KÜSKÜN GÖZƏLÇƏLƏRİMİ XATIRLAYARKƏN.
Doxsan yaşım tamam olan gün özümə hədiyyə etmək qərarına gəldim – gənc bakirə qızla dəli bir
eşq gecəsi keçirmək. Keçmiş zamanlarda əlinə «təzə-tər» qızlar düşən kimi öz xeyirxah müştərilərinə
xəbər verən gizli görüş evinin sahibəsi Rosa Kabarkası xatırladım. Mən onun iyrənc təkliflərinə
şirnikmirdim, o isə mənim prinsiplərimin təmizliyinə inanmırdı. «Əxlaq zamana baxır, – o,
bədxahcasına gülümsəyirdi, – vaxt gələr, özün əmin olarsan». Rosa məndən azca kiçik idi və çox illərdi
ondan xəbər-ətər eşitməmişdim, ola bilsin, artıq ölmüşdü. Ancaq elə ilk kəlmədən səsini telefonda
tanıdım və salamsız-filansız dedim:
– Bu gün – hə.
O, köks ötürdü: ay tənha qoca, iyirmi ildi itib-batmısan və yalnız ona görə qayıtmısan ki, mümkün
olmayanı xahiş edəsən. Ancaq onun peşəsi öz sözünü dedi, seçmək üçün mənə bir yığın variant təklif
elədi, di gəl, əfsus, hamısı istifadə olunmuşlardı. Mən israr etdim, bakirə qız olmalıdır, özü də bu gecə.
Rosa təşvişlə soruşdu: «Sən nəyi sınaqdan keçirmək istəyirsən?» «Heç nəyi, – o, mənim ən yaralı
yerimə toxunmuşdu, – nəyi bacardığımı, nəyi bacarmadığımı özüm yaxşı bilirəm». O, halını pozmadan
dedi ki, müdriklər çox şeyi bilirlər, ancaq hər şeyi yox: «Dünyada bir qız qalıbsa, o da sənin kimi Qız
bürcü altında doğulanlardır. Sən niyə əvvəlcədən mənə xəbər vermirdin?» «Təb birdən gəlir», – dedim.
«Ancaq gözləyə də bilər», – həmişə hər şeyi istənilən kişidən yaxşı bilən Rosa cavabımı verib soruşdu
ki, «bazarı» yaxşı öyrənmək üçün ona, heç olmasa, iki gün vaxt vermək olarmı. Tamamilə ciddi surətdə
etiraz etdim ki, bu cür işlərdə mən yaşda adamların hər günü ilə bərabərdir. «Olmur, olmasın, – o,
tərəddüd etmədən dedi, – eybi yox, lənət şeytana, belə daha maraqlıdır, bir saatdan sonra sənə zəng
vuraram».
Bunu deməsəm də olardı, çünki elə baxan kimi görünür: mən yaraşıqlı deyiləm, utancaq və
ümumiyyətlə, keçmişdənqalma adamam. Ancaq belə olmaq istəmədiyimdən, özümü elə göstərməyə
başladım ki, guya, hər şey əksinədir. Bu gün səhər açılanda, nəhayət, qərara aldım ki, heç olmasa,
vicdanımı sakitləşdirmək üçün, əslində, necə olduğumu özümə deyim. Və Rosa Kabarkasa qeyri-adi
zəngdən başladım. Çünki mən indi anlayırdım ki, bu, yeni həyatın başlanğıcı olub. Adətən adam bu
yaşda dünyasını dəyişir.
* * *.
Mən San Nikolas parkının güney səmtində, müstəmləkə üslubunda tikilmiş evdə yaşayıram, bütün
ömrümü də bu evdə qadınsız, var-dövlətsiz keçirmişəm; valideynlərim də bu evdə yaşayıb ölüblər və
mən də bu evdə, doğulduğum çarpayıda, tezliklə gəlməsini istəmədiyim bir gündə ağrısız, tək-tənha
ölmək istəyirəm. Atam bu evi XIX əsrin sonunda hərracdan alıb, alt mərtəbəni burada cah-cəlallı dükan
açan italiyalıların konsorsiumuna kirayəyə verib, ikinci mərtəbəni isə onlardan birinin qızı, Motsartın
gözəl ifaçısı, poliqlot və haribaldiçi Florina de Dios Karqamantosla xoşbəxt yaşamaq üçün özünə
saxlayıb. Bu gözəl qadının şəhərdə heç kimdə olmayan bir cəhəti də vardı: o, mənim anam idi.
Gipslə suvanmış tağları, şahmatvari yığılmış florensiya mozaikalı döşəməsi olan bu ev geniş və
işıqlıdır; şüşəli dörd qapı evi qurşayan eyvana çıxır, anam mart axşamlarında öz italyan əmiqızıları ilə
burada məhəbbət ariyaları oxuyurdu. Eyvandan San Nikolas parkı, kilsə və Xristofor Kolumbun
heykəli, bir az uzaqda sahildəki çaxır zirzəmiləri, onlardan arxada isə mənsəbində 20 liq yayılıb
şaxələnən, yatağına sığmayan böyük Maqdalena çayı görünür. Evin yeganə nöqsanı – gün ərzində
növbə ilə bütün pəncərələrdən boylanan günəşdir, ona görə hamısına pərdə asmaq lazım gəlir ki, siesta
vaxtı od tutub yanan alaqaranlıqda birtəhər yata biləsən. Otuz iki yaşımda tək qalanda valideynlərimin
otağına köçdüm, kitabxananın qapısını açıb, həyatda mənə lazım olmayacaq hər şeyi satmağa başladım
və aydın oldu ki, kitablardan və üstünə val qalaqlanmış pianoladan başqa hər şey elə artıq imiş.
Mən qırx il «Diario de-la-Pas» üçün xəbərlər hazırlamaqla məşğul olmuşam, işim qısa dalğalarda, ya
Morze əlifbasında səmanın ənginliklərinə yayılan dünya xəbərlərini tutub, yerli əhaliyə çatdırmaq idi.
Bu gün yaşamaqdan çox, artıq ölüb getmiş peşəyə görə aldığım təqaüdlə candərdi sürünürəm; latın və
ispan qrammatikasından dediyim dərslərə görə mənə ondan da az pul verirlər, artıq yarım əsrdir
yorulmadan hər bazar yazdığım məqalələrə görə, demək olar ki, heç nə, məşhur ifaçılar gələndən-
gələnə çap etdirdiyim musiqi və teatr haqqındakı məlumatlara görə isə, ümumiyyətlə, heç nə vermirlər.
Başqa bir işlə məşğul olmamışam, ancaq yazmışam, intəhası, məndə xüsusi bir qabiliyyət, istedad
yoxdur, dramaturgiya kompozisiyasının qanunlarından qəti xəbərsizəm və yalnız ona görə bu işə baş
qoşmuşam ki, ömrüm boyu oxuduğum saysız-hesabsız kitabdan öyrəndiyim biliklərin gücünə
inanmışam. Kobud desək, mən – nəslimin şan-şöhrətsiz davamçısıyam, əgər başıma gələn və bu
xatirələrdə danışacağım o böyük məhəbbət olmasa idi, gələcək nəsillərə məndən heç nə qalmayacaqdı.
Həmişəki kimi doxsan yaşımda da ad günüm səhər saat beşdə yadıma düşdü. Həmin gün yeganə işim
«Diario de-la-Pas»ın bazar sayı üçün məqalə yazmaq idi. Özümü xoşbəxt saymamaqdan ötrü ideal
səhər idi: hava işıqlaşandan sümüklərim sızıldayırdı, dalım alışıb-yanırdı, üstəlik də, üç aylıq
quraqlıqdan sonra ildırım çaxırdı. Qəhvə hazır olana kimi yuyundum, sonra bir fincan ballı qəhvə
içdim, moniokadan hazırlanmış içi cemli iki kökə ilə qəlyanaltı edib, kətan ev kostyumumu geyindim.
Həmin gün məqalənin mövzusu, əlbəttə ki, mənim doxsanilliyim idi. Heç vaxt yaş haqqında
fikirləşməmişdim. Nə qədər sular axıb… Aylar, illər gəlib keçib…
Uşaq vaxtı eşitmişdim ki, adam öləndə onun saçlarında yuva salmış bitlər ölənin doğmalarına xəcalət
verərək, yastığın üstü ilə dəhşətlə qaçışırlar. Bu, məni o qədər heyrətləndirmişdi ki, məktəbə gedəndə
saçımı dibdən qırxdırıb, itlər çimizdirilən cod sabunla keçəlimi yumuşdum. Başqa sözlə desək,
uşaqlıqdan utancaqlıq hissinin məndə ölüm haqqında təsəvvürdən yaxşı formalaşdığını indi anlayıram.
Artıq bir neçə aydır, yubiley məqaləmin, bir qayda olaraq, ötən illər haqqında sızıltı yox, qocalığın
mədhi olacağını düşünürdüm. Hansı məqamda qocaldığımı dərk etdiyimi xatırlamağa başladım, belə
çıxdı ki, bu günə lap az qalmış. Belim ağrıyanda mənim qırx iki yaşım var idi, çətin nəfəs alırdım,
durub həkimə getdim. O, ağrılarıma əhəmiyyət vermədi: «Sizin yaşınız üçün normal haldır», – dedi.
Mən onda yaşımı yada salıb, ilk dəfə qocalıq haqqında düşündüm, ancaq çox tezliklə bunu unutdum.
Hər gün yeni bir ağrı ilə oyanmağa vərdiş etdim, illər keçirdi və hər gün bir başqa yerim bir başqa cür
ağrıyırdı. Hərdən mənə elə gəlirdi, ölüm qapının ağzını kəsdirib, ancaq o biri gün ağrılar yerli-dibli
yoxa çıxırdı. Məhz o vaxtlar kimsə dedi ki, qocalığın ilk əlaməti – adamın atasına oxşamağa
başlamasıdır. Onda düşündüm, görünür, əbədi cavan qalmağa məhkumam, çünki mənim at profilim heç
vaxt nə atamın sərt qəraibli profilinə, nə də anamın Roma imperatoruna xas profilinə oxşayacaq.
Məsələ ondadı ki, ilk dəyişikliklər elə yavaş gedir, adam bunu hiss etmir, daxilən özünü əvvəllər
olduğu kimi görməkdə davam eləyir, başqaları isə ona baxdıqca bu dəyişikliyi sezirlər.
Beşinci onillikdə ilk yaddaş pozuntularını hiss edəndə, qocalığın nə olduğunu anlamağa başladım.
Eynəyimi öz üstümdə tapana qədər bütün evi alt-üst edirdim, ya gözümdə eynək duşun altına girirdim,
ya da uzağı göstərən eynəyi çıxarmadan yaxını göstərən eynəyi taxırdım. Elə oldu ki, bir dəfə yediyimi
unudub, ikinci dəfə səhər yeməyi yedim və dostlarıma bir həftə əvvəl danışdığımı təkrar söyləyəndə
onların necə narahat olduğunu sezdim. Yaddaşımda o vaxta qədər tanış sifətlərin və adların siyahısı var
idi, ancaq onlarla görüşdüyüm vaxt sifətlərlə adları birləşdirə bilmirdim.
Seksual mənada yaş heç vaxt məni qayğılandırmayıb, çünki imkanlarım məndən çox qadınlardan
asılı olub – nəyi, necə, nə vaxt etmək lazım olduğunu onlar bilirlər. Xırda bir uğursuzluqla qarşılaşan
kimi həkimə qaçan səksən yaşlı uşaqlara indi gülməyim gəlir, onların xəbəri yoxdur ki, doxsanda lap
betər olacaq, ancaq artıq əhəmiyyəti olmayacaq: bu risk – sağ olduğunun əvəzidir. Və həyatın təntənəsi
elə ondadır ki, qocaların yaddaşı ikinci dərəcəli şeyləri yadda saxlamır və çox nadir hallarda əsl
mənada əhəmiyyətli olan şeylər sarıdan bizə naxələflik eləyir. Siseron bunu bir kəlmə ilə ifadə eləyib:
«Elə bir qoca yoxdur ki, xəzinəsini harada gizlətdiyini unutsun».
Avqust günəşi parkdakı badam ağaclarının arasından şaxıyanda və quraqlığa görə bir həftə gecikmiş
poçt daşıyan çay gəmisi uğultu ilə liman kanalına girəndə bu və digər düşüncələrlə öz qeydlərimin ilk
qaralamasını bitirdim. Mən fikirləşdim: bax budur, doxsan yaşım üzüb gəldi. Bilmirəm niyə, heç vaxt
da bilməyəcəm, ancaq mənim şərəfimə bir dəli gecə təşkil etmək üçün Rosa Kabarkasa zəng etmək
qərarına gəlməyim, yəqin, hər şeyi uçurub dağıdan xatirələri bir növ ovsunlamaq istəyindən doğmuşdu.
Artıq illərdi sevimli Latın Amerikası müəlliflərinin dönə-dönə oxuduğum kitabları arasında dolaşaraq
və klassik musiqiyə dalaraq, öz bədənimlə sülh şəraitində yaşayırdım, amma həmin gün məni elə bir
istək çulğaladı ki, bunu Allahdan gələn əlamət saydım. Telefon danışığından sonra daha yaza bilmədim.
Kitabxananın səhərlər gün vurmayan küncündən tor yelləncək asıb uzandım, əzab dolu intizar isə
sinəmi sıxırdı.
Mən hər cəhətdən qabiliyyətli, əlli yaşında vərəmdən ölən anamın, halal yaşayan, ömründə səhv
etməyən və Mingünlük müharibəyə, eyni zamanda, keçən əsrin xeyli vətəndaş müharibəsinə son
qoymuş Neerland müqaviləsinin imzalandığı gün dan yeri söküləndə öz dul yatağında keçinən atamın
ərköyün uşağı idim. Sülh şəhəri gözlənilmədən və arzu edilməyəcək dərəcədə dəyişdi. Bekar qadınlar
dəstə-dəstə, ürəyimə bu qədər doğma olan, işıqlı saf havasına, sakinlərinin gözəl xasiyyətinə görə
özününkülərin də, özgələrin də sevdiyi bu şəhərin sonradan Abelo, indi isə Kolumb prospekti adlanan
Geniş küçəsindəki köhnə çaxır zirzəmilərini kefli havasına doldururdular.
Heç bir qadınla pulsuz yatmamışam, nadir hallarda qeyri-peşəkarlarla iş görəndə də sözlə, ya güclə,
hətta zibilliyə atmalı olsalar belə, yenə onları pul götürməyə razı salmışam. İyirmi yaşından onların
hesabını aparmağa başladım, hamısının adını, yaşını, görüş yerini, qısası – şəraiti və hər birinin
üslubunu yazırdım. Əlli yaşıma çatanda, ən azı bir dəfə olduğum qadınların sayı siyahıda beş yüz on
dördə çatmışdı. Bədən artıq bu zıppazıpa dözməyəndə yazmağı tərgitdim, hesabı beynimdə davam
etdirdim. Mənim öz əxlaq qaydalarım var idi. Heç vaxt dəstə halında və adamların gözü qabağında
cinsi əlaqədə olmamışam, heç vaxt sirlərimi heç kimlə bölüşməmişəm, bədənimin və ruhumun
sərgüzəştlərini heç kimə danışmamışam, çünki cavanlıqdan bilmişəm ki, bunların heç biri cəzasız
qalmır.
Yeganə qəribə, illərlə davam edən əlaqəm vəfalı Damiana ilə olub. Damarlarında hindu qanı axan
qıvraq, utancaq bu qız, az qala, uşaq idi, qısa və qətiyyətlə danışırdı, mən yazı yazanda narahat
etməmək üçün evdə ayaqyalın gəzirdi. Yadımdadır, dəhlizdə tor yelləncəkdə uzanıb, «Əndəlus qaməti»
kitabını oxuyurdum, təsadüfən gözüm ona sataşdı, əyilib paltar yuyurdu, qısa yubkası yuxarı dartılıb,
baldırlarını açıqda qoymuşdu. Canıma istilik gəldi, onun üstünə atıldım. «Of, senyor», – o, yanıqlı-
yanıqlı hıçqırdı. Onu alçaltdığıma görə özümü alçalmış hiss edib, ən bahalı fahişələrin o vaxtkı
qiymətindən ikiqat artıq pul vermək istədim, di gəl götürmədi, onda mən onun məvacibini artırmalı
oldum ki, ayda bir dəfə – paltar yuyanda bunu təkrar eləyim.
Haçansa düşündüm ki, bu yataq hesabı mənim düşkün həyatım haqqında hekayətin təməli ola bilər,
adı da, elə bil, göydən düşdü: «Küskün gözəlçələrimi xatırlayarkən». Mənim göz qabağındakı həyatım,
əksinə, az maraqlı idi: atasız-anasız yetim, gələcəyi olmayan subay, ortabab jurnalist, Kartaxena de-
İndiasdakı Çiçək oyunlarının dördqat finalçısı və eybəcərlikdə tayı-bərabəri olmayan bir adam kimi
karikaturaçıların sevimli obyekti. Qısası: puç olmuş həyat və bu həyat on doqquz yaşımda anamın
əlimdən tutub, ritorika və ispan dili dərslərində yazdığım məktəb həyatından bəhs edən məqaləmin çap
olunub-olunmayacağını biləcəyini öyrənmək üçün məni «Diario de-la-Pas»a apardığı gündən əyri
getdi. Məqalə bazar sayında məktəb direktorunun gələcəyimə böyük ümidlər bəslədiyindən dəm
vurduğu ön sözü ilə çap olundu. İllər keçəndən sonra biləndə ki, anam həmin və sonrakı yeddi nəşr
üçün pul verib, xəcalət çəkmək artıq gecdi, o vaxta qədər mənim həftəlik köşəm daha ayaq tutmuşdu,
bundan başqa, xəbər tərtibatçısı və musiqi tənqidçisi idim.
Bakalavr dərəcəsi və əlaçı diplomu alan kimi, üç kollecdə ispan və latın dilindən dərs deməyə
başladım. Mən lazımi təhsili olmayan, işə həvəssiz yanaşan və valideynlərinin zülmündən qurtulmaq
üçün məktəbə getməyin ən asan çıxış yolu olduğunu düşünən bədbəxt uşaqlara bir damcı da rəhmi
gəlməyən pis müəllim idim. Eləyə bildiyim bir şey var idisə, o da sevdiyim misraları taxta xətkeşin
qorxusu altında onlara əzbərlətməkdi: «İndi bütün gördüklərin, Fabio, dağlar, kədərli təpə, tərk edilmiş
vadi bir zamanlar şöhrətli İtaliko adlanırdı». Yalnız qocalandan sonra şagirdlərimin mənə verdiyi iyrənc
ayamadan xəbər tutdum: Kədərli Təpə.
Vəssalam, həyat mənə bunları verdi, daha çox şey əldə etmək üçün isə heç nə etmədim. Dərsarası
fasilədə tək nahar eləyirdim və saat altıda ulduzlu səmadan siqnallar tutmaq üçün redaksiyaya gəlirdim.
Saat on birdə, redaksiya bağlanandan sonra isə mənim əsl həyatım başlayırdı. Həftədə iki-üç dəfə
gecəni Çin məhəlləsində keçirirdim, özü də elə cürbəcür adamlar arasında ki, iki dəfə ilin müştərisi
elan olunmuşdum. Yaxınlıqdakı «Roma» kafesində şam eləyəndən sonra bəxtə-bəxt hansısa bir
fahişəxananı seçib, arxa qapıdan sivişib içəri keçirdim. Mən oraya kef çəkmək üçün gedirdim, amma
vaxt ötdükcə bu mənim işimin bir hissəsinə çevrildi, çünki belə yerlərdə siyasət qurdlarının dili açılırdı,
onlar bir gecədə öz məşuqələrini dövlət sirlərindən agah eləyirdilər, heç fikirləşmirdilər ki, karton
arakəsmələrin arxasında onlara geniş ictimaiyyət qulaq asır. Elə bu üsulla – başqa nə cür ola bilərdi –
bildim ki, mənim qayğısız subay həyatımı Karmen küçəsindəki yetim oğlan uşaqlarının köməyilə
soyutduğum uşaqbazlıq həvəsimlə izah edirlər. Başqa şeylər kimi bunu da unutmaq mənə qismət oldu,
çünki elə orada özüm haqqında xeyli yaxşı şeylər də eşitdim və bunu lazımınca qiymətləndirdim.
Mənim heç vaxt yaxın dostum olmayıb, isinişə bildiyim təkəmseyrək dostlar da artıq Nyu-Yorkda
idilər. Başqa sözlə desək, ölmüşdülər, çünki, məncə, öz keçmiş həyatları haqqında həqiqəti
çeynəməmək üçün dərdli ürək sahibləri məhz oraya yollanırlar. Təqaüdə çıxandan sonra işim azaldı,
cümə günləri günün ikinci yarısında qəzetə məqalə aparırdım, bir də bəzi faydalı məşğuliyyətlərim
olurdu: «Bell Artes» zalında konsertlər, əsasını qoyduğum üzvü olduğum və İncəsənət mərkəzində
rəsm sərgiləri, ictimai abadlıq cəmiyyətində mühazirə, arabir də «Apollo» teatrında Fabreqasın
filmlərinin nümayişi kimi mühüm işlər. Gəncliyimdə yay kinoteatrlarına gedirdim; orada ay tutulmasını
müşahidə etmək də, eyni uğurla qəfil yağan leysan nəticəsində ikitərəfli sətəlcəm olmaq da mümkündü.
Ancaq məni filmlərdən çox, bilet qiymətinə, bəzən müftə, bəzən də borca verən gecə quşları
maraqlandırırdı. Qısası, kino – mənim janrım deyil. Şirli Templin ədəbsizliyinə sitayiş isə,
ümumiyyətlə, mənim səbir kasamı daşdıran son damcı oldu.
Otuz yaşıma qədər vur-tut dörd dəfə Çiçək oyunlarına getmək üçün Kartaxena de-İndiasa səfər
etmişəm, bir dəfə də Sakramento Montelanın dəvəti ilə onun fahişəxanasının təntənəli açılışında iştirak
üçün murdar bir gecədə motorlu qayıqla Santa Mariyaya üzmüşəm. Evdəki həyatıma gəlincə, vasvası
deyiləm və az yeyirəm. Damiana qocalandan sonra yemək hazırlamağa gəlmədi, o vaxtdan mənim
daimi yeməyim redaksiya bağlanandan sonra «Roma» kafesində yediyim kartov tortili oldu.
Beləliklə, doxsanilliyim ərəfəsində Rosa Kabarkasın zəngini gözləyərək nahar etmədim, kitab
oxumağa da səbrim çatmadı. Günorta saat ikidə, dəhşətli istidə cırcıramaların səsi aləmi başına
götürmüşdü və günəş açıq pəncərəyə yaxınlaşırdı, ona görə tor yelləncəyin yerini üç dəfə dəyişəsi
oldum. Mənə həmişə elə gəlirdi ki, anadan olduğum gün ilin ən isti günüdür və bununla barışmışdım,
ancaq həmin gün istiyə dözmək mümkün deyildi. Saat dörddə Pablo Kazalsın ifasında İohan Sebastyan
Baxın violonçel üçün yazdığı altı süitasının köməyi ilə özümə gəlməyə çalışdım. Onları musiqidə ən
müdrik adam sayıram, di gəl həmişə sakitləşdirdiyi halda, indi bu musiqi məndə ruh düşkünlüyü
yaratdı. Bir az hay-küylü saydığım ikinci süitada məni mürgü basdı və yuxuda violonçelin iniltisi
sahildən aralanan gəminin ürəksıxıcı fit səsinə qarışdı. Demək olar, dərhal da telefon zənginə oyandım
və Rosa Kabarkasın kallaşmış səsi məni həyata qaytardı. «Axmaqların bəxti gətirir, – o dedi. – Bir dənə
kəklik tapmışam ki, sən istədiyindən də yaxşıdır, ancaq bir əngəli var: on dörd yaşı yenicə tamam
olub». «Eybi yox, altını dəyişərəm», – onun nəyə işarə vurduğunu anlamadan zarafat etdim. «Söhbət
səndən getmir, – qadın dedi, – bəs mənim üç il həbsxanada yatmağımın haqqını kim verəcək?»
Heç kim haqq verəsi deyildi, o da ola Rosa Kabarkas. O, öz çörəyini məhz azyaşlıların hesabına
çıxarırdı, onlar dükanda açıq satılan mal idilər, onun yanında qızlar ilk addımlarını atırdılar və daha
sərt peşəkar həyatı yaşamaq üçün məşhur Qara Eufemiya fahişəxanasına keçənə qədər onların şirəsini
sıxıb çıxarırdı. Rosa Kabarkas heç vaxt cərimə ödəmirdi, çünki onun evi qubernatordan tutmuş
meriyanın sonuncu dəftərxana siçovuluna qədər, yerli hakimiyyətdə kim Kim, hamısı üçün behişt idi və
çətin təsəvvür etmək olardı ki, qanunu istədiyi kimi pozmağa bu fahişələr fahişəsinin gücü çatmasın.
Onun gec oyanmış vicdanı, görünür, öz xidmətini baha satmaq məqsədi güdürdü: nə qədər
təhlükəlidirsə, bir o qədər bahadır. Əngəl əlavə iki peso ilə aradan qaldırıldı, danışdıq ki, saat onda
nağd beş peso ilə onun evinə gəlirəm və pulu qabaqcadan ödəyirəm. Bir dəqiqə də tez olmaz, çünki qız
kiçik qardaşlarını yedirib yatızdırmalı və yel xəstəliyindən əziyyət çəkən anasını yatmaq üçün
hazırlamalıdı.
Dörd saat qalmışdı. Vaxt keçdikcə ürəyim acı köpüklə dolurdu, bu da məni nəfəs almağa qoymurdu.
Vaxtı qısaltmaq üçün geyinib hazırlaşmaqla başımı qatmağa çalışdım. Əgər hətta Damiana da deyirsə
ki, senyor yepiskop kimi geyinirəm, təbii, bunda fövqəladə bir şey yoxdur. Ülgüclə üzümü qırxdım,
gün qızdırmış suyun borulardan axıb getməsi üçün duşda gözləməli oldum. Ancaq dəsmalla
qurulanana kimi yenə tərlədim. Gecə məni gözləyən hadisəyə uyğun geyindim: ağ kətan kostyum, göy
zolaqlı, yaxalığı nişastalı köynək, Çin ipəyindən qalstuk, sinkli ağ boya ilə təzələnmiş ştibletlər və
kostyumun yaxasındakı ilgəyə taxılmış saf qızıldan zəncirli saat. Sonda bir qarış balacalaşdığım
bilinməsin deyə, şalvarın belini içəri qatladım.
Hamı məni simic kimi tanıyır, çünki belə evdə yaşadığıma görə kasıb olduğuma inanmırlar, ancaq
doğrusu, bu cür gecə cibimə uyğun deyil. Çarpayımın altındakı sandıqçada saxladığım puldan otağa
vermək üçün iki peso, fahişəxananın sahibəsi üçün dörd, qız üçün üç, şam yeməyi və başqa xırda
xərclər üçün özümə beş peso götürdüm. Başqa sözlə desək, bazar sayında çap olunan məqalələrimə
görə qəzetin ödədiyi həmin on dörd pesonu. Onları qurşağımdakı gizli cibə qoyub, «Lapman And
Kemp-Barslay And Co» firmasının «Aqua de Florida» odekolonundan üst-başıma püskürtdüm. Bu
yerdə qorxu məni bürüdü, ancaq kilsə zəngi saat səkkizi vuran kimi qorxudan tərləmiş halda əlhavasına
qaranlıqda pillələri düşüb, böyük ümidlər bəslədiyim nəşəli gecənin qoynuna girdim.
Hava sərin idi. Kolumb prospektində, işlək yolun ortasında cərgə ilə sıralanmış boş taksilərin
arasında kişilər dəstə-dəstə toplanıb, futbol haqqında bərkdən mübahisə edirdilər. Kiçik nəfəsli orkestr
siçovulqıran oleandrların çiçəklədiyi xiyabanda vals çalırdı. Notariuslar küçəsində abırlı müştəri
axtaran bədbəxt fahişələrdən biri həmişəki kimi məndən siqaret istədi, mən də həmişəki kimi ona
dedim: artıq otuz üç il, iki ay, on yeddi gündür ki, siqareti tərgitmişəm. «Qızıl Zınqırov»un yanından
keçəndə işıqlı vitrinə baxıb, özümü hiss etdiyimdən daha qoca və pis geyinmiş gördüm.
Saat ona az qalmış taksi tutub, hara getdiyimi başa düşməsin deyə Ümumi qəbiristanlığa sürməsini
xahiş etdim. Sürücü güzgüdə mənə baxıb, qımışaraq dedi: «Hörmətli ağa, məni qorxutmayın, Allah
eləsin, mən də sizin kimi uzunömürlü olum». Qəbiristanlığın qarşısında maşından birlikdə düşdük,
çünki onun xırdası yox idi, ona görə də pulu «Qəbir»də, səhərə kimi içib, öz əziz mərhumlarını ağlayan
əyyaşların toplaşdığı kasıb qəlyanaltıda xırdalamalı olduq. Hesabı üzəndə sürücü ciddi şəkildə dedi:
«Ağa, ehtiyatlı olun, Rosa Kabarkasın evi çoxdandır əvvəlki ev deyil». Ona minnətdarlıq etməkdən
savayı əlacım qalmadı və hamı kimi möhkəm surətdə inandım ki, Kolumb prospektindəki taksi
sürücülərinin bilmədiyi şey yoxdur.
Bir vaxtlar gördüyümdən əsər-əlamət qalmamış kasıblar məhəlləsinə girdim. Həmin enli, gündən
qızmış qumlu küçələr, qapıları taybatay açıq, divarları yonulmamış taxtadan, damları acı palma
yarpaqları ilə döşənmiş və həyətlərinə çınqıl tökülmüş evlərdi. Ancaq buradakı sakinlər sakitlik və
rahatlıq nə olduğunu unutmuşdular. Evlərin çoxunda cümə gününün şadyanalığı hökm sürürdü,
musiqiçilər öz nağaraları və sincləri ilə evləri silkələyirdi. Kim olsa əlli sentə istədiyi qapıdan girə
bilərdi, ancaq evin qarşısında, küçədə yıxılana qədər oynaya da bilərdi. Mən gedə-gedə bu bahalı
kostyumuma görə xəcalətdən yerə girmək istəyirdim, ancaq evinin astanasında mürgüləyən arıq
mulatdan savayı heç kim mənə fikir vermədi.
– Allah amanında, ağa, – o, məni ürəkdən salamladı.
Ona nə cavab verə bilərdim? Yalnız minnətdarlıq etdim. Diki çıxana qədər nəfəsimi dərmək üçün üç
dəfə dayanmalı oldum. Üfüqdən qalxan mis rəngli iri ayı gördüm, bu yerdə məni sancı tutdu, qorxdum,
ancaq keçib getdi. Küçənin sonunda evlərin qurtarıb, meyvə ağaclarının başladığı yerdə Rosa
Kabarkasın dükanına girdim.
Bu artıq həmin Rosa Kabarkas deyildi. Bir zamanlar nəhəng bədən quruluşuna, həm də öz məkanında
eşq alovunun öhdəsindən cəldliklə gələ bildiyinə görə biz hətta onu yanğınsöndürmə xidmətinin
serjantı rütbəsi ilə təltif etmək istəyirdik. Ancaq tənhalıq onu yumağa döndərmişdi, dərisini
qırışdırmışdı və səsini elə naziltmişdi ki, bu nəhəng qadın qoca qıza oxşayırdı. Əvvəlki Rosadan bircə
əla dişləri qalmışdı və onlardan birinə nazlanmaq üçün qızıl qapaq saldırmışdı. O, əlli il bir yerdə
yaşadığı ərinə yas saxlayırdı və bu matəm qiyafəsinə əngəlli işində ona kömək edən yeganə oğlu üçün
qara yas şlyapası da əlavə olunmuşdu. Təkcə parıltılı, qəddar gözləri diri qalmışdı və ondan başa
düşdüm ki, əslində, o dəyişməyib.
Dükanın divarındakı lampa zorla közərirdi, hamının bildiyi və görməzliyə vurduğu məşğuliyyətini,
heç olmasa, ört-basdır etmək üçün də rəflərdə mal yox idi. Mən sakitcə içəri girəndə Rosa Kabarkas
müştərini ötürürdü. Bilmirəm, o, məni, doğrudanmı, tanımadı, yoxsa özünü elə göstərdi. Onun
boşalmasını gözləmək üçün skamyada oturdum və hər şeyin necə baş verdiyini yadıma salmağa
çalışdım. Gözəl çağlarımızda o, bir neçə dəfə mənim dadıma çatmışdı. Yəqin, Rosa fikrimi oxudu,
çünki dönüb mənə elə zənlə baxdı ki, narahat oldum. «Vaxt sənə toxunmayıb», – o, qüssə ilə köks
ötürdü. Onun könlünü almaq istədim: «Sənə isə toxunub, ancaq yaxşı mənada». «Ciddi sözümdür, –
dedi, – ölüvay at sifətin hətta bir az canlanıb». «Yəqin, başqa evlərdə otlamağımdandır», – mən onu
sancdım.
«Qız saat ondan otaqdadı, – o dedi. – Gözəl, təmiz, tərbiyəli qızdır, ancaq qorxudan ölür, çünki
Qayrıdan olan yükdaşıyana qoşulub qaçan bir rəfiqəsini iki saat özünə gətirə bilməyiblər. Bu da
aydındır, – Rosa öz ehtimalını irəli sürdü, – bu qayrılılar məşhurdular, onlar erkək eşşəyə qoduq
saldırırlar. – Və yenə məsələyə qayıtdı: – Yazıq qız, üstəlik, hələ fabrikdə də can qoyur, düymə tikir».
Bu mənə elə də ağır iş kimi görünmədi. «Kişilər belə fikirləşir, – o etiraz etdi, – bu, daş qırmaqdan ağır
işdi». Bir də etiraf etdi ki, ona bromla pişikotu qarışığı içirdib və qız indi yatır. Fikirləşdim ki, bu
rəhmdillik, giley-güzar qiyməti qaldırmaq üçün növbəti kələkdir, ancaq o dedi yox, mənim sözüm
sözdür. Onun pozulmaz qanunu yenə qüvvəsində idi: hər xidmətə görə – sikkə ilə və əvvəlcədən ayrıca
hesab. Bax belə.
Həyətin ortası ilə onun arxasınca getdim və təravətini itirmiş dərisi, adi pambıq corab geydiyi şişmiş
ayaqlarını yerə necə çətin basması məni yumşaltdı. Bədirlənmiş ay səmanın ortasına çatmışdı və dünya,
elə bil, göy sulara qərq olmuşdu. Onun evinin yaxınlığında şəhər hökumətinin dəvət etdiyi musiqiçilər
üçün palma budaqlarından döşəmə düzəldilmişdi, ətrafda dəri oturacaqlı çoxlu kətil var idi, tor
yelləncəklər asılmışdı. Arxasından meyvə bağlarının başladığı həyətə kərpicdən tikilmiş, ancaq
ağardılmamış, quşların girməməsi üçün pəncərələrinə tor vurulmuş altı otaq baxırdı. Yeganə tutulmuş
otaq alaqaranlıqda itmişdi və Zənci Tonya radioda uğursuz məhəbbətdən oxuyurdu. Rosa Kabarkas
nəfəsini dərdi: «Bolero – həyatdır». Mən onunla razı idim, ancaq indiyə kimi bunu yazmağa cürət
etməmişdim. O, qapını itələyib, otağa girdi və dərhal da qayıtdı. «Hələ də yatır, – qadın dedi. – Bədəni
istədiyi qədər doyunca yatmasına imkan versən, yaxşı olar, sənin gecən onunkundan uzundur». Mən
çaşqınlıq içində idim: «Səncə, bəs mən nə etməliyəm?» «Özün bilərsən, – onun halını pozmaması
yerinə düşmürdü, – elə ona görə də müdriksən». Rosa dönərək, məni dəhşət içində tək qoydu.
Qaçmağa yer yoxdu. Mən otağa girdim ürəyim az qalırdı sinəmdən çıxsın və qızı anadangəlmə çılpaq
vəziyyətdə iri, yad çarpayıda məsumcasına yatan gördüm. O, böyrü üstə üzü qapıya uzanmışdı, üstdən
düşən gur işıq onda gizlin bir yer qoymamışdı. Mən çarpayının qırağında oturub, bütün beş
hissiyyatımla gördüklərimi canıma hopduraraq, heyranlıqla ona tamaşa eləyirdim. Onun qarabuğdayı
bədənindən hərarət yağırdı. Görünür, onu hazırlamışdılar, başından qasığındakı narın tüklərə qədər
yuyub, bəzək-düzək vurmuşdular. Saçlarını burmuşdular, əl və ayaq dırnaqlarına öz təbii rəngində lak
çəkmişdilər, ancaq mis rənginə çalan dərisi cod idi və qulluq görməmişdi. Yenicə çıxan döşləri hələ
oğlan döşlərinə oxşayırdı, di gəl onlarda fışqırmağa hazır gizli enerji hiss olunurdu. Yəqin, yerə
yüngülcə basdığı, əllərindəki kimi uzun, hissiyyatlı barmaqları olan ayaqları hər tərəfdən qəşəng idi.
Hətta işləyən ventilyatorun altında belə, bütün bədənində tər damcıları parıldayırdı, gecəyə yaxın isti
lap dözülməz olmuşdu. Qoyma kirpikləri, sürməli qaş-gözü və şokolad rəngində bolluca boya yaxılmış
dodaqları ilə ənlikli sifətini qalın düyü pudrasının altından təsəvvür etmək mümkün deyildi. Ancaq nə
paltar, nə kosmetika onun xarakterini gizlədə bilər: düzgün quruluşlu burun, çatmaqaş, qəşəng ağız.
Fikirləşdim: zərif, döyüşkən cöngədir ki var.
Saat on birdə həmişəki işimin dalınca vanna otağına getdim, qız öz miskin paltarını burada
soyunmuşdu, ancaq stulun üstünə elə səliqə ilə yığmışdı ki, guya, bahalı paltardı: sintetik parçadan
kəpənəkli don, madapolamdan sarı tuman, kəndirlə bağlanan səndəl. Paltarın üstünə ucuz qolbaq və
ucuna bənd olmuş medalyonda Məryəm ananın təsviri olan nazik zəncir qoyulmuşdu. Dodaq boyası,
kirşan, açar və xırda qəpiklər olan əl çantası da burada, rəfdə idi. Hamısı elə ucuz, işlənmiş və köhnə
idi ki, belə kasıblığı heç təsəvvürümə də gətirməzdim.
Əynimdəkiləri soyunub, asılqandan elə asmağa çalışdım ki, ipək köynəyim, ütülü kətan kostyumum
qırışmasın. Su dolub boşalan zəncirli çənin altındakı unitaza peşab elədim, özü də bu işi oturub
gördüm. Bunu mənə hələ uşaq olanda çanağın kənarlarını batırmayım deyə Florina de Dios öyrətmişdi
və təvazökarlıq nə lazım, şırnaq tarım və rəvan idi, lap azad ayğırınkı kimi. Vanna otağından
çıxmamışdan tasın üstündəki güzgüyə baxdım.
Güzgüdən mənə baxan atsifət adam ölüvay deyildi, ancaq Roma Papasının çənəsi kimi sallanmış
çənəsi, şişmiş göz qapaqları və nə vaxtsa gur olan seyrəlmiş saçları ilə qaşqabaqlı idi.
– Zibil, – mən ona dedim. – Əgər məni sevmirsənsə, axı mən neyləyə bilərəm?
Qızı oyatmamağa çalışıb, soyunmuş halda çarpayının qırağında oturdum, qırmızı işığın aldanışlarına
öyrəşmiş gözlərimi onun hər qarışında gəzdirdim. Şəhadət barmağımı tərli boynunun dalına çəkdim, o,
arfanın simləri kimi titrədi, nəsə mızıldayıb, mənə tərəf çevrildi, acıtəhər isti nəfəsi üzümə vurdu.
Burnunu tutub, azacıq sıxdım, o diksindi, başını yana çəkib, kürəyini mənə tərəf çevirdi, ancaq
oyanmadı. Qəfil coşqunluq duydum və dizimlə ayaqlarını aralamağa çalışdım. İlk iki cəhdimdə yalnız
dizlərini bərk-bərk sıxdı. Mən onun qulağına oxudum: «Delqadinanın çarpayısı başında mələklər
durub». O, bir az boşaldı. Qan damarlarımda qaynadı və mənim öz işini yadırğamış astagəl yırtıcım
uzun yuxudan sonra ayıldı.
Delqadina, canım mənim, qovrularaq ona yalvardım. Delqadina… O, kədərlə hıçqırdı, ayaqlarımdan
xilas olub, arxasını mənə çevirdi və ilbiz kimi öz qabığına yığıldı. Pişikotu içmək, görünür, təkcə ona
yox, mənə də yaxşı təsir etmişdi, çünki heç nə baş vermədi. Ancaq vacib deyil. Fikirləşdim ki, əgər
özümü belə aciz hiss edirəmsə, belə kədərliyəmsə, üstəlik, molyusk kimi soyuğamsa, axı onu niyə
oyadım.
Qüllənin zəngi düz vaxtında gecə on ikini vurdu və yeni gün – 29 avqust, şəhid Xuan Bautista günü
başladı. Küçədə kimsə bərkdən ağlayırdı, ancaq ona fikir verən yox idi. Mən onun üçün dua elədim,
əgər onun buna ehtiyacı vardısa və bütün yaxşılıqlara görə şükürlər etdim: «Aldanmayın, fikirləşməyin
ki, sizin gözlədiyiniz, ümid elədiyiniz, gözünüz gördüyündən daha uzun sürəcək». Qız yuxuda inildədi
və mən ondan ötrü də dua etdim: «Qoy elə belə də olsun». Sonra yatmaq üçün radionu və işığı
söndürdüm.
Dan yeri söküləndə oyanıb, harada olduğumu kəsdirə bilmədim. Qız ana bətnindəki uşaq kimi
qıvrılıb arxası mənə tərəf hələ də yatırdı. İçimdə dumanlı bir duyğu var idi, elə bil, onun qaranlıqda
durduğunu, vanna otağında axıdılan suyun şırıldadığını eşitmişdim, ancaq ola da bilsin, bunu yuxuda
görmüşdüm. Məndə nəsə yeni bir şey yaranmışdı. Şirnikdirmək üçün hiylə nə olduğunu heç vaxt
bilməmişdim, məşuqəni bir gecəliyə gözəyarı, onun gözəlliyindən çox, qiymətinə görə seçmişdim və
biz eşqbazlıqla eşqsiz, əksər vaxt da yarısoyunmuş vəziyyətdə və olduğumuzdan yaxşı görünmək üçün
həmişə qaranlıqda məşğul olmuşduq. Həmin gecə çox böyük bir həzz kəşf etdim – mən yatan qadının
bədəninə baxırdım və utancaqlıq, üzücü həvəs mənə mane olmurdu.
Saat beşdə təşviş içində oyandım, çünki mənim bazar günü məqaləm gündüz on ikidə redaksiyada
masanın üstündə olmalı idi. Öz dəqiq zamanında, ay bədirlənən vaxt dalımda həmişəki acışmanı hiss
edərək, bağırsağımı boşaltdım və suyu buraxmaq üçün zənciri çəkəndə duydum ki, bütün keçmiş hirs-
hikkəm, incikliklərim yuyulub kanalizasiyaya axdı. Gümrah və geyinmiş halda otağa qayıdanda qız
çarpayıda çəpəki vəziyyətdə uzanaraq ayaqlarını aralayıb, sübh çağının dinclik gətirən şəfəqləri altında
öz bakirəliyinin şəriksiz ağası kimi yatmışdı. «Allah səni qorusun», – mən pıçıldadım. Cibimdəki
pulları – özümdə qalası və ona çatası pulların hamısını yastığının üstünə qoyub, həmişəlik ayrılaraq,
alnından öpdüm. Bütün görüş evləri kimi bu ev də sübh çağı daha çox cənnətə bənzəyirdi. Heç kimlə
rastlaşmamaq üçün bağa açılan qapıdan çıxdım. Küçədə, günəşin altında yenə doxsan yaşımın
ağırlığını hiss etdim və bu gecənin dəqiqələrindən ölənə qədər qalan anlarımı saymağa başladım.
II.
Mən bu xatirələri güvənin, ağacqurdunun için-için yediyi rəflərin öz-özünə uçduğu kitabxanada,
valideynlərimin kitabxanasından qalmış çox az şeyin əhatəsində yazıram. Cürbəcür lüğətlərim, don
Benito Peres Qaldosun «Milli epizodlar» seriyasından birinci kitabı və anamın vərəmdən yaranan xəstə
ovqatını anlamağı öyrəndiyim «Sehrli dağlar» bu dünyada əvvəl-axır görəcəyim işlər üçün, demə,
kifayət imiş.
Qalan mebeldən və məndən fərqli olaraq, iri yazı masam, görünür, əla vəziyyətdədir, vaxt ona
toxunmayıb, çünki onu ata babam, keçmiş gəmi dülgəri nəcib ağacdan düzəldib. Hətta heç nə
yazmasam da, hər səhər daha yaxşı işlərə tətbiq olunası inadcıllıqla, ucbatından nə qədər eşqbazlıqdan
əlimin çıxdığı bu masanın arxasında otururam. Məlumat kitabları həmişə əlimin altındadır: «İspaniya
Kral akademiyasının birinci illüstrasiyalı lüğəti»nin 1903-cü il nəşri iki cilddə; don Sebastyan
Kavarrubiasın «Kastil və ispan dilinin inciləri»; Andres Belonun qrammatikası, əgər hansısa sözün
mənasını dəqiqləşdirməyə ehtiyac yaranarsa; don Xulio Kaserasın ən yeni «İdeoloji lüğət»i, əsasən
antonim və sinonimlərə görə; anamın beşikdən bildiyim dilində mənə yardımçı olan Nikola
Zinqarellinin «Vocabolario dela Lingua İtaliana» və o biri iki dilin ulu babası olduğu üçün ana dilim
hesab etdiyim latın dili lüğəti.
Yazı masamın sol tərəfində bazar günü yazdığım məqalələr üçün həmişə beş ədəd xüsusi formatlı
kətan kağız və mürəkkəb üçün qumqabı olur, çünki onu indiki suçəkən yastıqdan üstün tuturam. Sağda
– calamaio və qızıl uclu qələm üçün yüngül ağacdan altlıq durur, çünki hələ də əllə, qəşəng xətlə
yazıram, bunu da mənə son nəfəsinə qədər notarius və vəkil işləyən ərinin ilan-qurbağa dəftərxana
xəttinə oxşamasın deyə Florina de Dios öyrədib. Bir müddət əvvəl qurğuşun literlərin həcmini
hesablamaq və mətni səhifələmək asanlaşsın deyə qəzetdən tapşırmışdılar ki, makinada yazaq, ancaq
mən bu səfeh vərdişi mənimsəyə bilmədim. Buna görə sıxılsam da, qocaman əməkdaş hüququmdan
istifadə edib, yenə əllə yazırdım, sonra isə ağacdələn kimi mətni birnəfəsə makinaya döyəcləyirdim.
İndi təqaüdə çıxsam belə, sıradan çıxmamışam, məni narahat etməsinlər deyə telefon söndürmək və
çiynimin üstündən yazdığıma göz qoyan olmasın deyə evdə işləmək kimi yüksək imtiyazdan
yararlanıram.
* * *.
Mən tək yaşayıram – nə it, nə quş saxlayıram, çətin günlərimdə dadıma çatan və həftədə bir dəfə
mənə baş çəkən vəfalı Damianadan savayı bir xidmətçim də yoxdur, ancaq o da küt olmağı cəhənnəm,
üstəlik, fərsizdir. Anam ölüm ayağında mənə yalvardı ki, gənc ağ qadınla evlənim və bizim, ən azı, üç
uşağımız, onlardan da biri qız olsun ki, bu qıza onun, ondan əvvəl anasının, nənəsinin daşıdığı adı
verək. Anamın xahişini unutmamışdım, ancaq gənclik dövrüm o qədər uzanmışdı ki, mənə elə gəlirdi,
evlənmək heç vaxt gec deyil. O vaxta qədər ki, Pradomarda günortanın istisində, Polomares de
Kastronun ailəsi yaşayan evdə qapını səhv salıb, onların kiçik qızı Ximena Ortisi siesta zamanı yataq
otağında çılpaq vəziyyətdə gördüm. O, kürəyi qapıya tərəf uzanmışdı və başını elə tez döndərdi ki,
gizlənməyə macal tapmadım. «Oy, üzr istəyirəm», – nəhayət, dilləndim, ürəyim isə az qalırdı sinəmdən
çıxsın. Qız gülümsəyib, ceyran kimi çevrilərək, özünü büsbütün mənə göstərdi. Otaqda ondan başqa
heç kim və heç nə yox idi. O, tamam lüt deyildi, çünki Manenin Olimpiası kimi qulağının dalına
narıncı ləçəkləri olan zəhərli gül taxmışdı, sağ biləyində qızıl qolbaq, boynunda isə xırda mirvaridən
boyunbağı gözə dəyirdi. Təsəvvürümə gətirməzdim ki, nə vaxtsa bundan da valehedici bir şey görə
bilərəm və indi etiraf edirəm ki, düz fikirləşmişəm.
Öz yöndəmsizliyimdən utanıb, onu həmişəlik unutmaq məqsədi ilə qapını örtdüm. Amma Ximena
Ortis onu unutmağa imkan vermədi. Ümumi tanışlarımız vasitəsi ilə göndərdiyi məktublarda görüşə
çağırırdı, hədələyirdi və bir kəlmə belə kəsməsək də, şayiə buraxdı ki, guya, bir-birimizdən ötrü dəli-
divanəyik. Müqavimət göstərmək mümkün olmadı. Onun gözləri çölpişiyinin gözlərinə oxşayırdı,
paltarda da çılpaq olduğu qədər cazibəli idi, qızılı gur saçları isə o dərəcədə qadın qoxuyurdu ki,
gecələr yastığı qucaqlayıb, hönkür-hönkür ağlayırdım. Bilirdim ki, aramızda məhəbbət deyilən şeydən
söhbət gedə bilməz, ancaq onun iblisanə cazibəsi məni yandırıb-yaxırdı və mən qarşıma çıxan
yaşılgözlü fahişələrlə yata-yata rahatlıq tapmağa çalışırdım. Ancaq Pradomardakı yataqla bağlı
xatirənin alovunu söndürə bilmədim, ona görə silahı yerə qoydum – üzük taxıb, Troitsa bayramına
qədər toy olacağını bildirməklə, rəsmən evlənmək təklifi etdim.
Bu xəbər kübar klublarından çox, Çin məhəlləsində hay-küy yaratdı. Mənim nişanım xristian əxlaq
normalarına riayət edilməklə gəlin evinin eyvanında, amazon orxideyaları və ayıdöşəyi dibçəklərinin
əhatəsində oldu. Ağ kətan kostyumda hədiyyə ilə – nəsə xırda bir şey, ya İsveçrə şokoladı ilə axşam
saat yeddidə oraya gəldim və o dövr romanlarındakı aradüzəldən qadınlar kimi mürgüləyən Arxenid
xalanın nəzarəti altında yarı eyhamla, yarı ciddi axşam saat ona qədər söhbət etdik.
Bir-birimizi yaxından tanıdıqca Ximena özünü açıq-aşkar ehtiraslı aparırdı, yayın istiləri
başlayandan isə koftasının yaxası bir az da açıldı, yubkası daha da gödəldi və bütün bunların qaranlıqda
hansı dağıdıcı gücə malik olacağını təsəvvür etmək çətin deyildi. Nişanlanandan iki ay sonra
danışmağa sözümüz qalmamışdı və o, bir kəlmə də demədən, sadəcə, yun ipdən papış toxumağa
başlamaqla uşaq məsələsini gündəmə gətirdi. Tərbiyəli adaxlı kimi mən də toxumağı öyrəndim və biz
toya qədər qalan saatları belə mənasızcasına keçirdik, mən oğlan uşaqları üçün mavi, o isə qızlar üçün
çəhrayı papışlar toxuyurdu, kimin düz tapacağını bilənə qədər bir yığın papış hördük. Saat onu vurar-
vurmaz faytona minib, ləzzətli bir gecə yaşamaq üçün Çin məhəlləsinə cumurdum.
Subay həyatımla vidalaşmam şərəfinə hay-küylü mərasimlərin təşkil edildiyi Çin məhəlləsi üzücü
mərasimlərin keçirildiyi Ümumi klubun tam əksi idi. Həmin təzad bu iki aləmdən hansının, həqiqətən,
mənim olduğunu anlamağıma kömək edirdi və illüziya yarandı ki, ikisi də mənimdir, ancaq hər biri öz
vaxtında: onların birində olanda o birinin dənizə çıxan gəmi kimi yanıqlı ah-nalə ilə necə uzaqlaşmağa
başladığını hiss edirdim. Toy ərəfəsində «Tanrı Qüdrəti» fahişəxanasındakı ziyafət şəhvətdən başını
itirmiş ispan keşişinin ağlına gələn mərasimlə sona çatdı. Mənimlə axır nəfəsədək müqəddəs qayda-
qanunlarla kəbində olmaları üçün o, bütün fahişələrin üzünə duvaq örtüb, narınc çiçəyi ilə onları
bəzədi. Bu, böyük küfr gecəsi idi, çünki onların iyirmi ikisi məni sevəcəklərinə və mənə itaət
edəcəklərinə, mən isə qəbrədək onlara sadiq qalacağıma və dayaq duracağıma and içdim.
Bağışlanmaz səhv etdiyimi düşündüyümdən, gecəni yata bilmədim. Dan yeri sökülürdü, mən isə ötüb
keçən ömrümü yaşayaraq, qüllədəki saatın yeddini – kilsədə olacağım vaxtı bildirən qorxunc zəngini
sayırdım. Telefon saat səkkizdə çalmağa başlayıb, bir saatdan artıq uzun-uzadı, inadkarlıqla cingildədi.
Cavab vermək nədir, nəfəsimi də dərmirdim. Saat ona yaxın qapını yumruqla döyməyə başladılar,
sonra tanış, hirsli səslər eşidildi. Qorxurdum ki, qapını da qıralar, ancaq saat on birə yaxın evə böyük
fəlakətdən xəbər verən ağır sükut çökdü. Mən onda ağladım, həm ona, həm də özümə ağladım və
ürəkdən dua elədim ki, ömrümün sonunadək heç zaman onunla görüşməyim. Görünür, hansısa
müqəddəsin qulağı alıbmış, çünki Ximena Ortis elə həmin gecə ölkədən gedib, bir də iyirmi ildən
sonra, uğurlu nikahdan mənim ola biləcək, yeddi uşaq törədib qayıtdı.
Cəmiyyətə meydan oxuduğuma görə işdə qalmağım və «Diario de-la-Pas»da köşəmi saxlamağım
mənə böyük çətinliklər bahasına başa gəldi. Ancaq məqalələrimi on birinci səhifəyə heç də bu
səbəbdən keçirmədilər, sadəcə, həyatımıza heç nə ilə hesablaşmayan XX əsr soxuldu. Şəhərdə ancaq
tərəqqidən danışırdılar. Hər şey dəyişmişdi; təyyarələr uçurdu və hansı tədbirli adamsa «Yunkers»dən
məktub dolu torba atıb, aviapoçtu ixtira etdi.
Yeganə dəyişməyən şey mənim bazar günü qəzetdə dərc olunan məqalələrim idi. Gənc nəsil daim bu
məqalələri tənqid edirdi, onları yandırıb külə döndəriləsi qədimdən qalma mumiya adlandırırdı, ancaq
mən təslim olmurdum və yeni ab-havaya uymadan öz işimdə idim. Mən heç nəyə fikir vermirdim. Qırx
yaşım var idi, gənc redaktorlar məqalələrimə Çərənçinin Köşəsi adını qoymuşdular. Direktor məni
kabinetinə çağırıb, məqalələrimi yeni ab-havaya uyğunlaşdırmağı xahiş etdi. İndicə özü fikirləşib
tapıbmış kimi təmtəraqla dedi: «Dünya irəliyə gedir». «Bəli, – mən bildirdim, – həmişəki kimi irəli
gedir, ancaq günəşin başına fırlanır». O, mənim bazar günü məqalələrimə toxunmadı, çünki başqa
xəbər tərtibatçısı tapa bilmədi. İndi onun haqlı olduğunu anlayıram və nəyə görə haqlı olduğunu da
deyə bilərəm. Həyat burulğanının qamarladığı mənim nəslimin cavanları can-başla gələcək haqqında
xoş arzulara uymuşdular, ancaq sərt gerçəklik gələcəyin heç də onların arzuladığı kimi olmadığını
göstərdi və onda xiffət etməyə başladılar. Bazar köşələrim də belə idi, keçmişin qalıqları arasından
qazılıb üzə çıxarılan arxeoloji tapıntı kimi o yalnız qocalara yox, qocalmaqdan qorxmamaq üçün
gənclərə də yarayırdı. Məqalələrim yenə ən oxunaqlı yazılar cərgəsinə keçdi, hətta bəzən birinci
səhifəyə də çıxarılırdı.
Məndən soruşanlara həmişə həqiqəti deyirəm: gəzəyən qadınlardan macalım olmadı evlənəm.
Ancaq etiraf etmək lazımdır ki, bu izah doxsan yaşım tamam olduğu günə qədər, Rosa Kabarkasın
evindən çıxıb, bir də heç vaxt taleyimi sınağa çəkməyəcəyimi qəti qərara alan dəqiqəyədək ağlıma
gəlməmişdi. Mən özümü başqa adam sanırdım. Parkın dəmir çəpəri yanında mundirli adamlarla
rastlaşanda ovqatım dəyişdi. Damiananı dizlərini yerə qoyub, döşəməni yuyan vaxt gördüm və onun
yaşına görə təravətli qalmış budlarına gözüm sataşanda, bədənimdən çoxdan unutduğum titrətmə keçdi.
Yəqin bunu duydu, çünki yubkasını aşağı çəkdi. Nə qədər istəsəm də, özümü saxlaya bilməyib
soruşdum: «Damiana, deyin görüm, nələrsə yadınıza düşür?» «Heç nə yadıma düşmürdü, – o dedi, –
ancaq sizin sualınız bunu yadıma saldı». Ürəyim sıxıldı. «Mən heç vaxt sevməmişəm», – etiraf etdim.
O, dərhal cavab verdi: «Mən isə sevmişəm. – Və öz işini dayandırmadan sözünü bitirdi: – Mən iyirmi
iki il sizin dərdinizdən ölmüşəm». Ürəyim çırpındı. Vəziyyətdən ləyaqətlə çıxmaq üçün dedm: «Biz
bir-birimizə heç də pis yaraşmazdıq». «Bunları mənə indi niyə deyirsiniz, – o hiddətləndi, – bu indi heç
təsəlli üçün də yaramır». Mən evdən çıxanda o, çox adi tərzdə dedi: «Siz inanmayacaqsınız, ancaq
Allaha şükür, mən hələ də qızam».
Sonra gördüm ki, evin hər yerində vazalara qırmızı qızılgüllər qoyub, yastığın üstünə isə açıqca:
«Yüz il ömür sürmənizi arzulayıram». Bir gün əvvəl yarıya qədər yazdığım məqaləni bu xoşagəlməz
duyğu ilə davam etdirdim. Onu birnəfəsə bitirdim, ürəyimdəkilərin hamısını boşaltdım, ancaq ağlayan
ürəyimin hönkürtüsünün eşidilməsinə imkan vermədim, elə bil, qu quşunun boğazını birdən üzdüm.
Gecikmiş ilhamımın coşqun vaxtında öz uzun və şərəfli həyatıma, əsla ölmək fikrində olmadan, ərizə
ilə nöqtə qoymaq qərarına gəldim.
Məqaləni redaksiyanın qəbul otağına verib, evə qayıtmaq istədim. Amma mümkün olmadı. Ad
günümü qeyd etmək üçün redaksiyanın əməkdaşları tam heyətdə yığılıb məni gözləyirdilər. Binada
təmir gedirdi, hər yana taxta-tuxta, zir-zibil yığılmışdı, ancaq ad günüm münasibəti ilə işi
dayandırmışdılar. Haçaayağın üstünə bəzəkli kağızlara bükülmüş hədiyyələr, səbəbkarın sağlığına
içməkdən ötrü içkilər düzülmüşdü. Hamı ilə bir-bir xatirə şəkli çəkdirənə qədər fotoaparatların gur işıq
partlayışlarından qulağım əməllicə batdı, gözlərim qamaşdı.
Ancaq radiodan, şəhər mətbuatından: mühafizəkar «Prensa» və liberal «Eraldo» səhər qəzetlərindən,
sensasiyalar üzrə ixtisaslaşmış, ürəkparçalayan ehtiraslardan bəhs edən kiçik romancığazlar çap
etməklə cəmiyyətdəki gərginliyi götürməyə çalışan axşam qəzeti «Nasional»dan gələn jurnalistləri
görəndə sevindim. Onların burada olması təəccüblü deyildi. Şəhər belə köklənmişdi: marşallar
nəşriyyat müharibələri aparanda adi döyüşçülərin dostluğu qoruyub saxlaması həmişə yaxşı qəbul
olunurdu.
İş vaxtı olmasa belə, rəsmi senzor Xeronimo Orteqa da burada idi, biz onu Murdar Qar Adamı
adlandırırdıq, çünki gecə həmişə eyni saatda öz qanlı müstəbid karandaşı ilə peyda olurdu. Və səhərki
buraxılışda müxalif bir hərf qalmayana qədər otururdu. Qrammatik araşdırmalarıma, ya ispancadan
mənə daha ifadəli görünən italyan sözləri işlətdiyimə, siam ekizləri kimi qırılmaz surətdə bir-birinə
bağlı olan iki dildən istifadədə normal hal sayıldığım üçün onları dırnağa almadığıma və kursivlə
seçdirmədiyimə görə onun mənimlə heç arası yox idi. Dörd il bu hissdən əziyyət çəkib, nəhayət, hər
ikimiz bunu öz şüurumuzun mükəmməl olmamasının hesabına yazdıq.
Katibələr üstündə doxsan şam yanan piroqu zala gətirəndə ilk dəfə yaşadığım illərin sayını hiss
etdim. Təbrik mahnısı oxunan vaxt göz yaşlarımı zorla saxlayanda, haçansa xatırlayacağımı ağlıma
belə gətirmədiyim o qız gecikmiş mərhəmət hissi ilə qəfil yadıma düşdü. Birdən sakitlik çökdü və
piroqu kəsmək üçün kimsə bıçağı mənə verdi. Atmacalardan qorxub, heç kim nitq söyləmək istəmirdi.
Cavab nitqi söyləmək isə mənim üçün ölümdən betər idi. Mərasimin sonunda heç vaxt rəğbət
bəsləmədiyim redaksiya müdiri insafsızcasına bizi göydən yerə endirdi. Əlahəzrət səbəbkar, indi isə
deyin, məqaləniz hanı?
Düzünü desəm, bütün bu vaxt ərzində məqalə köz kimi cibimi yandırırdı, ancaq mərasim məni elə
həyəcanlandırmışdı ki, onu istefa ərizəmlə korlamağa ürək eləmirdim. Mən dedim: «Bu dəfə yoxdur».
Redaksiya müdiri keçən əsrdən bəri baş verməyən bu yolverilməz xətadan çox narazı qaldı. «Başa
düşün, – ona izah etdim, – çox ağır gecə keçirmişəm, yuxudan duranda başımı qaldıra bilmirdim».
«Bax elə bundan yazardınız, – özünə xas olan istehza ilə dedi. – Doxsan yaşda həyatın necə olduğunu
ilk mənbədən öyrənmək oxucuya maraqlı gələrdi». Katibələrdən biri söhbətə qarışdı. «Bəlkə, bu sirdir,
– o, mənə bic-bic baxdı. – Düz demirəm?» Əməllicə pörtdüm. «Lənətə gələsən, – düşündüm, – nə şit
zarafatdır». Başqa bir katibə gülərək, barmağı ilə məni göstərdi. «Nə gözəldir! O hələ qızarmaq
qabiliyyətini də qoruya bilib». Onun ədəbsizliyindən daha artıq qızardım. «Yəqin, qızğın gecə olub, –
birinci katibə dil boğaza qoymurdu. – Paxıllığım tutur!» Və boyalı dodaqları ilə yanağıma möhür basdı.
Fotoqrafçılar bir haya bənd idilər. Gur işıq partlayışlarından gözüm qamaşmış halda əlyazmanı
redaksiya müdirinə verib, götür, dedim, zarafat edirdim və son alqış sədaları altında tez aradan çıxdım
ki, yarım əsr külüng vurduğum hücrədən istefa verdiyimi camaat biləndə özüm orada olmayım.
Narahatlıq hissi axşam evdə hədiyyələri açanda da məni tərk etməmişdi. Linotipçilər yanılıb, əvvəlki
ad günlərimdə bağışlanan üç qəhvəbişirəndən birini də indi vermişdilər. Mətbəə işçiləri heyvan
yetişdirmə müəssisəsindən anqora pişiyini götürməyimə bələdiyyənin icazəsini almışdılar. Rəhbərlik
nələr üçünsə rəmzi güzəştlər vermişdi. Katibələrin hədiyyəsi dodaq boyası ilə öpüş izləri qoyduqları üç
cüt ipək alt paltarı və onu soyundurmaq üçün öz xidmətlərini təklif etdikləri açıqca idi. Fikirləşdim ki,
qocalığın gözəlliklərindən biri də budur – gənc qızlar sənin daha heç nəyə yaramadığını düşünüb, belə
dilxoşluğu özlərinə rəva görürlər.
Aşkenazinin ifasında Şopenin iyirmi dörd prelüdiyası yazılmış valı kimin göndərdiyini bilmədim.
Redaktorlar əsasən dəbdə olan kitablar bağışlamışdılar. Hədiyyələrin hamısını açmağa macal tapmamış
telefon zəng çaldı və Rosa Kabarkas eşitmək istəmədiyim sualı verdi: «Qızla aranızda nə olub?» –
«Heç nə», – fikirləşmədən cavab verdim. «Hətta onu oyatmamağı sən heç nə hesab edirsən? – Rosa
Kabarkas soruşdu. – İlk gecəsində kişinin ona laqeyd olmasını qadın heç vaxt bağışlamır». Mən etiraz
etdim ki, qız yalnız düymə tikməkdən belə üzgün ola bilməzdi, çox güman, pis rəftardan qorxduğuna
görə özünü yuxululuğa vurub. «O pisdi ki, – Rosa dedi, – qız elə bilib, guya, sən, doğrudan da, artıq
heç nəyə qadir deyilsən, mən isə istəmirəm bunu aləmə car çəksin».
Məni qəfil yaxalamaqdan məmnuniyyət duymasına imkan vermədim. «Hər necə olsa da, – israr
etdim, – qız yazıq elə haldadır ki, yuxulu, ya oyaq olsun, bilmirsən onunla nə edəsən: o,
xəstəxanalıqdır». Rosa Kabarkas səsinin tonunu aldı: «İşi tələsiklik korlayıb, ancaq görərsən, hər şeyi
yoluna qoymaq olar». O vəd etdi ki, qızı olanları olduğu kimi danışmağa məcbur edəcək, əgər
doğrudan da, mən deyəndirsə, pulu qaytardacaq: «Razısan?» «Qoy hər şey olduğu kimi qalsın, – mən
etiraz etdim, – heç nə olmaz, əksinə, bu mənə dərs oldu, indi bilirəm ki, belə igidliklər mənlik deyil. Bu
yerdə qız haqlıdır: artıq yaramıram». Dəstəyi qoydum və həyatda indiyəcən dadmadığım azadlıq hissi
içimi doldurdu: nəhayət, on üç yaşımdan mənə əziyyət verən köləlikdən xilas oldum.
Axşam saat yeddidə incəsənət salonuna, Sezar Frankın skripka və fortepiano üçün sonatasını məşhur
Cak Tibo və Alfred Kortonun ifasında dinləməyə fəxri qonaq kimi dəvət olunmuşdum və fasilədə
olmazın təriflər eşitdim. Qüdrətli musiqiçimiz maestro Pedro Biava ifaçılara təqdim etmək üçün məni,
az qala, sürüyərək səhnə arxasına apardı. O qədər karıxdım ki, Şumanın ifa etmədikləri sonatasına görə
onları təbrik etdim və kimsə adamların içində, kobudcasına səhvimi düzəltdi. İştirakçılar elə bildilər iki
sonatanı, sadəcə, nadanlıqdan dolaşıq salmışam və konsert haqqında yazdığım məqalədə, bunu kifayət
qədər qarmaqarışıq tərzdə düzəltməyə çalışmağım vəziyyəti lap ağırlaşdırdı.
Bu uzun həyatımda ilk dəfə hiss etdim ki, kimisə öldürməyə qadirəm. Üzücü narahatlıqla evə
qayıtdım, şeytan mənim qulağıma vaxtında ağlıma gəlməyən sarsıdıcı cavablar pıçıldayırdı və nə
kitablar, nə musiqi qəzəbimi soyutmadı. Bəxtimdən Rosa Kabarkasın telefonda çığıra-çığıra dedikləri
məni bu dəhşətdən qurtardı: «Xoşbəxtliyə bax, qəzetdə oxudum ki, doxsan yaşın tamam olub, mən elə
bilirdim yüzdür». Mən özümdən çıxdım: «Nədir, gözünə elə haldan düşmüş görünürəm?» «Əksinə, – o
cavab verdi, – yaxşı göründüyünə görə təəccübləndim. Çox əladır ki, yaxşı qaldığına hamını
təəccübləndirmək üçün yaşını artıq deyən qocalara oxşamırsan. – Və keçidsiz-filansız dedi: – Sənə
hədiyyəm var». Mən səmimi qəlbdən təəccübləndim: «Nə hədiyyə?» «Qız». Bir an belə düşünmədim.
«Sağ ol, – dedim, – bu cəncəl iş mənlik deyil». O, öz sözünü yeritdi: «Mən onu yaxşıca qızardıb,
üstünə sous töküb, səndəl çubuqları ilə bir yerdə gümüşü zərkağıza büküb, düz sənin evinə
yollayacağam, hamısı da havayı». Mən mətanətlə dözürdüm, ancaq Rosa da dediyindən dönmürdü və
mənə elə gəlirdi ki, səmimi danışır. Dedi ki, həmin cümə günü qız iki yüz düyməni iynə-sap və
üsküklə tikməkdən əldən düşübmüş. Düzdür, zorlanmaqdan qorxurdu, ancaq ona necə lazımdır
məsləhət vermişdilər və qız buna hazır idi. Doğrudan da, vanna otağına dəymək üçün gecə durub,
intəhası, mən elə bərk yatmışam ki, oyatmağa qıymayıb, səhər o, yuxudan ayılanda isə mən artıq
getmişəmmiş.
Bu boş yalanlar məni hiddətləndirdi. «Yaxşı, – Rosa Kabarkas sözünü davam etdirdi, – indi də lap
sən deyəndir, o, peşman olub. Zavallı qız burada, mənim yanımdadır. İstəyirsən dəstəyi ona verim?»
«Yox, yox, Allah xatirinə», – mən etiraz etdim.
Katibə redaksiyadan zəng vuranda mən yazmağa başlamışdım. Dedi ki, direktor səhər saat on birdə
səni görmək istəyir. Mən düz vaxtında gəldim. Dözülməz hay-küy binanı başına götürmüşdü, kürzün
tırıltısından qulaq batırdı, sement tozundan, bitum buxarından nəfəs almaq olmurdu, ancaq redaksiya
bu hay-küydə düşünməyə artıq öyrəşmişdi. Müdiriyyətin otaqları isə, əksinə, sərin və sakit idi, elə bil,
bizim yox, başqa bir ideal ölkənin ərazisiydi.
Yeniyetməyə oxşayan III Mark Tulli məni qapının ağzında görəndə telefonla danışa-danışa ayağa
qalxıb, masanın üstündən əlini mənə uzatdı və başının hərəkəti ilə oturmaq təklif etdi. Əvvəl
fikirləşdim ki, telefonun o biri başında heç kim yoxdur, məndə təəssürat yaratmaq üçün bu teatrı
çıxarır, ancaq tezliklə anladım: o, qubernatorla danışırdı və bu, illərin düşmənlərinin çətin danışığı idi.
Ancaq düşünürəm ki, rəhbərliklə ayaq üstə danışsa da, direktor, hər halda, mənim qarşımda özünü
işgüzar göstərməyə çalışırdı.
Görünür, son dərəcə dəqiqlik onun qüsuru idi. İlk ömürlük prezidentdən, fahişə alverindən var-dövlət
qazanandan sonra təcrübə sayəsində jurnalist olan ata babasından fərqli olaraq, o, iyirmi doqquz
yaşında artıq dörd dil bilirdi və üç beynəlxalq diplomu var idi. Direktor özünü sərbəst aparırdı,
yaraşıqlı və sakitdi, onun obrazına uyuşmayan yeganə şey səsində duyulan saxta notlar idi. O, yaxasına
təbii orxidey taxılmış idman üslublu pencəklər geyinirdi və geyimi bədəninə elə otururdu ki, sanki,
onun bir hissəsi idi, əynindəkilərin heç biri yağışlı hava üçün nəzərdə tutulmamışdı, hamısı yalnız onun
kabinetindəki parlaq yaz havası üçün idi. Buraya gələndə geyinməyə, az qala, iki saat vaxt itirmişdim
və birdən öz kasıblığıma görə utandım, bu da məni lap hirsləndirdi.
Hər şeydən əlavə, qəzetin 25 illik yubileyi münasibəti ilə əməkdaşların birlikdə çəkdirdikləri,
ölənlərin başının üstünə xaç işarəsi qoyulmuş fotoşəkildən öldürücü zəhər yağırdı. Mən sağdan üçüncü
idim; kənarları qatlanmış şlyapada, iri düyün vurulmuş, mirvarili sancaq taxılmış qalstukda, mülki
polkovnik kimi qırx yaşına qədər saxladığım burma bığımla və koruş seminariya tələbəsi kimi yarım
əsr sonra daha ehtiyacı duymadığım metal sağanaqlı eynəkdə. Bu fotoşəkli müxtəlif illərdə müxtəlif
kabinetlərdə görmüşdüm, ancaq yalnız bu dəfə onun mənası mənə çatdı: lap əvvəldən burada çalışan
qırx səkkiz adamdan yalnız dördü hələ sağ idi və bizdən ən kiçiyi çoxsaylı qətllərə görə iyirmi illik
həbs cəzası çəkirdi.
Direktor telefon söhbətini bitirdi və mənim fotoşəklə baxdığımı görüb gülümsədi. «Xaçları mən
qoymamışam, – dedi. – Məncə, bu yaxşı iş deyil. – O, masa arxasına keçib, başqa tərzdə danışdı: –
İcazə verin deyim ki, tanıdığım insanlar arasında ən anlaşılmazı sizsiniz. – Və təəccübümə rəğmən,
birbaşa mətləbə keçdi: – Mən sizin işdən çıxmanızla bağlı ərizəni nəzərdə tuturam». Mən zorla macal
tapıb deyə bildim: «Bu – mənim həyatımdır». O etiraz etdi ki, elə ona görə də bu çıxış yolu deyil.
Məqalə isə onun çox xoşuna gəlib və qocalıq haqqında düşüncələrim onun oxuduqları arasında ən
yaxşısıdır, bu səbəbdən də məqaləni bütün vətəndaşlıq hüquqlarından mərhum edilmə qərarı ilə
bitirməyin heç bir mənası yoxdur. «Xoşbəxtlikdən, – direktor dedi, – Murdar Qar Adamı məqaləni
oxuyanda yazı artıq səhifələnibmiş və məqalə senzora qəbuledilməz görünüb. Heç kimlə
məsləhətləşmədən məqaləni öz Torkvemada karandaşı ilə qaralayıb. Səhər bundan xəbər tutanda
hakimiyyət orqanlarına etiraz notası göndərməyi tapşırdım. Bu mənim borcumdur, ancaq öz aramızda
qalsın, boynuma alım ki, özbaşınalığına görə senzora minnətdaram. Ancaq notanın diqqətdən kənarda
qalmasına imkan vermək fikrim yoxdur». O, ürəkdən xahiş edir: gəmini açıq dənizdə tərk etməyin. Və
sözünü təmtəraqla bitirdi: «Biz hələ sizinlə musiqi haqqında çox danışacağıq».
Direktor sözündə elə qətiyyətli idi ki, aramızdakı ziddiyyətləri hansısa bir bəhanə ilə
dərinləşdirməkdən qorxdum. Əslində, gəmini tərk etmək üçün elə bir səbəb yox idi və ancaq vaxt
udmaqdan ötrü bu dəfə də hə deyəcəyim fikri məni dəhşətə gətirdi. Göz yaşı axıdacaq qədər
biabırcasına kövrəldiyimi gizlətmək üçün özümü ələ almalı oldum. Və illər keçəndən sonra da,
həmişəki kimi, yenə hərə öz fikrində qaldı.
Şənlikdən daha çox hay-küyü ilə yadda qalan həftəni yola verib, çapçıların bağışladığı pişiyi
götürmək üçün heyvan yetişdirmə müəssisəsinə getdim. Heyvanlara, eləcə də, hələ dil açmamış
körpələrə uyğunlaşa bilmirəm. Mənə elə gəlir, onların ürəyi laldır. Deyə bilmərəm ki, onları sevmirəm,
sadəcə, onlara dözmürəm, çünki onlarla davranmağı öyrənməmişəm. Kişinin öz iti ilə arvadından daha
yaxşı dil tapması mənə qeyri-təbii görünür. Ona həyatı, hansı saatlarda yeyib-yeməməyi öyrədir, onunla
danışır, dərd-sərini bölüşür. Ancaq çapçıların bağışladığı heyvanı götürməmək onların xətrinə dəyərdi.
Üstəlik də, bu pişik parıltılı çəhrayımtıl tükləri, yanar gözləri olan qəşəng anqora pişiyi idi, elə də
miyoldayırdı, deyirdin, bu saat danışacaq. Onu səbətdə, şəhadətnaməsi və qatlanan velosiped kimi
istifadə təlimatı ilə birlikdə verdilər.
Hərbi patrul San Nikolas parkına daxil olmaq istəyən adamların sənədlərini yoxlayırdı. Belə bir şeylə
heç vaxt rastlaşmamışdım, bunun məndə yaratdığı ağır təəssüratı isə qocalıq əlaməti saydım.
Komandirləri, az qala, yeniyetməyə oxşayan patrul dörd nəfərdən ibarət idi. Sərt dağlıq ərazidən olan
bu sağlam oğlanlardan burdaq iyi gəlirdi. Dəniz havasından yanaqları qızarmış zabit diqqətlə onlara
göz qoyurdu. O, şəxsiyyət və jurnalist vəsiqəmi yoxlayıb, səbətdə nə olduğunu soruşdu. «Pişikdir», –
dedim. Baxmaq istədi. Pişiyin sıçrayıb qaçacağından qorxub, səbətin qapağını çox ehtiyatla açdım,
ancaq patrul səbətin dibini yoxlamaq istədi və pişik onu cırmaqladı. «Əla anqora pişiyidir», – zabit
dedi. Nəsə pıçıldaya-pıçıldaya pişiyi sığalladı, pişik ona toxunmadı, ancaq ona fikir də vermədi. «Neçə
yaşı var?» – zabit maraqlandı. «Bilmirəm, – dedim, – onu mənə indicə bağışlayıblar». «Qoca olduğuna
görə soruşuram, yəqin, on yaşı olar». İstədim bunu hardan bildiyini və bəzi başqa şeyləri öyrənəm,
ancaq ədəbli davranışına, gözəl tələffüzünə baxmayaraq, onunla danışmağa heyim yoxdu. «Məncə, onu
atıblar, əldən-ələ keçib, – zabit dedi. – Ona diqqətlə yanaşın, məcbur etməyin ki, siz istəyəni eləsin,
əksinə, siz onun istədiyini eləməyə çalışın, onun etibarını qazanana qədər gözləyin». O, səbətin
qapağını örtüb soruşdu: «Bəs siz nə ilə məşğulsunuz?». «Jurnalistəm». «Çoxdan?». «Bir əsrdir», –
cavab verdim. «Elə bu cür də fikirləşirdim», – o dedi. Əlimi sıxdı və xudahafizləşəndə dediyi sözləri
həm xeyirxah məsləhət, həm də xəbərdarlıq kimi qəbul etmək olardı: «Özünüzdən muğayat olun».
Günorta telefonu söndürdüm ki, çox nəfis seçilmiş musiqinin sehrinə dalım: Vaqnerin orkestr ilə
klarnet üçün rapsodiyası, Debüssinin saksafon üçün rapsodiyası və əsərlərinin kəskin dönüşlərində
behişt istirahəti bəxş edən Brüknerin simli alətlər üçün kvinteti. Mən otağın alaqaranlığına qapıldım.
Və birdən hiss etdim ki, masanın altından nəsə keçdi, mənə elə gəldi ki, bu canlı varlıq deyil,
fövqəltəbii substansiyadır, o, mənim ayağıma toxundu, səs, ardınca isə sıçrayış eşidildi. Bu, pişik idi,
qəşəng tüklü quyruğu ilə sirli-sehrli ləng, mifik varlıq və mənim tüklərim biz-biz oldu: otaqda insan
olmayan canlı varlıqla tək qalmışdım.
Qüllədə saat yeddini vuranda qızarmış səmada bircə dənə tənha parlaq ulduz qalmışdı və hansısa
gəmi sahildən aralanıb həsrətli vida fiti verdi, baş tuta biləsi, ancaq baş tutmayan bütün Sevgilərin
qəhəri məni boğdu. Daha dözə bilmədim. Telefonun dəstəyini qaldırdım, ürəyim az qalırdı sinəmdən
çıxsın, çaşmayım deyə dörd rəqəmi yavaş-yavaş yığdım və üçüncü siqnaldan sonra səsi tanıdım.
«Yaxşı, – rahat nəfəs aldım, – səhərki əsəbiliyə görə məni bağışla». Rosa heç nə olmamış kimi dedi:
«Eybi yoxdur, sənin zəngini gözləyirdim». Mən xəbərdarlıq etdim: qoy Allah onu necə yaradıbsa, o cür
də olsun, sifətinə heç bir boya vurmasın. O, bərkdən güldü. «Özün bilən yaxşıdır, intəhası, onun
paltarını bir-bir çıxartmaq ləzzətindən özünü məhrum edirsən, bilmirəm niyə, ancaq qocalar belə
etməyi xoşlayırlar». «Mən isə bilirəm, – cavab verdim. – Soyundurduqca onlar bir az da qocalırlar». O
razılaşdı. «Oldu, – dedi, – deməli, düz axşam saat onda, nə qədər ki istəyir, özünü yetir».
III.
Adı necə idi? Rosa mənə deməmişdi. Həmişə onu, sadəcə olaraq, «ninya» – «qız» adlandırırdı. Mən
də ona «ninya» dedim, «Ninya, gözümün işığı», ya «Ninya», Kolumbun balaca karavellası. Rosa
Kabarkas müxtəlif müştərilər üçün qəyyumluq etdiyi qızlara müxtəlif adlar verirdi. Bəzən məzələnib,
adı sifətə görə tapmağa çalışırdım, lap əvvəldən də əmin idim ki, qızın Filomena, Saturnina, ya Nikolas
kimi uzun adı var. Qız o biri üzünə, kürəyi mənə tərəf çevriləndə bu haqda düşünürdüm və mənə elə
gəldi ki, bədəni böyüklükdə qan gölməçəsinin içinə uzanıb. Ətim ürpəşdi, mələfədə vur-tut tər ləkəsi
olduğuna inanandan sonra özümə gəldim.
Rosa Kabarkas mənə məsləhət vermişdi ki, qızla ehtiyatlı davranım, o hələ qorxur, hər halda, ilk
dəfəsidir. Üstəlik də, mərasimin ciddiyyəti qorxunu artırdığından, qıza daha çox pişikotu vermək lazım
gəlmişdi; indi sakitcə uyuyur, onu oyatmağa qıymırsan. Və mən onun üçün kralın ata sevgisindən
məhrum olan kiçik qızı Delqadina – Çəlimsiz haqqında mahnını zümzümə eləyə-eləyə dəsmalla tərini
silməyə başladım. Sildikcə musiqinin ritminə uyğun olaraq gah o yana, gah bu yana dönürdü:
«Delqadina, Cüllüt, səni çox istəyəcəklər». Bundan əməllicə ləzzət alırdım, çünki bir böyrünü silməyə
macal tapmamış, yenə tərləmiş o biri böyrünü mənə tərəf çevirirdi, belə ki, mahnı bitmək bilmirdi.
«Dur, Cüllüt, geyin, Cüllüt», – onun qulağına oxuyurdum. Mahnının sonunda, kralın qaravaşları onu
yataqda susuzluqdan ölmüş görəndə mənə elə gəldi ki, qızcığazım öz adını eşidib, indicə oyanacaq.
Çünki o elə, doğrudan da, Delqadina – Cüllüt idi. Mən öpüşlərlə bəzənmiş alt paltarında yatağa uzanıb,
qızın yanında özümə yer elədim. Saat beşə kimi onun həniri altında yatdım. Yuyunmadan tezcə
geyindim və yalnız bu vaxt dodaq boyası ilə güzgüyə yazılmış sözləri gördüm: «Pələng yemək dalınca
uzağa getmir». Keçən gecə burada olmadığım yadımdadır, başqa heç kim də bu otağa girə bilməzdi,
ona görə həmin sözləri şeytanın nəsihəti kimi qəbul etdim. Göy gurultusunun qorxunc səsi məni
qapının ağzında haqladı və otağa nəm torpağın qoxusu doldu. Qaçıb taksi tapana qədər dəhşətli leysan
tökdü. May-oktyabr aylarında yağan belə leysanlar şəhəri yaman günə qoyurdu, çaya enən qızmış
qumlu küçələr qabağına çıxan hər şeyi ağzına alıb aparan gur selə çevrilirdi. Üç aylıq quraqlıqdan
sonra şəhəri yaxalayan həmin qeyri-adi sentyabr yağışları həm nicatverici, həm də dağıdıcı ola bilərdi.
Evin qapısını açan kimi bütün varlığımla hiss etdim ki, tək deyiləm. Divandan sıçrayıb eyvana qaçan
pişiyi bir an gördüm. Boşqabda qoyduğum yeməyin artığı qalmışdı. Sidiyin və təzə pişik nəcisinin
üfunəti hər şeyə hopmuşdu. Bir vaxtlar öyrəndiyim latın dili kimi, pişiyi də öyrənmişdim. Təlimatdan
oxumuşdum ki, pişik ifrazatını torpağa, mənim evim təki həyətsiz evlərdə isə gül dibçəyinə basdırır, ya
xəlvət bir künc axtarıb tapır. Ən yaxşısı odur ki, elə ilk gündən pişiyi yönəltmək üçün mən etdiyim
kimi, qum tökülmüş bir yeşik qoyasan. Təlimatda o da yazılmışdı ki, yeni evdə pişik ilk əvvəl öz
ərazisini gözaltı eləyib, qalan hər yeri batırır və yəqin, məsələ elə bunda idi, ancaq təlimatda bununla
necə mübarizə aparmaq barədə yazılmamışdı. Məni vərdişlərinə öyrətmək üçün o öz işində idi, ancaq
uzanıb dincəldiyi xəlvəti yerləri, dəyişkən ovqatının səbəblərini açmamışdı. Mən ona müəyyən
saatlarda yeməyi, eyvandakı qum dolu yeşikdən istifadə etməyi, yatdığım vaxt yatağıma sıçramamağı
və süfrədəki xörəyi iyləməməyi öyrətmək istəyirdim, ancaq ona təlqin eləyə bilmədim ki, ev – onun
şəxsi mülkiyyətidir, heç də hərbi qənimət deyil. Bezib axırda pişiyi başlı-başına buraxdım.
Axşama yaxın leysan tökdü, qasırğa az qalırdı evi yerindən qoparsın. Asqırırdım, başım ağrıyırdı,
hərarətim yüksəlmişdi, ancaq mənə, sanki, heç bir yaşda və şəraitdə hiss etmədiyim güc, qətiyyət
gəlmişdi. Daman yerlərin altına ləyən qoydum, aydın oldu ki, yırtıq-deşik keçən qışa nisbətən çoxalıb.
Ən iri yırtıqdan daman su artıq kitabxananın sağ tərəfini basmağa başlamışdı. Oradakı yunan və latın
kitablarını xilas etməyə tələsdim, ancaq kitabları rəfdən götürəndə divardan su fışqırdı, demə, boru
partlayıbmış. Vaxt qazanıb, kitabları xilas etmək üçün bacardığım qədər deşiyə əski tıxadım. Yağış və
külək parkda get-gedə lap tüğyan edirdi. Birdən göy dəhşətlə guruldadı və ildırım tavanı doğradı, qatı
kükürd qoxusu ətrafı bürüdü, eyvanın şüşələri sındı və dənizdən qalxan fırtınalı külək cəftələri qoparıb,
evə soxuldu. Ancaq heç on dəqiqə də keçmədi ki, hər şey birdən sakitləşdi. Gün çıxıb, qır-qırıntı və
zibillə örtülmüş küçəni qurutdu, isti geri qayıtdı. Leysan keçdi, amma evdə tək olmadığım duyğusu
qaldı. Bunun bir izahı var: həqiqətən baş verən şeylər bəzən unudulsa da, heç vaxt baş verməyən şeylər
həqiqətən olubmuş kimi yadda qalır. Və indi o leysanı xatırlayanda özümü evdə tək-tənha hiss etmirəm,
Cüllüt də həmişə mənimlədir. Gecə qızı elə yaxında hiss etdim ki, onun nəfəsini, yastığıma söykənən
yanağının hərdən necə titrədiyini də duydum.
Yalnız onda anladım ki, bu qısa vaxtda birlikdə çox işlər görə bilərdik. Yadımdadır, kitabxanada
kətilin üstünə çıxmışdım, o isə güllü donunda oyanıb, islanmasın deyə kitabları yığırdı. Onun təpədən
dırnağa islanmış halda, topuğa qədər su içində tufanla vuruşaraq, evdə oyan-buyana qaçdığını
görürdüm. Xatirimdədir, ertəsi gün o, bu evdə çoxdan unudulmuş səhər yeməyi hazırladı və mən gecə
seldən sonra döşəməni qurulayıb, evi sahmana salana qədər süfrə açdı. Və süfrə arxasında onun necə
tərs-tərs mənə baxması heç vaxt yadımdan çıxmaz: «Sən axı niyə belə qoca vaxtında mənimlə tanış
oldun?» Mən ona həqiqəti dedim: məsələ yaşda deyil, özünü neçə yaşda hiss etməyindədir.
Həmin vaxtdan onu yadımda elə aydın saxlamışdım ki, onunla istədiyimi eləyirdim. Ovqatımdan asılı
olaraq, gözünün rəngini dəyişirdim. Yuxudan duranda bu gözlər dəniz rəngində olurdu, güləndə mis
rəngində, hirslənəndə alov rəngində. Yenə də ovqatımdan asılı olaraq, onu yaşına və şəraitə uyğun
geyindirirdim: iyirmi yaşında – aşiq olmuş təvazökar qadın, qırx yaşında – özünü kübar qadınlara
bənzətməyə çalışan yüngüləxlaqlı qadın, yetmişində – Babilistan çariçası, yüz yaşında isə – müqəddəs.
Birlikdə Puççininin eşq duetlərini, Aqustina Laranın bolerosunu, Karlos Qardelin tanqosunu oxuyurduq
və bir daha inanırdıq ki, oxuya bilməyənlər bunun necə böyük xoşbəxtlik olduğunu təsəvür eləməzlər.
İndi mən tamamilə əminəm: bu, ağlın çaşması deyildi, doxsan yaşında ömrümdə ilk dəfə məni tapan
məhəbbətin möcüzəsi idi.
Evi qaydaya salandan sonra, Rosa Kabarkasa zəng vurdum. «İlahi! – səsimi eşidib qışqırdı, – mən isə
elə bilirdim sən boğulmusan». O anlaya bilmirdi ki, necə olur, gecəni qızla keçirəsən, ancaq yenə ona
toxunmayasan. «Bəlkə o, xoşuna gəlmir, öz işindi, amma özünü, heç olmasa, böyük kimi apar».
İstədim ona izah eləyəm, di gəl Rosa birdən mövzunu dəyişdi: «Yaxşı, səndən ötrü yaşca ondan böyük
bir gözəl qız da var, o da bakirədir. Atası onu evə dəyişmək istəyir, intəhası, sövdələşmək olar». Ürəyim
əsdi. «Sən nə danışırsan, – qorxub tezcə etiraz etdim, – həminkini istəyirəm, hər şey də razılaşdığımız
kimi mübahisəsiz və cəncəlsiz olsun». Dəstəkdən bir müddət səs çıxmadı, nəhayət, sakitləşmiş səs, elə
bil, özü ilə danışırmış kimi dedi: «Hə, hiss olunur, həkimlər bunu qocalara xas kəmağıllıq
adlandırırlar».
Mən oraya düz saat onda, sual verməmək kimi qeyri-adi nəzakətinə görə yadımda saxladığım tanış
sürücü ilə getdim. Özümlə kiçik ventilyator, Orlando Rivera-Fiquritanın sevdiyim rəsm əsərini, eləcə
də şəkli asmaq üçün çəkic-mismar götürmüşdüm. Yolüstü dayanıb, diş fırçası, diş məcunu, əl-üz
sabunu, tualet suyu «Aqua de-Florida» və biyanlı nabat aldım. Kağız güllər olan dibçəyi əvəz etmək
üçün güldan, bir dəstə də hind qızılgülü almaq istədim, ancaq hər yer artıq bağlanmışdı, məcbur olub
kiminsə bağından yenicə açmış bir neçə astromeliya oğurladım.
Ev sahibəsinin məsləhətinə əməl edib, məni bağa açılan qapıda görməsinlər deyə evə arxadan,
akveduk tərəfdən yaxınlaşdım. Sürücü xəbərdarlıq etdi: «Ehtiyatlı olun, ağa, bu evdə adam öldürürlər».
Mən cavab verdim: «Eşq yolunda ölmək də olar». Həyət qaranlıq idi, ancaq pəncərələrdə işıq yanırdı,
altı otağın hamısında isə bayağı musiqi guruldayırdı. Mənim otağımdan eşidilən Migel Matamorosun
bolerosunu oxuyan amerikalı tenor don Pedro Varqasın məlahətli səsi daha hündürdən çıxırdı. Hiss
etdim ki, indicə öləcəm. Nəfəsim kəsilirdi, qapını itələdim və Delqadinanı yataqda həmişə xatırladığım
kimi gördüm: o, çılpaq halda, ürəyinin üstündə şirin-şirin yatırdı.
Uzanmamışdan tualet ləvazimatlarını çıxartdım, pas atmış ventilyatorun yerinə təzəsini qoydum və
rəsm əsərini divardan elə asdım ki, yatağından görə bilsin. Sonra yanında uzanıb, onu seyr etməyə
başladım. Mənim evimdə gəzən həmin qızdı: qaranlıqda toxunmaqla məni tanıyan əllər, pişik kimi
yumşaqca yerə basdığı ayaqlar, mələfəmdəki həminki tər qoxusu və üskük taxdığı həmin barmaq.
Ancaq inanılmaz şeydi: canlı surətdə gördüyüm, əllərimi toxundurduğum adam xəyalımda
yaşatdığımdan daha az real idi. «Divarda, sənin qarşı tərəfində tablo var, – qıza dedim. – Bu tablonu
Fiqurita çəkib, biz onu çox sevirdik, o, dünyanın ən yaxşı fahişəxana rəqqası idi, elə mərhəmətliydi,
hətta şeytana da yazığı gəlirdi. O, bu tablonu Syerra Nevada-de-Santa-Mariya dağlarında qəzaya
uğramış təyyarənin dəmiri üzərində gəmi boyası və öz itinin tükündən düzəltdiyi fırça ilə çəkib.
Tabloda təsvir olunan qadın onun monastırdan qaçırıb evləndiyi rahibədir. Mən şəkli elə yerdən
asmışam, oyananda ilk gördüyün o olsun».
Gecə saat birdə mən işığı keçirəndə o, yenə həmin vəziyyətdə uzanmışdı və elə sakit nəfəs alırdı ki,
sağ olduğuna inanmaq üçün hətta nəbzini yoxladım. Damarlarında səssiz mahnı kimi axan qan
bədəninin ən gizli yerlərinə çatıb, sevginin təmizlədiyi ürəyinə qayıdırdı.
Keçən dəfə getməmişdən qabaq onun əl cizgilərini kağıza köçürdüm və ürəyini oxumaq üçün onu
Diva Saxibə verdim. Ortaya belə şeylər çıxdı: o yalnız fikrində olanları deyir. Əl işində çox
qabiliyyətlidir. Ölmüş adamla əlaqədədir, ondan kömək umur, ancaq əbəs yerə: güvənə biləcəyi adam
yanındadır. Heç kimlə yaxınlıq etməyib, ixtiyar yaşında ərli qadın kimi öləcək. İndi onun kişisi var,
qarabuğdayıdır, ancaq bu onun həyatının kişisi deyil. Onun səkkiz uşağı ola bilər, intəhası, yalnız
üçünü doğmaq qərarına gələcək. Əgər ürəyinin və ağlının dediklərinə əməl etsə, otuz beş yaşında əlinə
xeyli pul gələcək, qırx yaşında isə miras alacaq. Çox yerlər gəzəcək. Onun ikili həyatı, ikili taleyi var
və öz taleyinə təsir eləyə bilər. Maraq xətrinə hər şeyi təcrübədən keçirmək istəyir, ancaq ürəyinin
səsinə qulaq asmasa, peşmançılıq çəkəcək.
Məhəbbət həyəcanları içində tufanın viran qoyduğu evi sahmana saldım, eyni zamanda, vaxtım
olmadığından, ya pulsuzluq ucbatından illərlə yığılıb qalan bir çox şeylərə də əl gəzdirdim. Kitabların
yerini dəyişib, bir zaman oxuduğum qaydada düzdüm. Axır ki, qədimdən qalan yadigarlarla – pianola
və klassik musiqi yazılmış yüzdən çox valla xudahafizləşib, köhnə, ancaq məndəkindən daha yaxşı,
NiFi dinamikalı valoxudan aldım, bundan da ev dərhal xeyli əzəmətləndi. Mən tamamilə müflis olmaq
dərəcəsinə çatdım, ancaq möcüzə hamısının əvəzini çıxırdı: bu yaşda mən hələ sağ idim.
Ev yenidən canlanmışdı, mən isə Delqadinaya olan, əvvəllər heç vaxt duymadığım, içimi ağzınacan
dolduran xoşbəxt sevgimin qoynunda üzürdüm. Onun sayəsində doxsan yaşında ilk dəfə özümlə
üzbəüz gəlmişdim. Və anladım ki, hər əşyanın öz yerində durmasına, hər işin vaxtında görülməsinə, hər
sözün öz səpkisi olmasına həddindən artıq fikir vermək heç də nizama salınmış ağlın xidməti deyil,
əksinə, təbiətimdəki nizamsızlığı ört-basdır etmək üçün uydurduğum bir üsuldur. Anladım ki,
intizamlılıq heç də mənim üstün cəhətim deyil, yalnız öz əhlikefliyimə göstərdiyim reaksiyadır;
səxavətli görünməyim xırdaçılığımı gizlətmək, ehtiyatlı adam kimi tanınmağım pis fikirlərimi
pərdələmək üçündür, çünki barışdırıcılıq təbiətimdən irəli gəlmir, hirs-hikkəmin üzə çıxmasından
qorxuram, ona görə dəqiqəm ki, başqasının vaxtını nə qədər az qiymətləndirdiyimi bilməsinlər. Və
nəhayət, kəşf etdim ki, məhəbbətin ürəyə heç bir dəxli yoxdur, bu – Zodiak bürclərinin işidir.
Mən başqa adam olmuşdum. Yeniyetməliyimdə həvəslə mütaliə etdiyim klassiklərə təkrar qayıtmaq
istəsəm də, bacarmadım. Anamın zorla oxutmağa çalışdığı, mənim isə zəhləm getdiyi romantik
ədəbiyyata girişdim və məhz onun sayəsində anladım ki, dünyanı hərəkətə gətirən yenilməz qüvvə heç
də sonu xoşbəxtliklə bitən məhəbbət deyil, uğursuz məhəbbətdir. Böhran mənim musiqi zövqümü də
korlayanda özümü qoca, geridə qalmış hiss etdim və ürəyimi təsadüfi sevinclərin üzünə açdım.
Özümdən soruşuram, bu qədər qorxduğum və bais olduğum düşkünlüyə necə oldu ki, qapıldım. Mən
yalançı buludlarda uçurdum, əbəs yerə kim olduğumu başa düşmək üçün güzgü qabağında özümlə
danışırdım. Elə bil, sayıqlama içində idim və bir dəfə daş, butulka atan tələbələrin nümayişini görüb,
əlimdə mənim həqiqətimi aləmə car çəkən transparantla ilk cərgədə addımlamaqdan özümü zorla
saxladım: «Mən məhəbbətdən dəli olmuşam».
Yatan Delqadinanın surəti gözümün önündən çəkilmirdi və mən heç bir niyyətim olmadan öz bazar
məqalələrimin xarakterini tamamilə dəyişdim. İndi nə yazırdımsa, ondan ötrü yazırdım, ondan ötrü
gülüb-ağlayırdım və hər yazdığım sözlə ömrümün bir zərrəsi gedirdi. Adət etdiyim yazı tərzimdən
fərqli olaraq, daha məhəbbət məktubları şəklində yazmağa başladım, indi bunu hamı özününkü kimi
oxuya bilərdi. Redaksiyaya təklif etdim ki, mətn mətbəə şrifti ilə yığılmasın, mənim əllə yazdığım
gözəl xətlə çap olunsun. Əlbəttə, redaksiya müdiri bunu növbəti qoca şöhrətpərəstliyinə yozdu, ancaq
baş direktor onu dərhal zərb-məsələ çevrilən bircə cümlə ilə inandırdı:
– Yanılmayın: dinc dəlilər gələcəyi yaxınlaşdırır.
Eşqə düşmüş oxuculardan ardı-arası kəsilmədən gələn məktublar özünü çox gözlətmədi. Bəzi
məktubları vacib xəbər kimi hətta radioda oxuyurdular, müxtəlif üsullarla onların üzünü çıxarıb, qaçaq
yolla gətirilmiş siqaret kimi San Blas küçəsinin tinlərində satırdılar. Bu məktublar lap əvvəldən özünü
ifadə etmək istəyindən doğmuşdu, onları qoca kimi düşünməyi öyrənməmiş doxsan yaşlı adamın
dilindən yazırdım. Həmişə olduğu kimi intellektual mühit özünü riyakarcasına apardı. Hətta qrafoloqlar
mənim xəttimlə bağlı yanlış fikirlərə əsaslanaraq, bir-birinə zidd mühakimələr yürütməyə girişdilər.
Məhz onlar ağıllara və könüllərə nifaq toxumu səpdilər, mübahisəni qızışdırıb, nisgili dəbə mindirdilər.
Rosa Kabarkasla razılaşdım ki, elektrik ventilyatoru, tualet ləvazimatları və yaşayış üçün vacib
saydığım başqa şeylər ilin axırına qədər otaqda qalacaq. Mən saat onda gəlirdim, həmişə də qıza, ya hər
ikimizə nəsə gətirirdim və bir neçə dəqiqə bizim gecə teatrı üçün dekorasiya qurmaqla məşğul
olurdum. Getməmişdən isə həmişə saat beşdən gec olmayaraq, hər şeyi yerinə yığıb, ağzını
qıfıllayırdım. Yataq otağı təsadüfi müştərilərin kədərli sevgiləri üçün nəzərdə tutulmuş əvvəlki miskin
görkəmini alırdı. Bir səhər eşitdim ki, gözəl səsi ilə tanınan Markos Peres mənim bazar günü dərc
olunan məqalələrimi bazar ertəsi radioda öz xəbərlər buraxılışında oxumaq istəyir. Vasvasılığın və
qorxunun öhdəsindən gəlib dedim: «Delqadina, bilirsənmi, şöhrət – səninlə yatmayan, ancaq oyananda
başının üstündə dayanıb, sənə baxdığını gördüyün gombul senyordur».
Matəm saxladığına və gözünün üstünə endirdiyi qara şlyapasına baxmayaraq, daha mənə elə də əldən
düşmüş görünməyən Rosa Kabarkasla bir gün səhər yeməyinə qaldım. Onun səhər yeməkləri öz
təmtərağı və bibərinin gözdən yaş çıxmaq dərəcəsində bolluğuna görə məşhur idi. Bu zəqqutumdan bir
dişdəm alıb, göz yaşı tökə-tökə dedim: «Ayın bədirlənən vaxtı olmasa da, bu gecə dalım yanacaq». «Az
sızılda, – o dedi. – Əgər yanırsa, demək, Allaha şükür, hələ dalın var».
Mən Delqadina deyəndə Rosa təəccübləndi. «Onun adı elə deyil», – dedi. «Belə danışma, – onun
sözünü kəsdim, – o mənim üçün Delqadina-Cüllütdür». O, çiyinlərini çəkdi: «Yaxşı, nə fərqi, o
sənindir, sadəcə, bu addan raxitlik yağır». Qızın pələng haqqında güzgüyə yazdığı sözləri ona dedim.
«Elə şey ola bilməz, – qadın təəccübləndi, – o nə yaza bilir, nə oxuya». «Onda bəs kim yazıb?» Rosa
çiyinlərini çəkdi: «Yəqin, həmin otaqda ölənlərin biri».
Bu səhər yeməyindən istifadə etdim ki, Rosa Kabarkasa ürəyimi boşaldım, Delqadina üçün xırda-
xuruş şeylər istəyim, bir az şəraitini yaxşılaşdırım, bir az əyin-başını düzəldim. O, həvəslə, hətta
məktəbli kimi bicliklə razılaşdı: «Gülməlidir! – Rosa qəribə tərzdə ded. – Məndə elə bir hiss var ki,
guya, ondan ötrü mənə elçi düşmüsən. Söz düşmüşkən, – elə bil, qəfil ağlına gəldi, – doğrudan, sən axı
niyə onunla evlənməyəsən?» Mən quruyub qaldım. «Ciddi deyirəm, – o israr etdi, – ucuz başa gələrdi.
Sən yaşda adam üçün əsas odur ki, yarıyırsan, ya yox, sən isə deyirsən, bu məsələdə hər şey
qaydasındadır». Mən təşəbbüsü ələ aldım: «Sevgisiz seks – aşiq olmayanlar üçün təsəllidir».
O qəhqəhə çəkdi: «Ay tənha qoca, əsl kişi olduğuna həmişə inanmışam, həmişə belə olmusan, şadam
ki, o cür də qalmısan, sənin düşmənlərin isə artıq silahlarını yerə qoyublar. Haqqında gəzən söhbətlər
əbəs yerə deyilmiş. Markos Peresə qulaq asmısan?». «Kim ona qulaq asmır ki», – söhbəti bitirmək
üçün dedim. Ancaq o, dediyindən əl çəkmədi: «Professor Kamaço və Kano dünən «Hər şeydən bir az»
verilişində deyirdilər ki, dünya daha əvvəlki deyil, çünki sənin kimi adamlar az qalıb».
Həftənin sonunda Delqadinanın öskürdüyünü, hərarətinin qalxdığını gördüm. Mən Rosa Kabarkası
oyatdım və o, ilk yardım göstərmək üçün otağıma dərman qutusu gətirdi. İki gün sonra o, hələ də zəif
olduğundan həmişəki məşğuliyyətinə – düymə tikməyə qayıda bilmədi. Həkim bir həftəyə keçib gedən
adi qripə qarşı ev üsulları ilə müalicə yazdı, ancaq onun ümumi üzgünlüyü sarıdan da narahat idi. Mən
Delqadinanı görmürdüm, onun yoxluğunu duyurdum və fürsətdən istifadə edib, otağı öz istədiyim kimi
sahmana salmaq qərarına gəldim.
Mən Alvaro Sepedanın «Biz hələ də gözləyirik» hekayələr kitabına Sesiliya Porrasın çəkdiyi rəsm
əsərini, yuxusuz gecələrimi qısaltmaq üçün Romen Rollanın «Jan Kristof»unu gətirdim. Bir sözlə, otaq
layiqli görkəm almışdı və Delqadina buraya qayıda bilsə, xoşbəxtlik üçün tam yararlı idi: ətirli
insektisidlərlə təmizlənmiş hava, çəhrayi divarlar, tutqun rəngdə plafonlar, vazada təzə-tər güllər,
mənim sevimli kitablarım, anamın bugünkü zövqə uyğun asılmış tabloları. Köhnə qəbuledicini
qısadalğalı yenisi ilə əvəz etdim və klassik musiqi proqramının üstündə saxladım ki, Delqadina
Motsartın kvartetləri altında yatmağı öyrənsin, ancaq axşamların birində aydın oldu ki, o, dəbdə olan
baleroları səsləndirən dalğaya köklənib. Şübhə yoxdu, onun zövqü belə idi və mən buna
heyifsilənmədim, çünki bir vaxtlar, ömrümün ən gözəl çağlarında onlara ürəkdən aludə olmuşdum.
Səhəri gün evə getməmişdən dodaq boyası ilə güzgüyə yazdım: «Mənim qızcığazım, biz bu dünyada
tək-tənhayıq».
Həmin günlər məndə qəribə bir hiss yaranmışdı, guya, o, vaxtından əvvəl böyüyürdü. Mən
təəssüratımı Rosa Kabarkasla bölüşdüm. Bu ona təbii göründü. On beş dekabrda Delqadinanın on beş
yaşı tamam olacaq. O, tipik Oxatandır. Mən qorxdum: qız o qədər realdır ki, hər il yaşının üstünə yaş
gəlir. Ona nə bağışlaya bilərdim? «Velosiped, – Rosa Kabarkas dedi. – O, gündə iki dəfə şəhərin bu
başından o başına öz düyməsinin arxasınca getməli olur». Rosa qızın anbardakı velosipedini göstərdi
və mən fikirləşdim ki, çox güman, bu qədər əziz olan qadına belə köhnə-köşküldə gəzmək yaraşmaz.
Ancaq Delqadinanın, doğrudan da, real həyatda yaşamasının bu dərəcədə hiss olunan sübutu məni
mütəəssir etdi.
Delqadina üçün yaxşı velosiped almağa getdim və onu yoxlamaqdan özümü saxlaya bilməyib,
mağazada bir neçə dövrə vurdum. Yaşımla maraqlanan satıcı qıza qoca şıltaqlığı ilə dedim: bu yaxında
doxsan yaşım tamam olacaq. O məhz mənim eşitmək istədiyimi dedi: «Yaşınızdan iyirmi il cavan
görünürsünüz». Məktəb ədalarının məndə necə qaldığını özüm də başa düşmürdüm, ancaq içimdə
sevinc qaynayırdı. Və mən oxudum. Basabasda, mağaza piştaxtalarının arasında dövrə vuraraq,
əvvəlcə ürəyimdə, sonra isə böyük Karuzo kimi zildən oxudum. Adamlar mənə baxıb əylənirdilər,
arxamca qışqırırdılar, məsləhət verirdilər ki, «Əlil arabasında Kolumbiya ətrafında» yarışında iştirak
edim. Oxumağı kəsməyib, xoşbəxt səyahətçidən vida salamı göndərərək, onlara əl eləyirdim. Elə həmin
həftə hay-küy doğuran bir məqalə də yazdım: «Doxsan yaşında velosipeddə necə xoşbəxt olmalı».
Onun ad günü gecəsi Delqadinaya mahnını əvvəldən axıradək oxudum və bütün bədənini öpüşlərə
qərq etdim: onurğası boyu fəqərə-fəqərə lap arıq yambızlarına, xallı yanına, yuxusuz ürəyinin
döyündüyü yerə qədər. Mən öpdükcə bədəni daha da istilənib, təbii ətir saçmağa başladı. Onun
bədəninin hər qarışı öpüşümdən xəfifcə titrəyirdi, hər öpüşdə bir başqa istilik, bir ayrı dad hiss
eləyirdim, canından qopub gələn iniltilərlə mənə cavab verirdi, məmələrinin giləsi onlara toxunmayan
barmaqlarıma doğru can atırdı. Mən səhərə yaxın yuxuladım və birdən, sanki, dənizin dalğaları gurultu
ilə şahə qalxdı, duyduğum vahimə ağacdan ağaca adlayıb, ürəyimi dəlib keçdi. Onda vanna otağına
gedib, güzgüyə yazdım: «Delqadina-Cüllüt, sevgilim mənim, budur, milad küləkləri də uçub gəldi».
Mənim ən əziz xatirələrimdən biri belə səhərlərin birində məktəbdən çıxanda keçirdiyim anlaşılmaz
hisslərdir. Nə olub mənə? Müəllimə çaşqınlıqla dedi: «Ah, bala, bu ki küləkdir». Səksən il sonra
Delqadinanın yatağında oyananda, mən eyni hissləri yaşadım və yenə öz vaxtında gələn dekabr idi,
özünün aydın, təmiz səması, qum tufanları və evlərin damını qopardan, məktəblilərin yubkasını
qaldıran burulğanı ilə birlikdə. Şəhər xəyali uğultu ilə dolurdu. Küləkli gecələrdə şəhər bazarındakı
qışqırıqlar tində imiş kimi ən uzaq məhəllələrdə belə eşidilirdi. Və təəccüblü deyildi ki, dekabr
küləkləri ən uzaq fahişəxanalara səpələnən dostlarımızı səslərinə görə tapmağa imkan verirdi.
Ancaq bu küləklərlə mənə pis bir xəbər də çatdı ki, Delqadina milad bayramını mənimlə keçirə
bilməyəcək, öz ailəsi ilə birlikdə olacaq. Əgər bu dünyada nifrət etdiyim bir şey varsa, o da boyunlarına
düşübmüş kimi adamların sevincdən ağladığı bayramlar və iki min il əvvəl miskin tövlədə doğulan
körpəyə heç bir dəxli olmayan bütün bu süni işıqlar, mənasız milad nəğmələri, kağız bəzəklərdir. Ancaq
Milad gecəsi qüssəmi boğa bilməyib, otağa onsuz getdim. Gecəni yaxşı yatdım və oyandım ki,
yanımda şimal ayısı kimi dal ayaqlarının üstündə gəzən yumşaq tüklü ayı balası, bir də açıqca var: «Pis
ataya». Rosa Kabarkas mənə demişdi ki, Delqadina güzgüyə yazdığım sözlərə baxıb, onlardan yazmağı
öyrənir və qızın rəvan hərfləri məni fərəhləndirdi. Ancaq Rosa məni daha bir xəbərlə kədərləndirdi, ayı
balası onun hədiyyəsi idi. Yeni il gecəsi öz evimdə saat səkkizdən yerimə girib, heç bir ağrı-acı hiss
etmədən yuxuladım. Mən xoşbəxt idim, çünki saat on ikini vuranda aramsız çalınan zəng səslərinə,
fabrik fitlərinə, yanğınsöndürən maşınların siqnallarına, sahildən aralanan gəmilərin yanıqlı fəryadına,
barıt partlayışlarına və fişənglərin partıltısına baxmayaraq, Delqadinanın barmağının ucunda otağa
girdiyini, yanımda uzanıb, məni öpdüyünü hiss elədim. Elə aydın hiss elədim ki, onun öpüşündən
dodağımda biyan qoxusu qaldı.
IV.
Oyaq vaxtı da bir yerdə yaşayırıqmış kimi, yeni ilin əvvəlində bir-birimizi tanımağa başladıq, elə
astadan zümzümə etməyə öyrəşdim ki, yuxudan ayılmadan eşidə bilsin və bədəninin təbii dili ilə mənə
cavab versin. Onun ovqatı yatışından duyulurdu. Əvvəllər üzgün və bir az kobud olan Delqadina
tədricən, elə bil, daxili rahatlıq əldə etdi, sifəti daha da gözəlləşib, yuxuları rəngbərəng oldu. Mən
həyatımı ona danışırdım, adı çəkilməsə də, həmişə yalnız onu nəzərdə tutduğum məqalələrimin
qaralamasını qulağına oxuyurdum.
Bir dəfə anamın zümrüd qaşlı sırğalarını onun yastığının üstünə qoydum. Növbəti görüşümüzdə
sırğaları taxmışdı, ancaq ona yaraşmırdı. Bu dəfə başqasını, dərisinin rənginə uyğun olanı gətirdim. Və
izah etdim: əvvəl gətirdiyim sifətinlə, saçının forması ilə tutmurdu. Bu yaxşı olacaq. Növbəti iki
görüşdə sırğaların heç birini taxmadı, ancaq üçüncü görüşə mən dediyimlə gəldi. Məsələ aydın oldu: o,
mənim dediyimlə hərəkət etməmişdi, ancaq mənə xoş olsun deyə məqam gözləmişdi. Həmin günlər ev
şəraitinə elə alışdım ki, çılpaq yatmağı tərgitdim və gecələr çoxdan istifadə etmədiyim Çin ipəyindən
pijamanı geyinməyə başladım.
Fransız yazıçısı, fransızların özündən çox dünyanın məftun olduğu Sent-Ekzüperinin «Balaca
şahzadə»sini ona oxumağa başladım. Oyanmasa da, bu onu maraqlandıran ilk şey idi, ancaq o qədər
maraqlandırdı ki, kitabı sona çatdırmaq üçün iki gecə dalbadal gələsi oldum. Biz sonra Perronun
«Nağıllar»ını, «Müqəddəs tarix»i, «Min bir gecə»nin uşaqlar üçün işlənmiş variantını oxuduq və
oxuduqlarımın ona nə dərəcədə maraqlı olduğunu bunlar arasındakı fərqdən, nə qədər bərk yatdığından
başa düşdüm. Lap bərk yuxuladığını hiss eləyəndə işığı keçirib, onu qucaqlayaraq, xoruz banına kimi
yatırdım.
Mən xoşbəxt idim, nəvazişlə onun göz qapaqlarından öpürdüm və gecələrin birində, sanki, səmada
gün doğdu: o, ilk dəfə gülümsədi. Sonra isə birdəncə yataqda kürəyini mənə çevirib, narazı halda dedi:
«İlbizləri İsabel ağlatdı». Söhbətimizin qızışacağından həvəslənərək, o danışdığı tərzdə soruşdum: «Bəs
onlar kimindi?» O cavab vermədi. Səsi, danışıq tərzi aşağı təbəqə adamınınkına bənzəyirdi, sanki, onun
deyildi, sanki, içində başqa biri gizlənmişdi. Ürəyimdə heç bir şübhə qalmadı: o, yatmış vəziyyətdə
mənim daha çox xoşuma gəlirdi.
Yeganə problemim pişik idi. O, həyata marağını tamamilə itirmişdi, iki gün kefsiz halda öz küncündə
oturdu və baytar həkimə aparmaq üçün Damiana onu səbətə qoymaq istəyəndə yaralı yırtıcı kimi məni
cırmaqladı. O, çırpınan pişiyi zorla səbətə qoyub, evdən apardı. Bir müddət sonra heyvan yetişdirmə
müəssisəsindən zəng vurdu ki, başqa əlac yoxdur, onu öldürmək lazımdır, ancaq bundan ötrü sizin
icazəniz olmalıdır. Öldürmək niyə? «Çünki çox qocadır», – Damiana dedi. Hirslə fikirləşdim ki, onda
məni də pişiklər üçün sobada diri-diri yandırmaq olar. İki od arasında əlacsız vəziyyətdə qalmışdım:
pişiyə isinişə bilməmişdim, ancaq vur-tut qoca olduğuna görə öldürülməsinə də ürəyim gəlmirdi. Bu
təlimat hanı, görəsən, orada nə deyilir?
Bu hadisə məni elə həyəcanlandırdı ki, bazar günü məqaləmi Nerudadan götürdüyüm «Pişik balaca
ev pələngidir?» başlığı lə yazdım. Məqalə növbəti dəfə cəmiyyəti iki yerə, pişiyin tərəfində olanlara və
olmayanlara parçaladı. Beş gün sonra qocalığına görə yox, cəmiyyətin sağlamlığı naminə pişiyi
öldürməyin tamamilə mümkün olması fikri üstünlük qazandı.
Anamın ölümündən sonra yuxuda kiminsə mənə toxuna biləcəyindən həmişə qorxurdum. Bir dəfə
bunu hiss etdim, ancaq anamın səsi məni sakitləşdirdi: Figlio mio poveretto . Bunu bir dəfə də səhərə
yaxın Delqadinanın otağında duydum, elə bildim mənə toxunan odur, az qaldım sevincimdən tullanam.
Ancaq yox: bu, zülmətdə peyda olan Rosa Kabarkas idi. «Tez geyin, gedək, – o dedi, – mənim ciddi
problemim var». Təsəvvür eləyə biləcəyimdən daha ciddi problemdi. Fahişəxananın hörmətli
müştərilərindən birini girəcəkdəki otaqda bıçaqlayıb öldürmüşdülər. Qatil qaçmışdı. Suda bişmiş toyuq
kimi solğun, iri, çılpaq, ancaq ayağında ayaqqabı olan meyit qan içində yataqda sərilib qalmışdı. Onu
qapının kandarından tanıdım: boy-buxunlu, qəşəng, yaxşı geyinməyi bacaran, ən əsası, ailəsinin
təmizliyi ilə tanınan çox böyük bankir X.M.B. idi. Boğazında dodaq kimi qıpqırmızı iki yara yeri vardı,
qarnında isə qan axan iri deşik. Meyit hələ soyumamışdı. Ancaq məni yaralardan çox, büzüşmüş
cinsiyyət üzvünə, deyəsən, istifadə olunmamış prezervativin keçirilməsi heyrətləndirdi.
Rosa Kabarkas bankirin kimlə olduğunu bilmirdi, çünki onun da evə bağdakı qapıdan gəlmək
imtiyazı var idi. O, bankirin kişi ilə olduğunu da istisna etmirdi. Fahişəxana sahibəsinin məndən
istədiyi bircə şeydi – meyiti geyindirməyə kömək etmək. O, özünü elə sakit aparırdı, ağlımdan keçdi ki,
yəqin, ölüm onun alışdığı adi bir şeydir. «Meyit geyindirməkdən çətin iş yoxdur», – mən dedim.
«Allahın köməyi ilə bunu etmişəm, – Rosa bildirdi. – Onu tutan olsa, geyindirmək asandır». Mən
şübhələndim: «Səncə, doğram-doğram edilmiş, ancaq ingilis centlmeni kimi kostyumunun ütüsü
pozulmamış meyitə inanarlar?»
Bu yerdə Delqadina sarıdan qorxdum. «Yaxşı olar onu buradan aparasan», – Rosa Kabarkas məsləhət
gördü. «Əvvəlcə – meyit», – vahimələnərək dedim. O bunu sezdi və öz nifrətini gizlətmədi: «Sən ki
titrəyirsən!». «Ona görə, – mən israr etdim, ancaq bu, həqiqətin yarısı idi. – Qıza de, neçə ki tökülüşüb
gəlməyiblər, burdan getsin». «Yaxşı, – Rosa söz verdi, – ancaq jurnalist olduğuna görə sənə heç nə
olmaz». «Sənə də, – əsəbiliklə bildirdim. – Sən bu hökumətdə yeri, çəkisi olan yeganə liberal
siyasətçisən».
Qədimdən bəri öz təhlükəsizliyi, sakitliyi ilə seçilən şəhər, elə bil, lənətə gəlmişdi – dəhşətli və
qalmaqallı qətllər barədə xəbərlər hər il onu sarsıdırdı. Bu dəfə başqa cür oldu. Diqqəti çəkən başlıqla
verilən rəsmi məlumatda təfərrüata varılmadan xəsisliklə bildirilirdi ki, gənc bankir Pradomar
şosesində hücuma məruz qalaraq, bıçaq zərbəsilə qətlə yetirilib; cinayəti doğuran səbəb məlum deyil.
Onun düşməni olmayıb. Hakimiyyətin məlumatında qətli yerli əhalinin dinc xarakterinə qətiyyən xas
olmayan cinayətkarlığın artmasında günahkar bilinənlərin – ölkənin orta vilayətlərindən köçənlərin
törətdiyi ehtimal edilirdi. Elə ilk saatlarda əllidən çox adam saxlanılmışdı.
Mən hiddətlənmiş halda, iyirminci illərin tipik jurnalisti, yaşıl sellüloid günlüklü kepka qoymuş,
köynəyinin qollarına rezin taxmış, hər şeyi baş verməzdən əvvəl bildiyini güman edən cinayət şöbəsi
redaktorunun yanına getdim. Ancaq bu dəfə əlində elə bir əhəmiyyətli dəlil-sübut yox idi və işimi
ehtiyatlı tutub, cinayətin mənzərəsini tamamladım. Həmişəki kimi hansısa çox etibarlı mənbəyə istinad
edərək, qəzetin birinci səhifəsi üçün ikilikdə səkkiz sütunluq xəbər yazdıq. Ancaq senzor Murdar Qar
Adamı söhbətin, guya, liberalların quldur hücumundan getdiyini bildirən rəsmi xəbəri qəzetə sırımağa
macal tapdı. Ən həyasız və izdihamlı dəfn mərasimi zamanı vicdan əzabım kədərli dilxorluqla əvəz
olundu.
Evə qayıdıb, Delqadinanın başına nə gəldiyini bilmək üçün elə həmin axşam Rosa Kabarkasa zəng
vurdum, ancaq telefon dörd gün cavab vermədi. Beşinci gün canımı dişimə tutub, onun evinə
yollandım. Qapılar möhürlənmişdi, ancaq polis yox, sanitar xidməti tərəfindən. Qonşular heç nə
bilmirdilər. Delqadinadan iz qalmamışdı və mən təhlükəli, bəzən də gülməli axtarışlara başladım,
əməllicə taqətdən düşmüşdüm. Uşaqların oynadığı, Simon Bolivarın uçub tökülmüş heykəlinə
dırmaşdığı parkdakı tozlu skamyada günlərlə oturub, gənc velosipedçi qızlara göz qoyurdum. Qəşəng-
qəşəng fahişələr pedalı fırladaraq, yanımdan ötürdülər, hamısı da hazır, gözüyumulu əlini at, istədiyini
tut, apar. Ümidim üzüləndə sakit balero dünyasına çəkildim. Ancaq bu, zəhərli su kimi təsir edirdi:
oradakı hər söz onu xatırladırdı. Əvvəllər yazmaq üçün mənə sakitlik lazım idi, çünki ağlım həmişə
əlyazmadan çox, musiqiyə can atırdı. İndi isə hər şey əksinə olmuşdu: mən yalnız balero sədaları
altında işləyə bilirdim. Mən onunla nəfəs alırdım. Həmin iki həftədə qələmimdən çıxan məqalələrin
hamısı əsl məhəbbət məktubları idi. Axın-axın gələn məktublardan əsəbiləşən redaksiya müdiri eşqə
düşmüş oxucuları necə ovundurmağı düşünüb tapana qədər məhəbbət alovunu bir qədər azaltmağımı
xahiş etdi.
Dinclik tapa bilmirdim, ona görə günüm baş-ayaq gedirdi. Saat beşdə oyanıb, qaranlıqda uzanaraq,
Delqadinanı öz qeyri-real həyatında təsəvvürümə gətirirdim: qardaşlarını necə oyadır, onları məktəbə
yola salmaq üçün necə geyindirir, evdə bir şey varsa, necə yedizdirir, şəhərin bir başından o biri başına
cəzasını çəkməyə – düymə tikməyə velosipedlə necə gedir. Və təəccüblə özümdən soruşurdum:
«Düymə tikəndə qadın nə barədə fikirləşir? O, mənim haqqımda düşünürmü? Məndən xəbər tutmaq
üçün o da mənim kimi Rosa Kabarkası arayırmı?» Tam bir həftə ev xələtimi gecə-gündüz əynimdən
çıxarmadım, yuyunmadım, üzümü qırxmadım, dişimi təmizləmədim, çünki məhəbbət məni çox gec
öyrətmişdi ki, insan kimdən ötrüsə özünü səliqəyə salır, ətirlənir, mənim isə heç kimim olmamışdı.
Damiana səhər saat onda məni tor yelləncəkdə çılpaq görüb, xəstələndiyimi fikirləşdi. Mən şəhvətdən
dumanlanmış baxışlarla onu süzüb, bir yerdə çılpaq yellənməyi təklif etdim. O, saymazyana cavab
verdi:
– Əgər razılaşsam, nə edəcəyinizi düşünmüsünüz?
Əzabın məni necə taqətdən saldığını onda anladım. Bu yeniyetmə həyəcanlarına görə özümü tanıya
bilmirdim. Telefondan aralanmaqdan qorxduğum üçün evdən çıxmırdım.
Yazırdım, heç kimə zəng etmirdim və elə ilk zəngdə bunun Rosa Kabarkas ola biləcəyini düşünüb,
telefona tərəf atılırdım. Gün ərzində tez-tez işimdən aralanıb, bu telefonda insaf olmadığını başa düşənə
qədər günlərlə zəng vurdum.
Yağışlı bir axşam evə qayıdanda qapının ağzındakı pilləkəndə pişiyin yumaq kimi büküldüyünü
gördüm. O, çirkli və tükləri didilmiş vəziyyətdə idi, adamın ona yazığı gəlirdi. Təlimatdan başa
düşdüm ki, pişik xəstələnib və onu həyata qaytarmaq üçün bütün tapşırıqlara əməl etdim. Gündüz,
siestadan sonra oyananda isə pişiyin məni Delqadinanın evinə aparıb çıxara biləcəyi qəfildən ağlıma
gəldi. Onu bazar zənbilində Rosa Kabarkasın hələ də möhürlü qalmış və heç bir həyat işartısı
duyulmayan evinə gətirdim, ancaq pişik zənbildə çırpınmağa başladı, nəhayət, tullanıb çəpərdən bağa
aşaraq, ağacların arasında yoxa çıxdı. Mən qapını yumruqladım; içəridən kimsə əsgəri qaydada
soruşdu: «Gələn kimdir?».«Özümüzünkülərdir, – mən də eyni tərzdə cavab verdim. – Ev yiyəsini
axtarıram». «Ev yiyəsi yoxdur», – içəridəki dedi. «Açın, heç olmasa, pişiyi götürüm». – «Pişik
yoxdur», – içəridən eşidildi. Mən soruşdum: «Siz kimsiniz?»
– Heç kim, – içəridən cavab gəldi.
Həmişə elə hesab etmişəm ki, «məhəbbətdən ölmək» ifadəsi şairlərin uydurmasıdır. Ancaq həmin
axşam onsuz və pişiksiz evə qayıdanda əmin oldum ki, belə deyil, mən özüm, qoca və tənha adam
məhəbbətdən ölürəm. Bir şeyin də həqiqət olduğunu anladım: dünyanın heç bir ləzzətini öz əzablarıma
dəyişməzdim. Leopardinin «Mahnılar»ını tərcümə etmək üçün on beş ilimi itirmişdim və yalnız həmin
axşam onları əsl mənada hiss etdim: «Nə bədbəxtəm, əgər məhəbbət budursa, bəs əzab nədir».
Ev paltarında və üzü tüklü vəziyyətdə redaksiyaya gəlişim ağlım barədə bəzi şübhələr doğurdu. Şüşə
arakəsmələrlə ayrı-ayrı kiçik otaqlara bölünərək, yenidən qurulan redaksiya tavandan düşən işıqda
doğum evinə oxşayırdı. Süni surətdə yaradılan sakitlik və rahatlıq şəraiti adamı pıçıltı ilə danışmağa,
barmaqlarının ucunda yeriməyə vadar edirdi. Vestibüldə keçmiş krallar kimi üç ömürlük prezidentin
yağlı boya ilə çəkilmiş portreti və redaksiyaya görüşə gələn məşhur adamların fotoşəkilləri nəzərə
çarpırdı. Öndəki böyük zalın layiqli bir yerindən redaksiyanın indiki tərkibinin mənim ad günümdə
çəkilən iri fotoşəkli asılmışdı. Özümü saxlaya bilməyib, fikrimdə onu otuz yaşımda çəkilən şəkillə
müqayisə etdim və bir daha əmin oldum ki, fotoşəkildə həqiqətdə olduğundan daha çox və daha pis
qocalırsan. Yubileydə məni öpən katibə xəstə olub-olmamağımla maraqlandı. İnanmaması üçün ona
həqiqəti deməkdən xoşbəxtlik duydum: «Məhəbbətdən xəstəyəm». Qadın bərkdən dedi: «Heyif ki,
mənə olan məhəbbətdən yox!». Mən komplimentlə cavab verdim: «Nahaq yerə belə əminsiniz».
Cinayət şöbəsinin redaktoru öz otağından çıxa-çıxa qışqırdı ki, iki qız meyiti tapılıb, şəxsiyyətləri
müəyyənləşdirilməyib. Mən qorxdum: «Neçə yaşındadırlar?». «Gəncdirlər, – cavab verdi. – Görünür,
rejimin qatillərindən, muzdlularından qaçaraq, orta rayonlardan gələnlərdir». Mən rahatca nəfəs aldım.
«Hadisələr qan ləkəsi kimi yavaş-yavaş böyüyüb, bizi də batırır», – mən dedim. Redaktor uzaqdan
qışqırdı:
– Qanda yox, maestro, zibilin içində batırıq.
Bir neçə gün sonra Mundo kitab mağazasının qarşısında əlində pişik üçün səbət tutmuş bir qız sürətlə
yanımdan keçəndə lap betər vəziyyətə düşdüm. Məni titrətmə tutdu. Günortanın səs-küylü basabasında
adamları dirsəyimlə itələyə-itələyə qızın dalınca qaçdım. Qız çox gözəl idi və mənim çətinliklə
yardığım insan selinin arasından rahatca sivişib keçirdi. Axır ki, onu qabaqlayıb, sifətinə baxdım. O
dayanmadan, üzr istəmədən məni əlilə kənarlaşdırdı. Axtardığım deyildi, ancaq vüqarlı qaməti məni elə
sarsıtdı ki, sanki, o, Delqadina idi. Başa düşdüm ki, onu ayıq və paltarlı vəziyyətdə tanıya
bilməyəcəyəm, heç vaxt görmədiyi üçün o da məni tanımayacaq. Onu xatırladan mahnılara qulaq
asmamağa, o mahnıları oxumamağa, yada salmamağa çalışıb, çılğınlıq içində üç günə on iki cüt mavi
və çəhrayi papış hördüm.
İztirablarımın öhdəsindən heç cür gələ bilmirdim və anlamağa başladım ki, əgər məhəbbət qarşısında
belə aciz və gücsüzəmsə, demək, qocayam. İzdihamlı ticarət rayonunda avtobus velosipedçi qızı
vuranda bu, bir daha sübut olundu. Təcili yardım maşını onu yenicə aparmışdı, ancaq fəlakət barədə
təzə qan gölməçəsinə və velosipeddən qalan metal yığınına görə mühakimə yürütmək olardı. Əzik
velosipeddən çox, onun növü, modeli və rəngi mənə təsir etdi. Bu yalnız Delqadinaya bağışladığım
velosiped ola bilərdi.
Görənlər deyirdi ki, avtobusun vurduğu qız gənc, hündür, arıq, qıvrımsaç olub. İlk rastıma çıxan
taksini dəli kimi saxladıb, sarımtıl hasara alınmış, qumluqda itib batmış həbsxanaya oxşayan Şəfqət
xəstəxanasına sürdürdüm. Klinikaya girmək üçün yarım saat vurnuxdum, daha bir yarım saatı ətir
saçan çiçəkləmiş meyvə bağından çıxmağa sərf etdim, bağda xəstə qadın düz gözümün içinə baxıb
qışqırdı:
– Mən – sən axtardığın deyiləm.
Ancaq indi anladım ki, bələdiyyə dəlixanasının xəstələri burada saxlanılır. Xidmətçinin məni təcili
yardım şöbəsinə aparması üçün müdiriyyətə jurnalist olduğumu dedim. Qeydiyyat jurnalında
yazılmışdı: Rosalba Rios, on altı yaşında, məşğuliyyəti bilinmir. Diaqnoz: beyin silkələnməsi.
Vəziyyəti: orta ağır. İcazə verməyəcəklərini güman edərək, şöbə müdirindən soruşdum ki, xəstəni görə
bilərəmmi, ancaq xəstəxananın necə bərbad vəziyyətdə olduğundan yazacağımı düşünüb, məni
sevincək apardılar.
Karbol turşusunun qoxusu hopmuş, xəstələrin çarpayılarda büzüşdüyü iri zaldan keçdik.
Axtardığımız qız içərilərdə bir küncdə, diyircəkli dəmir xərəkdə uzanmışdı. Başı bintlə sarınmışdı,
qançır olmuş ağrılı sifətini seçmək olmurdu, intəhası, ayaqlarını görməyim kifayətdi ki, onun
Delqadina olmadığını bilim. Və yalnız o məqamda qəfil düşündüm: «Əgər o olsa idi, neyləyəcəkdim?»
Səhərisi gün hələ gecənin zülmətini üstümdən çırpmamış qızın işlədiyi köynək fabrikinə, bir dəfə
Rosa Kabarkasın mənə nişan verdiyi yerə yollandım və fabrik sahibindən xahiş etdim ki, Birləşmiş
Millətlər Təşkilatının qitələrarası layihəsi üçün nümunə kimi təqdim etmək istədiyimiz müəssisəni bizə
göstərsin. Gönüqalın, bədbin livanlı sahibkar dünya birliyinə örnək olmaq ümidi ilə öz səltənətinin
qapısını həvəslə üzümə açdı.
Üç yüz qız işıqlandırılmış böyük binada dinməzcə düymə tikirdi. Bizi görəndə məktəblilər kimi şax
durub, müdirləri onların ölməz düymə tikmə sənətinə bəxş etdiyi töhfələrdən danışana qədər gözlərinin
ucu ilə bizi süzdülər. Mən qızların üzünə baxa-baxa oyaq, paltarlı Delqadinanı tanıyacağımdan
qorxurdum. Ancaq məni öz heyranlığından hürkmüş bir qız tanıdı:
– Senyor, qəzetdə məhəbbət məktubları yazan sizsiniz?
Yatan qadının adama bu cür sarsıdıcı təsir göstərə biləcəyini təsəvvürümə belə gətirməzdim.
Xudahafizləşmədən, cəhənnəmdəki bakirə qızlardan birinin mən axtardığım olduğunu artıq
fikirləşmədən fabrikdən qaçdım. Oradan çıxanda həyatda olan-qalan istəyim ağlamaq idi.
Rosa Kabarkas ayın axırında zəng edib, inanılmaz bir izahat verdi: bankirin qətlindən sonra
Kartaxena de-İndiasda layiqincə istirahət eləyə bilib. Təbii ki, ona inanmadım, ancaq belə bir uğura
görə təbrik etdim və içimdə qaynayan sualı verməmişdən onun istədiyi qədər yalan danışmasına imkan
yaratdım.
– Bəs o?
Rosa Kabarkas bir xeyli susdu. «O burdadır, – Rosa, nəhayət, dilləndi, ancaq səsi tutulmuşdu. – Bir
az gözləmək lazımdır». «Nə qədər?» «İndilikdə bir şey deyə bilmərəm, səni xəbərdar edərəm».
Cavabdan yayındığını hiss edib, sözünü kəsdim: «Dayan, heç olmasa, ondan bir soraq ver». «Soraq-zad
yoxdur, – deyib, sözünü tamamladı: – Ehtiyatlı ol, özünə, ən əsası da ona ziyan vura bilərsən». Eyhamlı
danışığa qulaq asmaq halında deyildim. Yalvardım ki, həqiqətə yaxınlaşmağasa imkan versin. «Əslinə
qalanda, – mən sakitləşmək bilmirdim, – biz cinayət yoldaşıyıq». O, sözündən bir addım da geri
çəkilmədi. «Sakit ol, – Rosa dedi, – qız qaydasındadır və onu çağırmağımı gözləyir, ancaq indi heç nə
etmək lazım deyil, bundan da artıq məndən heç nə eşitməyəcəksən. Xudahafiz».
Nə edəcəyimi bilmədən telefonun dəstəyi əlimdə quruyub qaldım, çünki Rosa Kabarkası kifayət
qədər yaxşı tanıdığımdan başa düşürdüm: xoşluqla ondan heç nə ala bilməyəcəyəm. Günortadan sonra
ağlımdan çox, təsadüfə güvənərək, sakitcə onun evinin ətrafında fırlandım, ancaq qapı yenə bağlı idi və
sanitar xidməti tərəfindən möhürlənmişdi. Fikirləşdim ki, Rosa Kabarkas mənə başqa yerdən, ola
bilsin, hətta başqa şəhərdən zəng edib və tək elə bu fikir ürəyimi narahatlıqla doldurdu. Ancaq saat
altıda heç gözləmədiyim halda telefonda parol kimi eynən mənim sözlərim səsləndi:
– Bax indi – hə.
Axşam saat onda uçuna-uçuna, ağlamamaqdan ötrü dodaqlarımı çeynəyə-çeynəyə konfet, halva və bir
qutu İsveçrə şokoladı götürüb, yatağa səpələmək üçün bir səbət alışıb-yanan qızılgüllə oraya getdim.
Qapı aralı idi, işıq keçmişdi, Bramsın skripka və fortepiano üçün bir nömrəli sonatası radiodan ətrafa
süzülürdü. Delqadina yataqda o qədər gözəl idi, özünə o qədər bənzəmirdi ki, onu zorla tanıdım.
O böyümüşdü: məsələ boyda deyil, hiss ediləcək dərəcədə yetkinləşmişdi, yaşından iki-üç yaş böyük
görünürdü və indi paltar belə onun əzalarını gizlədə bilməzdi. Dik almacıq sümükləri, coşqun dənizin
sahilində gündən yanmış dərisi, zərif dodaqları, qısa qıvrım saçları onun görkəminə Apollon əzəməti
verirdi. Döşləri elə irilənmişdi ki, artıq ovcuma sığmırdı, ombası yumrulanmışdı, bədəni isə möhkəm
və harmonik olmuşdu. Təbiətin qüdrəti məni heyran etdi, ancaq süni bəzək-düzək məni sarsıtdı: taxma
kirpiklər, gümüşü lak çəkilmiş ayaq və əl dırnaqları, məhəbbətə heç bir dəxli olmayan ucuz ətir.
Üstündəki zinət əşyaları məni tamamilə özümdən çıxartdı: zümrüd salxımlı qızıl sırğalar, təbii
mirvaridən boyunbağı, brilyantları bərq vuran qızıl qolbaq və bütün barmaqlarına taxılmış qiymətli
qaşları olan üzüklər. Naxışlı, muncuqlu gecə köynəyi, atlas çəkələkləri stulun üstünə qoyulmuşdu.
Hirsimdən partladım:
– Ləçər! – mən çığırdım.
Çünki şeytan qulağıma dəhşətli fərziyyələr pıçıldayırdı. Hadisə, çox güman, belə baş vermişdi: qətl
gecəsi qızı xəbərdar etmək üçün yəqin Rosa Kabarkasın nə vaxtı, nə həvəsi olmuşdu və polis həddi-
büluğa çatmamış qızı otaqda tək, alibi olmadan tapmışdı. Belə vəziyyətlərdə Rosa Kabarkasın tayı-
bərabəri yoxdu: o, qızın bakirəliyini hansısa bir yerli qarnıyoğuna satmışdı ki, onu bu cinayətdən
ləkəsiz çıxartsın. Əlbəttə, qalmaqal səngiyənə qədər ilk növbədə bir müddət itmək lazımdı. Nə gözəl!
Üçlükdə bal ayı, ikisi yataqda, Rosa Kabarkas isə qəşəng eyvanda cəzasızlığın ləzzətini alır.
Hirsimdən əlimə keçəni necə gəldi divara çırpmağa başladım: gecə lampasını, radioqəbuledicini,
ventilyatoru, güzgünü, bardağı, stəkanları. Mən bunları dayanmadan, dəhşətli gurultu qopararaq, ancaq
tələsmədən və ağılla edirdim, bu da qanımın arasına girdi. Qız elə ilk gurultudan yerindən tullandı,
ancaq mənə baxmadı, arxası mənə tərəf yumaq kimi yumrulanıb, gurultu kəsilənə qədər diksinə-diksinə
eləcə uzanılı qaldı. Həyətdəki toyuqlar, tezdən oyanmış itlər daha betər hay-küy salmışdılar. Qəzəbdən
coşduğum vaxt beynimə bir fikir də gəldi – evi yandırmaq, ancaq bu zaman Rosa Kabarkas təmkinini
pozmadan gecə köynəyində qapının ağzında peyda oldu. O heç nə demədi. Vur-tut baxışları ilə dəyən
ziyanı qiymətləndirdi və qızın qorxudan başını əlləri arasına alıb ilbiz kimi qıvrılsa da, sağ-salamat
olduğunu gözüylə gördü.
– İlahi! – Rosa Kabarkas bərkdən dedi. – Belə bir sevgi üçün nələrdən keçməzdim!
O, məni altdan yuxarı canıyananlıqla süzüb, hökmlə: «Getdik» – dedi. Onun arxasına düşüb evə
getdim, Rosa dinməzcə mənə bir stəkan su verdi, qarşısında oturmağa yer göstərdi və etirafımı
dinləməyə hazırlaşdı. «Yaxşı, – o dedi, – özünü böyük kimi apar, de görüm, sənə nə olub?»
Həqiqət bildiyim hər şeyi ona danışdım. Rosa Kabarkas heç nəyə təəccüblənmədən dinməzcə qulaq
asdı və guya, axır ki, başa düşdü. «Bu, möcüzədir, – o dilləndi. – Mən həmişə demişəm: qısqanclıq
həqiqətdən çox bilir». Və Rosa Kabarkas heç nəyi gizlətmədən hər şeyi olduğu kimi danışdı. Doğrudan
da, həmin gecəki qarışıqlıqda otaqda yatan qızı tamamilə yaddan çıxarıb. Müştərilərdən biri, üstəlik,
mərhumun vəkili hamını yola gətirib, hər şeyi düzüb-qoşub və qalmaqal yatana qədər Rosa Kabarkası
Kartaxena de-İndiasdakı oteldə dincəlməyə dəvət edib. «İnan, – Rosa Kabarkas dedi, – bütün bu
müddət ərzində hər dəqiqə səni və qızı düşünmüşəm. Srağagün gələn kimi ilk əvvəl sənə zəng vurdum,
ancaq heç kim cavab vermədi. Qız isə dərhal gəldi, ancaq elə dəhşətli görkəmdə idi, onu səndən ötrü
çimizdirdim, geyindirdim, gözəllik salonuna göndərib, tapşırdım ki, kraliça kimi bəzəsinlər. Sən də
gördün: o, əla idi. Qəşəng paltarlar? Bu paltarları ən kasıb quşcuğazlarıma müştəri ilə rəqs etməyə
gedəndə verirəm. Daş-qaş? Mənimdir. Diqqətlə baxmaq kifayətdir ki, başa düşəsən: brilyant dediyin
şüşədir, qızıl sandığın isə adi metaldır. Odur ki, gicləmə, – o, sözünü tamamladı: – Get, oyat onu, üzr
istə və nəhayət, lazım olan işi gör. Siz başqalarından daha artıq xoşbəxt olmağa layiqsiniz». Mən çox
çalışdım, ona inanam, ancaq məhəbbət ağlı üstələdi. «Fahişələr!.. – hirs başıma vurdu. – Hamınız
murdar fahişələrsiniz! Daha nə səni, nə sənin fahişələrini, ən çox da onu görmək belə istəmirəm». Rosa
Kabarkasın heç tükü də tərpənmədi.
– Allah amanında, – mərhəmətlə dedi və gerçək həyata qayıtdı. – Otaqda törətdiklərinin hesabını isə
sənə göndərəcəm.
V.
«Mart idus «unu oxuyanda müəllifin Yuli Sezara istinadən yazdığı cümləyə rast gəldim: «Başqaları
səni tanıdığı kimi olmağa məhkumsan». Nə Yuli Sezarın öz əsərlərində, nə Svetonidən tutmuş
Karkopinoya qədər bütün bioqrafların mətnlərində həmin sözlərin ona məxsusluğunu təsdiq edən dəlil-
sübut tapmadım, ancaq bu kəlamı bilməyə dəyərdi. Onun faciəli mənası həyatımın sonrakı aylarında
aydın oldu, o nəinki bu xatirələri yazmağıma, həm də bütün utancaqlığı atıb, Delqadinaya
məhəbbətimdən danışmağıma təkan verdi.
Bir dəqiqə belə rahatlığım yox idi, buterbrodla keçinirdim, elə arıqlamışdım ki, şalvar belimdən
düşürdü. Bədənimdə gəzən ağrılar sümüklərimdə yuva salmışdı, ovqatım heç bir səbəb olmadan qəfil
dəyişirdi, gecələrim əsəbi yuxusuzluq içində keçirdi, ona görə kitab oxuya, musiqiyə qulaq asa
bilmirdim, gündüzlər isə, əksinə, oturduğum yerdə mürgü vururdum.
Rahatlıq gözlənilmədən gəldi. Loma Freska rayonunda, ağzınacan dolu avtobusda yanımda oturmuş
qadın – onun avtobusa nə vaxt mindiyini görməmişdim – qulağıma pıçıldadı: «Hələ də bacarırsan?»
Gənc yaşlarından məni daimi müştərisi kimi qəbul edib, şıltaqlıqlarıma dözən keçmiş sevgilim məğrur
Kasilda Armanta idi. Xəstəhal və kasıb vəziyyətdə işdən ayrılıb, ona dayaq duran, öz soyadını verən,
onu, bəlkə, bir az da sevən çinli bostançıya ərə getmişdi. Yetmiş üç yaşında da Kasilda həmişəki
çəkisini, gözəlliyini və sənətinə xas olan güclü xarakterini, sərbəstliyini saxlamışdı.
O məni dənizə gedən yolun üstündəki təpədə, çinlilərin bostanının arasında yerləşən evinə apardı.
Qıjıların, boy atmış astromeliyaların əhatəsində, damından quş qəfəsləri asılmış kölgəli eyvanda
çimərlik kürsüsündə oturduq. Başlarında konusvari şlyapa təpənin ətəklərinə səpələnən çinlilər şaxıyan
günün altında bostan əkirdilər. Aşağıda iki qayalıq dambanın arası ilə çayın bir neçə liq axıb dənizə
çatdığı Bokas de-Senisanın boz torpaqları göz işlədikcə uzanıb gedirdi. Söhbət etdiyimiz vaxt ağ okean
gəmisi çayın mənsəbinə girdi və gəminin cöngə kimi qəmgin böyürtüsü çay limanından eşidilənə qədər
dinməzcə onu seyr etdik. O, köks ötürdü: «Təsəvvür edirsən? Yarım əsrdən də artıq müddətdə səni ilk
dəfədir yataqda qəbul etmirəm». «Biz indi əvvəlki adamlar deyilik», – mən dedim. Qadın məni
eşitmədən sözünə davam etdi: «Hər dəfə sənin yazıların radioda veriləndə, adamların səni necə
sevdiyindən ağızdolusu danışılanda, kimsə səni məhəbbət müəllimi adlandıranda, inanırsan,
fikirləşirəm ki, sevgidə necə canını əsirgəmədiyini, necə bacarıqlı olduğunu mənim qədər heç kim
bilmir. Ciddi sözümdür, – o dedi, – səninlə heç kim məndən yaxşı ola bilməzdi».
Daha müqavimət göstərəsi halda deyildim. Kasilda bunu hiss etdi, yaşarmış gözlərimi gördü və
yəqin, yalnız onda başa düşdü ki, artıq əvvəlki adam deyiləm, mən isə onun baxışlarına, heç
inanmadığım halda, mərdliklə tab gətirdim. «Mən qocalıram», – etiraf etdim. «Biz artıq qocayıq, – o,
köks ötürdü. – Sadəcə, qocaldığımızı daxilən hiss etmirik, ancaq kənardan baxanlar bunu görürlər».
Ürəyimi ona açmaya bilməzdim və doxsanilliyim ərəfəsində Rosa Kabarkasa etdiyim ilk zəngdən
tutmuş, otaqda hər şeyi darmadağın edib, bir də oraya qayıtmadığım həmin dəhşətli gecəyə qədər içimi
parçalayan bütün əhvalatı başdan-ayağa ona danışdım. Ürəyimi açıb tökməyimə elə qulaq asırdı, sanki,
bunları özü yaşamışdı, sonra tələsmədən bir az düşünüb gülümsədi.
– Əlbəttə, özün bilən yaxşıdır, ancaq bu xilqəti itirmə, – Kasilda dedi. – Tək-tənha ölməkdən betər
bədbəxtlik yoxdur.
Biz Puerto-Kolombiaya araba kimi can çəkə-çəkə sürünən balaca qatarla getdik. Bokas de-Senisanın
dibini təmizləyənə qədər bütün dünyanın ölkəyə daxil olduğu ovulmuş taxta bəndin qarşı tərəfində
nahar edib, cüssəli zənci arvadların qızardılmış parqo balığı, üstünə yaşıl banan dilimləri qoyulmuş
kokoslu düyü verdiyi, palmadan düzəldilən talvarın altında oturduq. Günortanın bürküsündə iki saat
mürgülədik, sonra isə alışıb-yanan günəş dənizdə batana qədər söhbət elədik. Hər şey mənə xəyal kimi
görünürdü. «Həyatın işinə bir bax, bizə bal ayı bəxş etdi, – Kasilda zarafatla dedi. Və ciddi görkəm
aldı: – İndi geriyə dönüb baxanda yatağımdan gəlib keçmiş minlərlə kişi görürəm, ancaq onlardan ən
fağırının belə mənimlə qalması üçün canımı verərdim. Allaha şükür, vaxtında öz çinlimi tapdım. Nə
olsun, şeyi çeçələ barmağım boydadır, intəhası, bilirəm ki, təkcə mənimdir».
O, gözlərimin içinə baxıb, indicə dediklərinə reaksiyamı öyrənəndən sonra sözünü tamamladı: «Bu
saat get, o yazığı axtar, hətta qısqanclığının pıçıldadıqları düz olsa da, fərqi yoxdur, necə deyərlər,
neyləmisənsə, özün eləmisən. Əlbəttə, qoca romantikasını da rədd elə getsin. Oyat onu, qorxaqlığına,
alçaqlığına görə şeytanın səni mükafatlandırdığı mərətinlə kişiliyini ona sübut et. Ciddi deməyimi
istəyirsənsə, – sözünü səmimiyyətlə bitirdi, – sevdiyinlə olmaq zövqünü dadmamış ölmə».
Ertəsi gün telefonun nömrəsini yığanda ürəyim az qalırdı yerindən çıxsın. Çünki Delqadina ilə yeni
görüşdən qorxurdum, çünki Rosa Kabarkasa nə cavab verəcəyimi bilmirdim. Otağındakı dağıntının
qiymətini öz xeyri üçün şişirdəndə aramızda əməlli-başlı mübahisə olmuşdu. Anamın xeyli pula gedəsi
rəsm əsərlərindən ən çox sevdiyim birini satası oldum, ancaq lazım olan məqamda o, mənim fikrimdə
tutduğumun heç onda birini də doğrultmadı. Aldığımın üstünə öz saxlancımı da əlavə edib, hamısını
Rosa Kabarkasa apardım və sözümü kəsəsinə dedim: «Ya bu, ya heç bir şey». Deməyə nə ehtiyac,
intihara yaxın bir hərəkətdi, mənim təmiz adımı məhv etmək üçün bircə sirrimi satmağı kifayət idi. O
inad etmədi və haqq-hesab çəkdiyimiz gecə girov saxladığı tablonu özünə götürdü. Bir zərbə ilə hər
şeyi itirdim: Delqadinanı, Rosa Kabarkası və öz sonuncu əmanətimi. Ancaq telefon qəfil zəng vurdu:
bir, iki, üç… və dəstəkdə o idi: «Neyləyək?» Səsim mənə qulaq asmadı. Dəstəyi yerinə qoydum. Tor
yelləncəyə uzanıb, Satinin ürəyə məlhəm olan lirikası ilə özümü sakitləşdirməyə çalışdım, ancaq elə
tərlədim ki, hətta kətan yelləncək də islandı. Zəng etmək üçün səhəri gözləməyə səbrim çatmadı.
– Yaxşı, – qətiyyətlə dedim. – Bu gün – hə.
Rosa Kabarkas – başqa cür ola da bilməzdi – heç nə olmamış kimi cavab verdi. «Ay tənha qoca, –
özündən razı halda nəfəs aldı, – iki ay ilim-ayaq itirsən, sonra da peyda olub, mümkün olmayan şey
xahiş edirsən». O dedi ki, Delqadinanı bir aydan çoxdur görmür, deyəsən, sən otağı darmadağın edəndə
keçirdiyi sarsıntıdan özünə gəlib, o qədər özünə gəlib ki, bunu heç xatırlatmadı, səni də soruşmadı,
ümumiyyətlə, öz yeni işindən razıdır, əvvəlkindən yaxşıdır, düymə tikəndə aldığından çox pul alır. İçim
od tutub yandı. «Yəqin, fahişəliyə qurşanıb», – dedim. Rosa dərhal etiraz etdi: «Elə olsa, burda olardı.
Özgə harda günü xoş keçər?» Bu məntiqi sübutu tez-tələsik ortaya atmağı şübhələrimi artırdı: «Orada
olmadığını mən hardan bilim?» «Bu halda, – o, ağzımdan vurdu, – ümumiyyətlə, heç nə bilməsən
yaxşıdır. Yoxsa elə deyil?» Mən ona yenə nifrət etdim. Ancaq bir az höcətləşəndən sonra Rosa qızı
axtaracağına söz verdi. Ancaq elə də əl yeri qoymadı, çünki qıza zəng etdiyi qonşunun telefonu hələ də
bağlı idi, onun harada yaşadığından isə xəbərsizdi. «Di yaxşı, lənət şeytana, buna da bir əlac tapılar, – o
dedi, – bir saatdan sonra zəng vuraram».
Bir saat üç günə döndü, ancaq qızı tapdı – sağ-salamat və azad. Mən xəcalət çəkə-çəkə qayıdıb,
taqsırımı boynuma aldım, günahımı yuyurammış kimi gecə saat on ikidən ilk xoruz banına qədər onu
öpüşlərə qərq etdim. Sanki, hər şey təzədən başlayırdı. Otaq çılpaq və yaşayış üçün yararsız idi,
haçansa gətirdiklərim də daha ələ gəlmirdi. Rosa hər şeyi olduğu kimi saxlayb dedi: əgər nəsə etmək
istəsən, öz hesabınadır, çünki mənə borclusan. Ancaq maddi imkanım sıfra yaxınlaşırdı. Təqaüdüm get-
gedə məni daha az görürdü. Evdə satıla biləsi çox az şey qalmışdı ki, onlar da – anamın mənim üçün
müqəddəs olan zinət əşyalarını çıxmaq şərti ilə – pula getmirdi, çünki o qədər qədimi əşyalar deyildi ki,
antikvar sayılaydı. Yaxşı zamanlarda departamentin kitabxanasından ötrü yunan, latın və ispan
klassiklərin cildlərini almaq məqsədi ilə qubernator mənə şirnikləşdirici təkliflər etmişdi, ancaq o vaxt
buna əlim gəlmədi. Sonralar isə xeyli dəyişiklik baş verdi, ümumiyyətlə, dünyanın zayı çıxdı, hökumət
artıq nə incəsənət, nə ədəbiyyat haqqında düşünürdü. Ləyaqətli bir çıxış yolu tapmaqdan bezib,
Delqadinanın mənə qaytardığı zinət əşyalarını girov qoymaq üçün şəhər bazarına aparan dar küçəyə
yollandım. Dalğın müdrik adam görkəmi alıb, ağzınacan dolu yoxsul yeməkxanaların, köhnə kitablar
satılan dükanların, lombardların yanından bir neçə dəfə oyan-buyana keçdim, ancaq Florina Diosun
təmiz adı yolumu kəsdi: cəsarət etmədim. Onda başımı dik tutub, zinət əşyalarını qədim, etibarlı
zərgərlik mağazasına satmaq qərarına gəldim.
Böyüdücü şüşə arxasından onlara baxa-baxa satıcı mənə suallar verirdi. Onda həkim ədaları,
vərdişləri və həkimə xas da qorxutmaq xüsusiyyəti var idi. Ona dedim ki, bu bəzək əşyaları mənə
anamdan miras qalıb. Hər izahımla razılaşırmış kimi mızıldanırdı, nəhayət, monoklunu bir kənara
qoydu.
– Çox təəssüf edirəm, – o dedi. – Ancaq bunların hamısı adi şüşədir.
Mənim təəccübümü görüb, canıyananlıqla izah etdi: «Yaxşı ki, qızıl – qızıldır, platin də – platin».
Zinət əşyaları alınanda verilən qəbzi özümlə gətirdiyimə əmin olmaq üçün ciblərimi axtardım. Və
tamamilə sakit şəkildə dedim:
– Axı onlar yüz ildən çox olar bu hörmətli mağazadan alınıb.
Satıcının heç tükü də tərpənmədi. «Olur ki, – izah etdi, – irsən qalmış zinət əşyalarından zaman-
zaman ən qiymətli daşlar yoxa çıxır; onlar ya ailədəki dönüklər, ya oğru zərgərlər tərəfindən
dəyişdirilir, saxtakarlığın üstü yalnız onları satmaq istəyəndə açılır. Ancaq icazənizlə, bir saniyə
gözləyin», – satıcı qapıdan keçib, zinət əşyalarını mağazanın içərilərinə apardı. Bir müddət sonra
qayıdıb, heç nə izah etmədən mənə stul göstərdi – otur gözlə, – özü isə işləməyə davam etdi.
Mən dükana göz gəzdirdim. Anamla buraya bir neçə dəfə gəlmişdim və anamın təkrar etdiyi sözlər
indiyəcən yadımda qalmışdı: «Atana demə». Qəfil beynimdən keçən fikir məni diksindirdi: bəlkə, Rosa
Kabarkas Delqadina ilə sözləşib, əsl daşları satıblar, mənə də saxtalarını qaytarıblar?
Şübhələr məni üzürdü, bu vaxt katibə məndən arxasınca gəlməyi xahiş edib, bayaqkı qapıdan
keçərək, uzun rəflərinə qalın cildlər düzülmüş kiçik kabinetə apardı. Kabinetdəki uzundraz ərəb yazı
masasının arxasından qalxıb, mənə köhnə dost kimi sən deyə müraciət edərək, əlimi bərk-bərk sıxdı.
«Biz bir yerdə bakalavrlıq oxumuşuq», – o, salamlaşmaq əvəzinə dedi. Bu nəhəng adamı çətinlik
çəkmədən tanıdım: o, məktəbdə ən yaxşı futbolçu və fahişəxanalara ilk səfərlərimizdə çempion idi.
Sonra onu itirdim və yəqin, məni belə əldən düşmüş halda görüb, öz sinif yoldaşlarından biri ilə səhv
salmışdı.
Anamın zinət əşyalarının qeydə alındığı arxiv kitabçası açıq şəkildə şüşəli masanın üstünə qoyulmuşdu.
Dəqiq tarix və təfərrüatlar təsdiq edirdi ki, Karqamantosların iki nəslin gözəl, ləyaqətli qadınların zinət
əşyalarını şəxsən o özü dəyişdirib və elə bu dükanda satdırıb. Bu hadisə biz hələ indiki dükan sahibi ilə
məktəbdə oxuyanda, dükanı atası işlədən vaxt baş vermişdi. O, məni sakitləşdirdi: bu bicliklər çətinliyə
düşən və maddi çətinlikdən öz şərəfinə ləkə gətirmədən çıxmağa çalışan kübar ailələr üçün adi şeydir.
Bu amansız gerçəklik qarşısında eşitdiklərimi tanımadığım başqa bir Florina de Dios haqqında xatirə
kimi yadda saxlamağı qərara aldım.
İyulun əvvəlində məni ölümdən ayıran həqiqi məsafəni hiss etdim. Ürəyim zəifləmişdi və hər yerdə
ölümün əlamətlərini görməyə başladım. İncəsənət Cəmiyyətindəki konsert zamanı bunu lap aydın
duydum. Sərinkeş xarab olmuşdu, ədəbiyyat və incəsənət aləminin say-seçmə adamları ağzınacan dolu
salonda istidən boğulurdular, ancaq musiqinin sehri onları göylərə qaldırırdı. Sonda, Allegretto poco
mosso çalınanda birdən dərk etdim ki, taleyin mənə bu həyatda bəxş etdiyi sonuncu konsertə qulaq
asıram. Nə ağrı, nə qorxu duydum, yalnız hər şeyi darmadağın edən bir hiss keçirirdim: bu duyğuları
yaşamaq mənə nəsib olub.
Tərə batmış halda ağuşlardan və fotoqraflardan birtəhər qopa bilmişdim ki, yüz yaşlı ilahə kimi
təkərli kresloda əyləşən Ximena Ortislə qarşılaşdım. Onun burda olması bağışlanmaz günahımı mənə
xatırlatdı. Dərisi kimi hamar, fil sümüyü rəngində ipək köynək geyinmişdi, mirvari boyunbağısı üç dəfə
boynuna dolanmışdı, iyirminci illərin dəbində vurulan gümüşü saçları yanağında burulmuşdu, altı
kölgələnmiş iri sarı gözləri parıldayırdı. Bütün görkəmi yaddaşının pozulması ucbatından ağlının get-
gedə ağ kağıza dönməsi barədə şayiələrlə ziddiyyət təşkil edirdi. Taqətsiz halda quruyub qaldım, ancaq
üzümə sıçrayan istiliyin öhdəsindən gəlib, ədəblə dinməzcə təzim etdim. O, kraliça kimi gülümsəyib,
əlimdən yapışdı. Başa düşdüm ki, bu – taleyin qismətidir və ürəyimi həmişə göynədən tikanı çıxarmaq
fürsətini əldən vermədim: «Bu anı mən ömrüm boyu arzulamışam», – dedim. «Nə danışırsan! – o
təəccübləndi. – Axı sən kimsən?» Mən heç sonra da bilmədim: o, doğrudanmı, hər şeyi unutmuşdu, ya
bu onun sonuncu intiqamı idi.
Öləcəyim haqda fikir əlli yaşımın tamamına az qalmış, buna oxşar bir şəraitdə, gecə karnavalda
üzünü görmədiyim qeyri-adi bir qadınla apaçi tanqosu oynayanda məni sarsıtmışdı; o, məndən qırx funt
ağır və iki qarış uzun idi, buna baxmayaraq, quş kimi süzürdü. Bir-birimizə bərk-bərk sıxılıb
oynayırdıq, hətta damarlarımızda axan qanın səsini eşidirdik, onun tövşüyən nəfəsi, kəsif tər qoxusu, iri
döşləri məni uyutmuşdu və birdən-birə ölümü elə yaxında hiss etdim ki, diksinib az qaldım yıxılam.
Sanki, qeybdən gələn bir səs qulağıma dedi: «Nə eləyirsən elə, fərqi yoxdur, bu il, ya yüz il sonra,
onsuz da ölüb gedəcəksən». Qadın qorxaraq məndən aralandı: «Sizə nə oldu?» «Heç nə», – toxtamağa
çalışıb, cavab verdim:
– Məni titrəməyə siz məcbur edirsiniz.
O vaxtdan ömrümü illərlə yox, onilliklərlə hesablamağa başladım. Beşinci onillik həlledici oldu –
birdən dərk etdim ki, az qala, hamı, məndən balacadır. Ən dolğunu altıncı onillik idi – artıq səhv
etməyə vaxtım qalmırdı. Yeddinci onilliyi qorxu içində keçirdim, çünki bu axırıncı on il həm də
sonuncu ola bilərdi. Ancaq doxsanilliyimin səhəri sağ-salamat və xoşbəxt halda Delqadinanın
yatağında oyananda özümə təskinlik verdim ki, həyat – heç də axıb gedən coşqun Heraklit çayı deyil,
doxsan il qovrulduğun ocaqda daha bir doxsan il də o biri böyrün üstə bişmək fürsəti verən möcüzəli
bir şeydir.
İndi gözümün yaşı ovcumun içində idi. Kimdənsə bir damcı mehribanlıq görməyimə bənddim,
qəhərimi heç də həmişə boğa bilmirdim və ölümümdən çox, Delqadinanın qalan ömrünü mənsiz necə
keçirəcəyi mənə ağır gəldiyindən, onun yuxusuna keşik çəkmək ləzzətindən imtina etmək qərarına
gəldim. Belə üzüntülü günlərin birində fikrimi dağıtmaq üçün rəsmi idarələrin yerləşdiyi Notariuslar
küçəsinə getdim və heç on iki yaşım tamam olmamış eşqin incəlikləri ilə zorla tanış edildiyim, görüş
yeri olan köhnə mehmanxananın yerində bir yığın zir-zibil görüb heyrətləndim. Qədimlərdə gəmi
sahiblərinə məxsus olmuş, gəclə suvanmış, qızılı frizli sütunları, ortasında – oranjeriyaya əlvan işıq
süzülən yeddi rəngli şüşə günbəzin altında isə daxili həyəti olan bu gözəl binadan şəhərdə çox az idi.
Aşağı mərtəbədə, küçəyə baxan portalın arxasında bir əsrdən artıqdı ömrü boyu xəyallarla yaşayan,
firavan dolanan, sonra isə müflisləşən atamın işlədiyi müstəmləkə notarial kontorları yerləşirdi.
Tədricən kübar ailələr üst mərtəbəni tərk etdilər və onların yerini bir peso yarıma çay limanının
yaxınlığındakı yeməkxanalarda ələ keçirdikləri müştərilərlə səhərə qədər otaqlara çıxıb düşən, gecələr
çalışmaq müsibətilə üzləşmiş qadın dəstəsi tutdu.
On iki yaşımda, hələ gödək şalvar və məktəbli başmaqları geyindiyim vaxt atam növbəti qurtarmaq
bilməyən iclasda çarpışanda üst mərtəbə ilə tanış olmaq həvəsindən özümü saxlaya bilmədim və
qarşımda ilahi bir mənzərə açıldı. Səhərə qədər bədənini satan qadınlar gündüz saat on birdən sonra adi
həyat yaşayırdılar; şüşə günbəzin altı dözülməz isti idi və onlar gecə sərgüzəştləri barədə hündürdən
danışa-danışa evdə lüt anadangəlmə gəzirdilər. Mən qorxdum. Ağlıma gələn yeganə şey gəldiyim yolla
da geri qaçmaq oldu, ancaq bu yerdə ətli-canlı, qıvraq, gil sabun qoxusu verən çılpaq qadınlardan biri
məni arxadan qucaqlayıb, lüt kirayənişinlərin şən qışqırıqları və alqış sədaları altında öz karton
hücrəsinə dartıb apardı.
Məni dalı üstə dörd adama yetəsi yatağa tulladı, gödək şalvarımı ustalıqla çıxarıb, üstümə mindi,
ancaq bədənimi buxovlayan vahimə onu kişi kimi qəbul etməyimə imkan vermədi. Gecə evdə
xəcalətimdən qovrulurdum və onu yenə görmək istəyi məni bir dəqiqə də olsun yatmağa qoymadı.
Ertəsi gün, gecələr çalışan qadınların hələ yatdığı vaxt, titrəyə-titrəyə həmin hücrəyə qalxdım, ağlaya-
ağlaya qadını oyadıb, amansız gerçəklik bizi həyata qaytarana qədər sevgidən ağlımı itirdim. Adı
Kastorina olan həmin qadın binanın kraliçası idi.
Ayaqüstü eşqbazlıq üçün xırda otaqlar bir peso idi, ancaq günü neçəyə olduğunu çox az adam bilirdi.
Bundan başqa, Kastorina məni kasıb müştəriləri öz səhər ziyafətlərinə dəvət etdikləri, sabun borc
verdikləri, dişlərini sağaltdıqları, ehtiyacları olanda isə sevgilərini əsirgəmədikləri bəlalı aləmləri ilə də
tanış etdi.
Ancaq haçan öldüyü məlum olmayan, çay bəndinin sınıq-salxaq künc-bucağından çıxıb, baş mama-
sanın müqəddəs taxtına qalxmağı bacaran, yeməkxana davasında itirdiyi gözünü dəniz qulduru kimi
sarğı ilə bağlamış ölməz Kastorinanı indi heç kim tanımırdı. Onun sonuncu oynaşı dəmiryol qəzasında
öz şən təbəssümünü itirənə qədər Havanada ən yaxşı kornetçilərdən biri kimi tanınan, Katorqa Xonas
adında kamaqueyalı xoşbəxt zənci olmuşdu.
Həmin acı təəssüratlar yaradan gəzintidən sonra ürəyim sancmağa başladı, ot-alafdan dəmlədiyim
çay, bədənimə sürtdüyüm cürbəcür şeylər mənə yüngüllük gətirmədi. Yanına getdiyim məşhur nəsildən
olan həkim qırx iki yaşımda məni müalicə edənin nəvəsi idi; öz babasına elə oxşayırdı, yetmiş
yaşındakı babası kimi elə qoca görünürdü ki, mən diksindim: vaxtından əvvəl tökülmüş saçlar,
gözündə uzağı görmək üçün eynək və ümidsiz kədər. Həkim zərgər dəqiqliyi ilə bütün bədənimi
müayinə etdi. Sinəmə, kürəyimə qulaq asdı, təzyiqimi ölçdü, dizlərimin reaksiyasını yoxladı, gözümün
dibinə və alt göz qapaqlarımın rənginə baxdı. Mən taxtda çevrildiyim vaxt elə qəliz suallar yağdırırdı
ki, fikirləşib cavab verməyə çatdırmırdım. Bir saatdan sonra xoşbəxtcəsinə gülümsəyərək mənə baxdı.
«Bax belə, – o dedi, – güman edirəm ki, burda mənlik bir şey yoxdur». «Bu nə deməkdir?» «Siz yaşda
adam üçün sağlamlığınız əla vəziyyətdədir». «Çox maraqlıdır, – dedim, – qırx yaşım olanda babanız da
eynən belə demişdi, sanki, vaxt keçmir». «Həmişə belə demək olar, – nəvə bildirdi, – çünki yaş
yaşdır». Ondan söz qopartmaq məqsədilə dedim: «İntəhası, hər şeyin sonu ölümdür». – «Bəli, – o
təsdiq etdi, – ancaq sizin vəziyyətinizdə ölmək elə də asan deyil. Sizə faydalı ola bilmədiyimə görə
səmimi qəlbdən təəssüflənirəm».
Bütün bu xatirələr gözəldir, ancaq 29 avqust ərəfəsində daş asılmış ayaqlarım pilləkənlə evə qalxanda
məni hissiz-duyğusuz gözləyən yüz yaşımın sonsuz ağırlığını hiss etdim. Yenə anam Florina de Dios
ölənəcən onun yatağı olan çarpayıda yuxuma girdi və son dəfə, ölümünə iki saat qalmış gördüyüm
vaxtdakı kimi, mənə xeyir-dua verdi. Bunu sonuncu xəbərdarlıq kimi başa düşüb həyəcanlandım və
Rosa Kabarkasa zəng etdim ki, elə bu axşam qızı gətirsin, çünki görürəm, doqquzuncu onilliyi son
nəfəsimə qədər yaşamaq arzum həyata keçməyəcək. Axşam saat səkkizdə bir də zəng vurdum və o
təkrar etdi ki, mümkün deyil. «Nəyin bahasına olursa olsun, bunu etmək lazımdır», – bərk qorxmuş
halda qışqırdım. Rosa xudahafizləşmədən dəstəyi asdı, ancaq on beş dəqiqədən sonra zəng vurdu:
– Yaxşı, o buradadır.
On birə iyirmi dəqiqə işləmiş oraya gedib, Rosa Kabarkasa son vəsiyyətimi etdim, məndən sonrakı
dövr üçün qıza dair göstərişlərimi verdim. Onun evindəki qətldən təsirləndiyimi güman edib, məni
sancdı: «Ölməyə hazırlaşmısansa, lütf elə, burda yox». Mən isə cavab verdim: «Bir şey olsa, deyərsən,
Puerto-Kolombia qatarı vurub, ancaq bu miskin dəmir qutu mığmığanı da vurmağa qadir deyil».
Həmin gecə hər şeyə hazır vəziyyətdə arxası üstə uzanıb, doxsan bir yaşımın ilk anında son ağrılarımı
gözlədim. Kilsə zənglərinin uzaqdan gələn səsini dinlədim, yanı üstə yatan Delqadinanın ətrini
duydum, kiminsə qışqırtısını və ola bilsin, yüz il əvvəl bu otaqda ölmüş adamın hönkürtüsünü eşitdim.
Son dəfə köks ötürüb, işığı söndürdüm, özümlə aparmaq üçün onun əlindən tutdum, sonuncu göz
yaşlarımı udaraq, qüllə zənginin gecəyarısını bildirən on iki zərbəsini saydım, sonra xoruzlar banladı,
sonra səhər açıldı və doxsan bir yaşımda sağ-salamat olmağımın şərəfinə fişənglər göyə yüksəldi.
Rosa Kabarkasa ilk olaraq dedim: «Sənə dükan və bağı ilə bir yerdə ev alaram». O cavab verdi: «Gəl
iki qoca saziş bağlayaq: ikimizdən kim çox yaşasa, hər şeyimiz ona qalsın, notariusda da imzalayaq».
«Yox, mən öləndə hər şey ona çatmalıdır». «Nə fərqi var, – Rosa Kabarkas dedi, – mən qızın qayğısına
qalaram, sonra səninkini də, özümünkünü də ona verərəm, bu dünyada mənim başqa heç kimim
yoxdur. Hələlik isə gəl sənin otağına sərinkeş qoyaq, yaxşı bir otaq düzəldək, kitabların, musiqin də
olsun».
– Deyirsən, o razılaşar?
– Ay tənha qoca, əlbəttə, sən yaşlaşmısan, ancaq axmaq ki deyilsən, – Rosa Kabarkas uğundu. – Bu
yazıq qız səndən ötrü dəli-divanədir.
Mən göz qamaşdıran, fərəh oyadan küçəyə çıxdım və yüz yaşımın üfüqündə ilk dəfə özümü tanıdım.
Xoşbəxt səhərin dumduru işığı sakit və sahmanlı evimə dolurdu. Damiana mətbəxdə bərkdən
oxuyurdu, heç vaxt olmadığı qədər gümrah və sağlam görünən pişik quyruğunu topuğuma sürtüb,
mənimlə yazı masamın yanına gəldi. Masanı səliqəyə salanda – saralmış kağızlar, mürəkkəbqabı, qaz
lələyindən qələm – günəş parkdakı badam ağaclarının arasından içəri düşdü və quraqlığa görə bir həftə
gecikmiş poçt daşıyan çay gəmisi uğultu ilə liman kanalına girdi. Axır ki, əsl həyat gəlib yetişdi, mən
xilas oldum. Və yüz il yaşayandan sonra günlərin birində, yalnız böyük məhəbbətdən bəxtiyarlıq içində
can verərək öləcəyəm.
Dostları ilə paylaş: |