Müəllim:Rəsulova Aytən
Kurs,qrup: 1 kurs,Tibb bacısı 4
Tələbə:
Mövzu: Dərman maddələrinin orqanizmə yeridilmə yolları
Dərman maddələri orqanizmə müxtəlif yollarla yeridilir ki, bunlar da ümumi şəkildə enteral (mədə-bağırsaq sistemi vasitəsilə) və parenteral (mədə-bağırsaq sistemindən kənar yollarla) olmaqla iki qrupa bölünür.
ENTERAL YERİTMƏ YOLLARI Peroral yol — dərman maddələrinin ağızdan (Peros) qəbul edilməsidir. Bu yolla orqanizmə maye və bərk dərman formaları qəbul edilir. Üsul sadədir, ağrısızdır və xəstə üçün əlverişlidir. Bu zaman toxumaların tamlıg1 pozulmur. Xəstə bu üsulla dərman maddəsini həkimin müdaxiləsi olmadan asanlıqla qəbul edə bilir. Lakin dərman maddələrinin peroral yolla orqanizmə yeridilməsini məhdudlaşdıran cəhətlər də vardır. Bu yolla ara verməyən qusma zamanı və huşsuzluq vəziyyətində xəstələrin orqanizminə dərman maddələrini yeritmək mümkün deyildir. Peroral yolla orqanizmə yeridilən dərman maddəsi qana bir qədər gec sorulur və yalınız 15-40 dəq sonra təsir göstərir. Xəstəyə təcili yardım göstərmək lazım olduğu hallarda bu üsul səmərəli deyildir. Belə hallarda preparatın çox qısa müddətdə qanda, sonra isə müxtəlif orqanlarda lazım olan konsentrasiyasını yaratmağa imkan verən parenteral yeritmə üsulundan (əksər hallarda venaya yeritmədən) istifadə edilir.
Bəzi dərman maddələri mədə-bağırsaq sistemindən çox pis sorulur (streptomisin, maqnezium sulfat və s.) yaxud heç sorulmur, bəziləri isə mədə şirəsinin təsirindən asanlıqla parçalanaraq (məs., insulin, adrenalin, benzilpenisillin və s.) müalicəvi xassələrini itirir. Belə dərman maddələrini rezorbitiv təsir (dərmanın qana sorulduqdan sonra orqanizmə göstərdiyi ümumi təsir) məqsədilə daxilə təyin etmək səmərəli deyildir. Mədədə olan qida kütləsi də dərman maddələrinin sorulmasını çətinləşdirir.
Bu səbəbdən mədə-bağırsaq sisteminin selikli qişasına qıcıqlandırıcı təsir göstərməyən dərman maddələrini yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək məqsədəuyğundur.Mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandıran (məs. analgin, aspirin və s.) dərman maddələrini su və ya südlə içmək, yemək zamanı, yaxud yeməkdən dərhal sonra qəbul etmək məsləhət görülür. Məde-bağırsaq sistemi sağlam olmayan xəstələrə belə dərmanların peroral yolla təyin olunması əks göstərişdir.