiyinə görə məşhurdu. Əsasən dükan sahiblərini öldürür. Sahibsiz qalmış dükanları talan eləyib quru meyvələri qımdatxanalara azuqə kimi göndərir. Onun mənsub olduğu qımdatxana üzvləri yerli əhalini kolluqlarda, ictimai yerlərin kənarlarında, pusqu qurub evlərin arxasında yaxalayırlar. O erməni axsaq olduğundan sürətlə qaçan cavanları tuta bilmirdi, qocaları öldürürdü. Qara əsərində insafsız ermənini, onun bir qoca qurbanını, bir də on-on beş qımdatxana fəalını təsvir etmişdi.
Bir şəkildə isə məsçid təsvir olunub. Bir dəstə dünyadan xəbərsiz avam müsəlman Allaha dua edə-edə ibadət edir. Ön sıralarda Qarabağın özündən deyən bəyləri, onların nökərləri, günəşin sarı şüaları altında qapqara qaralmış qarabağlılara xas sifət cizgilər ilə sadə xalq nümayəndələri toplaşmışlar. Kütlə başına gələn müsibətlərin səbəbkarını axtarmır, hansısa xırda səhvə görə Allahın göndərdiyi cəza kimi qarşılayır, göz yaşı tökür, Allahdan ermənilərin ürəyinə mərhəmət salmasını yalvararaq istəyir. Kərim kişi bir həftə əvvəl öldürülən qardaşına və onun oğluna behişt diləyir.
“Ay Allah, mənim qardaşım mömin adam idi. Qarışqanı belə heçdən öldürməzdi. Keçən dəfə şeytana uydu. Qonşusu Rüstəm kişiyə çəkidə əlli qram əskik etdi. Keç onun günahından. Hərçənd mən onun ermənilər tərəfindən belə öldürülməsini istəməzdim. Özü də əvvəlcə gözünün qabağında oğlunu mismarlayıb öldürmüşlər. Bu, mənim ürəyim qubar etdi. Keç onun günahından, sal mərhəmətini ermənilərin ürəyinə. Biz hətta keçən dəfə məsçiddə günahsız müsəlmanları öldürdüklərinə görə ermənilərə hirslənən oğullarımızı sakitləşdirdik. Günahsız ermənilər günah sahiblərinin badına getməsinlər deyə evlərimizdə gizlətdik, hər azuqə ilə təmin etdik.
Qara bütün rəsmlərini topladı. Onları üst-üstə qoyub bərk-bərk bağladı, belinə vurub tələsik dəvə karvanına çatmaq üçün qaçmağa başladı.
Küçələrdə hamı Xədicəyə çatmağa çalışırdı. Hamı onun karvanına qoşulmağa tələsirdi. Bir zamanlar Xədicəni qarabaqara izləyən əslən azərbaycanlı paytaxt məmurları da Xədicəyə qoşulmaq istəyənlər arasında idilər. Qaranın təəccübdən gözləri böyümüşdü. Hamı rəssam imiş, hamının xəlvətdə saxladığı “Azadlıq” rəsmi var imiş, Qara bundan xəbərsizmiş.
Nəyin bahasına olursa-olsun, Qara Xədicəni tapmalı, əsərlərini kəcavələrə yerləşdirməli, onları qəbul etməsi üçün qızdan üzr istəməli idi.
Xədicə heç yerdə görünmürdü. Bəlkə də Qara bir daha onu görə bilməyəcəkdi. Halbuki Xədicə dəfələrlə Qaradan Təbrizi dik baxışlarla baxan, dar küçələrdə enlənə-enlənə gəzən insanları ilə birgə görməsini, məhz belə çəkməsini istəmişdi. Qara öz canına görə qorxmamışdı. Dünya onların şəkillərinə baxmaz, nə Təbrizi, nə Ağrı dağı, nə Avan Koxanı, nə də Allaha yalvaran avam müsəlmanları görməz deyə düşünmüşdü. İndi isə Qara nə qədər axtarırsa, Xədicəni tapa bilmir. Xədicə qalibdir. Bütün dünya onun gördüklərini görməyə hazırdır. Xədicə isə yoxdur, Qara ona çata bilmir.
Qara həyatının ən gerçək yuxusunu gözüaçıq gördü. Qara o an Xədicəni itirmək acısının çəkilməz yükü ilə dünyanın ən qorxulu yuxusunu gördü. O, Xədicəni tək qoymamalı idi. O, Xədicənin Allahını tanımağa qərar verdi. Onların bir Allahı olacaqdı. O anladı ki, Xədicədən daha doğru birini tanımaq istəmir. O Xədicəni sevirdi.
xxxxxxxxxxxxxxxxxx
“Bu, sadə oyun olacaq. Ən adi oyun. Onlar üçün. Bizim üçünsə, əsrlər boyu bizimlə oynanılan ədalətsiz oyunun cavabı olacaq. Plakatlar insanların sıx düzülmüş sıraları arxasında gizlədiləcəklər. O idbar hakim və dəstəsi gələndə qışqıracaqsız: “ANA DİLİMİZƏ AZADLIQ” Ana dilimizdə qışqıracayıq. Anlayacaqlar. Dilimizi yaxşı bilirlər. Əsli fars olanlar “düşmənin dilini bilmək gücdür” deyib dilimizi öyrənmişlər, olmayanlar əslindən qorxan türkdürlər.”
Xədicə bildiyi və haray çəkmək istədiyi ən alovlu həqiqəti dünyaya çatdırmaq üçün son təlimlərini keçirdi. Qara Xədicənin arxasında dayanıb ağır plakatları qucaqlamış, onları asmaq üçün ayrılmış sancaqları ovuclamışdı. Növbəti futbol oyununda əslən azərbaycanlı yüz əlli universitet tələbəsi “Dilimiz Azərbaycan dilidir!” “Dilimizə azadlıq!” şüarı ilə haray qoparacaqdı. Azarkeşlər əvvəlcə çaşacaq, pıçıltı ilə deyilməsinə öyrəşdikləri sözləri ucadan eşidəndə nə baş verdiyini anlamayacaqlar. Çox keçmədən aylardır şəhərin mərkəzi küçələrindən asılan, tez-tez yenilənən karton kağızlardakı yazıları bağıraraq təkrar edəcəklər. Var olan güclərinə cəsarət qatıb azadlıq istəklərini alovlandıracaqlar.
Gecənin sərin mehi fabrikin zirzəmisinə təsəlli verirdi sanki. Qorxu, vahimə, ötəri şübhə, bəlkə də gizli tərəddüdlə yüklənən divarları sakitləşdirir, izlərdən təmizləməyə, dəlilləri yox etməyə çalışırdı.
“Sabah hər şey bitəcək...”
Qara pıçıldadı. Sanki hər şeyi başlayıb da bitirməyə tələsdi.
“Çox şey də başlayacaq.”
Xədicə Qaranın yoğun barmaqlarını kiçik əlləri ilə sıxdı.
“Heç kim bunu bizim təşkil etdiyimizi bilməyəcək. Kimsə bilməyəcək ki, aylardı küçələri bürüyən plakatları şəhərin nəcabətli ailələrindən birinə məxsus fabrikin zirzəmisində hazırlamışıq. Sabahkı izdiham fərdləri yox edəcək. Biz, bizim vasitəçiliyimiz birliyə susamış xalqın bütövlüyündə əriyəcək, əhəmiyyətini itirəcək.”
Xədicə qətiyyətlə dedi.
xxxxxxxxxxxxxxxxxx
Ağızlar qapanır, gözlər bağlanır, qulaqlar tıxanır, dillər kəsilir, qollar burulur, nəfəslər kəsilirdi... Göydən yağan isti ilə şəhərin yanğısı duyulurdu.
“Burax onu. Buraaax. İt oğlu. Köpək. Burax!”
Xədicə idi. Bağırırdı. Qaranı aparırdılar. Üzünə dəyən yumruqlardan burnu
partlamış, sifəti qana bulaşmış, gözləri yumulmuşdu.
Buraxın, köpəklər. O günahsızdı.”
Qara çoxdan yox idi. Bəlkə yarım saat, bəlkə üç saat, bəlkə iyirmi dörd saat əvvəl onu aparmışdılar. Xədicə nə qədər bağırdığının fərqində deyildi. O, Qaranın aparıldığını, bir daha geri qaytarılmayacağını anlamırdı. Eyni istiqamətdə, Qaranın aparıldığı yola baxaraq “buraxın” deyə bağırır, onu geri qaytarmaq üçün hələ də gec olmadığına inanırdı.
Xədicəni tapanda başında sancaqlar vardı. Bir-birinə keçirilmiş, başına batırılmış qanlı sancaqlar. Ətrafda hər şey bir-birinə qarışmış, kağızlar, bayraqlar yerə səpələnmiş, təpiklənmiş, cırılmış, üstlərinə tüpürülmüş, qana və torpağa bulaşmışdılar.
Xədicəni aparanda arxasıyca heç kəs baxmırdı. Bircə Əlinin anası dünyanın yeni dəlisinin halına yüngülvari acıyır, əsas öz ölüsünü ağlayırdı.
Dünyanın yeni dəlisini aparırdılar. Əlində bir topa sancaq vardı. Bir-birinə keçirilmiş, başından qoparılmış qanlı sancaqlar. O sancaqlar ki, onlarla azadlıq tikmək istəmişdi, yeni həyat, yeni yaşam, ədalət tikmək istəmişdi...
O an Qara ilə Xədicənin zamana, adətlərə, ehkamlaşmış yalançı həqiqətlərə zidd olaraq dünyaya gətirdikləri varisləri, qızları Parisdə, Ziba xalanın qollarında yatmışdı. Ziba xala səbirsizlə hər şeyin bitəcəyi, Qara ilə Xədicənin qızlarının yanına gələcəyi günü gözləyirdi. Qadın dünyanın o başından xəbərsiz idi. Bu arada iki Sovet jurnalisti-ər-arvad övladsız hələ də ailəyə çevirə bilmədikləri münasibətlərini müzakirə edə-edə, həmişəki mübahisələrinə ara vermədən yol çantalarını hazırlayırdılar. Ekoloji konfransda iştirak etmək üçün Parisə ezamiyyətə gedirdilər. Bu elə zaman idi ki, güclərin qarşı tərəflə hesablaşdığı məqamlar, çəkindiyi nöqtələr hələ də var idi. Amerika tez-tez qlobal ekoloji problemlər bəhanəsi ilə Sovetlə görüşür, özünü onunla müttəfiq göstərirdi. Halbuki onda artıq Varşava planı imzalanmışdı.
Jurnalistlər Bakıya dönəndə göydəndüşmə körpənin köməkliyi ilə evliliklərini bir neçə il uzada biləcəkdilər.
xxxxxxxxxxxxxxxxxxxxxxx
Əli hava limanının ticarət mərkəzində Endfildə yadigar olaraq hədiyyə axtarırdı. Nara İranı daha öncə tərk etmişdi. Birdən-birə Endfilddən ala bildiyi epizodik roldan imtina etmişdi. Demişdi ki, daha nə İrana, nə də Bakıya geri qayıdacaq, heç öləndə Cavanşirin yanına da uzanmayacaq.
Endfild mənim ona hədiyyə etdiyim birnüsxəli kitabı-Xədicənin kitabını sol əlində tutmuşdu. O kitabı mən yazmışdım. Qara ilə Xədicənin qızı. Qara ilə Xədicənin ölüm xəbərini eşidəndən sonra Ziba xalanın jurnalist ailəyə övladlığa verdiyi qız...
İnsanlar tək-tək, iki-iki, dəstə-dəstə fərqli çamadanlarla təyyarə reyslərini gözləyirdilər. Mən həsrətlə onlara baxır, çamadanlara nə sığışdırdıqlarını təsəvvür edir, onlardan biri olmaq istəyirdim. Halbuki çoxdandır başqa dünyaların uzaqdan xoşbəxtlik vəd edən görüntülərinə inanmırdım. Məni dəyişikliklərə sövq edən mənimi bu gerçəkliklə sakitləşdirir, təsəlli edirdim.
Endfildin günortadan bəri davam edən səssizliyinə Əli son qoya bildi. Hədiyyəsini verdi, Endfild təşəkkür etdi. Qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi. Endfild Əlini qucaqladı. Mənə gülümsədi və getdi.
O an şəhər mənə qonaq yanında gizlətdiyi abırlarını rahatca çölə çıxartmış kimi həyasız göründü. Axşam düşdüyündən mağazalara səpələnmiş insanlar ciblərini pulla doldurmuşdular. Cisimlərini ağırlaşdıran fiziki və mənəvi yükün əziyyətindən-pul yükündən həzz alırdılar. Dünən mən də onlardan biri idim. Sabah da olacaqdım. O günsə deyildim. O gün mən fərqli mənimi yaşayırdım. Bu ya həqiqi mən idim, ya da bir başqası, müvəqqəti icarəyə götürmüşdüm. Bilmirdim. Bildiyim tək şey sabah bu günkü mən olmayaqcaqdı. O, harasa gedəcəkdi. Endfild kimi... Onu Endfild aparacaqdı... Yəqin elə özü gətirmişdi...
xxxxxxxxxxxxxxxxxxxxxxxx
“Bu, kiməsə kağız-qələmlə yazdığım ilk məktubdu. Bəlkə də xatırlayırsız, mən həmişə məktub yazmaq istəmişəm. Çəkinmədən, niyə yazdığımı düşünüb tərəddüd etmədən. Nəyi sevib, nəyi semədiyimi göstərmək, özümü tanıtmaq, bu yolla da özümü tanımaq üçün. Mən bəzilərinin sevgilisi, bəzilərinin iş yoldaşı, bəzilərinin yol yoldaşı, bəzilərinin... olmuşam. Halbuki mən hər şeydən çox kiminsə xəyalında yaşatdığı qəhrəman olmaq istəmişəm...”
Endfildin aldığım məktubda çox şey yazılmışdı... Daha heç vaxt belə məktub yazmayacaqdı.. Bu, mənim aldığım ilk və son məktub olacaqdı...
Mən bəzilərinin sinif yoldaşı, bəzilərinin növbə yoldaşı, bəzilərinin həyat yoldaşı olmuşam. Halbuki bunlardan daha çox kiminsə xəyalında yaşatdığı qadın olmaq istəmişəm. Uzaqdan-uzağa sevilmək, bu sevgidən ilhamlanıb hər şeyə sevinmək istəmişəm. Həmişə məktub almaq istəmişəm. Kağız-qələmlə yazılmış. Ancaq mənə ünvanlanmış.
İndi mənim belə bir məktubum var. Bu məktub yalnız mənə ünvanlanıb. O yalnız mənə yazılmağa layiq görülüb. Uzun müddət bu həqiqətə sevinə bilmədim. Məktub Endfildin bu dünyadakı son günündə yazılmışdı. Həmən gün Xədicənin hekayətinə həsr etdiyi ssenarisini bitirmiş, mənə ünvanladığı məktubu otuz altıncı səhifəyə qoymuş, imza yerinə “End. 2008. İrag” yazmışdı. Əsirlikdə öldürüləndə onun otuz altı yaşı var idi. Hədiyyəsini mənə əsirlikdən xilas ola bilmiş dostu gətirmişdi. Məktub belə başlamışdı:
Əziz Zemi!
Sahilə 2007-2009
Dostları ilə paylaş: |