R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
20 Aprel 2011-ci il
Bakı, Azərbaycan
-
EYNULLA FƏTULLAYEVİN HƏBSİNİN 4 İLİ TAMAM OLDU
-
EYNULLA FƏTULLAYEV YENİDƏN HƏYATINA TƏHLÜKƏ GÖZLƏNİLƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILIB
-
AZƏRBAYCANDAN XARİCİ JURNALİSTLƏRİN DEPORTASİYA EDİLMƏSİ TƏNQİD EDİLİB
-
HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN AİLƏSİ HƏDƏLƏNİR
-
BƏXTİYAR HACIYEVİN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ APRELİN 21-DƏ DAVAM EDƏCƏK
-
ALİ MƏHKƏMƏ DƏ SMDT-NİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ
EYNULLA FƏTULLAYEVİN HƏBSİNİN 4 İLİ TAMAM OLDU
Aprelin 20-də “Realniy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin həbsinin 4 ili tamam oldu. İki gün sonra isə Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azad edilməsi barədə qərarından 1 il ötür. Lakin Eynulla hələ də həbsdədir. Belə ki, bu arzuolunmaz yubiley tarixi ilə bağlı azı 20 jurnalist aprelin 20-də bir günlük aclıq aksiyası keçirdilər. Aksiya “Diqqət! Həbsin 5-ci ili başladı!”, “Eynulla Fətullayevə azadlıq!” devizləri ilə keçirildi. Məqsəd Eynulla Fətullayevin düşdüyü haqsız və mürəkkəb duruma diqqət çəkmək, onun azadlığını tələb etmək olub. Aksiyaya qoşulan jurnalistlər öz iş yerlərində keçiriblər.
Xatırladaq ki, bir müddət əvvəl Eynulla Fətullayev vəkili vasitəsilə bəyan etmişdi ki, aprelin 20-də həbsinin “yubiley” günü ilə bağlı bir günlük aclıq aksiyası keçirmək niyyətindədir. E.Fətullayevin son dövrlər olduqca gərgin, əziyyətli günlər yaşadığını nəzərə alan həmkarları isə ona müraciət edərək, bu addımı atmamağı xahiş etmişdilər və indi onlar özləri həmin tarixi aclıq aksiyası ilə qeyd etmək istəyirlər.
Aksiyaya Mehman Əliyev, Rauf Arifoğlu, Qənimət Zahid, Rövşən Hacıyev, Elnur Astanbəyli, Şahvələd Çobanoğlu, Zamin Hacı, İdrak Abbasov, Famil Cəfərli, Elmin Həsənli, Natiq Ədilov, Elşad Qocayev, Sücəddin Şərifov, Ramin Deko, Gültəkin Knyazqızı, Nemət Hüseynli, Aynur Elgünəş, Tatyana Kryuçkina, Natiq Cavadlı, Elşən Balaxanılı, Samir Kazımlı və digərləri qoşulub.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.
EYNULLA FƏTULLAYEV YENİDƏN HƏYATINA TƏHLÜKƏ GÖZLƏNİLƏN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ QAYTARILIB “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasından yenidən 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə bu gün (20 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Anar Qasımov məlumat verib. Vəkil A. Qasımov bildirdi ki, aprelin 18-də Fətullayevlə bağlı keçirilməli olan məhkəmə prosesi çox müammalı şəkildə baş tutmadı: “Məhkəmə günü Eynullanı gətirən həbsxana nəzarətçiləri mənə bildirdilər ki, Fətullayev yenidən 1 saylı cəzaçəkmə müəssisəsinə köçürüləcək. Məhkəmə də heç bir tutarlı səbəb olmadan təxirə salındı və bu halın baş verməsi qanunazidd bir addım idi. Aydın görünür ki, Eynullanın proseslərdə iştirakında maraqlı deyillər və bunun cəmiyyətə təsir edə biləcəyindən narahatdırlar”, - deyə vəkil qeyd etdi. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov xəbəri təsdiqlədi və bildirdi ki, Eynulla Fətullayev məhkəmə prosesinin keçiriləcəyi təqdirdə yenidən Bakı İstintaq Təcridxanasına köçürüləcək. Qeyd edək ki, öncədən ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etməsinə baxmayaraq E.Fətullayev həyatı üçün təhlükə gözlənilən 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Şəxsi təhlükəsizliyini təmin etmək üçün məhbus jurnalist könüllü şəkildə 1 aya qədər zirzəmində yerləşən rütubətli cərimə kamerasında (karser) qalmışdı. Onun, vəkillərinin və hüquq müdafiəçilərinin müraciətlərinə baxmayaraq jurnalist həyatı üçün təhlükə gözlənilməyən hüquq mühafizə orqanlarının keçmiş əməkdaşlarının saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş etmişdi. Jurnalist Bakı İstintaq Təcridxanasına isə 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsində Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətinə qarşı qaldırdığı şikayətə əsasən başlanan məhkəmə prosesinə görə köçürülmüşdü.
Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Habelə Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.
AZƏRBAYCANDAN XARİCİ JURNALİSTLƏRİN DEPORTASİYA EDİLMƏSİ TƏNQİD EDİLİB
Aprelin 18-də isveçli jurnalistlərin Azərbaycandan deportasiya edilməsi faktı beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən kəskin tənqid edilib. Belə ki, “Sərhədsiz Reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsinin verdiyi bəyanatda həmin jurnalistlərin ölkədən çıxarılmasına heç bir əsasın olmadığı qeyd edilib:
“Həmin jurnalistlərin həbsinə heç bir əsas yoxdur, çünki onlar heç nə çəkməyiblər. Azərbaycan hakimiyyəti etiraz aksiyaları haqqında informasiya yayılmasına yol verməmək üçün bütün mümkün mənbələrin qarşısını alır”, – deyə xarici jurnalistlərin hüquqlarının pozulmasına kəskin surətdə etiraz olunub.
Öz növbəsində Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda insan hüquqları haqqında film çəkmək istəyən İsveç çəkiliş qrupunun ölkədən çıxarılmasına görə ölkə hakimiyyətinin hərəkətini pisləyib:
“Biz isveçli jurnalistlərin qanunsuz saxlanılmasını və ölkədən çıxarılmasını pisləyirik”, – deyə Jurnalistlərin Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova bildirib. O qeyd edib ki, jurnalistlərin vizası və Azərbaycanda işləməsi üçün qanuni əsasları olub.
Xatırladaq ki, İsveçin dövlət telekanalı olan “Kanal 1”-in əməkdaşları Şarli Laprevot (Charlie Laprevote), May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijkström (Charlotta Wijkström) İctimai Palata tərəfindən keçirilməli olan etiraz aksiyasını işıqlandırmaq istəyərkən “Sahil” bağında saxlanılıblar. Mülki geyimli şəxslər əvvəlcə jurnalistləri Səbail Rayon 39-cu polis bölməsinə, sonra isə Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsinə aparıblar. Bir gün sonra isə jurnalistlər ölkədən deportasiya edilib.
HƏBS EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİNİN AİLƏSİ HƏDƏLƏNİR
Müxalifətin 17 aprel mitinqində iştirak etdiyinə görə 15 sutka həbs cəzası alan hüquq müdafiəçisi Vidadi İsgəndərovun ailə üzvlərinə təzyiqlər artıb. Bu barədə onun ailə üzvləri aprelin 20-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.
Vidadi İsgəndərovun xanımı və qardaşı onun taleyindən narahatlıqlarını ifadə ediblər. Qohumları bildirib ki, Vidadi İsgəndərovu uydurma ittihamla mühakimə edə bilərlər. Qardaşı Oqtay İsgəndərov bildirib ki, ailəsinə olan hədə-qorxularla bağlı dəfələrlə müvafiq orqanlara müraciət etsə də, tədbir görülməyib.
“Ümidimiz xarici dövlətlərin səfirliklərinə və beynəlxalq təşkilatlaradır”, - deyə Oqtay İsgəndərov vurğulayıb. Vidadi İsgəndərovun xanımı Kəmalə İsgəndərova izləndiyini bildirib və bu özbaşınalığa son qoyulmasını tələb edib.
Qeyd edək ki, Vidadi İsgəndərov əvvəllər prokurorluq orqanlarında çalışıb. Lakin rəhbərliyi tənqid etdiyinə görə işdən çıxarılıb və bundan sonra hüquq müdafiəçisi kimi fəaliyyət göstərir. O 2010-cu ilin parlament seçkilərində deputatlığa namizədliyini irəli sürdüyü Göyçay rayonunda saxtalaşdırma faktlarını aşkar edib. İsgəndərov GEN MMC tərəfindən aldadılan vətəndaşların, polis tərəfindən döyülərək öldürülən Elvin Əsgərovun yaxınlarının, Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən döyülmüş sürücünün hüquqlarını müdafiə edib. İsgəndərov müxalifətin 2 aprel mitinqinin monitorinqini aparanda saxlanılıb və 8 sutka həbsdə saxlanılıb. Aprelin 17-də də müxalifətin növbəti mitinq zamanı saxlanılıb və 15 sutka həbs cəzası alıb. O, şəkərli diabetin ağır formasından əziyyət çəkir.
BƏXTİYAR HACIYEVİN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ APRELİN 21-DƏ DAVAM EDƏCƏK
Aprelin 20-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə təyin olunan məhkəmə prosesi baş tutmayıb. Bu barədə Obyektv TV-yə Bəxtiyar Hacıyevin vəkili Elçin Namazov məlumat verib.
Vəkilin sözlərinə görə, prosesin keçirilməməsinin səbəbi müdafiə tərəfin məhkəmədə iştirak etməməsi olub:
“Proses bu günə təxirə salınanda, müdafiə tərəfi olaraq bildirmişdik ki, iş üzrə bir sıra sənədlər, vəsatətlər hazırlayırıq. Dünən keçirilən prosesdən sonra məsələni hakimlə müzakirə etdik və məhkəmə prosesi 21 aprel saat 10:00-a təyin edildi” - deyə vəkil bildirib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. Hüquq mühafizə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.
ALİ MƏHKƏMƏ DƏ SMDT-NİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ
Aprelin 20-də Ali Məhkəmədə hakim İslam Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) qeydiyyata alınmamağı ilə bağlı Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə Apellyasiya Məhkəməsinin çıxardığı 3 dekabr 2010-cu il tarixli qərardan verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə şikayətçi Bəşir Süleymanlı və şikayətçilərin vəkili Sadiq Bağırov iştirak etdiyi halda Ədliyyə Nazirliyindən heç bir nümayəndə iştirak etməyib.
Ali Məhkəmə kassasiya şikayətinin təmin edilməməsi və Apellyasiya Məhkəməsinin 3 dekabr 2010-cu il tarixli qərarınının qüvvədə saxlanılması barədə qərar çıxarıb.
Xatırladaq ki, Seçkilərin Monitorinqi və Demokratik Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və təşkilatın təsisçisi Bəşir Süleymanlı 26 yanvar 2009-cu ildə birliyin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Lakin Ədliyyə Nazirliyi təşkilatın sənədlərində müxtəlif çatışmazlıqların olduğunu qeyd edərək onu qeydə almaqdan imtina etdiyi üçün SMDT Yasamal rayon məhkəməsinə müraciət edib. 2 sentyabr 2009-cu il tarixində məhkəmə iddianın təmin edilməməsi barədə qərar çıxarıb. 17 dekabr 2009-cu ildə Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxladığına görə, təşkilat Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə avqustun 13-də işə baxaraq işin baxılması üçün yenidən Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar verib. Apellyasiya Məhkəməsi dekabrın 3-də iddianın təmin edilməməsi barədə qərar çıxarıb. İddiaçılar da bu qərardan kassasiya şikayəti vermişdilər.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |