Mühazirə 1
RİYAZİYYAT TƏDRİSİ METODİKASININ ELMLƏR
ARASINDAKI MÖVQEYİ VƏ TƏDQİQAT
METODLARI
PLAN
Riyaziyyatın tədrisi metodikasının predmeti
2. Riyaziyyatın tədrisi metodikasının digər elmlərlə əlaqəsi.
3. Riyaziyyat tədrisi metodikasının tədqiqat metodları
Riyaziyyat tədrisi metodikasının predmeti
Riyaziyyatın tədrisi metodikası tədris fənni kimi riyaziyyat haqqında və müxtəlif yaş qruplarından olan şagirdlərə riyaziyyat təlim prosesinin qanunauyğunluqları haqqında elmdir. Bu fənnin proqramı “Xüsusi metodika” və “Ümumi metodika” adlanan iki hissədən ibarətdir. Ümumi metodika bir tədris fənni kimi riyaziyyatın xüsusiyyətlərini nəzərə almaqla didaktikanın konkretləşməsindəb ibarətdir. Metodik ideyalar müddəalar və tövsiyyələr psixoloji pedaqoji əsada hazırlandığı üçün ona ümumi metodika deyilir. Xüsusi metodika mahiyyət etibarilə ümumi məktəb riyaziyyat kursunun konkret mövzusunun öyrənilmə metodikanın tətbiqindən ibarətdir. Təlim prosesi tədris və öyrənilmə adlanan 2 komponentdən ibarətdir proseslərin üzvi birliyidir. Tədris müəlliminin fəaliyyətdir. Öyrənilmə isə şagirdlərin riyazi bilikləri mənimsəməsidir. Gələcək riyaziyyat müəllimi üçün əsas yalnız orta məktəb riyaziyyat kursunun mahiyyətini ideyalarını dərindən dərk etmək (deyil) və tədris üsullarına yiyələnmək deyil, həm də didaktika ilə əlaqəli bilik sahələrindən olan məsələləri, pedaqoji elmin nailiyyətlərini və qabaqcıl təcrübəni yaxşı mənimsəməkdir.
Didaktika –təhsil, həm də təlim nəzəriyyəsi olub, riyaziyyatı tədrisi metodikasının əsasında durur. Metodika nəzəriyyəsindən praktikaya bilavasitə körpü salan pedaqoji elmdir. O, konkret elmi və psixoloji bilikləri alması üçün daha effektiv təlim metodları və yolları işləyib hazırlayır.
Riyaziyyatın tədrisi metodikası-tədris fənni kimi riyaziyyat haqqında və müxtəlif yaş qruplarından olan şagirdlərə riyaziyyat təlimi prosesinin qanunauyğunluqları haqqında elmdir.
Riyaziyyat tədrisi metodikasının qarşısında aşağıdakı vəzifələr durur:
Riyaziyyatın öyrənilməsinin konkret məqsədlərini və orta məktəbdə tədris fənninin məzmununu müəyyən etmək;
Qarşıya qoyulan məqsədlərin əldə edilməsinə istiqamətlənən və rasional təlim üsulları və təşkilat formaları işləyib hazırlamaq;
Təlimin zəruri vasitələrini nəzərdən keçirmək və tədris praktikasında onların tətbiq edilməsinə aid tövsiyələr işləyib hazırlamaq.
Ənənəvi olaraq hesab edilir ki, riyaziyyat təlimi metodikası; kimi öyrədirik? Nə üçün öyrədirik? Nəyi öyrədirik? Necə öyrədirik?-suallarına cavab verməlidir. Kimi öyrədirik-sualına cavabda uşaqlara riyaziyyatın elementlərinin, riyaziyyatın sistematik kursunun təliminə, riyaziyyat təhsilinin ixtisaslaşmasının həyata keçirilməsinə və s. başlanılacaq yaşın bilinməsi nəzərdə tutulur (məktəb, obyekt). Nəyi öyrədirik-sualı riyaziyyat təliminin məzmununu (bilik, bacarıq, fəaliyyət üsulları) müəyyən etməyi tələb edir. Necə öyrətmək-sualının cavabı riyaziyyat təliminin metodları, vasitələri, formalarının aşkar edilməsini nəzərdə tutur. Nəhayət, nə üçün öyrədirik-sualı tədqiqatçıları riyaziyyat təliminin məqsədlərini aydınlaşdırmağa istiqamətləndirir. Söylənilənlər artıq təsdiq etməyə imkan verir ki, riyaziyyat təlimi metodikasının predmeti analoji vəsaitlərdə verilən şərhindən genişdir.
Riyaziyyat təlimi metodikasının vəzifələri ancaq riyaziyyatın “verdiyi” mövzuların tədrisi metodları və priyomlarının axtarılması ilə məhdud edilərsə, əlbəttə, onun elm adlandırılması yanlış olardı. Ona görə riyaziyyat təlimi metodikası riyaziyyat təhsili, təlimi və tərbiyə problemlərinin tədqiq edilməsi ilə məşğul olmalıdır. Bu anlayışların məzmunu və qarşılıqlı əlaqələri haqqında müxtəlif fikirlər mövcuddur.
Riyaziyyat təlimi metodikasının predmeti kifayət qədər mürəkkəbliyi ilə seçilir. Mürəkkəb hadisənin öyrənilməsi üçün onu komponentlərinə ayırır və onlar arasındakı əlaqələrin sistemli analizin köməkliyi ilə müəyyən edirlər. Bu əlaqələr isə öyrənilən hadisənin nəzəriyyəsini əmələ gətirir. Riyaziyyat təlimi metodikasının predmetini sistemli analiz əsasında şərh edilməsi A.M.Pışkaloya məxsusdur. O, riyaziyyat təliminin məqsədi, məzmunu, metodları, formaları və vasitələri çoxluğundan ibarət sistem təklif etmiş və onu riyaziyyat təliminin metodik sistemi adlandırmışdır. Lakin müasir şəraitdə A.M.Pışkalonun işləyib hazırladığı metodik sistem də təhsil, təlim və tərbiyə məsələlərinə adekvat deyildir.
Qeyd edək ki, ənənəvi model “Dövlət-ictimaiyyət-məktəb-şagird” sisteminin fəaliyyətdə olduğu şəraitdə yaradılmışdır. Hazırda isə bu modeldə ardıcıllıq dəyişmiş, şagird, onun inkişafı ön plana gətirilmişdir. Yeni pedaqoji paradiqmada başlıcası şəxsi oriyentasiya olunan yalnız təlim deyil, həm də bütün təhsildir. Ona görə riyaziyyat təlimi metodik sisteminin səciyyəsini müəyyən edən əsas müddəaya şəxsiyyətin strukturu, onun inkişaf qanunauyğunluğu aid edilməlidir.
Riyaziyyat təlimi metodikasına aid tədris vəsaitlərində tədqiqatın obyekti və predmetini çox vaxt ayırmamışlar. Elmin obyekti dedikdə öyrənilmə və ya tədqiqat üçün ayrılan varlığın bir hissəsi başa düşülür. Elmin predmeti obyektin ideallaşdırılması, tədqiqatçının şüurunda onun fikrən inikası kimi özünü göstərir.
Riyaziyyat təlimi metodikasının obyektini riyaziyyat təhsili, təlimi və riyazi vasitələrlə tərbiyə təşkil edir. Riyaziyyat təlimi metodikasının predmetini riyaziyyat təhsilinin məqsədləri və məzmunundan, təlimin metodları, vasitələri, formalarından, şagirdin fərdiliyindən və təlimin nəticələrindən ibarət olan xüsusi metodik sistem (bu ənənəvi olaraq “riyaziyyat təlimi” adlanır) təşkil edir. Riyaziyyat təlimi metodik sisteminin fəaliyyətinə təhsilin məqsədləri, riyaziyyatın elmdə, həyatda, istehsalatda, təhsildə yeni ideyalar kimi bir sıra faktorlar təsir göstərir. Bu təsirlərin hamısı xarici mühit adlanır. Metodik sistemin komponentlərinin qanunauyğun əlaqələri və onun xarici mühiti, onların konstruksiya üsulları, tədqiqat metodları riyaziyyat təlimi metodikasının metodologiyasını əmələ gətirir. Riyaziyyat təlimi metodik sistemin xarici mühitinə şəxsiyyətin inkişaf qanunları, təhsilin ümumi məqsədləri, cəmiyyətin həyat fəaliyyətində onun rolu, təhsilin humanistləşməsi və humanitarlaşması, riyaziyyatın predmeti, onun elmdə, həyatda, istehsalatda yeri, psixologiyada, didaktikada, məntiqdə və həyatda tədqiqatların nəticələri daxildir. Riyaziyyat təlimi məqsədlərinin müəyyən edilməsinə xarici mühitin təsiri daha əhəmiyyətlidir. Ona görə metodik sistemin aparıcı komponentini riyaziyyat təliminin məqsədləri təşkil edir.
Riyaziyyat təlimində məsələdən istifadə edilməsi probleminin obyekti məsələnin həlli prosesi olacaqdır. Göstərilən obyektə uyğun metodik sistemə məsələdən istifadə edilməsinin məqsədi, riyazi təhsilin məzmunu (anlayışlar, teoremlər, fəaliyyət üsulları, evristika) məsələ həllinin ardıcıllığı, şagirdlərin fəaliyyəti, məsələ həllinin formaları daxildir.
Əgər konkret metodik tədqiqatın obyekti təlim metodikasının hər hansı baxışlarını və ya xassələrini ayırırsa, onda bu tədqiqatın predmeti də riyaziyyat metodikasının predmetinə uyğun olacaq və ya əsas metodik sistemin alt çoxluğunu, ya da ayrı-ayrı xassələrini əhatə edəcəkdir. Tədqiq olunan obyektə adekvat olan metodik sistemə onun fəaliyyət göstərən məqsədləri, məzmunu, vasitələri, metodları və formaları daxildir.
Riyaziyyatın metodikası ilk dəfə İsveçrə pedaqoqu Q.Pestalotsinin (1746-1827) 1803-cü ildə çap olunmuş “Ədəd haqqında əyani təlim” kitabında meydana gəlmişdir. Riyaziyyatın metodikası elmi fənn kimi yalnız XIX əsrdən inkişaf etməyə başlamışdır.
Azərbaycanda riyaziyyatın metodikası ilk dəfə pedaqogika üzrə elmlər doktoru, professor Bəylər Əbdülrəhim oğlu Ağayev (1906-1987) məşğul olmuş, 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunda “Riyaziyyat tədrisi metodikası” kafedrasının açılmasına nail olmuş və “Riyaziyyatın tədrisi metodikası" dərs vəsaitini çap etdirmiş, bu sahədə tədqiqatçılar məktəbi yaratmışdır (Ə. Y. İbrahimov, S.N.Sadıxov, K.S.Əsgərov, İ.F.Əliyev, Ə.A.Quliyev, B.V.Vəliyev və başqaları).
Söylənilənləri nəzərə alaraq qeyd etmək olar ki, riyaziyyat təlimi metodikasının predmeti metodik sistemlərdir.
Dostları ilə paylaş: |