Lecture 13 A. Astronom Aristarxos



Yüklə 165,57 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü165,57 Kb.
#6844

                  Lecture 13

A. Astronom Aristarxos 

Samoslu astronom və riyaziyyatçı Aristarxos (t.“-310”-t.“-230”) çalışma 

həyatının böyük hissəsini Aleksandriyada keçirmiş, bir sıra astronomik 

ölçmələr aparmış, Kainatın deyilənlərdən qat-qat böyük olduğunu 

söyləmişdi. Aristarxos Aristotel Liseum`unun direktoru Straton`un tələbəsi 

olub, lakin onun Liseum`da olub-olmaması məlum deyil. Aristarxos`un 

əsərləri itmiş, yalnız biri- “Günəş və Ayın ölçüləri və məsafələri” adlı əsər 

qalmışdır. Burada həndəsi teoremlər isbat etməklə Günəş və Ayın ölçüləri, 

onların yerdən olan məsafələrini müəyyən etməyə və ya müqayisə etməyə

çalışmışdı. Bu ölçü və məsafələr, təbii ki, indi məlum olanlardan qat-qat 

daha böyükdür. Aristarxosa görə, məsələn, Günəşin Yerdən olan məsafəsi 

Ayın Yerdən olan məsafəsindən cəmi 18-20 dəfə böyükdür, həmçinin 

Günəşin diametri Ayın diametrindən cəmi 18-20 dəfə böyükdür. Və ya 

Günəşin diametri Yerin diametrindən (19/3) – (43/6) dəfə, Yerin 

diametrinin Ayın diametrinə nisbəti 57:20-i kimidir. Aristarx Günəşin 

Yerdən nə qədər böyük həcmə malik olduğunu da qiymətləndirmişdi 

(6859/27 ilə 79507:216 arasında). Bunları Astronomiya tarixində müəyyən 

səma cisimlərinin ölçüləri və aralarındakı məsafə haqqında müşahidəyə

əsaslanan ilk ciddi nəticə saymaq mümkündür. 

Aristarxos heliosentrik sistemdən danışmış, Yerin Günəş ətrafında mərkəzi 

Günəş olan çevrə boyu dövr etdiyini bəyan etmiş, tərpənməz ulduzlar 

sferasının da mərkəzi Günəşdir demiş, Günəşin hərəkətinin aldadıcı 

olduğunu və Yerin öz oxu ətrafında fırlandığını irəli sürmüşdü. Bu barədə

onun yaşca kiçik olan həmkarı Arximed, həmçinin Plutarx və digər qədim 

alim və mütəfəkkirlər xəbər verir. Aristarxos ulduzların çox-çox uzaqda 

olduğunu obrazlı dillə ifadə edir: Yerin ulduzlardan olan məsafəsi Yerin 

Günəş ətrafında dövr etmə orbitindən qeyri-adi dərəcədə, “sferanın mərkəz 

nöqtəsinin sferanın səthinə olan nisbəti” dərəcədə böyükdür... Arximedesin 

“Qum sayan” əsərində (“-216”) verilən çox maraqlı bu məlumat həm də

ibrətamizdir. Yerin Günəş ətrafında dövr etməsi fikrinə qarşı çıxanlar adətən 

“əgər Yer Günəş ətrafında dövr etsəydi “ulduz parallaksı” baş verərdi, 

amma heç kim parallaksı müşahidə etməyib” fikrinə əsaslanırdılar. 

Şəkil

Yerin Günəş ətrafında dövretmə orbitinin iki diametral əks nöqtəsindən (biri 



o birindən 6 ay fərqli) Yerə nisbətən yaxın olan eyni ulduza baxanda, kiçik 

də olsa, müəyyən yerdəyişmə müşahidə olunmalı, müəyyən bucaq fərqi 

alınmalıdır – buna ulduz parallaksı deyilir. Aristarxus ulduzlara qədər olan 


məsafənin Yerin Günəş ərtafında orbitinə nisbətən qeyri-adi dərəcədə böyük 

olduğunu deməklə ulduz parallaksı adlandırılan hadisənin niyə gözlə

müşahidə olunmamasına cavab verir. Lakin, Yerin dünyanın canı, mərkəzi 

olması inancı çox böyük (qalib gələcək dərəcədə böyük) idi. Onu da qeyd 

edək ki, parallaks hadisəsi ancaq teleskoplar kifayət qədər inkişaf etdikdən 

sonra, 19-cu əsrdə müşahidə oluna bildi. 



B. Perqe`li Apollonius

Riyaziyyatçı və astronom Perqe`li (Antalya yanı, Türkiye) Apollonius (?“-

262”-“-190”) uzun müddət Aleksandriyada Evklidin tələbələrindən 

öyrənmiş, elmi güc qazanmışdı (3-cü və 4-cü Ptolomeylər dövründə); 

Evklid ona dərs verib deyənlər də var. Onun konik kəsiklər üzrə işi 

(“Koniks haqqında kitabı” – bu günə gəlib çatmış yeganə əsəri) riyaziyyat 

və astronomiyanın inkişafında böyük rol oynamışdır. Elllips, parabola və

hiperbola terminlərini də o daxil edib. 

Şəkil və qısa izah

8-cildlik bu əsər onu artıq öz zamanında məşhurlaşdırmış, ona “Böyük 

həndəsəçi” ünvanını qazandırmışdı (bu əsərin ilk 4-ü yunanca, sonrakı 3-ü 

ərəbcə qalmış, 8-ci qalmamışdır. Onu İbn əl-Heysəm öz bildiyi kimi bərpa 

etmişdir!). Apollonius bu əsərini çox böyük ehtimalla Aleksandriyada 

yazmış, onu (ilk 3 cildini) Efes`də dərs aldığı ilk müəlimi olan Perqamonlu 

Eudemus`a həsr etmiş və öz oğlu (onun adı da Apollonius olub!) vasitəsilə

Eudemusa göndərmişdi. Eudemus vaxtilə ona Aleksandriyaya getməyi 

məsləhət görübmüş. Sonrakı cildləri isə (Eudemus`un ölümündən sonra) 

yenə Perqamona, Attalus`a göndərmişdi; bu, tələbə dostu, Eudemusun 

tələbəsi Attalus, ya Perqamon hökmdarı 1-ci Attalus (“-241”-“-197”) idi?! 

Apollonius`un riyazi metodları da orijinaldır, uzunömürlüdür, sanki gələcək 

zamanın riyaziyyatına aiddir. Onun astronomiyaya aid əsərləri olmuşdur. 

Planetlərin sanki geriyə (retroqrad) hərəkətlərini episikl, deferent və

ekssentrik adlanan çevrələr vasitəsilə izah edən nəzəriyyənin müəllifidir.

C. Hipparxos

Məşhur astronom və riyaziyyatçı Nikaea`lı (Kiçik Asiya şimal sahillərində, 

Marmara dənizi yaxınlığı, indiki İznik) Hipparxos (t.[-190]-t.[-120]) antik 

dünyanın ən böyük astronomu sayılır. O, əsasən Rodos (Rhodes) adasında 

yaşamış, orada uzun müddətli astronomik müşahidələr aparmışdı. Onun 

Aleksandriya məktəbi ilə əlaqəsi vardı; elmi baxımdan bu şübhə doğurmur, 

Hipparxos yazılarında Aleksandriya alimləri ilə, o cümlədən Eratosfenlə

mübahisə edir. Lakin onun Aleksandriyaya gəlməsi haqqında məlumat 

yoxdur (Strabon onun Aleksandriya kitabxanasından istifadə etdiyini deyir). 


Hipparxos Babil astronomik hesablamalar və öngörmə dəqiqliyini 

mənimsəmiş, onu yunan nəzəri-həndəsi yanaşması ilə sintez etmiş, zəngin 

ulduzlar cədvəli/kataloqu (təqribən 850 ulduzun səma koordinatları) tərtib 

etmişdi. 

Hipparxos`un astronomiyaya aid kəşfləri haqqında əsas məlumat 

Ptolomey`in “Almagest”indədir; Ptolomey bu kitabda Hipparxos`u çox 

yüksək qiymətləndirmişdir (Prolomey kitabdakı əsas ideya və metodlara 

görə Hipparxos`a borcludur). Kilikiyalı (Soli`li – indiki Mersin ətrafı) şair 

Aratos Evdoksun geosentrik sistem və bürclər barədə astronomik 

görüşlərinə əsaslanaraq populyar astronomik poema yazmış, Hipparxos isə

Aratos`un poemasına şərhlər yazmış və bu, Hipparxos`un bu günə gəlib 

çatmış yeganə əsəridir. Aratos “-4”-cü əsrin əvvəllərində doğulmuş və

əsasən “-3”-cü əsrin birinci yarısında yaşayıb-yaratmışdır. “Fenomena” 

(“Görüntülər/Hadisələr”) adlı poemasının birinci hissəsi Evdoks`un eyniadlı 

əsərinin şeirə çevrilmiş şəklidir (bu çevirmə dəqiqliyi ilə seçilmirmiş, 

Hipparxos onu tənqid etmişdi). Fenomena”nın ikinci hissəsi isə hava 

haqqında məlumatlar və öngörmələrə həsr olunmuş, Aristotelin 

“Meteorologica” və bəzi digər əsərlər əsasında yazılmışdır. Aratos`un bu 

poeması yunan və latın dünyasında çox populyar olmuş, məktəblərdə

oxudulmuş, sonralar ərəbcəyə də tərcümə olunmuşdu (əl-Məmun 

zamanında).

Ptolomeyin ulduzlar kataloqu Hipparx kataloquna çox yaxındır (Hipparxın 

öyrəndiyi ulduzlara təqribən 170 ulduz əlavə etmişdi), bəzi tədqiqatçılar 

Ptolomeyin bu sahədə Hipparxı sadəcə təkrar etdiyini irəli sürür, hətta 

Ptolomeyin müşahidə aparmadığını, öz cədvəlini Aristarxos cədvəld’n sadə

sürüşmə yolu ilə aldığını, cinayət işlətdiyini iddia edirlər (R. Newton). 

Hipparxos sferik həndəsəni və triqonometriyanı (vətərlərin ölçülməsi 

şəklində) inkişaf etdirmiş və onu astronomiyaya tətbiq etmişdi (bunu 

təqribən 70-140-cı illər arasında yaşamış riyaziyyatçı və astronom 

Aleksandriyalı Menelaus`a aid edənlər də var, məsələ tam aydın deyil). 

Amma, digər tərəfdən, Babilistan astronomlarının daha əvvəl və Aristarxos 

zamanında vətərlər cədvəli düzəltdikləri və işlətdikləri məlumdur.

Hipparxos Kainatın episiklik nəzəriyyəsini qurmuşdu. Bu nəzəriyyə sonralar 

onu sistemləşdirib kitab halına salan astronom və çoğrafiyaçı Ptolomeyin 

şərəfinə Ptolomey sistemi adlandırıldı. Hipparxos, səma qütbünün-

polyusunun yavaş-yavaş dəyişdiyini tapmış, müəyyən ulduzların səma 

koordinatlarının zaman keçdikcə dəyişdiyini aşkar etmişdi. Hipparxos 135-

ci ildə özü və “-280”-ci ildə (145 il əvvəl!) Aristarx tərəfindən müşahidə



edilmiş iki yay günbərabərliyi arasında keçən vaxtı müqayisə etməklə tropik 

ilin uzunluğunu 365. 2467 olaraq müəyyən etmişdi (bu, əvvəlki 365.25-lə

və çağdaş 365.24219-la müqayisədə çox gözəl nəticə sayılmalıdır). 

Hipparxos beləliklə Kallippusun 76 il dövrlü Ay təqvimini daha dəqiq şəklə

salmışdı (Babilistan astronomlarıda bu dəqiqliyi əldə etmişdilər – Pannekuk, 

səh. 137). O, həmçinin Günəş, Ay və Marsın hərəkət qanunlarını 

(qaydalarını?!) öyrənmiş, Günəş tutulmasını araşdırmış, Günəş və Ayın 

ölçülərini və Yerdən olan məsafələrini Aristarxusa nisbətən həqiqətə daha 

yaxın olaraq müəyyən edə bilmişdi. Hipparxos yunanlara arasında çevrə

uzunluğunun 360°, bir dərəcənin 60 dəqiqə olması kimi bucaq ölçülərini ilk 

tətbiq edənlərdən biri sayılır (Babilistandan mənimsəyərək). 

Hipparxos yaz günbərabərliyi nöqtəsinin geriləməsini, yəni presesiya 

fenomenini kəşf etmişdi (bu, onun ən ciddi uğurlarından biri və ya birincisi 

sayılır). Bu geriləməni Babil astronomları da müşahidə etmişdilər, bu fakt 

Hipparxosa bu yolla da çata bilərdi, lakin dəqiq qanunauyğunluğun kəşfi, 

görünür ki, Hipparxosa məxsusdur. Bu geriqalmanı Hipparxos 100 ildə

təqribən 1°(və ya ildə 36´´) olaraq müəyyən edibmiş - Ptolomey belə yazır; 

əslində isə bu geriqalma xeyli azdır, ildə 14´´-dir. Ptolomey Hipparxos`un 

dörd mövsüm bərabərsizliyini də hesabladığını (Kallippus`dan daha dəqiq) 

deyir. Hipparxos`un astrolyab cihazı ilə (stereoqrafik proyeksiyaya 

əsaslanan) yaxşı tanış olduğu güman olunur (?). 

Hipparxos ulduzları parlaqlığa görə 6 sinfə bölmüşdü (ən parlaq olan 1-dən 

parlaqlığın get-gedə azalaraq ən aşağı olduğu 6-ya qədər), bu bölgünün 

əsası bu gün də qüvvədədir! (İndi teleskoplarla müşahidə nəticəsində

parlaqlıq dərəcələri daha geniş şkala ilə ölçülür, az parlaqlar 6-dan xeyli 

böyük rəqəmlərlə, çox parlaq olanlar (o cümlədən, Günəş, Ay, Venera, 

Yupiter) mənfi ədədlərlə ölçülür, həmçinin lçülər dəqiq aparıldığı üçün kəsr  

ədədlər də işlənilir.

Hipparxos coğrafiyaçı idi. O, öz coğrafiyasında Eratosfeni coğrafiyasını 

tənqid edirdi (məsələn, düzgün coğrafi koordinatlar yalnız səma 

koordinatları vasitəsilə müəyyən edilə bilər). Yunanca meyl (Günəş 

şüalarının yerə düşmə bucağını nəzərdə tutulur) mənasını verən “klimatos” 

(iqlim)  sözünü Hipparxus daxil etmişdir. O, ekvatordan hər iki tərəfə doğru 

beş iqlim zonasını da daxil etmişdi (sonralar bu say doqquza çıxarıldı). Bu

son iki nəticəni Eratosfenə də aid edirlər...

D. Roma dövründə elm


Roma dövrü fəlsəfəsi haqqında bir qədər söhbət açmışıq. Siseron/Cicero (-

106, -43) Platon fəlsəfəsini öyrəndi (Zevs danışsa, Platon/Platon 

dialoqlarındakı kimi danışardı). Yunan fəlsəfəsini Romaya daxil edən, 

latıncada fəlsəfi terminləri düzəldən məhz Siseron idi. Fəlsəfədə orijinal 

sistem yaratmadı, akademiya, Epikur və Stoa ideyalarını yaydı. Siseron 

böyük natiq və dilçi olmaqla fəlsəfi əsərləri, respublikaçı ideyaları (Amerika 

və Fransız inqilabları!), yazı üslubu və nitqləri latın dilinin ən gözəl 

nümunələri kimi böyük təsir gücünə malikdi, Renessansın meydana 

gəlməsində, həmçinin 18-ci əsr Amerika və Fransız inqilablarında Siseron 

ideyaları və əsərlərinin mühüm rol oynadığı müxtəlif mütəfəkkirlər 

tərəfindən dəfələrlə qeyd olunub.

Siseron Sulla ilə düz gəlmədi, (-79)-da şərqə - Yunan tərəflərə

getdi,  fəlsəfə ilə marağını məşğuliyyətə çevirdi. Vətəndaş savaşı. 

(-60)-da 1-ci Triumvirat (Y. Sezar/Ceasar, Pompey, Krassus) 

Siseronu dəvət etdi (yəni 3 deyil, 4 lider olmaq istədilər?!), amma 

Siseron bunu istəmədi. (-50)-də Sezar və Pompey arasında 

ziddiyyət böyüyəndə Siseron Pompeyin tərəfində oldu, lakin 

sonra Romaya qayıtdı, Sezar onu bağışladı. (-43): Sezar 

öldürüldü. Romanın iki güclü lideri - Mark Antony və Siseron 

arasında ziddiyyət çıxdı. Siseron Oktavian`ın (Sezarın oğulluğu 

və varisi) tərəfini saxladı. 2-Triumvirat (M.Antony, Oktavian, 

Lepidus) əmələ gəldi və... Siseron (-43)-də öldürüldü...

Romada işlər qarışanda Misirdə 12-ci Ptolomey hakimiyyətdə idi. 

O, öz sağlığında qızı 7-ci Kleopatranı  (-69, -30) ortaq/müştərək 

hökmdar elan etdi.  12-ci Ptolomey (-51)-də öldü, Kleopatra ondan 

8 yaş kiçik qardaşı 13-cü Ptolomey`lə müştərək hökmdar oldu. 

Qardaş və bacı evləndilər, lakin tezliklə Kleopatra onu uzaqlaşdırıb 

tək hakim oldu. Kleopatranın Misir qaydalarını pozan hakimiyyət 

iddiası (qadın tək hökmdar ola bilməz) digər qardaşının xoşuna 

gəlmədi və o, hakimiyyətiyyəti ələ keçirdi. Yeni hökmdar 

Aleksandriyaya gələn Pompeyi (ah, Afrika, mən səni 

qucaqlayıram...) öldürtdü. Bu dəfə Misiri Y. Sezar fəth etdi və

onun qılığına girməyi bacaran Kleopatranı hökmdar elan etdi. 

Kleopatranın Y. Sezarla bir oğlu oldu. Y. Sezar öldürüldükdən 

sonra Kleopatra M. Antony ilə eşq yaşadı, onların 3 uşağı oldu. (-

31)-ci il dəniz Aktium savaşında Oktavian rəqibi M. Antony və

Kleopatra üzərində qələbə çaldı. M.Antony və Kleopatra özlərinə

qəsd edib öldülər (bu ölümlər, xüsusilə kleopatranın necə öldüyü 

haqqında müxtəlif rəvayətlər olub) B. Paskal`a görə Kleopatranın 


burnu gödək olsaydı, dünya başqa cür olardı... Bu savaş zamanı 

əmələ gələn böyük yanğının kitabxananın bir hissəsini məhv etdiyi 

deyilir. 

Siseron müxtəlif  yunan fəlsəfi sistemlərinə rəğbəti vardı), lakin Stoaçılar 

Romada daha çox idilər (Stoaçıların üçüncü və ya son dövrü): Seneka (1-ci 

əsr; onun Epikurşuluğa da rəğbəti vardı), Epiktetos (1-ci əsr, 2-ci əvv),

İmperator M. Avrelius (2-ci əsr). 

Qədim Romalılar güclü dövlət qurub əhatə etdikləri ərazilərdə qayda-qanun, 

nizam-intizam yaratdılar (xüsusilə 1-ci minilliyin başlaması ərəfəsində

Avqustun hökmranlığı dövründə). (-3)-cü əsrdə Sirakuzu fəth edən və

Karfageni həlledici dərəcədə zəiflədən Roma Qərbi və Şimali Avropanın 

fəthinə girişdi. Afrikanın şimalı, Misir və Makedoniyalı Aleksandrın 

Asiya`da fəth etdiyi ərazilərin bir qismi də Roma imperiyasına daxil edildi. 

Romalılar memarlıq,inşaat və yol işində, hərbi işdə xeyli iş görsələr də, 

elmdə yeni heç nə etmədilər –belə desək böyük səhv etmərik; Roma yazıçısı 

və filosofu (Stoaçı) Senekabu barədə yazmışdı (astronomik biliklərin Yunan 

dövrünə nisbətdə çox aşağı səviyyəsi haqqında). Hüquq, tarix, ədəbiyyat və

bir qədər fəlsəfə isə müəyyən dərəcədə (Yunan təsiri görünməklə) inkişaf 

etmişdi.

Roma (-1)-ci əsrin ortalarında yunan şəhər-dövlətlərini özünə tabe etdi, 

mədəni-elmi cəhətdən isə yunanların gücü daha yüksək idi. Romalılar 

Yunan mədəniyyətini, elmi və təhsilini, fəlsəfə və tibbini mənimsəməyə, 

heç olmazsa anlamağa çalışırdılar. Roma yüksək təbəqəsi yunan dilini 

əsasən bilirdi. Bir çox hallarda Romalılar bilik arxasınca yunan şəhərlərinə

gedirdilər. Romada savadlı yunanlar vardı (özü gələnlər və kölələr 

arasında), onlar müəllimlik edirdilər. Yunanca yazmaq dəbdə idi, ağıl və

nüfuz göstərici kimi təsir edirdi. Yunan fəlsəfə məktəbləri bu və ya başqa 

dərəcədə davam edir, lakin yeni Latın məktəbləri yaranmırdı. Siseron öz 

həyatı və yaradıcılığında ciddi yunan təsiri altında olmuşdu. O, Platonçu və

Stoaçı görüşləri sintez edirdi. Plutarx (?”-120”-“-46”) öz “Müqayisəli həyat 

tarixçələri” ilə yunan və latın dünyalarının yaxın olduqlarını vurğulamağa 

çalışmışdı. Romalılar əsasən ümumiləşdirici əsərlər, maarifləndirici 

ensiklopediyalar yazırdılar. 

17 kitabdan ibarət “Coğrafiya” adlı əsərin müəllifi Perqamlı Strabon ([-

64/63]-24) əvvəl Nisa`da (Nysa, Kiçik Asiya) təhsil almış, sonra 

Aleksandriya elmi məktəbi ilə sıx bağlıolmuş, orada xeyli yaşamış, 

öyrənmiş, bir qədər Roma`da da qalmışdı (?). O, məsələn, “Coğrafiya”sında 


Eratosfen`in təhlili, tənqidi və onun nəticələrinin tamamlanması ilə məşğul 

olmuşdu. Eratosfenin tənqidlərə məruz qalmasını onun “coğrafiyaçılar 

arasında riyaziyyatçı, riyaziyyatçılar arasında coğrafiyaçı” olması ilə izah 

edirdi. Strabon geniş səyahət çərçivəsində Misirdə də qalmış, 

Aleksandriyanı, o cümlədən Museion`u təsvir etmişdı (lakin Aleksandriya 

kitabxanası haqqında heç nə yazmayıb). Strabonun əsəri təsviri coğrafiya 

idi, hər şey haqqında məlumat verməyə çalışır, maraqlı dildə və üslubda 

yazılmışdı. 



Varro`nun “Fənnlər haqqında doqquz kitab” qramatika, ritorika, məntiq (bu 

üçünə bir yerdə sonralar “trivium” deyiləcəkdi), hesab, həndəsə, 

astronomiya, musiqi nəzəriyyəsi (bu dördünə bir yerdə sonralar 

“quadrivium” deyiləcəkdi), tibb və memarlıq haqqında məlumatlardan 

ibarət idi. Lucretius`un məşhur “Şeylərin təbiəti haqqında” poeması da 

fəlsəfə və təbiətşünaslığa aid ensiklopedik əsər idi. Vitruvius (?-“25”) 

memarlıq üzrə, Celsus (?-25) tibb üzrə, Seneca (?-65) təbiətşünaslıq üzrə

ensiklopediyalar yazmışdılar. Böyük Plini (Pliny the Elder; 23/24-79) 

“Natural tarix” əsəri ilə məşhurlaşdı, bu böyük ensiklopediya tək öz 

dövründə deyil, orta əsrlərdə də geniş yayıldı və oxundu. O, külli miqdarda 

məlumatı maraqlı, oxunaqlı şəkildə təqdim etməyə çalışmışdı. Əsər 

astronomiya, coğrafiya, botanika, zoologiya, mineralogiya kimi sahələr üzrə

gerçək, amma ciddi elmi səviyyədə olmayan faktlarla yanaşı həm də

çoxsaylı fantastik məlumatları özündə ehtiva etmişdi. 

Anabarzus`lu (indiki Adana yaxınlığı) yunan Pedanius Dioscoridos (40-90) 

İmperator Neron zamanında Romada çalışımışdır. Onun “Materia Medica” 

adlı əsərində tibbdə istifadə olunan 600-ə yaxın bitkinin təsviri verilmişdir. 

Müxtəlif müəlliflər, botaniklər, farmakoloqlar, həkimlər (xüsusilə İslam 

dövründə) bu kitabda olmayan bitki və dərmanları təsvir etsələr də, bu 

beşcildlik kitab Renessans dövrünə qədər istifadədə olmuşdur. 

2-ci əsrin sonları və 3-cü əsrdə Roma imperiyası siyasi və iqtisadi, həmçinin 

hərbi cəhətdən tənəzzül edirdi. Bu, elm və təhsildə də özünü göstərirdi. 

Roma imperiyası ikiyə-Şərqi (əsasən yunan dilli) və Qərbi (əsasən latın 

dilli) imperiyalara bölündü. 330-cu ildə Roma imperatoru Böyük Konstantin 

paytaxtı Roma`dan “yeni Roma”ya, Bosfor sahilində yerləşən yunan Bizans 

şəhərinə köçürdü; bu şəhər tezliklə Konstantinopol adlandırıldı. 337-ci ildə, 

ölümündən azca əvvəl xristianlığı qəbul etdi. Roma imperiyasında yayılan 

və sonra rəsmi dövlət dininə çevrilən xristianlıq (böyük gücə çevrilən 

xristianlıq orduda da güclü idi) bu dövrdə elmə ehtiyac duymur, əksinə, 


azad elmi düşüncəni şər sayırdı. Sonralar xristianlıq təhsilin və savadlılığın 

yayılmasında müsbət rol oynamağa başladı...

İmperiyanın qərbini böhran bürümüşdü. Get-gedə qərbdəki Latın və

şərqdəki yunan dünyası bir-birindən aralanıb, iki xeyli fərqli mədəniyyətə

çevrildilər; şərqdə yunanca Latıncanı, xristianlıq isə yunan-Roma allahlarını 

tam əvəz etdi. 



E. Roma dövründə təqvim islahatı

Qədim Romada il mart ayında başlayırdı, 12 ayın dördündə 31 gün, 

yeddisində 29 gün, fevralda 28 gün vardı. Təqvim 355 gündən ibarət olub 

astronomik ildən 10 ¼  gün qısa idi. Bu nöqsanı aradan qaldırmaq üçün iki 

ildən bir fevral ayını gah 22 gün, gah da 23 gün uzadırdılar. Təqvim ili 

beləliklə ortalama 366 ¼ gün olurdu (astronomik Günəş ilindən bir gün 

artıq). Təbiətlə bu uyğunsuzluğu aradan qaldırmaq vəzifəsini m. ö. 46-cı 

ildə Yuli Sezar yerinə yetirdi. Onun təqvim islahatına görə  təqvim ili 365 ¼ 

gün (365 gün 6 saat) hesab olundu, belə ki, 3 il 365 gün, dördüncü il 366 

gündən ibarət qəbul edildi. İlin başlanğıcı yanvarın birinə keçirildi. Ayların 

adı əvvəlki kimi saxlanıldı. Mart Mars allahın (Martsius), Aprilis, Mayus 

(May allah), Yunius (Yunona allah), sonrakı aylar saylarla bağlı idi –

kvintilis (beşinci), sekstilis (altıncı), september (yeddinci), oktober 

(səkkizinci), november (doqquzuncu), detsember (onuncu), sonrakı iki ay da 

allahların adını daşıyırdı – Yanuarius (Yanus) və Februarius (Februus). 

Yanvar birinci ay olduqdan sonra saylara əsaslanan adlar korrekt olmasalar 

da (məsələn, september islahatdan sonra yeddinci deyil, doqquzuncu ay 

olmuşdu), adlar dəyişilməmiş qaldı. Sonra kvintilis Sezarın şərəfinə

dəyişdirilib (o, bu ayda anadan olmuşdu) iyul (Yuli) edildi, sekstilus isə ilk 

Roma imperatoru Avqustun şərəfinə yeni ad aldı. 

Bu Yulian təqviminə görə Günəş ili təqvim ilindən təqribən 11 dəqiqə 14 

saniyə qısadır (günün 1/128 hissəsi qədər), yəni hər 128 Günəş ilindən sonra 

bir artıq gün əmələ gəlir (təqvim ili geri qalır), bu mühüm bayramlar -

əsasən dini (xristian) bayramlar geri çəkilməyə başlanıldı. 325-ci ildə yaz 

günbərabərliyi Pasxa bayramı günü qəbul edildi. 

Hər 128 il keçdikdən sonra bu bayram bir gün geri (20, sonra 19 və s.) 

tarixlə qeyd edilməli oldu. 16-cü əsrdə bu geriləmə 10 günə çatdı, pasxa 

bayramı martın 11 oldu. Roma katolik kilsəsinin başçısı 13-cü Qriqorinin 

sərəncamı ilə 1582-ci ildə 4 oktyabrdan sonra 5 oktyabr deyil, 15 oktyabr 

gəldi (!?). Sonra “bu işi bitirmək” üçün fevral ayının başına gətirilənləri hər 

400 ildən bir, elə fevralın öz köməyi ilə, illərin başına gətirmək qərarı alındı 


(128 ildə bir artıq gün əmələ gəlirdi, 400 ildə təxminən 3 artıq gün var...). 

Axırı iki sıfırla qurtaran və 400-ə bölünən illərdə (1600, 2000, 2400, ...) 

fevral ayını həmişə olduğu kimi 28, digərlərində isə (1700, 1800, 1900, 

2100, ...) 29 gündən ibarət etmək! Beləliklə, 400 il ərzində 3 artıq gün məhv 

edilir...

Bu işlahatın nəticəsində meydana çıxan Qriqorian təqvimi günəş ilindən 

cəmi 26  saniyə fərqlənir (Yulianda isə fərq 11 dəqiqə 14 saniyə idi). Bu 

fərq yalnız 3323 ildən sonra bütöv bir gün olacaq (26 saniyə bir günün 

1/3323 hissəsidir), bu isə 49-cu əsrdə (4800-cü ildən sonra) baş verəcək.

Rusiya imperiyasında, o cümlədən Azərbaycanda (?) Qriqorian təqvimi 

1918-ci ildə qəbul olundu. Rusiyada yeni ilin Yanvarın birində başlaması 1-

ci Pyotrun əmri ilə 1700-cü ildən həyata keçirildi (ilin ilk günü əvvəl 1 

sentyabr, daha əvvəllər isə 1 mart hesab olunurdu). 

F. Klaudius Ptolemaeus

Klaudius Ptolemaeus (?90-?168) –Aleksandriyalı astronom və riyaziyyatçı 

hər şeydən əvvəl! ona qədər mövcud olan astronomik bilikləri özündə ehtiva 

edən ensiklopedik “Almagest” (yunanca: “Megale syntaxis”, yəni ən böyük 

quruluş/nəzəriyyə; ərəbcə əl-macesti, yəni ən böyük; orijinalda digər ad 

“Matematike syntaxis” idi) əsərinin müəllifidir. Geosentrik kainat modeli 

(“Yer kainatın mərkəzində durur”) üzərində qurulmuş bu əsərdəki ulduzlar 

kataloqunun, əsasən Hipparxın tərtib etdiyi kataloqdan ibarət olduğu

mütəxəssislər arasında qəbul edilmiş kimidir; eyni fikir həmçinin ilk iki 

fəsildə verilmiş triqonometriya`ya da aiddir. Hətta Ptolomeyin böyük 

plaqiata əl atdığı, cinayət işlətdiyini deyənlər olub (bax: R. Newton).

Episikllər və ekssentriklər haqqında nəzəriyyə isə Apolloniusa məxsus 

modelin modifikasiyasıdır. Bu əsər nə qədər dəqiq hesab olunmasa da, 

İslam astronomları tərəfindən tənqid olunub üzərində bir sıra dəqiqləşmələr 

aparılsa da, tam fərqli modellər qurulsa da, yenə də astronomiyada ən təsirli 

və bu təsiri uzun müddət mühafizə edən kitabdır və ümumiyyətlə, ən 

uzunömürlü elmi əsərlərdən biridir (Evklidin “Başlanğıclar”ı bu sırada 

birinci olmaqla). Ptolomey (ərəbcə Batlaymus) nəzəriyyəçi astronom 

olmaqla yanaşı həm də riyaziyyatçı və coğrafiyaçı idi. Ensiklopedik 

“Geographia”kitabının müəllifidir; Strabondan fərqli olaraq riyazi və

darıxdırıcı üslubda yazılmışdı. O, coğrafiyada riyazi metodların və

kartoqrafiyanın əsasını qoymuşdur (bəzən bu rolu Eratosfenə aid edirlər).

Strabon həmçinin optika üzrə tədqiqatçı və müəllif (əks olunma və sınma 

məsələləri), musiqiçi (Pifaqor şkalasına əsaslanan musiqi nəzəriyyəsi 


haqqında “Harmonics” adlı əsərin müəllifi) və astroloq (“Tetrabiblos”, yəni 

“Dörd kitab”müəllifi) olub. 



G. Pergamon və Qalen

Hellinizm dövründə müxtəlif inzibati mərkəzlərdə Museion`un kiçik 

bənzərləri  fəaliyyət göstərirdi. Anatolia yaxasında (Türkiyə Ege sahilində

indiki Bergama yaxınlığında) yerləşən Pergamon və ya Pergamum 

bunlardan biri (Aleksandriyadan sonra 2-ci?!) idi; Asiya Roma əyalətinin 

paytaxtı olan və həmçinin dini mərkəz sayılan bu şəhər  həmçinin yeni kitab 

materialı-perqamentin hazırlandığı yer idi. Ptolomeylərin papirus ixracatını 

qadağan etməsi perqament materialların istehsalını zəruri etmişdi. Burada 

böyük kitabxana qurulmuş (deyilənə görə 200 mindən artıq kitaba malik), 

tibb mərkəzi vardı. Bu ənənə gələcəkdə Galeni (əsasən 2-ci əsrdə yaşamış, 

130-cu ildə Pergamon`da doğulmuşdur) meydana gətirəcəkdi (bənzər 

şəkildə Aleksandriyada – artıq Roma hökmdarlığı dövründə görkəmli 

astronom və kartoqraf Claudius Ptolomey yetişəcəkdi). Tarixçilərin tam 

inanmadığı belə bir məlumat da var ki, Antony Pergamon`dakı bu 

kitabxananı toy hədiyyəsi olaraq Kleopatraya bağışlamışdı (“-41”).

Galen bilik üçün səyahət etmiş, gəncliyində Aleksandriyaya getmiş, orada 

öyrənmiş(xüsusilə anatomiyanı), geri dönüb Perqamum qladiatorlar 

məktəbində həkimlik etmişdir. Onun işlədiyi zaman ərzində əvvəlki 

vaxtlarla müqayisədə yaralanmadan ölüm halları kəskin surətdə azalmışdı 

(və əlbəttə ki, o, burada böyük həkimlik təcrübəsi qazanmışdır). 161-ci 

(163?) ildə Romaya getmiş, orada şöhrətlənmişdir. Ona qarşı ciddi 

qısqanclıq və təhdid halları da olmuşdu. O, əski Aleksandriya tibb 

məktəbinin nailiyyətləri haqqında yazmışdır. Daha bir dəfə Şərqə (Qərbdə

öyrənməli bir şey yoxdu!) səyahət etmiş, beş Roma imperatorunun (Marcus 

Aurelius, Lucius Verus, Commodus, Septimius Severus, Caracalla) şəxsi 

həkimi olmuşdur (birincinin dəvəti ilə Romaya qayıtmışdır). 

Galen`in anatomiya haqqında bilikləri çox dərin idi; o, meymunları və

donuzları/fil? (ölü və diri) kəsməklə/yarmaqla anatomiyanı praktik 

səviyyədə öyrənmişdi. Galen Platondan gələn “beyin bədəni idarəedən 

mərkəzdir” prinsipini əsas götürmüşdü (Aristotel bu rolu ürəyə vermişdi?!). 

O, Hippokrates`in humorizmi (dörd növ maye-şirə: qan, fleqma, sarı və qara 

səfra/öd) tərəfdarı idi, onu inkişaf etdirmişdi. İslam həkimləri də Galen`i 

təftiş edib səhvlərini göstərmişlər, onlardan biri əl-Razidir. Galen`in 70 və

87 yaşda ölməsi kimi iki fikir mövcuddur. Galen çoxməhsuldar olub, çox 


sayda əsərləri Hünayn ibn İshaq tərəfindən ərəbcəyə tərcümə edilib (100 

ətrafında?!), günümüzə gəlib çatan əsərlər əsasən ərəbcə və ərəbcədən 

latıncaya tərcümədə qalanlardır. Galen tibblə yanaşı fəlsəfə (o cümlədən 

Platon, Aristotel, Stoaçı`ların şərhi), məntiq və psixologiya (Hippokratın 

dörd temperament fikrinin inkişafı, yuxuların şərhi, eşq xəstəliyi!) 

sahələrində də əsərlər yazmışdır. Əsərlərindən biri “Ən yaxşı həkim həm də

filosofdur” adlanır. Qalen həkimin acgöz olmaması, mötədillik və həqiqətin 

dostu olmasının vacibliyini deyirdi. Qalen öz təsirinə görə Aristotellə

müqayisə oluna bilər, çox böyük nüfuza malik olmuş və ehkamları, səhv 

nəzəriyyələri tibbin inkişafına əngəl yaratmışdır. 



H. Plotinos. Aleksandriyada din və fəlsəfə. 

Aleksandriyada güclü və böyük yəhudi icması olub, deyilənə görə 1-ci 

əsrin əvvəllərində bu icma şəhər əhalisinin təqribən 2/5-ni təşkil etmişdir. 

Yəhudi dini ilə yunan fəlsəfəsini sintez edənlər meydana çıxdı. Onlar əsasən 

Platonçu idilər. Aleksandriyalı Filo/n və ya Yəhudi Filon (əsasən 1-ci 

əsrin 1-ci yarısı) Əhdi-ətiq`lə (Əski saziş) yunan fəlsəfəsinin bir-birinə

yaxınlığını, oxşar həqiqətləri ortaya qoyduqlarını sübuta çalışırdı. O, 

Musanın ilk filosof olduğunu, yunan filosoflarının onun təlimindən 

öyrəndiyini iddia edirdi. Bu, həmçinin uzun zaman ərzində müxtəlif 

mədəniyyətlərdə özünü göstərən fəlsəfə ilə dini uzlaşdırmaq cəhdi idi. 

Filon`a görə Musa və Platonun kainatın başlanğıcı var, yaradılmışdır və

əbədi olaraq var olacaq (Tanrı bunu istəyir). Yəhudilik və xristianlığın təsiri 

ilə Aleksandriyada fəlsəfə dolu teologiya və ya fəlsəfi don geymiş 

teologiya, neopifaqorizm, din fəlsəfəsi, xüsusilə neoplatonizm fəlsəfi 

cərəyanları və qnostisizm (sirli, gizli bilik) inkişaf etdi. Ruhun təbiəti, ruh 

azadlığı ilə Tanrıya yaxınlıq, Tanrıya birləşmə əlaqələndirilirdi. 

Materiyanın, maddi aləmin dəyəri yoxdur, onlar günah və şər yuvasıdırlar. 

Bu dünyada o biri dünyanın işıqları səpələnib, onları yığmaq, köklərə

qayıtmaq lazımdır. Xristian teologiyasına fəlsəfi metodlarla yanaşan 

Aleksandriyalı Klement və ya Klemens(?150-?215), xüsusilə onun məşhur 

tələbəsi Aleksandriyalı Origenes (184/5-253/4) fəlsəfə ilə xristianlığı sintez 

etməyə çalışmış, xristianlıq üzərində fəlsəfi sistem qurmağa cəhd etmiş və

buna görə ortodoks xristianlıq tərəfindən təqib edilmişdi/ Origenes zamanın 

dövriliyi, cəhənnəmin əbədi olmaması kimi görüşlərinə görə dönük (heretik) 

elan edildi. 

Platonun qeyri-maddi ruh ideyası ilə Aristotelin ilk gedişi verən və daxili 

aləminə qapılan kosmik zəka ideyası arasında sintez Neoplatonizmə (Yeni 

Platonçuluğa) gətirib çıxardı. Neoplatonizmin zirvəsi Plotinus (204/5-270) 


oldu (onun Misirdə anadan olduğu güman edilir). O, 232-ci ildə

Aleksandriya`ya getmiş, 243-cü ilə qədər orada təlim görüb yetişmiş,n

eoplatonizmin banilərindən biri sayılan Aleksandriyalı filosof Ammonius 

Sakkas`ın tələbəsi olmuşdur. Deyilənə görə yaxşı məllim tapmaqda çətinlik 

çəkən Plotinos Ammoniusla tanış olandan sonra “bu mənim axtardığım 

adamdır” deyib (Porfirios). Ammonius`un hind mənşəli olduğu güman 

edilir. Plotinos`un hind fəlsəfəsindən təsirləndiyini, İrana və Hindistana 

səfər etmək arzusunu Ammoniusun tələbəsi olması ilə əlaqələndirirlər. 

Ammonius danışan, dialoq qurub müzakirə edən, dərs deyən, amma heç nə

yazmayan müdrik bir şəxsdi. 

Plotinos Aleksandriyadan sonra səyahətə çıxmış, sonunda (təqribən 40 

yaşında) Romaya getmiş, orada məskən salmışdı. O, hamının üzünə açıq 

olan bir məktəb açmış, orada heç bir ödəniş istəmədən dərs vermişdir. 

Dərslər çox populyar olmuş, tanınmış adamlar, o cümlədən senatorlar, eləcə

də qadınlar  onun mühazirələrinə qulaq asmışlar. Mühazirə və müzakirə

mətnlərini tələbələrindən yazıya alanlar olmuş, sonra o özü də mühazirələrin 

bir qismini yazmağa başlamışdır. Plotinos`un dərslərində dinləyicilər Platon 

və Aristotel haqqında şərhlərini oxuyur, sonra Plotinos özü şərhə girişirmiş 

(Porfirius). Plotinos kübar və incə davranışlı insan olmuşdur. 

“Enneadlar” (Doqquzlar) adlanan əsas əsəri 6 şöbədən, hər şöbə isə 9 

hissədən ibarətdir (Plotinusun sağlığında hazırlanmış bu əsər ölümündən 

təqribən 30 il keçmiş onun tələbəsi Porfirios tərəfindən yenidən baxılmış və

yayılmışdır; Porfirios bu sanballı əsərin əvvəlinə Plotinosun ömür yolunu 

təsvir edən xüsusi yazı daxil etmişdir). Platonun ideyaların ilkin, maddi 

aləmin isə ikinci, yəniideyaların surəti olduğu haqqında nəzəriyyəsi

əsasında, həmçininVahid/Bir/Tək (ən yüksək), Ağıl (“Nus”, zəka) və Ruh 

üçlüyü-triadası  üzərində Plotinos dini-mistik nəzəriyyə (neoplatonizm) 

qurdu. Vahid olan ilahi varlıq əsasdır, hər şeyin mənbəidir, qalan hər şey 

onun saçdığı işıqdır, ondan şüalanır, ondan törəyir, emanasiyadır (Günəş 

işıq saçan kimi). Ruh ən aşağı pillədə (ruh pilləsində) özünü həyata bağlı 

görür. Vahidin heç bir sifəti, özəlliyi yoxdur. Ruh və Ağıl Tanrıdan 

çıxmışlar, onun təzahürləridirlər, Ondan ibarətdirlər. Plotinosun sistemində

və onun davamçılarının əsərlərində bir tərəfdən dünya və onun yaranması 

yoluna ağılla, fəlsəfi üsulla nəzər salmaq niyyəti, digər yandan isə ruhun 

təmizlənməsi, öz ilkin saflığına qayıtması kimi dini niyyət bir-birinə

qovuşmuşdur. Bu baxımdan Plotinos özündən əvvəlki yunan fəlsəfə

məktəblərini (o cümlədən Stoaçıları) müəyyən dərəcədə sintez etməyə

çalışmışdı. O, öz baxışlarını yeni sistem kimi deyil, Platonu yenidən 

oxumaq, anlamaq kimi təqdim edir. Plotinos`u maraqlandıran Platonun 



bütün nəzəriyyə və görüşləri deyil, onun ideyalar nəzəriyyəsi və Tanrı ilə

kainat arasında münasibətlər təlimidir.Plotinos ilahi şeylərin haqqında gizli 

bir bilginin olduğu və insanın bu yolda saflaşa, xilas ola biləcəyi fikrini 

ortaya atan Qnostikləri (1-ci əsrdə Suriyada yaranmış və ətrafa geniş 

yayılmış dini-fəlsəfi cərəyanı) tənqid edir, bu gizli bilgiləri, vəhyləri 

uydurma sayır, Platonun hər-hansısa sirli vəhy nəticəsində deyil, ağlı, 

əxlaqlı həyatı ilə böyük olduğunu deyir.

Porfirios (?232-?305) “Pifaqorun həyatı” əsərinin də  müəllifidir. Lakin 

Aristotelin “Kateqoriyalar” məntiq kitabına yazdığı giriş-şərh “İsaquci” 

(yunanca “Isaqoqe”, yəni “Giriş”) həm İslam, həm Xristian dünyasına təsir 

göstərmiş ən mühüm əsəridir. 

Get-gedə xristianlıq fəlsəfəni udmağa başladı. Bu dövr Roma imperyasının 

çox zəifləməsi, insanların yaradıcı həvəsinin azalması, xilas yolu araması 

dövrü idi. Din, xüsusilə xristianlıq insanların bu ruhi ehtiyacına cavab verir, 

onlara yaşamaq və xilas yolunu təqdim edirdi. 

Evklid və Ptolomeyin əsas əsərlərinə şərhlər yazan Aleksandriyalı Teon

(335-405) və onun istedadlı qızı, riyaziyyatçı və filosof, bu sahələrdə dərs 

deməklə şöhrətlənmiş Hipatiya (370?-415?) Aleksandriya məktəbinin son 

görkəmli nümayəndələri, son intellektualları sayılırlar. Dini təriqət 

savaşında “şeytan əməlinə uyan”, mühazirələr oxuyub  xristian olmayan 

filosofları tanıdan və təbliğ edən Hipatiya Aleksandriya episkopunun 

qızışdırdığı xristian rahiblər-fanatiklər tərəfindən öldürüldü. Hipatiya və

Misirli kimyaçı Mariya ilk tanınmış qadın elm adamları sayılırlar. Roma 

əskəri Arximedi, xristian rahiblər Hipatia`nı, beləliklə elmi və azad fikri 

öldürdülər. 

Digər ciddi bir çöküşün 391-ci ildə xristianların bütpərəstlik əlamətlərini 

yoxa çıxarmaq cəhdi nəticəsində baş verdiyi deyilir. Qeyd edək ki, 

Aleksandriyada Museiondan kənarda da (amma əsas böyük kitabxana ilə

müqayisədə xeyli kiçik) kitabxana – Serapeum vardı, onun daha çox (4-cü 

əsrin sonlarına qədər) yaşadığını deyirlər. 391-ci ildə imperator 1-ci 

Feodosius hər cür bütpərəst məbəd və mərkəzlərin dağıdılması haqqında 



verdiyi sərəncam Serapium kitabxanasına da tətbiq edildi.

Yüklə 165,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin