İslam səFƏRLİ seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix22.04.2017
ölçüsü2,79 Kb.
#15243
  1   2   3   4   5   6   7   8   9   10

_____________Milli Kitabxana_____________
İSLAM SƏFƏRLİ
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
"LİDER NƏŞRİYYAT"
BAKI-2005

_____________Milli Kitabxana_____________
Bu kitab "İslam Səfərli. Seçilmiş əsərləri" (Bakı, Azərnəşr, 1973) və
"İslam Səfərli. Əbədi beşik" (Bakı, Yazıçı, 1978) nəşrləri əsasında
təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Hidayət Səfərli
Ön sözün müəllifi:
Vaqif Yusifli
894.3611 - dc 21
AZE
İslam Səfərli. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 224 səh.
İslam  Səfərlinin  "Seçilmiş əsərləri"ndə nəğməkar  şairin  poetik  yaradıcılığının
həlli  bir qismi  toplanmışdır. Bu  şeirlər  şairin  ürəyinin dərinliklərindən  qopan
duyğuları parlaq əks etdirir.
İslam  Səfərlinin  hər  zamankı  səmimi  şeirlərində sözlər  sanki  adilikdən  çıxır,
poetik  hüsn  qazanır.  Burada  Xəzərin  ləpələri  pıçıldaşır.  Burada  Vətən  də,  onun
təbiəti də tam bir poeziyadır, zərifdir və gözəldir. Odur ki, həmin sözlərə neçə-neçə
mahnılar yazılıb və onların da bir çoxu əbədiyaşardır.
Lirik  duyğular  şairinin  sözlərinə bəstələnmiş  o  nəğmələri  bəzəyən  şeriyyət-
şirinlik,  axıcılıq  və poetik  gözəllik bütövlükdə bu  kitabdakı  şeirlərə xas  olan  bir
cəhətdir.
ISBN 992-417-39-8
© "LİDER NƏŞRİYYAT", 2005

_____________Milli Kitabxana_____________

_____________Milli Kitabxana_____________
ÖN SÖZ
İslam  Səfərli... 1923-1974...  Nəğməkar  şair...  Dramaturq...  Gözəl insan...  Hər
bir sənətkar öz yaradıcılığı ilə özünə abidə qoyur. Əlbəttə, qranitdən və mərmərdən
daha çox, xatirələrdə, yaddaşlarda bu abidəni yaradır. Ürəklərimizdə yaranan belə
abidələrdən biri də İslam Səfərli abidəsidir.
O,  cəmi  52  il  yaşadı.  Fevralda  dünyaya  gəldi,  noyabrda - soyuq  payız
günlərinin birində dünyadan köçdü. Ancaq ömrün uzun və qısalığı əsas şərt deyil,
elə 52 illik bir ömür də bir insanı yaddaşlarda yaşatmaq üçün kifayət edər.
İslam  Səfərliyə yaşıd  olanların  çoxu  dünyadan  bir-bir  köçür,  həyatla,  bu  işıqlı
dünya  ilə vidalaşırlar.  Amma  bir  nəsil  öz  köçünü sürsə də,  gələn  nəsillər  həmin
nəsli xatırlayır, onların gözəl ənənələrini davam etdirirlər.
İslam  Səfərli  1974-cü  ildə vəfat  edib,  amma  onun  vəfatından  keçən  bu  illər
ərzində həmişə xatırlanıb.  Yurdun  hər  bir  guşəsində "İslam  Səfərli"  adı  gələndə
təbəssümlə yada  salırlar  onu.  Bu  təbəssüm  İslam  Səfərlinin  sənətkar  ömrünün
yaşantılarıdır ki, üzlərə, gözlərə çilənib.
Nə qədər  ki,  biz  anaları  dünyada ən  müqəddəs  varlıq  sanırıq,  qarşısında  baş
əyirik,  dünyadan  köçəndən  sonra  ana  itkisi  qəlbimizə yara  vurur...  Nə qədər  ki,
Azərbaycanın ən  şirin  ləhcəli  sənətkarı  Rəşid  Behbudovun  ifasında  "Ana"
mahnısını  dinləyirik,  o  zaman  bu  mahnının müəllifi İslam  Səfərlini  də yad
edəcəyik.
Saçının ağına, qarasına qurbanam,
Könlünün o həzin laylasına qurbanam.
Əziz ana.
Unudulmur analar, unudulmur Rəşid, unudulmur İslam Səfərli.
Lakin  bü  günün  bir  sıra  ifrat  solçuları,  keçmişinə daş  atan  nihilistlər  sovet
dövründə yaşayan  şairlərimizi,  sənət  adamlarını inkar  ediblər. Əgər  onlara  qalsa,
gərək  İslam  Səfərli  də yad  edilməyə.  Səbəb  odur ki,  İ.Səfərlinin  35  illik
yaradıcılığında  sovet  dövrü  həqiqətləri əks  olunmuşdur.  Bəli,  bu  gizli  deyil  ki,
S.Vurğun,  S.Rüstəm,  R.Rza,  M.Rahim, Ə.Cəmil  kimi  İslam  Səfərli  də partiyanı,
Lenini,  Oktyabrı  tərənnüm  edən  şeirlər  yazmışdır,  hətta  Leninin  "İskra"  dövrü
fəaliyyətindən  bəhs  edən  "Qığılcım"  poemasını qələmə almışdır.  İslam  Səfərli
sovet  dövrünün  şairi  idi  və təbii  ki,  o,  yaşadığı  sosializm  dövründə əmək
adamlarının  həyatını, ölkədə gedən quruculuq işlərini vəsf  etməliydi.  Lakin İslam
Səfərlini, eləcə də digər şairlərimizi bütün bunlara görə qınamaq doğru deyil. Axı
onun  elə şeirləri  var  ki,  bunları  heç  cür  sovet  ideologiyası  qəlibinə sığışdırmaq
olmaz.

_____________Milli Kitabxana_____________
Siz qaynar həyatsınız
Kükrəyən ağ atsınız
Nəğməmə qanadsınız
Sahili şən dalğalar,
Aşıb-daşan dalğalar.
yaxud:
De, nə vardır dünyada
Ana südündən təmiz
Doğulduğun torpaqdan,
Olduğun evdən əziz?!
Bu  misralar  (onlarca,  yüzlərcə digər  misralar)  heç  də sifarişlə yazılmayıb,  heç
də ideoloji təsirdən doğulmayıb. Deməli, sırf nihilist-solçu düşüncə və meyar İslam
Səfərli kimi sovet dövründə yaşayan şairlərin adları üstünə kölgə sala bilməz.
Ölümündən  çox-çox  sonralar  İslam Səfərlinin  "Adsız  zirvə"  adlı  şeirlər  və
poemalar  kitabı  çap  olundu.  Onun  poetik  yaradıcılığının  müəyyən  qismi əks
olunub bu kitabda və bu kitab İ.Səfərlinin şair səciyyəsi barədə çox söz deyir. Bəli,
burada  "Sülhün  səsi",  "Partiyamı  tərənnüm  edirəm",  "Mən  gedirəm  qurultaya",
"Sovet"
mehmanxanasında",  "Leninçi  mühərrirlərə",  "Oktyabr  şəfəqləri",
"Kommunist" kimi partiyalı şeirlər də var. Niyə də olmayaydı? Axı, İslam Səfərli
sovet dövründə yaşayırdı. Ancaq o kitabda İslam Səfərlinin bu cür tərənnümlərdən
uzaq,  dövrün,  zamanın  ab-havasından  yox,  öz  ürəyindən,  öz  içindən  qopan
duyğuları əks etdirən şeirlər də çoxdur.
İ.Səfərlinin vəfat etdiyi ildə - 1974-cü ildə "Gənclik" nəşriyyatı tərəfindən çap
edilən  "Dan  ulduzu,  bir  də mən..."  şeirlər  kitabında  demək  olar  ki,  "Sülhün  səsi"
şerindən  başqa  heç  bir  tərənnüm şerinə rast  gəlməzsən.  Və bu  kitab  İslam  Səfərli
barədə söylənilən bir ifadəni tam təsdiq edir: Nəğməkar şair.
Bizim  gözəl  xalq  mahnılarımız  var:  "Ay  bəri  bax",  "Süsən  sünbül",  "Almanı
atdım  xarala",  "Gül  açdı",  "Sona  bülbüllər"  və s...  Bu  xalq  mahnılarının  yaşı
bilinmir, ilk müəlliflərin kimlər olduğu da məlum deyil, amma yaşayır. Bir də var
ayrı-ayrı  şairlərin  sözlərinə yazılmış  mahnılar.  Onlarında  bir  çoxu  yaşayır.
Füzulinin  bir  çox  qəzəlləri,  Nizaminin  "Sənsiz"i,  A.Səhhətin  "Vətənimdir",
S.Vurğunun  "Azərbaycan"  şeirləri  yaşadığı  kimi  İslam  Səfərlinin  neçə-neçə
mahnısı onun vəfatından sonra da yaşayır və onların bir çoxu əbədi yaşardır.
Bağçamıza gəldi bahar,
Yaşıl xalı sərdi bahar,
Gəl dedim, gəlmədin, yar.
Gəlmədin, yar.

_____________Milli Kitabxana_____________
Bu mahnını da bəlkə illər keçəndən sonra xalq mahnıları sırasına qatacaqlar.
İnsanların sağlamlığı keşiyində duran  həkimlərə yeni  mahnılar  yazılır  və
yazılacaq, amma o mahnılar sırasında İslam Səfərlinin "Həkim qız"ı birinci olacaq.
Gülərüzlü həkim qız,
Ey gözləri bənövşə.
Qapımızdan keçəndə
Sarsılıram həmişə.
Söylə, intizarını
Nə vaxtadək çəkim, qız?
Oxuyuram səninçün
Bu nəğməni, həkim qız!
Hər səhər evdən çıxıb işə yollanırıq, bir az qayğılı, bir az qayğısız, həm şən,
həm də qəmgin. Elə bil bu mahnı bizimlə birgə yol gedir,
Qayıdıb xoş güzərdən,
Günəş qalxır Xəzərdən.
Sevgilim keçən yerdən,
Bütün şəhər yeriyir,
Bakı, sabahın xeyir!
Nədir bu nəğmələri yaşadan? Hansı şeirdir?
O  nəğmələrdə sözlər  sanki  adilikdən  çıxır,  poetik  hüsn  və təmtəraq  qazanır,
deyim  tərzində bir  şirinlik,  axıcılıq,  təbiilikbu  nəğmələrin  bəzəyidir.  "Zərif
gülüşlüm", "Dan ulduzu, bir də mən...", "Nə vaxta qaldı", "Bir ürək sındırmışam",
"Zəriflik"... onlarla belə şeirlər lap yaranışdan nəğmə kimi bu dünyaya gəliblər.
Ancaq elə güman eləməyin ki, nəğmələrində olan bu şeriyyət - şirinlik, axıcılıq
və poetik  gözəllik  təkcə elə adlarını  çəkdiyim  şeirlərə aiddir.  Yox,  bu poetic
gözəlliklər onun əksər şeirlərinə də xasdır.
Qəlbimdə şaxta var, çöldə bahardır,
Ayrılıq saçımda gümüşü qardır.
Həsrət baxışların nə intizardır,
Yenə yar məhləsi yarsız qalıbdır.
Mən onu yaşatdım sözdə, şeirdə,
Güman yox üzünü görməyə bir də.
Onun son ləpiri düşdüyü yerdə
İslam kimi etibarsız qalıbdır.

_____________Milli Kitabxana_____________
Gözəl  şeirdir,  həm  də gözəl  bir  nəğmə.  Ancaq  İ.Səfərlinin  nəğmələri  bir  şeir
kimi  də gözəldir.  Yəni  bunları  sırf  mahnı  mətni  kimi  alıb,  təhlil  eləmək  doğru
deyil.
Mən onu dan ulduzu,
Zərrin şəfəq sanırdım.
Kimə inanmasam da
Bir ona inanırdım.
...Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam
Bir ürək sındırmışam,
Bir könül sındırmışam.
İslam Səfərli qədim diyarımız Naxçıvanda dünyaya göz açıb. Yaradıcılığa çox
erkən başlayıb - ilk şeiri "Ədəbiyyat qəzeti"ndə (1940) çap olunanda cəmi 17 yaşı
vardı.  Elə təzəcə ədəbi  aləmdə tanınmışdı  ki,  müharibə başlandı.  Onun kövrək
qələmini  süngü əvəz  etdi.  O, əsgər  şineli  geydi,  416-cı  atıcı  diviziyasında
kəşfiyyatçı oldu, Şimali Qafqaz, Krım, Ukrayna, Pribaltika cəbhələrində döyüşdü.
Ancaq onun şerə, sənətə marağı azalmadı. "Qızıl əsgər" və "Qırmızı bayraq" cəbhə
qəzetlərində oçerk, məqalə və şeirlərini  çap  etdirdi.  İllər  keçəcək,  müharibə
mövzusu  İslam  Səfərlinin  yaradıcılığında əsas  mövzulardan  birinə çevriləcək.
"Onüçlər" kimi gözəl bir şeir, digər əsərlər yaranacaq.
...Müharibə bitdi  və İslam  Səfərli  ilk,  kövrək  addımlarını  atdığı ədəbi  aləmə qayıtdı.
Müharibədə igid  bir  kəşfiyyatçı  kimi  özünü  sübut  edən  İ.Səfərlinin ədəbi  aləmdə də
tanınması  və sevilməsi  uzun  çəkmədi. O,  "Darülfünun"  şeirlərini yazdı,  bu  silsilə ilə ədəbi
ictimaiyyətdə həyatı  gözəl  duyan  bir  şair  olduğunu  sübut  etdi.  Mən  burada  onun dostu,
mərhum yazıçımız Əlfi Qasımovun biryazısına müraciət etmək istəyirəm: "İslam Səfərlinin
tələbəlik  illərində yazdığı  uğurlu  şeirlər,  gənclərin  böyük  qayğıkeşi  Səməd  Vurğunun  da
diqqətini  cəlb  etmişdi.  İndiki  kimi  yadımdadır,  üçüncü  kursda  oxuyurduq.  Böyük  şair
tələbələrə qonaq  gəlmişdi.  Onun  yaradıcılığı  haqqında ətraflı  məruzə dinlənildi,  çıxışlar
oldu. Axırda söz Səməd Vurğuna verildi. O, xitabət kürsüsünə qartal kimi sinə gərib müasir
poeziyamızın  qarşısında  duran  vəzifələrdən  danışdı.  "Xalqın  həyatını  bütün  dolğunluğu  ilə
əks  etdirmək  şerin əsas  vəzifəsidir" - dedi.  Xalq  poeziyası  qaynaqlarından  uzaqlaşmaq,
Füzuli, Sabir ənənələrinə xor baxmaq meyllərini pislədi. Şeirdə sadəliyi ən böyük məziyyət
hesab  elədi.  Şeir  həvəskarlarını  bayatılarımızdan  öyrənməyə çağırdı.  ...Söhbətinin  bu
yerində Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi.
- Hanı o mənə oxşayan Qara İslam? - deyə zala müraciət elədi.
Salonda İslamla yanaşı əyləşmişdik. İslam ayağa qalxdı:

_____________Milli Kitabxana_____________
- Burdayam, Səməd müəllim, - dedi.
- Bəri gəl görüm.
İslam qabağa yeridi. Səməd Vurğun əli ilə işarə elədi ki, yuxarı qalxsın. İslam
sıxıla-sıxıla yuxarı qalxdı. Səməd Vurğun dedi:
- Yazıçılar İttifaqında keçən "Gənclər günü"ndə bir şeir oxudun ha, indi oxuya
bilərsənmi onu?
İslamın yaxşı bir xasiyyəti də bu idi ki, şeirlərinin əksərini əzbərdən bilir, həm
də çox ehtirasla, hərarətlə şeir oxuyurdu.
- Oxuya bilərəm, - dedi.
Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb "Beşik başında"
şerini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi.
Əlbəttə,  bu  fakt  bir  tərəfdən  böyük  sənətkarın ədəbi  qüvvələrə qayğısının
təzahürü idisə, digər tərəfdən İslam Səfərli poeziyasına verilən yüksək qiymət idi.
Umumiyyətlə, İslam Səfərli yaradıcılığı həm öz qələm dostları olan yazıçıların,
həm  də tənqidçi-ədəbiyyatşünasların  nəzərindən  uzaq  düşməmişdir. Bu  yazıda
həmin  fikirlərin  hamısına  müraciət  eləmək  mümkün  deyil.  Ancaq  eyni  kitab -
"Həyatın nəfəsi" barədə söylənilən iki fikrə üz tutacayıq.
Xalq  şairi  Məmməd  Rahim  İslam  Səfərlinin  yaradıcılığını  yüksək
qiymətləndirərək  yazırdı:  "İslam  Səfərli  müharibə illərində döyüşçü  kimi
kəşfiyyata  gedib,  hərbi  ifadə ilə desək,  "dil"  gətirənlər  sırasında  olmuşdur.
Göstərdiyi  rəşadətlərə görə bir  neçə orden  və medallarla  təltif  olunan  şair,  cəbhə
həyatını  yaxşı  bilir.  Onun  Vətən  müharibəsindən  danışan  kiçik  şeirlərində belə
konkret lövhələr görürük:
Boş vaxtlarda şeir yazan,
Əldə qaşıq, dizdə qazan,
İştahayla xörək yeyən,
Tüfəng silən, nəğmə deyən,
Evlərindən məktub alan,
Saz götürən, qarmon çalan
Kimdir? Soruşsanız əgər
- Onüçlərdir, - deyərdilər.
Şeir  həyatiliyi  sevir.  Realizm  şerin  canıdır.  İslam  Səfərli  öz  kitabında  bu
prinsipə əməl etməyə çalışmışdır".
Tənqidçi Əkbər Ağayev isə yazırdı:
"İslam  Səfərlinin  poeziyasında  Xəzərin  ləpələri  pıçıldaşır,  müasir  kəndin  və
şəhərin  müxtəlif  təbiətli  adamları tərənnüm olunur.  Vətən  də,  onun  təbiəti  də
İ.Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir.
Qırçın-qırçın göy ləpələr,
Nə xəfifdir, nə incədir,

_____________Milli Kitabxana_____________
Onu şerə çəkmək olmaz,
O ən zərif düşüncədir
".
50-60-cı  illərin  poeziyasında  İslam  Səfərlinin  də bir  şair  kimi  öz  yeri,  öz
mövqeyi vardı. O, öz şair adını və şəxsiyyətini şeirlərində tam ifadə etmişdi. Onun
gözəl  lirik  şeirləri  ilə yanaşı,  "Sınaq  gecəsi",  "Yaralı  nəğmə",  "Birinci  katib",
"Dəfinə"  və s.  poemaları  da  olmuşdur.  Ancaq  onun  poema  yaradıcılığında  böyük
ustad Aşıq Ələsgərə həsr etdiyi poeması daha çox yadda qalacaq.
Onun  yaradıcılığında,  şübhəsiz  ki,  baş  mövzu  Azərbaycan  idi.  Bu  mövzuda
yazdığı  şeirlərin bir  çoxu,  ola  bilsin  ki,  indiki ədəbi  meyar  və ölçülərlə yanaşsaq,
bir  qədər  zəif və solğun  təsir  bağışlasın,  amma  bütünlükdə bu  şeirlərin  hamısına
xas  olan  bir  cəhəti  xüsusi  vurğulamaq  lazımdır - o  da  səmimiyyət  idi.  Şeirlərin
birində o yazırdı:
"Bağrıma basmışam Azərbaycanı, Araz bir qolumdur - Kür bir qolumdur".
Sinən bir ağ gümüşdü, gümüşdü,
Gözüm hüsnünə düşdü, nə düşdü,
Sahilində işıqlar qızıldı,
Yel dəydi, göy köynəyin sızıldı,
Suların çin-çin oldu, Xəzərim,
Ləpən göyərçin oldu, Xəzərim.
Söylə görüm, ay dəniz, ay dəniz,
Çimibmi göy sinəndə Ay, dəniz?
Ulduzlar xalınmıdır gecələr,
Dalğalar yalınmıdır gecələr?
Saf qoynuna düşübdür güzərim,
Xəzərim, ay Xəzərim, Xəzərim.
Bəli,  o,  Xəzər  haqqında  ehtirassız  yaza  bilmirdi.  Çünki  Xəzəri  sevirdi,  ona
gözəllik tablosu  kimi baxırdı. Bu vurğunluğu biz onun doğulub boya-başa çatdığı
Naxçıvana hərs etdiyi şeirlərində də görürük.
"Ey  axarlı,  ey  baxarlı,  ey  gülzarlı  Naxçıvanım"  deyən  şair  "İki  Culfa",
"Əbədiyyət  nəğməsi",  "Araz  burulub  keçir",  "Qızlar  bulağı",  "Tanış  gözlər",
"Gəlmişəm" şeirlərində Naxçıvan torpağının gözəlliklərini poeziyaya gətirirdi.
Bulaqların bir səmtədir axarı,
"Salvartı"nın xoş görünür baxarı.
Biçənəkdən at səyirdib yuxarı,

_____________Milli Kitabxana_____________
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Dağ cığırı, hər tərəfin duman, çən,
Boz qayadan cüyür ürkdü qəflətən,
Tüfəngini sinəm üstə basıb mən,
Arxasınca ata-ata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Vüqarlıdır zirvələrin, daşların,
Üzü gülür qayaların, daşların,
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
İslam Səfərli ədəbiyyat tariximizdə həm də bir dramaturq kimi anılır. Bəlkə də
çox şair və nasir dram əsəriylə tanınmır, onları ancaq şair və nasir kimi yad edirlər.
Lakin İslam Səfərlinin elə bircə "Göz həkimi" pyesi kifayətdir deyək ki, o, həm də
dramaturq  kimi  yaşayacaq.  Bu əsər əllinci  illərin  ortalarında  qələmə alınmışdı  və
səhnəyə vəsiqə alandan sonra uzun müddət bizim teatrların repertuarında özünə yer
tutdu.  "Göz  həkimi"  pyesi  göstərdi  ki,  İslam  Səfərli - lirik  duyğular  şairi  həm  də
həyatda,  onu əhatə edən  mühitdə baş  verən  hadisələrə dramatik  məqamlardan  da
yanaşa bilir.
İslam Səfərli həyatdan çox erkən getdi. Amma bu işıqlı dünyada öz izini qoydu
- bir şair kimi də, insan kimi də. Onun bu misraları bir daha təsdiq edir ki, şairlər
ölmür, onların ölümü cismanidir, mənəvi həyatlarısa həmişə davam edir:
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq.
Vaqif Yusifli

_____________Milli Kitabxana_____________
ŞEİRLƏR

_____________Milli Kitabxana_____________

_____________Milli Kitabxana_____________
AZƏRBAYCANIM_!_SƏNƏ_QURBAN_CANIM,_AZƏRBAYCANIM!'>SƏNƏ QURBAN CANIM, AZƏRBAYCANIM!
SƏNƏ QURBAN CANIM,
AZƏRBAYCANIM!
Torpağın ətrini sinəmə çəkdim,
dodağım gül açdı,
ürəyim çiçək.
Xəzər sahilində bir çinar əkdim,
söyüdlər nazlandı
gülümsəyərək.
Dəniz mahnısını oxudu sanki,
ətəyi ləpəli,
qırçınlı Bakı...
Kükrədi ilhamım, qaynadı qanım,
Sənə qurban canım, Azərbaycanım!
Ağ bir şərid kimi uzanıb gedir,
dumanlı, çiskinli,
günəşli yollar,
Bəzisi həyatdan usanıb gedir,
mənimsə yollarda
hekayətim var.
El özü qoruyar axarlı şeri,
dağlar quzey qarı
sərində saxlar.
Bağrıma basmasam hər qarış yeri,
torpaq öz sirrini
dərində saxlar.
Aç söylə, qoy bir də alışım, yanım,
Sənə qurban canım, Azərbaycanım!

_____________Milli Kitabxana_____________
Meyvəli bağçalar, bəhərli çöllər,
ellərə can verib,
min şərbət dadır.
Axarlı çaylaqlar, səfah göllər,
gümüş şəlalələr
bu torpaqdadır.
Hərdən düşüncələr sarır insanı,
çayüstü körpülər
asma yolumdur.
Bağrıma basmışam Azərbaycanı
Araz bir qolumdur!
Kür bir qolumdur!
Əlvan naxışlısan, doğma məkanım,
Sənə qurban canım, Azərbaycanım!
Bu necə mənadır, bu necə hikmət,
deyirlər ağlayır
bulağın gözü.
Danışır təbiət-şair təbiət,
qovağın dili var,
çinarın sözü.
Mənim də boş yerə sözüm olmayıb,
qəlbinə dəymədim
əsla bir kəsin.
Özgə torpağında gözüm olmayıb,
ana torpağıma göz dikilməsin!
Əmr et! Keşiyində mətin dayanım,
Sənə qurban canım, Azərbaycanım!
ODLAR VƏTƏNİ
Könlümün tərlanı qalxmış cövlana,
Çıxmışam qoynunda yenə seyrana,
Eşqin cansızı da gətirir cana
Sevda beşiyində bəslədin məni,
Ey odlar vətəni, odlar vətəni!..

_____________Milli Kitabxana_____________
Əsir xəfif-xəfif səhər mehləri,
Atır rübəndini qızıl dan yeri.
Sən yar gülşənisən, mən eşq şairi
Şirin laylalarla gəl, oxşa məni,
Ey odlar vətəni, odlar vətəni!..
Tərlan səhərlərdə doğulmuşam mən,
Nəcib məhəbbətdən yoğrulmuşam mən,
Cilvəli tovuzam, azad quşam mən,
Uçurt, ərşə qaldır şahintək məni,
Ey odlar vətəni, odlar vətəni!..
Vurğunu olmuşam səmimiyyətin,
Zərif rübabıyam pak ülviyyətin,
Sən ey qadir ana, bu xoş niyyətin
Qurub-yaratmağa çağırır məni,
Ey odlar vətəni, odlar vətəni!..
Çəkdim keşiyini fırtınalarda,
Fəlakət önündə, ölümdə, darda,
Döndüm pak qoynuna bir ilk baharda
Eşit, candan artıq sevirəm səni,
Ey odlar vətəni, odlar vətəni!..
VƏTƏNİM VAR
Bakı – şəhərim mənim,
Xəzər - bulağım mənim.
Dağlar - hünərim mənim,
Günəş bayrağım mənim,
Dünyada nə qəmim var.
Yaşaram arzularda,
Bu nazəndə baharda.
Nə çovğunda, nə qarda
Qərq olmaram sularda,
Nəğmədən yelkənim var.

_____________Milli Kitabxana_____________
Yer üzündə biz gərək
Ömr edib, dövran sürək.
Hələ cavandır ürək...
Azərbaycan eli tək
Əbədi gülşənim var.
Doğma Azərbaycanım,
Sənsən mənim həyanım.
Al şəfəqə boyanım
Keşiyində dayanım,
Dayanım, Vətənim var!
AZƏRBAYCANIM
Əziz vətənim,
sevdalı diyar,
Ana qoynunda
oldum bəxtiyar.
Mingəçevirim
nurlu çələngdir.
Doğma Bakımız
şərqdə nəhəngdir.
Kürüm-Arazım
qoşa çayımdır,
Azərbaycanım
günüm-ayımdır.
Muğandan keçib,
Mili dolaşdım,
Şirvan boyunca
eli dolaşdım.
Mənə Naxçıvan -
buyur, gəl - dedi, Gözəl Qarabağ
şərqilər dedi. Kürüm - Arazım
qoşa çayımdır,

_____________Milli Kitabxana_____________
Azərbaycanım
günüm-ayımdır.
Şəki yolları
dolaybadolay,
Quba bağları
yurdumuza pay.
Gəl, yaylaq gözəl,
gəl, aran gözəl,
Astara qəşəng,
Lənkəran gözəl.
Kürüm-Arazım
Qoşa çayımdır,
Azərbaycanım
günüm-ayımdır.
Xəzərə bax bir
gümüş aynadır,
Sumqayıt yenə
polad qaynadır.
Paytaxtım mənim,
ay baxtım mənim,
Sən nə gözəlsən
doğma vətənim.
Kürüm-Arazım
qoşa çayımdır,
Azərbaycanım
günüm-ayımdır.
BAKI
BİR BAKIDIR Kİ...
Yığıb son qüvvəsini,
Gecə əriyib gedir.
Hər tərəfə uzanan,
Öz qara tellərini
Əlindəki yumağa
Sanki səriyib gedir...

_____________Milli Kitabxana_____________
Toranlıqlar içindən,
Dan yeri uçub gəlir
Tənha qağayı kimi
Dalğalar qalxıb-enir,
Yarını yola salan
Bir qızın əlindəki
İpək kəlağayı kimi.
Bakı, gur səsli Bakı,
Sərt küləklər şəhəri,
Oyadır yavaş-yavaş,
Yuxusundan səhəri.
Qapılar açıldıqca,
Çoxalır bir-bir
Bakı fəhlələrinin
Sübh ikən qar üstünə
saldığı ləpir.
Bu ləpirlər uzanır
Düz tramvay xəttinə.
Fabriklərə, zavoda
Buruq səltənətinə...
Qara şəhər sabahı
Qarşılayır üzüağ,
Zəfərdən verir soraq!
Qaynarsan gənclik kimi,
Sevimli, gözəl Bakım!
İnqilablar şəhəri,
Ey beynəlmiləl Bakım!
Əriyir hər yerdə qar.
Çünki yaz nəfəslidir,
İndi bizim insanlar.
Abşeronun gözündən,
Minlərlə ulduz-ulduz
buruqlar baxır.

_____________Milli Kitabxana_____________
Abşeronun qəlbindən,
Göz ilə görünməyən
Daşqın nəhrlər axır.
O qızıl nəhrlərin
Hər damlası nurludur.
O sonsuz nəhrlərin
Yanında böyük Xəzər
Sanki bir ovuc sudur.
Mən bu Bakı neftinin
Kuybışevdə hər axşam,
Qüdrətinə baxmışam.
Addımlayan maşınlar
Gəzdikcə kanal boyu
Türkmənistan düzünü,
-Mən, bax, orda duymuşam,
Qızıl Bakı neftinin
Şerə sığmaz gücünü.
Bakı bir Bakıdır ki,
Mehriban sinəsində
Ömür sürmək gözəldir.
Bakı bir Bakıdır ki,
Onun günəşə baxan
Aynabəndi Xəzərdir
Yaşıl şam meşələri
Park üstündən uzanır,
Boz təpəli Bayıladək.
Dəniz buruqlarını
Yarıb keçən küləklər
Səslənir bir layla tək.
Deyirəm nə olaydı
Bu şerim çağlayaydı
Qəlbimin qanı kimi.
Sabir bağçasındakı
İşıq fantanı kimi.

_____________Milli Kitabxana_____________
Deyirəm nə olaydı,
Bir ağ göyərçin olub,
Qanadımı açaydım.
Günəşli paytaxtımın,
Buludsuz göylərində
İftixarla uçaydım.
Bakı, Bakı, can Bakı!
Düşməninə qəzəbli,
Dosta mehriban Bakı!
Bəzən bir rəssam olub,
Səni yaratmaq üçün
Fırçama rəng gəzirəm.
Bəzən də şair kimi,
Şerin kölmə vəzinə
Yeni ahəng gəzirəm.
Sıx buruqlar meşəsi
Dövrəyə almış səni
Böyük sülh alayı tək,
Şerimi bəzəyirsən,
Qucağında görünən
Hökumət sarayı tək.
Bakı-
Nərimanov küçəsilə
Mən fərəhlə gedirəm.
- Bakılıyam! – dedikcə,
Bu adla fəxr edirəm.
Bakı-
Azərbaycan prospekti
Gündəlik iş yolumdur.
Bu yol adi yol deyil,
Bir yüksəliş yolumdur!
Mən bu yolda ilk dəfə
İstiqlalın əlini
Sıxacağam fərəhlə.

_____________Milli Kitabxana_____________
Yurdumun çağrışından
Hər zaman qalib kimi
Çıxacağam fərəhlə.
Gündüz sovuşub gedir,
Düşür axşam ayazı;
Çiçək kimi yağan qar
Yada salır ilk yazı.
Çünki Bakı qışının
Gözəlliyi başqadır.
Təbiətin hər fəsli
Burdakı insanları
Şən, bəxtiyar yaşadır.
Sahil boyu işıqlar,
Dənizin sinəsində
Gülür silsilə kimi,
Qoca Nargin görünür
Mavi göz içindəki
Qara bir gilə kimi.
Paytaxtımın gecəsi
Yolum kimi nurludur;
Sinəsi işıq verən
Ulduzlarla doludur.
Bakı bir Bakıdır ki,
Onun ana qoynunda
Neçə millət birləşib.
Bakı bir Bakıdır ki,
Beş gün onu görməsən
Qayıdanda şaşırıb,
Yeni evlər, binalar,
Meydançalar içində
Ünvanını gəzərsən.
Bakı bir Bakıdır ki,
Onun işıqlarıyla
Neçə torpaq, neçə yer,
Neçə ölkə bəzərsən.

_____________Milli Kitabxana_____________
Şerimi bayraq kimi
Sahilinə sancaraq
Keşiyində durmuşam;
Əsrlərcə insanı
Özünə qul eyləyən
Təbiəti yormuşam.
Bakı öz qatarını
Gələcəyə doğru sürür.
Bu işıq qatarını
Min Bakı oğlu sürür.
Bakı oğlu dedim məön
-Bu adi söz deyildir.
Bu odlar ölkəsinin
Qəlbi bahar oğludur.
Bakı dedim -xalqımın
ötən ağır illəri
lövhə-lövhə göründi
Bakı dedim -
hər tərəf Al şəfəqə büründü.
Bakı dedim -
ömrümün
Sirdaşını düşündüm.
Bakı dedim -
min zəfər
qazandıq iş başında. Bakı dedim -
bir anda
ellərin sədaqəti
Durdu mənim qarşımda.
Ey dost, sual eyləsən:
- Tərənnüm eylədiyin

_____________Milli Kitabxana_____________
Bu duyğular de, nədir?
Cavab verərəm ki, mən
Bu müdrik xalqımızın
Ölməz əməllərindən,
Paytaxtımda yaranmış
Kiçik bir nişanıdir!..

Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin