Ġahin Fazil Fərzəlibəyli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix17.11.2022
ölçüsü0,78 Mb.
#69527
  1   2   3   4   5   6   7   8   9   ...   25
kitab20100722120332154




ġahin Fazil Fərzəlibəyli 
 
 
 
 
 
 
XV ƏSR AZƏRBAYCAN 
DÖVLƏTLƏRĠNĠN 
QURULUġU 
 
 
 
 
 
(TəkmilləĢdirilmiĢ II nəĢri). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2003 



Azərbaycan Respublikası Təhsil Nazirliyinin
04.03.2003-cü il 193 saylı qərarı ilə 
çap olunur. 
 
 
 
 
ELMİ REDAKTORU: Tarix elmləri doktoru, professor
Yaqub Mahmudlu 
RƏYÇİLƏR: Tarix elmləri doktoru, professor 
V.Piriyev-Buduqlu 
və tarix elmləri doktoru, professor 
T.Mustafazadə 
 
 
Fərzəlibəyli ġahin Fazil. XV əsr Azərbaycan dövlətlərinin
quruluĢu. Bakı, “Elnur-P”-2003.118 səh. 
 
 
 
Monoqrafiyada XV əsr Azərbaycan dövlətlərinin (Qaraqoyunlu, Ağqoyunlu 
və Şirvanşahlar) quruluşuna elmi nəzər salınmış, ölkəmizin həmin dövrdəki siyasi 
quruluşuna, mərkəzi və yerli idarəetmə orqanlarına, hərbi quruluş və məhkəmə 
sisteminə, dövr iqtisadiyyatının əsas xüsusiyyətlərinə, habelə insan hüququnun 
inkişafında əsas cəhətlərə diqqət yetirilmişdir. 
 
 
 
M-001256 2003 
700122 
“Elm-Təhsil” nəşriyyatı 



MÜƏLLĠFDƏN 
 
Bu kitabın çapından bir neçə gün sonra bəzi elmi işçilər və alim 
həmkarlarımdan giley-güzar eşitdim. Onlar əsərdə iqtibasların (istifadə etdiyim 
mənbə və ədəbiyyatın) olmamasını mənə irad tutur, imkan daxilində əsərimin yeni 
nəşrini hazırlamağımı tövsiyə edirdilər. 
Doğrusu, mən bu kitabı istinad etdiyim iqtibaslarla birlikdə Azərbaycan 
Təhsil Nazirliyinə təqdim etmişdim, lakin təəssüf ki, Metodiki Şuranın tövsiyəsi ilə 
həmin iqtibasları ixtisar etməli oldum. Buna görə də, XV əsrdə Qaraqoyunlu, 
Ağqoyunlu, Şirvanşahlar kimi Azərbaycan feodal dövlətlərinin quruluşuna həsr 
etdiyim əsər iqtibas və çıxarışlarsız çap olundu. 
İndi isə, hörmətli tələbələr, elmi işçilər və alim həmkarlarım, mən həmin 
əsəri bir qədər geniş variantda, özü də istifadə etdiyim mənbə və ədəbiyyatı 
göstərməklə sizə təqdim edirəm. 
ġahin Fazil Fərzəlibəyli 
 
 
GĠRĠġ 
 
Ana Yer Kürəmizin müxtəlif bölgələrində dövlətlərin mövcud olduqları 
tarixi dövrlərdən başlamış bu günlərədək dövlət quruluşunun necəliyi və necə olma 
zərurəti barədə cildlərlə əsər yazılmış, müxtəlif misallar gətirilmiş, fərziyyələr irəli 
sürülmüş, bu və ya digər dövlətin təşəkkülü və süqutunda tarixi gerçəklik və 
zərurət nəzərə çatdırılmışdır. Əlbəttə, bütün bunların müxtəlif ölkələrin 
mütəfəkkirləri tərəfindən uzun əsrlər boyu diqqətlə araşdırılmasına baxmayaraq, 
məzkur mövzu bu gün də, gələcəkdə də mühüm tədqiqat obyekti kimi 
öyrəniləcəkdir. 
XV əsrin əhatə etdiyi dövr Azərbaycan tarixində üç feodal dövlətin - 
Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətlərinin fəaliyyətdə olmaları ilə 
səciyyələnir. Mövzu ilə əlaqədar bir sıra ölkə tədqiqatçıları tərəfindən müəyyən 
fikir və mülahizələr söylənilmiş, həmçinin məqalələr yazılmışdırsa da bunun hələ 
kifayət olmadığı zənnindəyəm. 
Dövlət quruluşu məsələsi dövləti olan bütün ölkələrə xas ən aktual 
məsələlərdən biridir, çünki hər hansı bir dövlətin inkişafı və davamlılığı məhz onun 
quruluşunun mahiyyətindən asılı problemdir, çünki dövləti yaşadan da, məhv edən 
də onun quruluşudur. Mövzunun şərhinə başlamazdan əvvəl biz müxtəsər şəkildə 
XV əsrə qədər Azərbaycan ərazilərində mövcud olmuş dövlətlər və onların 
quruluşu barədə məlumat verməyi məqsədəuyğun sayırıq. 
İbtidai icma cəmiyyətində siniflər olmadığından, təbii ki, dövlət də 
olmamışdır. Tarixən bir-biri ilə təzad təşkil edən siniflərin mövcudluğu dövründə 



yaranan dövlət isə uzun əsrlər boyu cəmiyyətin idarə olunmasında əsas siyasi 
hakimiyyət aləti olmuşdur. 
Dövlətin ümdə əlamətləri özündə aşağıdakı xüsusiyyətləri ehtiva edir: 
1. Xüsusi orqanlar və idarə sisteminin mövcudluğu; 
2. Hüquq, yəni dövlət tərəfindən müəyyən olunan və təsdiq edilən məcburi 
davranış qaydaları; 
3. Müəyyən əraziyə malik olmaq. 
Hər bir sinfi ictimai-iqtisadi formasiyanın məzmununa uyğun olaraq hər 
hansı dövlətin müəyyən tarixi tipi olmuşdur - quldarlıq, feodal, burjua və s. E.ə. 
IV-III minilliklərdə mövcud olmuş quldarlıq quruluşu cəmiyyətin inkişafı ilə 
əlaqədar feodal quruluşu əvəz etmiş və dövlət feodal sinfinin diktaturası kimi 
fəaliyyət göstərmişdir. Azərbaycanda da təbii ki, feodal dövlətləri qurulmuş, 
tərəqqi və tənəzzül mərhələsi keçmiş, son nəticədə süquta uğramışdır. Azərbaycan 
feodal dövlətlərində idarəçilik forması mütləq monarxiya idi.
1
Bu idarəçilik 
forması aşağıda müfəssəl bəhs edəcəyimiz XV əsr Azərbaycan Qaraqoyunlu, 
Ağqoyunlu və Şirvanşahlar dövlətlərinə də xas olmuşdur ki, bu barədə öz 
növbəsində məlumat verəcəyik. 
Məlum olduğu kimi, eradan əvvəl IX əsrdə Ön Asiyanın qədim tarixində 
böyük rol oynamış Amaday vilayətində (Gizilbundadan şərq və Zigertudan cənub-
şərq istiqamətində Qızılüzən çayının vadisində yerləşən geniş bir məkan) sakin 
olan amaday tayfa ittifaqı Mada (Amadai) xalqının əsası, ölkə isə gələcək Mada 
çarlığının özəyi oldu. O vaxtlarda Azərbaycan ərazisində başqa xırda siyasi 
vahidlər də var idi. Məsələn «Ninni və Haruna çarlıqları». E.ə. IX əsrin II 
yarısından etibarən Urmiyaboyu yerlərdə tədricən Manna çarlığının konturları 
görünməyə başlayır, e.ə. VIII əsrdə Manna artıq siyasi və beynəlxalq 
münasibətlərdə mühüm amilə çevrilir. Bu çarlıq Azərbaycan ərazisində yaranan ilk 
iri dövlət qurumu hesab edilir.
2
Onu da qeyd etmək lazımdır ki, «Manna birləşməsi 
qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və 
mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi»
3
«Çar şəhəri» adlanan İzirtu uzun müddət Manna çarlığının paytaxtı olaraq 
qaldı. Manna Azərbaycan ərazisində ilkin sinfi cəmiyyəti olan ölkə idi və orada çar 
hakimiyyəti çox güclü idi. Manna çarı Ullusunu dövründə dövlət çardan başqa 
ağsaqqallar, müşavirlər, şahzadələr, canişinlər və başqa görkəmli əyanlar 
tərəfindən idarə olunurdu. Mannada nəsli əyanlar, habelə hərbi və xidmətçi əyanlar 
silki güclü idi. Çar hakimiyyətinin qəbilə-tayfa başçısının hökmranlığından 
törənməsinə baxmayaraq, artıq e.ə. VIII əsrdə bu hakimiyyət irsi olmuşdu və bu 
1
Azərbaycan Sovet Ensiklopediyası, III cild, Bakı, 1979, səh. 513-514. 
2
Azərbaycan tarixi, I cild. «Elm» nəşriyyatı, Bakı,1998, səh.180-182. 
3
Yenə orada, səh. 182. 



çarlıq çar canişinləri tərəfindən idarə olunan mahallara bölünürdü. Tayfa hakimləri 
Mannanın inzibati həyatında böyük rol oynayırdılar.
4
E.ə. VII əsrdə isə Azərbaycandan şərqə və cənub-şərqə doğru yerləşən bir 
sıra vilayətlərdə artıq Mada tayfa ittifaqı təşəkkül tapmaqda idi. Tez bir müddətdə 
olduqca güclənən madalılar sakin olduqları yerləri çarlığa və imperiyaya 
çevirməyə nail oldular, başqa dövlətlərlə yanaşı Mannanı da işğal etdilər. Beləliklə 
Madanın bir hissəsinə çevrilmiş Manna da «Mada», yaxud «Kiçik Mada» 
adlanmağa başladı. 
Madanın dövlət quruluşuna nəzər salsaq məlum olur ki, dövləti çar, 
satraplar (hakimiyyət qoruyucuları) və əyanlar, habelə maqlar-kahinlər idarə 
edirdilər. Dini cəhətdənsə ölkədə Avesta təlimləri olduqca geniş yayılmışdı.
5
E.ə. 550-ci ildə madalılar farslar tərəfindən süquta uğradıldı və onlar öz 
dövlət müstəqilliklərini itirib farsların hakimiyyəti altına düşdülər, Mada çar 
Kuruşun yaratdığı Həxamənşi imperiyasında bir satraplığa çevrildi.
6
E.ə. IV əsrin ortalarında isə Azərbaycan ərazisində həxamənşi 
hökmranlığının zəifləməsi nəticəsində müstəqil Mada-Atropatena, yaxud Kiçik 
Mada dövləti yarandı.
7
Bu dövlət atropatilər tərəfindən idarə olunurdu.

Atropatenanın süqutundan sonra Azərbaycanın əsasən şimal vilayətlərində yaşayan 
xalqların tarixi artıq Albaniya və albanlar (antik mənbələrdən məlum olan ölkə və 
xalq adı) tarixi adlanaraq elmi və kütləvi ədəbiyyata daxil edilmişdir. Bir çox
hallarda bu ölkəni «Qafqaz Albaniyası» da adlandırırlar. Strabona görə albanlar 
«iberlərlə Kaspi dənizi arasında» yaşayırdılar, Ptolomeyə görəsə Albaniya 
«şimalda Sarmatiyanın bir qismi ilə, qərbdə İberiya ilə, cənubda Böyük 
Ermənistanın bir qismi ilə» həmsərhəd idi.
9
İnzibati ərazi baxımından Albaniya vilayətlərə - qravar və əyalətlərə 
(nəhənglərə) bölünürdü. Ölkədə quldarlıq və feodal ukladları mövcud idi. Başlıca 
siniflər azatlar (feodallar) və şinakanlar (kəndlilər) adlanan təbəqələr əsasında 
formalaşmışdı. Vilayətlər hökmdar tərəfindən təyin edilən «nahararlar» vasitəsi ilə 
idarə olunurdu. Alban hökmdarı ölkənin qanunverici və ali hakimi idi. 
Albaniyada «Qaxnamak» («Dərəcələr fərmanı») adlı hüquqi sənəddə əks olunmuş 
feodal iyerarxiyası mövcud idi. Ölkədə əsasən xristianlıq yayılmışdı.
10
III-IV 
əsrlərdə Albaniyada aşağıdakı torpaq sahibliyi formaları vardı: 
1. Torpaq üzərində dövlət mülkiyyəti; 
2. Atadanqalma (aqnatik) torpaq mülkiyyəti; 
4
Yenə orada. səh 198-199. 
5
Azərbaycan tarixi, I cild, səh.228-236. 
6
Yenə orada, səh.239. 
7
Yenə orada, səh. 252. 
8
Yenə orada, səh.301. 
9
Yenə orada, səh. 328. 
10
Azərbaycan tarixi, II cild, “Elm” nəşriyyatı, Bakı, 1998, səh. 15-39.



3. Hökmdar domeni; 
4. Xüsusi feodal torpaq mülkiyyəti; 
5. Kilsə torpaq mülkiyyəti; 
6. Kəndli və icma torpaq mülkiyyəti.
11
Alban cəmiyyəti I-IV əsrlərdə Arşaqi sülaləsindən olan hökmdarlar, VII 
əsrdən isə Mihranilər xanədanına mənsub böyük knyazlar tərəfindən idarə 
olunurdu. İdarəçilikdə mərkəzləşmə üstün olduğuna görə dövlətçiliyin rolu 
yüksəlmişdi. Hökmdar dünyəvi və dini hakimiyyətin, məşvərətçi və qanunverici 
orqanı olan məhkəməyə başçılıq edirdi. Ölkənin əsas idarəçilik vəzifələri hazarapet 
(minbaşı), hramanatar (güman ki, baş vəzir) və sparapet (ölkənin bütün hərbi 
qüvvələrinin baş komandanı) idi. Adı sonuncu çəkilən vəzifə yalnız ölkədə
hökmdar hakimiyyətinin olmadığı dövrdən - VII əsrdən qeydə alınmışdır. Məsələn, 
mənbələrdə böyük knyaz Cavanşir Albaniya sparapeti kimi təqdim olunurdu. 
Böyük knyaz Varaz Tiridat isə baş komandan «zoravar» (fars termini «zuravər» - 
zor sahibi - Ş.F.) istilahı ilə qeyd olunmuşdur. Bu vəzifəni Mehranilər dövründə 
həm böyük knyazlar, həm də başqa şəxslər tuta bilərdilər.
12 
Albaniya dövləti ilk 
alban hüquqi sənədi - girişdən və 21 maddədən ibarət Aquen qanunları ilə idarə 
olunurdu. Bu qanunlar dörd qrupa bölünürdü: 
1. Ruhanilərə aid olan qanunlar; 
2.Ruhanilərlə dünyəvi əyanlar arasında olan münasibətləri tənzimləyən 
qanunlar; 
3.Ruhanilərlə dünyəvi əhali arasındakı münasibətləri tənzimləyən 
qanunlar; 
4.Sırf hüquqi səciyyə daşıyan qanunlar. 
III-VII əsrlərdə Azərbaycan (Adurbadaqan) isə İran Sasanilər dövlətinin 
tərkibində bir vilayət kimi fəaliyyət göstərirdi. Sasani vilayətlərinin hakimləri 
«şəhriyar» (şəhər sahibləri), əyalətlərininki isə «payqospan» (tərəfləri, ətrafı 
qoruyanlar) adlanırdı. Dövlət mülkiyyəti işlərini ostandarlar və maliyyə məmurları 
olan amargarlar, kilsə və məhkəmə işlərini isə möbidlər və radlar idarə edirdilər. 
Hökmdar xəzinəsinin əmlakına nəzarət edən, vergi və
mükəlləfiyyətləri təyin edib 
toplayan dövlət qulluqçuları - amargarlar etibarlı dövlət qulluqçuları sayılırdılar. 
Sinfi quruluşuna görə əhali dörd zümrəyə bölünürdü: 1. Kahinlər; 2. 
Döyüşçülər; 3. Katiblər; 4. Vergi verənlər. 
Qullar heç bir zümrəyə aid deyildilər. Torpaq mülkiyyətinin bir neçə növü 
mövcud idi: icma torpaqları, sahibkar torpaqları, feodalların irsi torpaqları, məbəd 
və şəhər torpaqları. Xüsusi feodal torpaq mülkiyyətininsə iki forması vardı: 
11
Yenə orada. səh.39. 
12
Yenə orada, səh.55-56. 



dəstgird, xvastaq. Vergi və mükəlləfiyyətlərin ən mühümü qazidağ, xaraq və xarc 
idi. 
Albaniyada zərdüştilik geniş yayılmış, habelə xristianlıq da vüsət 
tapmışdı.
13
Ərəb işğalı dövründəsə Azərbaycan ərazisini məlik idarə edir, xəzinə 
qulluqçuları «amil», hərbi başçılar «əmir», hakimlər «qazi» adlanırdılar. Torpaq 
siyasəti xəlifə torpaqları, habelə iqta, mülk, vəqf və icma torpaqları kimi təşəkkül 
tapmışdı və Azərbaycan əhalisi islam dinini qəbul etmişdi.
14
IX-X əsrlərdə yaranan feodal dövlət qurumlarının hakimiyyətləri dövründə 
Azərbaycanın müxtəlif yerlərində Sacilər, Şirvanşahlar, Dərbənd Haşimi əmirliyi, 
Sünik və Arsax-Xaçın knyazlıqları, Şəki məlikliyi, Salarilər, Rəvvadilər dövlətləri 
ayrı-ayrılıqda fəaliyyət göstərirdilər və bu dövlətlərin başçılarının əksəriyyəti 
azərbaycanlılaşmış ərəb feodalları idilər. Onların dövlət quruluşları azacıq fərqlə, 
demək olar ki, VII-VIII əsrlərdə mövcud olmuş quruluşun təzahürü idi.
15
İnkişaf etmiş feodalizm dövründə isə Azərbaycanda «Atabəylər dövləti» 
yarandı, ölkə səlcuq sultanları, valilər, hərbi başçılar və əmirlər arasında paylandı, 
«vəliəhd» elan edilən şahzadənin tərbiyəçisi mənasını daşıyan «atabəy» ləqəbi 
hökmdarın ali tituluna çevrildi. Atabəy əmirlərin, iqtadarların, valilərin süzereni idi 
və feodal iyerarxiyasında yüksək pillə tutur, formal olaraq səlcuq sultanından sonra 
ikinci şəxs hesab edilirdi. 
Vəzir divanxana işçilərinin (əshab əd-divan) başçısı kimi fəaliyyətdə idi. 
Dövlət əhəmiyyətli üçüncü vəzifə «hacib» (hökmdarın şəxsi xadimi) sayılırdı. 
Maliyyə idarələrinə başçılıq «mustovfi əl- məmalik» («məmləkətlər mutovfisi») 
adlanan maliyyə məmuru tərəfindən icra edilirdi. Vali öz vilayətinin dünyəvi 
hakimi idi, dini hakimlər olan qazilərsə ona qeyd-şərtsiz itaət edirdilər. Vəzir 
validən sonra dövlətdə ikinci şəxs funksiyasını daşıyırdı.
16
XIII-XIV əsrləri isə Azərbaycanda monqol əsarətinin başlanması, ölkədə 
Hülakular, Çobanilər, Cəlairilər dövlətlərinin yaranması, habelə Şirvanşahlar 
dövlətinin və Arsax-Xaçın knyazlığının öz fəaliyyətlərini davam etdirməsi ilə
səciyyələndirməliyik. Qeyd olunmalıdır ki, monqollar Azərbaycana qərarlaşmış 
idarə sistemi ilə gəlmişdilər. Hülakular dövlətində ölkənin ali orqanı «qurultay» 
hesab olunurdu. Dövlətin başçısı «elxan», yaxud «sultan» adlanırdı. Ali idarə 
sistemində ikinci yeri «naib əs-səltənət» («səltənətin naibi») tuturdu, üçüncü yer 
isə baş əmirə, yaxud başqa sözlə desək "Əmirül-üməra"ya, yəni "Əmirlər əmiri"nə 
13
Azərbaycan tarixi, II cild. səh.84-108 
14
Yenə orada. səh.182-192.
15
Yenə orada. səh. 283-349.  
16
Azərbaycan tarixi, II cild, səh.370-373. 



xas idi. İnaq, bukavul, təvaçi, yasovul, bəlarquçi, bəxşi və s. kimi vəzifələrin 
daşıyıcıları ali hərbi məmurlar sayılırdılar. 
Qoşun təşkilatında aşağıdakı bölgü mövcud idi: tümənlər, minliklər, 
yüzlüklər, onluqlar. Mərkəzi dövlət aparatında iyirmidən artıq divan mövcud idi. 
Mərkəzi divanlar vəzirlər vasitəsilə idarə olunurdu. Baş mustovfi dövlət gəlirlərini 
müəyyənləşdirir, onların toplanması və xərclənməsi üzrə ümumi mühasibat işləri 
aparırdı. Ölkənin əmlak rəisi «uluq bitikçi» idi. Münşi əl-məmalik dövlət 
sənədlərinin tərtibi ilə məşğul olur və xarici dövlətlərlə əlaqələri tənzimləyirdi. 
Dövlət xəzinələri nazir, müşrif və xazen tərəfindən idarə olunurdu. Dövlətin
təhlükəsizliyini isfəhsalar təmin edir, məhkəmə proseslərinə dövlət arbitrajları 
(hekəm əl-məmalik) nəzarət edirdilər. 
Sarayda bir neçə divan fəaliyyət göstərirdi: Bayerat divanı istifadəsiz qalmış 
torpaqların qeydə alınması və istifadə olunması, imarət divanı tikinti işləri, məsas 
divanı sənətkarlıq işləri ilə məşğul olurdu. 
Dövlətin ərazisi vilayətlərə, onlar isə öz növbələrində tümənlərə 
bölünmüşdü. Vilayətləri hakimlər idarə edir, şəhərlərə hakim, hərbi canişin, vəzir, 
qazi, mustovfi, bititkçi, nazir, müşrif, isfəhsalar, mütəsərrif, şəhnə, qələmi, 
müqənnən, müəddil, mühəssil kimi vəzifəli şəxslər nəzarət edirdilər. 
Vilayətlərdəki dövlət torpaqlarının idarəsi müqatiə (icarə) sahiblərinə 
tapşırılırdı. 
Dövlətin mərkəzi dini təşkilatında vəqf divanı mövcud idi. Vəqflər iki yerə 
bölünürdü: dövlət vəqfləri və seyid vəqfləri. 
Torpaq mülkiyyəti formaları təkcə Azərbaycanda deyil, eləcə də Yaxın və 
Orta Şərqin başqa ölkələrində əvvəllər də bərqərar olan divani (dövlət torpaqları), 
xass, yaxud xassə, (xüsusi torpaqlar), incu (hakim sülaləyə mənsub torpaqlar), 
mülk, vəqf, iqta və cəmaətidən (icma) ibarət idi. 
Dövlətin əsas vergiləri sırasına xərac, bac, qopçur, təmğa, ixracat, əvariz, 
bağbaşı və s. daxil idi.
17
Qeyd etmək lazımdır ki, biz XV əsrədək Azərbaycanda dövlət quruluşu 
məsələsi ilə əlaqədar məlumatları əsasən İ.Əliyev, S.Qaşqay və V.Piriyevin 
əsərlərindən əxz etmişik. Bu monoqrafiyanın hədəfi olan əsas mövzumuzun 
yazılışına başlamazdan əvvəl biz, Azərbaycanın qədim və orta əsrlər tarixində 
mövcud olmuş dövlətlərimizin quruluşuna müxtəsər nəzər saldıq ki, zənnimizcə, 
mövzudan yayınma kimi qəbul edilməməlidir. 
Heç şübhəsiz ki, XV əsr də əvvəlki yüzilliklər kimi dövlətçiliyimizdə 
mühüm rol oynamışdır. Belə ki, bu əsrdə ölkəmizin ərazisində Qaraqoyunlu (1410-
1467) və Ağqoyunlu (1468-1501) kimi feodal dövlətlər yaranmış və fəaliyyətdə 
olmuş, Şirvanşahlar dövləti isə (VI-XVI əsrlər) öz siyasi durum və fəaliyyətini 
davam etdirmişdir. 
17
Azərbaycan tarixi, III cild, «Elm» nəşriyyatı, Bakı, 1999, səh.47-60. 



Qeyd olunmalıdır ki, XV əsrdə Azərbaycanda dövlət quruluşuna xüsusi həsr 
edilən kitab və dissertasiya yoxdur. Bu sahədə yalnız bəzi «Azərbaycan tarixi» 
kitablarının müvafiq fəsillərində,
18
həmçinin bir-iki monoqrafiyada
19
müəyyən 
məlumata təsadüf olunur. Prof. S.M.Onullahinin xüsusi məqəlləsi vardırsa da,
20
təbii ki, kiçik bir məqalə çərçivəsində bir əsr müddətində Azərbaycan ərazisində 
fəaliyyət göstэrən üç dövlətin siyasi və iqtisadi quruluşunun bütün tarixi və hüquqi 
cəhətləri barədə ətraflı məlumat vermək mümkün deyildir. Şirvanın dövlət üsul-
idarəsi haqqında isə M.X.Nemətovanın bir məqaləsində müəyyən məlumat 
vardır.
21
Rus tədqiqatçısı İ.P.Petruşevskinin böyük həcmli məqaləsində də bu 
mövzuya dair (başqa tarixi məsələlərlə yanaşı) məlumat əks etdirilmişdir.
22
Amerika alimi C.Vudsun «Ağqoyunlular: tayfa, konfederasiya, imperiya» 
kitabında da Ağqoyunlularda dövlət quruluşuna dair bir sıra xarakterik səhifələr 
yox deyildir.
23
XV əsrdə Azərbaycan feodal dövlətlərində mövcud olmuş siyasi quruluş, 
mərkəzi və yerli idarəetmə orqanları, hərbi sistem və məhkəmə quruluşu, əmlakın 
hüquqi 
vəziyyəti, 
torpaq 
üzərində 
mülkiyyət 
formaları, 
vergi 
və 
mükəlləfiyyətlər, habelə hüququn inkişafında əsas cəhətləri öyrənmək məqsədi ilə 
biz, təbii ki, yuxarıda adları çəkilən əsərlərdən başqa mənbəşünaslıq, tarixşünaslıq 
və hüquqşünaslıq baxımından dəyərli olan bir sıra elmi monoqrafiya və məqalədən 
 istifadə etdik. Bir çox Azərbaycan və xarici ölkə müəllifinin əsərlərində əsasən
siyasi vəziyyətin əks etdirilməsinə baxmayaraq, ara-sıra sosial, iqtisadi, hüquqi, 
mədəni və ideoloji məsələlərə də diqqət yetirilmişdir ki, biz onlara müraciət 
etməklə qarşımıza qoyduğumuz məsələnin tədqiqini dolğunluqla araşdırmağa cəhd 
etdik. Azərbaycan alimlərindən A.K.Rzayevin, Q.M.Kərimovun,E.Cəlilovun, 
O.Ə.Əfəndiyevin, S.Aşurbəylinin, Y.Mahmudlunun, Ş.Məmmədovanın və 
Ş.Mustafayevin kitablarının
24
da mövzunun tədqiqində böyük əhəmiyyəti 
18
Azərbaycan tarixi (ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər) Bakı, «film» nəşriyyatı, 1993, 
səh.155,158; Azərbaycan tarixi, (uzaq keçmişdən 1870-ci illərə qədər), «Azərbaycan» nəşriyyatı, 
Bakı,1996. səh.326-327; o cümlədən yuxarıda istifadə etdiyimiz «Azərbaycan tarixi» kitabının müvafiq 
fəsil və yarımfəsilləri. 
19
C.İbrahimov. Qaraqoyunlu dövləti, Bakı,1948, səh.69-70; Yenə onun: Феодальные государства на 
территории Азербайджана XV века, Bakı,1962, səh.76-78; Şahin Fərzəliyev. Azərbaycan XV-XVI 
əsrlərdə, Bakı 1983, səh.42-73, Y.Mahmudlu. Azərbaycan diplomatiyası, Bakı 1996, səh.90. 
20
S.M.Onullahi XV əsrdə Azərbaycan dövlət quruluşunun bəzi məsələlərinə dair, Az.SSR EA-nın 
«Xəbərlər»i, Tarix. Fəlsəfə və Hüquq seriyası №94, 1966, səh.35-45. 
21
Yenə həmin jurnal, səh.63-71. 
22
Сборник статей по истории Азербайджана, выпуск 1, Баку, 1949, стp.144-152. 
23
C.Vuds. Ağqoyunlular: tayfa, konfederasiya, imperiya. Türk dilinə çevirən Sibel Özbudun, 
İstambul,1993, səh.83-96. 
24
A.K.Pзаев. Oчерки истории политико-правовых учений Азербайджана, Bakı,1983; Q.Kərimov. 
Şəriət və onun sosial mahiyyəti, Bakı,1987; E.Cəlilov. Müsəlman hüququ, Bakı,1995; Yenə onun: 
Azərbaycan dövlət hüquq tarixi, Bakı, 1996, O.Ə.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti, Bakı, 1993; 
С.Б.Ашурбейли. Государство Ширваншахов, Bakı.1983; Ş.Məmmədova. Qazi Əhməd Quminin 


10 
olmuşdur. Biz həmçinin «İslam ensiklopediyası»nın materiallarından, xüsusilə bu 
yaxınlarda «Elm» nəşriyyatı tərəfindən çap olunan XV əsr müəilifi Əbubəkr 
Tehraninin (o, Uzun Həsən Ağqoyunlunun tarixçisi olmuşdur) «Kitabi-
Diyarbəkriyyə» əsərindən
25
faydalanmışıq. 
Göstərilən dövrdə Azərbaycanın ümumi vəziyyətinə müxtəsər nəzər salsaq 
müəyyən etmək olur ki, ölkədə o zaman iki böyük dövlət (biri digərini əvəz 
etməklə) - Qaraqoyunlu və Ağqoyunlu yaranmış və süquta uğramış, Şirvanşahlar 
isə öz dövlət müstəqilliyini qoruyub saxlamağa cəhd etmiş və buna nail 
olmuşdular. 
XIV yüzilliyin ortalarında Türkiyənin şərq hissələrində siyasi səhnəyə çıxan 
Qaraqoyunlu və Ağqoyunlu tayfaları tezliklə öz bəyliklərini təşkil etmiş, XV əsrdə 
isə dövlət yaratmağa müvəffəq olmuşlar. Bizim tərəfimizdən Azərbaycanın XV 
əsrdə mövcud olmuş siyasi quruluşu, idarə sistemi, torpaq mülkiyyəti formaları, 
hərbi qüvvələri və s. barədə danışılmazdan əvvəl qeyd etməliyik ki, o zaman 
Azərbaycanın cənub vilayətləri Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin 
metropoliyası, yəni mərkəzi ərazisi idi. Hər iki dövlətin paytaxtı («darus-səltənə») 
Təbriz şəhəri olmuş, Azərbaycan müstəqil olaraq padşah tərəfindən idarə olunmuş, 
onun ayrı-ayrı vilayətləri isə (Kürdüstan, İraqi-Ərəb, İraqi-Əcəm və s.) sülalə 
üzvlərinin və ya onların canişinlərinin hakimiyyətləri altında idarə hakimiyyətinə 
məruz qalmışlar.
26
Məlum olduğu kimi Ağqoyunlu və Qaraqoyunlu dövlətləri 
Xorasan dövləti istisna olmaqla bütün İranda, həmçinin Qarabağda (Gəncə və 
Şəmkir də daxil olmaqla Kür çayına qədər) hakimiyyətdə biri digərini əvəz 
etmişdi. Kür çayının şimalında Dərbənd də daxil olmaqla XV əsr boyu 
Şirvanşahların Dərbəndi sülaləsi öz hökmranlığını davam etdirmişdi. Bu 
dövlətlərin bir-birinin münasibətlərinə qısa nəzər saldıqda belə qənaətə gəlmək 
olur ki, Arazın cənubda yerləşən hər iki Azərbaycan dövləti ilə Şirvanşahlar dövləti 
arasındakı münasibət ümumiyyətlə normal mahiyyət daşımış, hətta Ağqoyunlularla 
Şirvanşahlar arasında qohumluq əlaqələri də olmuşdur. Məsələn, Baysunqur 
Ağqoyunlunun arvadı Şirvanşah Fərrux Yəsarın qızı idi. XV əsr Azərbaycan 
dövlətlərinin əsasını təşkil edən Ağqoyunlu və Qaraqoyunlu tayfa-başçılarının
münasibətlərinə gəldikdə isə qeyd olunmalıdır ki, onların arasında XIV əsrin 
sonlarından XV yüzilliyin sonunadək nifaq və düşmənçilik davam etmiş, tayfa 
əmir və padşahları biri digərinin rəqibi olmuşlar. Məsələn, 1447-ci ildə Ağqoyunlu 
bəyi Uzun Həsən Ağqoyunlu qardaşı Cahangir Mirzənin yanına adam yollayıb ona 
bu məsləhəti çatdırır: «Biz atabir, anabir iki qardaşıq. Vəzifəmiz budur ki, bir-
«Xülasət ət-təvarix» əsəri Azərbaycan tarixinin mənbəyi kimi, Bakı,1991; Ш.Мустафаев Восточная 
Анатолия: от Ак-коюнлу к Османской империи, Москва, 1994. 
25 
 Əbubəkr Tehrani, Kitabi-Diyarbəkriyyə, Fars dilindən çevirən R.Şükürova, Bakı. l998 
26
Azərbaycan tarixi, III cild, «Elm» nəşriyyatı, Bakı,1999, səh. 104-105.


11 
birimizlə əhd bağlayıb and içək ki, bundan sonra qardaşlıq və səmimiyyət yolu ilə 
gedib ədavət və düşmənçilikdən çəkinəcəyik. Bizimlə Qaraqoyunlular arasında 
köhnə ədavət olduğu üçün ona (Cahanşah Qaraqoyunluya - Ş.F.) qoşulmaq 
yaramaz».
27
Lakin, bu iki sülalə əmirləri arasındakı düşmənçiliyin aşağı təbəqədən olan 
Qaraqoyunlu və Ağqoyunlu əhalisinin əlaqə və münasibətlərinə həlledici təsiri 
olmurdu, onlar bir-birləri ilə daim açıq, yaxud gizli təmasda idilər. Məsələn, Uzun 
Həsən anası Sara xatun Ağqoyunluya deyir: «Ağqoyunlu və Qaraqoyunlu nökərləri 
(burada: əskər və hərbi xidmətçiləri - Ş.F.) bir-birlərinə gəlib-gedirlər, onların 
münasibətləri həmişə belə olub. Lakin bizim xanədanın böyük əmirləri 
Qaraqoyunluların yanına getməyiblər. Mənim qardaşım Cahangir Mirzənin 
Cahanşah bəyə qoşulması düzgün və məqsədəuyğun deyil».
28
Əvvəlki əsrlərdə olduğu kimi XV yüzillikdə də əhalini tabe vəziyyətdə 
saxlamaq üçün hakim sinif, təbii ki, feodal əyanların mənafelərini müdafiə edirdi. 
Feodallar geniş ərazilərə və təmtəraqlı dövlət aparatına malik idilər. İstər 
Qaraqoyunlu hökmdarı Cahanşah (hakimiyyət illəri: 1435-1467), istərsə də 
Ağqoyunlu padşahları Uzun Həsən (hakimiyyət illəri: 1453-1478) və Əhməd
Ağqoyunlu (hakimiyyət ili: 1497) mərkəzləşmiş dövlət yaratmağa səy 
göstərmişlərsə də, lakin müstəqilliyə can atan və siyasi-hüquqi səlahiyyətləri
əllərində saxlamağa çalışan yerli feodallar və hərbi-köçəri əyanlar hər
vasitə ilə bu işə maneçilik törətmişlər. Bundan əlavə, ölkənin iqtisadi və
siyasi 
dağınıqlığı, feodallar arası çəkişmələr XV əsr boyu bütün Azərbaycanın mərkəzi 
bir hakimiyyət altında idarə edilməsinə mane olurdu. Digər tərəfdən ayrı-ayrı 
əmirlər möhkəm nüfuza malik idilər, onlar dövlət işlərinə nəzarət edir, bəzən hətta 
hökmdara qarşı çıxırdılar. Hətta bəzi yüksək rütbəli əmir və tayfa başçılarının 
məşvərəti əsasında bu və ya digər bir şəxs Qaraqoyunlu və Ağqoyunlu sülalə 
hakimlərini əvəz edirdi. Hərbi-köçəri əyanlar arasında tez-tez toqquşmalar baş 
verirdi. Vergi və mükəlləfiyyətlərin sayı çox idi. 
Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətlərindəki saray, divan və 
qoşun təşkilatı, habelə ayrı-ayrı əyalət və şəhərlərin idari quruluşu XIII-XIV 
əsrlərdə Azərbaycanda mövcud olmuş Elxani və Cəlairi dövlətlərinin quruluşunun 
tam eyni olmasa da, onun inkişaf etmiş forması idi. Bu ənənəvi dövlət quruluşu 
hətta Səfəvilər hakimiyyətinin ilk mərhələsində də dəyişilməz qalmışdı.
29
27
Kitabi-Diyarbəkriyyə, səh.137. 
28
Yenə orada, səh.138. 
29
Bu haqda geniş məlumat üçün bax: И.П.Петрушевский. Государства Азербайджана в XV веке. 
Сборник статей по истории Азербайджана, Бакы,1949, səh.197; S.M.Onullahi. XV əsrdə 
Azərbaycanda dövlət quruluşunun bəzi məsələlərinə dair, Az. SSR EA «Xəbərlər»i, №4, 1966, səh.35-
47; M.X.Nemətova. Şirvan tarixinə dair qiymətli sənəd. Yenə həmin jurnal, səh.63-72; Ş.Fərzəliyev. 
Azərbaycan XV-XVI əsrlərdə, Bakı,1983, səh.42-87; Ş.Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası 
XV-XVI əsrlərdə, Bakı,1995, səh.3-5; A.K.Rzayev. Göst. əsəri, səh.86; Q.Kərimov. Göst. əsəri, səh.5-
6; Y.Mahmudlu. Azərbaycan diplomatiyası, səh.90. 


12 
Beləliklə, bu qənaətə gəlmək olar ki, XV əsr Azərbaycan feodal dövlətləri 
məzmun və mahiyyət etibarilə təxminən еуni quruluşa malik olmuşlar və qarşıda 
duran əsas məsələ bu dövlətlərin müxtəlif siyasi, sosial və hüquqi cəhətlərini tədqiq 
etməkdir. 
XV əsrin hüquqi aktları içərisində Uzun Həsənin qanunları mühüm yer tutur 
ki, onlar təkcə Azərbaycanda deyil (1470-1477-ci illər), habelə Ağqoyunlulara tabe 
olan ölkələrdə də tətbiq edilirdi. Təəsüf ki, həmin qanunlar barədə dolğun məlumat 
yoxdur. Gələcəkdə Uzun Həsən və digər Ağqoyunlu şahlarının hüquqa dair 
qanunları imkan daxilində əldə edilməli və elmi şəkildə öyrənilməlidir. 
Beləliklə, bir daha söyləmək olar ki, bu dərs vəsaitinin "Giriş"ində nəzərə 
çatdırılan tarixi Azərbaycan dövlətlərinin təşəkkül tapmaları və süquta uğramaları 
prosesi hələ gələcəkdə də öyrənilməli, məzkür mövzu yeni-yeni məxəz, mənbə və 
məlumatların cəlb olunması ilə daha dərindən tədqiq olunmalıdır. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin