Dövrə ümid eylədik, dövran da it günündə, Alim də it günündə, nadan da it günündə



Yüklə 234,53 Kb.
səhifə1/3
tarix13.04.2017
ölçüsü234,53 Kb.
#13936
  1   2   3
İt günündə

Dövrə ümid eylədik, dövran da it günündə,


Alim də it günündə, nadan da it günündə

Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək,


Əyində köhnə pencək, canan da it günündə,

Adam girir min dona, macal yoxdu şeytana,


Əsir düşüb insana, şeytan da it günündə.

Əsgərimiz bittənib, nazirimiz əttənib,


Qızlarımız lüttənib, oğlan da it günündə.

Fikir çapır hər yana, güc verirəm qəlyana,


Qıçım girir yorğana, yorğan da it günündə.

Atdılar vətəndaşı, satdılar Vətən daşı,


Qoy Vətənə başdaşı, ehsan da it günündə.

«Qrad» kimi od saçır, guya xalqa yol açır,


Gec tutulur, tez qaçır zindan da it günündə.

Çatdı xəbər hər yana, tez yığışın meydana,


Baltalandı «topxana» meydan da it günündə.

Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı,


Qaçmaqa yox macalı, fərman da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,


Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,


Sən Pünhanın günündə, Pünhan da it günündə.

27 aprel 1996, Bakı

Borc içində

Kasıb da borc içində, kalan da borc içində,


Ölən də borc içində, qalan da borc içində.

Xəzinələr həmişə ilanlar altda olmuş,


Fəqət, bu səltənətdə, ilan da borc içində.

Atan bibindən istər, anan xalandan istər,


Bibin də borc içində, xalan da borc içində.

Nişan da borcnan oldu, toyun da borcnan oldu,


Yəqin olar gələn il, balan da borc içində.

Filan klana borclu, klan filana borclu,


Filan oğlu, filan da, klan da borc içində.

Acından ölməməküçün, gedin yalana doğru,


Bu məmləkətdə doğru, yalan da borc içində.

Vətən acdı, vəkil tox, yemək azdı zibil çox,


Zibil pulun verən yox, dalan da borc içində.

Bü torpağa imamın ayağı dəydiyiçün,


Bu torpağı satan da, alan da borc içində.

Əgər bu canı, Pünhan, Xuda veribsə borca,


Günahı olmayan da, olan da öorc içində.

11 aprel 1999, Bakı.

Qudurğan olsa neynərsən?

Acından millətin bir gün yarımcan olsa, neynərsən?


O can üstə, sənin ömrün firavan olsa neynərsən?

Didərginlər səfalətdən əgər ölsə çadırlarda,


Vəkillər maliki-mülki-Süleyman olsa neynərsən?

Koroğlu qeyrətindən dəm vururkən Milli Məclisdə,


Müsəlman qızları məktəbdə üryan olsa, neynərsən?

Vəkil artist, vəkil şair, vəkil xanəndə və sair,


Dəyirmanın əgər dənsiz dəyirman olsa, neynərsən?

Əzilmişdən, üzülmüşdən, əyilmişdən, sökülmüşdən


Döyülmüşdən axan qanlar nahaq qan olsa, neynərsən?

Seçilməkçün düşüb mənzilbəmənzil yalvaran kəslər,


Seçildikdən bir az sonra qudurğan olsa, neynərsən?

Bu mavi ekranım çox əyrini düz göstərir, billah.


Tutub usta düzəltdirsəm, düz ekran olsa, neynərsən?

De ki, Pünhan, zaman dönsə, tutulsa Ay, Günəş sönsə,


Səmadan Zülfüqar ensə – o dövran olsa, neynərsən?

7 iyul 1998 Bakı.

«Süleümani»

Bu cahanın işi bitdi – dirilitdi, dirilitdi,


Ölü lütdü, diri lütdü – dirilitdi, dirilitdi.

Biri coşdu, biri daşdı, biri qapdı, biri qaçdı,


Biri məstan, biri itdi – dirilitdi, dirilitdi, lərəlitdi.

Üzü yumşaq qaloş idi, suya düşdü padoş oldu,


Təzəlikcə qranitdi-dirilitdi-dirilitdi.

Nə geyirsə o sənindi, nə deyirsə o mənimdi,


Nə yeyirsə humanitdi – dirilitdi, dirilitdi.

Harın üçün yüzü azdı, kasıb üçün biri çoxdu,


Görəsən bu nə limitdi? – dirilitdi, dirilitdi.

Dedi «urra» uru çıxdı, suya düşdü quru çıxdı,


Quru üstə yaşı bitdi – dirilitdi, dirilitdi.

Üsul ilə, üsul itdi, ağın üstə qara sürtdü,


Rejim indi usilitdi – dirilitdi, dirilitdi.

Baba Pünhan bir həyatdı, Baba Pünhan zarafatdı,


Sözü duzlu, özü şitdi – dirilitdi, dirilitdi.

16 Fevral 1998 Bakı.





Ölkə papaqnan doludur

Bu Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,


Qırağın «yan»lar alıb, orta qıraqnan doludur.

Kişilərnən dolu olsaydı, əgər ölkə nə qəm,


Kişilər qeybə çıxıb, ölkə papaqnan doludur.

Elə ki, xatirə düşdü səni dustaq eləmək,


Maşının bir də görərsən ki, yaraqnan doludur.

İki-üç dəfə gedib Məkkəyə, super hacıdır,


Yekə «İnter şop»u var, polka araqnan doludur.

«Qarabağ» restoranı, parkı, kafesi, küçəsi,


Nə gözəl ki, Bakı hər cür Qarabaqnan doludur.

Ginekoloqlara pul çatmadığındandı yəqin,


Bu doğum evlərimiz xəstə uşaqnan doludur.

Boyağın gördüm üzündə divarım düşdü yada,


Dedim əxlaqı da yəqin ki, boyaqnan doludur.

Bir buruq ustasının yatmağa yoxsa yatağı,


Nə yazırlar ki, bütün ölkə yataqnan doludur?

Bakının «bardaq»ına çox hacıleylək yığışıb,


Hacıleyləklər üçün bardağı yağnan doludur.

Kiçilən Azərbaycana böyük don tikilir,


Üzü güllü, içi də milli yamaqnan doludur.

Vətən əldən gedəni Pünhana dağlar çəkilib,


Dedilər, bəxtəvərin dövrəsi dağnan doludur.

26 avqust 1999, Bakı.

Mini-mini

Torpağımın həm uzunu, eni mini,


Kim-kimi mindi, o çapır mini-mini.

Molla da Quranı edir ixtisar,


Fatihəni həm də ki, «Ya Sin»i mini.

Şərt odur ki, birinə biri minə,


Dərd odur ki, birinə mini mini.

Atəşi kəsmiş dığalar tankdadır,


Bizdəki bəylər, ağalar cini mini.

Ağzımızın şorpası şorr eyləyir,


Əndamıyanmış ki, keçir tini mini.

«Cippi» yekə «bibbi» yekə, «şin» yekə,


Bircə «Zapı»m yoxdu ola şini mini.

Yaydı xristianlığı bu şəhrdə,


Eylədi qəbul hələlik dini mini.

Pünhanın həşdad dedilər yaşına,


Saqqalı ağdır, ama ki, sini mini.

22 oktyabr 1977, Bakı.

Kilkə

Bir sümük, bir dəri olsan da qədimdən, kilkə,


Bu çətin gündə mənim tutdun əlimdən, kilkə.

Evdə səndən savayı heç nə tapılmaz, əsla,


Olmasaydın, utanardım tifilimdən, kilkə.

Gəl qızardım səni, ey balıği-nazikbədənim,


İncəsən valla, mənim incə gülümdən, kilkə.

Sən, həm insana xeyirsən, həm də heyvanə,


Çünki itlər də yeyirlər zibilimdən, kilkə.

Bu çətin gündə sənin, qiymətinə qurban olum,


Bahalaşma, mən ölüm, vurma belimdən, kilkə,

Yüksələrdi .öyə, bil, ahu-fəqanım ətsiz,


Məni qurtarmısan axır ki, zülümdən, kilkə.

Balamın həm yeməyi, həm də ki, iqruşkasısan,


Keçirib sapdan asır düz kəkilimdən, kilkə.

Demişəm körpələrə evdə «asatrinsən» sən,


Tutmuşam guya səni Kaspi gölümdən, kilkə.

Səni tərifləmişəm burnu uzun naqqallara,


Suya girsəm tutacaq naqqa, dilimdən kilkə.

Baxma ki, böylə cılızsan, sənin o kəskin iyin,


Getməyir heç paraşoknan mitilimdən kilkə.

Pünhanam, ölsəm əgər məclisimə, kilkə verin,


Olsa da şairə bu, ağır ölümdən, kilkə.

5 may 1996.  Bakı.

Oruc tutmuşam

Bir gözələ baxmaram, gözdən oruc tutmuşam,


Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.

Ömr deyil, qövrdür, dövr deyil çövrdür,


Dövr yalan dövrüdür, düzdən oruc tutmuşam. 

Bayrağımız yüksəlib, ərşü səmanı dəlib,


Ta bu hökumət gəlib, həzzdən oruc tutmuşam.

Növbəyə dursun bəşər, tövbəyə gəlsin bəşər


Hamı desin sərbəsər, tezdən oruc tutmuşam.

Bilməmişəm dizlərim səcdələr üçün imiş,


Nazirimə çökdüyüm, dizdən oruc tutmuşam.

Xalq üzünə baxmağa, üzdə  üzüm qalmayıb,


Ustulu tərk etmişəm, mizdən oruc tutmuşam.

Könlünü satdın baha, Pünhanı saldın aha,


Mən sizə gəlməm daha, sizdən oruc tutmuşam.

8 1anvar 1997. Bakı.

Aclığa qurban gedirik

Hələlik, düzlük adıynan, düzülüb yan gedirik,


Gedirik, əzm ilə biz, aclığa qurban gedirik.

Leninin şalbanını hamı çiyinlərdən atıb,


Çoxunun yox xəbəri, bizdədi şalban, gedirik.

Qarnımız olsa da ac, üst-başımız göz çıxarır,


Keçirib əynimizə laykanı forsnan, gedirik.

Qələt eylər, bizi tək alman, amerikan geyinər,


«Cins»imizdən bilinir ki köləyik, xan gedirik.

De görüm, hansı köpək oğlu bizə yardım edər?


Bu çətin vaxtda minib, «Cip» ilə «Nissan» gedirik.

Çoxu min tənə edir yubkələrin razrezinə,


Bilməyir dalda cırıqnan yolu asan gedirik.

Kazinolarda, kafelərdə qumar oynayırıq,


Bizə kim dollar atır, biz ona «şirvan» gedirik.

«Canı canan diləmiş, verməmək olmaz, ey dil»,


Leyk biz cangüdənik, cana verib van gedirik.

Bizə «Azadlığı» çox gördü bu azadlığımız.


Sulayıb indi Baba, bir təzə meydan gedirik.

30 sentyabr 1997. Bakı.

Kişi yox?!

Kişi var ki, kişidir, amma kişiynən işi yox,


Kişi var, nakişidir, amma deyir ki, kişi yox.

Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,


Kişi var, ağzı bütövdür, ama bir cüt dişi yox.

Kişi var, pullu işi, yaxşı dişi, gözdə şişi,


Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox.

Kişi var, arvadının xeyli vişindən buraxıb,


Kişi var, arvadının dövri-qədimdən vişi yox.

Kişi var, Azərbaycanda beşindən biridir,


Kişi vardır ki, evində biri vardır, beşi yox.

O qədim Ankarada Pünhana erkək dedilər,


«Kişi» bizlərdə imiş, sən demə, türkdə «kişi» yox.

20 sentyabr 1998. Bakı.

Rentgen əməliyyatı

Milləti rentgen eləyib dövrümüz,


İç-çalatı, sən demə bərbad çıxıb.

Üzdə yaşıl-göydü bizim rəngimiz,


İçdə bu rənglər çoxuna yad çıxıb.

Rentgenə girdi kişilər birbəbir,


Yarı kişi, yarı da arvad çıxıb.

Zatına aşkar qatılıb, zad olub.


Ermənidən azəri övlad çıxıb.

Almasa da, boynuna xainliyin,


Girdə peçatnan bu da isbat çıxıb.

Pullu adamlar üzə üz çəkdirib,


Üstü ipək, astarı asfalt çıxıb.

Başları pambıqla kəsən kəslərin,


Şümr, Yəzid tək adı cəllad çıxıb.

Əhli-Əcəm, əhli-Acam oldu gəl,


Əhli-qəzet aclığa podryad çıxıb.

«Məhkəməsenzurqazamatkomtrest»,


Bax, belə bir adla təzə zad çıxıb.

Məhkəmələr çox adama iş verib,


Şükr ola işsizlərə imdad çıxıb.

AzTB-l-dən ucalan şən gülüş,


Bəs ATS-də niyə fəryad çıxıb.

Cəhd elədi gizlədə yaltaqlığın,


Amma ki, rentgendə bu üçqat çıxıb.

Fitnə-fəsaddan bu cahan çatlayıb,


Bax, o da Pünhan kimi infakt çıxıb.

20 aprel 1998. Bakı.



Dollar məni dingildədir

Həm vəkil, həm nazirəm, dollar məni dingildədir,
Milli Məclisdən keçən yollar məni dingildədir.

Qatmışam qatdırmışam, reklam edib satdırmışam,


Litrəsi üç-dörd minə «şollar» məni dingildədir.

Çoxların billah, gedər-gəlməz yola göndərmişəm,


Qandala çəkdirdiyim qollar məni dingildədir.

Xaş-xaşın əla növün parniklərə səpdirmişəm,


«Tuz»ları məst eyləyən kollar məni dingildədir.

Mersedes-Bens ilə Mazda, Linkoln, Passat, Fiat,


Əyri yolnan düz gedən rullar məni dingildədir

Daq satıb yallanmışam, bağlar alıb bağlanmışam,


Bağlarımda tər tökən qullar məni dingildədir.

Marketin «Super»ləri, İnter «Şop»un ceyranları,


Bir də ərsiz pullular, dullar məni dingildədir.

Mülkümün gözlər çıxardan bir-bəzəkli damları,


Parketi par-par yanan pollar məni dingildədir.

Kim desə, Pünhan, inanma guya ki, bir üzlüyəm,


Gündə yüz yol girdiyim rollar məni dingildədir.

3 aprel 1999. Bakı.

Yurda-burda

Qonaq gəlib qonaqdı yurda-burda,


Nə tazə, nə yamaqdı yurda-burda.

Ya şər içindədir, ya da dilənçi,


O kəslər ki, çıraqdı yurda-burda.

Hüzn yox isə qaçqının üzündə,


Bu özgə bir maraqdı yurda-burda.

Uzaqdadır yaxındı yurda orda,


Yaxındadır uzaqdı yurda-burda.

Gəlib bu bağların külün aparsın,


Yaman biçir oraqdı yurda-burda.

Yağım yeyib yatır qara kürümdən,


Fəqət, kürüm yasaqdı yurda-burda.

O qız ki, namusun satır Dubayda,


O qızcıqaz uşaqdı yurda-burda.

Soyuq silah olub Baba nə vaxtdır,


Yaman kəsir bıçaqdı yurda-burda.

16 oktyabr 1997. Bakı.

Qalacaq izim, Əzizim!

Qarışıb bu məmləkətdə, yalanım düzüm, Əzizim,


Utanır üzüm deməkdən, Qarabağ bizim,  Əzizim,

O əsir qızın sədası, bu yetim qızın zinası,


Çalınır «gəlin havası», necə mən dözüm, Əzizim,

Fasonu, vidi Koroğlu, özü «milli koppoyoğlu»,


Çeçenin yanında vallah, qaradır üzüm, Əzizim.

Sağıma bina salıblar, solumu tamam alıblar,


Bir ona qalıb əlacım, havada gəzim, Əzizim.

Bura qaçmışam yağımdan, dağılıb sinəm daqımdan,


Camaat bezən canımdan, qaçıram özüm, Əzizim.

Əyilib «ruku» edəndə, düzəlib «qunut» tutanda,


Möhürü öpəndə haqqa, sürünür dizim, Əzizim.

Baba Pünhan haqqı yazdı, sənsə bu haqqı yaydın,


Qalacaq səninlə bircə, qalacaq izim, Əzizim!

11 yanvar 1999. Bakı.

Canım otpuskadadır

Yetmişəm vəslə, könül, hicranım otpuskadadır,


Özüm otpuskadayam, həm xanım otpuskadadır.

Dedi otpuska pulu qaldı ilin axırına,


Tək özüm yox, demə həm «şirvanım»  otpuskadadır.

Yalvarıb ruzim üçün göylərə tutdum üzümü,


Susdu göylər də, yəqin Sübhanım otpuskadadır.

Fələyin doqquzu birdən-birə döndərdi üzün,


Sırıdı dərdi mənə, dərmanım otpuskadadır.

Uzun illər bu ürək sirrimi pünhan elədim,


İndi aşkar deyirəm, pünhanım otpuskadadır.

Gözləməzdim ki, inan düşmənimin eylədiyin,


Eləyər dost mənə, ta düşmanım otpuskadadır.

Pünhanam, həqq dilimdən süzülüb çıxdı canım,


Şükr ola, indi ömürlük canım otpuskadadır.

22 avqust 1997. Bakı.

Səs elə, səslə məni

Bu payız seçkidir, ey kəs, səs elə, səslə məni,


Tələsib mənsəb üçün əs, səs elə, səslə məni.

Kimi  sahildə butulka, kimi boş banka yığır,


Sən də düş qaplara yığ səs, səs elə, səslə məni.

Demişəm dövlət üçün bəsdi ilantək mələdin,


Dedi etməz mənə bu bəs, səs elə, səslə məni.

Quzular qurdlara, vallah, səsi dinməz verəcək,


Dinənin də yeri məhbəs, səs elə, səslə məni.

İşimiz tutsa qatıq, tutmasa ayran içərik,


Niyə lazımdı düşək pəs, səs elə, səslə məni.

Gələcək əsrimizə Sahib İmam Məhdi gədir,


Hələlik işlərimiz nəhs, səs elə, səslə məni.

Bu vəziyyət dəxi cinləndirəcəkdir fələyi,


Dönəcək çərxi onun tərs, səs elə, səslə məni.

Belədir bu, belə olmuş, belə daim olacaq,


Bizə keçmişdir İliç dərs, səs elə, səslə məni.

Belə söz var Bakıya cani Köçəryan gələcək,


Qulağından yapışıb kəs, səs elə, səslə məni.

Başımın üstə Xuda, əldə Quran, dildə Əli,


O hayes, mən də ki, «Türkəs», səs elə, səslə məni.

Babanın bürcünü vallahi, bilənlər bilirəm,


Baba ilə eləməz bəhs, səs elə, səslə məni.

11 avqust 1998. Bakı.

Dilənçi cocuq

Dilən şəhərdə, ey cocuq, dilən, əl aç cocuq kimi,


Yanaş, o varlı oğlana, yanaqları totuq kimi.

Əl açginən vəkillərə, susub duran şəkillərə,


Havaya qalxan əllərə, uzat əlin çubuq kimi.

Tapançası belindədir, söyüşləri dilindədir,


Dubinkası əlindədir, döyər səni qoduq kimi.

Gözünlə ye, o vitrini, çörəklərin al ətrini,


Götürmə isti bulkini, burar səni buruq kimi

Atan şəhiddi bilməyir, anan əlildi bilməyir,


Bacın zəlildi bilməyir, tanır səni şuluq kimi.

Əl açma fors edən qıza, çətin sənə o pul qıza,


O qız hələ gedir duza, dodaqları moruq kimi.

Baba onun babasıdır, onunçün ac qalasıdır,


O bir şəhid balasıdır, hüququ yox hüquq kimi.

2 oktyabr 1997. Bakı.



Badi-səbadan qeyri

Bizdə hər şey satılır, bircə həvadan qeyri,
Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.

Nikolaydan nə ki, qalmışdı, təmamən tükənib,


Kasıbın heç nəyi yox, indi tavadan qeyri.

Türk vurduqca bizə, «pak-maya»nı paklanırıq,


Bizdə hər bir maya var, yerli mayadan qeyri.
Elə bil ki, anadan «ustul»un üstündə olub,
Tüpürür hər şeyə şöhrətlə paradan qeyri.

Dərəni, dağı alıb, kəndimi həm bağı alıb,


Mənə bağdan nə qalıb, abi-qoradan qeyri.

Bir fəqirəm ki, qapım kimsələr açmaz, bunu bil,


O «Xlor bacı» ilə badi-səbadan qeyri.

Babadan bərk yapışın, yoxsa qalarsız Babasız,


Sizə kim həsr eləyər, şer Babadan qeyri.

12 noyabr 1997. Bakı.

Əzrailə satdım

Dəryaları aldım, xəbərin qafilə satdım,


Ləlin çıxarıb, dalğaların sahilə satdım.

Səbrim sona yetdi, «O səda» gəlmədi göydən,


Axırda mən öz Surumu İsrafilə satdım.

Bir can mənə qalmışdı miras lütfi-Xudadan,


Bir parça çörəkçün onu Əzrailə satdım.

Ahımda Segah inlədi, gah Şuru Çahargah,


Hər ahımı od qiymətinə Habilə satdım.

Qısqandı gözüm yaşına ümman quruduqca,


Rəhm eylədim ümmanə gözümdən gilə satdım.

Bir yaxşılıq etdimsə, onu faş elədim tez,


Yəni ki, səvab bir əməli, batilə satdım.

Eyhamlı sözümdən doğular bir neçə məna,


Eyhamımı sərraflara hamilə satdım.

Qabil kimi, qardaş qanı tökdüm, öz əlimlə,


Qardaş meyidin, «göy katıza» qatilə satdım.

Bir pullu Əbu-Cəhl gəlib çıxdı ərəbdən,


Öz doğma atam mülkünü, ol cahilə satdım.

Bu dəhr bazarında ömür yaxşı gedirmiş.


Pünhan, o səbəbdən onu ildən ilə satdım.

26 iyun 1998. Bakı.

Can yadımızdan çıxıb

Uymuşuq atəşkəsə, qan yadımızdan çıxıb,


Sübhü sökülmüş qalan, dan yadımızdan çıxıb.

Bic – metalın həsrəti, gic – medalın həsrəti,


Şöhrətə yüksəlmişik, şan yadımızdan çıxıb.

Gör neçə illərdi ki, pullu kreslolara,


Yanımızı basmışıq, «yae» yadımızdan çıxıb.

Bircə işarəylə biz, daima nankorları,


Korlara seçdirmişik, nan yadımızdan çıxıb.

Ordakı xan kəndidi, burdakı baş kəndimiz,


Başa ayaq qoymuşuq, xan yadımızdan çıxıb.

Pünhanı da satmışıq, aşkarı da satmışıq,


Bircə pula getməyən, can yadımızdan çıxıb.

9 oktyabr 1999. Bakı.

Olacaq modda Baba

Alışıb yandı Bakı, odlu olan yurdda Baba,


Maaş al gir bazara, çıx özünü odda Baba.

Bakının cazibəsindən çıxa bilmir hər adam,


Bakı tilsimli şəhər, bənzəri Bermudda Baba.

Qədim odlar diyarında yeni qurdlar dolanır,


Dağıdıb, parçalamaq xisləti var  qurdda, Baba!

Kareni, çəkdi xəcalət evə dəvət eləsin,


Görüşüb vurdu onunla meyi Minvodda Baba.

Bakı Bermud yox əzizim, şirin armuddu demə,


Ayının min oyunu xətm olur armudda Baba.

Gecə qızlar onu barlarda əsir etsə də, heç


Yadına düşmür əsir arvadı Hadrudda Baba.

ANS -dən dediyin kəlmə kəsibdir çoxunu,


Qan axıb söz yarasından, sözünü yodda Baba.

Bəşərin titrəməsi, çökməsi «Sur»un xalıdır,


Hələlik məşq edir İsrafil onu udda, Baba.

Bu cahan haqqı tapınca hələ çox fırlanacaq,


Bu məkan haqqa çatınca olacaq modda Baba.

Zamanın Sahibi hökmün oxuyan gün Yezidə,


Kaş olaydım Zamanın şahidi tək sudda Baba.

Bu elin dərdi, əzabı Baba Pünhanı yorub,


Belə getsə alacaq dincini tabutda Baba.

2 iyun 1997. Bakı.

Zəhr dilindən bal apar

Sözümü salma yerə, çıxdı dilimdən al apar,


Bulud ol, yağdır onu, çör-çöpü üzdən lal apar.

Bəhərin kalı dəyər, kal adamın halı fəna


Ki, onun dəyməyini gözləmə, yarəb, kal apar.

Bilməyirsənmi acından səsi çıxmır bu elin,


Bacarırsansa çalış sən də yeşikdən xal apar.

Fəqirin düş canına, gizlicə yan al yanına,


Cibinə nəşəni bas, düş bu xəyala dal apar.

Xanımın şalvaruvu geydi, yol açdı Dubaya,


Başuva bağlamaq üçün, xanımından şal apar.

Vətənim də, bədənim də, belə qurbandı Cona,


Demişəm yüz yol ona, gəl yaşa bizdə, qal apar.

Dəvə nalbəndə baxan tək, nə baxırsan üzümə?


Atovun dalına mindin, gəl atonçun nal apar.

Bu müsəlmançılığı pozma, qısa saçlar ilə,


Hörük istərsən əgər, yallı atımdan yol apar.

Arımı, qeyrətimi indicə satdım, mən ölüm!


Paqonum qaldı, onu, torbaya bir şey sal apar.

Vətənim varlı gəlin, cer-cehizi qarə qızıl,


Pulunu nəqd elə, gəl «Vağzalı» üstə çal apar.

Acı dərmantək, acı söz də sağaldar adamı,


Pünhanın haqqı deyən, zəhr dilindən bal apar.

25 iyul 1998, Bakı.

Eşşək yerinə

Neçə ildir başıma turp əkilir, lək yerinə,


Dəyişib indi zamar, turpu çıxart ək yerinə,

Alınan borcları qaytarmağa ümmid azalıb,


Bu səbəbdən, soracaqlar, bizi əmcək yerinə.

Satılan əcnəbiyə, bir də qayıtmaz geriyə,


Satılıb, çünki gözəl tavusu ördək yerinə.

Pula bax, puldara bax, hökmü rəvan quldara bax,


İki «şirvan»ə məni işlədir eşşək yerinə.

Paqonun ulduzu bu çiynimə «göy»dən tökülür,


Basıram zindana, vallahi, cütü tək yerinə.

Gecə, barlarda o ürkək maralın «qanı» axır,


Nə edərsən, de, qızın olsa o ürkək yerinə?

Qırılan bir ağaca, milli vəkil qeyzlənir,


Söz güzarana gələndə, düşür əsnək yerinə.

Qoca gördüm ki, kəfən aldı təqaüd puluna,


Can çıxınca, səriməkçün onu köynək yerinə.

Toxun, acdan xəbəri onda olar ki, bunu bil,


Taxıla, gərçi bəsirət gözü eynək yerinə.

Ötürüb, arvadı İstanbula, dolları güdür,


Keçirib darbalaqın başına, örpək yerinə.

Kimisi, öz itinə kolbasa, kotlet yedirir,


Kimi cizlində jımıx çeynəyir, əppək yerinə.

Hanı, ey milli vəkil, dil-dil ötən tuti dilin.


Özünü qoymaginən bir belə pəltək yerinə.

Kiminin bardağı dopdolu, kimin nimçəsi boş,


Tülkü bardağa düşübdür, hacıleylək yerinə.

Güzdəyin daşı çatınca Bakıya, mülkə dönür,


Daşınan daş, oturub ağladı Güzdək yerinə.

Bu elin müəllimi kimdir, bizə məlum eləmir,


Yeridir xalqa krasvordları məslək yerinə.

Ya İmam Məhdini göndər ki, zülüm həddin aşır,


Ya tamam milləti qır, məhv elə, milçək yerinə.

Sözünü ciddi deyən, «ciddi rejim»nən yaşayar,


Zarafatcıl Babasan, get yaşa təlxək yerinə.

21 oktyabr 1997, Bakı.

Yoxsul üz üstündə gedir

El acından qırılır, dava miz üstündə gedir,


Hərə, bir yana çəkir, yoxsul üz üstündə gedir.

Neçə ildir seçirik, göz daha seçmir, kor olub,


Kor olanlar da ki, əvvəlki iz üstündə gedir.

Nə yazırsan, gözüm üstə, ver onu nəşr eləyim,


Gözüm üstə deyirəm, çünki göz üstündə gedir.

O qədər vədi şirindir ki, tutulmuş şəkərə,


İşinin xatirinə halva söz üstündə gedir.

Palan üstündə olanlar seçib öz seçdiyini


Palan altında qalanlarsa biz üstündə gedir.

Afiristlər özünü güclü fiqur saydıqca,


Füquristlər çoxalır, «qonka» buz üstündə gedir.

Özü dəyməz qəpiyə, qul bazarından qul alır,


«Aparat» zənginə əmma ki, diz üstündə gedir.

O bir Allahın adından biri pünhandı bizə,


Zamanın Sahibinini ismi yüz üstündə gedir.

Payızın şimşəyi Pünhanda çaxar, tufan olar,


Hələ pünhan buludum göy dəniz üstündə gedir.

Bü mücərrəd qurumun keçmişi üç nöqtə olub,


Biri bir nöqtə olubsa, beşi üç nöqtə olub.

Neçə yol baş dəyişib, şapka həmən şapka qalıb,


Papağı şapkalanan çox kişi üç nöqtə olub.

Qarabağ taleyini Bermuda oxşar eləyən,


O səbəbdir ki, onun keçmişi üç nöqtə olub.

Başı yoxdursa da baş qoşmağa məcbur olunub Keçmişi üç nöqtə olub...

,
Verilən əmrə görə təftişi üç nöqtə olub.

O zamandan ki, dönüb qarğışa dillərdə dua,


Ulu şahlar da əsib, təşvişi üç nöqtə olub.

Zamanın Sahibi Pünhan, yetirincə özünü,


Üzü dönmüş fələyin gərdişi üç nöqtə olub.

12 avqust 1999. Bakı.



Gülsün bu yaltaq dişlərim

Bir zamanlar dağ çəkərdi zənciyə dağ dişlərim


Həm günüm ağ idi onda, həm də ki ağ dişlərim.

Ac günümdün doymuşam, tox günümçün acmışam,


Çeynəmir zəncirdən özgə heç bir ərzaq dişlərim.

Hansı gün ki, sözlərim partlar qəzetdə «bomba» tək,


Bax, həmən gün partlayar həm ağzım, həm çağ dişlərim.

Daxili orqana bizdə «Daxili İşlər» baxır,


Söz ağzından düz çıxanda az qalır sağ dişlərim.

Boş cibimdə ac siçanlar oynayan bir dövrdə,


Tərsliyindəndir işin ancaq kəsir yağ dişlərim.

Az qalıbdır ki, amerkanla dilim ortaq ola,


Böylə getsə, vacib işdir olsun ortaq dişlərim.

Diş dibindən çıxdığın qoymur boşaldım Az.TB


İqtidara istəyir gülsün bu yaltaq dişlərim.

Çox şükürlər lax dişimdən sözlərim lax çıxayır,


Laxladar bir gün yerindən çoxların lax dişlərim.

Min təşəkkürlər ki, Pərviznən, Riad doxtur mənim


Qoymadı «Qulp»dan görünsün xalqa axmaq dişlərim.

Yağ kəsən dişlər səni qoy etməsin heç arxayın,


Dişləyər , Pünhana kim göstərsə  barmaq, dişlərim.

6 sentyabr 1999. Bakı.



Yüklə 234,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin