MÜHAZİRƏ 1
Mövzu : Giriş. Süni soyuducuların termodinamiki əsasları
Plan:
1. Giriş
2. Süni soyutma üsulları
3. Cismin hal parametrləri
4. Cismin faz dəyişiklikləri
5. Soyuducu agentlərin termodinamiki diaqramları
6. Əks dairəvi proses
Ədəbiyyatlar:
1. Q. B. M ə m m ə d o v. Soyuduculuq texnikası. - Bakı: Elm, 2007.-282s. (Dərslikdə səhifə 3-18);
2. К о ч е т к о в Н. Д. Холодильная техника. -М.: Машиностроение, 1966, 408 с.
3. Б а б а к и н Б. С., В ы г о д и н В. А. Бытовые холодильники и морозилники / 2-е изд., испр. и доп. -М.: Колос, 2000, 656 с.: ил. (Справочник).
4. Г а л ь п е р и н Д. М. Монтаж и эксплуатация холодильных установок в сельском хозяйстве. -М.: Колос, 1984, 301 с.
Giriş
Ərzaq məhsullarının uzun müddət saxlanması və müxtəlif növ ərzaqların istehsalında soyutmadan istifadə olunur. Bir çox məhsulların özünün keyfiyyət göstəricilərinin müddətli saxlanması adi soyuq şəraitdə mümkün olmur, çünki ayrı-ayrı məhsulların özlərinin saxlanma temperaturları vardır. Həmin temperaturları isə adi şəraitdə almaq mümkün olmur. Ona görə də belə temperaturlar soyuducular vasitəsilə yerinə yetirilir.
İlk məişət soyuducusunun nümunəsi buzu hazırlamaq üçün (1 kq/saat) nəzərdə tutulan və1860-cı ildə fransız mühəndisi F. Karre tərəfindən təklif olunan aparat hesab edilə bilər. 1862-ci ildə Ümumdünya London sərgisində F.Karre buz istehsalı üçün həmin aparatın işinə analoji olan yüksək məhsuldarlıqlı maşın nümayiş etdirmişdir. Maşın maye ammonyak üçün daxilində çən quraşdırılmış kiçik soba şəklində idi. Ammonyak qızdırılma nəticəsində buxarlanaraq boru ilə soyuducu çənə daxil olur. Buxarlanaraq soyutma nəticəsində çəni əhatə edən su donaraq buz əmələ gətirirdi.
Müasir məişət soyuducusu texnikasının yaranmasına ilk təkan verən 1874-cü ildə Münhenli alim K.Linde tərəfindən işlənmiş soyuducu maşın olmuşdur. Onun hazırladığı ilk soyuducu maşın metil efiri ilə işləmiş və Münhendə pivə zavodunda sınaqdan keçirilmişdir. Ammonyakla işləyən ikinci maşın isə 1874-cü ildə hazırlanmışdır.
İlk məişət tipli kompressorlu soyuducu 1910-cu ildə ABŞ-da yarandı. Bir il keçəndən sonra ’’General Electrik’’ amerika firması ’’Odifren’’ adlı soyuducu maşınların istehsalına başladı. Fransız fizika müəllimi Marsel Odifren tərəfindən 1894-cü ildə yaradılan ’’Odifren’’ maşını ilk avtomatik soyuducu maşın oldu.
Kopeland tərəfindən layihələndirilən, kamerasında temperaturu avtomatik nizamlanan ilk məişət soyuducusu ABŞ-da 1918-ci ildə hazırlanmışdı. Burada soyuducu agent kimi kükürd anhidridindən və ya ammonyakdan istifadə olunmuşdur. Kompressor elektrik mühərrikindən qayış ötürməsi vasitəsilə hərəkətə gətirilirdi.
Avropada soyuducu istehsalının inkişafı ABŞ-a nisbətən zəif idi. Belə ki, 1936-cı ildə Almaniyada 40 min kompressorlu soyuducu istehsal olunduğu halda ABŞ-da bu rəqəm 2 mln. idi.
İlk yapon soyuducusu 1926-cı ildə, keçmiş SSRİ-də isə ilk ХТЗ-120 soyuducuları 1937-ci ildə Xarkov traktor zavodunda (ХТЗ) hazırlanmışdır.
Hal – hazırda buraxılan soyuducuların 90 %-i kompressorlu tiplidir. Absorbsiyalı soyuducular qənaətcil olmadığından onların istehsalı azalmışdır.
Termoelektriki soyuducular da geniş yayılmışdır, çünki kompressorlu soyuducularla müqayisədə onların enerji sərfi dörd dəfə çoxdur. Onlar yalnız kiçik avtomobil soyuducularında (həcmi 10…20 dm3) istifadə olunur (burada alçaqgərginlikli sabit cərəyandan istifadə edilir).
Əhalinin tələbatına uyğun soyuducuların inkişaf tendensiyası onların faydalı həcminin artmasıdır. Əgər 1968 –ci ildə satılan soyuducuların yalnız 6,3 %-nin həcmi 200 dm3 idisə, 1988 –ci ildə bu rəqəm 68 % -ə kimi artmışdır.
Məişət soyuducularının istehsalının digər tendensiyası – dondurulmuş məhsulların saxlanma bölməsinin həcminin artması və orada temperaturun -10…-12C-dən -18…-24C kimi azalmasıdır.
Son zamanlar zavodlar iki kameralı soyuducular istehsal edirlər ki, burada aşağı temperatur bölməsi kamera şəklində hazırlanır və ayrıca qapı ilə örtülür. Əgər adi modellərdə aşağı temperaturlu bölmənin (dondurucunun) həcmi ümumi həcmin 12…15 %-ni təşkil edirsə, iki kameralılarda bu 30…40 % təşkil edir. Üç kameralı soyuducuların istehsalı da artmışdır. Bu soyuducular yüksək temperaturlu (10…23C), aşağı temperaturlu (-6…-24C) və universal (+10…-12C) bölmələrdən ibarətdir.
Hazırda istehsal olunan soyuducular komfort elementləri ilə təchiz edilmişdir: şəffaf rəflər, kameraların bölmələrinin şəffaf qapıları, pis iylərin qarşısını almaq üçün dezodorantlar, kompüterlə idarəetmə və s.
Dostları ilə paylaş: |