QARA QOÇUN DÜŞÜNCƏLƏRİ
Mən insanlardan öz qulağımla eşitmişəm. Bəzən deyirlər: filankəs lap qoyun kimi şeydir... Yəni dilbilməzdir, keydir. Bu bizim üçün təhqirdir. Qoyunları o qədər də kütbeyin sanmayın. Məlumunuz olsun ki, biz çox məsələləri qanırıq. Di gəl, adamlarla danışmaqda acizik. Axı neyləyək? Dilimizdə olan bircə kəlmə “məə” ilə fikrimizi sizə necə anladaq? Bəxtəvər başınıza! Otuz iki hərfiniz var. İstədiyiniz sözü deyə bilirsiniz. Ancaq öz aramısdır, sizlərdə də elələri var ki, beş kəlməni dalbadal quraşdırıb söyləməyi bacarmır.
Gəlin keçək mətləbə, görün bu dünyada biz azdan-çoxdan bir şey qanırıq, ya yox...
***
Təzəcə buynuz çıxarıb qoş olmuşdum. Sahibim məni qoyun bazarına aparmışdı. Burada heyvan əlindən tərpənmək mümkün deyildi... Müştərilər də çox idi. Alan kim... satan kim... Qoyun, quzu, keçi... Hamısı bir dildə mələşirdi. Ancaq hərənin öz şakəri vardı.
Axşamçağı yol qırağında bir ağ “Jiquli” dayandı, içəridən iki nəfər düşdü. Ata ilə oğul. Bazarda xeyli dolandıqdan sonra gəldilər sahibimə yan aldılar. Danışmazdan əvvəl o tərəf, bu tərəfə keçib, müştəri gözü ilə mənə baxdılar. Ata soruşdu:
- Nə qədərdir bu quzunun qiyməti?
Sahibim ona acıqla cavab verdi.
- Quzu deyil bu, qoçdur!
Kişi sarı bığlarının altında mızıldandı.
- Hər nədir, amma əsl yeməli vaxtıdır! – Sonra sözünə əlavə elədi: Bilirsən, oğlum Kərimbala bu il instituta girəcək. Onunçun qurbanlıq nəzir demişəm.
Bu sözləri eşidəndə qorxumdan qığladım. Özümə gəlincə aşağıdan –yuxarı müştərilərimə baxdım. Oğul atasından yekə idi. Özü də lap porsuq kimi. Qoyun olsaydı, məndən çox ət verərdi. Çirkli yunuma oxşar qara qıvırcıq saçlarını çiyinlərinədək uzatmışdı. Atasınkından da qalın, sarımtıl topa bığları vardı. Alnı balaca idi, gözləri göy, qaşları seyrək. Daxilini deyə bilmərəm, zahirən küt uşağa oxşayırdı. Dalı-qabağı sürtülmüş bozumtul cins şalvarı və al qırmızı köynəyi o qədər darısqal idi ki, hər tərəfdən bədəninə kip yapışmışdı. Atası yukümü yoxlamaq üçün məni ikiəlli qamarlayıb, sinəsinə qaldırdı; bir az silkələdi, yerə qoydu. Sonra quyruğumu oynatdı. Bax, doğrusu, bu yaman xətrimə dəydi. Neyçün ki, insanlar biz qoyunları keçi qiymətinə alıb-satırlar, - dözürük: ətimizi doğrayıb şişə keçirirlər – dözürük. Hətta manqalda cızhacızla tüstülənib bişən yağlı tikələrimizin üstünə duz səpirlər, buna da dözürük. Ancaq bizə qiymət qoyanda quyruğumuzu ki, tutub əlləşdirirlər, buna heç cür dözə bilmirik...
Qərəz, çox çənə-boğazdan sonra sövdələşib razılaşdılar.
-Allah xeyir versin! – deyə sahibim halallıq elədi. Haqqımı verib aldılar məni. Kərimbala boynumdakı kəndiri darta-darta gövdəmi “Jiquli”yə tərəf sürüklədi. Sahibimdən ayrılanda kövrəlmişdim. Bir – iki ağız yanıqllı - yanıqlı mələdim.
Maşına yetişcək oğlan yük yerini açdı. Məni ora basmaq istədi. Yaxşı ki atası insaflı adamdı.
- Ə, səfeh, neyləyirsən? Heyvan bu istidə orada boğulub ölər ki! – deyə onun üstünə çımxırdı. Kişi məni qucağına götürərək maşının içinə qoydu. Yola düşdük. Təzə sahibim, deyəsən, bazarlığından razı idi. Hərdən sükan arxasından qanrılıb mənə baxırdı. Qabaqlar cavanların maqnitofon yazısında eşitdiyim bir mahnını dodaqaltı oxuyurdu.
“Kara koyun atlı alur,
Kovurması tatlı olur...”
Sonra üzünü oğluna tutub dedi:
Kərimbala, inşallah, instituta qəbul kağızını alan günü bu qara qoçu kəsəcəyəm ayağının altında.
Maşın toz qaldıra – qaldıra dolama torpaq yollarla xeyli getdi. Axırda iri bir darvazadan yaşıllığa bürünmüş həyətə keçib dayandı. Kərimbala maşından endi, boğazımdakı kəndiri dartaraq mənni aşağı düşürəndə hərcibətərini söydüm. Sarmaşıqlı eyvanda tosqun bir qadın göründü. O, təzə sahibimin arvadı idi.
- Hə... necədir? Yaxşı qoçdur? – deyə kişi soruşdu
Qadın istehza ilə gözlərini süzdü, başını bulayıb gileyləndi:
- Ona verdiyin pula müəllim tutub uşağı hazırlaşdırsaydın, daha yaxşı olardı!
O yandan Kərimbala anasına cavab qaytardı:
- Az... məndən arxayın ol, ey! Özüm əməlli hazırlaşacağam. Bir də, instituta girmək bəyəm təkcə bilikdən asılıdır?
Anası ciddiləşdi.
- Bəs nədən asılıdır?
- Müəllimlərin insafından, yaxşı qiymətlər yazarlar, girərəm, pis yazarlar, qalaram qapı dalında.
- Elə fikrə düşmə, bala! – deyə atası oğluna ürək-dirək verdi. Sonra əllərini yudu, eyvana keçib, iri bir qarpızı xartaxartla kəsdi. Uzaqdan görürdüm, qan kimi qırmızı çıxdı. Ata - bala elə ayaqüstü, köpüncə yedilər. Arvad qabıqlarını gətirib mənim qabağıma atdı.
Hava yavaş-yavaş sərinləşirdi. Kərimbala üçün həyətdəki çinarın kölgəsində palaz sərildi, döşəkcə, balış qoyuldu.
- Hə... indi kitablarını götür, imtahanlarına hazırlaş, - deyə ata oğlunun başını sığalladı. Kərimbala sözə qulaq asdı. Evə girib qucağında xeyli kitabla geri qayıtdı. Yerinə uzananda üzünü mənə titub dedi:
- Eh... bircə bu imtahanlardan salamat qurtarsaydım, sənin ətindən ləzzətlə kabab yeyərdim!..
Üçcə dəqiqə keçməmişdi ki, gördüm, budur ey... Kərimbala xoruldayırdı. Onu oyatmaq üçün ucadan mələdim.
Sabahı da, birisi günü də beləcə keçdi...
***
Bir həftə idi Kərimbala Bakıya imtahana getmişdi.
Mən ağacın sərin kölgəsində narın qumun üstdə sərələnib köyşəyə-köyşəyə quzu çağlarımı xatırlayırdım. Heyf o günlərdən! Sahibim başıma fırlanırdı. Məni böyüdüb, kökəltmək üçün vaxtlı-vaxtında yedizdirib, tumarlayırdı. İndi isə qurbanlıq nəzirdim. Kəsilməyimə az qalmışdı. Öz aramızdır, bu heyvanlıq da bir kişilik deyil! Ətə-cana doldunmu, bıçaq boğazındadır. Sonra iç – içalatından cızbız, qabırğandan kabab, başından, ayaqlarından “kəlləpaça” bişirirlər. Hətta, üzüm ayağınızın altında, ağ ətini də şişə çəkib yeyirlər. Guya, onsuz bir qoyun bu adamlara azlıq edir.
Axşam darvazadan kimsə həyətə girdi, əvvəl tanıya bilmədim. Sonra diqqət yetidim, gördüm: Kərimbala!
Ata-anası tez onun qabağına atıldı.
- Xeyir ola oğul, niyə bu tezlikdə qayıtdın?
Kərinbala dişlərini ağartdı.
- Birinci imtahandan çıxdım, gəldim.
- Verdin? – Anası təəccüblə xəbər aldı.
- Neçə aldın? – Atası maraqlandı.
- Yaxşı damışdım.
- Ay bərəkallah! Oğulsan, maşallah! Mən elə bilirdim belə olacaq. Biletində nə suallar düşmüşdü?
Peysərini qaşıya-qaşıya Kərimbala cavab verdi:
- Birincisi... düşmüşdü ki, Azərbaycanda dağlıq və aran yerlərin təbiəti arasında nə kimi fərqlər olur?
- Danışdın?
- Mən sualların üçünü də çox yaxşı danışdım. Ancaq...
- Ancaq nə? – Atasının gözləri kəlləsinə çıxdı.
- Ancaq pis qiymət qoydular. Bakıya gedəndə mən sizə demədim: instituta girmək təkcə bilikdən yox, müəllimlərin insafından da asılıdır?..
Atası qayışını açıb Kərimbalanın üstünə cumanda, o götürüldü.
Köpəyoğlu, gör necə asan sualı bilməyib! Onu məndən soruşsaydılar, bu qoyunluğumla cavab verərdim.
Bir azdan Kərimbala qorxa-qorxa yenə atasına yan aldı:
- Başın haqqı, dədə, elə qabaqcadan ürəyimə dammışdı, bəxtim gətirməyəcək. Onunçun da gedəndə qatara biletimi o baş bu başa almışdım... – O cibindən çıxardığı bir neçə əzik iyirmi beşliyi atasına uzatdı. – Al, verdiklərinin artığıdır.
- Elə bu? – deyə kişi heyrətləndi. – Bəs apardığın o qədər pulu neylədin?
Kərimbala gözlərini döydü:
- Bakıdan çıxanda vağzalın restoranında uşaqlara banket verdim.
- Üzün ağ olsun! – Kişi üstünə cumub onu əzişdirməkdən özünü güclə saxladı. – Ə, qoduq, sən banketliksən?
Bayaqdan mat-məəttəl qalmış qadın məyus halda dinməzcə içəri keçdi. Kərimbalanın atası fısıldadı, bilmədi neyləsin. Aynabənddən iri bir bıçaq gətirib daşa çəkdi. Sonra səsini qaldıraraq oğluna əmr elədi:
- Dur get, Cümşüd kişi ilə Məhərrəmə de, bizə gəlsinlər!
Kərimbala çaparaq getdi. Atası əlində iti bıçaq mənə yaxınlaşdı. Dik başımın üstündə durub qollarını çirmələdi. Əcəlim çatmışdı. Köpəyoğlu Kərimbala yenə imtahanlarını birtəhər vermiş olsaydı, ölüm məni yandırmazdı. Özüm ayaq altına yıxılardım, deyərdim, yeyin ətimi, halal xoşunuz olsun! Amma indi tamam fokə gedirdim.
Çağrılan qonşular nə vaxt özlərini yetirdilər, bilmədim. Kərimbalanın atası qıçlarımı bağlayıb məni yerə yıxdı. Kobud əlləri ilə başımı geri qanırdı. Gözlərimin qabağında bıçaq tiyəsi parladı. Sonra qanım torpağa axdı... hər şey o dünyada qaldı. Axırıncı dəfə mələyəndə, bircə onu demək istədim: “Ətim sənə haram olsun, Kərimbala!”
Ancaq yaxşı ki, o “qoyunu” mən qoyundan qabaq “kəsmişdilər”.
Dostları ilə paylaş: |