Microsoft Word musa qasimli doc


Məmmədyusif Hacıbala oğlu Cəfərov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   2   3   4   5   6   7   8   9   10   ...   23
 

Məmmədyusif Hacıbala oğlu Cəfərov 

14 mart‐22 dekabr 1919 

 

Azərbaycanın tanınmış siyasi və ictimai xadimlərindən biri Məmmədyusif 



Cəfərov  1885‐ci  ildə  Bakıda  neft  sənayesinin  sürətlə  inkişafa  başladığı  bir 

dövrdə  anadan  olmuşdur.  1907‐ci  ildə  Bakıda  kişi  gimnaziyasını  bitirən 

M.Cəfərov  o  dövrdə  Rusiya  imperiyasının  ikinci  böyük  şəhəri  sayılan 

Moskvaya  getmiş  və  Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsinə    daxil 

olmuşdur.  Moskva  mühiti  və  tələbəlik  illəri  gənc  Məmmədyusifin 

dünyagörüşünün  inkişafında  mühüm  rol  oynamışdır.  Cünki  1905‐1907‐ci  illər 

inqilabının məğlub olmasına baxmayaraq, tələbələr arasında hələ də inqilabi mübarizə ruhu qalmışdı və 

onlar  tələbə  təşkilatlarını  saxlayırdılar.  Məmmədyusif  tezliklə  Moskvada  oxuyan  azərbaycanlıların 

yaratdığı «Azərbaycan etnoqrafik konsert gecələri»nin və «Azərbaycan həmyerlilər təşkilatı»nın əvvəllər 

üzvü,  sonralar  isə  rəhbərlərindən  biri  olmuşdur.  O,  öz  tələbə  dostlarını  bu  təşkilatlarda  elmə,  biliyə 

yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırmışdır. 

1912‐ci  ildə  Moskva  Dövlət  Universitetinin  hüquq  fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirən 

M.Cəfərov  Bakıya  gələrək  Bakı  məhkəmələrinin  birində  andlı  hakim  köməkçisi  vəzifəsində  çalışmağa 

başlamışdır.  

1912‐ci  ilin  sentyabr‐oktyabr  aylarında  IV  Dövlət  Dumasına  Rusiyanın  hər  yerində  olduğu  kimi 

Cənubi  Qafqazda  da  seçkilər  keçirildi.  Hüquqşünas  kimi  Bakı  əhalisinin  hörmətini  qazanmış  27  yaşlı 

M.H.Cəfərov  əvvəl  Bakıda,  oktyabrın  20‐də  isə  Yelizavetpolda  Bakı,  Yelizavetpol  və  İrəvan 

quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir. 

M.H.Cəfərov  1912‐1917‐ci  illərdə  Sankt‐Peterburqda  fəaliyyət  göstərmiş  IV  Dövlət  Dumasında 

iştirak  etmiş,  Dumanın  V  bölməsinin,  Müsəlman  fraksiyasının,  büdcə,  köçürmə,  sorğu,  məhkəmə 

islahatı,  hərbi  və  dəniz  işləri  üzrə  komissiyaların  üzvü  seçilmişdir.  O,  Dumanın  bir  sıra  iclaslarında  

müzakirə olunan Rusiya dövlətinin baş nazirinin hesabatı, Gömrük Departamentinin xərcləmə dərəcəsi, 

Köçürmə  İdarəsi  üzrə  xərclərin  smetasına  dair  büdcə  komissiyasının  hesabatı,  1913‐cü  ildə 

Zaqafqaziyanın bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin 

müzakirəsi  zamanı  çıxış  etmişdir.  O,  öz  çıxışlarında  çar  hökumətinin  Zaqafqaziya  əhalisinə,  xüsusən 

müsəlmanların  maariflənməsinə  pis  münasibət  göstərdiyini,  hüquqlarının  məhdudlaşdırıldığını,  milli 

məktəblərinin  bağlandığını  tənqid  etmiş  və  kazarmaya  çevrilmiş  məscidlərin  müsəlman  fraksiyası 

adından geri qaytarılmasını tələb etmişdir.  

O,  eyni  zamanda  köçürmə  siyasətini  tənqid  edərək  məmurların  əhalini  köçürərkən  yerlilərin 

vəziyyətini  nəzərə  almadıqlarını,  bunun  da  çox  vaxt  yerlilərlə  köçənlər  arasında  toqquşmaya  səbəb 

olduğunu,  Qafqaz  cəbhəsi  və  arxa  zonalarda  dinc  müsəlman  əhalisinin  müdafiə  olunmadığını, 

əmlaklarının talandığını, öldürüldüyünü bildirmişdir. 

M.H.Cəfərov Sankt‐Peterburqda olduğu  dövrdə ona bir deputat kimi Lənkəran balıqçıları, Şamaxı 

müəllimləri,  müsəlman  ruhaniləri  müraciət  etmişlər.  O,  əhalinin  irəli  sürdüyü  məsələləri  həll  etmək 

üçün bir sıra dövlət idarələrinə və nazirliklərə getmiş, məsələlərin həllinə çalışmışdır. 

1917‐ci  il  martın  9‐da  Müvəqqəti  hökumətin  təşəbbüsü  ilə  IV  Dövlət  Dumasının  Zaqafqaziyadan 

olan  deputatlardan  ibarət  Xüsusi  Zaqafqaziya  Komitəsi  yaradıldı.  Onun  tərkibiniə  V.Xarlamov  (rus), 

A.Çxenkeli  (gürcü),  K.Abaşidze  (gürcü),  M.Papaçanovla  (erməni)  yanaşı  M.Cəfərov  da  daxil  oldu. 

M.Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 

1917‐ci il aprelin 15‐20‐də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Qurultayda Tiflisdən 

gəlmiş M.Cəfərov da iştirak etmiş və təbrik nitqi söyləmişdir. O, inqilab münasibətilə azadlıq əldə etmiş 

müsəlmanları  təbrik  etmiş  və  onları  birliyə  çağıraraq  qeyd  etmişdir  ki,  köhnə  çar  rejimi  əvvəldən 

çürümüş təməl üzərində qurulduğu  üçün yıxıldı. O, Rusiyada azadlığın əldə edilməsində əsgərlərin və 

fəhlə sinfinin roluna böyük qiymət verərək deyirdi: «Mən sizin seçilmiş nümayəndəniz kimi bildirirəm 

20



 

ki, biz bir  an da ununtmamalıyıq ki, Rusiyada azadlığı əsgərlər və fəhlələr qazanmışdır və onlar sizə öz 

qardaşları kimi baxır». 

1917‐ci  il  noyabrın  15‐də  Tiflisdə  Y.Gegeçkorinin  sədrliyi  ilə  Müstəqil  Zaqafqaziya  hökuməti  ‐ 

Zaqafqaziya  Komissarlığı  yaradıldı.  M.Cəfərov  bu  hökumətdə  ticarət  və  sənaye  naziri  vəzifəsini 

tutmuşdur. 

1918‐ci  il  fevralın  23‐də  Tiflisdə  Zaqafqaziya  Seymi  işə  başladı.  Seymdə  gürcü,  erməni  və 

azərbaycanlı  nümayəndələri  iştirak  edirdilər.  Buraya  Azərbaycandan  Müsavat  Partiyasını  və  bitərəf 

demokratik  qrupları  təmsil  edən  30  nəfər,  o  cümlədən  M.Cəfərov  da  seçilmişdi.  Bu  partiya  və 

təşkilatlardan əlavə Müsəlman sosialist blokundan 7, İttihaddan 3, Hümmət Partiyasından 4 nümayəndə 

iştirak  edirdi.  Ümumiyyətlə,  Zaqafqaziya  Seymində  44  azərbaycanlı  deputat  var  idi.  Eyni  zamanda 

Seymin Müsəlman fraksiyası fəaliyyət göstərirdi. M.Cəfərov onun da üzvü  idi. M.Cəfərov Zaqafqaziya 

Seyminin  və  Müsəlman  fraksiyasının  iclaslarında  dəfələrlə  çıxış  edərək  Zaqafqaziya  xalqlarının 

dostluğu,  arada  olan  ədavətin  ləğvinə,  əldə  edilmiş  azadlığı  qorumağa  çağırmış,  Türkiyə  dövləti  ilə 

danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif etmişdir. 

1918‐ci il mayın 26‐da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın 

müstəqilliyi  elan  edilməsi  ilə  əlaqədar  olaraq  mayın  27‐də  Müsəlman  fraksiyasının  fövqəladə  iclası 

çağrıldı.  Onlar  M.Rəsulzadənin  sədrliyi  ilə  Müvəqqəti  Milli  Şura  və  F.Xoyskinin  sədrliyi  ilə  Milli 

Şuranın  İcra  Komitəsi  təşkil  etdilər.  İcra  Komitəsinin  tərkibinə  M.Hacınski,  N.Yusifbəyov, 

X.Xasməmmədov və b. ilə birlikdə M.Cəfərov da seçildi. 

Müvəqqəti Milli Şuranın 1918‐ci il mayın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən 

akt  qəbul  olundu.  İstiqlal  bəyannaməsini  imzalayan  və  bəyan  edən  24  nəfərdən  biri  Məmməyusif 

Cəfərov  olmuşdur.  Həmin  iclasda  F.Xoyskinin  elan  etdiyi  Azərbaycan  hökumətinin  tərkibində 

M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 

M.Cəfərov 1918‐ci ilin iyun ayının axırlarından 1919‐cu ilin martın ortalarına kimi Azərbaycan Xalq 

Cümhuriyyətinin  Gürcüstan  Respublikasında  diplomatik  nümayəndəsi  olmuşdur.  O,  bu  vəzifədə 

Azərbaycan  və  Gürcüstan  hökumətləri  arasında  dostluq  əlaqələrinin  yaradılmasında,  keçmiş 

Zaqafqaziya  Demokratik  Federativ  Respublikasının  əmlakının  bölüşdürülməsində,  Azərbaycan, 

Ermənistan,  Gürcüstanın  hökumət  və  Avropa  ölkələri  nümayəndələri  ilə  söhbət  və  görüşlərdə, 

Azərbaycan,  Gürcüstan  və  Dağlılar  respublikalarının  nümayəndələrinin  Tiflis  şəhərində  keçirilmiş 

Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti 

kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır.  

1919‐cu  il  aprelin  14‐də  Azərbaycan  parlamenti  N.Yusifbəyovun  sədrliyi  ilə  yeni  Azərbaycan 

hökumətini  təsdiq  etdi.  M.Cəfərov  bu  hökumətdə  xarici  işlər  naziri  vəzifəsini  tutdu.  O,  bu  vəzifədə 

1919‐ci  il  dekabrın  22‐nə  kimi  çalışdı.  M.Cəfərov  bir  diplomat  kimi  Azərbaycan  Respublikasının 

mənafeyini    müdafiə  etmişdir.  Bu  onun  imzaladığı  Gürcüstan  və  Azərbaycan  Respublikaları  arasında 

hərbi‐müdafiə  müqaviləsində,  əlavə  müvəqqəti  kağız  pulun  buraxılması  haqqında  Ermənistan, 

Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə 

Ermənistan XİN‐ə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, 

əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı  və Bakıdakı qoşunlarının koman‐

danlarına göndərdiyi notalardan və s. aydın görünür. 

M.Cəfərov eyni zamanda xarici işlər naziri kimi Azərbaycan parlamentinin 1919‐cu il iyunun 27‐də 

51‐ci və avqustun 18‐də 66‐cı  iclaslarında çıxış edərək Azərbaycan hökumətinin apardığı  xarici siyasət, 

Gürcüstanla bağlanmış müqavilə, şimaldan general Denikin təhlükəsi ilə əlaqədar Gürcüstan hökuməti 

və  Böyük  Britaniyanın  Zaqafqaziyada  olan  komandanlıqları  ilə  aparılan  danışıqlar  haqqında  məlumat 

vermişdir. 

1919‐cu  il  dekabrın  2‐11‐də  Bakıda  Türk  Demokratik  Federalist  Müsavat Partiyasının  II qurultayı 

keçirildi. Qurultayda iştirak etmiş M.Cəfərov, M.Rəsulzadə, M.Hacınski, N.Yusifbəyov və b. ilə birlikdə 

qurultayın siyasi komissiyasına seçilmişdir. 

1919‐cu  il  dekabrın  14‐21‐də  Bakıda  azərbaycanlı‐erməni  konfransı  keçirildi.  Konfransda 

Azərbaycandan  F.Xoyski,  M.Hacınski,  R.Vəkilov  və  M.Cəfərov  iştirak  etmişdir.  M.Cəfərov  konfransı 

21



 

giriş  nitqi  ilə  açaraq  demişdir  ki,  müstəqil  Gürcüstan,  Ermənistan  və  Azərbaycan  respublikaları 

yaranmasına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli məsələlər vardır. Konfransı açaraq 

ümid edirəm sizin ağır zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq və hər iki xalq arasında 

dostluq əlaqələri möhkəmlənəcəkdir. 

1920‐ci  il  fevralın  2‐də  Azərbaycan  parlamentinin  121‐ci  iclasında  parlament  sədrinin  müavini 

H.Ağayevin  xəstəliyi  ilə  əlaqədar  olaraq  vəzifəsindən  getməsi  nəticəsində  yeni  müavin  seçilməsi  

müzakirə  edilmişdir.  Müzakirə  zamanı  M.Rəsulzadə    Müsavat  fraksiyası  adından  Azərbaycan 

parlamentinin  sədrinin  müavini  vəzifəsinə  M.Cəfərovu  təklif  etmişdir.  Parlamentin  47  üzvü 

M.Cəfərovun lehinə, 5 üzvü isə əleyhinə səs vermişdir. Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin 

müavini  seçilmiş  və  onun  iclaslarına  sədrlik  etmişdir.  Azərbaycan  parlamenti  onun  sədrliyi  altında 

AXC‐nin  ictimai,  iqtisadi  və  mədəni  inkişafına  yönəlmiş  qanunlar,  qərarlar  qəbul  etmiş  və  sazişlər 

təsdiqləmişdir. 

M.Cəfərov  1920‐ci  il  aprelin  27‐də  parlamentin  son  iclasında  gərgin  müzakirədən  sonra 

hakimiyyətin  başda  N.Nərimanov  olmaqla  Azərbaycan  Müvəqqəti  İnqilab  Komitəsinə  verilməsi 

haqqında qərarı imzalamışdır.  

M.Cəfərov  Azərbaycan  Xalq  Cümhuriyyəti  süquta  yetirildikdən  sonra  Azərbaycan  pambıqçılıq  və 

şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O,1938‐ci il mayın 15‐də Bakıda vəfat 

etmiş və Sağan kəndində dəfn olunmuşdur. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə