IV BLOK MÖVZU 1
İNCƏSƏNƏT VƏ İCTİMAİ ŞÜURUN DİGƏR FORMALARI
Plan:
1)İctimai şüur formaları
2)Elm, fəlsəfə, din, əxlaq
3)Əxlaq və hüquq
Estetik fəaliyyətin ən mürəkkəb növü olan incəsənət, həm də tarixən inkişaf etmiş və zənginləşmiş ictimai şüur formasıdır. İctimai şüurun 7 forması var: 1)siyasət; 2)hüquq; 3)din; 4)fəlsəfə; 5)elm; 6)əxlaq, 7)incəsənət.
Bütün ictimai şüur formalarının oxşar cəhəti bundan ibarətdir ki, onlar hamısı gerçəkliyi əks etdirir. İncəsənətin elmlə oxşarlığı hər ikisinin idraki, əxlaqla oxşarlığı – hər ikisinin tərbiyəvi funksiyaya malik olmasıdır. Siyasətlə incəsənəti siyasi mübarizədə iştirak etmək, dinlə incəsənəti insanlara psixoloji təsir etmək bacarığı birləşdirir.
Elm və incəsənət. Elmi əsər müəllifindən fərqli olaraq, bədii əsər müəllifi yaradıcılıqda azaddır, yəni istədiyi cisim və ya hadisəni öz əsəri üçün mövzu seçə bilər. Alimin tədqiqat obyekti artıq gerçəklikdə mövcud olan, lakin hələ kəşf olunmamış cisim və ya hadisələrdir, sənət əsərləri isə sırf sənətkarın əməyinin məhsuludur. Rəsm əsəri, simfoniya, poema və s.-nin gerçəklikdə cüt əkizi yoxdur. Əgər neytronu C.Çedvik, kimyəvi elementlər cədvəlini D.Mendeleyev kəşf etməsəydi, kimsə başqası əvvəl-axır kəşf edəcəkdi. Lakin “İskəndərnamə”ni Nizamidən, “Koroğlu” operasını Üzeyir Hacıbəylidən, “Yeddi gözəl” baletini Qara Qarayevdən başqa heç kəs məhz bu cür yaza bilməzdi. Çünki hər bir bədii əsər təkrarolunmaz, unikal və orijinaldır. Hətta eyni müəllif də, öz əsərini ikinci dəfə məhz bu cür yarada bilməz. Sənət əsəri müəllifinin elmi əsər müəllifindən fərqi odur ki, sənətkar öz əsərinin təxminən nə ilə bitəcəyini bilir, çünki bu onun özündən asılıdır, alim isə nəticəni yalnız güman edə bilər.
İncəsənətdə bədii təxəyyülün, fantaziyanın rolu hüdudsuzdursa, elmdə, əksinə, məhduddur. Alim yalnız gerçəklikdə mövcud olan qanunlar, xassələr, proseslər haqqında danışa bilər. Bu zaman onun özündən nə isə artırması həyat həqiqətinə uyğun gəlməz. Sənətkar isə çox asanlıqla təbii hadisələrdən uzaqlaşa bilər və bu qətiyyən qəbahət sayılmaz. Lakin buna baxmayaraq, elm də fantaziyasız keçinə bilməz. Məsələn, D.Mendeleyev öz cədvəlini tərtib edərkən kimyəvi elementləri heç də ardıcıllıqla kəşf etməmişdi. Elmdə olan hər bir fərziyyə elə fantaziyadır.
Elm və incəsənətin bir-birinə təsiri yalnız ondan ibarət deyil ki, incəsənət elmi təbliğ edir, elm isə incəsənətə texniki tərəfdən kömək edir. ETT – nin inkişafı nəinki incəsənətin bəzi növlərinin təkmilləşməsinə (məsələn, teatrda işıq, mikrofon, fırlanan səhnə, kinokadrların göstərilməsi və s.), hətta incəsənətin bəzi yeni növlərinin yaranmasına da səbəb olmuşdur. Bədii fotoqrafiya, kino və televiziya buna misaldır.
İncəsənət fəlsəfə ilə də əlaqədardır. Fəlsəfə və bədiiliyin sintezi, bir tərəfdən, bir çox bədii əsərlərin fəlsəfi məzmun daşıması, digər tərəfdən, bəzi fəlsəfi əsərlərin bədii əsər şəklində yazılması ilə əlaqədardır. Personajların dili ilə fəlsəfi fikirlər səslənir. Bəzən hətta rənglər və ya musiqi də dünyavilik, möhtəşəmlik, əzəmət, sonsuzluq, məhəbbət və s. ifadə edərək dərin fəlsəfi ideyaları tərənnüm edir. Fəlsəfə ilə bədiiliyin sintezinin ən yüksək forması Platonun yaradıcılığında öz əksini tapır. Onun fəlsəfi dialoqları bədii forma ilə dərin düşüncənin sintezidir.
Fəlsəfə təkmilləşdikcə həm mifologiyadan, həm də incəsənətdən fərqlənməyə başladı. Çünki fəlsəfə dünyanın hisslərlə deyil, nəzəri cəhətdən dərk edilməsi idi.
Dünyanı nəzəri cəhətdən mənimsəyən elm və fəlsəfədən fərqli olaraq, incəsənət gerçəkliyi estetik cəhətdən dərk edir.
Fəlsəfə kimi din də incəsənətlə tarixi bağlılığa malik olub, öz kökləri ilə dünyanı sinkretik şəkildə dərk edən mifologiyaya gedib çıxır. Hələ ibtidai dövrdə yaranan incəsənət və din özlərinə müxtəlif inkişaf yolları seçdilər.
Din və incəsənət bir-birinə qarşılıqlı təsir göstərir. Bu təsir yalnız dinin incəsənətdən təbliğat kimi istifadə edilməsindən ibarət deyil. Çox vaxt incəsənət öz mənafeyi naminə dini mövzular seçir. Din incəsənətin bir çox növlərinin – bədii ədəbiyyatın, teatrın, kinonun, təsviri sənətin, memarlığln və s. mövzu mənbəyidir.
Bəzən dini məqsədlə tikilmiş abidələr – məscidlər, kilsələr, mavzoleylər, mədrəsələr və s. daşıdığı dini məzmunu geridə qoyub, öz gözəlliyi ilə daha çox estetik mahiyyət kəsb etməyə başlayır. Nəticədə, dini məqsəd bədii məqsədi üstələyir. Lakin dini abidələrin gözəlləşdirilməsi və bədiiləşdirilməsi, yəni incəsənətlə tamamlanması da dinin təbliğində az əhəmiyyət daşımır.
Əxlaq və incəsənət ictimai şüurun bir-birinə daha yaxın olan formalarıdır. Hər iki ictimai şüur forması insanın mənəvi simasının formalaşmasına xidmət edir. İncəsənət həyatı hərtərəfli əks etdirə bildiyi halda, əxlaq onun yalnız bir tərəfini – mənəvi münasibətləri əks etdirir.
Əxlaqi problemlər incəsənətdə mühüm yer tutur. Buna görə də incəsənət həyat hadisələrini əxlaqa nisbətən daha geniş işıqlandıra bilir. Etikadakı xeyir və şər problemləri incəsənətdə bədii şəkildə həll edilərək gözəllik və eybəcərlik kimi qiymətləndirilir. Həyatdakı əxlaqi–etik problemlər, məsələn, xeyirlə şərin mübarizəsi, borc, xoşbəxtlik, məhəbbət və s. incəsənətdə bədii vasitələrlə, bədii formada, estetik cəhətdən həll edilir.
Həm əxlaqın, həm də incəsənətin ümumi funksiyası olan tərbiyəvi funksiya əxlaqda əsas, incəsənətdə köməkçidir. Əxlaq tərbiyəsində çox vaxt incəsənət daha təsirli rol oynayır. Lakin incəsənətin tərbiyəvi funksiyaya malik olması onun əxlaqı əvəz edə bilməsi demək deyil. Bəzi sənət əsərləri əxlaqa hətta mənfi təsir də göstərə bilər. İncəsənətin tərbiyəvi funksiyası yalnız əxlaq tərbiyəsindən ibarət deyil. Bura tərbiyənin digər sahələri də aid ola bilər, məsələn, əmək tərbiyəsi, vətənpərvərlik tərbiyəsi, fiziki tərbiyə (xoreoqrafiya sənətində, rəqsdə və s.), estetik tərbiyə (peyzaj, natürmort və s. janrları vasitəsilə) və s.
ƏXLAQ VƏ İCTİMAİ ŞÜURUN DİGƏR FORMALARI
İctimai şüurun hər bir forması gerçəkliyi özünəməxsus şəkildə əks etdirərək digər ictimai şüur formaları ilə sıx əlaqədədir. İctimai şüurun 7 forması var: 1)siyasət, 2)hüquq, 3)elm, 4)fəlsəfə, 5)din, 6)incəsənət, 7)əxlaq. Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus hüquq və əxlaq normaları olur. Hər bir cəmiyyət borc və vicdan, ədalət və ədalətsizlik haqqında ümumbəşəri təsəvvürlərə malikdir. Hüququn əsas kateqoriyaları ədalət, əxlaqınkı – xeyirdir. Ədalətə nisbətən xeyir kateqoriyasının əhatə dairəsi daha genişdir. Hüquq qaydaları adətən ümumi olduğu halda, əxlaq qaydaları fərdi də ola bilər. Çünki heç bir hüquq məcəlləsi insan hərəkətlərinin rəngarəngliyini əvvəlcədən nəzərə ala bilməz. Hüquq normaları dövlət orqanlarının nəzarəti altında olur və onların pozulması hüquq qaydaları ilə nəzərdə tutulmuş sanksiyalarla müəyyənləşir. Hüquq normaları məcburi olub, adətən yazılı şəkildə mövcud olduğu halda, əxlaq normaları şifahi mövcud olub, könüllü xarakter daşıyır. Hüquq qaydalarına əməl edilməsi lazım gəldikdə xüsusi qanunçuluq aparatının köməyi ilə səlahiyyətli şəxslər tərəfindən həyata keçirilən güc vasitələrilə (inzibati, cinayət və iqtisadi sanksiyalarla) təmin edilir.
Hüquq və əxlaq. Hüquq ictimai şüur formaları içərisində əxlaqla daha sıx bağlıdır. Çünki hər ikisi insanların cəmiyyətdə davranışını tənzimləyən müəyyən qaydalar və normalarla əlaqədardır. Hüquqa nisbətən əxlaqın tarixi daha qədimdir. Əgər əxlaq cəmiyyətin təşəkkül tapdığı ilk dövrlərdən yaranıbsa, bəşəriyyət mövcud olduqca yaşayacaqsa, hüququn xeyli sonra – siniflər meydana gəldikdə yaranması diqqəti cəlb edir. Hüququn yaranması dövlətin yaranması ilə əlaqədardır. Hüquq – dövlətin başlıca tərkib hissəsidir. Onun meydana gəlməsi şüurlu xarakter daşıyaraq dövlət tərəfindən əsaslandırılır. Hər bir ictimai-iqtisadi formasiyanın özünəməxsus hüquq və əxlaq normaları olur. Hüququn əsas kateqoriyaları ədalət, əxlaqınkı – xeyirdir.
Hüquq normaları isə dövlət orqanlarının nəzarəti altında olur və onların pozulması hüquq qaydaları ilə nəzərdə tutulmuş sanksiyalarla müəyyənləşir. Hüquq normaları adətən yazılı şəkildə mövcud olduğu halda, əxlaq normaları şifahi mövcud olub, xalqın şüurunda yaşayır və ictimai rəy tərəfindən tənzim edilərək könüllü xarakter daşıyır. Hüquq qaydalarına əməl edilməsi lazım gəldikdə xüsusi qanunçuluq aparatının köməyi ilə səlahiyyətli şəxslər tərəfindən həyata keçirilən güc vasitələrilə (inzibati, cinayət və iqtisadi sanksiyalarla) təmin edilir.
MÖVZU 2
E T İ K A
Plan:
1)Etikanın yaranması
2) Əxlaqın mahiyyəti və funksiyaları
3) Etikanın kateqoriyaları
4)Əxlaqi şüur və əxlaqi fəaliyyət
Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika əxlaq haqqında elmdir. «Etika» yunanca «ethos» sözündən olub, adət, ənənə, xarakter, vərdiş, davranış, temperament deməkdir. Əvvəllər bu söz yurd, birgəyaşayış məskəni mənasını verirdi. Etosun mənşəyi belə bir müşahidənin nəticəsi olmuşdur ki, insanların adətləri və xarakterləri birgəyaşayışda formalaşır.
«Etikanın» həm termin, həm də ayrıca elm kimi yaranması Aristotielin adı ilə bağlıdır. Adında «etika» sözü olan ilk əsərləri Aristotel yazmışdır: «Nikomax etikası», «Evdem etikası», «Böyük etika». Etik problemlər Aristotelin digər əsərlərində də mərkəzi yer tutur. Məsələn, «İkinci analitika», «Politika», «Ritorika» və s. «Etika» sözünün tarixi bir daha Roma zəminində təkrar olunur. Romalılar, xüsusən də Siseron yunan təcrübəsinə və birbaşa Aristotelə istinad edərək, yunan dilində olan «etik» anlayışından «moralis», yəni «əxlaqi» terminini yaratdı. O, bunu tək halda «mos», cəm halda «mores» kimi işlədib.
Dostları ilə paylaş: |