ŞƏXSİYYƏTİn mahiYYƏTİ VƏ strukturu



Yüklə 15,68 Kb.
tarix21.04.2017
ölçüsü15,68 Kb.
#15205
ŞƏXSİYYƏTİN MAHİYYƏTİ VƏ STRUKTURU

Şəxsiyyətin ahəngdar inkişafı tərbiyənin başlıca məqsədidir. Bəs, şəxsiyyətin inkişafı nə deməkdir? Buraya hansı amillər təsir edir? Nə üçün həyatda bir-birinə daxilən tam bənzər iki adam tapmaq olmur?


Bu sualların düzgün həlli problemin mahiyyətini başa düşməkdə mühüm əhəmiyyətə malikdir.
Şəxsiyyət dedikdə, müəyyən sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu fərd başa düşülür. İnsan fərd (bioloji varlıq) kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi, əmək, fiziki və s.) yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə formalaşmır; o, müəyyən səviyyələrdən (aşağı, orta, yüksək, ideal səviyyə) keçir. Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduğunu qeyd edirlər.
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış. Metafizik baxış inkişafı mexaniki proses kimi başa düşür: ona kəmiyyət dəyişməsi kimi baxır, inkişafın mənbəyini isə genetik proqramda axtarır.
Dialektik baxış isə şəxsiyyətin inkişafına kəmiyyət dəyişmələrindən keyfiyyət dəyişmələrinə keçid kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir. Əsas ziddiyyət insanın tələbatları ilə imkanları arasındakı ziddiyyətdir. İnsan öz ehtiyacını (tələbatını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarığını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə öz inkişafında irəliyə doğru müəyyən addım atır - bu və ya digər keyfiyyətə yiyələnir.
İnsan şəxsiyyəti müxtəlif amillərin nəticəsində formalaşır. Şəxsiyyətin formalaşmasına təsir edən amillər çoxcəhətlidir: onlar daxili və xarici, təbii və ictimai, subyektiv və obyektiv, planlı və kortəbii olur.
Bəs, şəxsiyyətin inkişafına təsir göstərən amillərdən hansı əsasdır, həlledicidir? Bu sualla əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Şəxsiyyətin inkişafında hansı amillərə üstünlük verilməsindən asılı olaraq həmin nəzəriyyələri bir neçə qrupa bölmək olar:
1. Bioloji amilin rolunu şişirdən nəzəriyyələr. Orta əsrlərdə mövcud olan "irsiyyət" nəzəriyyəsi, XIX əsrin sonlarında mövcud olan "biogenetik" nəzəriyyə şəxsiyyətin inkişafında irsiyyət amilini əsas götürür. Guya insan hazır qabiliyyət və xasiyyətlə doğulur. Bəzi alimlər - E.Torndayk, C.Dyui (ABŞ) qabiliyyətlərin göz və qulaq kimi insana genlər vasitəsilə hazır verildiyini qeyd edirlər.
Dinin «qismət» nəzəriyyəsi də bu mövqedən çıxış edir: insanın taleyi doğularkən onun alnına yazılır: yazılanı isə pozmaq olmaz, heç kəs qismətdən artıq yeyə bilməz. "Ot kökü üstə bitər", "Qozbeli qəbir düzəldər" ifadələri də irsiyyətin rolunu şişirtməyə, tərbiyə və mühitin rolunu inkar etməyə yönəlmişdir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş bəzi nəzəriyyələrdə də irsiyyət həlledici amil kimi irəli sürülür. "Biheviorizm", "Freydizm", "İrqçilik" və "Elita" nəzəriyyələri məhz bu mövqedə durmuşlar. Onlar insanların zehni, mənəvi, sosial fərqlərini onların təbiəti ilə - irsi amillərlə izah edirlər.
2. Tərbiyənin rolunu şişirdən nəzəriyyələr. Y.A.Komenski (XVII əsr), K.A.Helvetsi (XVIII əsr) tərbiyənin roluna böyük qiymət vermişlər. Y.Komenskiyə görə, insan tərbiyə sayəsində insan olur. O, "hamıya hər şeyi öyrətməyin" mümkün olduğunu qeyd edirdi. Fransız materialisti K.Helvetsi də tərbiyənin rolunu şişirdirdi. O deyirdi: "Tərbiyə hər şeyə qadirdir". Onun fikrincə, insanların xarakterindəki və zehni inkişafındakı fərqlər tərbiyənin nəticəsidir.
3. Mühitin rolunu şişirdən nəzəriyyələr. C.C.Russo "Azad və təbii tərbiyə" nəzəriyyəsi (XVIII əsr) ilə bu mövqedə durmuşdur. O, tərbiyədə insana sərbəstlik verməyi tələb edirdi, məcburiyyətin, qadağanın əleyhinə idi. Onun fikrincə, uşağın şəxsiyyətinə hörmət etmək, onun maraq və tələbatları ilə hesablaşmaq lazımdır.
4. Mühit və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. C.Lokk "Ağ lövhə" nəzəriyyəsi ilə (XVII əsr) məhz bu mövqedən çıxış edirdi: guya insan "ağ lövhə" kimi doğulur, yəni özü ilə heç nə gətirmir, bütün keyfiyyətləri sonradan tərbiyə və mühitin təsiri ilə qazanır. Bu nəzəriyyə şəxsiyyətin inkişafında bioloji amili inkar edirdi.
5. İrsiyyət və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. Fransız filosofu D.Didro (XVIII əsr), İsveçrə pedaqoqu İ.Pestalotsi (XVIII-XIX əsrlər) bu mövqedən çıxış etmişlər.
İ.Pestalotsi insanın təbii qüvvələrini, yəni irsi imkanlarını mütləqləşdirməyin (C.C.Russonun "Təbii tərbiyə" nəzəriyyəsində olduğu kimi) əleyhinə çıxırdı. Təbii imkanlar özlüyündə, tərbiyənin iştirakı olmadan inkişaf edə bilməz: özbaşına buraxılmış, kortəbii inkişaf edən insan (C.C.Russonun "Azad tərbiyə" nəzəriyyəsində olduğu kimi) ahəngdar şəxsiyyət kimi formalaşa bilməz, onun təbii qüvvələri lazımi dərəcədə inkişaf etməz.
6. İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr. "İki amil" nəzəriyyəsi (XIX əsr) bu mövqedə durmuşdur: guya hər şey insanın irsiyyətindən və düşdüyü mühitdən asılıdır. Sonrakı dövrlərdə irəli sürülən bəzi nəzəriyyələr də "Konvergensiya" nəzəriyyəsi (C.Piace, Ştern), "İstedadlılıq" nəzəriyyəsi (Q.Ayzek, Qrey) irsiyyət və mühitin rolunu şişirdir, tərbiyənin rolunu inkar edir. Hətta bəziləri genlərin təsir faizini rəqəmlə göstərməyə cəhd etmişlər: guya şəxsiyyətin zehni inkişafı 80% genlərin, 20% isə mühitin təsiri ilə formalaşır (Q.Ayzek).
Bu nəzəriyyələr şəxsiyyətin formalaşması məsələsinə birtərəfli yanaşmış, bu prosesə təsir göstərən amillərdən ya birini, ya da ikisini qəbul edərək digərlərinin rolunu inkar etmiş və ya məhdudlaşdırmışlar. Bu nəzəriyyələrdə habelə şəxsiyyətin özünün fəallığı qiymətləndirilməmişdir.
7. Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını vəhdətdə götürən nəzəriyyə. Dialektik nəzəriyyə (XX əsr) məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər isə həlledici rol oynayır. İrsiyyətin müəyyənedici rolu onunla əlaqədardır ki, irsi imkanlar tərbiyə və mühitin iştirakı olmadan öz-özünə inkişaf edib qabiliyyətlərə çevrilə bilməz. Tərbiyə və mühit insanın təbii imkanlarını üzə çıxarıb inkişaf etdirə də bilər, onların inkişafına mane də ola bilər. Buna görə də hər bir uşağın təbii imkanlarını vaxtında (kiçik yaşlardan) üzə çıxarmaq və onların inkişafı üçün əlverişli şərait yaratmaq lazımdır. Əks halda cəmiyyət bir çox istedadlardan məhrum ola bilər.
Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında insanın şəxsi fəallığının da rolunu qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o, mühitə fəal təsir göstərə bilər. Şəxsiyyətin formalaşmasında tərbiyə ilə yanaşı, insanın özünütərbiyəsi də mühüm şərtdir.
İnsan şəxsiyyətinin inkişafında bioloji və sosial amillərin rolunu toxumun cücərib inkişaf etməsi ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar ("Tərbiyə" ərəbcə "bəsləmək", "yetişdirmək" deməkdir).
Yüklə 15,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin