Perseptiv



Yüklə 7,9 Kb.
tarix24.12.2023
ölçüsü7,9 Kb.
#192530
Yeni Microsoft Word Belgesi (5)


Ünsiyyət prosesində insanlar təkcə informasiya mübadiləsi aparmaqla, bir-birinə qarşılıqlı təsir göstərməklə kifayətlənmir, eyni zamanda bir-birlərini qavrayır və anlayırlar. Bu ünsiyyətin perseptiv cəhətini təşkil edir. Ünsiyyətin perseptiv cəhəti heç də digər cəhətlərindən az əhəmiyyətə malik deyildir.
Həqiqi ünsiyyət o zaman mümkün olur ki, qarşılıqlı təsir prosesinə daxil olan insanlar özlərinin qarşılıqlı anlama səviyyələrini qiymətləndirə, tərəf müqabillərinin hansı keyfiyyətlərə malik olması barədə özlərinə hesabat verə bilsinlər. Ona görə də ünsiyyətin iştirakçıları şüurlarında bir-bi­rinin daxili aləmini yaratmağa, hisslərini, davranış motivlərini, əhəmiyyətli obyektlərə münasibətini anlamağa cəhd göstərirlər. Başqa sözlə, bir-birini dəqiq qavramağa və anlamağa çalışırlar. Qavrama və anlama nə qədər dəqiq və ətraflı olarsa onların qarşılıqlı münasibətləri də bir o qədər səmərəli xarakter daşıya bilir. Fərd başqa adamları dərk etməklə onlarla birgə fəaliyyətin perspek­tivlərini daha yaxşı müəyyənləşdirmək imkanı əldə edir. Məhz onların daxili aləmlərinin dəqiq «öyrənilməsi» birgə fəaliyyətlərinin mü­vəf­fəqiyyətlə həyata keçməsi üçün mühüm şərtdir.
İnsanların bir-birlərini qavramalarının mexanizmləri. Məlum olduğu kimi, ünsiyyət prosesində ən azı iki adam iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa, anlamağa çalışırlar. Bəs onlardan hər biri digərinin zahiri davranış tərzinə görə özündə onun daxili aləmi barədə təsəvvürü necə yaradır? Bu sual daima mütəxəssislərin diqqətini cəlb etmiş və ciddi tədqiqatlar nəticəsində onlar burada qarşılıqlı qavrama və anlamanın üç mühüm mexanizm əsasında baş verdiyini aşkara çıxarmışlar: eyniləşdirmərefleksiya və stereotipləşdirmə.
Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və şüursuz olaraq subyektin özünün davranış tərzlərinə oxşatmaq, bənzətməklə qavraması və anlamasından ibarətdir. Başqa sözlə, çox vaxt insanlar qarşılıqlı əlaqə şəraitində özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə onun daxili vəziyyəti, keçirdiyi hisslər, fikirlər, davranış motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu zaman həmin adamın (və ya adamların) davranış tərzini bir növ həmin şəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas olur.
İnsanın başqalarını qavraması zamanı təkcə subyektin başqalarını anlaması deyil, onunla ünsiyyətə girən, təmasda olan fərdin onu necə qavraması və anlamasına diqqət yetirilməsi də vacibdir. Subyektin ünsiyyətdə olduğu adamlar tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya formasında baş verir.
Yüklə 7,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin