İrticaçı yalana qarşı inqilabi həqiqət Kommünike №5



Yüklə 14,87 Kb.
tarix02.01.2022
ölçüsü14,87 Kb.
#40192
İrticaçı yalana qarşı inqilabi həqiqət


İrticaçı yalana qarşı inqilabi həqiqət
Kommünike №5
Boliviya mədənçilərinə müraciət

Yoldaşlar!


Bizim mədənlərdə yenidən qan - proletar qanı tökülür. O qan ki, şiddətli etirazlara baxmayaraq əsarətçilər əsrlər boyu onu gah içmişlər, gah axıtmışlar.
Amma son vaxtlar bir dönüş nəzərə çarpır: 9 aprel qələbəsində məhz ayağa qalxmış fəhlələr həlledici rol oynamışlar. Həmin gün yeni ümidin şəfəqləri göünmüş və fəhlələr nəhayət inanmışlar ki, özləri öz talelərinin sahibləri ola bilərlər. Təəssüf ki, imperialist maşınının ötürücü qayışları hərəkətə gəlmişdir. Gözü görüb qulağı eşidənlər bir daha əmin olmuşlar ki, sosial inqilab işində yarımçarə tapmaq mümkün deyil. Ayağa qalxan xalq ya bütün hakimiyyəti əlinə alır, ya da bu aralıqda qan töküb, əldə etdiyi bütün uğurlarını itirir.
Mədənçilərin silahlı dəstələri əvvəlcə özlərini ciddi qüvvə kimi göstərmişlər, amma sonra onların monolit cərgələrinə hərəkatın ümumi məqsədini anlamağa qadir olmayan kəndlilər və öz sinfindən uzaq düşmüş elementlər dürtülmüşlər. Nəticədə xalq əleyhdarı olan demaqoqların çox bacarıqla istifadə etdikləri daxili ixtilaflar başlamış, sonda isə uzun caynaqlarını qoyun dərisi altında gizləyən əzişdirilmiş ordu səhnəyə qayıtmışdır.

İlk vaxtlarda azsaylı olan və heç bir təhlükə doğurmayan bu ordu qısa bir zamanda xüsusi olaraq proletariat ilə mübarizəyə köklənən təhlükəli cəza alətinə çevrilmiş və ona güvənərək hərbi çevrilişi dəstəkləyən Boliviya imperializminin sadiq müttəfiqi olmuşdur.


Bu gün biz təkcə fəhlə sinfinin tipik taktiki səhvləri üzündən düçar olduğumuz məğlubiyyətdən sonra gücümüzü toparlamırıq, həm də ölkəni addım-addım Boliviya cəmiyyətinin strukturunu köklü şəkildə dəyişdirəcək total inqilaba hazırlayırıq.
Nəyin bahasına olursa-olsun, taktiki səhvlərə yol verilməməlidir. İnqilabda əbəs yerə ən mübariz proletar kadrlarının həlak olduğu mənasız və qanlı toqquşmalara aparan axmaq ötkəmliyə yox, qəhrəmanlığa yer var.
Bu uzun silhalı mübarizə aylarında gerilya ölkəni silkələdi və Boliviya ordusunu əməlli-başlı zəiflətdi. Ən xırda incəliklərinə qədər planlaşdırılmış bir sıra əməliyyatlar nəticəsində cəza dəstələrinə əhəmiyyətli zərər vurduq. Bizim tərəfdən itkilər minimal səviyyədə oldu. Amma bu ordu ayağa qalxmış mədənçiləri bir neçə saatın içərisində məğlub edə bildi və proletar meyitlərinin qalağı üzərində fəxrlə hindtoyuğu kimi sinəsini qabardıb durdu. Biz görürük ki, qələbə və məğlubiyyət arasındakı fərq birbaşa taktika seçimi ilə müəyyənləşir.

Yoldaş mədənçilər! Kütləvi iğtişaşlara çağıran yalançı həvariləri dinləməyin. Həmrəy olub irəli addımlayan və inqilabi nəğmənin tək bircə sədası ilə öz yolundan silahlı zülmkarları silib-süpürən müzəffər xalq haqqında nağıla inanmayın.


Acı təcrübədən öyrənin!
Qəhrəmancasına irəli verilmiş sinə, pulemyota qarşı bir şey edə, ustalıqla qurulan barrikada müasir kütləvi qırğın silahlarından qoruya bilməz. İnsan ayağı dəyməyən xeyli torpaq sahələri olan və iqtisadiyyatı kənd təsərrüfatı üzərində qurulan az inkişaf etmiş ölkələrdə inqilabi mübarizəni yerli əhalinin fəal dəstəyi ilə kiçik mobil döyüşçü qrupları aparmalıdır. Rejimə ağrılı zərbələr endirən, kabus kimi peyda olub qeybə çəkilən, əsasən hərbi qənimətləri hesabına yaşayan ələkeçməz partizan-gerilyero dəstələrinin yaxşıca ölçülüb-biçilmiş bir zərbəsiylə ölkədə çürüyən hakimiyyəti aşırmaq mümkün olacaq; onlar inqilabi vəziyyəti yetişdirənə qədər getdikləri hər yerdə üsyan atəşi alovlandıracaqlar.

Onu da anlamaq vacibdir ki, biz tam passivliyə çağırmırıq. Sadəcə, həmişə olduğu kimi yenə deyirik: sonu şübhə doğuran əməliyyatlara güc sərf etməyin! Sözsüz ki, fəhlə sinfi daim hakimiyyətə təzyiq göstərməldir. Sinfi mübarizənin mahiyyəti bundan ibarətdir. Təzyiq nə qədər güclü olarsa, bir o qədər tez uğur qazanılar. Əsl proletar düşdüyü şəraitdən asılı olmayaraq var gücü ilə bizim ümumi düşmənimizlə mübarizə aparmağa borcludur.


Yoldaş mədənçilər! Boliviya Xalq Azadlıq Ordusu ağuşunu açıb sizi gözləyir. Bizim sıralarımıza qatılıb ələkeçməz gerilyerolar olun, ya da fəal şəkildə şəhərlərdə iş aparan gizli fəaliyyətə qoşulun. Birgə səylərimizlə biz fəhlə və kəndlilərin xalq əleyhdarları olan demaqoqlar tərəfindən dağıdılmış birliyini bərpa edəcəyik. Biz məğlubiyyəti qələbə çevirəcəyik və dul qalmış proletar arvadlarının ağıları zəfər himni ilə əvəzlənəcək.
Biz sizi gözləyirik.

Boliviya Xalq Azadlıq Ordusu


İyun 1967-ci il

Ernesto Çe Gevara "Boliviya gündəliyi" kitabından



Tərcümə edən: Rövşən Ramizoğlu
Yüklə 14,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin