Mühazirə 9 Mövzu: Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində. Plan



Yüklə 162,5 Kb.
səhifə1/4
tarix10.11.2022
ölçüsü162,5 Kb.
#68419
növüMühazirə
  1   2   3   4
MÜHAZİRƏ 9


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ


HUMANİTAR FƏNLƏR KAFEDRASI
MÜHAZİRƏÇİ: Quliyeva T.Ə.


Mühazirə 9
Mövzu:
Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində.

Plan:
1. XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət.
2. Qaraqoyunlu dövlətinin meydana gəlməsi və siyasi yüksəlişi.
3. Ağqoyunlu dövlətinin yaranması, daxili və xarici siyasəti.
4. XV əsrdə Azərbaycanda siyasi quruluş, idarə sistemi, sosial-iqtisadi həyat.


ƏDƏBİYYAT

1. Azərbaycan tarixi. 7 cilddə. III cild. B. 2007


2. Piriyev V. Azərbaycan XIII-XIV əsrlərdə. B. 2003
3. Fərzəliyev Ş. Azərbaycan XV – XVI əsrlərdə. B. 1983
4. Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı İmperiyası XV – XVI əsrlərdə. B. 1995
5. Aşurbəyli S. Şirvanşahlar dövləti (VI – XVI əsrlər). B. 2006
6. Mahmudov Y. Azərbaycan diplomatiyası. B. 2006
7. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, 2000
8. Агаев Ю., Ахмедов С. Ак-Коюнлу – Османская война (1472-1473 годы). Баку, 2006
1. XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət.
XIV əsrin sonlarından başlayaraq Azərbaycanda ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Bəhs edilən dövrdə hələ də Azərbaycan ərazisində vahid mərkəzləşmiş dövlət mövcud deyildi. Kürdən şimaldakı torpaqlar Şirvanşahlar dövlətinin, Kürdən cənubdakı Azərbaycan torpaqları isə Cəlairilər dövlətinin ərazisinə daxil idi. Azərbaycanın Kürdən cənubdakı torpaqlarında, Xaçınçay və Tərtərçay vadilərində yarımasılı feodal mülklərindən biri olan Arsax-Xaçın knyazlığı da fəaliyyət göstərirdi. XIV əsrin 80-ci illərindən başlayaraq yalnız Şirvanşahlar dövlətində müəyyən iqtisadi-siyasi canlanma müşahidə olunurdu. Cəlairilər dövlətinin ərazisinə daxil olan Azərbaycan əraziləri isə iqtisadi tənəzzül dövrünü keçirirdi. Xüsusilə, Cəlairi süilatnı Əhmədin (1382-1410) hakimiyyəti dövründə feodal ara müharibələrinin güclənməsi, təsərrüfat həyatının iflic vəziyyətə düşməsi Azərbaycanda sosial narazılığı getdikcə artırırdı. Bir çox feodal mülkləri mərkəzi hakimiyyətə tabe olmaq istəmirdi. Şirazda Şah Şüca, Diyarbəkirdə Qara Məhəmməd, Ərəb İraqında əmir Adil Cəlairilərin tabeliyindən çıxmışdılar. Cəlairi Sultan Əhməd öz qardaşı Sultan Bayazidlə hakimiyyət uğrunda mübarizə aparırdı. İş o yerə çatdı ki, Kürdən cənubdakı Azərbaycan torpaqları Sultan Əhmədin, Əcəm İraqı isə Sultan Byazidin nəzarəti altına keçdi. Beləliklə, ölkədə ictimai-siyasi sabitliyin olmaması onun müdafiə qabiliyyətini zəiflədirdi.
XIV əsrin 70-ci illərində Orta Asiyada Əmir Teymurun başçılığı altında Teymurilər dövlətinin meydana gəlməsi və onun qonşu ölkələrə hücumu, habelə Qızıl Orda xanı Toxtamışın Azərbaycan üzərinə yürüşləri ölkənin vəziyyətini daha da gərginləşdirdi. Ölkədə demək olar ki, hakimiyyətsizliyin hökm sürməsi Əmir Teymurun və Toxtamış xanın hücumlarını asanlaşdırırdı. 1385-ci ildə Əmir Teymur Xorasan üzərinə yürüş etdi. Xorasan hakimi əmir Şahvəli ətraf ölkələrin hakimlərinə, o cümlədən Cəlairi sultanı Əhmədə xəbər göndərərək Teymura qarşı birləşməyi təklif etdi. Lakin qonşu hakimlər onun çağırışına qoşulmadılar. Xorasanı istila edən Teymurun qoşunları Azərbaycan istiqamətində hərəkət etdi. Sultan Əhməd Əmir Teymura qarşı qoşun göndərdi. Lakin Sültaniyyə şəhəri yaxınlığında vuruşmada Cəlairilərin qoşunları darmadağın edildi. Sultaniyyə şəhəri Əmir Teymur tərəfindən tutulsa da, Teymur bu qəlbəsini möhkəmləndirə bilmir. Orta Asiyada baş verən hadisələrlə əlaqədar Əmir Teymur qoşunlarını Azərbaycandan çəkir. Əmir Teymurun öz qoşunlarını Azərbaycandan çəkməsindən və Sultan Əhmədin isə Bağdadda olmasından istifadə edən Qızıl Orda xanı Toxtamış 1385-ci ildə 90 minlik qoşunla Azərbaycana yürüş edir. Toxtamışın qoşunları Təbrizi mühasirəyə aldılar. Lakin Təbrizin müdafiəyə ciddi hazırlığını görən Toxtamış xan 250 tümən qızıl xərac almaq şərti ilə şəhərə toxunmayacağına söz verir. Buna aldanan şəhər əhalisi silahı yerə qoyan kimi Toxtamış şəhərə hücum edir. Qızıl Orda qoşunları 8 gün şəhəri qarət etdilər. Təbrizdən sonra Toxtamışın qoşunları Marağa şəhərini ələ keçirdilər. Yenidən Təbrizə qayıdan Qızıl Orda qoşunları daha iki gün şəhəri qarət etdilər. Bundan sonra iki yerə bölünərək hərəkət edən Toxtamış xanın qoşunlarının bir qismi Mərəndə, digər qismi isə Naxçıvana hərəkət etdilər. Hər iki dəstə Qarabağda birləşərək şimala çəkildilər. Toxtamışın qoşunları Azərbaycanı tərk edərkən 200 minə yaxın əsir apardılar.
Toxtamışın yürüşündən bir qədər sonra, 1386-cı ilin yazında Əmir Teymurun qoşunları yenidən Azərbaycana soxuldu. Teymurun bu yürüşü tarixdə “Üçillik yürüş” kimi tanınır. Teymurun qoşunları Təbrizi asanlıqla ələ keçirdi. Sultan Əhmədin göndərdiyi qoşunlar məğlub oldu. Cəlairi əmirlərinin bir çoxu qaçıb Əlincə qalasına sığındılar. Xeyli sayda tanınmış Təbriz sənətkarları Teymurun göstərişi ilə Səmərqəndə göndərildi. Əmir Teymur Azərbaycanın cənub torpaqlarının bir hissəsini işğal etdikdən sonra Azərbaycanın şimalına doğru hərərkətə başladı. Naxçıvana hərəkət edən Teymuri qoşunları Əlincə qalasını mühasirəyə aldılar. Cəlairilərin bir sıra əmirləri və dövlətin xəzinəsi, habelə Sultan Əhmədin yaxın ailə üzvləri burada yerləşmişdilər. Qeyd etmək lazımdır ki, Əmir Teymura tabe olmaq istəməyən bir sıra Azərbaycan feodalları da qalanın müdafiəsinə kömək edirdilər. Əlverişli mövqedə yerləşən Əlincə qalasını ələ keçirə bilməyən Teymur qalanı mühasirədə qoyaraq qışlamaq üçün Qarabağa hərəkət etdi.
Azərbaycanın cənub vilayətlərinin, o cümlədən Kür çayından cənubdakı ərazilərin Teymurilər tərəfindən tutulması Şirvanşahlar dövlətinin də varlığını təhlükə altında qoyurdu. Digər tərəfdən, Şirvanşahlar şimaldan Qızıl Orda xanlarının istilaçı yürüşlərinə məruz qalırdı. Belə bir şəraitdə Şirvanşahların başı üzərində yaranmış bu təhlükəni sovuşdurmaq üçün, Şirvan taxtında yenicə hakimiyyətə sahib olmuş və hələ hakimiyyətini kifayət qədər möhkəmləndirməmiş I İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad Dərbəndi (1382-1417) Əmir Teymurla danışıqlar aparmaq məqsədilə qiymətli hədiyyələrlə Teymurun Qarabağdakı düşərgəsinə getdi. Danışıqlar uğurla nəticələndi. Əmir Teymur Şirvanşahların daxili müstəqilliyini tanıyaraq Dərbəndin müdafiəsini I İbrahimə həvalə etdi. Razılaşmaya görə şirvanlılar həmçinin Əmir Teymurun hərbi yürüşlərində iştirak etməli idilər. Belliklə, Şirvanşah I İbrahimin uzaqgörən siyasəti sayəsində Şirvanşahlar dövləti öz daxili müstəqilliyini saxlamaqla bərabər, həm də Teymurilərin viranedici yürüşlərindən xilas ola bildi.
1387-ci ildə Toxtamış xanın Buxara və Səmərqənd üzərinə yürüşü ilə əlaqədar Əmir Teymur Orta Asiyaya qayıdır. Əmir Teymurun Səmərqəndə getməsindən istifadə edən Azərbaycanın yerli feodalları hakimiyyət uğrunda mübarizəyə başladılar. Əsas mübarizə Təbriz taxtını ələ keçirmək uğrunda gedirdi. Çünki Təbrizin tutulması bütün Azərbaycanda ali hakimiyyətin ələ keçirilməsi demək idi. Təsadüfi deyildir ki, Təbriz şəhəri 1387-1392-ci illər arasında 17 dəfə hücüma məruz qalmış, 14 dəfə əldən-ələ keçmişdir. 1392-ci ildə isə Təbriz Qarqoyunlu hakimi Qara Yusif tərəfindən tutulur. Azərbaycanda vəziyyətin təhlükəli xarakter aldığını görən Əmir Teymur 1392-ci ildə yenidən Azərbaycan üzərinə yürüş edir. Tarixdə Teymurun bu yürüşü “Beşillik yürüş” adlanır. Teymurun hücum xəbərini eşidən Qaraqoyunlu qüvvələri Təbrizi tərk edirlər. Təbriz bu dəfə də Teymurun qoşunları tərəfindən tutulur. Azərbaycana bu yürüşü dövründə Teymur Əlincə qalasının müdafiəsində Cəlairilərə kömək edən bir sıra Azərbaycan hakimlərini də cəzalandırmaq qərarına gəlir. 1393-cü ildə Teymurun qoşunları Şəki hakimliyi üzərinə yürüş etdi. Şəki hakimi Seyid Əli Oyrat düşəmənə müqavimət göstərə bilməyərək qaçdı. Şəkini talan edən Teymur qışlamaq üçün Muğan ərazisində yerləşən Mahmudabad şəhərinə gəldi. 1395-ci ildə Teymur Dərbənd vasitəsilə Azərbaycanı tərk edərək Qızıl Orda üzərinə yürüş etdi. 1396-cı ildə qələbə ilə Dərbəndə qayıdan Teymur oğlu Miranşahı Dərbənddən Bağdada, Həmədandan Ruma qədər olan ərazilərə hakim təyin edərək Orta Asiyaya qayıdır, oradan isə Hidistana yürüş edir. Əmir Teymurun “Beşillik yürüşü” zamanı bütün İranın və Cənubi Qafqaz ərazilərinin işğalı başa çatdırılır. İşğal olunmuş əraziləri asan idarə etmək üçün Əmir Teymur işğal olunmuş torpaqlarda iki canişinlik təşkil edir. Xorasan, Gürgan, Mazandaran və Sistan əraziləri mərkəzi Herat şəhəri olmaqla Şahruxa, Qərbi və Şimali İran, Azərbaycan, Ermənistan əraziləri isə Miranşaha həvalə edilir. Beləliklə, Teymurun “beşillik yürüşü” zamanı Əlincə qalası istisna olmaqla bütün Azərbaycan Miranşahın hakimiyyəti altına keçir. Lakin çox keçmir ki, Miranşahın Azərbaycanda və qonşu ərazilər üzərindəki hakimiyyəti əhalinin böyük narazılığına səbəb olur. Miranşahın özbaşnalığı xalqı cana doyurmuşdu. Teymurun Hindistana yürüşündən istifadə edən bir çox Azərbaycan feodalları da Teymurilərə tabe olmaqdan boyun qaçırdılar. Hətta Əlincə qalasındakı mühasirə ləğv edildi. Şəki hakimi və gürcü çarının qoşunları da Əlincə qalasının müdafiəçilərinə qoşuldular. Qala ətrafında müttəfiqlərlə Miranşahın qoşunları arasındakı döyüş teymuri qoşunlarının məğlubiyyəti ilə nəticələndi. Azərbaycanda və Cənubi Qafqazda baş verən hadisələrdən narahat olan Əmir Teymur 1399-cu ildə üçüncü dəfə Azərbaycan üzərinə yürüş edir. Tarixdə “Yeddiillik yürüş” kimi tanınan bu yürüş zamanı Teymur Qarabağa daxil olur. Azərbaycandakı feodal hakimlərinin bir çoxu tabe olaraq Teymurun düşərgəsinə gəlirlər. Teymurilərin tabeliyindən çıxmış Şəki hakimi Seyid Əhməd Oyrat və gürcü çarı VII Georgi bağışlanmaq üçün Əmir Teymurun düşərgəsinə gəlirlər. Şirvanşah I İbrahimin vasitəçiliyi ilə Əmir Teymur onları bağışlayaraq müttəfiqlik razılaşması imzalayır. Əmir Teymur bu yürüşü zamanı Əlincə qalasındakı müqavimətə son qoymaq qərarına gəlir. Bu dövrdə uzunmüddətli mühasirədən yorulmuş qala müdafiəçiləri müqavimət göstərmək iqtidarında deyildilər. Həm də ərəb tarixçisi ibn Ərəbşahın məlumatına görə qalanın müdafiəçilərinə başçılıq edən əmir Altunla sultan Tahir arasında münaqişə baş verir. Qalanın müdafiəçilərinin bir çoxu sultan Tahirdən üz döndərib qalanı tərk edirlər. Beləliklə, Əlincə qalasının müdafiəsi xeyli zəifləyir. 1400-cü ildə əmir Teymurun qoşunları həmlə edərək Əlincə qalasını ələ keçirdilər. Beləliklə, Azərbaycanda Teymura tabe olmayan yeganə ərazi də işğal edildi. Azərbaycanda müvəqqəti siyasi sabitlik yaradan Əmir Teymur Osmanlı sultanlığı üzərinə yürüş edir. 1402-ci ildə Ankara döyüşündə qalib gələn Teymur bir müddət sonra Orta Asiya ərazilərinə qayıdır. Tezliklə, 1405-ci ildə Əmir Teymur vəfat edir. Azərbaycanın idarəçiliyi Miranşahın oğlu Ömər Mirzənin əlinə keçir. Yaranmış əlverişli vəziyyətdən istifadə edən iri feodal hakimlər Teymurilərə tabe olmaqdan boyun qaçırırlar. Belə bir vəziyyətdə Şirvanşah I İbrahim Azərbaycan torpaqlarını vahid dövlətin hakimiyyəti altında birləşdirmək və Teymurilərin Azərbaycandakı hökmranlığına son qoymaq qərarına gəlir. Əslində, Azərbaycanın müxtəlif ərazilərində Teymurilərə qarşı baş qaldıran xalq hərəkatı da buna imkan yaradırdı. Feodal hakimlərinin də bir çoxu Teymurilərə qarşı mübarizədə Şirvanşah I İbrahimlə ittifqa girirlər. Bunların sırasında Şəki hakimi Seyid Əhməd Oyrat, Qarabağdakı Qaramanlı tayfasının əmiri Gəncə hakimi Yarəhməd Qaramanlı və Ərdəbil hakimi Bəstam Cagir var idi. Müttəfiqlərin ona qarşı birləşdiyini görən teymuri Ömər Mirzə 1405-ci ildə Kür çayını keçməkdən imtina etdi və geri qayıtdı. Bundan sonra Azərbaycanda hakimiyyət müvəqqəti olaraq Miranşahın ikinci oğlu Əbubəkr Mirzənin əlinə keçdi. Teymurilərə qarşı xalq hərəkatının əsas mərkəzi Təbriz şəhəri idi. Şəhərin vergi yığan hakimi Şeyx Əxi Qəssabın başçılığı ilə əhali üsyan qaldıraraq Əmir Teymurun varisi Əbubəkrə tabe olmaqdan imtina edirlər. Üsyançılar Şirvanşah I İbrahimi Təbriz taxtını ələ almağa dəvət edirlər. 1406-cı ilin mayında I İbrahimin qoşunları təntənə ilə Təbrizə daxil oldular. Beləliklə, qısa bir müddətdə bütün Azərbaycan əraziləri Şirvanşah I İbrahimin nəzarəti altına keçdi. Lakin I İbrahim Təbrizdə möhkəmlənə bilmir. Cəlairi Sultan Əhmədin və Qaraqoyunlu Qara Yusifin Təbriz üzərinə hücümunu eşidən I İbrahim şəhəri tərk etmək məcburiyyətində qalır. 1406-cı ili iyununda Təbriz şəhəri Cəlairi sultanı Əhməd tərəfindən ələ keçirilir. Lakin tezliklə şəhər əhalisi arasında Sultan Əhmədin hakimiyyəti o qədər böyük narazılıq doğurdu ki, təbrizlilər teymuri Əbubəkri şəhərə dəvət etmək məcburiyyətində qaldılar. Əbubəkrin Təbrizə gəldiyini eşidən Sultan Əhməd Bağdada qaçmağa məcbur olur.
Beləliklə, XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalmaqda idi.



Yüklə 162,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin