“Mükəmməl təbabətə doğru“ azərbaycanlı gənc təbiblərin
Almaniya Forumu
09.04-10.04.2011, Mannheim, Almaniya
Forumun təşkilatçıları
DAAD – Alman Akademik Mübadilə Xidməti
Azərbaycan Höküməti
Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi
ASAİF – Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu
Forumun iştirakçıları
100 nəfər gənc təbib
Forumun keçirilmə yeri
Heidelberg Universitetinin Manhheim Tibb Fakültəsi
Forumun nəzərdə tutulan qonaqları
-
Dr.med. Vüqar Yaqublu – Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi
-
Orxan Əkbərov - ASAİF – Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun sədri
-
Prof.S.Post, Heidelberg Universiteti, Mannheim Tibb Fakültəsi
-
Prof.Ağayev B., Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan
-
Prof. Dr. Dr. h.c. Klaus van Ackern, Dekan, MannheimTibb Fakültəsi
-
Otto Hauser, Azərbaycan Respublikasının Fəxri Konsulu, Almaniya
-
P.Şahbazov, Azərbaycanın Almaniyadakı səfiri, Almaniya
-
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi
-
A.Rəhimov – Azərbaycan Respublikasının Gənclər və İdman naziri
-
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi
-
E. Aslanov – Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
-
C.Osmanlı, Millət Vəkili
-
C. Feyziyev – Millət vəkili
-
Tibb Universitetinin nümayəndəsi
-
S.Musayev, Tibb Universitetinin Klinikası, Direktor
Forum haqqında qısa məlumat
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xarici ölkələrdə, xüsusilə də Almaniyada tibb təhsili alan tələbələr və həkimlərin sayını artırmışdır. Bu və ya digər proqramlar üzrə Almaniyda tibbi-bioloji ixtisaslar üzrə tədqiqat aparan gənc həkim və alimlərimiz də az deyildir. Təsadüfi deyil ki, 15.02.2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Berlində Konrad Adenauer Fondunun təşkil etdiyi "Azərbaycan XXI əsrdə - İnkişaf və perspektivlər" mövzusunda tədbirdə vurğulamışdır: “Uzunmüddətli perspektivdə, bizim uğurlu gələcəyimizi neft və qaz deyil, məhz bu istiqamətlər - təhsil və peşəkarlıq müəyyən edəcəkdir”. Xaricdə təhsil alan gənclərimiz məhz bu uğurlu gələcəyin əsas qurucularından olacaqlar.
Bu gün Almaniyada təhsil alan, ixtisaslaşan və ya elmi fəaliyyətlə məşğul olan gənc təbiblərimizin sayı 100-ü keçmiş və bu rəqəm hər il artmaqdadır. Sevindirici haldır ki, xarici ölkələrdə təhsil ilə bağlı dövlət proqramında tibbi və bioloji ixtisaslar son iki ildə prioritet sahələr seçilmişdir. Bu addımın səhiyyəmizin səviyyəsinin yüksəlişinə əsaslı töhfə verəcəyi şübhəsizdir.
Almaniyada təhsil alan tibb tələbələrinin və həkimlərin, eləcə də tibbi-bioloji elmi fəaliyyətlə məşğul olan alimlərimizin ölkəmizin səhiyyəsində və tibb elmində baş verən dəyişikliklər və inkişafla bağlı mütəmadi olaraq məlumatlandırmasına böyük ehtiyac duyulur. Öz təhsilini başa vurmuş gənclərimizin bir hissəsinin öz karyeralarını Almaniyada qalaraq davam etdirmək qərarlarının əsas səbəblərindən biri məhz ölkəmizdəki imkanlar haqqında məlumatsızlıq və peşəkar ünsiyyətin olmamasıdır.
Avropada çalışan mütəxəssislərimizlə sıx əlaqələrin formalaşması onların geri dönməməsi hallarında belə ölkəmizdə olan klinika və tibbi elm və təhsil ocaqlarının xarici əlaqələrinin inkişafına kömək edərdi. Buna artıq bir neçə uğurlu nümunələr vardır. Amma bu əməkdaşlıq nümunələri sistemli deyildir. Bəzi inkişaf etməkdə olan ölkələrin təcrübəsi (Hindistan, Çin, Cənubi Koreya və s.) sübut edir ki, bir ölkədə elm, təhsil və tibbi xidmətin davamlı müasirləşməsində qərb ölkələrində formalaşmış professional diasporanın əsaslı rolu vardır. Bu ölkələrin gəncləri istənilən inkişaf etmiş qərb ölkəsində daha asanlıqla ixtisaslaşma və iş imkanı əldə edə bilirlər. Beləliklə, onlar bu günümüzun ən dəyərli “var-dövləti” olan müasir biliyi öz dövlətlərinə gətirirlər.
Bütün bunları nəzərə alaraq, biz Almaniyada çalışan həkimlərimiz, tibbi-bioloji elmlər sahəsində tədqiqat aparan gənc alimlərimiz və təhsil alan tibb tələbələrinin mütəmadi görüşməsi və Azərbaycandan dəvət edilmiş həmkarları, səhiyyə və elm təşkilatçıları ilə əməkdaşlıq imkanlarını müzakirə etməsi təşəbbüsünü irəli sürmüşük. Bu təşəbbüs Heidelberg Universiteti, Almaniyanın DAAD (Deutscher Akademischer Austausch Dienst) fondu və Azərbaycan hökuməti tərəfindən dəstəklənmişdir.
DAAD-ın hissəvi dəstəyinin əsas səbəbkarı Almaniyanın Heidelberg Universitetinin Mannheim Tibb Fakultəsidir. Heidelberg Universitetinin son zamanlar Azərbaycanla fərqli tibbi layihələri üzrə geniş əməkdaşlığı mövcuddur. Heidelberg Universitetində 5 azərbaycanlı həkim doktoranturanı uğurla bitirmiş və həkimlik fəaliyyətlərini davam etdirirlər (əsasən Almaniyada). Bu gün, 20-yə yaxın həkim və tibb tələbəsi Heidelberg Universitetinin Tibb Fakultələrində (Heidelberg və Mannheim) diplomdan öncəki və ya sonrakı tibb təhsili almaqdadırlar. Məhz bunu nəzərə alaraq, DAAD Almaniyanın Mannheim şəhərində hər il azərbaycanlı gənc həkimlərin və tibbi-bioloji elmlərlə məşğul olan alimlərin toplanmasını dəstəkləmişdir.
Görüş Almaniya və digər xarici ölkələrdə çalışan həkim, tibb tələbələri və bioloqlara ölkəmizin səhiyyə sistemində və tibb elmində baş verən yeniliklərlə tanış edəcək və öz gələcək karyeralarını geri dönərək ölkəmizdə davam etdirmə qərarlarına dəstək verəcəkdir. Azərbaycanlı mütəxəssislər ölkəmizin tibb xidmət, tibb təhsili və tibb elmi sahələrində olan boşluqlar, zəif yerlər haqqında məlumat ala biləcəklər. Bu isə onların, xüsusilə də tibb tələbələrinin gələcək ixtisas seçimində düzgün qərar vermələrinə kömək edəcəkdir. Bununla yanaşı, iştirakçılar arasında Azərbaycan klinikaları və tibbi elm və təhsil ocaqları ilə uyğun alman institutları arasında əlaqələrin qurulmasında kömək etmək istəyənlər meyadana çıxa bilər.
Görüşdə iştirak Azərbaycandan olan iştirakçılar üçün isə peşə, elm və təhsil sahəsində arzu etdikləri əməkdaşlığı qurmağa kömək edəcəkdir. Beləki, onlar görüşdə həm alman mütəxəssiləri, həm də azərbaycanlı mütəxəssislərlə əlaqələr qurma imkanına malik olacaqlar.
Azərbaycanın əlaqədar Universitet və klinikaları görüşdə özlərinin tanışlıq materialları və posterləri ilə iştirak edəcəkdir. Onların görüşdə iştirakının Almaniya çalışan və ya təhsil alan gənclərimizin gələcək qərarlarına təsir edəcəyinə ümid edirik. Qeyd edək ki, DAAD özünün PAGEL layihəsi çərçivəsində hər il Almaniyada təhsil alan və ya çalışan 5-6 azərbaycanlı tələbə və gənc həkimin Azərbaycan klinikalarında 1 ayliq praktika keçməsinə maliyyə dəstəyi verəcəkdir. Odur ki, gələcəkdə vətəndə çalışmaq arzusu olan gənclərimizə istədikləri Azərbaycan klinikasında yay praktikası keçmək imkanı da yaradılacaqdır.
Azərbaycandan iştirak edecek Universitet rəhbərliyi arzu edərsə uyğun hesab etdikləri universitet və klinikalarla əməkdaşlıq yaradılmasına kömək ediləcəkdir.
Bu görüşlərin ən vacib elementlərindən biri, tibb xidmətinin təşkilində, praktiki tibbi fəaliyyətdə və tibb elmində baş verən müasir dəyişikliklər və uğurlar haqqında müzakirələrin təşkil edilməsi olacaqdır. İlk görüşdə kliniki protokolların tətbiq edilməsinin Almanıya təcrübəsi haqqında müzakirələr aparılacaqdır. Bu müzakirələr, kliniki protokolların yeni tətbiqinə başlamış ölkəmiz üçün əhəmiyyətli təcrübə mübadiləsi ola bilər.
Görüş zamanı Almaniya Elm Fondunun (Deutsche Forschungsgemeinschaft - DFG) missiyasi, gördüyü işlər və proqramları çıxışlar olacaq və müzakirələr təşkil ediləcəkdir. Maraqlidır ki, DFG Azərbaycan da daxil olmaqla bir neçə keçmiş Sovet ölkəsini elmi əməkdaşlıq üçün prioritet ölkə elan etmişdir. Bu ildən fəaliyyətə başlayacaq yeni proqram birgə elmi işlərin planlaşdırılması və həyata keçirilməsini dəstəkləyəcəkdir. Görüşdə Alman və Azərbaycan elmi institutları arasında konkret elmi əməkdaşlıq layihələrinin başlanğıcı qoyula bilər.
Dostları ilə paylaş: |