İnklüziv təhsilin normativ- hüquqi bazası 2006-cı il dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərinhüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir. “Əlillərin hüquqları haqqında” Konvensiyanın 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və əlilliyi olan şəxslərin fasiləsiz təhsil almaq imkanını təmin etməlidirlər. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normaların nəzərdə tutulmasına baxmayaraq, inklüziv təhsilə dair müddəalar yer almamışdır. Qeyd olunan Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarının təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunmuşdur. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunmuşdurlar. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006- cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdirilmişdirlər. Regionlarda gözdən əlil və ya kar, sonradan karlaşmış, zəifeşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada yaşayırlar. Hal-hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq vardır. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunmuşdurlar. Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüş, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, həmin müasir tələblərə cavab verən inventar müəssisələr və avadanlıqlarla təchiz edilmişdir. Azərbaycan Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər olmuşdur. Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılmışdır. Layihələrin icrası olaraq 15 ümumi təhsil müəssisəsində, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunmuşdur. Layihələrin icrası dövründə inklüziv təhsilin hüquqi tənzimlənməsində boşluqların mövcudluğu inklüziv təhsilin Azərbaycan Respublikasında tətbiqində çətinliklər yaratmışdır. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsil ilə bağlı görülmüş işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilmişdir. Nəticə etibarilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçmişdir. Bu mərhələdə xüsusi təhsil sahəsində köklü islahatların aparılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunması qaydalarının yenilənməsi, onların ümumi təhsil müəssisəsində inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə tutulmuşdur. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılmışdır. İnklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlər dörd eksperimental məktəbdə uğurla sınaqdan keçirilir. Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması qaydalarının, həmçinin qiymətləndirmə testlərinin olmaması səbəbindən psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən rəy verilməsi zamanı çətinliklər yaranır. Hazırda psixoloji-tibbipedaqoji komissiyaların fəaliyyətinin əsas istiqaməti uşaqların təhsil imkanlarının olubolmaması ilə bağlı seçim etməkdir. Lakin uşaqların təhsil hüquqlarını təmin etmək üçün psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən onların təhsil ehtiyacları müfəssəl qiymətləndirilməli və hər bir uşaq üçün kompleks yanaşmanı təmin edən fərdi inkişaf planı hazırlanmalıdır. Bu səbəbdən də psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətində dəyişikliklər edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilmişdir.