Avrasiyanın müasir geosiyasi xarakteristikasını və region ölkələrinin inkişaf perspektivlərini qiymətləndirən ekspertlər Azərbaycanın aşağıdakı üstünlüklərə sahib olduğunu aşkar etmişdir. əlverişli coğrafi, geosiyasi, geoiqtisadi, hərbi-geostrateji mövqelərini; yürütdüyü müstəqil daxili və xarici siyasətini daxili ictimai-siyasi sabitliyi təmin etməsi, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı quruculuğu prinsiplərini rəhbər tutmasını Şərq-Qərb alternativ nəqliyyat-kommunikasiya, tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü transmilli siyasəti və tutduğu düzgün mövqeyini zəngin təbii ehtiyatlarını, maddi, mənəvi, əmək və insan resurslarını
Başqa geosiyasi əlamətlərinə - ərazisinin ölçülərinə, sərhədlərinin vəziyyəti və qonşularla münasibətinə, maddi və mənəvi resurslardan yararlanma əmsalı və s. görə də Azərbaycan Cənubi Qafqazın ən böyük və ən perspektivli dövləti hesab olunur.
Azərbaycanın təbii və coğrafi resurslarına onun: 86,6 min kvadrat kilometr quru və 80 min kvadratkilometr Xəzər dənizindəki milli sektoru; Avropa və Asiyanı birləşdirən əlverişli coğrafi, geosiyasi və geoiqtisadi mövqeyi; avtomobil, dəmir yolu və su nəqliyyatı vasitəsilə Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan, Orta Asiya və Qara dəniz bölgəsi ölkələri ilə nəqliyyat-kommunikasiya imkanları və s. daxildi
Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdən biri də onun əhəmiyyətli geosiyasi və coğrafi məkanda yerləşməsi hesab olunur. Ölkə dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların təməlində dayanır. Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizləri arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının; Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın; Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin; Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin; NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir.
Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur.
Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Onun əsas dəyəri həm də yalnız neft-qaz sektoru ilə məhdudlaşmamış, keçən illərdə yürüdülən düzgün iqtisadi inkişaf strategiyası ölkəni ümumilikdə Avrasiyanın dinamik inkişaf edən ölkəsinə, iqtisadi, sosial-siyasi və mənəvi mərkəzinə çevirmişdir.
Azərbaycan həm də hövzənin neft-qaz resurslarından istifadənin düzgün strategiyasını müəyyənləşdirməklə, beynəlxalq aləmin daim artan enerji ehtiyacı ilə ölkənin milli maraqlarını uzlaşdırmış və bu əsasda etibarlı tərəfdaş imici qazanmış, milli iqtisadi və maliyyə dividendlərini gücləndirməklə özünün beynəlxalq dəyərini artırmışdır. Bu amilə təkcə təbii resurs mənbəyi və geoiqtisadi anlamda yanaşmaq düzgün olmazdı. Ölkənin bəhs olunan üstünlüklərindən, xüsusən də neft və qaz amilindən bacarıqla istifadə etməklə, müasir dünyanın aparıcı dövlətləri və güc mərkəzlərinin diqqətini digər milli problemlərinə cəlb etməsi Azərbaycanın müasir dövrdə əsas milli geosiyasi vəzifələrindən biri hesab olunur. Bu üstünlüyün və imicin qorunması və düzgün istifadə olunması gələcəkdə də ölkənin geosiyasi addımlarının və vəzifələrinin əsas müvəffəqiyyətini təşkil etməlidir.
Hazırda Azərbaycan Xəzər dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində “ən əlverişli və ümidverici alternativ tərəfdaş” hesab olunur.
Dünyanın alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hasil olunan məhsulun dünya bazarlarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır. Bu anlamda Azərbaycan özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi məsələsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə Azərbaycanın enerji ixracı riskləri çox aşağı səviyyədədir. 1994-cü ildə- “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan bölgənin karbohidrogen ehtiyatlarının alternativ yolla Avropaya nəqli marşrutunu müəyyənləşdirərək, planetar əhəmiyyətli, eyni zamanda çox məsuliyyətli və uzaqğörən strateji seçim etdi. Nəticədə Xəzərin neft və qaz ehtiyatlarının alternativ və müstəqil yolla Avropaya ixracının yeni marşrutu dövriyyəyə buraxıldı. Bu marşrut ilə yeni neft və qaz ixracı kəmərlərinin çəkilməsi növbəti bir amil olaraq Azərbaycanın regionda geosiyasi, geoiqtisadi nüfuzunu və tranzit dəyərini artırdı, Xəzər hövzəsinin, Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəqli istiqamətində əsas tranzit ölkələrdən birinə - yeni transmilli yanacaq və nəqliyyat dəhlizlərinin dayağına çevirdi.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracını nəzərdə tutan layihələrin reallaşması heç də asan başa gəlmədi, müxtəlif beynəlxalq, regional və yerli geosiyasi maraqların toqquşması ilə müşahidə olundu. Lakin Azərbaycanın tam müstəqil geosiyasi, geoiqtisadi və təhlükəsizlik siyasəti, prinsipial və qətiyyətli mövqeyi Asiya ilə Avropanı birləşdirən böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsini mümkün etdi. Hazırda, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən üç neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxminən 30-40 milyard kubmetr olan maye qaz kəmərlərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini, demək olar ki, sıfıra endirmişdir.
Xəzər qazının alternativ yollarla Avropa ölkələrinə ixrac
olunması təkcə Azərbaycanın deyil, bütöv Xəzər hövzəsi ölkələrinin qaz ixracı ilə bağlı risklərini ciddi şəkildə azaltmış və geoiqtisadi etibarlılığını artırmışdır. Buna əlavə olaraq transmilli Cənub qaz dəhlizinin və “Şahdəniz 2" layihəsinin reallaşdırılması istiqamətində yeni ixrac kəmərləri- TANAP və TAP vasitəsilə Azərbaycan qazının Avropa bazarına çıxarılması perspektivi bu etibarlılığı daha da möhkəmləndirmişdir.
Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Rusiyadan yan keçməklə Avropa və Asiya ölkələri arasında bağlayıcı körpü rolunu icra edən Trans-Qafqaz nəqliyyat dəhlizi (TRASEKA), strateji Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin təşəbbüskarı, hərəkətverici qüvvəsi və əsas təminatçısı da məhz Azərbaycandır. Bundan başqa, Trans-Asiya nəqliyyat dəhlizində (Cənubi, Şərqi və Orta Asiya-İran-Azərbaycan-Rusiya və əksinə, İranın Fars körfəzi vasitəsilə bu ölkələri Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya layihəsi - Ə.H.) əsas bağlayıcı ölkələrdən biri kimi çıxış etməsi Azərbaycanın mühüm tranzit əhəmiyyətini bir daha təsdiq edir. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunlarının, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına təkan vermişdir.
Görülən bütün işlərin başlıca məqsədi Azərbaycanın regionun tranzit mərkəzi statusunu möhkəmlətməklə, həm də onun regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsini təmin etməkdir. Bu isə onu deməyə əsas verir ki, Almaniya, Niderland, Böyük Britaniya, Çin, Cənubi Koreya, İran və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Nəqliyyat Logistika Mərkəzinin yaradılacağı gün heç də uzaqda deyil.
Beləliklə, Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri (Avropa Birliyi, ABŞ, Yaponiya, Çin, Cənub-Şərqi Asiya ölkələri və b.) Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.
2003-2013-cü illəri əhatə edən ikinci onillikdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində oturuşmuş liberal iqtisadiyyata və böyük maliyyə resurslarına, güclü orduya malik, özünü tam təmin edən, heç kimdən asılı olmayan, sözünü cəsarətlə deyən, mövqeyinə və rəyinə hörmətlə yanaşılan və milli maraqlara söykənən müstəqil siyasət yürüdən ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan ciddi geosiyasi amil kimi postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi, geoiqtisadi və hərbi-geostrateji xarakteristikasının müəyyənləşdirilməsinə mühüm təsir göstərir, habelə BMT, ATƏT, Avropa Şurası, İKT, Qoşulmama Hərəkatının fəal üzvü olaraq, dünyanın güc mərkəzləri ilə yaxından əməkdaşlıq edərək qlobal siyasətdə öz imkanlarını getdikcə genişləndirir.
Azərbaycanın müstəqillik illərində davamlı olaraq müşahidə olunan sürətli sosial-iqtisadi inkişafı faktı da, mütəxəssislərin fikrinə görə, Cənubi Qafqaz ölkələri içərisində onun geoiqtisadi çəkisini getdikcə əhəmiyyətli dərəcədə yüksəldir. 1996-cı ildən başlayaraq Azərbaycanda ümumi daxili məhsul istehsalının orta hesabla hər il 10 faizdən yuxarı artımı, inflyasiyanın nisbətən sabit saxlanması, əhalinin pul gəlirlərinin və yaşayış həddinin getdikcə yüksəlməsi, istehsalda qeyri-neft sektorunun və özəl sahənin payının artması, idxal-ixrac balansında ixracın üstünlüyünün təmin edilməsi və s. həyata keçirilən iqtisadi siyasətin səmərəli olmasını bilavasitə təsdiq edir.
Hazırda Azərbaycan iqtisadi göstəricilərinə görə Rusiya, Ukrayna, Qazaxıstan və Belarus kimi iri dövlətlərlə birlikdə postsovet məkanının lider dövlətlərindən biridir. Bölgədəki neft istehsalına, transmilli nəqliyyat-tranzit imkanlarına, xarici iqtisadi əlaqələrinin intensivliyinə, enerji resursları ixracının şaxələndirilməsinə, Qərbin Xəzərə hərbi-geostrateji çıxışının təmin edilməsi və hövzənin strateji hədəflərinə nəzarət imkanı yaratmasına görə Azərbaycan bölgənin ən əhəmiyyətli dövləti hesab olunur.
Azərbaycanın artan enerji ixracı potensialını düzgün qiymətləndirən ABŞ və Avropa İttifaqı 2007-ci ildən başlayaraq Avropaya qaz ixracını nəzərdə tutan “Cənub dəhlizi” layihəsini geniş müzakirəyə çıxarmışdır. 2010-cu ildən başlayaraq Azərbaycan “Cənub dəhlizi” layihəsi- Nabbuco ilə bağlı həyata keçirilən müzakirələrin perspektivsizliyini görərək təşəbbüsü öz əlinə almış və növbəti dəfə liderlik keyfiyyətlərini ortaya qoymuşdur. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 2013-cü ildə isə Trans-Adriatik layihənin əsas ixrac marşrutu kimi seçilməsi “Cənub dəhlizi”nə yeni nəfəs gətirdi.
Nəticə etibarilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edildi. Azərbaycan öz təşəbbüsü və praktiki addımları ilə yeni transmilli enerji layihələrinin əsasını qoydu, “Cənub dəhlizi” layihəsini xilas etdi, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha fəal iştirak etmək imkanı qazandı. Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstəricilərindən biri də onun zəngin insan resurslarına malik olması ,ölkədaxili sabit daxili ictimai-siyasi, milli-etnik və dini vəziyyətin hökm sürməsi və dövlətin bütün bu sahələr üzərindəki nəzarət imkanları ilə bağlıdır. Azərbaycanın insan resursları kəmiyyət və keyfiyyət baxımından digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə üstün və perspektivli görünür. Ölkənin ümumi demoqrafik göstəriciləri (əhalinin artım sürəti, gənclərin ümumi əhali arasında sayı və s.) müsbət istiqamətdə inkişaf edir. Əhalinin ümumi sayı hazırda 9 milyondan artıqdır və artım balansı getdikcə müsbətə doğru dəyişir. Respublika üzrə hər kvadratkilometrə təxminən 96 nəfər sakin düşür.
Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı, maddi və mənəvi resursları və digər amillər onu regional mərkəz statusuna yüksəltmiş və beləliklə, geosiyasi dəyərini daha da artırmışdır. Azərbaycan bölgədə iqtisadi, sosial, humanitar və digər sahələrdə reallaşdırılan bütün layihələrin əsas təşəbbüskarı və mərkəzi fiqurudur. Ekspertlər müstəqillik dövründə həyata keçirilmiş transmilli neft və qaz, nəqliyyat-kommunikasiya layihələrini, son 10 ildə ölkə iqtisadiyyatının dinamik inkişafını əsas gətirərək 2013-cü ilin aprelində Dünya İqtisadi Forumunun məhz Bakıda keçirilməsini dünya birliyinin Azərbaycanın iqtisadi gücünə verdiyi qiymət kimi səciyyələndirirlər. Bununla yanaşı, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Beynəlxalq Humanitar Forumunun təşəbbüskarı və təşkilatçısı kimi çıxış edərək həm də dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun güclənməsinə öz dəyərli töhfələrinin verir. Təsadüfi deyil ki, bu gün ekspertlər Bakını “Humanitar Davos” adlandırırlar.