Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant



Yüklə 69,18 Kb.
səhifə1/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
  1   2   3   4   5   6   7   8   9   ...   14
referat 5076 (1)


Klassik Alman felsefesi

Plan:

1. Georq Vilhelm Hegel

2.L.Feyerbax

3.Imanuel Kant

4.F.V.Y.Sellinq

5.Yohann Qotlib Fixte

1. Georq Vilhelm Hegel

Müdrik filosofları ilə məşhur olan Alman klassik fəlsəfəsinin nəhəng nümayəndələrindən biri, obyektiv idealizmin tərəfdarı, idealist dialektikanın banilərindən biri də Georq Vilhelm Fridrix Hegel olmuşdu

Təkcə klassik alman fəlsəfəsinin deyil, dünya fəlsəfə irsinin aparıcı simalarından biri olan Georq Vilhelm Fridrix Hegel 27 avqust 1770-ci ildə Ştuttqartın Vürttemberq adlanan bölgəsində bir vergi məmurunun ailəsində dünyaya göz açdı Hegel protestant ilahiyyatçılarının təsiri altında olan universitetdə 5 il təhsil aldı. Burada 2 il fəlsəfə, 3 il də ilahiyyat dərsləri tədris olunurdu, bu dərslərə klassik ədəbiyyatdan nümunələr də əlavə olunurdu. 1793-cü ildə universiteti yüksək nəticələrlə bitirən Hegel kilsədə ona təyin olunan vəzifədən imtina edərək Bernə köçdü. Hegelin ilk dövrlərdəki yaradıcılığı xristianlığın Kant nöqteyi-nəzərindən şərhinə əsaslanırdı.

1800-cu ildə dostu Şellinqin də çalışdığı Yena Universitetində dərs deməyə başlayır. Elə bu dövrdə ilk məqaləsini yazmağa başlayır. «Fixte və Şellinqin fəlsəfi sistemlərinin fərqi» adlanan məqalə 1801-ci ildə çapdan çıxır. Hegel 1807-ci ildə ilk böyük həcmli əsəri olan «Phanomenologie des Geistes» («Ruhun fenomenologiyası») adlı məşhur fəlsəfi traktatını tamamladı. Hegel bu əsərində tarixin və düşüncənin dialektik bir zaman içərisində inkişafda olduğu fikrini irəli sürmüş və bu inkişafın tsiklik xarakterə malik olduğu qənaətinə gəlmişdir. Burada Hegel hesab edirdi ki, hər bir tsikl tezis, antitezis və sintezdən ibarət üç mərhələdən keçir. Hegel bu əsərində bütün maddi dünyanın real gerçəkliyin, ruhun, ideyanın təzahürü olduğu qənaətinə gəlir, bu zaman varlıq və təfəkkürün eyniyyəti fikri ortaya cixir.

Alman klassik fəlsəfəsinin inkişafının kuliminasiya momenti Hegel fəlsəfəsi olmuşdur. Hegelin Kantı tez– tez tənqid etməsinə baxmayaraq, onun sistemi Kantın fəlsəfi sistemi olmadan meydana gələ bilməzdi. 


Ümumiyyətlə, XIX əsr fəlsəfəsinə Hegelin təsiri olduqca bö­yük olmuşdur. XIX əsrin sonunda Amerika, İngiltərə, ümumiyyətlə Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti, demək olar ki, hegelçi  olmuşlar. Hegel fəlsəfəsi siyasi nəzəriyyələrə də böyük təsir göstərmişdir. Məlum olduğu kimi, K.Marks gəncliyində hegelçi olmuş və bütün ömrü boyu öz yaradıcılığında hegelçilik cizgilərini saxlamışdır. Təsadüfi deyildir ki, hegel fəlsəfəsi Marksizmin əsas mənbələrindən biri olmuşdur.
«Hegel fəlsəfəsinin... əsil əhəmiyyəti və inqilabi xarakteri də məhz ondan ibarətdir ki, o, insan təfəkkürü və hərəkəti nəticələrinin son– qəti xarakteri haqqındakı hər cür təsəvvürə birdəfəlik son qoydu. Fəlsəfənin dərk etməli olduğu həqiqəti Hegel daha, birdəfəlik kəşf edildiyinə görə ancaq əzbərlənməsi lazım gələn dəyişilməz hazır müddəalar yığını şəklində təsəvvür etmirdi; indi həqiqət idrak prosesini özündən, elmin uzun tarixi inkişafından ibarət idi ki, burada elmi biliyin aşağı pillələrindən getdikcə daha yüksək pillələrinə qalxır, lakin heç vaxt elə bir nöqtəyə çatmır ki, burada mütləq həqiqət deyilən şeyi taparaq, daha irəli gedə bilməsi və burada elm üçün ancaq əllərini qoyub tapdığı bu mütləq həqiqəti seyr etməkdən başqa bir iş qalmasın. Həm də təkcə fəlsəfi idrakda deyil, hər bir başqa idrak da həmçinin əməli hərəkət sahəsində də iş belədir. İdrak kimi tarix də heç zaman bəşəriyyətin müəyyən bir mükəmməl və ideal vəziyyətində qəti başa çata bilməyəcəkdir; mükəmməl cəmiyyət, mükəmməl «dövlət»,– bunlar ancaq xəyalda mövcud ola bilən şeylərdir. Əksinə tarixin gedişindən bir– birini əvəz edən bütün ictimai qaydalar ancaq bəşər cəmiyyətinin aşağı pillədən yüksək pilləyə sonsuz inkişafının keçici pillələrindən ibarətdir. Hər bir pillə zəruridir və beləliklə, onun həmin pilləni doğurmuş olan zaman və şərait üçün bəraəti vardır. Lakin bu pillə onun öz içərisində tədriciliyini itirir və öz bəraətindən məhrum olur. Bu pillə öz yerini daha yüksək pilləyə tərk etməyə məcburdur, o da habelə öz növbəsində süqut edir və məhv olur». 
Hegel akademik filosof olmuşdur və ömrü boyu fəlsəfəni tədris etmişdir. 
Hegel belə hesab edirdi ki, dünyanın əsasında təkcə deyil, bütöv, tam durur. Həm də dünya təkcələrin, atomların, yaxud ruhların məcmusu deyildir. Bu cür məcmunu yalnız illüziya hesab etmək lazımdır. Dünyada bütövdən, tamdan başqa real heç nə yoxdur. Lakin bu bütöv Hegeldə Parmeniddəki və Spinozadakı varlıqdan fərqlənirdi. Çünki o, bunu sadə substansiya hesab etmirdi, əksinə mürəkkəb sistem (orqanizm)  sayırdı. Məkan və zaman (təkcə predmetlər kimi) real deyil, ancaq bütövün tərəfləridir. Hegelin «gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəkdir» kimi məşhur müddəasına görə, inkişaf səviyyəsində əvvəllər gerçək olan hər şey qeyri– gerçək olur, öz zəruriliyini yaşamaq hüququnu və əqlə uyğunluğunu itirir. Ölüb getməkdə olan gerçəkliyin yerini yeni, yaşamağa qadir gerçəklik tutur,– əgər köhnə kifayət qədər dərrakəli olub müqavimət göstərməsə, dinc yolla tutur. Bu zərurətə qarşı müqavimət göstərsə zorla tutur» .
Hegelə görə bütöv, tam nədir? Hegel özü onu Mütləq adlandırır. Mütləq– ruhdur. (xatırladaq ki, mütləq Spinozada materiya xassəsinə malik idi. Hegel mütləqin bu xassəsini inkar edir). Hegelin metafizikası iki mühüm momentlə fərqlənir. Bunlar onun məntiqi və dialektikasıdır. Məntiq Hegelin sistemi deməkdir. Hegelin sisteminin klassik şərhini F.Engels özünün «L.Feyerbax və klassik alman fəlsəfəsinin sonu» əsərində vermişdir. Biz də burada həmin şərhlə kifayətlənirik. 
«... Hegel sistem qurmalı idi, fəlsəfə sistemi isə, qərarlaşmış adətə görə, bu və ya başqa cür mütləq həqiqətlə başa çatmalı idi. Hegelin özü,– bu əbədi həqiqətin məntiqi (müvafiq surətdə– tarixi) prosesinin özündən başqa bir şey olmadığının xüsusilə özünün «Məntiq» əsərində qeyd edən həmin Hegelin özü– bu prosesə son qoymağa məcbur olur, çünki Hegel gərək öz sistemini nəhayət bir şeylə qurtaraydı. «Məntiq»də bu sonu Hegel yenə də başlanğıc edə bilər, çünki orada son nöqtə, mütləq ideya– o qədər mütləqdir ki, Hegel onun haqqında əsla heç bir şey deyə bilmir,– özünü təbiətə «özgəninləşdirir» (yəni çevrilir), sonra isə ruhda– yəni təfəkkürdə və tarixdə,– yenidən öz– özünə qayıdır. Lakin bütün fəlsəfənin sonunda başlanğıca bu cür qayıtmaq üçün yalnız bircə yol qalırdı. Tarixin sonunu məhz belə təsəvvür etmək lazım idi: bəşəriyyət lap bu mütləq ideyanı dərk etməyə gəlib çıxır və elan edir ki, mütləq ideyanın həmin dərk edilməsi Hegel fəlsəfəsində əldə edilmişdi». 
Mütləqin mahiyyətini məşhur rus filosofu V.A.Solovyov belə şərh edirdi: «Hegelə görə allah ancaq filosofluq edən əqldir. Bu əql yalnız mükəmməl fəlsəfədə özünün mütləq kamilliyinə çatır». 
Sxematik olaraq mütləq ideya prosesini belə vermək olar:

I

II

III

Mütləq 
ideya

Təbiət

Ruh 
(fəlsəfi əql, idrak)

özünü özgələşdirərək, yaradır

 

 

Qeyd etmək lazımdır ki, Hegelə görə, təbiət və ruh mütləq ideyanın, bütövün özünü özgələşdirməsi olsa da belə eyni zaman əksliklər kimi mövcuddur. Materiyanın mahiyyəti onun ağırlığıdır. Onun məqsədi isə ondan kənardadır; ruhun mahiyyəti– azadlıqdır: onun məqsədi isə özündədir. «Ruh özündə varlıqdır». Ruhun tarixi inkişafında üç mərhələ olmuşdur. Bunlar Şərq, yunan– roma və alman mərhələləridir. 
Ümumiyyətlə, Şərq fəlsəfəsi problemləri Avropa filosoflarını hələ orta əsrdən başlayaraq maraqlandırmağa başlamışdır. Əslində Avropada Şərqə üz tütmayan fəlsəfə tarixçisi və ümumiyyətlə, filosof tapmaq qeyri– mümkündür. Elə antik cəmiyyətin filosofları və intibah dövrünün alimləri də Şərqi, onun mədəniyyətini öyrənmişlər. Filosoflar içərisində Hegelin böyüklüyü ondadır ki, öz dövründə toplanan bütün materialı bir fəlsəfə tarixçisi kimi elmi və tarixi baxımından təhlil etmişdir. Əlbəttə, böyük alman filosofunun metodologiyasında məhdudluq özünü biruzə verir. Bu isə şərq mədəniyyətinin şərhində təhriflərə və ziddiyyətlərə gətirib çıxartmışdır. Bütün Qərb filosoflarının, xüsusilə c.Bruno, Viko, Kondorse, Herder, Sen– Simon, Fixte, Şellinq və b. əsərlərində Şərqə münasibətin ana xətti budur ki, Şərq– dünya sivilizasiyasının başlanğıcıdır. Lakin müasir Avropa mərkəzçilik «ideyasının» məddahları çox vaxt bu fikri tərif edirlər. Hətta bəzi üzdən– iraq filosoflar (Vilyam Haas kimiləri) sübut etməyə cəhd edirlər ki, «fəlsəfə» termininin özünü belə Şərq təfəkkürünə aid etmək olmaz. Özünəməxsus fəlsəfi sistem yaradan Hegel bütün problemlərə öz sisteminin gözü ilə baxdığından həmişə ümumiləşdirmələrə can atır. Hegelə görə, fəlsəfi inkişafın zirvəsi onun sistemində «heç də mövcud olan hər şey», habelə sözsüz gerçək deyildir. Hegeldə gerçəklik atributu yalnız o şeyə məxsusdur ki, o, «eyni zamanda zəruridir» (F.Engels). Lakin Hegelin bu məşhur müddəası çox vaxt özü tərəfindən tətbiq edilmir. Onun sistemində mütləq ruh dramatik şəkildə hərəkət edir. Onun fikrincə, insanın doğulması faktı hələ insan deyil, yalnız doğumdur. Şərq də onunla müqayisə edilməlidir. Bundan əlavə, sistemdə mütləq ruhun məzmunu, gənclik və qocalıq– aşkarlanır. Deməli, mütləq ruh doğulur, gənclik dövrünə çatır, qocalır. Qocalıq mütləq ruhun keçdiyi yolun– uşaqlıq, gənclik və ahıllığın məcmusudur. Bu, Hegeldə sintez şəklində verilir, özü də bu sintez keçilmiş tarixi mərhələlərin sintezidir. Şərq bu yolda ancaq başlanğıcdır. Ona görə də Şərqdə doğulan fikrin özü deyil, fikirləşməyin imkanıdır. Şərq ruhu fikir haqqında dərindən düşünməyə qadir deyil. Fikir hələ onun təfəkkürünün predmeti, daha dəqiq desək, obyekti ola bilməyib.
Qeyd etmək lazımdır ki, XVIII– XX əsr Avropa tədqiqat­çılarında bir neçə mənfi vərdiş formalaşmışdır. Əvvəla, Şərq fəl­səfəsi, ədəbiyyatı və incəsənətinin tədqiqi zamanı onlar mütləq ellin– yunan, bizans, xristian ünsürlərini axtarırlar. İkincisi, onların fikrincə, Şərq «mağara adamı» təfəkkür sahəsində böyük nailiyyət əldə edə bilməz (Şərq adamına qoyduqları ad onların münasibətini bir daha aydın edir). Üçüncüsü, bir sıra tanınmış alimlər (Gizo, Şpenqlər, İnkelman, Renan və b.) Şərqi yox, Yunanıstanı (əslində Şərq mədəniyyəti olmasaydı, yunan mədəniyyəti də olmazdı) Avropanın əqli inkişafının başlanğıcı hesab edirlər. Hegelə görə, «Yunanıstanın... gözəllik idealı ahəngdar həyatın nümunəsidir. Eyni zamanda Hegel məntiq sahəsində böyük alim olsa da, məntiqsiz bir hökm verirdi: «Şərq fikrini fəlsəfə tarixindən çıxarmaq lazımdır». Bu isə Şərq xalqlarının mədəni nailiyyətlərini inkar etmək, onların buna qabiliyyətlərinin çatmamasını iqrar etmək idi. 
Hələ vaxtı ilə gənc Hegel Halderlinq, Şellinq, Dik, Novalislə birlikdə Elladanın tərifini göylərə qaldırır, yunanlar qarşısında «azad­lıq oğulları» önündə olduğu kimi baş əyirdilər. Bu da səbəbsiz deyildi. Hegel təhsil aldığı illərdə Yunanıstan olduqca yaxşı öyrə­nilir, mükəmməl tədris olunurdu. Şərq haqqında material isə Yu­nanıstanla müqayisədə çox aşağı səviyyədə idi. Bir sözlə, Şərq öz tarixinin, mədəniyyətinin, incəsənət və fəlsəfəsinin sirlərini öz qoynunda gizləyirdi. Bu isə Hegel və başqa Avropa alimlərinə Şərqə obyektiv, düzgün qiymət verməyə xeyli mane olurdu. Qərbdə müəyyən təhsil görmüş adamlar qədim Yunanıstan, Roma, Bizans qarşısında pərəstiş edir, bu aludəçilik isə tarix və mədəniyyət haq­qında çıxarılan nəticələrə mənfi təsir göstərirdi. Avropa alimlərinin əksəriyyəti Şərq fəlsəfəsi və incəsənətini dünya və allah haqqında mifoloji baxışlardan başqa heç nə hesab etmirdi. Başqa alimlər kimi, Hegel də bu təsir altında idi.
Ümumiyyətlə, Şərq fikri həmişə insanın ən ümumi başlanğ­ı­cını axtarmaqla məşğul olmuşdur. Seyirçi və coşğun Şərq adamının əqli bu cəhətlə həmişə zəngindir. Uzun müddətli tənhalıq, özünə qapanmaq (bax: buddizmin banisi Qautama, İsaya qədərki asketik peyğəmbərlər və b.), dərin düşüncələr vasitəsilə Şərq adamı əqli sakitliklə və inamla anlamağa gəlib çıxır ki, dünyada allahdan və insandan başqa heç nə yoxdur. Onların fərqi ondadır ki, allahın idraka ehtiyacı yoxdur, insan isə bütün bu fərqləri və vəhdəti dərk etməli, anlamalıdır. Burada allahla insanın eyni olmadığını anlamağa imkan verilib, allahla insanın yalnız immanent olduğunu başa düşməyə şərait yaradılanda Şərq əqli təntənə çalır. Bütün bunlar isə Şərq adamına həqiqət yolunu tapmağa imkan vermişdir. Şərq fikri insanın mühakimə edə bilmədiyi məsələ barədə mülahizə yürütməyi qadağan etmişdir. Həqiqət mühakimə edilməzdir. Kim onu tapsa,– onun həqiqət haqqında danışmaq ixtiyarı vardır. Sirr sirrə müvafiq olur. Burada böyük bir təsdiq var. Bu mənəm! Burada böyük bir inkar var. Bu mən deyiləm! Kim təsdiq və ya inkar edirsə, bu həqiqətdir. Mən– mənəm!– Budur Şərq simvolikasının ən böyük tapmacası və sirri. Hegelin və digər Avropa mütəfəkkirlərinin başa düşmədiyi simvolika budur. Deməli, insan həqiqət vasitəsilə dərk edilir, həqiqət isə insan vasitəsilə! Avropalıların hələ də axıra qədər dərk edə bilmədiyi məsələlərdən biri də Şərq müdrikliyinin zirvəsi valideynə olan hörmətin, məhəbbətin əsrlər boyu qorunmasıdır. Şərq adamı üçün valideynə, məhəbbətin əsrlər boyu qorunmasıdır. Şərq adamı üçün özünün, yəni «Mən»in dərk edilməsi valideynlərin də dərkidir. Valideyn ali mənəviyyatdır, ali əql, ali qüvvədir, elə bu­na görə də Şərq adamının qəlbi atası ilə– allahla söhbətin həsrətin­dədir. Həqiqət qarşısında şərq adamının ruhu zərvələrə yüksəlir, bu zirvə isə valideynlərlə qovuşan zirvədir. İnsan məhəbbətlə doğulur, məhəbbət insan ağlını işıqlandırır. Onun məhəbbəti gücləndikcə həqiqətə daha da yaxınlaşır, nəticədə o, həqiqətə qovuşur.
Nəhayət, allahın dərk edilməsi həqiqəti rifaha qovuşmağa doğru aparır. Şərq müdriki həqiqətin zirvəsi kimi allahın dərkini irəli sürür (bax: Buddizmin əsas prinsipləri). Platon çox haqlı olaraq qeyd edirdi ki, məhəbbət insanı birləşdirir, insan yalnız məhəbbətlə insan olur.
İnsan təfəkkürünün inkişafı tarixində belə bir suala cavab axtarırlar ki, insan kimdir və nədir? Elə buna görə də insanın əqli inkişafının hər bir mərhələsi haradasa mənəvi islahatın, təfəkkür və idrak islahatının təkmilləşdirilməsidir. Lakin hər bir islahat öz etiqadını, incəsənət və fəlsəfəsini yaratmışdır. Əgər bəşəriyyət vahid, bütöv orqanizmdirsə, onda süni, sxematik şəkildə onu Şərqə, Qərbə, Yunanıstana, Avropaya bölmək lazımdırmı?
Tərəqqi tarixində Şərq və Qərb qarşılıqlı şəkildə bir– birini zənginləşdirmişdir. Kant haqlı olaraq qeyd etmişdir ki, insan əqlini maraqlandıran məsələlər nə bir əsrin, nə də bir millətin həll edə biləcəyi məsələlər deyil, bəşəriyyətin vəzifəsidir. Elə bu baxımdan Hegelin Şərq konsepsiyası özünü doğrultmur. Çünki o, nəyin bahasına olursa– olsun Qərb sivilizasiyasının Şərqdən üstün olduğu­nu sübut etməyə cəhd etmişdir. Hegelin əsas prinsipinə görə, Qərb– xristian dünyası bəşər sivilizasiyasının yekunudur. Bu fikir heç bir tarixi faktla sübut olunmur. Bir sözlə, Hegelin Şərq fəlsəfəsi konsepsiyasının təhlili bir daha sübut edir ki, bu böyük filosof Şərqi əsasən başa düşməmişdir, yəni onun sənət, fikir nümunələrini lazımınca qiymətləndirməmiş, daha dəqiq desək, O, Şərq təfəkkürünün xüsu­siy­yətlərini dərk edə bilməmişdir.
Hegelin sistemində Şərq panteizmin başlanğıcıdır, onun fik­rincə, Şərq panteizminə sözün həqiqi mənasında fəlsəfi panteizm kimi baxmaq olmaz. Hegel fəlsəfəsində Şərq panteizmi dini fəlsə­fəçilik etməkdən başqa bir şey deyildir. Dini fəlsəfəçilik mərhələsi isə fəlsəfi idrakdan məhrumdur. Şərq poeziyası haqqında Hegel konsepsiyası məhdud mənada estetika çərçivəsindən kənara çıxır. Şərq ruhunun əqli başlanğıcını inkar etməyən Hegel hesab edir ki, «ağa» qarşısında qorxu iradə azadlığını öldürür, bu qorxunun dərk edilməsi isə allahdan qorxuya gətirib çıxarır və Şərq ruhunu çox vaxt «qul» vəziyyətində saxlayır. Şərq fikrinin diqqətlə öyrənilməsi bir daha sübut edir ki, Hegelin müddəaları ilə Şərq gerçəkliyi arasında da olduqca böyük fərq vardır.
«Qərb və Şərq» kitabının müəllifi N.İ.Konrad çox haqlı olaraq yazır ki, əzəldən qabaqcıl və əzəldən geridə qalmış xalqlar yoxdur: Şərqin və Qərbin böyük sivilizasiyalı xalqları öz tarixlərində irəliyə doğru sürətlə və yavaş hərəkət etmiş, yaxud da tamamilə dayanmışlar ki, bu da onların müvəqqəti geri qalmasına gətirib çıxarmışdır. Elə buna görə də heç kimin özünü xüsusi, başqasından üstün olan xalq hesab etməyə haqqı yoxdur. Qərbin xristian apologetləri yorulmadan təsdiq edirlər ki, digər dinlər xristianlığın bidətlərdir, daha dəqiq desək, onların təhrifidir. Onların fikrincə, təkcə qərb sivilizasiyası həqiqi mənəviyyatı əks etdirir, tərəqqinin yaradıcı qüvələrini ifadə etdirir. Hegelin «Şərq ruhu fikirləşməyən subyekt­dir» fikri etibarlı deyil. O, indus əqlini, onun qəlbini «bitki» naturası ilə müqayisə edir. Sfinksi Misir təfəkkür formasına adekvat elan edir, qəlbin ülvi çağırışlarını Məhəmməd ruhunun mahiyyəti ilə eyniləşdirir. Digər filosoflar da əmin idi ki, Apollon başlanğıcı– yunan ruhuna, magiya– sehrbazlıq– Şərq ruhuna, faustsayağı başlanğıc Qərbə– Avropaya məxsusdur.
Ümumiyyətlə, Qərb elmində mədəni sərvətlərin mənbəyi və inkişafı məsələsində fikirlər olduqca dolaşıqdır. Məsələn, elə kon­sep­siyalar vardır ki, bəzi hallarda Qərb mənəvi sərvətlərinin univer­sal əhəmiyyəti hədsiz təriflənirsə, digər hallarda Şərq yüksək qiy­mət­ləndirilir. Bunu Hegel fəlsəfəsində də müşahidə etmək olar. O yazırdı: «Elm və biliklər, xüsusilə fəlsəfə ərəblərdən Qərbə keçmiş­dir; nəcib poeziya və azad fantaziya almanlarda əsasən Şərqdən alovlanmışdır». Dünya tarixinin Hegel yaradıcılığında idealist şərhinə baxmayaraq, O, ümumi tarixin və mədəniyyətin varisliyini inkar edə bilmir.
Hegelə görə, «Ümumdüyna tarixi azadlığın anlaşılmasında tərəqqidir, elə tərəqqi ki, biz onun zərurət olduğunu dərk etməyə məcburuq». Azadlığı anlamağı Hegel aşağıdakı kimi səciyyələndirir. «Şərq bilir və bilirdi ki, bir nəfər azaddır, yunan və roma dünyası bilir ki, bəziləri azaddır, alman dünyası bilir ki, hamı azaddır. Ümumdünya tarixində bizim gördüyümüz birinci forma despotizm, ikincisi demokratiya və aristokratiya, üçüncüsü isə monarxiyadır». Belə çıxır ki, dünya tarixinin pillələri Şərq, yunan– roma dünyası, alman dünyası ilə– monarxiya ilə tamamlanır. Şərq ümumdünya tarixinin başlanğıcı, Avropa isə onun sonudur. Ümumiyyətlə, bu­rada da ziddiyyət mövcuddur. Hegel həm Şərqi yüksək qiymət­ləndirir, həm də Qərbi ondan uca tutur.
Sonralar daha çılpaq şəkildə inkişaf etdirilmiş «Avropamər­kəzçilik» belə bir səhv tezisi əsaslandırmağa cəhd etmişdir ki, guya yunan– roma dünyasının mədəniyyəti yeganə univer­sal əhəmiyyətə malikdir və müasir Qərbi Avropa mədəniyyəti onun əsas varisidir. Son illər meydana çıxan «Şərqmərkəzçilik» konsepsiyası özünümü­dafiədən çox qədimliyi və universallığı sübut etməyə cəhd göstərir. Hər iki konsepsiya yanlışdır. Tarix isə həqiqətin göstəricisidir.
Hegelin dialektik metoduna gəldikdə isə burada sistemlə daban– dabana zidd müddəalarla rastlaşırıq. Ümumiyyətlə, dialek­tik fəlsəfə üçün həmişəlik olaraq qərarlaşmış, şərtsiz və müqəddəs heç bir şey yoxdur. Dialektik fəlsəfə hər şeyin üzərində və hər şeydə labüd süqut möhrünü görür və arası kəsilmədən törəmək və məhv olmaq prosesindən başqa, aşağı pillədən yüksək pilləyə sonsuza yüksəlməkdən başqa heç bir şey onun qarşısında dura bilməz. Dia­lektik fəlsəfənin özü həmin prosesi düşünən beyində yalnız sadəcə inikasıdır (F.Enqels). Hegelə görə bütün inkişaf müəyyən formada gedir. Bu forma triadadır. O, özünütəsdiqi (tezis), həmin təsdiqin inkarını (antitezis) və inkarın inkarını (sintez), yaxud da əksliyin aradan qaldırılmasını daxil edir. Tezis– antitezis– sintez.
Hegel yazır ki, təfəkkürün birinci mərhələsində təfəkkürsüz– anlayışsız predmetə malikik, lakin burada təsəvvür, yaxud da ad vardır. Bu, bir növ «özündə anlayışdır». Sonra əks mühakimələr özlüyündə bəzi keçidlərin mahiyyətidir. Nəhayət, sintez onların anlayışlarının şəxsi refleksiyanın məhsuludur. 
Beləliklə, hər bir anlayış (hər bir hadisə) bir– birilə bağlı ha­disələrin məcmusunu təşkil edən inkişaf tsikllərindən keçir və bu sil­silələr ali sintez alınana qədər dəfələrlə təkrar olur. Deməli, dia­lektik metod Hegelə imkan verir ki, ayrı– ayrı hissələri deyil, bütö­vün reallığını göstərsin. Dialektik metod inkişafın təbiətini öyrən­məyə imkan verir. O, anlayışın öz inkişafı ilə ifadə olunur. Anlayış­lar dialektikası şeylərin dialektikasını (təbii və sosial proseslərin dia­lektikasını) müəyyən edir. Hegelə görə, şeylərin dialektikası mütləq ideyaya, özündə mövcud olan Loqosa xasdır. Lakin bu özü də Hegel tərəfindən panteizm mövqeyindən izah edilir. Bu, xristian dininin şəxsi allahı deyildir. Mütləq ideyanın dialektik prosesdə inkişaf edən şəxssiz prosesidir və «öz– özünə özgələşəndir». Bu, inkişafın məqsədi əksliklərin «götürüldüyü» və harmoniyanın əldə edildiyi mütləq ruhdur.
Bütövlükdə götürülən Hegel təlimi böyük əhəmiyyət daşıyırdı. XIX əsr Almaniyasında başlıca əhəmiyyəti Hegelin sisteminə verən adam din və siyasət sahəsində kifayət qədər mühafizəkar ola bilərdi. Dialektik metodu əsas sayan şəxs isə həm siyasətdə, həm də din məsələsində ən ifrat müxalifətə mənsub ola bilərdi. Hegelin özü isə əsərlərində tez– tez təsadüf edilən inqilabi qəzəb çoşğunluğuna bax­mayaraq, ümumiyyətlə, görünür, mühafizəkar tərəfə daha çox meyl edirdi. Təsadüfi deyildir ki, Hegelin sistemi ona öz meto­dun­dan daha «ağır fikri iş» bahasına başa gəlmişdir. F.Engelsə görə, fəls­ə­fədə çox şeyin dərk edilməsində hamıdan çox Hegelə borcluyuq. Fəlsəfə ümumiyyətlə Hegeldə qurtarır,– bir tərəfdən ona görə ki, Hegelin sistemi fəlsəfənin bütün əvvəlki inkişafının əzəmətli yeku­nudur, digər tərəfdən isə, ona görə ki, Hegel özü, şüursuzcasına olsa da, sistemlər dolaşıqlığından çıxıb dünyanı həqiqi, müsbət şəkildə dərk etməyə doğru getmək yolunu bizə göstərir.


Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin