DÜnyani xeyirxahliq xilas edəCƏK



Yüklə 94,19 Kb.
tarix18.03.2017
ölçüsü94,19 Kb.
#11848

DÜNYANI XEYİRXAHLIQ XİLAS EDƏCƏK

Respublikanın baş psixiatrı Ağabəy Sultanov belə hesab edir

NAİLƏ, GÜLDİYAR



Biz çox mürəkkəb və stresli zəmanədə yaşayırıq desək, yəqin ki, çoxlarınız bizimlə razılaşacaqsınız. Baş verən bütün hadisələr insan həyatında öz izini qoyur. Qadınlar həssas olduqlarından hadisələri daha həyəcanla keçirirlər. Əfsuslar olsun ki, qadınlar yaxın adamları, ailə üzvləri tərəfindən də əzaba məruz qalırlar və nəticədə depressiya, nevroz halları daha tez-tez müşahidə edilir.
Müsahibimiz Azərbaycanın baş psixiatrı, əməkdar elm xadimi professor Ağabəy Sultanov qadın və kişi münasibətlərindən, həmçinin ailədə yaşanan problemlərdən söhbət açır.
Ağabəy Sultanov deyir ki, hər dəfə qadınlardan, qadın problemlərindən söhbət gedəndə o, ilk növbədə özünə "Qadınlar kimdir?" sualını verir. Əlbəttə, qadın sözün həqiqi mənasında həyatımızı bəzəyən ana, bacı və həyat yoldaşıdır. Onun sözlərinə görə, kişi və qadın harmonik dünyada yaşamalı və gender balansı daim qorunmalıdır. Professor deyir ki, eynicinsli mühit o qədər də keyfiyyətli hesab edilmir. O mənada ki, yalnız qadınların çalışdığı kollektivdə onlar özlərinə az diqqət yetirir, yaxşı görünməyə can atmırlar. Eyni sözləri sırf kişilərdən ibarət olan kollektivə də şamil etmək olar. Belə kişilər nadir hallarda üzünü təraş edir, səliqəsiz geyinir, danışarkən ədəbsiz ifadələr işlədir və s. Bütün bu deyilənlərdən nəticə çıxarmaq olar ki, təbiət qadın və kişini bir-birinə dəstək vermək üçün yaradıb.
Özünü "sovet uşağı" adlandıran professor deyir ki, həmin illərdə insanlara ölkədə narkomaniya, psixi xəstəliklər, seksual azlıqlar və zorakılığın olmaması fikrini aşılayırdılar. Əlbəttə, o illərdə də ailədaxili zorakılıq faktlarına az rast gəlinirdi. Bu gün üzləşdiyimiz hallar isə bir neçə il əvvəl etiraf edilib. Bu gün Azərbaycandakı vəziyyəti nəzərə alıb demək olar ki, baş verənlərdən ən çox qadınlar əzziyyət çəkirlər. Qadın orqanizmi çox güclüdür, eyni zamanda, çox həssasdır. Qadınlar kişilərdən fərqli olaraq həyatın çətinliklərini ağrılı keçirirlər və onların orqanizmi stresə əsəb gərginliyi və nevrozla cavab verir.
Professor qeyd etdi ki, son illərdə ölkədə nevrozların sayı artıb. Dahi Freyd deyirdi ki, nevroz orqanizmin cavabsız emosiyalara reaksiyasıdır. Qadınlarda nevroz halları daha çox qeyri-sağlam ailə münasibətləri nəticəsində yaranır. Sirr deyil ki, qadınların işə düzəlməsi çətindir. İşə götürənlər hesab edirlər ki, qadınların ailə və ya uşaqlarla bağlı problemləri meydana çıxa bilər ki, bu da iş prosesini ləngidə bilər. Psixiatr hesab edir ki, yüksəkmaaşlı iş yerlərinə düzəlməyin çətinləşməsi, ağır maddi vəziyyət qadınları nevroza gətirib çıxarıb.
Müsahibim qadın və kişinin bərabərliyi barədə fikri qəbul edir, amma hesab edir ki, onlar təbiətən eyni deyillər. Çox təəssüf ki, bəzi qadınlar bunu siqaret çəkmək, spirtli içkilərdən istifadə etmək və mentalitetə xas olmayan bəzi hərəkət və addımlar atmaq kimi başa düşürlər. Təbiətən qadın ailənin emosional lideri, kişilər isə düşünən beynidir. Bu balans yüksək mədəniyyətə malik ailələrdə uğurla qorunur. Belə ailələrdə zorakılıq mövcud deyil. İnsanın daxili mədəniyyətinin aşağı olduğu ailələrdə zorakılıq hallarına daha çox rast gəlinir.
Professor deyir ki, bu yaxınlarda bir qadın ona şikayətlə müraciət edib. Deyib ki, həyat yoldaşı onu tez-tez döyür və zərbələri başına endirir. Digər bir şikayətçi - dörd qız anası - oğlan doğa bilmədiyinə görə əri tərəfindən zorakılığa məruz qaldığını söyləyib. A.Sultanov hesab edir ki, dil insanlara danışmaq və yaranan anlaşılmazlıqlara aydınlıq gətirmək, müzakirələr aparmaq üçün verilib. Əgər kimsə qarşısındakına əl qaldırmaqla məsələni həll edirsə, o, avtomatik olaraq vəhşi heyvan səviyyəsinə düşür. Bu, professorun fikrincə, artıq zorakılıq deyil, vəhşilikdir. Çox təəssüf ki, bu vəhşilik bir çox ailələrdə ənənəyə çevrilir. Hətta qadınlarda bu faktın müntəzəmliyi "yoluxucu xəstəliy"ə çevrilir. O özünə təsəlli üçün "Nə olsun döyür, hansı ailədə döymürlər ki?.." fikrini aşılayır.
Bu gün qadın və kişi arasında yaranan münaqişələrin kökündə şəxsiyyətlərin anlaşmaması amili dayanır. Müsahbim bunu müasir həyatda sevginin azalması ilə əlaqələndirir. Çünki müasir insanlar maddi imkanı mənəvi dəyərlərdən üstün tuturlar. A.Sultanov "Müasir gənclər arasında Romeo və Cülyetta, ya da Leyli və Məcnunu görmək qeyri-mümkündür", - deyir. Professora görə, ailəni məhəbbətsiz, psixoloji uyğunluq olmadan qurmaq mümkün deyil. Nikaha daxil olan gənclər ailənin məsuliyyətini xırdalığına qədər dərk etməlidirlər.
Təəssüf ki, gələcək həyat yoldaşı ilə rastlaşanda onun ailə həyatında necə tərəfdaş olacağını təyin etmək həmişə mümkün olmur. A.Sultanov vəziyyətdən çıxış yolu kimi mülki nikahı təklif edir. Qeyd edir ki, bu təcrübə dünyanın bütün mədəni ölkələrində uğurlu hesab edilir. Uşaq olmadan bir müddət birlikdə yaşamaq mümkündür. Əlbəttə, bizim mentalitetimizlə bu təcrübəni reallaşdırmaq çətindir. Amma heç olmasa nikaha daxil olan gənclər bir-birlərini yaxından tanısınlar. Biz isə qeyd etmək istərdik ki, bizim mentalitetimizi nəzərə alaraq bu təcrübə arzuolunmaz nəticələr verə bilər. Məsələn, gənc qız mülki nikaha daxil oldu və münasibətlər uğursuz oldu. Növbəti cəhd də uğurla nəticələnmədi. Belə "gəlin"lə ailə qurmaq arzusunda olanlar çoxmu olacaq? Milli mədəniyyətimizin diktə etdiyi şərtlərə görə, iki dəfə ailə qurub boşanmaq bir dəfə mülki nikahda olmaqdan yaxşı hesab edilir. Yəni mülki nikahın həm müsbət, həm də mənfi məqamları var.
Professor alçaldıcı əmlak bölüşdürmək prosesini yaşamamaq üçün nikah müqaviləsinin imzalanmasını məsləhət görür. Müsahibimiz ailədaxili münaqişələrə valideynlərin müdaxiləsini və ədalətsiz olaraq hərənin öz övladını müdafiə etməsini arzuolunmaz hal kimi qiymətləndirir. "Demirəm ki valideynlər belə məqamlarda kənarda qalmalıdır, xeyr, sadəcə, onlar övladlarına müdrik və ədalətli yol göstərməlidirlər. Onları boşanmadan çəkindirməli və ailənin dağılmamasına çalışmalıdırlar". Professoru narahat edən ən ağrılı problemlərdən biri də valideynlərdən birinin olmadığı ailələrdə tərbiyə olunan uşaqlardır. Biz bu barədə buraxılışımızın növbəti saylarında danışacağıq.
A.Sultanovun sözlərinə görə, qadınlarda nevrozun baş verməsinin başqa bir səbəbi də əri ilə yaşadığı seksual anlaşılmazlıqdır. Sirr deyil ki, bizim qadınlar bu problemlərini kiminləsə bölüşmək istəmirlər. Etirazının həyat yoldaşı tərəfindən düzgün anlaşılmayacağından qorxan qadın susmağa üstünlük verir. Əgər qadın intim həyatında nəyisə dəyişmək qərarına gəlsə, qarşı tərəfin qısqanc sualları ilə üzləşəcək. Professor hesab edir ki, müasir kişilərin həyat yoldaşlarına olan patoloji qısqanclığı zorakılıq faktorunun yaranması amillərindən biridir. A.Sultanov qarşı tərəfin bu reaksiyasını qadınların fəallığı - özlərinə diqqət yetirmələri, müstəqilliyə can atmaları və karyera baxımından uğur qazanmaları ilə əsaslandırır. Kişiləri qıcıqlandıran qadınların maddi cəhətdən onlardan asılı olmamasıdır.
Freyddən sitat gətirən müsahibimiz deyir: "Dahi Freyd deyirdi ki, məhəbbət - seksual və intellektual həyatın vəhdətidir". A.Sultanov təəssüf edir ki, müasir gənclik ailəni ehtiras üzərində qurur. Sonradan bəlli olur ki, onların birlikdə müzakirə edəcəyi, bölüşə biləcəyi bir şeyləri yoxdur. Ehtiras isə uzunmüddətli deyil.
Bəzən küçədə maraqlı cütlüklərlə rastlaşırıq - gözəl qadın və cəlbedici olmayan kişi və ya əksinə. Bunu görən adamlar həmişə bir-birlərinə sual verirlər: "Görəsən, o bunda və ya bu onda nə tapıb?". Amma bəlli olur ki, bizim anlamımızla xarici görünüşünə görə uyğun gəlməyən bu cütlük bir-birini tamamlayır və çox gözəl həyat yaşayır.
Professor son illər insanların həyat tərzinə çevrilən teleserialların mənfi stereotiplər aşıladığını deyir. Bəzi qadınlar elə belə də deyir ki, "istəyirəm hər şey serialdakı kimi olsun". Onlar unudurlar ki, bu, ssenari əsasında qurulmuş həyatdır, reallıq isə ondan uzaqdır; məsələn: serialda varlı ərəb ilk dəfə görüşdüyü qadına brilyant bilərzik və ya mağaza hədiyyə edir ki, bu da sonuncunun tezliklə inkişaf etməsinə şərait yaradır. Bütün bunları seyr edən bəzi qadınlar sadə mühəndis və ya müəllim ərindən eyni şeylər tələb edir. Bu da istər-istəməz münaqişə ilə nəticələnir.
Kişilər isə, əksinə, məşhur jurnalların üz qabığında gördükləri, dəbdə olan 90-60-90 ölçülərə malik qadın axtarırlar. Bəyəm adi insanlar arasında beləsini tapmaq asandır? Ən pis halda isə kişi öz xanımından bu ideallığı əldə etməyi tələb edir. Professor ailə münasibətlərində belə stereotiplərə əsaslanmağın ziyanlı olduğunu söyləyir.
Xoşagəlməz haldır ki, bu gün səmimi məhəbbət qarşısında sitayiş edənlər, demək olar, yoxdur. İnsanlar var-dövlətə, pula əyilir. "İnsanların üzündəki gülüş də, bir-birlərinə kömək etmək kimi müsbət keyfiyyətlər də, bir sözlə, xeyirxahlıq azalıb". A.Sultanov bunu insanlığın faciəsi adlandırır. Nə vaxtsa rus dratamurqu Dostoyevski "Dünyanı gözəllik xilas edəcək" demişdi. Ağabəy Sultanov deyir ki, əgər dahi dramaturq bizim müasirimiz olsaydı, sözlərində bir qədər təshih edər və deyərdi: "Dünyanı xeyirxahlıq xilas edəcək".






GENDER BƏRABƏRSİZLİYİNDƏN QADINLAR QƏDƏR KİŞİLƏR DƏ ƏZİYYƏT ÇƏKİRLƏR

Professor Rəhman Bədəlovun fikrincə, gender bərabərliyi olmadan demokratiya mümkün deyil

NAİLƏ, GÜLDİYAR



Bizim oxucu üçün yeni olmayan gender mövzusu cəmiyyətdə hələ də birmənalı qarşılanmamaqda davam edir - kimisi buna bütün ömrünü həsr edir, kimisi isə, əksinə, anlayışın özünü qəbul etməkdən imtina edir. Buna baxmayaraq, gender həyatımıza dərin köklər salaraq onun ayrılmaz hissəsini təşkil etməyə başlayıb. Artıq bu gün skeptiklər belə bir həqiqəti qəbul etməlidirlər ki, ictimai-siyasi arenada gender tarazlığı qorunmadan sağlam cəmiyyət yaratmaq qeyri-mümkündür. Halbuki mütəxəssislərin proqnozları həmişə nikbin xarakter daşımır.
Vəziyyəti aydınlaşdırmaq məqsədi ilə İnternyusun gender məsələləri üzrə məsləhətçisi professor Rəhman Bədəlova müraciət etdik. Onun sözlərinə görə, gender mövzusu təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün aktualdır. Əgər biz bütün dünyadan təcrid olunsaydıq, yəqin ki, "gender" anlayışından xəbərsiz olar və onun haqqında belə şəffaf və aydın şəkildə danışa bilməzdik. Ancaq problemin özü bizdə də mövcud olub və mövcud olmaqda davam edir. Əgər onun haqqında danışmasaq, onu müzakirə etməsək, bu problem daxildən bizim münasibətlərimizi daha da gərginləşdirəcək. Gender bərabərliyi sivilizasiyanın labüd nəticəsi kimi necə olursa-olsun, ölkəmizdə sivilizasiyalı xalq formalaşdıracaq bir səviyyəyə çatacaq və bu problemin Azərbaycanda Qərb fondlarından maliyyə axınının dayandırılmasından sonra belə mövcud olacağına yalnız ümid etmək qalır.
Həmsöhbətimizin fikrincə, ölkədə demokratiyanın səviyyəsi nə qədər aşağıdırsa, gender səviyyəsi də bir o qədər aşağıdır və əksinə. Buna görə də Azərbaycanda həm gender tərbiyəsi, həm gender maarifləndirilməsi, həm gender tədqiqatları, həm də KİV-də gender diskussiyaları və s. mövcud olmalıdır.
Qəzetimizə verdiyi müsahibələrdən birində Rəhman Bədəlov feminist inqilabının baş verəcəyini demiş və əlavə etmişdi ki, bu inqilab nisbətən hay-küylü olacaq. Rəhman Bədəlov bu hadisənin Azərbaycanda da ağrısız ötüşməyəcəyini qeyd etmişdi. Çünki uzun müddət təzyiq altında olan qadın birdən-birə ailədə gender balansını bərpa etməyə çalışır, əlbəttə, bu, qışqırıqsız və hay-küysüz mümkün olmur. Onun sözlərinə görə, analoji hadisələr cəmiyyətdə də müşahidə ediləcək və son nəticədə hər kəs günahı qışqırıq və göz yaşına adət etmiş qadınlarda görəcək.
Rəhman Bədəlovun sözlərinə görə, ənənəvi Azərbaycan ailəsi kənar şəxslərə, xüsusən də cəmiyyətə qapalıdır. Əvvəllər qəbul edilmiş qaydalar vardı, yəni bu və ya digər ailədə yaşanan problemi ailənin ağsaqqallarının köməyi ilə həll edirdilər. Bu gün isə, müsahibim hesab edir ki, ailələr öz problemlərini mütəxəssislərlə bölüşməli və onlardan məsləhət almalıdır. R.Bədəlov deyir ki, bu, tərəflər üçün, xüsusilə də kişilər üçün o qədər də asan olmayacaq. Ona görə də mövcud vəziyyəti aradan qaldırmaq üçün qadından başlamaq lazımdır. Müsahibim hesab edir ki, burada ən çətin məqam ailənin seksual yaşamı barədə danışmaqdır. Çünki insanlar ailənin məhz bu yaşayış tərzi barədə bölüşməmək tərbiyəsini alıblar.
R.Bədəlov hesab edir ki, qadınlar ictimaiyyətin rəyini nəzərə almadan, sakitcə öz problemlərini danışmağı öyrənməlidirlər. Həkimə müraciət edərkən, siz bu və ya digər xəstəliyinizi onunla bölüşməkdən utanmırsınız. Çünki yanlış bir söz sizin həyatınızı təhlükə qarşısında qoya bilər. Lakin ailədə psixoloji və seksual xarakterli münaqişələr olanda əksəriyyət bu barədə susmağa üstünlük verir. Freydçilərin müalicə metodlarından biri də odur ki, insan daxili baryerləri aşaraq danışmalıdır. Bununla o problemlərini unudub rahatlıq tapa bilər. Bu mənada Azərbaycan qadınlarının danışması vacibdir. Müsahibim hesab edir ki, bu yolla kişilərə yardım etmək mümkündür.
R.Bədəlov hesab edir ki, göründüyünün əksinə olaraq Azəbaycan kişilərində gender hissiyyatlılıq daha güclüdür. Sadəcə, onlar cəmiyyətin qanunlarına həddən artıq riayət etdiyindən bu barədə bərkdən danışmırlar. Onların əksəriyyəti təkcə məişət işlərində deyil, bütün sahələrdə xanımlarına yardımçı olurlar. Lakin kişi məclislərində hərəkətlərinin əksini danışa bilərlər. Hesab edirlər ki, bu qayğının ətraf tərəfindən aşkar edilməsi onların kişi adına xələl gətirə bilər.
R.Bədəlov Azərbaycan dilindəki "arvad" sözünə də münasibətini bildirdi. Təəssüf etdi ki, indiyədək bu sözün ekvivalenti tapılmayıb. Deyir ki, hətta tanınmış şairlərdən birinə bu işdə ona kömək etməsi üçün müraciət də edib. Lakin onun təklif etdiyi variantlardan heç biri lazım olan mənanı ifadə etməyib. Sonradan o, üzərində işlədiyi filmin - "Qonşumun arvadı" - adını dəyişməli olub və anlayıb ki, ona gəlişigözəl ifadə yox, sadəcə, normal söz lazımdır. Azərbaycanda qəbul edilmiş "həyat yoldaşım" və ya "arvadım" kəlməsini müsahibim sadəcə, qadınlara qarşı diskriminasiya kimi qiymətləndirir. R.Bədəlov deyir ki, Azərbaycanda analar haqqında danışanda "ağbirçək ana" kəlməsini işlədirlər. Lakin ana hər şeydən əvvəl xanımdır. Ağbirçək ana isə nənədir. Ətrafından, xüsusən də nəvələrdən ona qarşı hörmət və diqqət tələb edilir. Xanım isə bir qədər başqa anlamdadır. Ona görə də, R.Bədəlov "arvad" sözünün ekvivalentinin tapılmasının vacib olduğunu deyir.
Müsahibimin sözlərinə görə, qadın və kişi arasındakı qarşılıqlı münasibətlər assimmetrik olmalıdır və onlar fərqli və azad olduqlarını dərk etməlidirlər. Hər birimizdə kişi və qadın başlanğıcı var və tərəflər arasındakı bu assimmetriya haqqında çox danışılan harmoniyanı yaradır. R.Bədəlov hesab edir ki, şəraitdən asılı olaraq assimmetriya müxtəlif ola bilər və bu, qadın və kişinin hansısa məqamda yerlərinin dəyişməsi ilə nəticələnə bilər. Professor bu dəyişmədə qorxulu bir şeyin olmadığını deyir. Onun sözlərinə görə, təbiətdə sırf qadın və kişi rolları deyə bir anlayış yoxdur. Bütün bunlar tarixin sonrakı dövrlərində aşılanmış mədəniyyətdir. Müasir cəmiyyətdə bu barədə danışılsa da, heç kəs konkret resept təqdim etmir.
Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda kişilər özləri belə arzu etdikləri üstünlüyü əldə saxlamağa hazır deyillər. Onlar sırf kişi rolunu qəbul etmək istəyir və bununla da məsuliyyətdən qaçırlar. Bu xüsusən də gənclərə aiddir. Bu gənclərin əksəriyyəti valideynlərinin, eləcə də digərlərinin arxasında gizlənməklə mənliyinin necə alçaldığının fərqinə belə varmırlar. Ailə həyatında da "alçaldılmış" şəxs digərlərinə təsir etmək istəyir. Əgər bura kişi stereotiplərini də əlavə etsək, son nəticədə hətta bizim problemsiz hesab etdiyimiz ailələrdə belə qadın üzərində zorakılıq hallarına rast gəlinir. Müsahibimiz hesab edir ki, məhz buna görə, gender tərbiyəsi, tədqiqat və s. problemlər təkcə qadınların deyil, bütün cəmiyyətin ağrılı yeridir.
R.Bədəlov Azərbaycanda gender bərabərliyinin genişlənməsini demokratiyanın inkişaf ehtiyatı kimi qiymətləndirir. O hesab edir ki, ölkədə demokratiyanın səviyyəsi nə qədər aşağı olarsa, bir o qədər də gender bərabərsizliyi, xüsusilə də yoxsulluq hallarına rast gəlinəcək. Müsahibimiz hesab edir ki, məhz yoxsulluq halları gender bərabərsizliyinə gətirib çıxaran amillərdəndir. Ona görə də, "Azərbaycanda gender qadınlardan başlayır" deyən R.Bədəlov onları daha fəal olmağa, öz hüquqları uğrunda mübarizə aparmağa çağırır.
R.Bədəlov Azərbaycanda feminist inqilabını dəstəkləmədiyini deyir (biz də onun bu fikirlərinə qoşuluruq). Lakin qadınlar öz resursları hesabına cəmiyyətə müdaxilə edə bilərlər. Bunun üçün bərabər siyasi və iqtisadi imkanlar olmalıdır. Artıq anlamaq lazımdır ki, gender bərabərliyinin itirilməsindən bütün cəmiyyət - qadınlar və kişilər eyni dərəcədə əziyyət çəkir.


GENDER LÜĞƏTİ

Hörmətli oxucular, sizin diqqətinizə yeni "Gender lüğəti" rubrikasını təqdim edirik. Burada siz müasir gender leksikonunda istifadə olunan əsas terminlərin açıqlamaları ilə tanış ola bilərsiniz. Ümid edirik ki, bu, gender məsələsinə sizin marağınızı artırar və bu müasir elmin yayılmasına yardımçı olar.


Gender (ingiliscədən gender - cinsin qrammatik kateqoriyası) - bu termin biologiya və fiziologiya elmlərindən sosiologiya, politologiya, etnoqrafiya, mədəniyyətşünaslıq kimi elmlərə sirayət etmişdir. Gender cinsin sosial xarakteristikası olaraq kişi və qadınlar arasında bərabərliyin müasir ideologiyasıdır. Sosial cins - sosial konstruksiya olaraq qadın və kişi arasında, cəmiyyət tərəfindən müəyyən olunmuş və ya həyata keçirilən, funksional, özünü aparmaq qaydası, mental və ya emosional fərqi əks etdirən amildir. Elmdə çoxdan qəbul olunmuş maskulin (kişilər üçün) və femin (qadınlar üçün) stereotiplər mövcuddur. "Qadın" və "kişi" haqqında olan bu stereotiplər cinsi funksional çərçivəyə salan çətin xarakteristikalar yaradır.
Gender - özündə psixologiya, sosiologiya və antropologiyanı cəmləşdirən elmdir. İctimai həyatın, ictimai düşüncənin gender ekspertizası eyni zamanda hər bir fərdin və ya sosiumun vətəndaş şüurunun fomalaşması və inkişafına yardımçı olur.

"Gender asimmetriyası" - həyatın müxtəlif sahələrində (siyasət, iqtisadiyyat, təhsil və s.) qadınlar və kişilərin qeyri-bərabər təmsil olunması; məsələn: kişilərlə müqayisədə qadınlar aparıcı siyasi və iqtisadi vəzifələrə təyin olunmur, iri biznes və bank sferasında isə onlar nadir hallarda irəli çəkilirlər ki, bu da gender asimmetriyasının göstəricisidir. Qeyri-bərabərliyin (asimmetriya) göstəricisi həmçinin peşəkar sferadır. Yalnız qadınların çalışdığı peşələr (müəllim, həkim və s.) haqqında təsəvvür formalaşıb ki, bu da öz növbəsində peşəkar seqreqasiyaya (ayırma) səbəb olur. "Gender asimmetriyası" - maskulin ideologiyasının bariz nümunəsi olub, qadınların ana, arvad, nənə funksiyaları ilə məhdudlaşması deməkdir. Gender asimmetriyası gizli və ya açıq şəkildə qadın və kişilərin diskriminasiyası ilə əlaqəlidir.

"Şüşə tavan" - qadının ictimai uğuruna mane olan, peşəsində müvəffəqiyyət əldə etməsinə əngəl yaradan ziddiyyətlərin cəmidir. Gender stereotipləri, gender asimmetriyası və qadınların çoxəsrlik diskriminasiyası təcrübəsi qadınların özlərini tam realizə etmək imkanlarına mane olur. Siyasət və iqtisadiyyatda qadınlar rəhbər yox, daha çox icra aləti olur. Bununla belə, onların liderlik qabiliyyəti, səriştəsi, təcrübə və vərdişləri heç də kişilərinkindən az deyil. Bəzən qadınlar cəmiyyət tərəfindən onlara verilə biləcək qiymətdən qorxaraq özləri-özlərinə maneələr yaradırlar. Gender senzurası - "şüşə tavan"ı yaradan amillərdən biridir.

"Seksizm" (latın sözü sexus - cins) - insanların cinsi əlamətlərinə görə ideoloji və praktiki diskriminasiyasıdır. Bu termin 1960-cı illərdə ABŞ-da yaranıb. Burada bir cinsin digəri üzərində üstünlüyünü əks etdirən sosial stereotiplər, baxışlar və düşüncələr bir araya gəlir ki, bu da gender qeyri-bərabərliyi üçün zəmin yaradır. İdeoloji funksiyasına görə seksizm rasizmlə (etnik əlamətlərə görə diskriminasiya) analojidir. Seksizmin "kişi şovinizmi" adlı formasının daha çox yayılmasına baxmayaraq, "qadın şovinizmi" termini də mövcuddur.


Seksizmin mənbəyi konkret sosial şərait və mədəni normalar çərçivəsində yaranmış cinsi müxtəlifliyin mütləqləşdirilməsi və biologizasiyalaşdırılmasıdır. Seksizm kişi dominantlığını adi hal kimi qəbul edir. Bu ideologiya insan haqlarının pozulması ilə yaranır, qadınları alçaldır, onları əlverişsiz şəraitə salır. Kişi və qadınların rolu haqqında ənənəvi patriarxal təsəvvür uşaqlıqdan insanın sosiallaşması prosesinə təkan verir, onda müəyyən tərbiyə modelinin, adətən stereotip modelin formalaşmasına, yəni qadın - mətbəxdə, kişi isə - işdə təsəvvürünü yaradır.
Seksizmin əsas funksiyası - cinsin real stereotiplərinin qəbul edilməsi və gender qeyri-bərabərliyinin legitimləşdirilməsidir. Eyni zamanda, trafikinq kimi aktual sosial problemin qanuniləşdirilməsi baş verir. Qadın obrazı adətən reklam məhsulunda istismar edilir. Qadın daha ucuz alınması üçün müştərilərə, satıcılara isə mümkün qədər baha satmağa təklif edilən bir əşya, qul, ticarət vahidi, "mal" kimi təqdim olunur.
Hərbi xidmətə kişilərin məcburi çağırışı seksizmin bariz nümunəsidir. Seksist meyllilik dildə də özünü büruzə verir; məsələn: "əsl kişi", "əsl qadın" və ya "kişi və ya qadın işi" və s. Gender stereotipləri bəzi KİV-də geniş yayılaraq ideal surətlər, yaxşı (pis) qadın və kişi obrazlarında daha qabarıq əks olunur. "Qadına pərəstiş", daha dəqiq - "anaya pərəstiş" qədimdən mövcud olan anlayışdır və əsasən qadınların bioloji funksiyaları ilə bağlıdr. Bu gün sekstik təsəvvürlərin dəyişməsinə baxmayaraq, yenidən qadın nümunəvi ana, uğurlu siyasətçi və ya iş adamının "ikinci yarısı kimi" təqdim olunur.
P.S. Rubrikanın hazırlanmasında İa Merkviladzenin "Gender terminlərinin qısa lüğəti"ndən istifadə olunub.






"HƏMİŞƏ" VƏ "HEÇ VAXT" SÖZLƏRİNİ İŞLƏTMƏYİN

"Femina"dan psixoloq məsləhətləri

Əziz oxucular, "Femina" əlavəsində "Poçt qutusu" rubrikasına sizi maraqlandıran suallarla müraciət edə bilərsiniz (aylu@azeronline.com).


Bizim psixoloqlar problemlərinizin həll olunmasına kömək edəcəklər. Sizin suallarınızı Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin psixoloqu Gülarə Hüseynbalayeva cavablandıracaq.

"Femina"ya çox vaxt aşağıdakı məsələ ilə əlaqədar müraciət edirlər. Ailəli qadınlar özləri və uşaqları ilə aralarında sərhəd-pərdə qoyaraq evdə daha müstəqil münasibətlərə girə bilmirlər. Bunun nəticəsində ailədə soyuqluq yaranır. Bu cür problemin mənbəyi ailədə olan qeyri-normal münasibətlərdir. Azərbaycan ailələrində olan bu münasibətlər çox vaxt qadının vəzifəsini alçaldır, onu ancaq ev işlərini görən və dayəlik edən şəxsə çevirir. Qadınlarımız ailə qurarkən bütün evin yükünü öz üzərinə götürərək kişiləri evin problemlərindən uzaqlaşdırırlar. Bu da gələcəkdə kişidə avtoritarlığı artırır. Kişini tamam ailədən soyutduqdan sonra qadınlar iztirab çəkir, bunun həlli yollarını axtarırlar. Tapmadıqda çarəsini boşanmada tapırlar.


Qadın ailə qurarkən çalışmalıdır ki, əri ilə öz problemləri haqqında danışsın, ev işlərini görməkdə ondan kömək istəsin. Qarşılıqlı səmimi münasibət qurduqda bu kimi problemlər əmələ gəlməz. Əlbəttə, bəzi kişilər bundan yan keçməyə çalışaraq "mən kişiyəm", "mən səni dolandırıram", "evə qadın baxmalıdır" kimi sözlərlə problemi öz boyunlarından atmağa çalışırlar. Qadın münasibətləri elə qurmalıdır ki, kişi evdə lazımlı adam olduğunu hiss etsin. Yeri gəldikdə birlikdə ev və uşaqların problemlərini həll etməyə çalışmalı, atanın evdə böyük rol oynaması hiss etdirilməlidir.
Ümumiyyətlə, bu kimi problemləri olan qadınlar bundan sonra ailədə səmimiyyəti bərpa, kişini ailənin problemləri ilə tanış etməlidirlər. Uşaqlar ataları ilə səmimi söhbətə cəlb olunmalıdırlar. Günün mümkün saatlarında birlikdə olmağa çalışmalıdırlar.

"Femina"ya müraciət edilən məsələlərdən biri də uşaqlıqda aldığı psixolji zədə ilə əlaqədar əks cinsə qarşı ikrah hissləri ilə bağlıdır.


Belə hallar əsasən ailədə uşaq vaxtı aldığı psixoloji zədə nəticəsində baş verir. Ata ananı uşaqlarının gözü qabağında alçaldır, onu təhqir edir. Gələcəkdə uşaqlar qarşı cinslə münasibətlərə girdikdə əziyyət çəkirlər. Onlarda ikrah hissləri oyanır, inam hissi ölür, qarşı tərəfi günahlandırırlar. Bu cür uşaqlar gələcəkdə ailə qurduqda çox vaxt özlərində inamsızlıq hiss edir, münasibətlər qura bilmir, hətta tezliklə boşanma ilə üzləşirlər. Belə halların qarşısını almaq üçün valideynlər öz problemlərini uşaqların gözü qabağında həll etməməlidirlər.
Ümumiyyətlə, bu sahədə baş verən psixoloji gərginliyin səbəbi uşaqlıqda alınan psixoloji zədədir. Bunun qarşısını almaq üçün gərək ilk növbədə valideynlərinin obrazını, onların etdikləri səhvləri beyinlərində canlandırsınlar. Yaxşı və müsbət cəhətləri, problemin nədə olduğunu araşdırsınlar. Sonra isə yeni qurduqları həyatı, ailəni göz önündən keçirsinlər. Bu problemin nədən başladığını, ona necə təsir etdiyini, problemi yaşayarkən hansı hissləri keçirdiyini müəyyən etsinlər. Həyat yoldaşının ona münasibətini müəyyənləşdirsinlər. Bir müddət intim münasibətlər qurmayaraq həyatda mövqelərini müəyyənləşdirsinlər. Yenidən münasibətlərə girdikdə keçmiş psixoloji gərginliyi unutmağa çalışsınlar.

"Femina"ya müraciət edilən məsələlərdən bəziləri də ailədə söz-söhbət, ər-arvad münasibətlərinin pozulması, gündəlik münaqişələr və digər bu kimi problemlərlə bağlıdır. Bir çox ailələrdə ər-arvad arasında olan münaqişələr qadınlarımızı narahat edir, onların həlli yollarını axtarır, tapmadıqda depressiyaya qapılır, bunun həlli yolunu ancaq ailənin dağılmasında görürlər.


Hər bir ailədə söz-söhbət mövcud olur. Onlar məişət, iş, dünyagörüşlə bağlı ola bilər. Bu münaqişələri aradan qaldırmaq və ya onları sakitləşdirmək üçün aşağıdakılara əməl etmək məsləhət görülür:
- problemdən kənara çıxmayın. Problem dairəsində söhbət edin. Məsələn, "dünən də stolun sınığına fikir verməmisən. Bu gün isə kranın dəstəyi xarab olub. Yenə də heç nə etmirsən"...
- şəxsi keyfiyyətləri sadalamağa keçməyin. Onun mənfi cəhətlərini üzünə deməyin. Bu, böyük qalmaqaldan başqa heç nə verməz.
- üçüncü şəxsi söhbətə qatmayın. Məsələn, "Sənin anan deyirdi ki, atan da belə idi. Əlini ev işlərinə vurmazdı"...
- "Həmişə" və "heç vaxt" sözlərini işlətməyin: "sən həmişə beləsən, mənə heç vaxt qulaq asmırsan". Axı o sizi görür, eşidir.
- səsinizin tonunu azaldın. Nə qədər bərkdən danışsanız, bir o qədər problemin həllinə çata bilməyəcəksiniz.
- özünüzdən çıxmayın, onu da qoymayın özündən çıxsın. Onun danışığına əks-səda ilə cavab verin. Kompromisdən qorxmayın. Bu kimi qaydalara riayət etsəniz, tezliklə razılığa gələcəksiniz. Bununla sağlamlığınızı da qoruyacaqsınız. Hər bir münaqişənin arxasında məhəbbət durur. Nifrət məhəbbətdən doğur.

Tez-tez müraciət edilən məsələlərdən biri də yaxınları tərəfindən müstəqilliyin alınması, özünə inam hissinin öldürülməsi, başqalarından asılı olmaq və s. problemlərdir. Bu cür hallara bizim cəmiyyətdə daha tez-tez rast gəlinir. Nəinki dostlar arasında, həmçinin ailədə də bu cür problemlərlə rastlaşmaq olur. Bir çox hallarda şəxsin yaxın adamları onların fikri ilə razılaşmır, özlərinin fikirlərini daha üstün sayaraq başqalarını saymırlar.


Bu hallar insanlara pis təsir edərək, onlarda zövq, rəy, fikrin inkişafına mane olur. Müstəqil yaşamağa imkan vermir, öz fikirlərinin olmamasına gətirib çıxarır.
Belə hallar baş verərsə, ilk növbədə həmin insanlara məsləhət ondan ibarət olardı ki, yaxın adamlara müraciət edərək onlardan məsləhət alarkən dinləsinlər. Lakin öz fikirlərinə uyğun hərəkət etsinlər. İlk dövrlərdə bu, çətin olacaq. Lakin sonralar onların da fikirləri ilə razılaşdıqlarının şahidi olacaqlar. Hər hansı bir işi gördükdə müstəqil hərəkət etsinlər. Bunu adi paltar almaqdan başlayaraq sonralar daha ciddi qərarların çıxarılmasına yönəltmək lazımdır. Yaxınlarının etirazlarına qulaq asaraq özləri üçün mənfəət əldə etsinlər.






"İNSANLARIN YARATMAQ İSTƏDİKLƏRİ HARMONİYANI ULU TANRI ÇOXDAN YARADIB"

Milli Məclisin deputatı Rəbiyyət Aslanova qadın hüquqlarının məhdudlaşdırılmasını cəmiyyətdə bu harmoniyanın pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirir

N.İSMAYILOVA, G.ƏSƏDOVA



Milli Məclisdə çıxışları, qəzet səhifələrində müsahibələrinin kəskinliyi ilə seçilən millət vəkili Rəbiyyət Aslanova əslində sadə, səmimi və təvazökar xanımdır. Görünür, elə bu səbəbdən də əldə etdiyi uğurlarda qeyri-adi heç nə axtarmır. Ləyaqətli ömür yaşamağı hər şeydən uca bilən bu insanın üstünlüyü onun mənəvi kamilliyindən, dünyanı dərk etmək imkanlarının genişliyindəndir. Maraqlı həyat fəlsəfəsi var. Maneələri dəf etməkdən zövq alır, ən çətin könül küskünlüyü zamanı belə ümidini itirmir, hər dəfə özünütəsdiq imkanı qazananda Ulu Tanrıya minnətdarlıq edir. Bu, bəlkə də seçdiyi sənətin özünəməxsusluğundan irəli gəlir.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tələbəsi olan müsahibim təhsil aldığı tarix fakültəsinin adlı təqaüdçülərindən olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Elmi Şuranın qərarı ilə bu ali təhsil ocağında elmi-pedoqoji fəaliyyətə başlayıb. Artıq 31 ildir BDU-da dərs deyir. Fəlsəfə elmləri doktorudur.
İstər gənclik illərində, istərsə bu gün hər hansı bir haqsızlıqla barışa bilməyən bu xanımın Vətəndaş hüquqlarını Müdafiə Fondunun sədri olması da, görünür, təsadüfi deyil.
Daha sonra cəmiyyətdə öz mövqeyini ortaya qoymaq bacarığı, cəmiyyətdaxili proseslərə müdaxilə imkanlarını sınamaq istəyi onu aktiv fəaliyyətə sövq edib. Bu inamla 2000-ci ildə Balakən rayonundan deputatlığa namizədliyini irəli sürüb və rayon əhalisinin etimadını qazanaraq millət vəkili seçilib.
Hazırda Parlamentdə İnsan Hüquqları daimi komissiyasının sədr müavini kimi çalışan Rəbiyyət Aslanova təvazökarlıq edərək "Hər bir Azərbaycan vətəndaşının, Azərbaycan qadınının qazana biləcəyi uğurlardır. İstək, iradə, qətiyyət və Talenin şansı olarsa!".
Elmi fəaliyyətdəki uğurlarından söz salırıq. Yenə söhbəti özündən uzaqlaşdırır: "Siz Azərbaycan cəmiyyətinə baxın! Zəngin mənəviyyata, yüksək zəkaya, təşkilatçılıq qabiliyyətinə, elmi potensiala malik nə qədər güclü, gözəl qadınlarımız var. Hər biri bu məmləkətə şərəf gətirən xanımlardır. Sadəcə, çoxları ictimai fəaliyyətə önəm vermədikləri üçün cəmiyyətdə geniş tanınmır. Bu, onların öz seçimləridir. Hər seçimə isə hörmətlə yanaşmaq lazımdır. Sakit, mənəvi rahatlıq içərisində layiqli övladlar böyütmüş Ana ən uğurlu siyasətçidən də yüksəkdir. Çünki onun yaratdığı durum, mühit, siyasətdəki təlatümlərdən azaddır".
Ümumilikdə, müsahibimiz həyati məqsədləri dəqiq müəyyən etmiş, gerçəklik hissini itirməyən insan təsiri bağışlayır. Dediyi sözlər, fikirlər bunu təsdiq edir.
Öz varlığından zövq alaraq yaşamağın sirrini isə Taleyə, qismətə inamda görən millət vəkili hər bir kəsin fəaliyyəti ilə yanaşı, sona qədər dərk edilməyən bir qüvvənin iradəsinə tabe olduğunu da etiraf edir. Bu qüvvəyə qarşı çıxmağı, üsyan etməyi isə boş cəhd sayır: "Tale insanı müəmmalı ömür yolu ilə aparır. Taleyə ram olanların əlindən tutur, ona qarşı çıxanların saçından sürüyür. Bu yol əvvəl-axır keçilməlidir. Hərə öz seçimini özü edir".
Müsahibə ərzində bu qadının kimliyini anlamağa çalışırıq. Kövrək duyğulu, üç övlad anası, mənəvi dəyərləri uca tutan qadın. Milli qanunvericiliyimizin təkmilləşməsinə tövhəsini verən millət vəkili, beynəlxalq təşkilatlarda qətiyyətli çıxışları ilə seçilən siyasətçi, maraqlı elmi monoqrafiyaların müəllifi, tələbələrin sevdiyi müəllim, hər hansı ədalətsizliklə barışmayan qiyamçı ruhlu insan (3-cü səhifə) təhsilli bir insan.
Azərbaycan gerçəkliyində siyasətdəki qadın obrazını düşünərkən bu xüsusiyyətlərimi əsas götürürük? Uzun illərdir bu obraz formalaşmır. Nədənsə siyasətlə məşğul olan qadınlardan danışarkən ya uzaq keçmişə müraciət edirik, ya da qonşu ölkələrə, hətta böyük qürurla digər ölkələrin siyasətçi qadınlarının varlığına arxalanırıq. Bəs özümüz? Bu gün Azərbaycanın siyasi arenasında fəal rol oynayan qadınlar varmı? Onları biz dəstəkləyirikmi? Azərbaycanda kifayət qədər güclü olan qadın hərəkatı bu gün nə üçün qadınların hüquqlarının daha cəsarətlə, qətiyyətlə qorunması üçün dayağa çevrilməsin?! Bizi maraqlandıran suallar çox olsa da, yalnız bir neçəsini cavablandırmaq üçün müsahibimizə müraciət edirik.
Görəsən, qadınların siyasətdə və ictimai həyatda rolu, mövcud gerçəklik Rəbiyyət Aslanovanı qane edirmi?
Qloballaşan, yeniləşən dünyada dövlətlər, millətlər, xalqlar, insanlar arasında yeni münasibətlərin şahidiyik. Düşüncə tərzlərinin müxtəlifliyinin heç zaman dəyişməyəcəyinə inandığımız kişi və qadın münasibətlərində də yeni era başlanır. Bu gün Güc və Gücsüzlük müstəvisindən bərabər hüquqlar və bərabər imkanlar prinsipinə əsaslanan münasibətlərə keçid tarixi zərurətə çevrilir. Bu cəmiyyət daxili harmoniyanın əsasıdır. İnsanların yaratmaq istədikləri harmoniyanı Ulu Tanrı çoxdan yaradıb. Bu harmoniyanın birinin digərindən üstünlüyü hesabına pozulması ən ağır nəticələrə gətirib çıxarır.
Özünüifadə bacarığının, özünütəsdiq və özünütəqdim imkanlarının cəmiyyətdə gerçəkləşməsi qadın və kişi problemi deyil, insanın problemidir. Cəmiyyət köhnə düşüncə tərzindən əl çəkərək insana onun layiq olduğu münasibəti bəsləməyi, cinsi ayrı-seçkiliyi dəf edərək peşəkarlığa qiymət verməyi bacarmalıdır.
Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynanılmasında, siyasətdə və dövlət əhəmiyyətli qərarlar qəbul edilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakının təmin edilməsində, gender siyasətinin reallaşmasında vacib şərt olan mükəmməl qanunlarımız mövcuddur. Azərbaycan beynəlxalq hüququn əldə etdiyi ən böyük uğurlardan bəhrələnməyi bacaran bir dövlətdir. Qadın hüquqlarının müdafiəsinə yönəlmiş onlarca beynəlxalq konvensiya ratifikasiya olunub. Böyük öndərimiz H.Əliyevin bu sahədə yürütdüyü siyasət, qadınların dövlət idarəçiliyinə cəlb olunması sahəsində görülən işlər dünyanın ən aparıcı dövlətləri üçün nümunə ola bilər.
Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində ölkəmizi beynəlxalq aləmdə təmsil edən Şərq qadınının, Türk qadınının qüdrətli obrazını qorumağı bacaran qadınlarımız az deyil. Bu qadınlar haqqında əsrlər boyu formalaşmış yanlış, təhrif olunmuş fikirlərin sona qədər dəf olunması üçün Azərbaycan qadınının istər daxili, istərsə də xarici siyasətdə nüfuzunun yüksəldilməsi üçün çox işlər görülməlidir. Şərq qadınının mühafizəkarlığa meylli olması fikri, bu mühafizəkarlığın dini qadağalarla əlaqələndirilməsi ideyası, onların ictimai-siyasi passivliyinin şərq insanının təbiətindən doğması haqqında müddəaların iflasa uğraması şəraitində bizim özümüzü təsdiqimiz üçün daha çox çalışmalıyıq. Bu, gerçəklikdir.
Qərb dünyası intellektual yüksəliş yürüşündə mənəvi sədləri dağıtdığından bu gün mənəvi deqradasiya onun Şərq mədəniyyətinə diqqətini artırır. Mənəvi sərvətlərimizi, dini-əxlaqi dəyərlərimizi intellektual inqilabın dəhşətlərindən qorunub saxlanılmasında, mənəvi potensialın rasional düşüncə mədəniyyəti ilə birləşdirilməsində Şərq qadınının rolu əvəzsizdir. Xalqın mənəvi müqavimət qüvvəsini qoruyan, gücləndirən, gələcəyə translyasiya edən Şərq qadınıdır. Onun mənəvi prinsiplərinə sadiqliyidir. (6-cı səhifə)
Lakin onun bu cəhətlərlə yanaşı, qadına münasibətdə ikili standartlardan yaxa qurtarmaq çox çətindir. Qərbin əldə etdiyi bütün müsbət cəhətləri əxz edərək varlığında Şərq - Qərb sintezini gerçəkləşdirməyi bacaran qadınların bu gün siyasətdə, dövlət idarəçiliyində, özəl sektorda az təmsil olunması məyusluq doğurur. Məsul vəzifələrdə çalışan qadınların sayı isə həddindən artıq azdır. Bu, bütün dünyanı düşündürən məsələdir. Təsadüfi deyil ki, hətta ATƏT Parlament Assambleyasında bu məsələyə önəm verilir. Üzv dövlətlərə gender balansının təmin olunması üçün tövsiyələr verilir. Arzunun imkana çevrilməsi isə çətin məsələdir.
Qarşıdan bələdiyyə, sonra isə 2005-ci ilin parlament seçkiləri gəlir. Əgər 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri 486, 2000-ci ilin parlament seçkilərində 13 qadın xalqın dəstəyinə nail olmuşdusa, bu sayın artması, daha çox qadının ictimai-siyasi fəaliyyətə cəlb olunmasına çalışmalıyıq. Bizim həmrəyliyimiz, bir-birimizə dəstəyimiz, qadın qısqanclığını dəf etmək qabiliyyətimiz bu arzumuzu gerçəkləşdirə bilər.
Bu gün məmləkətimizdə qaçqın ömrü yaşayan, köçkün taleyinin yükünü çəkən qadınlarımız var. Onların problemləri hər birimizin dərdidir. Bu insanların sosial-iqtisadi problemlərini həll etmək üçün geniş dövlət proqramları fəaliyyət göstərir, onların öz torpaqlarına qayıtması üçün ölkə başçısı İlham Əliyev bütün qüvvəsini sərf edir. Bu gün hər birimiz səyimizi bu sahəyə yönəltməliyik. Qadın təşkilatları, ictimai birliklər bu qadınların problemlərinin həllini diqqət mərkəzində saxlamalıdır.
Cəmiyyətdə tənha qadınların, yoldaşları miqrant həyatı yaşayan və övladları tək böyütmək məcburiyyətində olan, işsizlik problemi ilə üzləşən qadınların problemləri də yaddan çıxmamalıdır: "Bir millət vəkili kimi mənə ünvanlanan məktubların əksəriyyəti məhz bu məzmundadır. Təəssüf ki, deputat səlahiyyətləri çərçivəsində mənim həll edə biləcəyim məsələlər çox azdır. Həll edə bilmədiyim problemlər qəlbimdə ağrıya çevrilir. Hesab edirəm ki, hər hansı bir səlahiyyət sahibinin vətəndaşın müraciətinə laqeydliyi yolverilməzdir. Hər bir vətəndaş nə qədər gərəkli olduğunu dərk etməsə, dövlət-vətəndaş münasibətlərinin sabitliyindən söhbət gedə bilməz. Qanunun aliliyini qəbul edən, demokratik islahatlara hazır olan hüquqi, dünyəvi dövlətin əsas amalı ədalətli cəmiyyətin layiqli vətəndaşını formalaşdırmaqdır".
Elmi tədqiqatların müsahibimizin fəaliyyətində mühüm yer tutmasını nəzərə alaraq söhbəti bu istiqamətə yönəltdik.
Qeyd edək ki, müsahibimiz uzun illər İslam dinini, islam fəlsəfəsini tədqiq edir. Əvvəllər marksizm-leninizm fəlsəfəsini tədris edən bir müəllimin bu gün fərqli dünyagörüşü tədris etməsi çətin deyilmi?
"Dəyişən dünyamızda insanın dəyişməməsi qeyri-mümkündür. Düşüncələrin yanlışlığını, etiqad etdiyin təlimlərin iflasa uğramasını, sitayiş etdiyin siyasi bütlərin uçub dağılmasını görmək nə qədər çətindirsə, əbədi həqiqətin təntənəsini görmək bir o qədər xoşdur. Həqiqətə gedən yol məşəqqətli olur. Siyasi sistemin təbiətindən doğan ideoloji təlimlər tarixin sınağından çıxmış həqiqətlərlə rəqabətdə uduzdu. Tarixi yanlışlıqlar dövrünə son qoyuldu. Lakin bu gün yeni ifratlara varmamaq üçün problemlərə tarixilik, müqayisəli-təhlil və obyektivlik baxımından yanaşmalıyıq.
Bu, İslam dininə münasibətə də aiddir. Milli-mənəvi sərvətimiz olan dinimizin qorunması vacibdir. Tarix sübut etdi ki, ən güclü sistemlərin məhvi sosial-mədəni və siyasi-mədəni məkanda yaşayan insanlar üçün ümumi olan mənəvi dəyərlərin deqradasiyaya uğramasının davamı kimi meydana çıxır. İslama münasibət bütün dünyada dəyişməyə başlayır. Biz tədqiqatçıların borcu isə İslam dininə obyektiv münasibətin formalaşmasını təmin etməkdir", - deyə R.Aslanova bildirir.
Müsahibim danışırdı. Hiss edirdik ki, sevdiyi ixtisasın incəliklərini, onu narahat edən elmi problemləri bizə çatdırmaq üçün saatlarla danışa bilər. Lakin ayrılan vaxt başa çatdığından söhbətə son verdi. Son sualımızı cavablandırmağı xahiş etdik. "Qızlarımıza nə arzulayarsınız? Nikah müqaviləsinin bağlanmasına və ailə qurmazdan əvvəl gənclərin səhhəti ilə bağlı arayışın təqdim olunmasına münasibətiniz".
"Qızlarımıza məqsəd aydınlığı, öz qüvvələrinə inam, cəmiyyətdə layiqli yer tutmaq istəyini gerçəkləşdirmək cəsarəti arzulayıram.
Sualın ikinci hissəsinə gəlincə, hesab edirəm ki, olduqca vacib məsələyə cəmiyyət artıq hazırdır. Hər bir gənc bu addımın nə qədər önəmli olmasını və gələcək ailə səadəti üçün vacibliyini dərk etməlidir. Bu, ailədaxili münasibətlərin sabitliyini təmin etmiş olar".
Müsahibimizlə söhbətimiz bitdi. Ancaq onunla yenidən görüşmək, söhbətimizi davam etdirmək istəyimizin bizi yenə Milli Məclisə gətirəcəyinə əmin idik!



Kriminal xronika

Hər dəfə biz öz saylarımızda kriminal xəbərlər dərc edirik. Təəssüf ki, qadınlara qarşı zorakılıq aktları azalmır ki azalmır. Həmişə olduğu kimi, zəriflər əzilir. Bəli, bütün bunları oxumaq son dərəcə ağırdır, lakin məhz bu xronikanı oxuya-oxuya biz reallıqları görə bilirik və bütün bu problemlərin qarşısını almağın necə vacib olduğunu bir daha başa düşürük. Həqiqətən də bütün bu kriminal hadisələrin, haqsızlıqların qarşısını almaq və ya onların sayını azaltmaq məhz bizlərin səylərindən və iradəsindən asılıdır. Gəlin bunu unutmayaq.

Tahir Əzizov hamilə olan həyat yoldaşı Gülər Qədimovanı sonuncuya məxsus olan qızıl əşyaları ələ keçirmək məqsədi ilə qəsdən öldürmək qərarına gəlir. Bu məqsədlə Tahir Masallı rayonuna gəlir, Gülər Qədimovanı aldadaraq avtomaşınla Boradigah qəsəbəsinə gətirir, oradan piyada Təklə kəndinin kimsəsiz meşəlik və kolluq sahəsinə apararaq qəflətən ona həyat və sağlamlıq üçün təhlükəli olan zərbələr endirir. Lakin xoşbəxtlikdən, Gülər zərbələrdən ölmür və vaxtında xəstəxanaya çatdırılır. T.Əzizov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 19 mart tarixli qərarı ilə AR CM-in 29, 120.2.5, 29, 120.2.8, 29, 120.2.11 və 181.3.3 maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu üzrə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Anar Ağayev Faiq Göyüşov, Vüqar Alıyev və İqbal Əliyevlə qabaqcadan əldə olunmuş razılığa əsasən Gülnar Məmmədovanı həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmişə məxsus əl çantasını açıq soyğunçuluq yolu ilə əldə etmişdir. A.Ağayev Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 10 mart tarixli qərarı ilə AR CM-in 180.2.1, 180.2.2, 180.2.4. maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum olunmuşdur.

Qəşəm Qasımov 14 yaşına çatmayan qızı Günel Qasımovaya qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. O, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 15 aprel 2004-cü il tarixli hökmü ilə AR CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Anar Əhmədov nikah qeydiyyatında olduğu həyat yoldaşı Gülçin Qədirovanı mütəmadi olaraq döyməklə yanaşı, bıçaqdan istifadə edib zorakı hərəkətlərə məruz qoyaraq sonuncuya iztirab və güclü fiziki zərbələr yetirməklə işgəncələr vermiş, Gülçini xüsusi amansızlıqla qəsdən bıçaqla vurub öldürmüşdür. A.Əhmədov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 16 yanvar tarixli hökmü ilə AR CM-in 120.2.4 və 133.1-ci maddələri ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.
Hazırladı: Sadiqə Mehdiyeva







QADINLARIN AZADLIĞI ADDIMBAŞI POZULUR

Onlara zorla hicab qaydasının tətbiq edilməsi buna açıq örnəkdir

SƏDRƏDDİN

Cəmiyyətin inkişafında qadınların fəallığının artması həmin sosial mühitin tərəqqisi deməkdir. Bu zərif cinsin savadlı və mədəni olması əhalinin inkişaf səviyyəsinin göstəricisidir. Amma cəmiyyətdəki proseslərdən kənar qaldıqca və ya zorla kənarlaşdırıldıqca bu ölkənin ictimai durumunda eybəcərliklər yaranır. Bu zaman qadınların cəmiyyətin bərabərhüquqlu üzvü olması prinsipi pozulur.


İranın rəsmi statistikasına görə, ölkə əhalisinin 32 milyon 685 min nəfəri qadındır. Bu, ümumi əhalinin 50 faizə yaxınını təşkil edir. Mollakratiyanın 25 illik hakimiyyəti dövründə qadın hüquqları daha çox tapdanır. Qeyd edək ki, İranda qadınların siyasi hüquqları ilk dəfə 1945 - 46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti tərəfindən tanınmışdı. Amma sonrakı dövrlərdə, 60-cı illərə qədər qadınların seçib-seçilmək hüququ yox idi. 60-cı illərdə Məhəmmədrza şah tərəfindən verilmiş fərmanla onların hüququ bərpa olundu. Mövcud hakimiyyətin banisi sayılan ayətulla Xomeyni isə "qadınlardan prezident olmaz" söyləmişdir. Ana Yasada onların kişilərlə bərabərhüquqlu olması təsbit edilsə də, bundan əsər-əlamət belə yoxdur. Bütün geridə qalan ölkələrdə olduğu kimi, İranda da kənd təsərrüfatında çalışanların çoxu qadınlardır. Hakimiyyətin rəsmi statistikasına görə, universitetlərdə fəaliyyət göstərən bütün müəllimlərin 5,7 faizini qadınlar təşkil etdiyi halda, kənd təsərrüfatında məşğul olanların 60 - 70 faizi zərif cinsin nümayəndələrindən ibarətdir.
Son bir neçə ayda qadınlara hicab qaydaları ilə bağlı edilən hücumlar onların "bərabərhüquqluğunun" göstəricisi sayıla bilər. Məsələ ilə bağlı bir neçə informasiyanı diqqətinizə çatdırmaq istərdik.
Müxalif Nehzəti-Azadinin fəallarından olan Fatimə Quvarayi bir müddət öncə İnqilab Məhkəməsinin Tehrandakı 26-cı bölməsinə çağırılıb. Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycan Komitəsinin İLNA xəbər agentliyinə istinadən yaydığı məlumatda bildirilir ki, o, ölkənin milli təhlükəsizliyini pozmaqda, qanunsuz qruplara üzv olmaqda, rejim əleyhinə çıxışlar edərək əhalinin fikrini yayındırmaqda və məhkəmə sisteminə qarşı çıxmaqda ittiham olunur. Xatırladaq ki, 2000-ci ildə Məhəmməd Bəstənigar adlı Nehzəti-Azadi təşkilatı fəalının evində qurum üzvləri yığıncaq keçirmişdilər. O zaman həmin evə hücum olunmuşdu. Təşkilatın buradakı üzvləri tutulmuşdu. F.Quvarayi də onların arasında imiş.
İranın Şahinşəhr şəhərində polis qüvvələri hicab qaydalarını əməl etmədiklərinə görə qadınlara hücum edib. Həmin qadınlar buradakı İrşad adına kitabxanada kitab və qəzet mütaliə edirmiş. O vaxt polis qadınlara "Niyə yaylıq örtməyibsiniz?" - deyərək onları döyməyə çalışıblar. Kitabxanada 100 nəfərdən çox qadın var imiş. Onlar polisə müqavimət göstəriblər. Polis əlavə qüvvə çağırmağa məcbur olub. Həmin qadınların bir hissəsini şəhərin polis məntəqəsinə aparıblar.
Tehrandakı Sosial Təminat İdarəsi rəisinin birinci müavini doktor Seyidhəsən Ələmülhudayi qadın alverinə işarə edərək deyib: "Evlərindən qaçmış qızları tapmaq üçün bizim 24 saat vaxtımız var. Əks halda onlar insan qaçaqmalçılığı ilə məşğul olanlar tərəfindən ələ keçirilirlər". O qızların evdən qaçması səbəbini belə açıqlayıb: "Qızlar evdəki şəraitlə razılaşmadıqlarından ailədən qaçır. Oğlanlarla müqayisədə qızların evdən qaçma hallarına daha tez-tez rast gəlinir. Evdən qaçan qızların orta yaşı 15 - 24-dür. 12 - 13 yaşlılar arasında da bu hala rast gəlmək olur. Bu hadisələr "küçə qadınları"nın sayının artmasına, dəri-zöhrəvi xəstəliklərinin yayılmasına, bunlar isə cəmiyyətdə qadınlara psixoloji cəhətdən mənfi münasibətin yaranmasına səbəb olur. "Küçə qadınlarını" yığışdırmaq bizim vəzifəmiz deyil. Bununla polis məşğul olmalıdır. Onlar da bu işin öhdəsindən gələ bilmirlər". S.Ələmülhudayi belə halların yaranmasının əsas amili kimi bunları göstərib - maddi yoxsulluq, ailə-məişət münasibətlərində uyğunsuzluq, zorla qurulmuş ailələrdə boşanmalar, narkotik maddələrin yayılması, ata-ananın qızlara təzyiqi artırması və s.
İranın Daxili İşlər Nazirliyi Daxili Qoşun Komissiyasının sədri polkovnik Ayazi "Xorasan" qəzetinə verdiyi müsahibədə deyib: "Bizim küçə qadınlarını 48 saat ərzində xiyabanlardan yığışdırmaq imkanımız var. Amma onlara sahib duracaq mərkəz və yer yoxdur".
Başqa bir xəbər isə parlamentdə təmsil olunan qadınların ictimai-siyasi və hüquqi səviyyəsi ilə bağlıdır. Bəlli olduğu kimi, bu il də hakimiyyət öz adamlarını parlamentə yerləşdirə bildi. Onların arasında yuxarıda qeyd etdiyimiz keyfiyyətlərə görə, geri qalan qadın deputatlar var. Güney Azərbaycanın Urmiya şəhərindən seçilmiş deputat Şəhrəbanu Amani elələri haqqında bunu söyləyib: "Təəssüflər olsun ki, 7-ci çağırışın bəzi qadın deputatları çox yersiz, əhəmiyyətsiz və düşüncəsiz təkliflər irəli sürürlər. Onlar belə təklif irəli sürüblər - kişilərin ikinci dəfə evlənməsinə icazə verilsin. Bunu qızların oğlanlara nisbətən çox olması ilə əlaqələndirirlər. Belə təkliflər qadınları aşağılayır və şok vəziyyətinə salır". Ş.Əmani daha sonra həmin həmkarlarını tənqid edərək bildirib: "Onların belə fikirlər söyləməsi onu göstərir ki, 7-ci məclisdə bu qadınlar öz həmcinslərinin hüquqlarını müdafiə etməyə qabil deyillər".
Göstərdiyimz bu misallar baş vermiş hadisələrin cüzi bir hissəsini təşkil edir. Ölkəni yaxından tanıdıqca islam adı altında, hicab qaydalarına əməl etmə diktəsi ilə zərif cinsə edilən təzyiqlər daha genişdir.

Yüklə 94,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin