Garayli orxan baloglan oğlu (magistrin a a. s.)



Yüklə 1,66 Mb.
səhifə1/6
tarix06.02.2017
ölçüsü1,66 Mb.
#7739
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
MAGİSTR HAZIRLIĞI MƏRKƏZİ

Əlyazması hüququnda


GARAYLI ORXAN BALOGLAN OĞLU

(magistrin a.a.s.)
«AZƏRBAYCANIN İRİ BİZNES STRUKTURLARININ XARİCİ-İQTİSADİ FƏALİYYƏTİ»

(mövzu)


MAGİSTR DİSSERTASİYASI
İstiqamət 010000 İqtisadiyyat

(şifr) (adı)
İxtisas 010001 Beynəlxalq iqtisadi münasibətləri

(şifr) (adı)
Elmi rəhbər: Magistr proqramının rəhbəri

i.e.n., dos. М.İ. Bərxudarov dos. M.Cəmilov
Kafedra müdiri: i.e.d., prof. Ş.H.Hacıyev
БАКУ – 2016

MÜNDƏRİCAT:


GİRİŞ 4

Fəsİl 1. İrİ Bİznesİn xarİcİ İqTİSADİ FƏALİYYƏTİNİN nəzərİ-metOdolojİ əsasları 7

1.1. Sahibkarlıq fəaliyyətə müasir yanaşmaların konseptual qiymətləndirilməsi 7

1.2. İri sahibkarlıq strukturlarının xarici iqtisadi fəaliyyət xüsusiyyətləri 17

1.3. Ölkənin sosial-iqtisadi inkişaf prosesində biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin rolu 34



II FƏSİL. Azərbaycanda İrİ BİZNES strukturlarının funksİonal mexanİzmİnİn və xarİcİ İqtİsadİ fəalİyyətİnİn kompleks qİymətləndİrİlməsİ 43

2.1. İri biznes strukturlarının fəaliyyətinin empirik qiymətləndirilməsi 43

2.2. Korporasiyaların strukturlaşma təmayüllərinin təhlili və onların xarici iqtisadi fəaliyyətinin tədqiqi 53

2.3. İri biznes strukturlarının inkişafının bazis strategiyaları 58



Fəsil III. Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin genişləndirilməsi zərurəti və inkişaf istiqamətləri 68

3.1. İri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti 68

3.2. Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin davamlı inkişafa təsiri 80

3.3. Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin inkişaf perspektivləri 83



NƏTİCƏ 88

ədəbİyyat 90


GİRİŞ
Qloballaşma dünyanı ra­dikal şəkildə və sürətlə dəyiş­dirir. Artıq insan hüquqları, demokratikləşmə, libe­ral­laşma, eko­loji tarazlıq və sosial ədalət qloballaşma nətiсəsində ümumbəşəri dəyər­lərə çevril­mişlər. Bu da insan inkişafına, onun iqtisadi, sosial və siyasi ideya­larını reallaş­dır­mağa geniş imkanlar açır. Dəyişikliklərin dərinliyi və sürəti on­ların insan və bəşəriy­yət tərəfindən dərkini çətinləşdirmiş və inkişaf koor­dinatlarının yeni adaptiv mexa­nizmlər üzərində qurul­masını zəruri etmişdir. Ölkədə aparılan iqtisadi isla­hatlar məntiqi nəticəyə – bazar münasibətlərinin qərarlaşması əsasında ictimai isteh­salın səmərəli­liyinin və rəqa­bətqabiliyyətliliyinin yüksəldilməsinə gətirib çıxarmalıdır.

İndi Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf mərhələsinə qədəm basır. Bu yolda hərəkətverici qüvvə və inkişafın təminatçısı rolunu yeni əsaslarla qurulmuş iri sahibkarlıq qurumlarının təşkilati-hüquqi və inteqrasiyalaşmış formaları tutma­lıdır. İri sahibkarlıq strukturları həm real, həm də maliyyə sektorunda gedən iqti­sadi pro­seslərə təsir göstərən bütün dəyişənləri istiqamətləndirə bilir. Bizdə təşək­kül tapan iri biznes vahidlərinin qloballaşmış dünya bazarının tələblərinə cavab ver­məsi üçün me­nec­mentin müasir mexanizmlərinin və metodlarının tətbiqi üzrə çox­lu sayda prob­lemlər həll edilməlidir. İşgüzar fəaliyyətin liberallaşması obyektiv təkamül proses­lə­rinin iqtisa­diy­yata sirayət etməsinə zəmin yaratmışdır. Rəqabət mübarizəsində uğur qazanmaq hər bir iqtisadi subyektin iriləşməsinə, genişlənməsinə və universal­laş­masına gə­ti­rib çıxa­rır. Yalnız bu yolla iqtisadi subyekt sərt rəqabət mübarizəsinə tab gətirir və müf­lis­ləş­mədən qorunur. Artıq xırda sahibkarlıqdan – kiçik sahibkarlığa, kiçik sahib­­karlıqdan – orta sahibkarlığa, orta sahibkarlıqdan – iri və nəhəng sahib­karlığa ad­dımlama obyektiv iqtisadi təkamülün bariz nümunəsinə çevrilmişdir.

İri diversifikasiyalaşmış sahibkarlıq strukturları texnoloji tərəqqini, iqtisadi artı­mı, ölkənin iqtisadi təhlükəsizliyini və əhalinin sosial müdafiəsini təmin edir. Miqyas effekti, rəqabət üstünlüyünün əldə olunması, yeni satış bazarlarına çıxış, ticarət və investisiya sədlərinin aradan götürülməsi, riskin aşağı salınması, struktur islahat­la­rı­nın aparılması, elmi-tutumlu layihələrin həyata keçirilməsi, infrastruktur sahələrin in­ki­şaf etdirilməsi, məhz iri biznes strukturları kimi çıxış edən könüllü müqavilə bir­liklərinin (makro- və ya mezobiznes qrupların) – inteqrasiyalaşmış kor­pora­siya­ların, maliyyə-sənaye qrup­larının, holdinqlərin, trastların, konsorsium­ların, konsern­lərin, sindikatların, strateji alyansların və bu kimi digər qurumların təşki­lin­dən ası­lıdır. Müasir iqtisadiyyat dörd səviyyəli insan-müəssisə-müəssisələr birliyi-dövlət mo­deli ilə izah edilir. Modelin I və IV hal­qa­ları demokratik sistemlə əlaqə­ləndirilir. İqtisadiyyatın idarə edilməsinin əsas həl­qəsi kimi inteqrasiyalaşmış müəs­sisələr bir­li­yi çıxış edir. Onlar vasitəsilə texnoloji prosesin ayrı-ayrı funksiya­larını ye­ri­nə yeti­rən müəssisələr arasında sabit və qarşı­lıqlı faydalı müqavilə və əmlak əlaqələri yaranır.

İqtisadiyyatın maliyyə-istehsalat yaşamının bərpasına yönəlmiş müasir institu­sio­nal transformasiyalar yeni mexanizm və üsulların formalaşmasını və istifadəsini tələb edir. Korporativ idarəetmə belə mexanizmlər kateqoriyasından kənara çıxa­raq, sosial məfhuma keçərək sosial-iqtisadi və struktur-maliyyə inkişafın təməli rolunu oynayır. Burada, sadəcə, korporativ prinsiplərlə qurulmuş korporativ struktur, al­yans və asso­siasiyalardan söhbət getmir, əsas məqsəd ölkənin gələcək iqtisa­diyyatının özəyi olan iri korporasiyaların formalaşmasıdır. İri sahibkarlığın xarıcı iqtisadi fəaliy­yəti bilavasitə korporas­i­ya­larda maddiləşir. Onların təşəkkülü və fəaliyyəti isə bütün­lüklə sahibkar­lığı yeni keyfiyyətlər üzrə qərarlaşdırır. Təhlil göstərir ki, yerli iri biz­nes strukturları xarici iqtisadi fəaliyyətindı asan və tez nail olunan məq­səd­lərə istiqamətlənən ənənəvi və bəsit idarəetmə qərarlarından istifadəyə üstün­lük verilir. İstehsalın və idarəetmənin müasir konsepsiyaları və ələl­xü­sus, məhsulun rəqa­bət­qabiliyyətliliyinin artırılması proqramına, təşkilati davranış tip­lərinə, göz­lə­nil­­mə­yən dəyişikliklərə idarəetmə reaksiyalarına, sanasiya, restruktu­ri­zasiya, reinji­ni­rinq, biz­nesin müasir inkişaf strategiyaları və inteqrativ korporativ ka­pitalın for­ma­laşması layihələri demək olar ki, istifadə edilmir. Məhz bu baxımdan iri biznes strukturlarının yerli şəraitdə təşəkkülü, fəaliyyəti və idarə edilməsinin inki­safı prob­lem­lərinin araşdırılması böyük elmi-təcrübəvi əhəmiyyət kəsb edir və bu səbəbdən aktual xarakter daşıyır.

Tədqiqatın məqsədi qlobal­laş­manın, regionlaşmanın və ümummilli vəzifələrin yeni reallıqlarını nəzərə almaqla iri biznes strukturlarının fəaliyyəti haqqında muasir elmi yanaşmaları və kon­sepsiyaları sistemləşdirmək və rəqabətqabiliyyətli, da­yanıqlı və sosial məsuliyyətli iri biznes modeli çərçivəsində şirkətlərin təşkilati-ida­rəetmə, istehsal-maliyyə və kom­mersiya-marketinq potensialından səmərəli isti­fadə üzrə nəzəri və praktiki tək­liflər hazır­la­maq­dır.

Bununla əlaqədar olaraq, tədqiqatda aşağıdakı konkret vəzifələrin yerinə yetiril­­məsi nəzərdə tutulmuşdur:



  • ölkə iqtisadiyyatının transformasiyası konturlarını iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin formalaşması prizmasından öyrənmək;

  • Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin xüsusiy­yətlərinin empirik qiymətləndirilməsini həyata keçirmək və təkmilləşdirmə istiqa­mətlərini üzə çıxar­maq;

  • iri şirkətin beynalxalq bazarlarda rəqabət mübarizəsinin məntiqi əsaslarını və müasir təmayül­lərini aydınlaşdırmaq;

  • iri korporasiyaların potensialının xarici mühitin dəyişkənliyinə uyğunlaş­dı­rılması prosesini araşdırmaq;

  • Azərbaycanın iri biznes strukturlarının xarıcı iqtisadi fəaliyyətinin inkişaf etdirilməsi zərurəti və perspektivlərinin əasalandırılması.

Tədqiqatın obyekti kimi Azərbaycanın iri biznes strukturlarının bütövlükdə iqtisadi fəaliyyəti təşkil edir .

Tədqiqatın predmetini ölkədə mövcud olan iri biznes strukturlarının xarici iqtisadi fəaliyyəti və onların müxtəlif modifikasiyalarının fəaliyyəti götürülmüşdür .

Işin nəzəri-metodoloji əsasını Azərbaycanda və digər ölkələr­də iri biznes qurum­larının təşkili, fəaliyyəti və tənzimlənməsi sahəsində müasir menec­mentin və iqtisad elminin nəzəriyyə və təcrübəsinin fundamental müddəaları, sosial-institusionalizm cə­rəyanından doğan fikirlər, menecmentin klassik, insani münasi­bətlər, empirik, so­sial sistemlər və strategiya məktəblərinin apardıgı sistem­ləşmələr və elmi ümu­mi­ləş­mələr, respublikamızda və digər postsovet ölkələrində sosial-iqti­sadi islahatların apa­rılması qanunauyğunluğu və dövlətin müva­fiq qa­nun­­vericilik və digər hüquqi aktları təşkil edir.

Fəsİl 1. İrİ Bİznesİn xarİcİ İqTİSADİ FƏALİYYƏTİNİN nəzərİ-metOdolojİ əsasları


1.1. Sahibkarlıq fəaliyyətə müasir yanaşmaların konseptual qiymətləndirilməsi
Sahibkarlıgın təşəkkülü və inkişafı iqtisadi islahatların reallaşması və sivil bazar münasibətlərinin qərarlaşmasının qanunauyğun və obyektiv yoludur. İnsanların bazar münasibətlərinə xas olan müstəqil və sərbəst iqtisadi fəallığı sahibkarlıqla üzə çıxır. Sahibkarlıq sektoru ona dövlət tərəfindən lazımi qayğı göstərilməsi şərti elə bir işgü­zarlıq atmosferini formalaşdırır ki, bunsuz şəxsi marağa və istehsalçıların təşəbbü­sünə əsaslanan bazar iqtisadiyyatı mümkün deyildir. Sahibkarlıq azadlığı demokrati­yaya xas olan əlamətdir. Cəmiyyətin demokratikləşmə səviyyəsi sahibkara verilən fəaliyyət azadlıqları ilə səciyyələnir. Bazar iqtisadiyyatlı demokratik cəmiyyət sahib­karlıq fəaliyyətinin azad inkişafına təminat verir. Sahibkarlığın azadlığı – sahibkarın mənfəətə can atmasına cəmiyyət tərəfindən minimum məhdudiyyət qoyulması ilə bağlıdır. Nə qədər az məhdudiyyət qoyularsa, bir o qədər də çox sahibkarlıq cəmiy­yətə xidmət göstərər.

Sahibkarlıq fəaliyyətinin qərarlaşması orta əsrlərə təsadüf edir. Bu o dövrlər idi ki, artıq iqtisadi fəaliyyətin müxtəlif sahələrində özünəməxsusluq, şəxsi təsərrüfat kimi anlayışlar formalaşırdı.

Sahibkarlığın ilkin təmsilçiləri tacirlər, sənətkarlar və missionerliklə məşğul olan şəxslər olmuşdur.

XVI əsrdə sahibkarlığın inkişafına təkan verən səhmdar cəmiyyətlər meydana çıxmağa başlayır. XVII əsrin axırlarında ilk səhmdar banklar qərarlaşdı. İşgüzar fəaliy­yətin səhmdar cəmiyyətlər forması həmin dövrlərdə dünyanın bir çox ölkələ­rində geniş vüsət almışdır. Əvvəllər nəhəng ailə müəssisələri şəklində fəaliyyət gös­tərən qurumlar artıq yüz və hətta minlərlə payçının iştirakının təmsil olunduğu şirkət­lərə çevrilirdilər.

Dünya şöhrətli böyük şairimiz N.Gəncəvi əməyin yüksək nəticələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması ideyasını irəli sürmüşdür. O, tacirlərə, alqı-satqı ilə məşğul olanlara, şəriət və ədalət qanunları ilə sövdələşməyi tövsiyə edir. Həm də onların dükanlarının, mallarının oğurluqlardan qorumağı da dövlət məmurlarının vəzifəsi hesab edir.

Lakin sahibkarlığın əhəmiyyəti, rolu haqqında danışmazdan əvvəl bu anlayışın nə demək olduğunu – onun mahiyyətini aydınlaşdırmağa çalışaq.

Sosial-iqtisadi anlayış kimi sahibkarlıq geniş ölçüdə ictimai münasibətləri özün­də əks etdirir. Burada, öz növbəsində hüquqi-psixoloji və tarixi cəhətlər də ifadə olun­muşdur. İqtisadi təbiətinə görə sahibkarlığa bir-biri ilə dialektik vəhdət təşkil edən iki tə­rəf­dən yanaşmaq olar: ümumi iqtisadi mahiyyətinə görə və spesifik sosial forma kimi. Sahibkarlığın ümumiqtisadi mahiyyəti ondan ibarətdir ki, o təsərrüfat fəaliy­yətinin müxtəlif cəhətlərini özündə birləşdirir. Sahibkarlığı həm iqtisadi kateqoriya kimi, təsərrüfatçılıq metodu kimi, həm də iqtisadi təfəkkür növü kimi təsəvvür etmək olar.

Sahibkarlıq fəaliyyətinin mahiyyətini müəyyən etmək üçün, hər şeydən əvvəl onun subyekt və obyektlərini müəyyənləşdirək. Sahibkarlığın subyekti iqtisadi fəaliyyətin müxtəlif iştirakçıları, hər şeydən əvvəl ayrı-ayrı fərdlər (hüquqi və fiziki şəxslər) ola bilər. Bu zaman fərdi sahibkarın fəaliyyəti öz əmək məsrəflərinə və ya muzdlu əməkdən istifadəyə əsaslana bilər. Sahibkarlıq fəaliyyəti, həmçinin bir-biri ilə müəyyən müqavilə öhdəlikləri və iqtisadi marağa bağlı olan bir qrup şəxslər tərəfin­dən də həyata keçirilə bilər. Qrup sahibkarlıq fərdi sahibkarlığa nisbətən daha geniş miqyaslı məsələləri həll etməyə imkan verir. Qrup sahibkarlığın subyektləri kimi müxtəlif növ assosiasiyalar çıxış edir. Səhmdar cəmiyyətlər, məhdud məsuliy­yətli cəmiyyətlər, tam və qarışıq ortaqlıqlar və s.

Sahibkarlığın potensial imkanlarının qiymətləndirilməsi və onun proqnoz­laşdırılması üçün sahibkarlığın nominal və real subyektlərinin ayrılması, məncə, az əhəmiyyət kəsb etmir. Sahibkarlığın nominal subyektlərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan hər bir şəxs aid edilir. Lakin bu cür imkandan heç də hamı istifadə edə bilmir. Sahibkarlığın real subyektinə bu fəaliyyəti həyata keçirməyə imkanı olan, hər şeydən əvvəl kapitalı olan şəxslər aid edilir. Biznes mühitini, məhz onlar yaradır və inkişaf etdirir.

Ümumiyyətlə götürsək, sahibkarlığın obyekti müəyyən fəaliyyət növüdür. Lakin bu fəaliyyət növünün xarakteristik xüsusiyyəti nədən ibarətdir?

Sahibkarlıq fəaliyyətinin maddi nəticəsi müəyyən məhsul (xidmət və ya iş) növündə və buna uyğun kəsikdə ifadə olunur. Bu kəsiyin həcmi sahibkarın fəaliyyəti necə təşkil etməsindən və fəaliyyətə təsir edən uyğun amilləri nə dərəcədə nəzərə almasından asılıdır. Təşkiletmə dərəcəsi, öz növbəsində müxtəlif resursların kombi­na­siyasının xarakteri ilə müəyyən edilir. Bu Şumpeterə görə aşağıdakıları əhatə edir: yeni məhsulların və ya bu və ya digər məhsulun yeni keyfiyyətdə istehsalı; istehsalın təşkilinin yeni metodlarının tətbiqi; yeni satış bazarlarının mənimsənilməsi; yeni xam­mal, yarımfabrikat və komplektləşdirici hissələr mənbələrinin müəyyən edilməsi; yeni istehsal metodlarının tətbiqi. Onun fikrincə, sahib­karlıq dina­mik qeyri-müəyyənliklə əlaqədardır. Qeyri-müəyyənlik isə innovasiyaya arxalanır. İqtisadi dəyişikliklər innovasiyadan asılıdır. İnnovasiyanın reallaşdırıcısı isə inno­vator kimi çıxış edən sahibkardır. Əgər R.Kantelyon sahibkara vasitəçi kimi, A.Smit isə hər hansı bir kommersiya ideyasının reallaşması və mənfəət naminə risk edən mülkiyyətçi kimi baxırdısa, Sumpeter göstərirdi ki, sahibkar kimi təkcə fiziki şəxs deyil, həm də insan qrupu, təkcə mülkiyyətçi deyil, həm də muzdlu menecer də çıxış edə bilər. Özü də sahibkar statusu daimi deyildir – yalnız innovator rolunu oynadıqda bazar iqtisadiyyatının subyekti sahibkardır. A.Tyunen sahibkarı xüsusi keyfiyyətləri olan, yəni risk edə bilən, qeyri-standart qərarlar qəbul etməyi bacaran və öz hərəkət­lərinə cavab verməyi bacaran şəxs kimi görürdü. Məhz bu keyfiyyətlərə görə sahib­kar planlaşdırılmayan gəlir götürməyə namizəddir. F.Nayt bu fikri inkişaf etdirərək göstərmişdir ki, sahibkar – gəliri gözlənilən və real gəlir arasındakı fərqdir. Gələcəyin qeyri-müəyyənliyinə baxmayaraq sahibkar istehsalın və satışın əsas inkişaf para­metr­lərini tapmaqla əlavə kommersiya effekti ala bilər O, sahibkarın ümumi obrazını yaradaraq onu belə təsəvvür edir: birinci növbədə o, hadisələrə xüsusi baxışı olan bir şəxsdir. Onun üçün bilikli olmaqdan çox möhkəm iradəlik, reallığın müəyyən anlarını ayıra bilmək və onları real şəkildə görə bilmək bacarığı daha vacibdir. İkinci, o qeyri-müəyyənliklərdən və mümkün müqavimət­lərdən qorxmayaraq təkbaşına hərəkət etməyi bacarmalıdır. Üçüncüsü, o başqa şəxslərə təsir etməyi bacarmalıdır, yəni hörmətə, nüfuza malik olmalı, tabe etdirməyi bacarmalıdır.

Nobel mükafatı laureatı Fridrix Fon Xayek (1899-1984) bu problemə başqa aspektdən baxırdı. Onun fikrincə, sahibkarlığın əsas mahiyyəti yeni iqtisadi imkanları axtarıb tapmaqdan və yeni fəaliyyətdən ibarət olmalıdır. Sahibkarlığın elmi izahına ən böyük töhfələrdən birini məşhur Amerika alimi P.Druker vermişdir. Drukerin fikrincə, müəssisə sahibkarlıq sayılır, ona görə yox ki, o, kiçikdir və ya yenidir, ona görə ki, onun fəaliyyəti nəticəsində əmələ gələn mal xüsusi xarakterə malik olaraq, bazarda böyük tələbat yaradır, subyekt ətrafında geniş istehlakçı mühiti yarada bilir.

P.Druker qeyd edir ki, sahibkarlığı heç də incəsənət və ya elmə aid etmək lazım de­yildir, çünki, o konkret praktiki fəaliyyətdir. Əlbəttə, sahibkarlıq öz bilik bazasına ma­likdir. Ancaq, bu ona uğurlara çatmaq üçün lazımdır. Bununla belə bəzi müasir iq­tisadçılar sahibkarlığa xüsusi vergili istedadlılıq kimi də baxırlar. Onun yazdığına gö­rə sahibkar o şəxsdir ki, o, bütün imkanlardan maksimum gəlir götürmək məqsədi güdür. A.Şapiro isə yazırdı ki, bütün sahibkarlıq fəaliyyətləri aşağıdakı kimi xarakterizə olunmalıdır: 1) təşəbbüskarlıq elementi; 2) mövcud resurs və imkanlardan düzgün istifadəni optimallaşdırmaq üçün sosial-iqtisadi mexanizmlərin təşkili və yenidən qurulması işlərini həyata keçirmək; 3) gözlənilən məğlubiyyətlərdə riskli hərəkət etmək üçün bütün məsuliyyəti öz üzərinə götürmək.

Göründüyü kimi Şapironun sahibkarlığı belə qiymətləndirməsində iqtisadi, şəxsiyyəti və idarəetmə istiqamətlərini əks etdirən fikirləri tapmaq çətin deyildir.

Yuxarıda söylənilənlərdən belə çıxır ki, sahibkar təkrar istehsalın subyektiv faktoru olaraq, təşəbbüskarlıq və yenilik əsasında iqtisadi məsuliyyətlərdən qorxma­yaraq riskə gedir və əlavə qazanc əldə etmək üçün xüsusi şəkildə istehsal amillərini birləşdirir. Sahibkarlıq mülkiyyətçi və ya menecer tərəfindən yerinə yetirilən funk­siyadır. Başqa sözlə, sahibkarlıq – biznesin təşkili prosesidir, deməli, biznesin əvvə­lində həmişə sahibkarlıq, yəni biznesin təşkili dayanır. Biznesin təşkili isə həmişə yeniliklə bağlıdır: yeni müəssisə qurduqda, yeni bazar seqmentinə çıxdıqda, yeni məhsul hazırladıqda və mənimsədikdə, yeni texnologiya və iş sistemi tətbiq etdikdə, qısası, mülkiyyətçi və ya menecer bizneslə bağlı yeni qərar qəbul etdikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq sahibkar kimi çıxış edir. Sahibkarlığın maddiləşməsi – yenilikçi üçün artıq fasiləsiz, daim təkrarlanan prosesə çevrilməsi artıq biznesdir.

P.Drukerə görə biznesi xarici resursların və ələlxüsus bilikləri, xarici nəticələrə – iqtisadi dəyərlərə çevirən proses kimi baxmaq lazımdır. Nə nəticələr, nə də resurslar biznesin daxilində mövcud deyildir. Nəticələr əlverişli şəraitlərdən istifadə etməklə əldə olunur. Nəticələrin əldə olunması üçün resurslar əlverişli şəraitlərdən istifadə olunmağa istiqamətlənməlidir.

Biznesin sonunda kommersiya sövdələşməsi, mübadilə-bazar dayanmalıdır. Hər hansı işin əvvəlində sahibkarlıq, sonunda isə qazanc əldə etmək üçün alqı-satqı durur­sa, o, biznesə çevrilir. Yalnız hər hansı işgüzar fəaliyyətin qurulmasında sahibkarlıq edəni biznesmen adlandırmaq olar.

Təsərrüfatçılıq funksiyası kimi sahibkarlıq bir sıra ümumi xüsusiyyətlərə (cə­hətlərə) malikdir. Bu xüsusiyyətlərə, birinci növbədə təsərrüfat subyektlərinin müstə­qilliyi daxildir. Sahibkar mövcud hüquq normalarına əsaslanan bütün qərarların qə­bulunda sərbəstdir. Arzusu və kapitalı olan hər bir kəs müəyyən mülkiyyət formasına əsaslanan şəxsi istehsalını təşkil etmək hüququna malikdir. Dövlət ilə sahibkarlığın və digər vətəndaş birlikləri ilə (istehlakçıların hüquqlarının qorunması, ekologiyanın mühafizəsi və s. təşkilatlar) sahibkarlığın münasibət­lərinin nizama salınması cəmiy­yətlə sahibkarlığın münasibətlərini tənzimləyən əsas prinsiplərdən asılıdır. Həmin prinsiplər bunlardır: xüsusi mülkiyyətin və şəxsiyyət azadlığının toxunulmazlığının əsas dəyərələrə çevrilməsinə şərait yaradan sosial mühitin yaradılması; “nə istehsal etməlidir? Nə satmalıdır? Nə qədər məhsul olmalıdır?” suallarının sahibkar tərəfindən müəyyən edilməsi; istehsal amillərinin mütləq mobilliyinin təmin olunması üçün cəmiyyət tərə­findən müvafiq iqtisadi mühitin yaradılması; sahibkarın istədiyi bazara girmə və çıxma imkanının olması. Yəni, sahibkarın geniş diversifikasiya diapazonunun olması; rəqabət mübarizəsi iştirakçılarının bir-birlərinin əvvəlcədən hansı qərar qəbul edəcəyini bilmə imkanından məhrum olması.

Göründüyü kimi, iqtisadiyyatda mütləq azadlıq yoxdur. İstənilən sahibkar bazardan və onun sərt tələblərindən asılıdır.

İqtisadi maraq prinsipi iqtisadi müstəqillik ilə sıx əlaqədardır. Gəlirlərin maksi­mumlaşdırılması sahibkarlıq fəaliyyətinin hərəkətverici amillərindən biridir. Məhz buna görə müəyyən bir biznes təşkil edilir və miqyası genişləndirilir. Lakin şəxsi marağı eqoizmlə qarışdırmaq olmaz. Əmtəə istehsalının dialektikası elədir ki, təsər­rüfat subyekti öz şəxsi marağını əsas götürsə də, son nəticədə onun fəaliyyəti ictimai məqsədlərin həyata keçirilməsinə yönəlir, o cəmiyyət üçün işləyir (bu cür asılılığa hələ A.Smit də diqqət yetirmişdir).

Sahibkarlığı yeniliklərsiz - yaradıcı axtarışlarsız təsəvvür etmək mümkün deyil. Sərt rəqabət mübarizəsi şəraitində yalnız qiymətləri və heç nəyi dəyişmədən mənfəəti artırmaq olmaz. Yalnız yüksək keyfiyyətli məhsula olan, onu daim təkmil­ləşdirən və aşağı istehsal xərclərinə malik olan rəqabət mübarizəsinə tab gətirə bilər. Buna görə də həmişə yeni texnologiya, xammal, satış bazarları və istehsalı təkmil­ləşdirmək haqqında düşünmək lazım gəlir.

Buna uyğun, şərti olaraq sahibkarlıq davranışının iki modelini ayırırlar: klassik və innovasiyalı. Klassik davranışın xarakterik cəhəti odur ki, sahibkar öz fəaliy­yətini işgüzar təşkilatın malik olduğu resurslardan tam (maksimum) istifadəyə əsas­lanmaqla təşkil edir. Resurslara istiqamətlənmiş davranış tipi həll olunan məsələləri mövcud resurslara uyğunlaşdırır və resurslardan istifadə də daha çox effektivliyi təmin edən məqsədəçatma vasitələrinə üstünlük verir, sahibkarlığı ikinci maddi resurslara deyil, imkanlara istiqamətləndirir.

Sahibkar qarşıya qoyulmuş məqsədə çatmaq üçün kifayət qədər resursa malik olmaya bilər. Buna görə də o, istehsalın inkişafı üçün istənilən imkandan istifadə edir. Alternativ mənbələrin axtarılması üçün xarici mühit öyrənilir. Özünün malik olduğu və xarici resursları cəlb etməklə, sahibkar istehsalın inkişafının daha faydalı vasitə­lərinə üstünlük verir.

Sahibkarlığa xas olan xarakterik cəhətlərdən biri də praktiki olaraq daim mövcud olan sahibkar riski və məsuliyyətdir. Bu anlayışlar eyni olmasa da bir-biri ilə sıx əlaqədardır. Risk qeyri-müəyyənlik, hər şeyi qabaqcadan görməklə əlaqədardır. Ən dəqiq hesablamalar və proqnozlar vasitəsilə də qabaqcadan hər şeyi görə bilməmək amilini aradan qaldırmaq mümkün deyildir. Heç də başlanılan bütün işlər sahibkar üçün müvəffəqiyyətli olmur. Məsələn, ABŞ-da yeni yaradılan firmaların, demək olar ki, yarısı öz fəaliyyətlərinin birinci ilində işgüzar əməliyyatların az gəlirliliyi üzündən bağlanır və ya iflasa uğrayır. Lakin bu da faktdır ki, Amerika milyonerlərinin 90%-i öz şəxsi biznesləri hesabına bu səviyyəyə çıxmışlar.

Məsuliyyətə gəldikdə isə, o, konkret olaraq məlumdur və onu uyğun göstəricilər vasitəsilə, kifayət qədər dəqiq ifadə etmək olar. Fikrimizcə, cəmiyyətə münasibətdə sahibkarlıq hüquqi və sosial məsuliyyət daşıyır.

Hüquqi məsuliyyət özündə iki vəzifəni birləşdirir.



1. Qanunlara riayət olunması vəzifəsi. Sahibkarlıq fəaliyyəti konstitusiyaya və digər qanunverici aktlara zidd olmamalıdır.

2. Bağlanmış müqavilə şərtlərinin yerinə yetirilməsi vəzifəsi. Alqı-satqı müqa­viləsində olan şərtlər sahibkarla muzdlu işçi arasında bağlanmış müqavilə şərtlə­rindən, podrat, vasitəçi və digər müqavilələrdə olan şərtlərdən fərqlənmir, lakin bu şərtlərin hamısının yerinə yetirilməsinə başlanılır.

Sosial məsuliyyət isə özündə: etikanın qızıl qaydasının, ədalətliyin, utilitarizmin və insan haqlarının gözlə­nilməsini; ətraf mühitin qorunmasını, yəni qeyri-ekoloji məhsulların istehsalının dayan­dırılmasını; qadınlara, qocalara, uşaqlara və milli azlıqlara qarşı hüquq bərabərliyinin po­zul­masının (ayrı-seçkiliyin) olmamasını; istehlakçılar, investorlar və firma əməkdaşları haqlarının gözlənilməsini birləşdirir.

Bəzi hallarda sahibkarlığın xarakterik cəhətlərinə istehsal vasitələri üzərində mül­kiyyət hüququnun mövcudluğunu da aid edirlər. Lakin sahibkar həmişə mülkiy­yət­çidirmi? Hələ XIX əsrdə kapital mülkiyyətçisi ilə kapital idarəedicisi funksi­ya­sı­nın ayrılması baş vermişdir. Qərarların qəbulu prosesi daha tez-tez kapital mülkiy­yətçisindən kapital idarəedicisinə keçirdi. Bu ənənə səhmdar cəmiyyətlərin yaran­ması ilə daha da gücləndi. Fərdi müəssisələrdə, həmişə olduğu kimi, bu gün də mül­kiyyətçi həm də sahibkardır. Lakin müasir cəmiyyətdə korporasiyalar üstünlük təş­kil edir. Korporativ sahibkarlıq onunla xarakterizə olunur ki, təşkilati-texniki rəh­bərlik mülkiyyətçidən onun səlahiyyətli nümayəndəsinə – menecerə keçir. Nəticə etibarilə sahibkar və mülkiyyətçi arasında ciddi əlaqə, bağlılıq yoxdur. Buna görə də mül­kiyyət obyektlərinin mövcudluğu sahibkarlığın bir o qədər də əsas cəhəti deyildir.

Sahibkarın müasir portretinin yaradılmasında «Manber and kompani» firması, beynəlxalq inkişaf üzrə Amerika Agentliyinin və ABŞ Milli Elmi Fondu tərəfindən işlənib hazırlanmış «sahibkar profilinin» müəyyən edilməsi üzrə beşillik layihə maraq doğurur. Bu tədqiqatın metodikası Amerika İdarəetmə Assosiasiyası tərəfindən müxtəlif ölkələrdə sahibkarlıq potensialının aşkar edilməsi üçün istifadə edilir.

Tədqiqatlar müvəffəqiyyət qazanan sahibkarın daim nümayiş etdirdikləri şəxsi xarakteristikalarını (keyfiyyətlərini) müəyyən etməyə imkan verməlidir. Bunlardan 10 ən vacibini sayaq: imkanların axtarılması və təşəbbüskarlıq (sahibkar yeni və həyata keçirilməmiş işgüzar imkanlardan istifadə edir; şəraiti qabaqlamaqla hərəkət edir); inadkarlılıq və təkidlilik (maneələri aşmaq üçün dəfələrlə səy göstərməyə hazırdır; məqsədə çatmaq üçün daima strategiyada və taktikada düzəlişlər edir); risk etməyə hazırlılıq (orta risk ilə əlaqədar situasiyaları üstün tutur: riski azaltmağın və nəticələrə nəzarət etməyin qayğısına qalır); səmərəliliyə və keyfiyyətə istiqamət­lən­mə (məhsul və xidmətləri yaxşı, tez və ucuz hazırlamaq yollarını axtarması; səmə­rəlilik standartlarının yaxşılaşdırılması və təkmilləşməsinə çalışır); məqsədyönlülük (məqsədlərini aydın müəyyən edir, uzaqgörəndir, qısa dövr üçün olan vəzifələrdə daim düzəlişlər edir); işgüzar münasibətlərə cəlb olunma (bütün məsuliyyəti öz üzə­rinə götürür və işin yerinə yetirilməsi üçün şəxsi qurbanlara yol verir); daim məlu­matlı olmağa, məsələlərdən hali olmağa can atma (müxtəlif tərəfdaş­lar haqqında in­for­masiya toplayır, bunun üçün şəxsi və işgüzar əlaqələrdən istifadə edir); siste­matik planlaşdırma və nəzarət (əsas və alt vəzifələri ayırmağı planlaşdırır; maliyyə göstə­ricilərini izləyir və qərarların qəbulu zamanı onlara əsaslanır); inandırmaq və əlaqələr yaratmaq bacarığı (inandırma metodlarına insanlara təsir vasitəsi kimi baxır; işgüzar və şəxsi əlaqələrdən məqsədəçatma vasitələri kimi istifadə edir); sərbəstlik və özünə inam (digər şəxslər tərəfindən idarə edilməkdən və nəza­rətdən azad olmağa çalışır; müvəffəqiyyətsizliklə və ya qarşıdurma ilə qarşılaşdıqda yalnız özünə arxalanır; özünün çətin vəzifələri yerinə yetirmək qabiliyyətinə malik olmasına inanır).

Sahibkarlıq cəmiyyətin sosial-iqtisadi həyatının mərkəzi funksiyalarından biridir və onun fəaliyyətinin hərəkətverici motivi son nəticədə gəlir əldə etmək imkanıdır. Lakin bununla bərabər, əsl sahibkar birdən-birə (ani olaraq) öz tələbatlarının artırılmasını birinci növbəli vəzifə hesab etmir. Sahibkar əldə etdiyi gəlirin böyük bir hissəsini daha perspektiv, yüksək inkişaf sürətinə malik və gəlirliliyinə görə ümumi­likdə iqtisadiyyatın orta göstəricilərindən yüksək olan təsərrüfat fəaliyyətlərinə istiqa­mət­ləndirir. Təşəbbüskar sahibkar, beləliklə, gələcək təsərrüfat strukturunu qabaq­cadan öyrənməyə çalışan kəşfiyyatçı rolunda çıxış edir.

Sahibkarlığın baxdığımız bütün tərəfləri bir-biri ilə sıx əlaqədardır və eyni zamanda fəaliyyət göstərirlər. Bu fəaliyyətin sosial özünəməxsusluğu onun xarakteri və mütəşəkkillik dərəcəsi ilə müəyyən olunur.

Sahibkarlıq fəaliyyətinin müvəffəqiyyətlə inkişaf etməsi üçün hər şeydən əvvəl müvafiq sosial-iqtisadi mühit formalaşmalıdır. Ayrı-ayrı ölkələrin spesifikasına bax­mayaraq bu mühitin yaradılmasına aşağıdakılar aiddir: 1. Dövlətin sahibkarlığın mü­dafiəsinə yönəldilmiş stabil iqtisadi və sosial siya­səti; 2. Yeni müəssisələrin yara­dıl­ması və ya onların genişləndirilməsinə hərəkət­verici stimullar yaradan güzəştli vergi sistemi; 3. Sahibkarlığı müdafiə edən mükəmməl infrastrukturun mövcudluğu (dövlət və xüsusi biznes hesabına maliyyələşdirilən innovasiya və tətbiqi mərkəzlərin, yeni fəaliyyətə başlayan sahibkarlara maliyyə köməyi edən ixtisaslaşmış firmaların – yəni biznes «institutlarının»; idarəetmə, marketinq və reklam məsələləri üzrə məsləhətçi mərkəzlərin; sahibkarlığın hazırlığı kurslarının və məktəblərinin mövcudluğu); 4. İn­tel­lektual səviyyəni müdafiə edən effektiv sistemin mövcudluğu; 5. Dövlət or­qanları tərəfindən təsərrüfat fəaliyyətinin tənzimlənməsi prosedu­ra­sının kifayət qədər bürokratiyadan azad edilməsi.

Sahibkarlığın inkişafına psixoloji amillər də təsir göstərir.Təhlil göstərir ki, in­san­ların çox az hissəsi öz xoşu ilə sahibkar olurlar. Sahibkarların əsas kütləsi marjinal təbəqədən çıxır. Marjinallar – cəmiyyətdə formalaşmış ümumi həyat tərzi və stan­dartları, əxlaq və davranış prinsiplərindən, qayda və normalarından kənarda qalmış, həyatın dibinə düşmüş təbəqə kimi tanınır.

Sahibkarlığın inkişaf tarixi göstərir ki, anadangəlmə öz daxili səsinin çağırışı ilə sahibkarlıqla məşğul olanlar, bütünlüklə sahibkarların cüzi hissəsini təşkil edir. Sahibkarların əksəriyyəti isə ehtiyacda yaşayan, daimi yaşamaq uğrunda mübarizə aparan marjinal təbəqənin içərisindən təbii seçim nəticəsində üzə çıxır. Təsadüfi deyildir ki, centlmen adlandırılan ingilis zadəganlarının kiçik oğullarına valideyn var-dövlətindən heç nə çatmadığına görə ya sahibkarlıqla, ya dəniz quldurluğu, ya da Amerika torpaqlarının mənimsənilməsi ilə məşğul olurdular. ABŞ cəmiyyətində sahibkarlıq ruhunun güclü olmasının əsasını elə bu ölkənin bütünlüklə gəlmələrdən, passionarlığı güclü olan marjinallardan əmələ gəlməsi təşkil edir. Yəhudilərin əksər ölkələrin, türklərin AFR-in, çinli və kubalıların ABŞ-ın, Şimali Afrika ölkələrindən çıxanların Fransanın, pakistanlıların İngiltərənin, azərbaycanlilarin Rusiya və digər MDB ölkələrinin biznes sferasında əhəmiyyətli rol oynaması da onların bu ölkələrdə marjinal təbəqəyə aid psixologiya daşıyıcıları olmalarıdır. Adətən gəlmələr yerli adət-ənənələri, davranış normalarını bilmədiklərinə görə onları asanlıqla pozmağı baca­rırlar. Onlar hökumət, ordu, mədəniyyət və təhsil sistemində yer tapa bilmədiklərinə görə kiçik biznesə qurşanma ehtiyacında qalır və etnik sahibkarlığı inkişaf etdirirlər.

Hər bir cəmiyyət az və ya çox normalar və ənənələr sistemi üzərində qurulur. Sahibkarlar da bu normaları, adət və ənənələri pozmağı, tapdayıb keçməyə cəsarəti olan adamlardan çıxır. Yəni, adətən hakim adət və ənənələrdən xəbəri olmayan və ya onlarla əlaqəsi olmayan «özgələr» və ya «dikbaşlar» sahibkarlar kimi çıxış edirlər. Bu sahibkarlar tipinə aid olanlar eqoistlərdir. Onlar öz ideyalarına qulluq edirlər və bunu öz daxili borcları hesab edirlər.

Sahibkar yerli cəmiyyətlə az əlaqə saxlayır, normal və kübar həyat tərzinə uy­ğun­laşmır. Ziyalının savada ehtiyacı olan kimi, sahibkarın da xırda alverçi keyfiy­yət­lə­rinə ehtiyacı var. Uğurlu sahibkar əvvəlkilər üçün yeni rəqibdir. İnnovatorlar mar­jinal hesab edilirlər və cəmiyyətdəki normalara riayət etmirlər. Nəticədə sosial mü­hit­də dərin kök salmamış insanlara sahibkarlıqla məşğul olmaq daha asan olur. Mar­ji­nal­lıq sahibkarın şəxsi xarakteristikası kimi deyil, sosial strukturun xarakteri kimi çıxış edir.

Marjinallıq sahibkarları müxtəlif informasiya mənbələrinə və potensial alıcılara yiyələndirən əlaqələrin xarakteridir. Sahibkarlıq, öz növbəsində marjinal statusuna yiyələnənlər üçün sosial inkişafa şərait yaradır.

Uğurlar yeni məyusluqlar da gətirir. Digər harmonik subyektlərdən fərqli olaraq yüksək maddi imkanlara nail olmuş sahibkar sosial münasibətlərdən təcrid olunaraq marjinala çevrilir və sosial strukturlar tərəfindən «didilmələrə» məruz qalır.

Ənənəvi cəmiyyətlərdə sahibkarlıq heç vaxt sanballı məşğuliyyətə aid edilmirdi, əksinə, sosial təbəqənin aşağı pillələrinə aid edilirdi. Məşğuliyyət sahəsi olaraq insanlar biznesi nüfuzdan fərqli olaraq, digər səbəblər üzündən və əsasən də ehtiyac üzündən seçirlər.

Çağdaş dövrdə Azərbaycan gerçəkliyi göstərir ki, kiçik sahibkarlıqla əsasən marjinal təbəqəyə aid olan işsizlər, qaçqınlar və məcburi köçkünlər məşğuldurlar. Əlbəttə, ölkədə marjinal təbəqənin çox olması mənfi haldır. Lakin bu təbəqədə sahib­karlıq ruhunun yüksəkliyi, dəyanətliyin və yenilikçiliyin güclü olması sahibkarlığın inkişaf etdirilməsinə, iqtisadi böhranın qarşısının alınmasına zəmindir.

Kiçik sahibkarlığın artması iqtisadi böhranın təzahürü, nəticəsi kimi çıxış edir. Sabit iqtisadi artım şəraitində iqtisadiyyatda əsas sözü iri kapitala arxalanan korpo­rasiyalar, maliyyə-sənaye qrupları, holdinqlər, TMK-lar deyir. Deməli, hal-hazırda iqtisadiyyatda əsas məsələ kimi kiçik biznesdə formalaşmış kapitalın təmərküz­ləşməsi əsasında iri sahibkarlığın inkişaf etdirilməsi və marjinallığa söykənmiş sahibkarlıq ruhunun, aktivliyinin və təcavüzkarlığının iri biznesə keçirilməsidir.

Azərbaycanlıların qazanc dalınca digər ölkələrə getməsində də müsbət rüşeym­lə­ri görmək lazımdır. Nəzərə almaq lazımdır ki, miqrasiyaya meyillilik daha qətiy­yətli və riskdən çəkinməyən insanlarda olur. Azla qane olanlar heç miqrasiya haqqında düşünmürlər də. Onlar diğər ölkələrdə marjinal təbəqəyə aid olaraq öz kəskin poten­siallarının reallaşmasını sahibkarlıqda görürlər: yeni istehsalat mədəniy­yəti, ixtisas texnologiyası və sahibkarlıq səriştəsi qazanıb Azərbaycana gətirirlər və gətirəcəklər. Digər tərəfdən, elə bu ölkələrdə gələcək Azərbaycan transmilli kapitalının əsasını qoyurlar (artıq çoxlu sayda azərbaycanlılar Rusiyada, Türkiyədə, Slovakiyada, Uk­ray­nada uğurla iri sahibkarlıqla məşğul olurlar). Özü də fərqi yoxdur Azərbaycanın gələcək transmilli kapitalı harada yaranır: öz vətənimizdə, ya da başqa ölkədə. Önəmlisi odur ki, transmilli kapitalın içərisində azərbaycanlıların və Azərbaycanın payı olsun. Bu ölkəmizin geostrateji maraqlarının qorunması, vətənimizin ümdə problemlərinin (Qarabağ və s.) həll olunması baxımından da sərfəlidir.

Respublikamızda müasir sahibkarlıq sistemini dövlətin geniş köməyilə formalaş­dırmaq lazımdır. Nəinki iqtisadi təşəbbüsün dövlət tərəfindən məhdudlaşdırılması hallarını aradan qaldırmaq, həm də sahibkarlığın təşkilinə dövlət köməyi mühitini for­malaşdırmaq lazımdır. Sahibkarlığı inkişaf etdirməyin strategiyası respublikanın ta­rixi, milli xüsusiyyətlərinə, sosial-iqtisadi və intellektual inkişaf meyillərinə əsaslan­malıdır. Çevik sahibkarlıq quruluşunun formalaşması özündə kiçik, orta və iri sahib­karlığı əlaqələndirən iqtisadiyyatı respublika əhalisinin tələbatlarına və dünya təsər­rüfatının rəqabətli şəraitinə uyğunlaşdırılmasına güclü təsir göstərə bilər. Özü də bu sistemdə özəl və özəl-dövlət tipli iri biznes strukturları əsas rol oynamalıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin