Nitqi ən çox “zibilləyən” tüfeyli sözlərdir. Bəzən hansısa sözü unutduqda, cümləni bitirməkdə çətinlik çəkərkən “şeydir”, “deməli”, “adı nədir” tipli ifadələrdən istifadə edirik. Bu hal natiqin lüğət ehyatının kasadlığından xəbər verir. Tüfeyli sözlərdən istifadə dinləyicini yormaqla bərabər, nitqin keyfiyyətini korlayır.
Vulqarizmlər kobud, etik normalara uyğun olmayan sözlərdir və mədəni nitqdə istifadəsi yolverilməzdir.
Varvarizmlər isə dildə yersiz işlənən əcnəbi sözlərdir. Bəzən varvarizmləri alınma sözlərlə səhv salırlar. Alınma sözlər dildə müəyyən ehtiyac üzündən digər dillərdən alınıb istifadə edilən sözlərdir. Yəni alınma sözlərin istifadəsi bir normadır. “Kitab”, “alim” kimi sözləri, eləcə də “kompüter, kommunikasiya” və s. ifadələri işlədərkən heç kim “bu bizim sözlər deyil, nitqimizdə bunlardan istifadə etməyək” deyə irad tuta bilməz. Lakin varvarizmlər lüzum olmadan nitqimizdə mövcuddur. Məsələn “znaçit”, “spiçka”, “vsyo”, “hello”, “ok” və s.
Nitqin təmizliyi ədəbi dil üçün məqbul sayılmayan sözlərin nitqdə işlənməməsini nəzərdə tutur. Loru və kobud sözlər, etik normalara uyğun olmayan ifadələr, əksəriyyət tərəfindən anlaşılmayan dialektlərin istifadə edildiyi nitq təmiz nitq deyildir. Mədəni nitqdə istifadə edilməyən və nitqin təmizliyinə xələl gətirən söz qrupları aşağıdakılardır:
-dialek və şivə sözləri;
-tüfeyli sözlər;
-vulqarizmlər;
-varvarizimlər;
-jarqonlar.