Qərbi Kaspi Universiteti
Fənn: Dialektologiya
Fakultə: Filologiya və Tərcümə məktəbi
İxtisas: Filologiya ( Azərbaycan dili və ədəbiyyat)
Qrup: 3/331 F1
Müəllim: Kazımova Fəridə
Tələbə: Həsənzadə Fidan
Mövzu: Dialektologiya. Dillərin tarixinin öyrənilməsinin əhəmiyyəti
BAKI 2023
Tarixi dialektologiya xüsusi mövzusu və vəzifələri olan müstəqil dilçilik sahəsi kimi yenicə formalaşdığından çox vaxt dilçiliyin geridə qalmış bir sahəsi hesab olunur. Konkret dillərin çoxunun tarixi dialektologiyası hələ mövcud deyil. Hətta bu elm sahəsinin ümumi nəzəriyyəsi və metodikası da istənilən səviyyədə işlənib hazırlanmayıb. Tarixi dialektologiyanın həqiqi nəzəriyyəsi ayrı-ayrı dillərin tarixi dialektologiyasının təcrübəsi əsasında qurula bilər. Dilçiliyin yeni bir sahəsi olan tarixi dialektologiya təkcə dialektologiya baxımından deyil, dil tarixi baxımından da mühüm əhəmiyyətə malikdir. Tarixi dialektologiya dilin tarixinin daha dəqiq, daha əsaslı öyrənilməsi yolunda geniş imkanlar açır, dil tarixinin bəzi məsələlərinin izahında həlledici söz deyə bilir.
Dilin dialekt bölünməsi (üzvlənməsi), onun təkamülündə meydana çıxan innovasiya (dilin ilkin formalarının dəyişməsi) hallarının müəyyənləşdirilməsi, eləcə də konkret bir dilin başqa yaxın qohum dillərlə ortaq və ayrılan xüsusiyyətlərinin geniş və hərtərəfli təhlili tarixi-dialektoloji tədqiqat nəticəsində mümkündür. Tarixi dialektologiyanın ədəbi dil tarixi üçün xüsusi əhəmiyyəti var. V.V.Vinoqradovun rus ədəbi dili haqqında söylədiyi fikir istisnasız olaraq başqa dillərə də aid edilə bilər: “Tarixi-dialektoloji araşdırmasız nə rus ədəbi dilinin xalq əsası haqqında məsələni, nə onun canlı xalq şivələri ilə bağlı olan müxtəlif üslublarının formalaşması və tarixi haqqında məsələni, nə də rus ədəbi dilinin tarixi fonetikası, tarixi qrammatikası və tarixi leksikologiyasının çoxsaylı, rəngarəng, qeyri-tipik problemlərini tam şəkildə aydınlaşdırmaq olmaz” .
Dialektlərin tarixi öyrənildikcə ədəbi dil faktı, bütünlükdə ədəbi dil mənzərəsi daha aydın, daha bütöv görünəcəkdir. Ədəbi dil tarixində, normanın təkamülündə dialektlərin rolu məsələsi məhz tarixi dialektologiyanın nailiyyətləri əsasında dəqiq müəyyənləşdirilə bilər. Nəhayət, ayrı-ayrı dillərin tarixi dialektologiyasının yaradılması işi bizi kökdilin öyrənilməsi məsələsinə daha artıq yaxınlaşdıracaqdır. Tarixi dialektologiyanın mövzusu və vəzifələri, demək olar ki, hələ dəqiqləşməyib. Təsadüfi deyil ki, bu məsələ bir sıra dilçilik müşavirələrində müzakirələrə səbəb olmuşdur. Tarixi dialektologiya dialekt dilinin strukturunu və dilin dialekt üzvlənməsinin xarakterini tarixi inkişafda öyrənir . N.A.Meşerski bu məsələ ilə əlaqədar qeyd edir ki, tarixi dialektologiya bu və ya digər dialekt nitq sisteminin keçmiş dövrlər ərzində necə dəyişdiyini, hansı hadisələrin hansı səbəbdən əmələ gəlməsini və müəyyən tarixi dövrdə yox olmasını göstərməlidir . “Böyük Sovet Ensiklopediyası”nda tarixi dialektologiya haqqında deyilir: “Tarixi dialektologiya dialektləri tarixi inkişafda öyrənir. Onun əsas metodları yazılı abidələrin dilini müasir dialekt faktları ilə retrospektiv əlaqələndirməklə öyrənməkdir. Tarixi dialektologiya qeyri-dil faktlarını da cəlb edir: tarixin nəticələri, arxeologiya, etnoqrafiya, ictimai və mədəni tarix” . “Tarixi dialektologiyanın mövzusu – dialekt dili strukturunun inkişafı və dilin dialekt bölünməsinin tarixidir”. B.A.Serebrennikov tarixi dialektologiyanın iki mühüm problemini göstərir: kökdil dialektlərinin yayılma areallarının öyrənilməsi və konkret bir dilin qədim dialekt üzvlənməsinin aşkar edilməsi .
Tarixi dialektologiyanın problemləri baxımından tarixi dialektologiyanın problematikası – bu sadəcə olaraq dialektə aid edilən səslərin, formaların və sözlərin tarixi deyil, dialekt sistemlərinin qarşılıqlı əlaqəsinin tarixidir” . Başqa bir əsərində isə o, tarixi dialektologiyanın öz problematikasına və materialına görə etnolinqvistik bir elm sahəsi olduğunu qeyd edir . A.Axundova görə, konkret bir dilin tarixi dialektologiyası üçün mühüm problemlərdən biri müəyyən bir dilin dialektlərə ayrılması ilə ümumxalq dilinin münasibəti məsələsidir . T.Hacıyev belə hesab edir ki, dialektlərin tarixi öyrənilərkən xalqın etnik tərkibinin aydınlaşdırılması tarixi dialektologiyanın yaradılmasının tərkib hissələrindən biridir.
S.Əlizadənin qənaətinə görə, Azərbaycan dilinin tarixi dialektologiyası öz axtarışlarını ümumxalq Azərbaycan dilinin əsasında dayanmış qəbilə-tayfa dillərinə məxsus daha qədim faktlara yönəltməlidir . Göründüyü kimi, tarixi dialektologiyanın problemləri çox mürəkkəbdir. Tarixi dialektologiyanın mövzusu və vəzifələri baxımından aşağıdakı nəticələrə gəlmək olar:
1) Tarixi dialektologiya dilin dialekt üzvlənməsinin xarakterini aşkar etməlidir;
2) Tarixi dialektologiya izoqlosların əmələ gəlməsini və inkişafını öyrənməlidir;
3) Tarixi dialektologiya dialekt əlamətlərinin etnolinqvistik əsasını müəyyənləşdirməlidir;
4) Tarixi dialektologiya dialekt sistemlərinin qarşılıqlı əlaqəsinin tarixini araşdırmalıdır;
5) Tarixi dialektologiya innovasiyaları öyrənməlidir.
Dialekt tarixi kateqoriyadır, onun əmələ gəlməsi və inkişafı ümumxalq dilinin tarixi ilə sıx bağlıdır. V.M.Jirmunski bu məsələ ilə əlaqədar olaraq yazır: “Dialekt əzəli yox, ümumxalq dilinin başqa dialektləri ilə ictimai şərtlənmiş qarşılıqlı əlaqə prosesində yalnız ayrılmanın deyil, birləşmənin də nəticəsi kimi tarixən əmələ gəlmiş vəhdətdir: inkişafda olan dinamik vəhdətdir ki, bunu dil tarixinin xalqın tarixi ilə əlaqəsini əyani şəkildə əks etdirən dil xəritəsi izoqloslarının xarakteri göstərir” .
Dialekt inkişafda olan bir vəhdət olduğuna görə, onda daima yeni keyfiyyətlər meydana çıxır. Dialekt dilinin strukturunda innovasiyalar mühüm yer tutur. Təsadüfi deyil ki, dilçilik coğrafiyasında innovasiyalara xüsusi diqqət yetirilir. Tarixi dialektologiya mütəxəssisi üçün innovasiya birinci dərəcəli əhəmiyyətə malikdir. Bu cəhətdən B.A.Serebrennikovun aşağıdakı mülahizəsi səciyyəvidir: “...xəritəyə köçürmə üsulları xeyli dərəcədə tədqiqatın son məqsədindən asılı olacaqdır. Belə ki, məsələn, dialektoloq birinci növbədə izoqlos topalarına diqqət yetirəcək, arxaizmlər və innovasiyalar problemi onu az maraqlandıracaq; tarixi dialektologiya mütəxəssisi ancaq innovasiyaları xəritəyə köçürəcək (kursiv bizimdir – E.Ə.); substrat təsirinin nəticələrini öyrənən dilçi isə yalnız o hadisələri xəritəyə köçürəcəkdir ki, onları superstrat dilin inkişafının nəticələri kimi izah etmək mümkün deyil”.
İnnovasiya məsələsi areal dilçilikdə də mühüm yer tutur. İnnovasiya müəyyən bir mərkəzdən yayılır. O, birinci növbədə coğrafi cəhətdən yaxın yerləşmiş dilləri əhatə edir, mərkəzdən uzaqlaşdıqca tədricən zəifləyir. İnnovasiyaların yayılması daş atılmış suyun dalğalarını xatırladır . Bu nəzəriyyə sonralar neolinqvistlərin əsas konsepsiyasına çevrilir. Məlum olduğu kimi, neolinqvistlərin əsas tədqiqat metodu izoqlosların müəyyən olunması, yəni fonetik, qrammatik və leksik yeniləşmənin sərhəd və mərhələlərini göstərən xətlərin xəritəyə köçürülməsi idi. Neolinqvistlərə görə, dilçilik coğrafiyası sadəcə olaraq dialektlərin xəritələrlə öyrənilməsi deyil, hər şeydən əvvəl, dil hadisəsinin geniş bir ərazidə yayılmasını, innovasiyanın çıxış nöqtəsini müəyyənləşdirməyi və bunun nəticəsində dil hadisəsinin əmələ gəlməsini və qonşu dialektlərə yayılmasını tədqiq etməkdir. İnnovasiyalar eyni səciyyəli olmur.
Dilçilik ədəbiyyatında onların iki növü göstərilir:
mühüm innovasiyalar
qeyri-mühüm innovasiyalar.
Mühüm innovasiyalar ancaq müəyyən dilləri və dil qrupunu əhatə edir, başqa dillərdə və arealda yayılmır. Qeyri-mühüm innovasiyalar isə çox dilləri əhatə edir. İki dil arasında qohumluq dərəcəsini müəyyən edərkən yalnız mühüm innovasiyalar nəzərə alınmalıdır . N.Z.Hacıyeva innovasiya mərkəzlərinin müəyyən edilməsindən danışarkən göstərir ki, innovasiya mərkəzlərinin aşkar edilməsi ilə yanaşı müəyyən arealda izoqlos hadisəsinin tarixi də öyrənilə bilər. Bu, adətən, keçmiş vəziyyətin qalığının aşkar edilməsi yolu ilə yerinə yetirilir. Məsələn, müəyyən etmək olar ki, sinharmonizmi itirmiş müasir özbək şivələri nə vaxtsa sinharmonik olmuşdur, belə ki, onlarda keçmiş saitlər ahənginin izləri saxlanır
. Dialektlərin tarixi baxımdan öyrənilməsinin iki üsulu var:
1) Həqiqi tarixi üsul (qədim yazılı abidələrin kifayət qədər saxlanıldığı hallarda);
2) Müqayisəli-tarixi üsul (yazılı mənbələr olmadıqda).
Yazılı abidələr və müasir şivələr tarixi dialektologiya üçün əsas mənbələrdir. Bunlarla yanaşı, dilçilik coğrafiyası, onomastika, folklor və başqa türk dillərinin materialları da tarixi dialektologiya üçün mənbə sayıla bilər. Bu mənbələr içərisində, şübhəsiz ki, yazılı abidələr müstəsna əhəmiyyətə malikdir. Dialektlərin tarixi əsasən ədəbi dilə aid olan tarixi mətnlər üzrə araşdırılır; bu halda sənədli materiallar böyük əhəmiyyət daşıyır. Yazılı abidələrə əsasən tarixi dialektologiya məsələlərini həll edərkən abidənin yarandığı dövrdə ədəbi dilin orfoqrafiyası öyrənilməlidir.
Yazılı abidələr etibarlı mənbə olsa da, yazılı dil faktı olan orfoqrafiya hər hansı bir tarixi dövrdə canlı dilin fonetik formasının bütün xüsusiyyətlərini əks etdirə bilmir. Ancaq bununla yanaşı, yazılı abidələrin qrafika və orfoqrafiyası canlı dil faktına yeganə doğru yoldur. Tədqiqat zamanı dil faktı ilə orfoqrafiya faktı bir-birindən fərqləndirilməlidir. Məsələn, Azərbaycan dili abidələrində ق hərfi həm cingiltili q səsini, həm də yerinə görə bu səsin kar qarşılığı olan kǀ səsini ifadə etmişdir. Ona görə də ق hərfi yerinə görə həm q, həm də kǀ kimi oxunmalıdır; məsələn, “Kitabi-Dədə Qorqud”un dilində: q – qara, qul, qan; kǀ – bakǀ ar, sakǀ qal, otakǀ . Keçmiş dövrlərin yazılı abidələrinə ehtiyatla yanaşmaq lazımdır. Belə ki, ədəbi dil ənənəsi yazılı dilə həmişə öz təsirini göstərir. Buna görə də qədim yazılı abidələrin faktları müasir şivələrlə həmişə tutuşdurulmalı və yalnız bundan sonra etibarlı sayılmalıdır. Yazılı abidələrin janrı da nəzərə alınmalıdır. Rəsmi sənədlərə və dini mövzuda olan əsərlərə nisbətən bədii əsər- 8 lər, xüsusilə məişət mövzusunda olan əsərlər öz dövrünün danışıq dilini daha yaxşı əks etdirir. Azərbaycan dili orfoqrafiyasının tarixinə dair ümumiləşdirici, etibarlı tədqiqatın yoxluğu tarixi-dialektoloji araşdırmaları xeyli çətinləşdirir. Müxtəlif dövrlərin yazılı abidələri özlüyündə yazı dili faktı olsa da, onlarda az və ya çox dərəcədə yarandığı dövrün dialekt əlamətləri də öz əksini tapır. Ancaq ədəbi dil norması dəyişkən olduğundan yazılı abidələrdə dialektizmlərin xarakteri heç də həmişə eyni olmur. Ədəbi dilin müəyyən bir dövründə dialekt-danışıq əlaməti olan bir xüsusiyyət başqa bir dövrdə və ya mərhələdə normaya çevrilir. Eləcə də əvvəlki dövrlərdə ədəbi dil norması sayılan xüsusiyyətlərin sonrakı dövrlərdə arxaikləşməsi halları özünü göstərir.
Arxaizmlərin ədəbi dil faktı olanları dildən çıxır, dialektlə uyğun gələnləri isə dildə qala bilir. Deməli, bu tipli arxaizmlər həm də dialekt faktıdır. Əks halda belə arxaizmlər (fonetik, leksik, qrammatik) dialektlərdə saxlana bilməzdi. Bəzən haqqında danışılan dil hadisəsi ədəbi dil faktı təsiri bağışlaya bilər. Ancaq unudulmamalıdır ki, ədəbi dil dialekt əsasına malikdir. Başqa sözlə, eyni bir dil faktı həm ədəbi dilə, həm də dialektə aid ola bilər. Buna görə də belə xüsusiyyətləri ya müəlliflərin (və ya köçürücülərin) mənsub olduğu dialektin əlaməti kimi, ya da koyne faktı kimi qiymətləndirmək olar. Ədəbi dilin ayrı-ayrı dövrlərində müxtəlif normalar arxasında başqa-başqa dialektlər dura bilər. Məsələn, Azərbaycan dilçiliyində belə bir fikir var ki, Azərbaycan ədəbi dili XIIIXIV əsrlərdə Şirvan dialektinə, XV-XVII əsrlərdə Təbriz dialektinə, XIX-XX əsrlərdə bütün dialekt nümayəndələrinin daxil olduğu Bakı şəhərinə istinad etmişdir.
Azərbaycan dilinin tarixi dialektologiyası yaradılarkən vahid ədəbi dilin olduğu XIX əsrədək cənub dialektlərinin faktları regional göstəricilər kimi, XIX əsrdən etibarən isə ədəbi dil normasının elementləri kimi səciyyələndirilməlidir . Ümumiyyətlə, ədəbi dillə dialektlərin münasibəti mürəkkəb bir prosesdir. Bundan başqa, dialekt əlamətlərinin müəyyənləşdirilməsində də tez-tez mübahisələr yaranır.
Keçmişdə rus dili dialektlərinin təsviri iki üsuldan biri ilə aparılırdı: ya rus ədəbi dilindən fərqli xüsusiyyətlər qeydə alınır, ya da dialektin faktları qədim rus dilinin faktları ilə müqayisə olunurdu. P.S.Kuznetsov yazır ki, bu metodun hər ikisi etiraz doğurur. Yalnız ədəbi dildən fərqli xüsusiyyətləri araşdırdıqda şivənin səciyyəsi üçün mühüm olan əlamət asanlıqla buraxıla bilər. Şivənin dilin qədim vəziyyətindən fərqlərini tədqiq etdikdə isə biz onu hazırda səciyyələndirən elementlər haqqında aydın təsəvvür əldə etmirik. Ən yaxşısı, şivə haqqında bizə məlum olan məlumat əsasında süni sistem – etalon düzəltmək, bura hər hansı bir dialekt nitqini səciyyələndirə bilən bütün fonetik, fonoloji, morfoloji, sintaktik, leksik faktları daxil etmək, bu etalonla real şəkildə mövcud olan şivələri müqayisə etməkdir . Nəzərə almaq lazımdır ki, ayrı-ayrı şivələrin xüsusi sistemi olduğu kimi, bütün şivələri ilə birlikdə dilin də ümumi sistemi var. Dilin ümumi sistemi bir tərəfdən bütün dil üçün ümumi olan sabit, davamlı əlamətlərdən, digər tərəfdən isə dialekt fərqlərinin büruzə verdiyi qeyri-sabit, mütəhərrik əlamətlərdən ibarətdir. Yazılı abidələrdə özünü göstərən bir fakt əsasında da müəyyən bir dialekt əlamətinin varlığı barədə danışmaq mümkündür. Bu halda yazılı abidədə qeydə alınmış həmin fakt müasir şivələrin faktları ilə təsdiq olunmalıdır. Məlumdur ki, dilin dialekt bölünməsi və dialektdə baş verən əsas dəyişikliklər dilin inkişafının konkret bir mərhələsi ilə bağlıdır. Deməli, həmin “yeganə” dialekt faktı ya etnolinqvistik, ya da innovasiya xarakterinə malik olacaqdır. Dialekt faktı kimi müəyyənləşmiş bir xüsusiyyətin yazılı abidələrdə seyrək və ya sıx işlənməsi həmin əlamətin vaxtilə məhdud və ya nisbətən geniş dairədə işlənməsi ilə bağlı ola bilər. V.Aslanov doğru olaraq göstərir ki, yazılı abidələrdə bəzən elə sözlər aşkar edilir ki, tədqiqatçı bunları intuitiv olaraq dialekt sözü kimi qiymətləndirə bilər; məs.: könti “pis”, surba “süfrə”, havur “hovur” və s.
Tarixi dialektologiyanın və ədəbi dil tarixinin indiyədək, demək olar ki, işlənməmiş və tədqiq olunmamış bir ümumi mənbəyi var ki, bu da folklor, poetik xalq yaradıcılığıdır. Folklorun poetik nümunələrində bu və ya digər səbəb üzündən ədəbi dildə əks oluna bilməyən dialekt leksikası özünə yer tapa bilir. Belə nümunələrdə bəzən intonasiya, ritm, vəzn və qafiyənin tələbinə uyğun olaraq arxaik formalar və innovasiyalar özünü göstərir. Keçmiş dövrlərin yazılı abidələri olmadıqda tarixi dialektologiya şivələri müqayisəli və retrospektiv üsulla öyrənir. Bu halda tədqiqatçı müasir şivələrin strukturunu təhlil edərək, ondan yeni layları kənar edir, innovasiyalar arxasında şivənin qədim dövrdəki nitq sistemini aşkar edir. Belə araşdırmada bir şivə ilə məhdudlaşmaq olmaz, qohum dillər və dialektlər də tədqiqata cəlb olunmalıdır. Aydındır ki, müqayisəli-tarixi üsula əsaslanıb yazılı abidələrdə əks olunmamış və ya hələlik aşkar edilməmiş dialekt fərqlərindən də danışmaq olar.
Tarixi dialektologiya dilçiliyin elə bir sahəsidir ki, burada bir sıra müddəalar ehtimal şəklində ola bilər, çünki praformalar həmişə fərziyyə şəklində olmuş və olacaqdır. Ümumiyyətlə, elm özü fərziyyəyə də əsaslanır. E.A.Makyevin Kr.Stanqdan aldığı bir fikir bu cəhətdən çox əlamətdardır. Kr.Stanq yazır: “Elm dialoqdur və bizdən heç kəs iddia edə bilməz ki, kimsə bütün məsələlərdə möhkəm və zəmanətli nəticə əldə etmişdir. Axı irəli sürülən fikirlər tənqidə və etiraza məruz qalır. Bu qeyri-mütəşəkkil komandanın köməyi ilə elm irəli gedir. Buna görə də təbii olaraq, bilə-bilə ki, bu işdə dediklərimin hamısı düz deyil, mən bu işi əlimdən həvəslə çıxarıram. Bax buna görə də mən nəzəriyyəni həvəslə irəli sürürəm. Yalnız yoxlanılmış və məlum şeylərdən ibarət olan kitab tədqiqatçı üçün sadəcə faydasız olardı” .
Tarixi dialektologiya özünün ilk addımlarını atsa da onun elementləri dilçilikdə çoxdan mövcud olmuşdur. Tarixi dialektologiyanın elementləri müqayisəli-tarixi tədqiqlərdə, qədim yazılı abidələrin öyrənilməsində müvəffəqiyyətlə tətbiq olunmuşdur. Təsviri dialektologiyada (xüsusilə türk dillərinin təsviri dialektologiyasında) yeri gəldikcə tarixi dialektologiyanın da işi görülmüşdür. Azərbaycan dilinin tarixi dialektologiyasının yaradılması zərurətini dilçiliyimizdə ilk dəfə olaraq M.Cahangirov irəli sürmüşdür. O, türk dillərinin dialektologiyası məsələləri üzrə III məhəlli müşavirədəki çıxışında tarixi dialektologiya barəsində demişdir: “Etiraf edilməlidir ki, bizdə dialektologiyanın bu sahəsi ilə, demək olar ki, heç kəs məşğul deyil, halbuki klassiklərimizin – bədii söz ustalarımızın əsərlərində ayrı-ayrı dialekt və şivələrə aid zəngin material var. Bunların ayırd edilməsi, dil faktlarından hansının ümumi ədəbi dilə (az-çox ümumi ədəbi dilə), hansılarının isə dialekt və şivələrə (daha dəqiq olaraq hansı dialekt və şivəyə) aid olduğunu müəyyənləşdirmək çox ciddi və maraqlı problemdir. Bunları aydınlaşdırmadan nə mükəmməl dil tarixi yaranar, nə də tarixi dialektologiya hazırlana bilər” . M.Rəhimovun türk dillərinin dialektologiyası məsələləri üzrə V müşavirədəki məruzəsi türk dillərinin tarixi dialektologiyası məsələlərinə həsr olunmuşdu. Məruzədə türk dillərinin tarixi dialektologiyasının yaradılması çətinlikləri, yazılı abidələrin dilində dialekt xüsusiyyətlərinin müəyyənləşdirilməsi yolları və tarixi dialektologiyanın mənbələri ilə əlaqədar dəyərli fikirlər irəli sürülür. Müəllifin fikrincə, tarixi dialektologiyanın uğurlu tədqiqatı üçün xalqın tarixini nəzərə almaqla ədəbi dilin inkişafının ayrı-ayrı dövrlərində dialektlərin məhəlli dil təsnifatını müəyyənləşdirmək lazımdır .
M.Şirəliyev tarixi dialektologiyanın yaradılmasını Azərbaycan dilçiliyinin qarşısında duran vəzifələr sırasında qeyd edir: “Azərbaycan dilinin tarixi dialektologiyası sahəsində tədqiqatlar aparılmalıdır. Bunun üçün dialektoloqlarımız XI əsrdə başlamış əlyazmalarını dərindən araşdırmalı, əlyazmalarının hansı qəbilə, tayfa dialektləri əsasında yazıldığını aşkar etməlidirlər” . Bir neçə il sonra o yenə Azərbaycan dilinin tarixi dialektologiyasının yaradılmasını Azərbaycan dialektologiyasının əsas vəzifələri sırasına daxil edir. Azərbaycan dilinin tarixi dialektologiyasının yaradılması yolunda real təşəbbüslər 1976-cı ildən başlamışdır.
Azərbaycan dili dialektlərinin monoqrafik öyrənilmə və dil tarixi abidələrinin tədqiq səviyyəsi imkan verir ki, bu dilçilik nailiyyəti zəminində tarix və ümumi türkologiya kimi elm sahələrinin köməyinə arxalanaraq Azərbaycan dilinin tarixi dialektologiyasının yaradılmasına başlanılsın.
ƏDƏBİYYAT
1. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. “Şərq-Qərb”, Bakı, 2008
2. M.Məmmədli.Azərbaycan dialektologiyası. “Zərdabi Nəşr”MMC, Bakı, 2019,352 səh
3. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. “Elm və Təhsil” nəşriyyatı,Bakı, 2016
4. Vəliyeva G. Azərbaycan dialektologiyası(dərs vəsaiti). “Elm və Təhsil”
nəşriyyatı, Bakı, 2014
Dostları ilə paylaş: |