Mövzu logiSTİkanin nəZƏRİ-metodoloji Əsaslari plan



Yüklə 261,5 Kb.
səhifə1/13
tarix28.12.2021
ölçüsü261,5 Kb.
#17164
  1   2   3   4   5   6   7   8   9   ...   13


MÖVZU 2. LOGİSTİKANIN NƏZƏRİ-METODOLOJİ ƏSASLARI

Plan:

  1. Logistikanın paradiqması

  2. Logistikada istifadə olunan modellər

  3. Logistikanın əsas prinsipləri

  4. Logistik strategiya və onun həyata keçirilməsi mexanizmi

Logistikanın tarixi inkişaf mərhələləri onun paradiqması ilə sıx əlaqədardır. Tarixi baxımdan logistikanın dörd əsas:



  • analitik;

  • texnoloji (informasiya);

  • marketinq;

  • inteqral paradiqması mövcuddur.

Qeyd olunan bu fundamental paradiqmaların hər biri qərb ölkələrinin elm – praktik fəaliyyətinin nəticəsidir və bunların hər birilə bir sıra konkret elmi məktəblər, tədqiqatçılar qrupu və logistik cəmiyyətlər mütəmadi məşğuldur.

Analitik paradiqma təkrar istehsal prosesinin yalnız istehsal və mübadilə sferasında material axınlarının idarə edilməsi problemi ilə məşğul olan logistikaya nəzəri elm sahəsi kimi ilkin klassik yanaşmanı nəzərdə tutur. Analitik paradiqma ilə bağlı fundamental elmi tədqiqat işləri logistikanın əsas aparıcı fənn olaraq tədris edildiyi Amerika universitetlərinə məxsusdur. Logistikanın analitik paradiqması ciddi nəzəri bazaya, xüsusilə tədqiqatların aparılması üçün ehtiyatların idarə edilməsi, əməliyyatların tədqiqi, iqtisadi kibernetika, riyazi statistik model və metodlardan istifadə olunmasına əsaslanır. Analitik paradiqmanın tətbiq edilməsinin spesifik xüsusiyyəti həll ediləcək logistik problemlərin spesifik cəhətlərini əks etdirən mürəkkəb iqtisadi – riyazi modellərin qurulmasından ibarətdir. Bu zaman logistik obyektlərin (xüsusilə inteqrativ logistik sistemlərin) böyük ölçüyə və stoxastik xarakterə malik olmasını, habelə mürəkkəbliyini nəzərə almaqla problemi dəqiq və düzgün müəyyənləşdirməli və qurulan model isə praktiki baxımdan reallaşdırıla bilən olmalıdır. Bunun üçün qurulan modellər böyük həcmdə ilkin informasiyalarla və logistik idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan mürəkkəb həll alqoritmləri ilə təmin edilməlidir. Daha doğrusu, analitik paradiqma geniş çeşidli ilkin informasiyalara və müvafiq həll alqoritmlərinə malik olmalıdır.

Qeyd olunan bu xüsusiyyətin mahiyyəti ondan ibarətdir ki, analitik paradiqmaya əsaslanan logistik model və məsələlərin praktiki tətbiq sahəsi istehsaldaxili logistik sistemlərin sərhəddinə qədərdir, onunla məhdudlaşır. Yəni, analitik paradiqma yalnız istehsala qədər logistik məsələlərin həlli ilə məşğul olduğundan istehsaldaxili logistik sistemlər analitik paradiqmanın reallaşmasına xidmət edən modellərin, eləcə də onların həll alqoritmlərinin tətbiq sahəsinə aid edilmir. Lakin firma və şirkətlər təsərrüfat fəaliyyətlərinin yerinə yetirilməsi zamanı yaranan cari problemlərin həll edilməsinə daha çox meyl göstərirlər. Buna görə də logistik tədqiqatların aparılmasına inteqrativ nöqteyi – nəzərdən yanaşan, ona böyük maraq göstərən əksər firma və şirkətlər üçün klassik və analitik paradiqma əlverişli hesab edilmirdi və bu da analitik paradiqmadan imtina etmək zəruriyyətini meydana çıxardı. Logistik nöqteyi - nəzərdən daha optimal və əlverişli hesab edilən texnoloji xarakterə malik paradiqmalar təsərrüfat subyektləri üçün məqsədəuyğun idi.

Texnoloji paradiqma ötən əsrin 60 - cı illərində meydana gəlmiş və informasiya – kompyüter texnologiyasının sürətli inkişafı ilə sıx əlaqələndirilirdi. Mövcud paradiqmanın fəlsəfi mahiyyəti bir tərəfdən logistik obyektlərdə material axınlarının idarə edilməsi üzrə ümumi problemi formalaşdırmaq, digər tərəfdən isə problemin həlli üçün zəruri sayılan informasiya – kompyüter təminatını yaratmaqdan ibarət idi. Bu paradiqmada əsas diqqət firma və şirkətlərin təsərrüfat fəaliyyətinin planlaşdırılması, məhsul istehsalı üçün lazım olan ayrı-ayrı material resurslarının tədarük edilməsi, məqsəd (satış) bazarı üçün hazır məhsul istehsalı, hazır məhsuların bölüş­dürülməsi və satışı kimi inzibati funk­siyaların yerinə yetirilməsinə yönəldil­mişdi. Material axınlarının idarə edilməsi ilə əlaqədar olan bütün proseslərin təmin edilməsi məhz, informasiya – kompyüter sistemlərinin tətbiqinə əsaslanırdı ki, bu da öz növbəsində uçot, rabitə (telekommunikasiya) və nəzarət işlərini, habelə logistik sistem üçün mühüm rol oynayan idarəetmə qərarlarının qəbulu prosedurunu asanlaşdırırdı.

Texnoloji paradiqmanın nəzəri əsasını həm logistik obyektlərin özlərinin modelləşdirilməsi üçün tətbiq edilən, həm də sistemin informasiya - kompyüter təminatının yaradılması (və ya mövcud olanın təhlil edilməsi) zamanı intensiv istifadə olunan sistemli yanaşma metodu təşkil edirdi. Bu zaman logistik idarəetmənin əsas strategiyası adi, köhnə məsələləri avtomatlaşdırmaq və daha mürəkkəb logistik məsələləri isə məhz informasiya – kompyüter təminatının yaratdığı keyfiyyət üstünlükləri hesabına həll etməkdən ibarət idi. Lakin qeyd etmək lazımdır ki, material axınlarının idarə edilməsi ilə bağlı bütün proseslərin optimallaşdırılması texnoloji paradiqmanın məqsədini təşkil etmirdi və demək olar ki, onun diqqət mərkəzindən kənarda dururdu.

Praktiki olaraq texnoloji paradiqmadan istifadəyə nümunə kimi firma­daxili planlaşdırma, ehtiyatların idarə edilməsi, material resurslarının tədarükatı, habelə hazır məhsulların istehlakçılara göndərilməsi zamanı tətbiq edilən, geniş yayılmış «resurslara tələbatın planlaşdırılması» sistemini göstərmək olar.

Buna görə də ötən XX - ci əsrin 80 – ci illərindən etibarən sənayecə inkişaf etmiş bir sıra qərb dövlətləri logistik sistemlərin qurulması zamanı tez – tez marketinq paradiqmasına istinad etməyə başladılar. Bu paradiqmadan istifadəyə əsaslanan modellərin başlıca məqsədi mövcud rəqabət mübarizəsi şəraitində logistik sistemlərlə firmaların imkanları arasında münasibətləri təsvir etmək və aydınlaşdırmaq­dan ibarət idi. Məhz bu baxımdan layihələşdirilən, qurulan logistik sistemlər ilk növbədə firma və şirkətlərin strateji məqsədlərinin – bazarın tədqiqi, firmanın bazar payının və rəqabət mübarizəsinə tab gətirməsinin təyin edilməsi, satış bazarının cari və potensial tələbinin proqnozlaşdırılması kimi marketinq məsələlərinin həll olunmasını tələb edən, nəzərdə tutan məhsul satışı bazarında rəqabət strategiyasının reallaşdırıl­masına istiqamətlənmişdi.

Marketinq paradiqmasının elmi bazasını əsasən iqtisadi və sosial yönümlü fənlər: istehsalın iqtisadiyyatı və təşkili; əməli menecment, heyətin və məhsulun keyfiyyətinin idarə edilməsi; marketinq; sosial psixologiya və s. təşkil edir. Paradiqmanın riyazi əsası isə ehtimal nəzəriyyəsi, riyazi statistika, əməliyyatların tədqiqi metodlarından ibarətdir. Qeyd etmək lazımdır ki, bu paradiqmadan istifadəni nəzərdə tutan logistik obyektlərin modelləri müəyyən mənada abstrakt olmaqla kifayət qədər böyük ölçüyə malikdir. Belə modellərin bir sıra dəyişənləri keyfiyyət xarakteristikasına malik olduqlarından sadə analitik qərarların alınması prosedurunu çətinləşdirir. Bu nöqteyi – nəzərdən də qeyd olunan modellərin hər vaxt qurulması və tətbiqi iqtisadi baxımdan əlverişli olmur.

Xarici ölkələrdə marketinq paradiqmasının praktikada geniş istifadə olunan formasına nümənə kimi LRP (Logistics Requirements Planning) sistemini - firma, ərazi – istehsal kompleksləri və makrologistik strukturlar səviyyəsində giriş, daxili və çıxış material axınlarına nəzarət sistemini - göstərmək olar. Bir çox hallarda LRP sistemi «Supply Chain Management System» (logistik mərhələlərin - dövrənin idarə edilməsi) adlandırılır. Mahiyyət etibarı ilə LRP sistemi bir tərəfdən bölüşdürmə və satış şəbəkələrində, digər tərəfdən isə istehsaldaxili bölmələrdə ehtiyatların idarə edilməsinə konseptual marketinq yanaşması üçün; habelə material resurslarına tələbatın proqnozlaş­dırılması, hazır məhsullara tələb və nəqliyyat vasitələrinə tələbat; optimal logistik mərhələnin müəyyənləş­diril­­məsi üçün bir növ təminat yaradır.

Praktiki məsələlərin həll edilməsi məqsədilə logistik sistemin qurulması üçün göstərilən hər üç paradiqmanın kombinələşdirilmiş formasından istifadə olunur. Bununla yanaşı son vaxtlar qərb ölkələrində yeni logistik paradiqmadan (bəzi mütəxəssislər bunu inteqrativ paradiqmada adlandırırlar) aktiv istifadə olunması intensiv xarakter alıb. Bu paradiqma mahiyyət baxımından müasir mərhələdə biznes fəaliyyətinin obyektiv ilkin şərtlərini nəzərə almaqla sanki marketinq paradiqmasının inkişaf etmiş forması hesab edilir.

İnteqrativ logistik paradiqmanın əsas ilkin şərtləri:


  • firma və şirkətlərin rəqabət imkanlarının reallaşdırılmasında strateji element kimi bazar mexanizmi və logistikanın yeni anlamda, səpkidə başa düşülməsindən;

  • logistik əməkdaşlar arasında kifayət qədər pers­pektiv inteqrasiya əlaqələrinin və inkişaf etmiş iqtisadi münasibətlərin mövcudluğundan;

  • texnoloji imkanlar, xüsusilə çevik avtomatlaşdırılmış istehsal və informasiya – kompyüter texnologiyası sahəsinin radikal dəyişikliklərə məruz qalması və nəticədə məhsul istehsalı və mübadiləsi sferalarının idarə edilməsi və onlara nəzarət olunması prosesində yeni perspektiv imkanların yaranmasından ibarətdir.

Bazarda fəaliyyət göstərən hər bir təsərrüfat subyekti özünün rəqabət qabiliyyətini artırmaq üçün çevik və dinamik olmalıdır. Yəni, bazar mühitində və hazır məhsulların tələb paketində əmələ gələn, baş verən müvafiq dəyişikliklərə təşkilati – iqtisadi nöqteyi - nəzərdən adekvat cavab verməli, tez uyğunlaşmalıdır. Fəaliyyətlərini bu prinsip əsasında qurmayan, real bazar mövqeyindən çıxış etməyən istehsalçı firma və şirkətlər təbii ki, uzun müddət bazar dayanıqlığını saxlaya bilmir və analoji məhsul istehsalçıları üçün bir növ çıxdaş edilmiş «rəqibə» çevrilirlər. Burada ən mühüm, əhəmiyyət kəsb edən məqam məhz qeyd olunduğu kimi z a m a n amilidir. Yəni, satış bazarını (ayrı-ayrı seqmentləri də daxil olmaqla) konkret vaxt kəsiyində istehlakçının və ya istehlakçı qrupunun hansı məhsula və ya məhsul çeşidinə real tələbatını dəqiq müəyyənləşdirmək lazım gəlir. Bunun üçün isə hər şeydən əvvəl logistik həyat dövranının ayrı-ayrı mərhələlərindən (fazalardan) məmulatın keçməsinə, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə, xammal və materialın göndə­rilməsinə, hazır məhsulun istehsalına, sifarişlərin qəbul olunması və emalına, hazır məhsulun bölüşdürülməsi və satışına sərf olunan vaxtın azaldılması tələb olunur. İstehsal dövrünün azaldılması üçün firma və şirkətlər istehsalın dar səviyyədə ixtisaslaşdırılmasına daha çox üstünlük verirlər. Bu, bir tərəfdən firmaları istehsalın zəruri material resursları ilə operativ təmin edilməsinə, artıq istehsal ehtiyatlarının yaranması hallarının aradan qaldırılmasına, istehsalın səmərəli təşkilinə imkan verirsə və onların manevr imkanlarını artırırsa, digər tərəfdən hazır məhsulların bölüşdürülməsi üzrə şəbəkələrdə fəaliyyət göstərən logistik vasitəçilərlə inteqrativ əlaqələrin qurulmasına ehtiyac yaradır.

Müasir inteqrativ logistikada z a m a n amilinin belə xüsusi əhəmiyyət daşıması «istehsal dövrünün uzunluğu menecmenti» (Time-Based management ) və ya «istehsal dövrünün uzunluğu logistikası» (Time-Based logistics) termininin meydana gəlməsinə ilkin şərait yaratdı.

Mövcud iqtisadi şəraitdə bazar münasibətlərinin mürəkkəbləşməsi və rəqabətin güclənməsi aşağıdakı əsas məqamlarla ifadə olunan logistik sistemlərin transformasiyasına gətirib çıxarır:


  • material və informasiya axınlarının mürəkkəbliyi, hərəkət sürəti və intensivliyi artır. Logistik vasitəçilər arasında qarşılıqlı maliyyə münasibətləri çətinləşir;

  • logistik dövrədə iştirakçıların (agentlərin) sayı azalır. Təşkilati – iqtisadi münasibətlər baxımından isə logistik sistemlərdə qarşılıqlı əlaqələr kəmiyyətcə minimum səviyyəyə çatır və bu əlaqələrin mürəkkəbliyi artır;

  • istehsal və bölgü şəbəkələrində material ehtiyatlarının praktiki olaraq yaradılmaması və ya ləğv edilməsi nəticəsində logistik dövrənin etibarlığı azalır.

Yeni-inteqrativ paradiqma mahiyyətcə biznesin qarşıya qoyduğu məqsədlərə nail olunması üçün material axınlarının hərəkəti ilə əlaqədar yerinə yetirilən müxtəlif əməliyyatlara və funksiyalara qarşılıqlı asılılıq və əlaqə formasında baxılmasını nəzərdə tutur. İnteqrativ paradiqmanın mahiyyətini daha geniş şəkildə açıqlamaq üçün aşağıdakı sxemdən istifadə olunur.

a)

a) variantında – təqdim edilən şəkil biznesin spesifik funksiyalarına (tədarükat, istehsal, satış və müvafiq nəzəri aparat - injirinq, mikroiqtisadiyyat, istehsalın təşkili, əməli menecment, fiziki bölüşdürmə) əsaslanan ənənəvi logistik yanaşmanı əks etdirir. Bu mənada logistikanın konseptual mövqeyi məhsulgöndərmə mərhələsindən son istehlakçılara - alıcılara qədər icra olunan ayrı-ayrı logistik funksiyalar arasında material axınlarının idarə edilməsi ilə bağlı inteq­rativ potensialı özündə əks etdirir.

İ
nteqrativ paradiqmaya əsaslanan logistikanın yeni perspektivləri b) va­rian­tında göstərilən şəkilində verilmişdir.




Yüklə 261,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin