1.Azərbaycan dili haqqında Azərbaycan dili Azərbaycanda və bir sıra qonşu ölkələrdə əsrlərdən bəri yaşayan azərbaycanlılara ünsiyyət vasitəsi kimi xidmət edən ana dilidir. Azərbaycan dili türk dillər ailəsinin qərb qrupuna mənsub olmaqla , bu qrup daxilində mərkəzi mövqe tutan və geniş nüfuz dairəsinə malik olan bir dildir. Təqribən VII-IX əsrlər arasında ümumxalq dili halında formalaşmışdır. “ümumxalq Azərbaycan dilinin formalaşması III-VII əsrlərdə türk dillərinin dialektləri əsasında baş vermişdir ki, həmin dillərdə danışanlar artıq Azərbaycanın və Zaqafqaziyanın ərazisini bütövlükdə mənimsəmişdilər. Odur ki, Azərbaycan dilinin bir sıra fonetik xüsusiyyətləri, digər türk dillərindən fərqli olaraq, eramızın III-VII əsrlərində müəyyənləşmişdir. İlk orta əsrlərdə Azərbaycan ərazisində qohum türk dilləri arasında qarşılıqlı təsir baş vermiş və oğuz əsaslı qədim Azərbaycan dili formalaşmışdır… belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan dilinin yaranması eramızın VII-VIII əsrlərinə aiddir . XIII-XIV əsrlərdə yaşayıb yaratmış Azərbaycan şairi İzzəddin Həsənoğlunun “Apardı könlümü…” qəzəli hələlik əlimizdə olan ilk anadilli qəzəl nümunəsi kimi Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi hesab olunur. XIX əsrdən dilimiz tamamilə milli dilə çevrilmişdir.
Azərbaycan ədəbi dili Şamaxı dialekti üzərində formalaşmışdır.
İlk dəfə 1502-ci ildə Şah İsmayıl Xətai dilimizi dövlət dili elan edib.
Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.
Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.
Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyüzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.
Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır
Azərbaycan dili rəsmi dövlət dilidir.Konstitusiyanın (1995 12 noyabr) 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. A zərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.” Mərasimlərdə, qurultaylarda, dövlət səviyyəli başqa yığıncaqlarda Azərbaycan dilində danışılmalıdır.
Müasir Azərbaycan dili çox tərəqqi və inkişaf etmiş dillər sırasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan dili keçən əsrlərdə Qafqazda yaşayan müxtəlif dilli xalqlar arasında ümumi anlaşma vasitəsi olmuş , hətta Qafqazın bir sıra xalqlarından olan aşıqlar , əsasən , öz qoşmalarını Azərbaycan dilində söyləmişlər. Son zamanlarda aparılmış tədqiqatlar göstərir ki, XVI – XVIII əsrlərdə yaşayıb- yaratmış 35 erməni aşığı azərbaycanca qoşmalar yazıb.
Azərbaycan dilinin Qafqaz və Orta Asiya xalqlar arasında anlaşma vasitəsi kimi geniş dairədə istifadə olunduğunu XIX əsrin məşhur adları- Budaqov , Lermontov və b. Qeyd etmişlər. Hətta Lermontov Azərbaycan dilinin Qafqazda , ümumiyyətlə, Asiyada gəzib- dolaşmaq üçün ən əlverişli bir anlaşma vasitəsi olduğunu . o zaman Avropada çox işlənən fransız dili kimi mahiyyət daşıdığını xüsusi qeyd etmişdir.
Bugün Azərbaycan dili dedikdə , əsasən , müasir dövrdə yüksək səviyyəli , hərtərəfli inkişaf etmiş və bütün sahələr üzrə hər cür anlayışı ifadə etmək imkanları olan Azərbaycan ədəbi dili nəzərdə tutulur.
Firudin bəy Köçərli(1863-1920) Azərbaycanın görkəmli müəllimlərindən biri olmuşdur.O,”Molla Nəsrəddin” jurnalında yazırdı:”Ana dili millətin mənəvi diriliyidir..Ananın südü bədənin mayası olduğu kimi,ananın dili də ruhun qidasıdır.Hər kəs öz anasını sevdiyi kimi,ana dilini də sevir”.
Böyük rus pedaqoqu K.D.Uşinski demişdir:”bir millətin malını,dövlətini,hətta vətənini əlindən alsan,o millət ölüb-itməz,amma dilini alsan,daha ondan bir nişanə qalmaz”.
“Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın,kəskin deyişmələr dilidir.Burada hər söz iti xəncər zərbəsidir.Bu qüdrətli,mənalı və gözəl bir dildir.”(M.İbrahimov)